Məhkəmə qərarları › İş №1(091)-127/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-127/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-127/2023 07.06.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Göyçay şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 01 il 03 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən külli miqdar hesab edilən 3,436 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib 01 ədəd bükümdə qablaşdırıb üzərində daşıyaraq saxlamış, 15 noyabr 2022-ci il tarixdə, saat 21 radələrində Göyçay RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb rayon polis şöbəsinə gətirilərək həmin gün saat 2120-də şöbənin növbətçi hissəsində üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarın sol yan cibində bir ədəd sellofan bükümdə qablaşdırılmış külli miqdar hesab edilən, təmiz çəkisi 3,436 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 15 noyabr 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı Göyçay şəhəri Natəvan küçəsində yerləşən evinin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq polis şöbəsinə dəvət etmiş, polis şöbəsində olarkən polis əməkdaşları onun evindən daha çox narkotik vasitə çıxaracaqlarını bildirərək ona veriləcək metamfetamini boynuna almasını tələb etmiş, polis əməkdaşlarının təsir və təzyiqinə görə videoçəkilişlə şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin özünə məxsus olmasını bildirmişdir. Həmin metamfetamin ona məxsus olmamış, polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində verdiyi ifadasində Təqsirləndirilən şəxs göstərmişdir ki, 15 noyabr 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı evin yerləşdiyi Natəvan küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq polis şöbəsinə dəvət etmiş, Göyçay rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın sol yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olduğu və çəkisinin 3,6 qram olduğu bir ədəd sellofan büküm aşkar edilərək götürülmüşdür. Polis əməkdaşlarına həmin metamfetamini Ağdaş rayon sakini Ruslan adlı şəxsdən 300 manata alıb şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 15 noyabr 2022-ci il tarixdə Göyçay şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə saat 21 radələrində Göyçay şəhəri Natəvan küçəsində olan Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra sonuncuya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Göyçay Rayon Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Göyçay Rayon Polis Şöbəsinə getmiş, Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın sol yan cibindən çəkisi 3,6 qram olmaqla içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olduğu bir ədəd sellofan büküm aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş şəffaf kristal formalı “patı” kimi tanıdığı psixotrop maddə olduğunu və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid3 və X1 polis nəfəri işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş iş üzrə təhqiqatçı olmuş X6 ifadəsində göstərmişdir ki, 15 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun tərəfindən şübhəli şəxs qismində tutulmuş, sonuncuya Göyçay Vəkil Bürosunun vəkili Rasim Vəliyev müdafiəçi qismində təyin olunmuşdur. Təqsirləndirilən şəxs Rasim Vəliyevə heç bir etirazı olmamış, narkotik vasitənin özünə məxsus olmaması barədə heç bir söz deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş iş üzrə müstəntiq olmuş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qismində dindirilməsi zamanı saat 1120-1210 arası göstərilməsi texniki səhv getmiş, təqsirləndirilən şəxs real olaraq müdafiəçinin iştirakı ilə dindirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 noyabr 2022-ci il tarixli 17/844 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə, təmiz çəkisi – 3,436 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 20 fevral 2023-cü il tarixli 301 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 28 dekabr 2022-ci il tarixli 799 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur. O, hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb eksperizasının xx.xx.2022-ci il tarixli 688 nömrəli rəyində göstərilmişdir ki, 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertizası zamanı onun bədəni üzərində 15-xx.xx.2022-ci il tarixlərinə uyğun xəsarət izləri aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 15 noyabr 2022-ci il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkçənin sol yan cibindən çəkisi 3,6 qr olmaqla içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olduğu bir ədəd sellofan bükülü aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 66.5-ci maddəsi tətbiq edilməklə CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəza müddəti qurtardığına görə azad edilmiş, Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 01 il 03 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-in 18.4.3-18.4.4-cü maddələrinə əsasən məhkumluğu ödənildiyindən və sonuncu hökm üzrə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 10 aprel 2023-cü il tarixli 1/046/-43/23 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin 1(046)-43/2022 nömrəli, 29 iyun 2022ci il tarixli hökmünə əsasən CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.3-2-ci maddələri ilə təqsirli bilinib 1 (bir) il 03 (üç) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin hökm xx.xx.2022-ci il tarixdə Göyçay rayon İcra və Probasiya Şöbəsində probasiya qeydiyyatına alınmaqla hökm qanuni qüvvəyə minmişdir. Məhkum Təqsirləndirilən şəxs dəfələrlə şöbəyə dəvət olunsa da gəlməkdən qərəzli boyun qaçırmış, buna görə də xx.xx.2022-ci il tarixdə barəsində məcburi gətirilmə barədə qərar qəbul edilərək Göyçay rayon Polis Şöbəsinə göndərilmişdir. Göyçay rayon Polis Şöbəsi xx.xx.2023-cü il tarixli məktubunda məhkumun qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məcburi qaydada gətitilməsinin mümkün olmadığı qeyd etmişdir. Məhkumun barəsində aidiyyəti orqanlara sorğular verilməklə onun yeni cinayət törətməsi müəyyən edilmişdir. Məhkum Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin 1(046)-43/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli hökmünə əsasən 1 (bir) il 03 (üç) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay rayon İcra Hakimiyyəti Göyçay Mənzil İstismar Sahəsindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay şəhəri Natəvan küçəsi ev 28, mənzil 12 ünvanında yaşamaqla yaşayış yerindən müsbət səciyyələndirilmiş, himayəsində 2011-ci ildə doğulmuş Mələk Abdurəhimli adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Göyçay rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli 3984 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdən “emosianal davamsız şəxsiyyət pozuntusu özünü kəsmələrlə” diaqnozu ilə psixiatrik kabinetdə qeydiyyatdadır, xx.xx.2016-cı il tarixdən “narkomaniya” diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 15 noyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2105-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Göyçay rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi haqqında 17 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilmiş, lakin onun əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması istisna edilmişdir. Məhkəmə bu qərara gələrkən nəzərə alır ki, təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsinə tövsif edərkən ibtidai istintaq orqanı O.Əbdurəhimlinin külli miqdarda psixotrop maddəni əldə edərkən şəxsi istehlakı ilə yanaşı satış məqsədində olması qənaətinə gəlsə də, bu əməldə onun satış məqsədinin olmasına dair sübut əldə edə bilməmiş və yalnız əsassız olan fərziyyəyə əsaslanmışdır. Halbuki, “narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla belə, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin istehlakçı ilə razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar müəyyən edilməmiş, habelə təqsirləndirilən şəxsin qeyd olunan əməlləri satış məqsədi ilə törətməsinə əsas verən hər-hansı başqa əhəmiyyətli sübut müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə bir bükümdə olmaqla sonuncu bunu şəxsi istehlakı üçün saxladığını izah etmiş, onun metamfetaminin qəbulu nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi, əvəllər narkotik vasitənin satışına görə məhkum olunmaması, psixotrop maddələrin satışını təsdiq edəcək hər hansı mobil telefon danışığının və SMS yazışmalarının aşkar olunmaması kimi hallar onun üzərindən aşkar olunmuş psixotrop maddəni şəxsi istehlak məqsədi ilə saxlaması qənaətinə gəlməyə əsas verir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı narkotik vasitənin ona aid olmaması, polislər tərəfindən döyülməsi və təzyiq altında narkotik vasitənin ona aid olması ilə bağlı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələrə tənqidi yanaşır və iş materialları ilə onun dedikləri təkzib olunduğundan, onları əsaslı hesab etmir. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində, həmçinin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəmə qarşısına çıxarılarkən bu xüsusatlarla bağlı heç nə bildirməmiş, heç bir orqana şikayət etməmişdir. Həmçinin onun barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasının rəyindən də göründüyü kimi onun bədən səthi üzərinə hansısa xəsarət izi aşkar edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə heç bir təsir və ya təzyiq altında olmadan sərbəst şəkildə verdiyi ifadəsinin işin hallarına, iş materiallarında olan mötəbər və təkzibedilməz sübutlara uyğun olduğu qənaətinə gələrək, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsaslı hesab edir və ona elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. Bundan əlavə, müdafiəçi məhkəmə çıxışı zamanı təqsirləndirilən şəxsə münasibətdə ibtidai araşdırma zamanı real müdafiə hüququnun təmin edilmədiyini, müdafiəçi Rasim Vəliyevin həmin vaxt Göyçay Rayon Polis Şöbəsində istintaqı aparılan digər işlərdə də eyni vaxtda prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etdiyini, işin təhqiqatını aparan təhqiqatçı və işin ibtidai istintaqını aparan müstəntiq tərəfindən həyata keçirilən prosessual hərəkətlər zamanı nöqsanlara yol verildiyini bildirməklə Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir ki, buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsindən real olaraq müdafiəçi ilə təmin olunduğu, dolayısı ilə də onun müdafiə hüququnun təmin edildiyi müəyyən olunur. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılan ilk andan iş üzrə ibtidai istintaqın yekunlaşdığı anadək müdafiəçi ilə təmin olunmuş, onunla bağlı bütün istintaq hərəkətlərinin həyata keçirilməsində müdafiəçi də iştirak etmiş və təqsirləndirilən şəxs heç bir halda müdafiəçi ilə, dolayısı ilə də müdafiə hüququnun təmin olunmaması ilə bağlı iradını bildirməmişdir. İbtidai araşdırma dövründə təhqiqatçı və müstəntiq tərəfindən prosessual hərəkətlərin və istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı müvafiq protokolların tərtib olunma tarixinin deyil, yalnız zaman etibarı ilə vaxtının, yəni saatının və dəqiqəsinin səhv yazılmasına dair xüsusatlara gəldikdə isə qeyd edilməldir ki, həmin səhvlər sonradan hər hansı şəxsin verdiyi ifadələrlə aradan qaldırıla bilməsə də, məhkəmə hesab edir ki, həmin yanlışlıqlar texniki xəta olaraq qəbul edilməlidir. Belə ki, iş materialları ilə də sübut olunur ki, təqsirləndirilən şəxs sözügedən prosessual hərəkətlərin və istintaq hərəkətlərinin aparılmasında dövlət hesabına ona ayrılan müdafiəçi ilə birlikdə iştirak etmiş və hər iki şəxs müvaiq protokolları öz imzaları ilə təsdiq etmişdir. Bundan başqa şübhəli şəxs kimi Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına dair videogörüntüdən də görünür ki, müdafiəçi Rasim Vəliyev həmin istintaq hərəkətində real olaraq iştirak etmiş və Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, sözügedən xüsusatlar birmənalı şəkildə təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməməsi ilə bağlı qənaətə gəlməyə əsas vermir. Odur ki, müdafiə tərəfin qeyd etdikləri əsas götürülməklə təqsirləndirilən şəxsə irəli sürülən ittihamla bağlı bəraətin verilməsi qənaətinə gəlmək qeyri-mümkündür. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxsin CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq olunmuşdur. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq onun əməli CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin həmin maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi tutlduğu 15 noyabr 2022-ci il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən ona əvvəllər azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğundan hazırda təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 il 03 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 07 (yeddi) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası hesab edilərək ona təyin edələcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək qəti cəza təyin edilməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 il 03 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 07 (yeddi) ay 21 (iyirmi bir) müddətə azadlıqdan məhrum etmə cəzası hesab edilərək ona təyin edəlmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin, üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutlduğu 15 noyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Göyçay rayon Polis Şöbəsində saxlanılan 3,386 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar