Məhkəmə qərarları › İş №1(091)-128/2020

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-128/2020

02.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-128/2020 02.11.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Hüseynov Rəşid İnqilab oğlu və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X11, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamını Müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas X7 müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki şəhər Vəkil Bürosunun vəkili X20, zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Əskərov Zöhrab İmaməli oğlu, zərər çəkmiş şəxsin hüquqi varisi: X12 xx xxxxxxxx 1951-ci ildə Şəki rayonu Qayabaşı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, Oğuz rayon Olimpiya mərkəzində məşqçimüəllim işləmiş, Oğuz rayonu Kərimli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təqsviri-əsaslandırıcı hissədə CM) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə X21 Məhkəməsinin inzibati binasında keçirilənaçıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETD İ : Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 09 radələrində, Qaraməryəm- İsmayıllı-Bakı yolunun 105-ci kilometrliyində, Oğuz rayonunun Kərimli kəndində “bazar yeri” adlanan ərazidə, həmkəndlisi xx xxxxxx 1966-cı il təvvəllüdlü X2 idarə etdiyi “Qaz 24” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomaşınını onun satmaq üçün gətirib qoyduğu iki ədəd yonca toxumu kisələrinin qarşısında saxladığına görə E.Abdullayevə irad bildirdikdə aralarında yaranmış mübahisə zamanı sonuncunun onun ünvanına nalayiq sözlər deməsinə və yumruqla sol almacıq nahiyəsinə vurub xəsarət yetirməsinə görə E.Abdullayevi qisas alıb öldürmək qərarına gəlmiş, bu məqsədlə mübahisə etdikləri yerdən təxminən 40 metr aralıda saxladığı özünə məxsus “QAZ 2910” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşına tərəf gedərək müvafiq qeydiyyata alınmadan saxlamaqla maşında gəzdirdiyi 1962-ci ildə zavod üsulu ilə istehsal edilmiş 16 kalibirli, “18205” nömrəli, “TOZ-BM” modelli yivsiz qoşalüləli odlu ov silahına iki ədəd patron qoymaqla atəşə hazır vəziyyətə gətirmiş, daha sonra həmin avtomaşını idarə edərək Elşən Abdullayevin olduğu yerə qayıtmış, maşını ondan təxminən 6 metr məsafədə saxlayaraq əvvəlcə maşından düşmədən “Qaz 24” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomaşının yaxınlığında dayanmış Elşən Abdullayevə həmin qoşalüləli odlu ov silahından bir dəfə atəş açmaqla bədənin sağ bazunun bayır yuxarı oynağa yaxın hissəsindən daxil olmaqla həmin hissədə yumşaq toxumaların, bazu sümüyünün, sağ İ, İİ, sol İİİ, İV qabırğaların qəlpəli açıq sınığı, plevranın, ağ ciyərlərin zədələnməsi ilə müşayiət olan xəsarətlər yetirdiyindən, sonuncu aldığı xəsarətlərdən yerə yıxılmış, o, daha sonra həmin tüfəngə yenidən bir ədəd patron qoyub maşından düşüb yerdə uzanıqlı vəziyyətdə olan E.Abdullayevə təxminən 3 metr məsafədən bir dəfə atəş açmaqla sağ budun bayır yuxarı 1/3-də yumşaq toxumaların və bud sümüyünün qəlpəli sınığı kimi xəsarətlər, daha sonra isə yenidən tüfəngə bir ədəd patron qoyub təxminən 1 metr məsafədən bir dəfə atəş açmaqla qarının ön sağ aşağı hissəsindən qarın boşluğuna daxil olmaqla, bağırsaqların, qara ciyərin, dalağın, diafraqmanın, aortanın, ürəyin, sol ağ ciyərin zədələnməsi ilə müşayiət olunan xasərətlər yetirərək, beləliklə də cəmi üç dəfə atəş açmaqla kəskin qan itirmə ilə müşayiət olunan odlu silah yaralanması kimi birlikdə və ayrıayrılıqda dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə X3 qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020ci il tarixdə saat 09 radələrində özünə məxsus “QAZ 2910” markalı avtomaşınla yaşadığı evdən çıxaraq təsərrüfatından əldə etdiyi təxminən yüz kiloqram olan iki ədəd əlli kiloluq kisələrdə yığdığı yonca toxumunu satmaq məqsədilə Kərimli kəndindəki bazar yeri adlanan yerə gəlmiş, həmin kisələri avtomaşından götürüb yerə qoyduqdan sonra gedişgəlişə mane olmamaq üçün avtomaşınını təxminən 40 metr kənara sürüb saxladıqdan sonra yaxınlıqdakı çayxanaya getmişdir. Təxminən 5-10 dəqiqə sonra həmkəndliləri Rüstəmin oğlu Qədir onu çağıraraq Elşən Abdullayevin gəlib kisələri götürməsini dediyini bildirmişdir. Həmin yerə gedərkən Elşənin öz avtomaşını orada saxladığını və avtomaşının yük yerindən satmaq üçün gətirdiyi meyvə ağacı tinglərini avtomaşının ətrafında düzdüyünü görmüşdür. Elşən Abdullayevə salam versə də sonuncu onun salamını almadan sinəsindən kənara itələyib qoyduğu kisələri oradan götürməsini tələb etmişdir. Elşənə nə üçün bu cür hərəkət etdiyini, həmin yerin heç kimə məxsus olmadığını demiş, Elşən ondan avtomaşınını geri çəkməsini istəmişdir. Həmin vaxt Elşən Abdullayev ondan yenidən kisələri oradan götürməsini tələb edərək onun ünvanına nalayiq söyüşlər söymüşdür. Elşəndən söyüş söyməməsini tələb etdikdə, sonuncu onun üstünə gələrək sol göz nahiyyəsindən yumruqla vurmuş, bu zaman onun sifətindən qan gəlmişdir. Həmin vaxt Elşən dartınaraq onun üstünə getməyə cəhd etsə də kənarda olan insanlar onları ayıraraq onun Elşən Abdullayevi vurmasına imkan verməmişlər. Elşən Abdullayevin nalayiq söyüşlər işlədərək onu təhqir etməsi və yumruqla üz nahiyyəsindən vurmasına görə əsəbləşərək özünü kənd sakinləri arasında alçalmış hiss etmişdir. Elşəndən nə üçün onu vurduğunu, təhqir etdiyini soruşmuş və buna görə Elşəni öldürə biləcəyini dedikdən sonra sonuncu ona “məni öldürməsən heç kişi deyilsən” kimi sözlər işlətmişdir. Elşənin bu sözündən sonra özünə məxsus avtomaşına əyləşib bir qədər kənara sürüb saxlamış, avtomaşınında saxladığı 16 kalibrli ov tüfənginin içərisinə iki ədəd patron qoyub atəşə hazır vəziyyətə gətirdikdən sonra avtomaşınla Elşən Abdullayevlə mübahisə etdiyi yerə qayıtmışdır. Elşənin onunla mübahisə etdiyi yerdə dayandığını görüb oradakı şəxslərə kənara çəkilmələrini bildirmiş, insanlar kənara çəkildikdən sonra oturduğu avtomaşının sükanının arxasından tüfəngin lüləsini pəncərədən çıxararaq Elşənə sağ yan tərəfindən bir dəfə atəş açaraq sağ çiynindən xəsarət yetirmişdir. Elşən aldığı xəsarətlərdən yerə yıxıldıqdan sonra avtomaşından düşüb Elşənin yıxıldığı yerə yaxınlaşaraq təxminən 3 metr məsafədən sonuncunun xatırlamadığı nahiyəsinə atəş açmışdır. Bundan sonra üçüncü atəşi açmaq üçün yenidən tüfəngə patron qoyaraq yerdə uzanıqlı vəziyyətdə olan Elşən Abdullayevə yaxınlaşaraq təxminən bir metr məsafədən sonuncunun ölməsi üçün atəş açmışdır. Elşən Abdullayevin öldüyünə əmin olduqdan sonra avtomaşınına minərək oradan uzaqlaşmış, sonra hadisə barədə zəng vurub polisə məlumat vermişdir. İdarə etdiyi avtomaşınla Oğuz rayonu istiqamətində hərəkətdə olarkən yolda yol polis əməkdaşları ilə rastlaşıb təslim olmaq üçün özünü polis əməkdaşlarına təqdim edərək hadisə zamanı istifadə etdiyi tüfəngi içərisində olan iki ədəd patronla birlikdə polislərə təqdim etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində atası yaşadıqları evdən çıxaraq hər gün olduğu kimi ağac tingləri satmaq üçün “bazar yeri” adlanan əraziyə getmiş, təxminən 20 dəqiqə sonra Oğuz rayonu Padar kəndi ərazisində olarkən həmkəndlisi İlkin onun mobil telefonuna zəng edərək atasının işlədiyi “bazar yeri” adlanan əraziyə gəlməsini dedikdən sonra həmin yerə gedərkən atasının özünə məxsus avtomaşının arxa tərəfində yerdə uzanıqlı vəziyyətdə olduğunu, ağzından qan gəldiyini, yaxınlaşıb atasının nəbzini yoxladıqda isə huşsuz vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt oradakı insanlar atasının meyitindən təxminən 10-15 metr kənarda dayanmış, bundan sonra hadisə yerinə təcili tibbi yardım avtomaşını gələrək atasını müayinə etdikdən sonra sonuncunun artıq öldüyünü demişlər. Sonradan atasının həmkəndliləri Təqsirləndirilən şəxsla mübahisə etdiyini, aralarında yaranmış mübahisə zəminində Təqsirləndirilən şəxs atasına tüfənglə üç dəfə atəş açaraq öldürdüyünü bilmişdir. Təqsirləndirilən şəxslə barışmamış, sonuncuya ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək X6 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 0830 radələrində Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən yolun kənarındakı bazar yeri deyilən yerdə yerləşən piştaxtanın olduğu yerə gedərək işinə başlamaq üçün hazırlıq işləri görmüş, oğlu ilə birgə piştaxtalarını açmağa başladıqda həmkəndlisi Zərqəm oraya gələrək özü ilə iki kisə yonca toxumu gətirib piştaxtanın qarşısına qoyaraq ondan gətirdiyi yonca toxumunu istəyən olsa hər kiloqramını altı manatdan satmasını xahiş etmişdir. Bundan sonra Zərqəm idarə etdiyi avtomaşını sürərək təxminən 40 metr aralıda saxladıqdan sonra piştaxtasının yanına qayıtmışdır. Həmin vaxt həmkəndlisi Elşən Abdullayev idarə etdiyi “QAZ 2410” markalı avtomaşınla gəlib avtomaşınını saxladıqdan sonra özü ilə gətirdiyi ağac tinglərini avtomaşının ətrafına düzməyə başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs Elşəndən avtomaşını bir az kənarda saxlamısını xahiş etmiş, Elşən Abdullayev isə Zərqəmə kobud cavab verərək sonuncunun ünvanına nalayiq söyüş söymüşdür. Bundan sonra Təqsirləndirilən şəxsla Elşən Abdullayevin arasında mübahisə yaranaraq əlbəyaxa olmuşlar. Həmin vaxt Zərqəmin arvadı Mahizər də oraya gəlmiş, kənarda olan insanlar Zərqəmlə Elşənin dalaşdıqlarını görərək sonuncuları ayırmışlar. Bundan sonra Təqsirləndirilən şəxs hara getdiyini görməmiş, mübahisə sakitləşdiyi üçün öz işinə davam edərək göyərtini piştaxtaya düzən zaman atəş səsi eşitmişdir. Elşən ondan təxminən 2 metr aralıda olmuş, həmin vaxt artıq Zərqəm əlində tüfəng Elşənə tərəf gedərək sonuncuya yerdə atəş açdığını görmüşdür. Zərqəmin Elşənə avtomaşından açdığı atəşi görməmiş, ancaq səsini eşitmişdir. Sonradan Zərqəmin avtomaşından düşərək Elşənə yerdə iki dəfə atəş açdığını görmüşdür. Təqsirləndirilən şəxs Elşən Abdullayevə tüfənglə atəş açıb sonuncunu öldürdükdən sonra avtomaşınına əyləşərək oradan uzaqlaşmışdır. X13 və digər insanlar oraya gələrək Elşənə kömək etmək istəsələr də sonuncunun öldüyünü bilmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə əri Zərqəm evdən yonca toxumlarını götürüb Kərimli kəndində bazar yeri adlanan ərazidə satmağa aparmış, həmin gün saat 0820-də o da, oğlu Eminlə evdən çıxaraq Kərimli kəndi Bazar yeri adlanan ərazidəki paltar dükanlarına getmişlər. Həmin vaxt əri Zərqəmin həmkəndliləri Elşənlə mübahisə etdiyini eşidib həmin yerə gedərkən Zərqəmin Elşənə avtomaşını yonca toxumları olan kisələrin qabağında saxladığını və sonuncudan avtomaşını bir qədər kənarda saxlamasını bildirməsinə görə mübahisə etdiklərini görmüşdür. Mübahisə zamanı Elşən Zərqəmin ünvanına nalayiq söyüş söyərək sonuncunu yumruqla vurmuşdur. Həmin vaxt orada olan şəxslər Zərqəmlə Elşəni aralamış, Zərqəm avtomaşınına əyləşərək bir qədər aralanmışdır. Həmin vaxt o, mağazaya qayıtmış, mağazada olarkən qəfildən atəş səsi eşidib həmin yerə qaçmışdır. Oraya çatarkən Zərqəmin əlindəki tüfənglə artıq Elşənə atəş açdığını və sonuncunun yerdə uzanıqlı olduğunu görmüşdür. Bundan sonra Zərqəm özünə məxsus avtomaşına minərək oradan uzaqlaşmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 eyni məzmunlu ifadə verərək Şahid3 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 0830 radələrində işlədiyi Oğuz rayonu Kərimli kəndində yerləşən bazar yeri adlanan ərazidəki piştaxtasının olduğu yerə gedərək işinə başlamaq üçün hazırlıq işləri görən zaman həmkəndlisi Elşən Abdullayev özünün idarə etdiyi “QAZ 24” markall, ağ rəngli avtomaşını saxlayaraq gətirdiyi ağac tinglərini avtomaşından götürüb avtomaşının ətrafına düzməyə başlamışdır. Həmin vaxt Elşən orada olan həmkəndlisi Təqsirləndirilən şəxs yoncanı aparıb başqa yerdə satmasını, özünün həmişə yonca satdığı yer həmin yer olduğunu və oranın qardaşının obyektinin qabağı olduğunu dediyinə görə sonuncuların arasında söz mübahisəsi yaranmış və Elşən Zərqəmin ünvanına nalayiq söyüş işlətmişdir. Zərqəm Elşənə “səni atıb öldürərəm” demiş, Elşən isə “get nə bilirsən elə” deyə cavab vermişdir. Mübahisə zamanı Elşənlə Zərqəm bir-birlərinə əl-qol atmış, həmin vaxt Zərqəmin oğlu Emin də oraya gələrək sonuncuları ayırmağa cəhd göstərmişdir. Həmçinin Zərqəmin arvadı Mahizər də oraya yaxınlaşaraq Zərqəmlə Elşəni aralamağa cəhd etmişdir. Bundan sonra Zərqəm, oğlu Emin və arvadı Mahizər sakitçilik düşdüyü üçün oradan uzaqlaşmış, Elşən isə yenə öz maşınının yanında qalmışdır. Təxminən 5-10 dəqiqə sonra o, öz piştaxtasının arxasında olan zaman Elşən Abdullayevin maşınını saxladığı tərəfdən atəş səsi eşitmiş, dərhal əynindəki gödəkçəni başına tərəf keçirib arxadakı çayxanaya tərəf qaçmışdır. Həmin vaxt çox qorxduğundan qapıdan arxa tərəfə keçib əl üzünü yumuş, həyəcanlı olduğundan ancaq bir atəş səsini xatırlaya bilmişdir. Bir neçə dəqiqə özünə gəldikdən sonra çayxanadan çölə çıxarkən orada çoxlu adamların toplaşdığını görmüşdür. Elşən qanlı vəziyyətdə öz avtomaşınının arxa tərəfində yerdə uzanıqlı vəziyyətdə olmuş, orada olan şəxsləin demələrindən Zərqəmin tüfəngdən üç dəfə atəş açaraq Elşəni öldürdüyünü bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4, Şahid11, X16 və Şahid6 eyni məzmunlu ifadə verərək Şahid8 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Oğuz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Yol Patrul Xidmətinin inspektoru işləyən Şahid9 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 0930 radələrində növbətçilik cədvəli üzrə Qaraməryəm- İsmayıllı-Bakı magistral yolunun Oğuz rayonu Bayan kəndi ərazisindən keçən hissəsində xidmətin digər əməkdaşı Samir Şirinovla birlikdə xidmətdə olarkən Oğuz rayonu istiqamətində hərəkətdə olan adını xatırlamadığı Kərimli kənd sakini idarə etdiyi avtomaşını onların xidməti avtomaşınlarının yanında saxlayaraq Kərimli kəndi ərazisində Təqsirləndirilən şəxs həmin kənd sakini olan bir nəfər şəxsə tüfənglə atəş açdığı barədə məlumat vermişdir. Onlar dərhal xidməti istifadələrində olan avtomaşınla Kərimli kəndi istiqamətində təxminən 3 kilometr getdikdən sonra Kərimli kəndi ərazisində “Quşçuluq” adlanan ərazidə Oğuz rayonu istiqamətində hərəkətdə olan “Qaz 2910” markalı avtomaşının sürücüsünün onlara avtomaşının pəncərəsindən saxlamaqları üçün işarə etdiyini görüb avtomaşını saxlamışlar. Avtomaşını saxladıqdan sonra həmin şəxsin Oğuz rayonu Kərimli kənd sakini Təqsirləndirilən şəxs olduğunu bilmişlər. Təqsirləndirilən şəxs avtomaşından düşərək əlindəki tüfəngini onlara təqdim edib həmkəndlisi Elşən Abdullayevi öldürdüyünü bildirmiş və özünü də polis şöbəsinə aparmağı onlardan xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə Oğuz rayon Polis Şöbəsinə gedərək tüfəngi də növbətçi hissəyə təqdim etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 02 nömrəli rəyindən görünür ki, X1 meyitində sağ bazunun bayır yuxarı oynağa yaxın hissədə, sağ bazu və sağ bud sümüyünün qəlpəli açıq sınığı, sağ İ, İİ sol İİİ, İV qabırğaların qəlpəli açıq sınığı, hər iki ağ ciyərlərin, plevranın, aorta qövsünün, ürəyin, mədənin, bağırsaqların, qara ciyərin, dalağın zədələnməsi və kəskin qan itirmə ilə müşayiət olunan odlu silah yaralanması kimi xəsarətlər aşkar edilmişdir. Sağ bazu döş qəfəsi və qarının ön sağ nahiyyəsindəki qeyd olunan xəsarətlər içərisi qurğuşun tərkibli səpələnən metal kürəciklərlə (karteşlərlə), sağ bud nahiyyəsindəki xəsarət isə qurğuşun tərkibli metal güllə ilə doldurulmuş, odlu silahdan açılan atəşlərin təsirindən törənməsinə xarakterikdir. Qeyd olunan xəsarətlər üç atəşin təsirindən qərarda göstərilən tarixdə, yəni xx xxxxxx 2020-ci ildə törənməsinə uyğun gəlir. Bədən xəsarətlərinin birlikdə və ayrı-ayrılıqda dərəcəsinə görə həmin xəsarətlər canlı şəxslərlə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətləri kimi qiymətləndirilir. X1 meyitində aşkar olunmuş bütün xəsarətlər odlu silah yaralanması olub 3 (üç) atəşin təsirindən törənmişdirlər. Sağ bazunun bayır yuxarı oynağa yaxın hissəsindəki xəsarət atəşin giriş dəliyi olub döş boşluğuna daxil olmuşdur və karteşlərdən ikisi döş qəfəsinin sol hissəsindən xaricə çıxmışdır. Qarının ön sağ aşağı hissəsindəki atəşin giriş dəliyi olmaqla karteşlər qarın və döş boşluğuna daxil olmaqla xaricə çıxmamışlar. Sağ budun bayır yuxarı 1/3-dəki odlu silah yarası atəşin giriş dəliyi olmaqla xaricə çıxmamışdır. X1 meyitində aşkar olunmuş xəsarətlər – sağ bazunun bayır yuxarı oynağa yaxın hissəsindən döş qəfəsinə, qarının ön sağ aşağı hissəsindəki qarın və döş boşluğuna daxil olan xəsarətlər içərisi səpələnən metal kürəciklərlə (karteşlərlə) doldurulmuş və sağ budun bayır yuxarı 1/3-dəki xəsarət isə içərisi güllə ilə doldurulmuş odlu silahdan açılan atəşin təsirindən törənmişdirlər. X1 meyitində aşkar olunmuş xəsarətlər ayrı-ayrılıqda 3 atəşin təsirindən törənmişdirlər. Həmin xəsarətlərin quruluşuna, formasına və digər morfoloji xüsusiyyətlərinə görə sağ bazunun bayır yuxarı oynağa yaxın hissəsindəki və sağ budun bayır yuxarı 1/3-dəki xəsarətlərdə atəşlər uzaq, yəni 2 (iki) netrdən artıq məsafədən, qarın nahiyyəsindəki xəsarət isə yaxın, yəni 2 (iki) metrə qədər məsafədən açılması kimi başa düşülür. Odlu silahdan açılan atəşlərin dəqiq məsafəsini onun əynindəki paltarların xüsusi ekspertizasının aparılması zamanı müəyyən edilə bilər. X1 meyitində aşkar olunmuş xəsarətlərdən birində, yəni sağ bazunun bayır yuxarı oynağa yaxın hissəsindəki xəsarət atəşin giriş dəliyi olubdöş boşluğuna daxil olmuşdur və karteşlərdən ikisi döş qəfəsinin sol hissəsindən xaricə çıxmışdır. Qarının ön sağ aşağı hissəsindəki və sağ budun bayır yuxarı 1/3-dəki xəsarətlər atəşin giriş dəliyi olmaqla xaricə çıxmamışlar. X1 meyitində aşkar edilmiş odlu silah xəsarətləri xəsarətlərin yerləşmə nahiyyələrinə, formasına və digər morfoloji xüsusiyyətlərinə görə həmin xəsarətləri özü-özünə yetirməsi mümkün deyil və qəti şəkildə inkar edilir. Həmin odlu silah xəsarətləri ekspertizaya təqdim edilən qoşalülə 16 kalibrli ov silahından kənar qüvvənin təsirindən açılan atəşlər nəticəsində törənməsinə xarakterikdir. X1 meyiti üzərində aşkar edilən odlu silah xəsarətlərinin yerləşmə nahiyyələrinə, istiqamətlərinə və digər morfoloji xüsusiyyətlərinə görə sağ bazunun bayır yuxarı oynağa yaxın hissəsindəki və sağ budun bayır yuxarı 1/3-dəki xəsarətlər onun ayaq üstə duran vəziyyətində, qarının ön sağ aşağı hissəsindəki xəsarət isə uzanmış vəziyyətində açılan atəşlərin təsirindən törənməsinə uyğun gəlir. X1 meyiti üzərində aşkar edilən odlu silah xəsarətlərində atəşin istiqamətinə görə sağ bazunun bayır yuxarı oynağa yaxın hissəsindən daxil olmaqla həmin hissədə yumşaq toxumaları, bazu sümüyünü, qabırğaları, plevranı, ağ ciyərləri zədələməklə atəşin istiqaməti sağdan sola və cüzi arxadan önə, qarının ön sağ aşağı hissəsindən qarın boşluğuna daxil olmaqla, bağırsaqların, qara ciyərin, dalağın, diafraqmanın, aortanın, ürəyin, sol ağ ciyərin zədələnməsində atəşin istiqaməti öndən arxaya, aşağıdan yuxarıya və sağdan sola, sağ budun bayır yuxarı 1/3-də, yumşaq toxumaların və bud sümüyünün qəlpəli sınığından xəsarətin istiqaməti isə sağdan sola, bir qədər aşağıdan yuxarıya və öndən arxaya olmuşdur. Elşən Abdullayevin meyitində aşkar edilən xəsarətlər həyati olub onun ölümündən qısa müddət əvvəl, yəni xəsarətlər yetirilən anda törənmişdirlər. Ölümün baş vermə müddəti ilkin meyit əlamətlərinin inkişaf səviyyəsinə görə və işə dair toplanmış məlumatlara əsasən meyitin müayinəsindən, yəni xx xxxxxx 2020-ci il tarixdən saat 12.00dan 2-3 saat əvvəl baş verməsinə uyğun gəlir. Elşən Abdullayevin meyiti üzərində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 09.28 radələrində kənar şəxs tərəfindən odlu silahdan (qoşalülə ov silahından) açılan atəşin təsirindən törənə bilərlər. Elşən Abdullayevin meyitinin cinsiyyət orqanı və anus dəliyi nahiyyəsində hər hansı bir xəsarət və ya onun izlərinin obyektiv əlamətləri, o cümlədən uşaqbazlığa xarakterik əlamətlər aşkar edilmədi. Elşən Abdullayevin meyitindən götürülmüş qanda və sidikdə məhkəmə tibbi kimya tədqiqatları nəticəsində spirtli içki, narkotik, psixotrop və güclü təsir edici maddələr aşkar edilməmişdir. Elşən Abdullayevin ölümünə səbəb həyat üçün vacib olan daxili orqanların odlu silah yaralanması nəticəsində baş verən kəskin qanitirmə olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 18 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində üzün sol almaçıq nahiyyəsinin qançırı kimi xəsarəti vardır. Həmin xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni xx xxxxxx 2020-ci il tarixdə törənə bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Təqsirləndirilən şəxs üzün sol almacıq nahiyyəsindəki xəsarət yerləşmə nahiyyəsinə, formasına və digər morfoloji xüsusiyyətlərinə görə müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni xx xxxxxx 2020-ci il tarixdə ayaq üstdə olan vəziyyətdə kənar şəxs tərəfindən yumruqla vurulma nəticəsində törənməsinə uyğun gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 219/2020-MTBŞ nömrəli rəyindən görünür ki, zərəçəkmiş şəxs X2 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu – B/İİİ/. Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu – O/İ/. Ekspertizaya təqdim olunan 02 ədəd tıxac, 08 ədəd kartec, 01 ədəd tənzif kəsiyi, E.Abdullayevə məxsus gödəkçə, cins şalvar, sviter, alt köynək, alt şalvar, alt mayka, trusik, onun dırnaq nümunələri, meyitin üzərinə qoyulmuş kepka və jilet üzərində insan qanı ləkələri aşkar olundu. Tədqiq olunan qan ləkələrində qrup antigenləri və aqqlyutinləri ABO sistemi üzrə təyin olunduqda “B” və “H” antigenləri, əksər ləkələrdə həmçinin də alfa aqqlyutinini alındı. Bu qan ləkələri bir qruplu şəxsə məxsudursa Balfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən X4 məxsus ola bilər. /Əgər onun qanında müşayiətçi H antigoni varsa/. Qanın qarışıq olması ehtimal olunan ləkələrdə isə, həmçinin Oalfa,beta(İ) qruplu Təqsirləndirilən şəxs da qarışmış qanının olması inkar olunmur. /Əgər onda hadisə zamanı qanaxma ilə müşahidə edilən xəsarət olubsa/. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus poluver, köynək, şalvar, kəmər, 01 cüt qısaboğaz çəkmə, onun dırnaq və tük nümunələrində E.Abdullayevə məxsus 01 cüt corab, 01 cüt ayaqqabı, onun tük nümunələrində, 01 ədəd qoşalülə ov tüfəngi, 19 ədəd patron, patron qabı və bir ədəd giliz üzərində qana şübhəli ləkələr aşkar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli 128-MTKŞ/2020 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, sviter və bir cüt ayaqqabı üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəməballistik-trasoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 3/40, 3/41, 3/73 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd “18205” nömrəli qoşalüləli ov tüfənginin üzərində aşkar edilmiş papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kişayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyət eyniləşdirməsi üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd tüfəng 1962-ci ildə zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli, “18205” №-li, “TOZ-BM” modelli yivsiz qoşa-lüləli odlu ov silahıdır, saz vəziyyətdədir, açmaq üçün yararlıdır, tətiklərini açmadan ondan atəş açılmır, üzərində zavod nişanlarına sonradan əlavə, dəyişiklik edilməmişdir və təyinatı dəyişdirilməmişdir. Həmin tüfəngin ön tətiyi 2,2 kq, arxa tətiyə 2,4 kq qüvvə tələb olunur (normal hesab olunur). Bu modelli ov tüfənglərində zavod üsulu ilə hazırlanmış 16 kalibirli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, karteçlər 600 m məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə malikdir. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd predmet 16 kalibrli olub həmin kalibrə malik yivsiz-hamar ov tüfəngində istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patronun hissəsidir-gilizdir, döyüş sursatı hesab edilmir. Həmin giliz “18205” №-li ov tüfənginin sağ lüləlisindən atılmışdır. Tədqiqata təqdim edilmiş 8 ədəd predmet yivsiz lüləli ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, patronların daxilinə doldurulan atəş komponentlərinin bir hissəsidir-karteçlərdir, döyüş sursatı hesab edilmir. Həmin karteçlərin üzərində atıldığı tüfəngin lülə kanalının divarından qalmağa karakterik izlər vardır. Lakin həmin izlər xüsusi əlamətlərə malik olmadığından və eyniləşmə tədqiqatı üçün azlıq təşkil etdiyindən onların “18205” №-li ov tüfəngindən atılıb-atılmadığını, eləcə də atəşdən əvvəl təqdim edilmiş gilizin tərkibində olub-olmamasını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş 2(iki) ədəd predmet yivsiz odlu ov silahından istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, 16 kalibrli patronun daxilinə doldurulan atəş kompenentlərinin bir hissəsidir, tıxacdır (konteynerdir) döyüş sursatı hesab edilmir. Həmin tıxac atəş prosesində istifadə edilən zaman üzərində atıldığı tüfəngin lülə kanalının divarından qalmağa karakterik sürtünmə izləri vardır. Lakin həmin izlər xüsusi əlamətlərə malik olmadığından və eyniləşmə tədqiqatı üçün azlıq təşkil etdiyindən onların “18205” №-li ov tüfəngindən atılıb-atılmadığını, eləcə də atəşdən əvvəl təqdim edilmiş gilizin tərkibində olub-olmamasını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş ümumilikdə 23 (iyirmi üç) ədəd patron 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfəngləri üçün döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal edilmiş patronlardır, istifadəyə (atəşə) yararlıdır, pistonlarında vurucunun izi yoxdur. Həmin patronlarda istifadə etməklə tədqiqata təqdim edilmiş “18205” №-li odlu ov silahından atəş açmaq mümkündür. Tədqiqata təqdim edilmiş “18205” №-li qoşalüləli ov tüfənginin lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. Bu da onu göstərir ki, həmin ov tüfəngindən atəş (atəşlər) açılmışdır. Lakin müvafiq elmi metodik vəsait olmadığından atəşin vaxtını, təmzimləmədən əvvəl, yoxsa sonra açıldığını müəyyən etmk mümkün deyildir. Tədqiqata təqdim edilmiş Elşən Abdullayevə məxsus bir ədəd gödəkçə, bir ədəd sviter, bir ədəd isti alt köynəyi, bir ədəd qolsuz mayka, bir ədəd belində kəməri olan cins şalvar, bir ədəd isti alt şalvarı, bir ədəd alt tumanı üstündə rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Gödəkçənin, sviterin, isti alt köynəyinin və qolsuz maykanın ön hissəsindəki zədələrin formasına ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməsinə əsasən həmin zədələr giriş zədələri olmaqla hamarlüləli (yivsiz) odlu silahdan açılan atəş nəticəsində 5 sm-dən 1 m-ə qədər olan məsafədən, öndən arxaya doğru istiqamətdə yetirilməyə xarakterikdir. Gödəkçənin, sviterin, isti alt köynəyinin, qolsuz maykanın, cins şalvarın, isti alt şalvarının və alt tumanının arxa hissəsindəki zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməməsinə əsasən, həmin zədələr giriş zədələr olmaqla hamarlüləli (yivsiz) odlu ov silahından açılan atəş nəticəsində 2 metrdən yuxarı məsafədən, arxadan-önə doğru istiqamətdə yetirilməyə xarakterikdir. Zədələr üç atəş nəticəsində yaranmışdır. Belə zədələr tədqiqata təqdim edilmiş odlu ov silahından açılan atəşlər nəticəsində yarana bilər. Tədqiqata təqdim edilmiş Elşən Abdullayevə məxsus bir ədəd qara rəngli papaq, bir cüt qara rəngli ayaqqabı və bir cüt qara rəngli corabın səthindən odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. Tədqiqata təqdim edilmiş Elşən Abdullayevə məxsus bir ədəd qara rəngli papağın səthində atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edildi. Tədqiqata təqdim edilmiş Elşən Abdullayevə məxsus bir cüt qara rəngli ayaqqabı və bir cüt qara rəngli corabın səthindən atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthindən odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthindən və onun sağ və sol əllərindən silinərərk götürülmüş tamponlardan atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edildi. Tədqiqata təqdim edilmiş silahın, patronların, patron qabının, gilizin səthindən atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edildi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə lifli materialların tədqiqi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/74 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X8 və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 1№-li cədvəldə göstərilib. Həmin kənar lif mikrohissəcikərinin arasında Elşən Abdullayevin şalvarının üzərindən tapılmış tünd qəhvəyi rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs şalvarının üzərindən tapılmış göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Elşən Abdullayevin şalvarının tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs dırnaq nümunələrində X1 geyim paltarlarının tərkib liflərindən yoxdur, eləcə də X1 dırnaq nümunələrində, Təqsirləndirilən şəxs geyim paltarlarının tərkib liflərindən yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə psixiatrik-psixoloji ekspertizasının xx xxx 2020-ci il tarixli 213/88 nömrəli rəyinin psixiatrik eksperizaya aid hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırd da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Şəki rayon Psixiatriya xəstəxanasından verilmiş xx.xx.2020-ci il tarixli 142 saylı arayış, Oğuz RMX PHŞ-in xx.xx.2020-ci il tarixli 147 saylı arayış), anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz, acıqlı və əsəbiliyə meyilli olması, tez qıcıqlanması, xırda qıcığa nevrotik reaksiya ilə cavab verməsi, verilən sualları çoxsözlü və müfəssəl şəkildə cavablandırması, dəqiqləşdirmələr aparması və s) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xaraktereoloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəlilik dərəcəsini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onu idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-in 21.1ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər tibbi yardım üçün psixiatra müraciət etməməsi, psixiatriya müəssisələrində qeydiyyatda durmaması (Şəki rayon Psixiatriya xəstəxanasından verilmiş xx.xx.2020-ci il tarixli 142 saylı arayış, Oğuz RMX PHŞ-in xx.xx.2020-ci il tarixli 147 saylı arayış), istintaq və ekspertiza zamanı dolğun və müfəssəl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, hazırkı cinayət əməlini törədərkən, istintaq və ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi,ekspertiza zamanı onda qavrama təfəkkür, yaddaş və intellekt pozuntularının aşkar edilməməsi, psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müşahidə olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya pozğunluğunun ( ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz, acıqlı və əsəbiliyə meyilli olması, tez qıcıqlanması, xırda qıcığa nevrotik reaksiya ilə cavab verməsi, verilən sualları çoxsözlü və müfəssəl şəkildə cavablandırması, dəqiqləşdirmələr aparması və s) az ifadəli olması əsas verir. Həmin rəyin psixoloji ekspertizaya aid hissəsindən görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyəyə meyilllilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt probleminin olması, başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs əsəbi emosional vəziyyətdə olmuşdur, bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (pxisoloji) affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 050 ***-**-** nömrəli mobil telefonla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Elşən adlı şəxsə 3 güllə atıb öldürməsini bildirmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci tarixdə saat 1605də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Oğuz Rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin xx xxxx 2020-ci il tarixli qərarı ilə 03 (üç) ay, yəni xx xxxxxxxx 2020-ci il tarixə kimi uzadılmışdır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmişDaxili İşlər Nazirliyi Baş X5 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Məsimov X10 (hazırda Oğuz) rayon məhkəməsinin xx.xx.1981-ci il tarixli hökmü ilə Az.SSR CM-in 86-cı maddəsinin 1-ci hissəsi ilə 03 il maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Oğuz rayon məhkəməsinin xx.xx.1991-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 207-ci maddəsinin 2-ci hissəsi, 191-1-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 93-8-ci madəsinin 4-cü hissəsi, 40, 172, 38, 23-1-ci maddələri ilə 3 il şərti azadlıqdan məhrum etmə cəzasına, Qəbələ rayon məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə CM-in 179.2.3-cü maddəsi 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Oğuz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 263-1.1-ci maddəsi ilə CM-in 70-ci maddəsi tətbiq edilməklə 01 il sınaq müddətinə 01 il 06 ay azadlıqan məhrum etmə cəzasına məhkum edilmişdir. “X23 Kompleksi MMC” tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi “X23 Kompleksi MMC”-də məşqçi-müəllim kimi işləmiş, işlədiyi yer üzrə müsbət səciyyələndirilmişdir. Məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl Azərbaycan Respublikasının CM-in 120.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin könüllü olaraq gəlib təqsirini boynuna almasını və iş yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-in 61.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti odlu silahdan istifadə etməklə törətməsi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən yuxarıda sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, cəzasının əvvəli şübhəli çəxs kimi tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.3-cü maddəsinə əsasən o təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən cinayətin törədilməsində alət olmuş 1 ədəd 16 kalibrli, “18205” nömrəli, “TOZ-BM” modelli yivsiz qoşalüləli odlu ov tüfəngi, iki ədəd patron və içərisində 17 ədəd patron olan patronqabı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə keçirilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah-Sursat Anbarına təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 314 AZN (üç yüz on dörd manat) ekspertiza xərciTəqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Oğuz rayon prokurorluğunda saxlanılan bir ədəd qəhvəyi rəngli cins şalvar, kəmər, bir ədəd açıq boz rəngli uzunqol köynək, bir ədəd boz rəngli sviter və bir cüt qara rəngli ayaqqabı Təqsirləndirilən şəxs, bir ədəd qara rəngli dəri gödəkçə, bir ədəd boz rəngli sviter, bir ədəd göy rəngli cins şalvar, bir ədəd uzunqol qara rəngli alt köynəyi, bir ədəd qara rəngli alt şalvarı, bir ədəd ağ rəngli qolsuz mayka, bir ədəd boz rəngli alt tumanı, bir cüt qara rəngli corab, bir cüt qara rəngli ayaqqabı, bir ədəd qara rəngli qolsuz jilet və bir ədəd qara rəngli papaq zərərçəkmiş şəxsin hüquqi varisi X9 qaytarılmalı, dırnaq və tük nümunələri, eləcə də hadisə yerinə baxış keçirilərkən götürülmüş bir ədəd giliz, bir ədəd patronun tıxacağı və Elşən Abdullayevin meyitinin müayinəsi zamanı bədənin müxtəlif yerlərindən çıxarılmış 08 ədəd karteç qurğuşunu dəyəri olmadığına görə məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1, 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib,12 (on iki) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 314 AZN (üç yüz on dörd manat) ekspertiza xərciTəqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Oğuz rayon prokurorluğunda saxlanılan bir ədəd qəhvəyi rəngli cins şalvar, kəmər, bir ədəd açıq boz rəngli uzunqol köynək, bir ədəd boz rəngli sviter və bir cüt qara rəngli ayaqqabı Təqsirləndirilən şəxs, bir ədəd qara rəngli dəri gödəkçə, bir ədəd boz rəngli sviter, bir ədəd göy rəngli cins şalvar, bir ədəd uzunqol qara rəngli alt köynəyi, bir ədəd qara rəngli alt şalvarı, bir ədəd ağ rəngli qolsuz mayka, bir ədəd boz rəngli alt tumanı, bir cüt qara rəngli corab, bir cüt qara rəngli ayaqqabı, bir ədəd qara rəngli qolsuz jilet və bir ədəd qara rəngli papaq zərərçəkmiş şəxsin hüquqi varisi X9 qaytarılsın, dırnaq və tük nümunələri, eləcə də hadisə yerinə baxış keçirilərkən götürülmüş bir ədəd giliz, bir ədəd patronun tıxacağı və Elşən Abdullayevin meyitinin müayinəsi zamanı bədənin müxtəlif yerlərindən çıxarılmış 08 ədəd karteç qurğuşunu dəyəri olmadığına görə məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd 16 kalibrli, “18205” nömrəli, “TOZ-BM” modelli yivsiz qoşalüləli odlu ov tüfəngi, iki ədəd patron və içərisində 17 ədəd patron olan patronqabı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə keçirilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah-Sursat Anbarına təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X21 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Bilal Məmmədov Rəşid Hüseynov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar