Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-128/2024 12.12.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X13 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Şəki rayonu Aydınbulaq kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Şəki rayonu Aydınbulaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na daxil edilən külli miqdarda, yəni iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,142 qram və 2,851 qram olmaqla ümumi təmiz çəkisi 4,993 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin əldə edib, daşıyaraq üzərində saxlamış, 24 iyul 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər- Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin tarixdə yaşadığı Şəki rayonunun Aydınbulaq kəndində yerləşən çayxananın yaxınlığında saxlanılaraq Şəki şəhəri, X38 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 1604 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli şalvarın sağ arxa cibindən qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə əldə edib daşıyaraq üzərində saxladığı həmin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na daxil edilən külli miqdarda, yəni iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,142 qram və 2,851 qram olmaqla ümumi təmiz çəkisi 4,993 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “Sünbül” firmasının çörəyini satmaqla məşğul olmaqla 24 iyul 2023-cü il tarixində saat 1230-da Şəki rayonu Aydınbulaq kəndində işlətdiyi köşkün yanında çörək gətirən avtobusun arxa qapısını açıb çörək götürən zaman Mercedes markalı avtomaşının gəldiyini görmüş, X23 Cavid adlı əməliyyat müvəkkilini tanıdığına görə sonuncu ilə görüşmək istəyərkən avtomaşının içərisindən biri “Habili tutun” deyə qışqırmışdır. Bu zaman abtobusun arxa hissəsindən ona yaxınlaşaraq arxadan onu tutmuş, həmin şəxslərə “məni buraxın, nə istəyirsiniz” dedikdə, ona “sən getməlisən” demişlər. Bir müddət orada mübahisə etdikdən sonra onu avtomaşına dartsalar da avtomaşına əyləşmək istəməmiş, həmin vaxt qardaşı Qalib Mirzəyev gəlib ona “Yekəbaşlıq eləmə, otur maşına get. Natiq müəllim yaxşı oğlandır, onu tanıyıram” demişdir. Həmin vaxt orada Hüseynalı, Orxan, Cavid və Natiq adlı polis əməkdaşları olmuş, qardaşının sözündən sonra avtomaşına əyləşib polislərlə birlikdə getmişdir. Aydınbulaq kəndindən çıxıb Əlyar kəndinin girəcəyindəki su anbarına çatdıqda polis əməkdaşları avtomaşını saxlamış, həmin vaxt başqa Mercedes markalı avtomaşın oraya gəldikdən sonra onu həmin avtomaşına əyləşdirmişlər. Şəki rayon Polis Şöbəsinə çatandan sonra onu ikinci mərtəbəyə qaldırıb qapını bağlamış, orada ona qarşı nalayiq ifadələr işlədərək “əkinin var” deyərək suallar vermişlər. Əkinin nə olduğunu soruşduqda polislər ona narkotik vasitə deyərək cavab vermiş, polislərə elə bir işlə məşğul olmadığını bildirmişdir. Polislər ona “Sən kimə güvənirsən, məhkəməyə, yoxsa prokurora. Biz nə dediksə, elə də olmalıdır” demiş, polislərdən ondan nə istədiklərini soruşduqda “sən narkotik vasitənin külli miqdarı ilə getməlisən, sifarişdir” cavabını vermişlər. Polislərə yoldaşının vəfat etdiyini, üç övladının olduğunu və qoca anasına baxdığını bildirmiş, polislər yenə də “Habil bu sifarişdir, sən getməlisən” demişlər. Üç övladının olduğunu yenidən polislərə bildirmiş, polislərdən biri telefona zəng edib çölə çıxıb qayıdaraq “Habil sənə söz verirəm ki, iki il iş alassan. Bu sifarişdir, sən getməlisən” demişdir. Ona qarşı çox təyziqlər olsa da fiziki təzyiq olmamış, otaqda bir nəfər ilə qaldıqda həmin otağın rəis müavininin otağı olmasını bilmişdir. Ona bir stəkan su verdikdən sonra təhqiqatçı Kamal müəllim vəkil Səbuhi müəllimlə danışıb ona gələcəyini bildirmiş, 2-3 saat sonra vəkil Səbuhi Rəcəbov gəlmişdir. Rəis müavini Tural müəlimin otağında 5 nəfər olmuş, təhqiqatçı Kamal müəllim polis əməkdaşlarından “buna hər şeyi başa salmısınızmı, nə deyəcək deyə” soruşmuş, polislər isə hər şeyi izah etdiklərini demişlər. Tanımadığı polis əməkdaşı qoz boyda bükümü əlində oynatmış, Kamal müəllim bükümü götürüb şalvarının ön cibinə qoymuşdur. Həmin vaxt şalvarının ön ciblərinin cırıq olduğunu qeyd etmiş, bükülünü paltarının döş cibinə qoyduqdan sonra buranın yaramadığını bildirmişdir. Bundan sonra bükümü şalvarının sağ arxa cibinə qoymuş, ona işlədiyim çörək köşkünün qabağında çayxana açdığını, oradakı zibilləri yığıb atarkən iki bükümün olduğunu və bükümləri şalvarının arxa cibinə qoyması barədə ifadə verməli olduğunu demişlər. Belə razılaşıb aşağı, Kamal müəllimin otağına düşmüş, video çəkiliş zamanı ona necə demişdilərsə o cür də ifadə verməklə narkotik vasitəni stolun üzərinə qoymuşdur. Sonradan iş müstəntiq Müşviq müəllimin icraatına verilmiş, sənədlərə baxdıqda CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirdiyini öyrənmişdir. Hər şeyi açıb müstəntiqə deyərək heç nəyə imza atmamış, Müşviq müəllim onu rəis müavini Tural müəllimin otağına qaldırmışdır. Tural müəllim ona nalayiq ifadələr işlədərək “Aşağı düş, nəyə deyirlərsə, ora qol çək” demiş, sənədləri oxumadan imzalayaraq ağlamışdır. Müstəntiqə üç övladının olduğunu “bilə-bilə məni hara göndərirsiniz, insafınız olsun” demiş, istintaq bölməsinin rəisi Cəlal müəllim onu görüb “Narahat olma hər şey yaxşı olacaq, kişi kimi söz verirəm ki, mən sənə köməklik edəcəm” demişdir. Barəsində həbs qətimkan tədbiri məsələsinə baxılarkən orada onu başa saldıqları qaydada ifadə vermişdir. Barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçildikdən sonra 01 avqust 2023-cü il tarixdə Gəncə şəhərinə müayinəyə aparılmış, 02 avqust 2023-cü il tarixdə isə onu Bakı şəhərinə Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə aparmışlar. Orada Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsinin müstəntiqi Süleyman Həsənov ona “Habil narkotik vasitəni sənə mən qoydurmuşam. Ona görə ki, ölüm işini boynuna almalısan. Narkotik vasitəyə görə 5-12 il, ölümə görə isə 9-14 il arası cəzası var. Narkotik vasitəyə görə 10 il cəza alassan. Mən də sənə kişi kimi söz verirəm ki, ölüm işinə görə 9 il cəza alassan, narkotik vasitəyə görə isə sənə məhkəmənin qərarı ilə bəraət hökmü verəcəyik” demiş, bundan sonra ona qarşı təyziqlər olacağından qorxaraq müstəntiqlə razılaşmışdır. Ona Şəkiyə istintaq təcridxanasına çatan zaman “filankəsi mən öldürmüşəm, vicdan əzabı çəkirəm” məzmunlu ərizə yazmasını bildirmiş, 12 avqust 2023-cü il tarixdə X6 gəlmişdir. 13 avqust 2023-cü il tarixdə deyilən qaydada ərizəni yazıb 14 avqust 2023-cü il tarixdə Penitensiar Müəssisənin əməkdaşı Sərvər müəllimə vermiş və sonuncuya “filankəsi mən öldürmüşəm” demişdir. Süleyman Həsənov ona “Habil birdən çaşarsan. Şəxsi mən öldürməmişəm desən, səni su yoluna düşürüb qaçış cəhdi ilə təpəndən atdırararam” dediyinə görə belə etmiş, 10 sentyabr 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına köçürülmüş, 15 sentyabr 2023-cü il tarixdə Baş Prokurorluğun Ağır Cinayətlərə dair istintaq idarəsində idarənin rəisi Nemət müəllim onu qəbul etmişdir. Orada artıq hər şeyin təzyiqlərə görə olduğunu, heç kimi öldürmədiyini bildirmiş, həmin günü ölüm işi yenidən bağlanmışdır. Narkotik vasitəni sırf ölüm işinə görə üzərinə qoyulmuş, ona görə də məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı ilkin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 20 iyul 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı Aydınbulaq kəndində yolun kənarındakı avtobus dayanacağının yanında yerləşən çörək köşkünün qarşısında olan zibilləri yığışdıran zaman tapdığı iki ədəd sellofan bükülünün açıb baxdıqda içərisində metamfetamin olduğunu görmüş, həmin patını özü istifadə etmək üçün götürüb əynindəki şalvarın arxa sağ cibinə qoymuşdur. 24 iyul 2023-cü il tarixdə saat 14 radələrində çayxananın yaxınlığında polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək rayon Polis Şöbəsinə gəlməsini bildirdirmişlər. Şəki rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın sağ arxa cibindən tapdığı içərisində psixotrop maddə olduğu iki ədəd sellofan bükülüləri təqdim etmişdir. Sorğu zamanı həmin bükülünün patı olduğunu və 3-4 gün qabaq tapdığını bildirmiş, həmin bükülülər qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 24 iyul 2023-cü il tarixdə Habil adlı şəxsin Şəki rayonu ərazisində narkotik vasitələrin qəbulu, satışı və saxlaması ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan CAB-in əməliyyat müvəkkili Şahid1 ilə birlikdə saat 14 radələrində Şəki rayonu Aydınbulaq kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus çayxananın yaxınlığında sonuncuya yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə birlikdə Polis Şöbəsinə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs Şəki rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın sağ arxa cibindən iki ədəd sellofan bükülünü çıxardıb stolun üstünə qoymuş, həmin bükülülər açıldıqda içərisindən psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin metamfetamini təxminən 3-4 gün qabaq Şəki rayonu, Aydınbulaq kəndində işlətdiyi kafenin yaxınlığındakı zibil qabının qarşısından tapdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmiş, əlavə olaraq Təqsirləndirilən şəxs saxlanılan gün Aydınbulaq kəndinə gedərkən mobil telefonunu özü ilə götürmədiyini, saxlamaq üçün başqa şəxsə verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Şəki şəhəri Aydınbulaq kəndi arası sürücü işləməklə hər gün “Sünbül” firmasından 2 qutu çörək götürərək Aydınbulaq kəndində Təqsirləndirilən şəxs işlətdiyi köşkə gətirmiş, 24 iyul 2023cü il tarixdə saat 1230 radələrində Habilin işlətdiyi köşkə çatana yaxın arxadan Mercedes markalı avtomaşının gəldiyini görmüşdür. Öz idarə etdiyi avtomaşını saxlayan zaman Mercedes markalı avtomaşın onun saxladığı yolun sağında saxlamış, avtomaşında oturaqlı vəziyyətdə olarkən şəxs avtomaşından çörəkləri götürmüşdür. Həmin vaxt bir nəfər avtomaşının qabağından qaçaraq arxada səs-küyün olduğunu eşitmiş, arxa tərəfə keçərkən bir nəfər şəxsin Təqsirləndirilən şəxs orta nahiyəsindən möhkəm tutduğunu, iki nəfərin yanında durduğunu, bir nəfərin isə avtomaşının içində olduğunu görmüşdür. Polislər Təqsirləndirilən şəxs avtomaşına dartmış, sonuncu avtomaşına əyləşməyərək səbəbini soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs qardaşı Qabil Mirzəyev oraya gələrək na olduğu ilə maraqlanmış, polis əməkdaşları Natiq və X34 “Sən bizi tanımırsan?” demişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs “Axmaqlıq etmə, əyləş. Aparıb gətiririk” demiş, şəxs avtomaşına özü əyləşdikdən sonra getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, 24 iyul 2024cü il tarixdə hər gün olduğu kimi Təqsirləndirilən şəxs işlətdiyi köşkdən çörək almağa getmiş, Mahmud Abbasov avtomaşınla çörək gətirdikdən sonra Təqsirləndirilən şəxs çörəyi götürən zaman orada səs-küy yaranmışdır. Çölə çıxan zaman Təqsirləndirilən şəxs iki nəfər tutub avtomaşına əyləşdirmək istəmiş, bir nəfər isə avtomaşının içərisindən şəxsi dartmağa çalışmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs qardaşı Qalib Habilə “Natiq müəllim yaxşı oğlandır. Hörmətsizlik etmə, otur maşına get” dedikdən sonra Habil özü avtomaşına oturmuş, Natiq müəllim də Qalib Mirzəyevə “Sən bizi tanımırsan? Yarım saata qaytarıb gətiririk” demişdir. Məhkəmədə şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bibisi oğlu olmaqla 24 iyul 2023-cü il tarixdə saat 1230 radələrində yaşadığı Aydınbulaq kəndində təzə çörək almağa çıxmış, hava isti olduğuna görə kölgədə çörək gətirən avtomaşının gəlməsini gözləyən zaman Təqsirləndirilən şəxs səsinin gəldiyini eşitmiş, həmin yerə baxarkən bir nəfərin arxadan Habili tutduğunu, Habilin özünün isə çörək qutusunu saxladığını görmüşdür. Avtomaşının içərisindəki şəxs bərkdən Habilə “Otur avtomaşına” demiş, Habil isə buna etiraz etmişdir. Habil polis əməkdaşlarından rəsmi məktub və çağırış vərəqəsi tələb etmiş, sonra boz rəngli mersedes markalı avtomaşın gəlmişdir. avtomaşının arxasından bir nəfər mülki geyimli cüssəli şəxs düşərək Habilin qardaşına “Qalib, sən məni tanımırsan?” demiş, Qalib isə Habilə yaxınlaşıb mübahisə etməməsini tapşırmışdır. Bundan sonra Habil etiraz etməyi dayandırıb avtomaşına əyləşmiş, sonradan Qalibdən həmin şəxslərin kim olduğunu maraqlandıqda sonuncu ona həmin şəxslərin Sarıca polis şöbəsinin əməkdaşları olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, 24 iyul 2023cü il tarixdə günorta saatlarında evə çörək almaq üçün yaşadığı Aydınbulaq kəndində Təqsirləndirilən şəxs işlətdiyi çörək köşkünün arxasındakı kafedə çörək gətirən avtomaşını gözləmiş, çörək gələndən 5 dəqiqə sonra səs-küyün olduğunu eşitmişlər. Çölə çıxarkən X23 rəisini əvəz ediən Natiq müəllimin Mersedes markalı avtomaşında əyləşdiyini və qardaşı Təqsirləndirilən şəxs qarnından tutub avtomaşına əyləşdirmək istədiyini görmüş, nə olduğunu soruşduqda ona “Qalib bizi tanımırsan, yarım saata gətirib gəlirik” demişdir. Həmin vaxt qardaşı Habilə “hörmətsizlik etmə, sənin arxanca gəliblərsə, otur get” demiş, bundan sonra Habil özü polislərin avtomaşınına minərək sonuncularla birlikdə oradan uzaqlaşmışdır. üç saat keçəndən sonra qardaşından xəbər olmadığına görə Cavid, Natiq müəllimə zəng eləmiş, lakin heç biri ona cavab verməmişdir. Bundan sonra 102 xidmətinə zəng eləmiş, ona yaxın vaxtda məlumat veriləcəyini bildirsələr də heç bir məlumat verilməmişdir. Həmin gün axşam tərəfi qardaşı Habildən narkotik vasitə aşkarladıqlarını bildirərək ona “Habil deyib ki, Qalib mənə görə ora-bura şikayət etməsin” dediklərinə görə heç yerə şikayət etməmişdir. 2023-cü ilin mart ayında X36 zəng edib ona qardaşı Habil ilə birlikdə Yevlax rayon Polis Şöbəsinə getmələrini bildirmiş, saat 1800-a kimi onları Yevlax rayon prokurorluğunda saxlayaraq izahat aldıqdan sonra buraxmışlar. Həmin vaxt qapıdan çıxıb 5 metr aralandıqdan sonra onları polislər saxlamış, polislərə “Məni çağırdıqları hər bir yerə getmişəm, nəyə görə qaçmalıyam” dedikdə “Sən nalayiq ifadə işlətmisən” demişlər. Harada nalayiq ifadə işlətdiyimi soruşduqda “Qapıdan çıxan zaman nalayiq ifadə işlətdin” deyərək onu Yevlaxın polis şöbəsinə aparmışlar. Orada kəmərini, sənədini götürüb ona “Sənə sutkalıq vermək lazımdır ki, cəzanı çəkəsən” demiş, bundan sonra bunun qurma iş olduğunu başa düşmüşdür. Orada 1 saat saxlayandan sonra “daha gecdir, otur maşına” deyib Hunday markalı maşının arxasına polislə qolunda qandal əyləşdirmiş, bu zaman məhkəməyə aparmalarını başa düşmüşdür. Həmin vaxt sürücüyə zəng gəlmiş, hara getdiyini soruşduqda sürücü “Şəkiyə adam var, onu aparıb qayıdıram” demişdir. Onu Şəki rayon Polis Şöbəsinə gətirdikdən sonra səhəri məhkəməyə çıxartmış, guya Yevlaxda olmadığını, Şəkidə nalayiq ifadələr işlətdiyini bildirərək dörd nəfər polis üzünə durmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şəki şəhər-rayon X30 hissəsində polis nəfəri-konvoy vəzifəsində işləyən X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmiş, 24 iyul 2023-cü il tarixdə X24 xidmətdə olmaqla polis nəfəri Orxan Səfərovla bilrikdə xidməti ərazidə olmuş, Aydınbulaq kəndində insanların toplaşdığını görüb maraqlandıqda Təqsirləndirilən şəxs saxlanılaraq Şəki Rayon Polis Şöbəsinə aparıldığını öyrənmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmiş, sonuncunun kimlər tərəfindən saxlanılaraq polis şöbəsinə aparıldığını bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin X24 manqa komandiri işləyən X19 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmiş, sonuncunun nə zaman saxlanılmasını bilməmişdir. Xidmət etdiyi əraziyə Şəki rayonu Aydınbulaq kəndinin də daxil olduğu 18 kənd daxil olmaqla 24 iyul 2023-cü il tarixdə xidməti ərazisində olmaqla Aydınbulaq kəndində insanların toplaşdığını görüb nə üçün toplaşdırqlarını soruşduqda Habilin aparıldığını bildirmişlər. Sonradan Təqsirləndirilən şəxs Şəki Rayon Polis Şöbəsinin əməliyyat müvəkkiləri Şahid1 və Şahid2 tərəfindən aparıldığını bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin X24 əməliyyat müvəkkili işləmiş X8 ifadəsində göstərmişdir ki, Qalib Mirzəyevi meşəbəyi kimi tanımış, sonuncunun qardaşı Təqsirləndirilən şəxs saxlanmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs Şəki rayon Polis Şöbəsinin əməkdaşları saxlamış və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs tutulandan yarım saat sonra bu barədə məlumatı olmuş, Təqsirləndirilən şəxs Sərraf və Mirzə adlı polis əməkdaşlarının saxladığını öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin X24 əməliyyat müvəkkili işləmiş X27 ifadəsində göstərmişdir ki, xidmət etdiyi ərazinin sakini olduğuna görə Qalib Mirzəyevlə münasibəti olmuş, sonuncunun qardaşı Təqsirləndirilən şəxs saxlanmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs tutulmasını sonradan eşitmiş, həmin gün Natiq Paşayevlə birgə kənddə xidmətdə olmuşlar. Həmin vaxt onlara zəng gələrək kənddə səs-küy olduğu bildirilmiş, həmin yerə çatan zaman uşaqlar orada video çəkmişdir. Qalibə yaxınlaşaraq “Belə şeyləri çəkməz olmaz” dedikdə sonuncu uşağı çağırıb videonu sildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs artıq aparılmışdır. Sonradan Təqsirləndirilən şəxs Mirzə ilə Sərraf adlı polis əməkdaşlarının apardığı ona məlum olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 iyul 2023-cü il tarixli 17/563 nömrəli rəyində göstərilmişdir ki, təqdiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut ….» sözləri, adları və imzaları yazılmış zərfin içərisindəki 02 (iki) ədəd sellofan bükümdə, ayrıayrılıqda çəkiləri – 2,142 qram, 2,851 qram, ümumi təmiz çəkisi 4,993 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlərdir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na daxildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 25 avqust 2023-cü il tarixli 1407 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehdiyacı yoxdur, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 24 iyul 2023-ci il tarixli protokoldan və protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ arxa cibindən iki ədəd sellofan bükümdə içrəsində psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilib götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs, Ukrayna Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək Xarkov şəhəri, Çernozavodsk rayon Xalq Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xarkov vilayət Apellyasiya məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə Ukrayna Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsi çevrilib 71-ci maddəsinə əsasən 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xarkov şəhər Oktyabr rayon məhkəməsinin xx.xx.20009-cu il tarixli qərarı ilə Ukrayna Respublikası Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən 01 il, 07 ay 15 gün vaxtından əvvəl azad olunmuş, Şəki rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 244.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 18 gün islah işləri cəzasına məhkum edilmiş, Şəki rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsinə əsasən qəti olaraq 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını tam çəkib qurtardığı üçün cəzasından azad edilmişdir. Məhkumluğu ödənildiyindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli 616 nömrəli məktubundan görünür ki, Şəki rayonu, Aydınbulaq kəndində yaşayan, 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur və müraciət etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Rayon Psixatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəki rayonu, Aydınbulaq kəndində yaşayan, 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki rayon İcra Hakimiyyəti Başçısının Aydınbulaq kənd İƏD üzrə nümayəndəlikdən verilmiş xx.xx.2023cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Şaki rayonu, Aydınbulaq kənd qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, himayəsində xx.xx.2012-ci ildə doğulmuş Elmira Mirzəyeva, xx.xx.2013-cü ildə doğulmuş Nərmin Mirzəyeva və xx.xx.2017-ci ildə doğulmuş Rəvan Mirzəyev adlı üç azyaşlı uşaqları vardır, yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2018-ci il tarixdə süd vəzinin xərçəngindən ölmüşdür. İş materiallarına əlavə edilmiş 24 iyul 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1604-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Şəki rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi haqqında 23 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixli qərarla həbs qətimkan tədbiri xx.xx.2023-cü il tarixə kimi ev dustaqlığı qətimkan tədbirinə dəyişmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 29 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair ifadəsini inandırıcı olmayan, özünü müdafiə məqsədilə məsuliyyətdən yayınmaq üçün verdiyi ifadə kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, təqsirləndirilən şəxs ona qarşı qanunsuzluq edilməsi ilə əlaqədar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəməyə, nə də ki, hansısa tibb müəssisəsinə müraciət etməmiş, videoçəkilişlə və müdafiəçilərinin iştirakı ilə aparılan şəxsi axtarış keçirilən zaman aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Bundan başqa istintaq təcridxanasına daxil olan zaman tibbi müayinənin əks olunduğu kitabçanın surətində onun bədən səthində döyülməsini təsdiq edən hansısa xəsarətlərin olması müəyyən edilməmişdir. Ona görə də məhkəmə tərkibi Təqsirləndirilən şəxs onun iddia etdiyi kimi 2019-cu ildə törədilmiş qəsdən adam öldürmə cinayətini etiraf etməməsinə görə narkotik vasitənin onun üzərinə qoyulmasına dair ifadəsini məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirir. İş materiallarında Təqsirləndirilən şəxs Şəki Penitensiar Müəssisəsində saxlanıldığı müddət ərizində Bakı şəhərinə etap olunduğu görünsə də məhkəmə digər başqa bir cinayət işi üzrə şəxsin barəsində istintaq hərəkətinin aparılmasının adi bir hal olduğunu və bu halın özlüyündə şəxsin ittiham olunduğu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaması anlamına gəlmədiyini bir daha qeyd etməyi zəruri hesab edir. Bundan başqa iş üzrə şahidlər X1 Elnur Ələsgər oğlu, X26 və X9 verdiyi ifadələri də məhkəmə yaxın qohumları (qardaşı), qohumları (bibisi oğlu) və həmkəndliləri olduqlarına görə Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmasına yönəlmiş sonuncunu müdafiə xarakterli ifadələr kimi qəbu edir. Daha sonra məhkəmə bir halı da qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak edən Şəki rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 istifadəsində olan mobil telefon nömrəsinin anten dairəsinin xx.xx.2023-cü il tarixdə Şəki rayonu Aydınbulaq kəndinin yaxınlığındakı ərazilərdə olmaması da həmin şəxsin orada olmaması və qeyd edilən əməliyyat axtarış tədbirində iştirak etməməsi demək deyil. Belə ki, Şahid1 özü də ifadəsində həmin gün əməliyyat tədbirinə gedərkən öz mobil telefonunu başqa bir tanışına verərək Təqsirləndirilən şəxs olduğu Aydınbulaq kəndinə mobil telefonu olmadan getdiyini, əməliyyat qrupuna daxil olan Şahid2 üzərində mobil telefon olduğuna görə həmin telefonla əlaqə yaratdıqlarını bildirmişdir. Məhkəmə də vurğulamaq istəyir ki, mobil telefon insanların gündəlik həyatında zəruri olan əlaqə vasitəsi olsa da, insanın ayrılmaz bədən üzvü deyil və texniki vasitə insanların üzərində olmadan da əməliyyat-axtarış tədbirinin keçirilməsi tam mümkün olan bir haldır. Həmçinin anten dairəsnə dair məlumatların olduğu diskə baxış keçirilən zaman müəyyən olundu ki, əməliyyat qrupuna daxil olan Şahid2 mobil telefonunun anten dairəsi xx.xx.2023-cü il tarixdə Şəki rayonu Aydınbulaq kəndində olmuşdur. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi və himayəsində üç azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı tarixdən hesablanmalı, CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü tarixə kimi həbsdə və ev dustaqlığında olduğu 04 ay müddət müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 28-ci bəndindən görünür ki, azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxsin himayəsində nəzarətsiz qalacaq uşaqlar olduqda ittiham hökmünün nəticəvi hissəsində onların CPM-nin 160-cı maddəsinə uyğun olaraq qohumların, yaxud başqa şəxslərin və ya orqanların himayəsinə verilməsi barədə göstərişlər əlavə edilməlidir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2012-ci ildə doğulmuş Mirzəyeva Elmiranın doğum haqqında şəhadətnaməsində anası qrafasında mərhum Gülnarə Mirzəyeva, atası qrafasında Təqsirləndirilən şəxs, xx.xx.2013-cü ildə doğulmuş Nərmin Mirzəyevanın doğum haqqında şəhadətnaməsində anası qrafasında mərhum Gülnarə Mirzəyeva, atası qrafasında Təqsirləndirilən şəxs, xx.xx.2017-ci ildə doğulmuş Rəvan Mirzəyevin doğum haqqında şəhadətnaməsində anası qrafasında mərhum Gülnarə Mirzəyeva, atası qrafasında Təqsirləndirilən şəxs qeyd edilmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində olan xx.xx.2012-ci ildə doğulmuş X15, xx.xx.2013-cü ildə doğulmuş X16 və xx.xx.2017-ci ildə doğulmuş X17 nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadıqları ərazi üzrə Şəki rayon qəyyumluq və himayəçilik orqanına tapşırılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi həbsdə və ev dustaqlığından olduğu 04 (dörd) ay müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 12 dekabr 2024-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan 4,893 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbəs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan uşaqları – xx.xx.2012-ci ildə doğulmuş X10, xx.xx.2013-cü ildə doğulmuş X11 və xx.xx.2017-ci ildə doğulmuş X17 nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadıqları ərazi üzrə Şəki rayon qəyyumluq və himayəçilik orqanına tapşırılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-128/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-128/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver