Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-129/2021 21.05.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rəşad Şəmşir oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxx 1962-ci ildə Balakən rayonunun Tülü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Balakən rayonunun Şambul kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayında Bakı şəhəri Masazır qəsəbəsində istintaqa məlum olmayan şəxsdən qəsdən şəxsi istifadə məqsədi ilə qanunsuz olaraq bir ədəd sellofan bükümdə külli miqdarda, yəni təmiz çəkisi 2,661 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin əldə edib əynindəki şalvarın ön sol cibinə qoymaqla daşıyaraq üzərində saxlamış və 12 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Rayon Polis Şöbəsinə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın ön sol cibində bir ədəd sellofan bükümdə saxladığı təmiz çəkisi 2,661 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verməklə göstərdi ki, o, narkotik maddələrin istifadəçisidir, narkomaniya xəstəliyindən əziyyət çəkir, qohumu ilə birlikdə onların evlərində narkotik maddə istifadə edən zaman polis əməkdaşları tərəfindən tutulmuşdur. Heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Özünü yalnız narkotik maddə istifadəçisi olduğuna görə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Uzun illər Bakı şəhərində yaşamış və narkotik maddəni də istifadə etmək məqsədi ilə orada olarkən əldə etmişdir. Hər dəfə təxminən bir qram və ya bir qram yarıma qədər narkotik maddə istifadə etmişdir. Narkoman olan yaxın qohumu ilə birlikdə narkotik maddə istifadə etmək üçün ürəyi açıq insan olduğundan özündə olan bütün narkotik maddələri onlara gedərkən özü ilə aparmış və birlikdə istifadə etdikləri zaman polis əməkdaşları tərəfindən tutulmuşdur. O, heç vaxt heç kəsə narkotik maddə satmamışdır. Narkotik vasitəni alıb üzərində saxlamaqda məqsədi özü üçün istifadə etmək olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, Balakən rayonunun Şambul kənd sakini Təqsirləndirilən şəxs Mövlud oğlu üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan küçədə saxlanılmaqla 12.01.2021-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinə dəvət edilmiş və şübhəli şəxs qismində tutulmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı başqa bir qanunsuz saxladığı əşya varsa, könüllü təqdim etməsi təhqiqatçı tərəfindən təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarının sol cibindən bir ədəd şəffaf sellofan büküm çıxardıb təqdim etmişdir. Həmin bükümün içərisində «kokos» adlandırılan narkotik vasitə - heroin olduğunu bildirmişdir. Onun təqdim etdiyi narkotik vasitəyə bənzər maddənin çəkisinin 3,03 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik maddəni Bakı şəhərində tanımadığı şəxsdən özü istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Şahid1 qeyd etmişdir ki, onlarda Təqsirləndirilən şəxs barəsində əvvəllər onun narkotik vasitənin satışı ilə məşğul olması barədə hər hansı məlumat olmamış, həmçinin onlara daxil olan məlumat yalnız Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması ilə bağlı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, Balakən rayonunun Şambul kənd sakini Təqsirləndirilən şəxs Mövlud oğlu üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan küçədə saxlanılmaqla Balakən Rayon Polis Şöbəsinə dəvət edilmiş və şübhəli şəxs qismində tutulmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində saxladığı bir ədəd içərisində narkotik vasitə heroin olan şəffaf sellofan büküm çıxardıb təqdim etmişdir. Cinayət işinin materiallarında olan 12 yanvar 2021-ci il tarixli raportdan görünür ki, polis şöbəsinə 12.01.2021-ci il tarixdə Balakən rayonunun Şambul kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan Balakən Rayon Polis Şöbəsinə dəvət olunmuşdur. (cild 1, iş vərəqi 3). Cinayət işinin materiallarında olan 12.01.2021-ci il tarixli “Şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış 12.01.2021-ci il tarixdə Balakən RPŞ-nin inzibati binasında saat 19:50-dən 20:20-dək keçirilmişdir. Şəxsi axtarış zamanı müəyyən olunmuşdur: Şəxsi axtarış üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğuna görə Balakən RPŞ-yə dəvət olunmuş və təhqiqatçı İsa Yolçuyev tərəfindən şübhəli şəxs qismində tutulmuş Balakən rayonunun Şambul kənd sakini Təqsirləndirilən şəxs üzərində aparılmışdır. Hüquq və vəzifələri izah olunduqdan sonra vət. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən təklif edilmişdir ki, üzərində narkotik vasitə və digər qanunsuz olaraq saxladığı əşya və ya vasitə varsa, könüllü təqdim etsin. Vət. Təqsirləndirilən şəxs üzərindən, əynində olan şalvarın sol cibindən 1 ədəd şəffaf rəngli sellofan büküm çıxarıb təqdim etmişdir. İçərisində narkotik vasitə olan «kokos» adlanan maddə olduğunu bildirmişdir. Onun üzərində şəxsi axtarış davam etdirilərkən əlavə olaraq qanunsuz olaraq saxlanılan əşya, vasitə aşkar edilməmişdir. Yuxarıda qeyd edilən vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən sellofan büküm açıldıqda içərisindən narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilmişdir. Həmin maddə elektron tərəzidən istifadə edilməklə çəkilmişdir. Çəkisi 3,03 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə bir ədəd kağız zərfə qoyulub, üzəri «DİN arayışlar üçün» 185 nömrəli möhürü ilə möhürlənərək iş üçün sübut əhəmiyyətli olduğundan götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış başa çatmışdır. Şəxsi axtarış prosesi Balakən RPŞ-nin baş inspektor kriminalisti Sadiq Vəzirov tərəfindən «Panasonic» markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Protokol ucadan oxunmuşdur. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Qeyd olunmuş videogörüntülərin əks oldunduğu disk protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan 13 yanvar 2021-ci il tarixli 17/25 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 2,661 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (cild 01, iş vərəqi 92) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspert komissiyasının 22 fevral 2021-ci il tarixli 158 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər. 87) Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilməsi, şübhəli şəxs qismində tutulması, üzərinə baxış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, yəni Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-nin məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, barəsində üzərində narkotik vasitə saxlamasına dair əməliyyat məlumatı daxil olduğu üçün polis şöbəsinə dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən 2,661 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitələrin ayrı-ayrı bağlamalara, bükümlərə yığılmaqla saxlanılmaması, evindən və həyətyanı sahəsindən başqa narkotik vasitənin aşkar olunmaması, habelə üzərində elektron tərəzinin aşkar olunmaması, digər tərəfdən təqsirləndirilən şəxsin özünün narkomaniya xəstəliyindən əzab çəkməsi, onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 2,661 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə - heroin satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası bir daha təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında qeyd etdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri həqiqəti əks etdirən ifadələr kimi ittihamın əsasına qoyur. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonunun Şambul kəndində ailəsi (arvadı, oğlu, qızı və nəvəsi) ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vərəqi 81-83) İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİ əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (cild 01, iş vərəq 79) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs yaşını, səmimi peşmançılığını, yaşayış yeri üzrə müsbət səciyyələnməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin şəxsdən aşkar olunan narkotik vasitənin növünü və onun çəkisinin çoxluğunu əsas götürərək sonuncuya azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş “Cinayət işi başlananadək şəxsi tutma protokolu”ndan və ibtidai istintaq orqanının qərarından görünür ki, Təqsirləndirilən şəxs 12.01.2021-ci il tarixdə saat 19:25-də şübhəli şəxs qismində tutulmuş, 14.01.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vərəq 13, 60-61) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 12.01.2021-ci il tarixdən 14.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək cəzaya hesablanmaqla həmin cəzadan çıxılmalı, ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanın başlanğıcı hökmün elan olunduğu tarixdən, yəni 21.05.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X5 yerləşdirilməsi üçün X2 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş ümumi təmiz çəkisi 2,611 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə – heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 71,94 AZN (yetmiş bir manat, doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 12.01.2021-ci il tarixdən 14.01.2021-ci il tarixədək müddət cəzasına hesablanmaqla çıxılsın və Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 21 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X5 yerləşdirilməsi üçün X2 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 71,94 AZN (yetmiş bir manat, doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş ümumi təmiz çəkisi 2,611 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə – heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən Rəşad Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-129/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-129/2021
21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver