Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-129/2023 17.05.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri Nizami küçəsi ev 227-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə 9,726 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə 2,697 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib əynindəki qara rəngli idman gödəkçəsinin sol yan cibində olan şəffaf rəngli plastik qabın içərisində saxlamış, 03 dekabr 2022-ci il tarixdə saat 10:00 radələrində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Yevlax şəhəri, Bakıxanov küçəsində qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax Rayon Polis Şöbəsinə gətirilərək orada həmin günü saat 11:00-dan 11:40-dək olan müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib əynindəki qara rəngli idman gödəkçəsinin sol yan cibində olan plastik qabın içərisində saxladığı 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə olan 9,726 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində olan qara rəngli idman gödəkçəsinin sol yan cibində olan plastik qabın içərisində saxladığı 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə olan 2,697 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və əynində olan idman şalvarının sol yan cibindən üzərində cüzi miqdarda heroin hissəcikləri olan elektron tərəzi aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə qismən (yalnız CM-in 234.1-ci maddəsi ilə) təqsirli bilərək göstərmişdir ki, səhərə yaxın 05 radələrində polis əməkdaşları yaşadığı evə daxil olaraq onu polis şöbəsinə aparmış, evindən 01 qram narkotik vasitə olan heroin və yarım qram psixotrop maddə olan metamfetamin aşkar olunmuş, istintaq orqanı tərəfindən isə aşkar olunan narkotik vasitə və psixotrop maddənin çəkiləri artırılmışdır. Polis şöbəsində təzyiq altında olmuşdur. Səmimi olaraq etiraf edir ki, evindən aşkarlanan narkotik vasitə və psixotrop maddə ona aid olmuş, lakin çəkiləri istintaq orqanı tərəfindən artırılmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, aşkarlanan narkotik vasitə və psixotrop maddəni İran vətəndaşından 200 manat müqabilində əldə etmiş, İran vətəndaşından ümumilikdə 5 qram narkotik vasitə olan heroin, 01 qram psixotrop madddə olan metamfetamin almışdır. Qeyd olunan maddələri Bakı şəhərindən əldə etmiş, İran vətəndaşını sosial şəbəkədən tapmışdır. İttiham aktında polis əməkdaşlarının onu küçədə saxladığı yazılsa da, lakin o, yaşadığı evdə saxlanılmışdır. Narkotik vasitə və psixotrop maddə evdə olmuşdur. Sonradan həmin maddələrin çəkiləri artırılmış və onun cibinə qoyulmuşdur. Bundan sonra videoçəkiliş aparılmışdır. Müdafiəçisinə ona olunan təzyiqlə bağlı heç nə bildirməmiş, onda elektron tərəzi olmamış, tərəzini polis şöbəsində çıxarmışlar. Polis əməkdaşları onu apardıqları zaman ailəsi orada olmuşdur. İbtidai istintaq zamanı ifadəsini oxumadan imzalamışdır. İfadələrə imza atdığı vaxt müdafiəçisi yanında olmamışdır. Polis əməkdaşları onu otağa salıb, döyməyə başlamışlar. Döyülməyi ilə bağlı heç yerə bildirməmişdir. X2 daxil olarkən döyülməyini həkimə bildirmişdir. Barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəməyə döyülməyini bildirmişdir. Aşkar olunan tərəzi ona aid olmamışdır. Döyülməsi faktı ilə bağlı araşdırma aparıldığı barədə məlumatı yoxdur. Təzyiq altında olduğu üçün ifadələrə imza çəkmiş, prokurorluq əməkdaşı onu dindirməmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman müdafiəçisi yanında olmuş, lakin müstəntiq onu dindirdiyi vaxt müdafiəçisi yanında olmamışdır. Ona görə də, qeyd olunanlar nəzərə alınmaqla barəsində ədalətli qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında son söz zamanı Təqsirləndirilən şəxs ümumilikdə əməlindən peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu və məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qəbul edir. xx.xx.2022-ci il tarixdə günorta vaxtlarında «Whatsapp» proqramından istifadə edərkən özünü İran Respublikası vətəndaşı kimi təqdim edən şəxslə tanış olmuş və həmin şəxsin narkotik vasitə və psixotrop maddə satdığını bilmişdir. Söhbət zamanı tanış olduğu şəxs ona yadında qalmadığı kart nömrəsi göndərmiş, o, həmin nömrəyə 250 manat pul göndərdikdən sonra həmin şəxs narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini göndərdiyi yeri ona demiş o, da həmin şəxsin Bakı şəhərində dediyi ünvana gedib götürsə də, konkrekt olaraq narkotik vasitəni və psixotrop maddəni həmin yerə qoyan şəxsi tanımamışdır. Həmin yerin Bakı şəhərinin hansı rayonuna aid olmasını bilməmiş və həmin yerdə yaşayış binaları çox olduğundan hazırda həmin yer yadında qalmamışdır. O, narkotik vasitədən və psixotrop maddədən həmin günü istifadə etmişdir. Qalan hissəsini isə üzərində saxlamışdır. O, özünə elektron tərəzi də almış, istifadə etdiyi narkotik vasitənin və psixotrop maddəni normasına uyğun olaraq həmin tərəzidə çəkərək istifadə etmişdir. 03 dekabr 2022-ci il tarixdə təxminən saat 10 radələrində təkcə Yevlax şəhəri Bakıxanov küçəsi ilə gedərkən oraya gələn polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, həmin vaxt üstündə narkotik vasitə olan heroin və pisixotrop maddə olan metamfetamin olduğuna görə həyacanlanmış, ona görə polis əməkdaşları onu rayon polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üstünə baxış keçirib, əynindəki şalvarın və gödəkcənin cibindən bir ədəd sellofan bükümdə saxladığı metamfetamini, bir ədəd sellofan bükümdə saxladığı narkotik vasitə olan heroini və bir ədəd elektron tərəzini aşkar edərək götürmüşlər. Sorğu-sual zamanı o, bükümdəkinin metamfetamin və heroin olduğunu, həmin metamfetamini gələcəkdə özü istifadə etmək üçün cibində gəzdirdiyini və həmin metamfetamini telefonunun «Whatsapp» proqramında tanış olduğu iranlı kimi özünü təqdim etmiş şəxsdən 3 gün qabaq Bakı şəhərində olarkən aldığını, həmin kütlələrdən normasına uyğun istifadə edərkən tərəzidə çəkərək istifadə etdiyini bildirmişdir. Polis əməkdaşları həmin kütlələri elektron tərəzidə çəkmiş, sonra həmin kütlə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüş, sonra protokol tərtib edilmiş, digər iştirakçılar kimi o, da protokolla tanış olub onu imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2022-ci il dekabrın 03-də saat 10 radələrində Yevlax şəhəri Nizami prospekti 227 saylı evdə yaşayan Təqsirləndirilən şəxs Yevlax şəhəri Bakıxanov küçəsi ilə getdiyini, üstündə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olması barədə məlumat daxil olmuş və həmin məlumat rəhbərliyə məruzə edilib icazə alındıqdan sonra Yevlax şəhəri Bakıxanov küçəsinə getmişlər. Bakıxanov küçəsində İsmayılın təkcə yolun kənarı ilə gəldiyini görmüşlər. İsmayıla yaxınlaşıb özlərini təqdim etmiş, ona şübhəli olduğuna görə polis şöbəsinə getməyi təklif etmişlər. İsmayıl onlarla razılaşaraq birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə İsmayılın üstünə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı İsmayılın əynindəki gödəkcənin və şalvarının cibindən bir ədəd sellofan bükümdə saxladığı metamfetaminə oxşar kütlə, bir ədəd sellofan bükümdə saxladığı narkotik vasitə olan heroinə bənzər kütlə və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı İsmayıl bükümdəkinin içərisində metamfetamin və heroin olduğunu, həmin metamfetamini və heroini gələcəkdə özü istifadə etmək üçün cibində gəzdirdiyini və həmin metamfetamini telefonunun «Whatsapp» proqramında tanış olduğu iranlı kimi özünü təqdim etmiş şəxsdən 3 gün qabaq Bakı şəhərində olarkən ona göndərdiyi kart nömrəsinə 250 manat göndərdikdən sonra narkotik vasitəni və metamfetamini xatırlamadığı ünvana gedərək götürdüyünü bildirmişdir. Həmin kütlələrdən normasına uyğun istifadə etmək üçün elektron tərəzi alaraq üstündə gəzdirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, şəxs üzərindən aşkar olunan tərəzini narkotik vasitədən normasına uyğun istifadə etmək üçün istifadə etdiyini bildirmişdir. Şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Şəxs barəsində əməliyyat qeydiyyat işi açılmamışdır. Şəxsi 03 dekabr 2022-ci il tarixdə saxlamışlar. Şəxsi evinə yaxın küçədə saxlamışlar. Şəxsin narkotik vasitəni satmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Bu iş üzrə raportu o tərtib etmişdir. Ola bilsin ki, raporta şəxsin narkotik vasitəni satması barədə heç nə yazmamış, lakin satması barədə məlumat daxil olmuşdur. Şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirməmişdir. Şəxsin narkotik vasitəni satmasını realizə edə bilməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edilməsi, daşınması, saxlanması və istehlakı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Yevlax şəhəri, Nizami küçəsi, mənzil 227 ünvanında qeydiyyatda olan xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Yevlax şəhəri, Nizami küçəsi, mənzil 227 ünvanında qeydiyyatda olan xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edilməsi, daşınması, saxlanması və istehlakında şübhəli bilindiyindən, Yevlax şəhəri Bakıxanov küçəsində 03 dekabr 2022-ci il tarixdə saat 10:00-da saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki şalvarın və gödəkcənin cibindən bir ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin, bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüş, çəkilişin əks olunduğu CD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 24-32). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının xx.xx.2022-ci il tarixli 17/874 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş 1 ədəd sellofan bükümdə olan ümumi çəkisi 9,726 qram olan maddə küstar üsulla hazırlanmış narkotik vasitə olan heroindir, 1 ədəd sellofan bükümdə olan ümumi çəkisi 2,697 qram maddə pisxotrop maddə olan metamfetamindir. 1 ədəd elektron tərəzinin üzərində cüzi miqdarda heroin hissəcikləri vardır. Heroin hissəcikləri cüzi olduğundan təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır (cild 01, iş vər. 39-43). Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 356 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asıllıq sindromu aşkar olunur. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 109). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli 295 nömrəli arayışdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Yevlax rayon Narkoloji Kabinetdə qeydiyyatda durmur (cild 01 iş vər. 97). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 118-124). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarxdə ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edilməsi, daşınması, saxlanması və istehlakı məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərindən psixotrop maddə metamfetaminə və narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitə və psixotrop maddə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı döyülməsi, polislərin onu evində olduğu zaman saxlaması, aşkar olunan narkotik vasitə və psixotrop maddələrin miqdarının polislər tərəfindən artırılması və təzyiq altında ona aid olmayan narkotik vasitə və psixotrop maddələrlə bağlı etirafedici ifadələr verməsinə dair göstərdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən qeyd olunanlara tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırmanın ilkin mərhələsində müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, həmin ifadəni əsaslı sayır və ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, əldə olunan narkotik vasitənin və psixotrop maddənin miqdarının şəxsi istehlak miqdarından, dəfələrlə çox olması, şəxsin üzərindən həmçinin elektron tərəzinin aşkar olunması bu nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə edərək üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır, yaşayış yeri üzrə qismən yaşı səciyyələndirilir (cild 01, iş vər. 98-99) İş materialların əlavə edilmiş AZ 658053 seriyalı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə doğulmuşdur, atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına CM-in 70-ci maddəsinə əsasən 02 il sınaq müddəti ilə şərti olaraq məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Hazırda məhkumluğu ödənilmişdir (cild 01, iş vər. 80). Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs yalnız real olaraq həmin cəzanı çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş “tutma haqqında” protokoldan və Yevlax Rayon Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vərəq 22-23, 69-73). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan çəkisi 2,647 qram psixotrop maddə olan metamfetamin, 9,676 qram narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 69,10 AZN (altmış doqquz manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan çəkisi 2,647 qram psixotrop maddə olan metamfetamin, 9,676 qram narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 69,10 AZN (altmış doqquz manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-129/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-129/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver