Məhkəmə qərarları › İş №1(091)-130/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-130/2022

07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-130/2022 07.06.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qanun”u tətbiq edilərək cəzası 03 il 06 aya endirilmiş, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə 10 ay 06 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad olunmuş, məhkumluğu ödənilmədən yenidən cinayət əməli törətdiyinə görə Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 76.6.3 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2021-ci ilin noyabr ayında cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdar hesab edilən, yəni 6,246 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdar təşkil etməyən 0,788 qram psixotrop maddə metamfetamini satış məsədi ilə qanunsuz olaraq əldə edərək narkotik vasitə heroini 1 ədəd kağız bükümün içərisində 2 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda 0,220 qram və 5,898 qram təmiz çəkilərdə qablaşdırılmış formada, psixotrop maddə metamfetamini isə 1 ədəd kağız bükümün içərisindəki digər 1 ədəd kağız bükümdə 0,788 qram çəkidə qablaşdırılmış formada satış məsədi ilə qanunsuz olaraq üzərində, narkotik vasitə heroinin təmiz çəkisi 0,128 qram olan hissəsini isə 1 ml həcmində məhlul halında 01 ədəd şprisdə yaşadığı evin yataq otağındakı masanın üzərində saxlamış, 08 yanvar 2022-ci il tarixdə saat 22 radələrində Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə baxış və üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd kağız bükümün içərisindəki digər 1 ədəd kağız bükümdə olan külli miqdar hesab edilməyən təmiz çəkisi 0,788 qram olan həmin psixotrop maddə metamfetamin və 1 ədəd kağız bükümün içərisində 2 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda 0,220 qram və 5,898 qram çəkilərdə, eləcə də yaşadığı evin otağındakı masanın üzərindəki 1 ml həcmində məhlul halında 01 ədəd şprisdə saxladığı təmiz çəkisi 0,128 qram olmalqa, ümumilikdə külli miqdar hesab edilən 6,246 qram təmiz çəkidə həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə qismən (CM-in 234.1-ci maddəsi ilə) təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Göyçay şəhəri R.İsayev küçəsi ev 52 ünvanında yerləşən yaşadığı evdə olarkən polis əməkdaşları yaşadığı evə gəlib onu çağırmışlar. O, küçəyə çıxdıqda ona özlərini təqdim edərək yaşadığı evdə və üzərində narkotik vasitə saxlamaqda şübhəli olmasını bildirərək vəkil ilə təmin olunmuş, hüquq və vəzifələri ona izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Polislər ona hal şahidlərinin iştirakı ilə evinə və üzərinə baxış keçiriləcəyini bildirmişlər. O polislərə etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra onlar evə daxil olmuşlar. Evə daxil olduqdan sonra yataq otağına qapıdan daxil olanda orada hal şahidləri və müdafiəçisi Cavidan Hacıyevin yanında ilkin olaraq üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd kağız büküm aşkar olunmuş, onlardan bir ədədi, yəni ölçüsünə görə böyük, digər isə nisbətən kiçik büküm olmuşlar. Böyük ölçülü kağız büküm açıldıqa içərisindən 2 ədəd sellofan büküm aşkar edilmiş, həmin iki ədəd sellofan bükümlər isə açıldıqda hər birinin içərisində qəhvəyi rəngli narkomanlar arasında “kokos” kimi tanınan heroinlər olmuşdur. Digər kağız büküm, yəni ölçüsünə görə kiçik kağız büküm açıldıqda isə içərisində başqa ağ rəngli digər kağız büküm olmuş, həmin büküm də açıldıqda içərisində kristal formasında ağ rəngli narkomanlar arasında “şüşə” kimi tanınan metamfetamin psixotrop maddə maddə aşkar edilmişdir. Bundan başqa yaşadığı evə baxış zamanı otaqdakı sol tərəfdə olan stolun üstündən şpris, ağzı açılmış limon duzu, elektron tərəzi və şüşə flakonlar aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən heroin və metamfetamini 2019-cu il tarixdə azadlıqda olan vaxtları Göyçay şəhər sakini kimi tanıdığı X2 aldığı və şəxsi istifadə üçün saxladığını bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Ağaibrahimdən təxminən 8-10 qram heroin və 2 qramdan az çəkidə metamfetamin almışdır. Həmin narkotik vasitə heroindən bir neçə dəfə istifadə etmiş, ancaq psixatrop maddə metamfetamindən isə az istifadə etmişdir. Belə ki, o bundan əvvəl ünvan 2 ünvanda yaşayan vaxtlarda həbs edilməmişdən əvvəl onların bir hissəsini qeydiyyatda olduğu, yəni hazırda yaşadığı evində gizlətmiş, orada heç kim yaşamadığından, həmin vaxt tutulan zaman da bundan heç kimin məlumatı olmamışdır. Həbsdən çıxandan sonra da onlardan istifadə etməyə başlamış, üzərindən aşkar edilmiş narkotik vasitələr də həmin vaxtdan evində qalanlar olmuşdur. Onları şəxsi istifadəsi üçün üzərində saxlamış, bundan başqa onda nə narktoik vasitə, nədəki psixotrop maddə olmamışdır. Həmçinin göstərmişdir ki, o, narkotik vasitədən və psixotrop maddədən istifadə edərkən, baxış zamanı evindən aşkar edilmiş həmin elektron əl tərəzisi ilə onları çəkib şüşə flakonda qaynatmaqla maye halına gətirib şpris vasitəsi ilə damarına vurmuşdur. Həmin tərəzini ona görə özündə saxlamışdır ki, narkotik vasitə istifadə edərkən çəkini çox edib “peredozirovka”dan ölməsin. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Göyçay Rayon Polis Şöbəsinin əməliyyat aparatına Təqsirləndirilən şəxs barədə daxil olmuş məlumat əsasında 08 yanvar 2022-ci il tarixdə şöbə rəhbərliyinə raportla müraciət edildikdən sonra elə həmin günü saat 22 radələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin günü saat 22 radələrində Göyçay şəhəri R.İsayev küçəsi ev 52 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün gedilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən çağırıb ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı evində narkotik vasitə saxlamaqda şübhəli olduğunu, buna görə də yaşadığı evə baxış keçirilməli olduğu bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsi ilə bağlı hər hansı bir etirazının olmamasını bildirərək bu barədə ərizə vermişdir. Eyni zamanda Təqsirləndirilən şəxs evinə baxış keçirilməsilə bağlı iki nəfər də hal şahidi iştirak etmişdir. Bundan sonra ilk öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi Cavidan Hacıyev təqdim edilmiş, həmçinin hüquq və vəzifələri izah olunaq şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşları, iki nəfər hal şahidləri və müdafiəçinin iştirakları ilə sonuncunun yaşadığı evə baxış keçirilməyə başlanmışdır. Bundan sonra onlar evə daxil olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş və əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd kağız büküm aşkar olunmuşdur. Onlardan bir ədədi, yəni ölçüsünə görə böyük kağız büküm açıldıqa içərisindən 2 ədəd sellofan büküm aşkar edilmiş, həmin iki ədəd sellofan bükümlər isə açıldıqda hər birinin içərisində qəhvəyi rəngli “kokos” adı ilə tanınan heroinlər aşkar edilmişdir. Digər kağız büküm, yəni ölçüsünə görə kiçik kağız büküm açıldıqda isə içərisində başqa kağız büküm olmuş, həmin büküm də açıldıqda içərisində kristal formasında ağ rəngli narkomanlar arasında “şüşə” kimi tanınan metamfetamin psixotrop maddə aşkar edilmişdir. Həmin bükümlər hər biri ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, müvafiq qaydada qablaşdırmaqla götürülmüşdür. Bundan başqa baxış zamanı otaqdakı sol tərəfdə olan stolun üstündən 2 ədəd şpris, 1 paket ağzı açılmış limon duzu, 1 ədəd əl tərəzisi və 2 ədəd şüşə flakonlar aşkar edilərək müvafiq qaydada qablaşdırmaqla götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş qəhvəyi rəngli maddənin “kokos” kimi tanıdığı heroin narkotik vasitəsi, ağ rəngli maddənin isə “şüşə” kimi tanıdığı metamfetamin psixotrop maddə olduğunu, 2019-cu il tarixdə Göyçay şəhər sakini tanıdığı X2 təxminən 8- 10 qram heroin, 2 qramdan az da metamfetamin aldığını və şəxsi istifadə üçün saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olsa da, ancaq sonuncunun konkret olaraq kimlərə narkotik vasitə satması barədə məlumat əldə edilməmiş, konkret satış realizə edilə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Gülməmməd oğlu Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində onun da Şahid4 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Göyçay şəhəri R.İsayev küçəsi ilə piyada hərəkət edərkən Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq bir nəfər şəxsin evinə baxış keçirilməsində hal şahidi kimi iştirak etməyi təklif etmiş, o da könüllü olaraq razılıq vermiş və polis əməkdaşları ilə birlikdə həmin küçədə yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə getmişdir. Evdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin də şəxsi axtarış keçirmiş və şalvarın cibindən 2 ədəd kağız büküm aşkar olunmuşdur. Həmin bükümlərin içərisindən qəhvəyi və ağ rəngli kütlələr aşkar olunmuş, Elşda Hüseynov həmin kütlələrin heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, həmin bükümlər hər biri ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, müvafiq qaydada qablaşdırmaqla götürülmüşdür. Bundan başqa baxış zamanı otaqdakı sol tərəfdə olan stolun üstündən 2 ədəd şpris, 1 paket ağzı açılmış limon duzu, 1 ədəd əl tərəzisi və 2 ədəd şüşə flakonlar aşkar edilərək müvafiq qaydada qablaşdırmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 Şahid5 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, ünvan 3 ünvanında yaşayan xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin alüdəçisi olmaqla yaşadığı evdə saxlanması, qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 03). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə yazılı ərizə verərək polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir (cild 1, iş vərəqi 09). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Baxış aparılması və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, hal şahidlərinin, Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs həm üzərinə şəxsi axtarış, həm də yaşadığı Göyçay şəhəri, R.İsayev küçəsi, ev 50 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,788 qram olan psixotrop maddə metamfetaminə bənzər kütlə, 1 ədəd kağız bükümün içərisində 2 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda 0,220 qram və 5,898 qram çəkilərdə narkotik vasitə heroinə bənzər kütlə, eləcə də yaşadığı evə baxış keçirilərkən evin otağındakı masanın üzərindən 1 ml həcmində məhlul halında 01 ədəd şprisdə saxladığı 0,128 qram heroinə bənzər kütlə, 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, müvafiq foto şəkillər çəkilməklə protokola əlavə olunmuşdur (cild 01, iş vər. 23-31). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının xx.xx.2022-ci il tarixli 17/25 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... bükümlər” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd kağız bükümün içərisindəki 02 ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,220 qram və 5,898 qram, ümumi təmiz çəkiləri – 6,118 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmin zərfin içərisindəki, 01 ədəd kağız bükümün içərisindəki 01 ədəd şəfaf sellofan bükümdə, təmiz çəkisi – 0,788 qram olan maddə psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edimiş üzərində “Vət. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 2 ədəd şpris və 2 ədəd şüşə flakon” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd şprisin içərisndə həcmi 1 ml. olan maye kustar üsulla hazırlanmış narkotik vasitə - heroin məhluludur. Heroin məhlulunda heroinin quru maddəsinin təmiz çəkisi – 0,128 qramdır. Həmin zərfin içərisindəki 01 ədəd şprisdə və 02 ədəd şüşə flakonlarda olan maddə hissəcikləri – heroin hissəscikləridir. Tədqiqata təqdim olunmuş 02 ədəd şəffaf sellofan bükümlərdə olan heroinlər və 01 ədəd şprisdə olan heroin məhlulu tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 01 ədəd şprisdə və 02 ədəd şüşə flakonlarda olan heroin hissəcikləri cüzi miqdarda olduğundan onların heroinlər və heroin məhlulu ilə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı (cild 01, iş vər. 40-42). Cinayət işinin materiallarında olan Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(046)-1/2022 saylı qərarından görünür ki, Göyçay şəhəri, R.İsayev küçəsi, ev 50 ünvanında yaşayan xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 01, iş vər. 88- 89). Cinayət işinin materiallarında olan “Göyçay RMX” publik hüquqi şəxsdən alınmış xx.xx.2022-ci il tarixli 347 saylı məktubdan görünür ki, Göyçay şəhəri, R.İsayev küçəsi, ev 50 ünvanında yaşayan xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən Göyçay RMX-da narkomaniya diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatdadır, psixatrik kabinetdə isə qeydiyyatda yoxdur (cild 01, iş vər. 121). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 433 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və psixiatrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 164). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarxdə ünvan 3 ünvanında yaşayan xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin alüdəçisi olması və yaşadığı evdə saxlanması, habelə qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin yaşadığı ünvana gedilmiş, şəxs şübhəli şəxs qisminsə tutulduqdan sonra polis əməkdaşlarının, müdafiəçinin və hal şahidlərinin iştirakı ilə ilk növbədə üzərinə şəxsi axtarış, daha sonra yaşadığı evə baxış keçirilmiş, baxış zamanı onun üzərindən və yaşadığı evdən külli miqdarda narkotik vasitə olan heroin, psixotrop maddə metamfetamin, həmçinin elektron tərəzi aşkar olunmuşdur. Götürülmüş maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evinə müdafiəçinin və hal şahidlərinin də iştirakı ilə baxış keçirilərək narkotik vasitə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Həmçinin, sögedən qərar Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(046)-1/2022 saylı qərarı ilə qanuni hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, əldə olunan narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, şəxsin üzərindən həm narkotik vasitə, həm də psixotrop maddənin aşkar edilməsi, aşkar olunan kütlələrin bükümlərdə olması, habelə evdən elektron tərəzinin də aşkar olunması bu nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə edərək üzərində və evində saxlamışdır. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay şəhəri, R.İsayev küçəsi, ev 50 ünvanında qeydiyyatda olmaqla yaşayır, dəfələrlə məhkum olunmuşdur, buna baxmayaraq barəsində nümayəndəliyə şikayət daxil olmamışdır (cild 01, iş vərəqi 140-142). İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuşdur. Son məhkumluqlarından görünür ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2017ci il tarixli Qanun”u tətbiq edilərək cəzası 03 il 06 aya endirilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 10 ay 06 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad olunmuş, məhkumluğu ödənilmədən yenidən cinayət əməli törətdiyinə görə Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 76.6.3 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2021-ci ilin noyabr ayında cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir (cild 01, iş vər. 129-139). CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin təhlükəli residivi müəyyən edilir. Belə ki, CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə, həm də Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, sonuncu hökmlə həmçinin onun barəsində hökmlərin məcmusu üzrə qəti cəza təyin olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Odur ki, Təqsirləndirilən şəxs sonuncu dəfə hökmlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunduğundan və 2021-ci ilin noyabr ayında cəzasının sonu ilə azad olunduğundan, hər iki hökm üzrə məhkumluğu ödənilmədiyindən, onun əməlində cinayətlərin təhlükəli residivi yaranmış olur. Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin təhlükəli residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq, habelə CM-nin 65.2-ci maddəsinin müddəalarını rəhbər tutaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın son həddinin üçdə ikisindən az olmayan həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Göyçay Rayon Məhkəmənin xx.xx.2022-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 18, 80-83). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınan və Göyçay RPŞ-də saxlanılan 6,018 qram narkotik vasitə heroin, 0, 738 qram psixatrop maddə olan metamfetamin və məhlul halında olan 0,5 ml heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 69,10 AZN (altmış doqquz manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 6,018 qram narkotik vasitə heroin, 0,738 qram psixatrop maddə olan metamfetamin və məhlul halında olan 0,5 ml heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 69,10 AZN (altmış doqquz manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar