Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-131/2024 18.09.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1965-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 1 (bir) ədəd kağız bükümə çəkisi 10,242 qram olan narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edib qanunsuz olaraq üzərində saxlamış, xx.xx.2023-cü il il tarixdə saat 01:25-də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və istehlakında şübhəli bilindiyinə görə Yevlax şəhəri Avtovağzal adlanan ərazidə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin və X5 Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində xx.xx.2023-cü il tarixdə saat 03:10-dan 03:21-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsiaxtarış nəticəsində Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sol yan cibində olan 1 (bir) ədəd kağız bükümün içərisində çəkisi 10,242 qram külli miqdarda satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxladığı narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ağır döyüş yolları keçmiş, müharibədə iştirak etmiş və veterandır. Özü də Yevlax rayonunda maşın ustası işləyir. Hadisə günü, yəni 15 noyabr tarixində işdən çıxıb yolun kənarı ilə piyada hərəkətdə olan zaman “Mercedes” markalı maşın yanında saxlamışdır. Maşından düşən polis əməkdaşları onu maşına əyləşdirib, axşam saat 22:00-dan gecə saat 04:00-a qədər maşında gəzdirmişdirlər. Gecə saat 04:00-dan sonra Gəncə şəhərindən müstəntiq və videoçəkiliş gəlmişdir. Sonra ona kağız bükümdə narkotik vasitə vermişlər və cibinə qoymağı təklif etmişlər. Daha sonra demişdirlər ki, narahat olma sənə CM-in 234.1-ci maddəsi ilə ittiham veriləcək. Sonra videoçəkiliş olmuş və polis əməkdaşları çıxıb getmişdirlər. Qeyd etmişdir ki, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış və heç kimin övladını zəhərləməmişdir. Onun 4 nəvəsi vardır. O, Təqsirləndirilən şəxsdur. Ağır döyüş yolları keçmiş və qəzetlər ondan yazmışdır. O, tanınmış bir döyüşçüdür. 2-ci Qarabağ müharibəsi zamanı əsgərləri döyüş bölgəsinə aparmış və fəal iştirak etmişdir. Məhkəmə istintaqı zamanı ona verilən suallara cavab olaraq bildirmişdir ki, müharibə vaxtında narkotik vasitənin istifadəsi ilə məşğul olmuşdur. Axırınci dəfə nə vaxt narkotik vasitə istifadə etdiyini xatırlamır. Narkotik vasitənin marixuana növündən istifadə etmişdir. Polis əməkdaşları ilə qərəzli münasibəti olmamışdır. Polis əməkdaşları ona demişdirlər ki, “narkotik vasitəni boynuna al sənə CM-in 234.1-ci maddəsi ilə ittiham veriləcək, onlarda uzaq yol gəlmişlər”. O da narkotik vasitəni boynuna almışdır. Polis əməkdaşları ilə razılaşmışdır. Çünki yorulmuşdur. Polis əməkdaşları onu maşında gəzdirmişlər. Maşınla uzun müddət hərəkət etmişlər. Onu gecə saat 04:00-a qədər maşında gəzdirmişlər. Ona demişdirlər ki, “al bu narkotik vasitəni cibinə qoy sənə CM-in 234.1-ci maddəsi ilə ittiham veriləcək və sənə heç nə olmayacaq”. Polis əməkdaşları narkotik vasitənin “Kokos” olduğunu bildirmişdirlər. Ona tutulmamağı ilə bağlı vəd verilməmişdir. Tutulduqdan sonra heç yerə şikayət etməmişdir. Yevlax Rayon Məhkəməsində demişdir ki, aşkar olunan narkotik vasitə ona aid deyildir. Onu 15 noyabr tarixində axşam saat 22:00-da saxlamışlar. 4 ay müddət ərzində yanına heç kim gəlməmişdir. Ona yalnız sənədlərə imza çəkdirmişlər. İbtidai istintaq zamanı vəkili Hüseyn müəllim olmuşdur. Polis əməkdaşları onu gecə saat 04:00-a qədər maşında gəzdirmişlər. Maşında olan vaxt cibində mobil telefon olmuşdur. İstifadəsində olan nömrə ***-***-**-** olmuşdur. İbtidai istintaq zamanı polis əməkdaşlarının ifadəsinə nə yazdıqlarını bilmir. Çünki onun savadı olmadığı üçün oxumağı yoxdur. Onu Yevlax şəhərində yerləşən Azpetrolun yanında tutumuşlar. Həmin yer Yevlax Avtovağzalına yaxındır. Narkotiklə bağlı ekspertizadan keçmişdir. Həmin vaxt ondan narkotik istifadə edib-etmədiyini soruşmuşlar. O da demişdir ki, narkotik çəkir. O, özünü yalnız narkotik vasitənin istifadəsində təqsirli bilir. Müharibədə iştirak etməyi ilə bağlı sənədləri var. İş materialları ilə tanış olmuş və müvafiq sənədləri almışdır. Kiril qrafikası ilə yazıb oxuya bilir. Latin qrafikasını bilmir. O, 15 noyabr tarixində axşam saat 22:00-da tutulmuşdur. O, 13 noyabr tarixində saxlanılmamışdır. Həftənin neçənci günü olduğunu bilməmiş, lakin bilmişdir ki, 15 noyabr tarixində saxlanılmışdır. Çünki polis şöbəsində soruşmuşdur ki, bu gün ayın neçəsidir. Polis əməkdaşları ona demişdirlər ki, bü gün ayın 15-dir. Barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı Yevlax Rayon Məhkəməsinə çıxmışdır. Tutulduqdan bir gün sonra məhkəmə qarşısına çıxmışdır. Məhkəmədə demişdir ki, narkotik vasitə cibində olub və ona aiddir. İfadəsin oxumamışdır. Polis əməkdaşları onu döyməmiş və işgəncə verməmişlər. Polis əməkdaşları ilə razılaşmışdır. Çünki o, narkotik vasitədən istifadə edir. Narkotik vasitənin ona aid olmaması ilə bağlı vəkilə heç nə deməmişdir. Ancaq vəkil də görürdü ki, narkotik vasitə ona aid deyildir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırma dövründə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroin qəbul edir. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Yevlax şəhər Avtovağzalının yaxınlığında yerləşən «Azpetrol» yanacaq doldurma yaxınlığında olarkən yanacaqdoldurma məntəqəsinin işığı düşdüyü üçün aydınlıq olduğundan yerdə bir ədəd kağız bükülü görmüşdür. Bükülünü açıb içərisinə baxarkən içərisində narkotik vasitə olan heroin olduğunu görmüş, orada heç kim olmadığından tam əmin olmuş və heroini gələcəkdə özü istifadə etmək üçün cibinə qoymuşdur. xx.xx.2023-cü il saat 01 radələrində oraya bir neçə nəfər mülki geyimli şəxslər gələrək ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onlar DİN-nin BNMİ-nin regional şöbəsinin polis əməkdaşları olmuşlar. Polis əməkdaşları onu Yevlax rayon polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə baxış keçirmiş, 1 ədəd sellofan bükümdə içərisində narkotik vasitə olan heroini əynindəki şalvarın sol cibindən aşkar etmişlər. Sorğu-sual zamanı o, bükümdəkinin narkotik vasitə olan heroin olduğunu, özü istifadə etmək üçün cibində gəzdirdiyini etiraf etmiş, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Polis əməkdaşları həmin kütlələri elektron tərəzidə çəkmişlər, sonra həmin kütlə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Rasul oğlu ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 12 noyabr 2023-cü il tarixdə səhər saatlarında işlədiyi regonal şöbədə olmuş, Yevlax şəhəri Firdovsi küçəsi 74 saylı qeydiyyatda olan, taksi fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə etməsi və üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olmuş və həmin məlumatı rəhbərliyə məruzə edilib şöbənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə BNMİ-nin QBRŞ-nə getmişlər. Orada sənədləşdirmə apardıqdan sonra şöbənin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə tədbir keçirmək üçün Yevlax şəhərinə getmişlər. Yevlax şəhərində Təqsirləndirilən şəxs Rəsul oğlunun şəxsiyyətin və yerin müəyyən etdikdən sonra xx.xx.2023-cü il tarixdə təxminən saat 01 radələrində Yevlax şəhər avtovağzalına getmişlər. Elçini orada görüb tanımışlar və ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Elçin özünü şübhəli apardığına görə onlarla Yevlax rayon polis şöbəsinə getməsini bildirmiş, o da etiraz etməyib onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müdafiəçi dəvət etmiş və sonra vidieo çəkilişlə Elçinin üzərinə baxış keçirilmişdir. Baxış zamanı Elçinin əynindəki şalvarının sol cibindən 1 ədəd kağız bükülü çıxmış, bükülünün üzəri isə yapışqan lentlə sarınmışdır. Elçin bükümün içərisindəkinin narkotik vasitə olan heroin olduğunu xx.xx.2023-cü il tarixdə tapdığını demişdir. Bükümü açıb içərisinə baxış keçirilərkən oradan toz halında heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmin 1 bükümdə olan heroinə oxşar kütlə qablaşdırılaraq zərfə qoyularaq möhürlə möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3, habelə məhkəmə istintaqında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 Şahid1 Rasul oğlu ilə eyni məzmunlu ifadə verməsi müəyyən olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”-dan görünür ki, “Elçin” adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlaması barədə DİN BNMİ CBRŞ-ya daxil olmuş, daxil olmuş əməliyyat məlumatının yoxlanılması nəticəsində “Elçin” adlı şəxsin xx.xx.1965-ci il təvəllüdlü Yevlax şəhəri, Firdovsi küçəsi mənzil 74-də qeydiyyatda olmaqla daimi yaşayış yeri olmayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05-06). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə saat 01:25 radələrində qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs Yevlax rayonu avtovağzal ərazisində saxlanılaraq Yevlax Polis şöbəsinə gətirilmişdir (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:55 dəqiqədə müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 20). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 03:10-dan 03:21-dək müddətdə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılarkən əynindəki şalvarın cibindən külli miqdarda çəkisi 10,242 qram olan narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Şəxsi axtarışın əks olunduğu video görüntü olan CD disk protokola əlavə olunuşdur (cild 01, iş vər. 28-31). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 13 noyabr 2023-cü il tarixli Məhkəmə Ekspertizası Mərkəzinin X4 16\1178 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş 1 ədəd şəffaf polietilen torbada çəkisi 10,242 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, iş vər. 39-42). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 64-68). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilmişdir (cild 01, iş vər. 83). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Yevlax RİHB-nın Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə qismən müsbət səciyyələndirilir (cild 01, iş vər. 84). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 210 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 96). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 12 fevral 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardadan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi külli miqdarda çəkisi 10,242 qram narkotik vasitə olan heroinin mənbəyinin müəyyən edilməsi üçün ayrıca icraata material ayrılması qərara alınmışdır (cild 01, iş vər.97-102). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – həmin əməlləri törətmiş şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 13 dekabr 2023-cü il tarixədək qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Kollegiya qeyd edir ki, şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri külli miqdarda törədilməsi həmin əməllərə görə şəxsin CM-in 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotiq vasitə əldə edib üzərində saxlamışdır. Məhkəmə kollegiyasının qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda, yəni 1 (bir) ədəd kağız bükümdə çəkisi 10,242 qram olan narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edib qanunsuz olaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 01:25-də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və istehlakında şübhəli bilindiyinə görə Yevlax şəhəri Avtovağzal adlanan ərazidə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin və X5 Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Orada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarın sol yan cibində olan 1 (bir) ədəd kağız bükümün içərisində çəkisi 10,242 qram külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərək ağır döyüş yolları keçdiyini, müharibədə iştirak etdiyini və veteran olduğunu. Hadisə günü işdən çıxıb yolun kənarı ilə piyada hərəkətdə olan zaman “Mercedes” markalı maşın yanında saxlamasını, maşından düşən polis əməkdaşları onu maşına əyləşdirməsini, axşam saat 22:00-dan gecə saat 04:00-a qədər maşında gəzdirmələrini, sonra ona kağız bükümdə narkotik vasitə verdiklərini və cibinə qoymağı təklif etdiklərini, daha sonra narahat olmamasını və CM 234.1-ci maddəsi ilə ittiham veriləcəklərini demələrini, ağır döyüş yolları keçməsini və qəzetlərin ondan yazmasını, onun tanınmış bir döyüşçü olmasını, 2-ci Qarabağ müharibəsi zamanı əsgərləri döyüş bölgəsinə aparmış və fəal iştirak etməsini, narkotiki polis əməkdaşlarının ona verərək cibinə qoymalı olmasını bildirmələrini, o da cibinə qoymasını, narkotik vasitənin marixuana növündən istifadə etməsini, polis əməkdaşları narkotik vasitənin “Kokos” olduğunu demələrini bildirmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bu hissədə verdiyi ifadəsi ilə razılaşmayaraq, belə hesab edir ki, o, belə məzmunda ifadə verməklə həqiqəti gizlətmiş, bununla da cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonraki dövrdə tutularkən üzərində narkotik vasitənin olmadığını mübahisələndirməmiş, habelə polis əməkdaşları tərəfindən ona təzyiq edilməsi barədə heç bir dövlət orqanına və ya tibb müəssisəsinə müraciət etməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs tutulduğu gündən məhkəmədə ifadə verənədək ifadəsində göstərdiyi dəlillərlə bağlı heç bir dövlət orqanına müraciət etməmiş, irəli sürülmüş ittihamı bu və ya digər hissədə mübahisələndirməmiş, əksinə ibtidai araşdırma zamanı dəfələrlə etirafedici ifadə verərək satış məqsədi olmadan 10,242 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadəsində göstərdiyi xüsusatlarla bağlı müdafiə tərəfinə kifayət qədər şərait yaradılmasına baxmayaraq təqsirləndirilən şəxsin iddia etdiyi halları təsdiq edəcək sübutlar məhkəmə kollegiyasına təqdim etməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 26-cı bəndində qeyd edilir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadədən fərqli məzmunda ifadə verməklə məsuliyyətdən və cəzadan yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Əks nəticəyə gəlmək üçün başqa hal və yaxud hallar müəyyən edilməmişdir. Eyni zamanda ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və qadağan edilmiş sair vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək sübutlar əldə edilib cinayət işinə əlavə edilməmişdir. Göstərilənləri həm məcmu halda, həm də ayrı-ayrılıqda təhlil edib və əldə olunan nəticəni nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi olmadan külli miqdarda narkotik vasitə heroini qanunsuz şəkildə əldə edib üzərində saxlamış və üzərində şəxsi axtarış keçirilərkən 1 (bir) ədəd kağız bükümün içərisində çəkisi 10,242 qram külli miqdarda satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxladığı narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən məhkəmə hesab edir ki, üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini məhz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edib saxlamışdır. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Sözügedən Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, eləcə də aşkar edilmiş narkotik vasitənin çəkisini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 13 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan başqa, cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Kollegiya qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Yevlax Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 10,142 qram olan heroin məhv edilməli, 01 ədəd kompakt diskin iş materiallarında olması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan çəkisi 10,142 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd kompakt diskin cinayət işinin materiallarında olması nəzərə alınsın. İş üzrə 32,40 AZN (otuz iki manat 40 qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tural Əfəndizadə Hakimlər Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-131/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-131/2024
18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver