Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-131/2025 28.07.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı və təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 126.2.4 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ona görə CM-in 126.2.4 və 221.1-ci maddələrilə məhkəməyə verilmişdir ki, o xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində Yevlax şəhəri, Nizami prospektində yerləşən “Turan” şadlıq sarayında təşkil edilmiş tanışı Şahid3 övladının kiçik toy məclisinə gələrək həmin məclisdə iştirak edərək spirtli içki qəbul etdikdən sonra saat 20 radələrində şadlıq sarayının giriş qapısının qarşısına gələrək toy məclisində iştirak etmiş istintaqla müəyyən edilməyən digər bir şəxsin toy məclisindən tez çıxıb getməsinə görə ünvanına söyüşlər söymüş, onun söyüş söyməsini həmin toy məclisində iştirak edən şadlıq sarayının girişində olan pilləkəndə dayanmış əvvəllər tanıdığı Zərərçəkmiş şəxs eşidərək, ona toy məclisində nalayiq söyüşlər söyməməsini irad bildirən zaman o, ictimai yer hesab edilən şadlıq sarayının giriş qapısının qarşısında Zərərçəkmiş şəxs ünvanına heç bir əsaslı səbəb olmadan qəsdən uca səslə nalayiq söyüşlər söyərək, öz şəxsiyyətini digərlərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə xuliqanlıq edərək, pilləkənin yuxarı hissəsində dayanmış Zərərçəkmiş şəxs qəsdən vurub, pilləkəndən yerə yıxaraq, xəsarət yetirmək məqsədilə orada olan digər şəxslərin gözü qarşısında, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən əli ilə Zərərçəkmiş şəxs ağız və sinə nahiyələrindən zərbələr vuraraq, sonuncunu itələyib, şadlıq sarayının girişində olan pilləkənlərdən yerə yıxaraq, Zərərçəkmiş şəxs sağlamlığa ağır zərər vuran insan həyatı üçün təhlükəli olan alın, gicgah, təpə, ənsə nahiyələrinin epidural-subdural hematoma sahələri, subaraxnoidal qansızma və sağ təpə gicgah sümüklərinin xətti sınığı ilə müşayiət edilən ənsə nahiyəsinin əzilmiş yarası, üst dodağın sıyrığı və qançırı xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurmuş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Məhkəmə kollegiyasının iclasında isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində Yevlax şəhəri, Nizami prospektində yerləşən “Turan” şadlıq sarayında təşkil edilmiş tanışı Şahid3 övladının kiçik toy məclisinə gəlib, həmin məclisdə iştirak edərək spirtli içki qəbul etdikdən sonra, saat 20 radələrində həmin toy məclisində iştirak edən və şadlıq sarayının girişində olan pilləkəndə dayanmış, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs təşəbbüsü ilə aralarında yaranmış mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs ağız nahiyəsindən vurub, sonra isə itələyib, şadlıq sarayının girişində olan pilləkənlərdən yerə yıxaraq, Zərərçəkmiş şəxs insan həyatı üçün təhlükəli olan alın, gicgah, təpə, ənsə nahiyələrinin epidural-subdural hematoma sahələri, subaraxnoidal qansızma və sağ təpə gicgah sümüklərinin xətti sınığı ilə müşayiət edilən ənsə nahiyəsinin əzilmiş yarası, üst dodağın sıyrığı və qançırı xəsarətləri yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü CM-in 126.2.4 və 221.1-ci maddələrilə ona elan olunmuş ittihamda təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 2024-cü ildə “Turan” şadlıq sarayında keçirilən toya dəvət olunmuşdur. Sarayın dəhlizində pul yazdırarkən, Zərərçəkmiş şəxs camaatın yanında nalayiq ifadələr işlətmiş və bu, orada olan kameraya da düşmüşdür. O, əlilə Yadigara işarə edərək, bildirmişdir ki, çıx çöldə nalayiq ifadələr işlət. Bunu deyəndən sonra o, üç nəfərlə söhbət etməyə başlamış və spirtli içki qəbul etdiyinə görə, heç Yadigara fikir verməmişdir. Özü də spritli içki qəbul etmiş, amma ağılı başında olmuşdur. Orada Yevlax Rayon Polis Şöbəsində əməliyyatçı işləyən Tural adlı şəxslə 15 dəqiqəyə yaxın söhbət etmiş, sonra üç nəfərin yanına qayıdıb, onlarla söhbətini davam etdirmişdir. Çölə çıxanda Yadigar ona sataşmağa başlamış və yumruq atmışdır. O, özünü müdafiə etmiş və bu, kameraya da düşmüşdür. Ona “Əl çək, çıx get” deyib, çevrilib getmişdir. Heç onun yıxılmasından, başının zədə almasından xəbəri belə olmamışdır. İki gündən sonra axşam evinə zəng gəlmiş, ona Yadigarı vurduğunu və başının zədələnməsini bildirmişlər. O, Yadigarın yıxılmasını bilməmiş, sadəcə onu əli ilə itələyib, xətasını ondan uzaq etməsini demişdir. İki gündən sonra polis şöbəsinə çağırılmış və o, anası ilə birlikdə şöbəyə getmişdir. Anası yanında olarkən müstəntiq izahatını almış və həmin vaxt vəkili olmamışdır. Orada nə olmuşdursa, hamsını izah etmişdir. Ona “Get, çağırılanda gələrsən” deyilmiş və bir saatdan sonra onu çağırıb yenidən izahatını almışlar. Ona diş göstərib, onu götürməyini istəmişlər. Kimin dişi olması və nə işinə yarayacağı ilə bağlı sual verdikdə, o yenə də dişi götürməyi deyilmişdir. Müstəntiq nəsə yazmış və ona “Get, sənə zəng edəndə gələrsən” demişdir. Anası ilə birlikdə evə getmişdir. Səhəri gün yenə onu çağırmışlar. Bu dəfə atası ilə polisə getmişdir. Atası ziyanı ödəmək istədikdə, o “lazım olanda sənə xəbər edəcəm” deyib, onları yenə qaytarmışdır. Aradan bir müddət keçdikdən sonra anası ilə ora qayıtmışlar. Müstəntiq onların yanında zərərçəkmiş şəxsin bacısına zəng edib demişdir ki, xəstəni tapıb başqa maşına yox, təcili tibbi yardım maşınına qoyub, reanimasiya şöbəsinə aparın.” Zərərçəkmiş şəxs xəstəxanaya düşən gündən bir saat sonra çıxmışdır. Gedib iki gün yeyib-içib gəzmişdir. İki gündən sonra müstəntiq zərərçəkən şəxsi xəstəxanaya, onu isə həbs etdirib Gəncəyə göndərmişdir. Daha sonra Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, özünü təqsirli bilib, Yadigarla barışmış, dəyən ziyanı ödəməyə hazır olduğunu bildirmiş, Yadigar da ondan şikayət və tələbinin olmaması barədə ərizə ilə müraciət etmişdir. Hadisədən yadında qalan o olmuşdur ki, Yadigar ona yaxınlaşıb, mübahisə edəndə, Yadigara, “Get burdan, uzaqlaş” demişdir. Orada nalayiq ifadə işlətməmişdir. Dəhlizdə pul yazdırdıqdan sonra söhbət etdiyi üç nəfədən ayrılmaq istədikdə, Yadigar onun arxasınca gəlmiş və orada mübahisə başlamışdır. Mübahisə zamanı Yadigar ona yumruq atmış və ona görə Yadigarı əli ilə itələyib, getmişdir. Bu zaman Yadigarın yıxılıb, başından zədə almasını bilməmiş və orada bu barədə ona heç kim heç nə deməmişdir. Sonra evə getmişdir. O, sağ tərəfdə üç nəfərlə dayanmış, Yadigar isə sol tərəfdə dayanan adamlarla söhbət etmişdir. Sonra o, çölə çıxmış, Yadigar da onun arxasınca gəlib çatmış və ona yumruqtəpik atıb, söyüş söymüşdür. Ona görə Yadigarı itələmiş və Yadigar yıxılmışdır. Sonra o, çıxıb getmiş və sonra baş verənlərdən xəbəri olmamışdır. İki gün sonra polislər onu çağıranda, belə şeyin baş verdiyini bilmişdir. Yadigar ona söyüş söyüb, yumruq və təpik atdığına görə, özünü müdafiə etmək və özündən uzaqlaşdırmaq üçün Yadigarı itələmişdir. Yadigara yumruq atmamışdır. Orada olan adamları xatırlamır, yalnız əməliyyatçı Tural müəllim və oranın bir neçə işçisini xatırlayır. Tural müəllimlə söhbət etdiyi üçün onu xatırlayır. Hadisəni kimlərin görməsini xatırlamır. Hadisə baş verən vaxt, üç nəfərin orada olmasını xatırlamır. İş üzrə adları keçən şahidlər hadisəni görməmişlər, çünki həmin şahidlər içəridə, zalda olmuşlar. Toydan çıxandan sonra Yadigarın onun arxasınca nə məqsədlə gəldiyini bilmir. Mübahisə pilləkənlərin yanında olduğu üçün Yadigarı orada itələmişdir. O, Yadigarı vurmamışdır, itələmişdir. İtələməyə görə də nə lazımıdırsa, edilmişdir. Əməlindən peşmandır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqında zərərçəkmiş şəxsi itələməsi barədə verdiyi ifadələrə inanır və onları ittiham hökmünün əsasına qoyur, eyni zamanda, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs vurmaması barədə ifadəsini də əsaslı hesab etmir və bunun əksini təsdiq edən sübutları ittiham hökmünün əsasına qoyur. Çünki, bu ifadələr Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun əldə edilmiş, ardıcıl və məntiqlidir, Zərərçəkmiş şəxs, şahidlər İsmayıl Həsənalıyev, Şahid2, Şahid3 və Şahid4 ifadələri, məhkəmə tibbi ekspertizasının rəyləri, ekspertin ifadəsi və s. ilə uzlaşır və iş üzrə toplanmış sübutlarla təsdiq olunur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsini dinləyib, işdə olan sübutları tədqiq edib və cinayət işinin materiallarını araşdırıb, Təqsirləndirilən şəxs CM-in 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirini müəyyən edilmiş hesab edir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, hadisə toyda baş vermişdir. Sözləri düz gəlməmiş, Murad onu itələmiş və o, yıxılmışdır. Orada Murad onu döyməmişdir. Daha sonra Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Yıxılanda başından xəsarət almışdır. Bədənində də biraz xəsarətlər olmuşdur. Pilləkənlərin qabağında durmuşdur deyə, pilləkənlərdən yıxılmışdır. Sözləri düz gəlmədiyi üçün belə hadisə baş vermişdir. Belə ki, Təqsirləndirilən şəxs söyüşlə danışdığına görə, ona “ictimai yerdi, qadın-uşaq var, söyüşlə danışma” demişdir. O, şadlıq evindən çıxıb, pilləkənin yanında durmuşdur. Muradın onu itələdiyini xatırlayır. Hadisə vaxtı yanlarında şadlıq sarayının işçiləri olmuşlar. İsmayıl adlı şəxsdən başqa, heç kim onları ayırmağa çalışmamışdır. Murada “söyüşlə danışma” deyəndən hadisə baş verən vaxta qədər olanları xatırlamır, yalnız Muradın onu itələməsi yadındadır. Hadisədən sonra xəstəxanaya yerləşdirilmiş və başında ağrı olduğu üçün xəstəxanada 10-15 gün qalmış və 25 gün sonra xəstəxandan çıxmışdır. Təqsirləndirilən şəxs adını bilmədiyi şəxsə söyüş söyməsi şadlıq sarayının zalında olmuşdur. O, camaatın içində söyüş söymüşdür. O da Murada yaxınlaşıb, demişdir ki, söyüş söymə. Həmin epizodu qismən xatırlayır. Hadisə baş verənədək ağılı (huşu) özündə olmuş, lakin gözünü xəstəxanada açmışdır. Muradın söyüş söyməsini xatırlayır. Müstəntiqə Muradın onu vurması barədə nəsə deməmişdir, Murad onu itələmişdir, itələməmişdən əvvəl və sonra Murad onu vurmamışdır. İstintaq zamanı elə ifadə verməmişdir. Pilləkənlərin qabağında olanda Murad onu itələmişdir. Murad onu pilləkənə doğru itələmiş və başı pilləkənlərin tininə dəymişdir. Hadisə vaxtı yanlarında, təxminən 1-2 metr məsafədə adamlar olmuş, onlara baxmış, lakin heç kim onların yaxınlıqlarına gəlməmişlər. Muradın onu itələməsinin səbəbini bilmir. O, Muradı vurmamış və onun arxasınca düşməmişdir. Pilləkənlərin yanında Muradın niyə onu itələməsinin səbəbini bilmir. Təqsirləndirilən şəxs şadlıq sarayında olanda söyüş söymüşdür, lakin kimə söydüyünü bilmir. Başqa nəsə xatırlamır. Təqsirləndirilən şəxsla barışmışdır, dəymiş ziyan ödənilmişdir. Şikayət və tələbi yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, çöldə, restoranın həyətində Yadigarla Muradın mübahisə etdiklərini görmüş və onları ayırmağa getmişdir. Lakin onları aralaya bilmədikdə, toy zalına getmiş və toy sahibi Nicata xəbər vermişdir. Qayıdanda isə Yadigarın yerdə uzandığını görmüşdür. Sonra taksi sürücüsünü çağırmış və Yadigarı taksiyə mindirib, xəstəxanaya göndərmişlər. Hadisə yerində o və taksi sürücüsü olmuş, Şahid4 isə orada olmamışdır. Daha sonra şahid İsmayıl Həsənalıyev ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid4 şahid qismində iştirak etdiyini indi bildiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadədə, o barədə deməmişdir. Hadisə mübahisə əsasında baş vermişdir. Birinci kimin söydüyünü bilməmişdir. Toydan bir nəfər kişi çıxıb getmiş və Yadigar onun haqqında söyüşlü zarafat etmişdir. Bu zaman Murad Yadigara “sən bilirsən o, kimdi? Sən kimsən ki, o kişi barədə belə sözlər deyirsən?” demiş, bundan sonra mübahisə yaranmışdır. Murad və Yadigar arasında söyüş olmamış, birinci Yadigar əl-qol atmışdır. Konkret vurulma anını görməmişdir. Yəqin, müstəntiq dilində qüsur olduğu üçün onu səhv başa düşmüşdür. Birinci, Murad Yadigara “sən bilirsən o, kimdi? Sən kimsən ki, o kişi barədə belə sözlər deyirsən?” deyəndən sonra, Yadigar “yaxşı edirəm” demiş və Yadigar Muradı itələmişdir. Murad və Yadigarın arasında təxminən 1,5 metr məsafə olmuşdur. Yadigar içkili olmuşdur. Yadigar “yaxşı edirəm” deyəndə, Murad Yadigarı çiynindən itələmiş, “yaxşı edirəm nədi?” demiş və təpiklə Yadigarı vurmuşdur. Həmin vaxt, o, araya girmiş və onları ayıra bilmədiyi üçün zala, toy sahibini çağırmağa getmişdir. Qayıdıb gələndə isə həmin yerdə çoxlu adam olmuşdur. Murad təpiklə vurandan sonra Yadigar yıxılmamış, ayaq üstə olmuşdur. Orada başqa adam olmamışdır. Həmçinin, məhkəmə kollegiyasının iclasında dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Hadisə yerinə gedəndə zərərçəkmiş şəxs yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxsi xəstəxənaya aparmağa taksi lazım olduğu üçün onu çağırmışlar. O, gəlmiş və zərərçəkmiş şəxsi xəstəxanaya aparmışdır. Daha sonra Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisənin necə baş verdiyini görməmişdir. Toy olduğu üçün orada 30-40 nəfər dayanmışdır. Hadisənin necə olması ilə bağlı sonra eşitmişdir. Hadisə yerinə gedəndə zərərçəkmişin yerdə uzandığını görmüşdür. Yerdə uzanıqlı olanda, zərərçəkmiş şəxsin yanında adamlar olmuş və onlar Yadigarın üzünə su vurmuşlar. Maşında olanda yanında başqa bir nəfər də olmuşdur. Ona söykənmişdir ki, qanı maşına bulaşmasın. Yadigarı xəstəxanaya aparmış və bundan başqa nəsə görməmişdir. Amma, sonradan toyda dalaşdığını eşitmişdir. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, toyda olanda İsmayıl Həsənalıyev onun yanına gələrək, hadisənin baş verdiyini demişdir. Çölə çıxıb, kimlərin mübahisə etdiyini soruşanda “Yadigar yıxılıb, onu xəstəxanaya apardılar” demişlər. Oradan xəstəxanaya getmiş, lakin Yadigar orada olmamışdır. Yadigarla eyni yerdə, yəni avtovağzalda işləyirlər. Toyun səhəri gün, yəni sentyabr ayının 14-15-də Yadigarın işdə olduğunu görmüşdür. Bundan sonra isə Yadigarın xəstə olduğunu eşitmişdir. Hətta, işdə olanda Yadigara spirtli içki (araq) və siqaret də alıb vermişdir. Daha sonra Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadənin üstündən 7 ay keçdiyi üçün nə dediyini və müstəntiqin ifadəni oxuyub-oxumadığını xatırlamır. İsmayıl ona yaxınlaşmış və kimlərinsə mübahisə etdiyini demişdir. Səhv etmirsə, Yadigarın mübahisə etdiyini demişdir. Amma çölə çıxanda Yadigar orada olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsində kiminsə söyüş söydüyünü deməmişdir. Toy məclisi 13 sentyabr 2024-cü ildə baş vermiş, 14 sentyabr 2024-cü ildə işə gedəndə isə Yadigarın həmişəki kimi, içkili vəziyyətdə işdə olduğunu görmüşdür. Şadlıq sarayının zalında olanda Yadigar mahnı sifariş vermiş, həmin vaxt Kamil adlı şəxslə mübahisə yaranmış, amma araya girdiyi üçün nəsə olmamışdır. Bundan başqa toyda heç bir hadisə olmamışdır. Muradın Yadigarı vurduğunu görməmişdir. X11 mübahisə etdiklərini demişdir. İbtidai istintaq zamanı verdiyi ifadədə Muradın Yadigarı vurub, qaçdığını deməmişdir. Hadisəni eşidəndən sonra, valideynləri demişdir ki, “məclisi bitir, Yadigarın yanına get”. Elə etmiş və xəstəxanaya, Yadigarın yanına getmiş, amma Yadigar xəstəxanada olmamışdır. İbtidai istintaq zamanı Muradın Yadigarı itələyib, yıxdığını bəlkə də demişdir, amma yadında deyil. Lakin mübahisə etdiklərini eşitdiyini demişdir. Hadisə yerində olanlardan biri Muradın Yadigarı itələyib yıxdığını, o biri Yadigarın ayağının ilişib yıxıldığını demişlər və s. Toy çəkilişi zalda olduğu üçün hadisə qeydə alınmamışdır. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında şahid X8 bildirmişdir ki, qonşusu Nicatın oğlunun kiçik toy məclisində iştirak etmiş və həmin vaxt Muradı orada görmüşdür. Sonra isə pul yazdırıb getmiş və hadisəni görməmişdir. Daha sonra şahid Tural Səlimov ona verilən suallara cavab olaraq bildirmişdir ki, toyda dava-dalaş görməmişdir. Hadisəni sonradan eşitmişdir. Toyda olarkən Murad və Yadigarın orada olan adamlarla söhbət etdiklərini görmüşdür. Polis əməkdaşı olduğu üçün hadisə barədə eşitmişdir. Eşitdiyinə görə dava-dalaş olmuş, Murad Yadigarı itələmiş, o da yıxılaraq xəsarət almışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən X3 bildirmişdir ki, hadisə vaxtı foyedə olmamış, Muradla Yadigarın mübahisə etmələrinin şahidi olmamışdır. Sarayın foyesində dayanan və sonradan saraya daxil olan şəxslərin kimliyini bilmir və həmin videogörüntülərdə olan şəxslərdən də deyildir. Toy məclisində qara rəngli paltarda olmuş, şəkil də çəkdirmişdir. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında şahid X12 bildirmişdir ki, toyda iştirak etmişdir. Əynində olan paltarı xatırlamır. Videogörüntüdə olan şəxs onun özüdür. Hadisə vaxtı orada olmamışdır. Yadigarın yıxıldığını görmüş, Nicata xəbər verməyə getmişdir. Sonra geri qayıdanda Yadigarın orada olmadığını görmüş və çıxıb evinə getmişdir. Daha sonra şahid Elbrus Hüseynov ona verilən suallara cavab olaraq bildirmişdir ki, Yadigar və Murad içəridə mübahisə etməmişlər. Yadigarı tanıyır. Yadigarı yıxılmış vəziyyətdə görmüş və Nicata xəbər verməyə getmişdir. Səhəri gün Yadigarın vəziyyəti ilə maraqlananda isə onun işdə olduğunu demişlər. Yadigar və Murad toy zalında mübahisə etməmişlər. Həmçinin, toyda kiminsə dava etdiyini görməmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin məhkəmə-tibbi ekspertizasını aparmış ekspert X13 bildirmişdir ki, Zərərçəkmiş şəxs barədə verilən rəydə qeyd olunanları xatırlayır. Zərərçəkmiş şəxs ağır dərəcəli bədən xəsarəti olmuşdur. Diaqnozu isə kəllə sümüyünün sınması olmuşdur. Zərərçəkmiş şəxs üst dodağındakı sıyrıq və qançırın yaranma səbəbi küt alət olmuşdur. Küt alətə yumruq da daxildir. Yıxılma ilə küt alətin zərbəsi eyni ola bilər. Xəsarət burunda olsa idi onun yıxılmasını səbəb göstərmək olardı. Çünki, burun dodaqdan qabaqda olduğu üçün şəxs üzü üstə yıxılarkən birinci burun yerə dəyməlidir. Qoyulmuş klinik diaqnoza isə ekspertiza nəsə edə bilməz. Kəllə sümüyü sınandan sonra, şəxs huşunu itirə və hərəkət edə bilməz. Amma bu istiisti hiss olunmur deyə, qısa müddətdə hərəkət edə bilər. Nəzəri cəhətdən yarım saatdan sonra sınıq özünü göstərməlidir. Zərərçəkmiş şəxs sinə nahiyəsinə baxış keçirilən zaman xəsarət olmadığı üçün rəydə qeyd olunmamışdır. Açıq kəllə beyin travması olan şəxsin səhəri gün durub hərəkət etməsi mümkün ola bilər. Hadisənin səhəri günü Yadigarın avtovağzala – işə getdiyini eşitmişdir. Ağzı üstü yıxılanda burun qabaqda olduğu üçün birinci burun yerə dəyməlidir. O, birinci vurulmuş, sonra yəqinki yıxıldığı üçün kəllə sümüyü sınmışdır. Kəllə sümüyü sınandan sonra, qansızma olarsa, şəxs huşunu itirə və hərəkət edə bilməz. Yadigarda olan sıyrıq onun yıxılması nəticəsində yarana bilməzdi. Ağır xəsarət başın arxa tərəfində olmuşdur. O, rəy verərkən xəstəxanadan verilən diaqnozu əsas götürmüşdür. Şəxs başın arxa tərəfində olan xəsarəti bir müddət sonra hiss etməlidir. Yəqinki, hadisədən əvvəl Yadigarda kəllə sümüyünün sınmasına səbəb olacaq hər-hansı xəsarət olmamışdır. Yadigarda olan xəsarətlərin yaranma müddəti 1 gündən çox, ən geci iki gün ola bilərdi. Açıq kəllə beyin travması klinik diaqnozdur. Açıq kəllə beyin travması onun verdiyi rəydə yazılmış, komissiyon ekspertizasının rəyini başqa ekspertlər verdiyi üçün orada niyə qeyd olunmadığını bilmir. Yara olduğuna və kəllə beyin sümüyü sındığı üçün elə rəy vermişdir. Ənsə sümüyü sınaraq, beyinin oturduğu sümüyə çatırsa bu açıq kəllə beyin travması sayılır. Komisiyon ekspertizasının rəyi veriləndə onu da dəvət etmişlər. Tərəfindən verilən sənədlərə əsasən, komisiyon ekspertizanın rəyi verilmişdir. Açıq və qapalı kəllə beyin travmasının hər ikisi ağır xəsarət hesab olunur. Xəsarət bədəndə və ya başın arxa hissəsində olsaydı, itələmədən yarandığını demək olardı, amma orada təmas (toxunuş) var. Həmin xəsarətin itələmə nəticəsində yarana bilib-bilməməsini komisiyon ekspertiza ilə müəyyən etmək olardı. Pilləkəndən yıxılaraq, dodağın zərbə alması mümkün deyil. Xəsarət küt əşya ilə yetirilmişdir. Təpə deyəndə başın üstü, ənsə deyəndə başın arxa hissəsi nəzərdə tutulur. Yerə dəyəndən sonra kəllə sümüyü sınmışdır. Hematoma və sınıq zamanı yaranan təsirlər beyinə qanın sızmasından asılıdır. Verilmiş rəydə yazılanları təsdiq edir. Ümumən, ayağın sürüşməsi, pilləkəndən yıxılması nəticəsində də şəxslər belə xəsarət ala bilər. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid4 ibtidai istintaq zamanı bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində yaşadığı evdə olan zaman qardaşı Yadigarın mobil nömrəsindən onun telefonuna zəng gəlmiş və telefonu açan zaman ona zəng edən şəxsin qardaşı olmadığını bilmişdir. Həmin şəxsdən kim olduğunu soruşanda, özünü Yevlax Rayon Mərkəzi Xəstəxanasının mühafizəçisi olduğunu demişdir. Ondan nə olduğunu soruşanda, həmin şəxs ona qardaşı Yadigarı xəstəxanaya gətirdiklərini, vəziyyətinin ağır olduğunu bildirmişdir. O, dərhal taksiyə oturub, xəstəxanaya getmişdir. Xəstəxanada qardaşının başının və ağzının partlamış halda, qan içində olduğunu görmüşdür. Orada olan həkimlər Yadigara ilkin tibbi yardım göstərdikdən sonra Yadigarı orada olan mühafizəçinin və həkimlərin köməyilə avtomobilə qoyaraq evə gətirmişdir. Yadigar huşsuz vəziyyətdə olduğu üçün hadisənin necə və harada baş verdiyini öyrənə bilməmişdir. Ertəsi gün Yadigarın huşu özünə gələndə ondan nə baş verdiyini soruşmuş və Yadigar ona bildirmişdir ki, “Turan” şadlıq sarayında keçirilən toy şənliyində yeyib-içmiş, sonra siqaret çəkmək üçün Murad adlı şəxslə şadlıq sarayının foyesinə çıxmışlar. Həmin vaxt Muradın onun tanımadığı kiminsə arxasınca nalayiq söyüşlər söydüyünü eşitmişdir. Bu zaman Yadigar Murada oranın ictimai yer olduğunu, orada xanımların olduqlarını və nalayiq söyüşlər söyməməsini xahiş etmişdir. Bundan sonra Murad Yadigarın qolundan tutub, “yaxşı edirəm, sən nə deyirsən” deyərək, Yadigarı vurmaq istəmiş və bu zaman “Turan” şadlıq sarayında dispeçir işləyən İsmayıl adlı şəxs onları aralaşdırmağa gəlmişdir. Murad Yadigarın üzərinə cumub, onu vurmaq istəyən zaman orada dispeçir işləyən İsmayıl toy sahibi Nicatı çağırmaq üçün saraya keçmiş, bu zaman Murad Yadigarın ağız və sinə nahiyəsindən qəsdən yumruq vuraraq, sarayın giriş hisəsində olan pilləkənlərdən yerə yıxıb, ona xəsarət yetirmişdir. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs, şahidlər İsmayıl Həsənalıyev, Şahid2, Vahid Xıdırov, Şahid3, Tural Səlimov və Elbrus Hüseynovun məhkəmə istintaqında, Şahid4 isə ibtidai istintaq zamanı verdikləri ifadələrin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onların ifadələri ardıcıldır, bir-biri ilə uzlaşır, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında mübahisənin yaranması, sonrakı inkişafı, dərinləşməsi, hadisənin baş verməsi vəziyyəti, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə xəsarət yetirmə mexanizmi, xəsarətin xarakteri, habelə tərəflərin hadisədən sonrakı davranışları təqsirləndirilən şəxsin göstərdiyi hallarla üst-üstə düşür. Bu ifadələr hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir, ona görə də məhkəmə kollegiyası bunları dürüst hesab edir və hökmün əsasına qoyur. Eyni zamanda, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid İsmayıl Həsənalıyevin bildirdikləri hallar cinayət işnin materiallarında olan aşağıda qeyd olunan digər yazılı sübutlarla da təsdiq olunur: Cinayət haqqında şifahi məlumatın qəbulu barədə 14 sentyabr 2024-cü il tarixli protokolla. Həmin protokolda göstərilir ki, Zərərçəkmiş şəxs xx.xx.2024-ci il tarixdə Murad adlı şəxsin onu döyərək, xəsarət yetirməsi barədə məlumat vermiş və həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir (İ cild, i/v 05). Hadisə yerinə baxış keçirilməsi barədə 15 sentyabr 2024-cü il tarixli protokolla. Həmin protokolda göstərilir ki, baxış keçirilən yer vətəndaş Zərərçəkmiş şəxs döyülərək, xəsarət aldığı Yevlax şəhərində yerləşən "Turan" şadlıq sarayıdır. Baxış zamanı müəyyən edildi ki, şadlıq sarayı Yevlax şəhəri, Nizami prospektində yerləşir. Şadlıq sarayına girişdə pilləkənlər vardır. Pilləkənlərdən sonra şüşə qapı vardır. Qapıdan daxil olanda dəhliz yerləşir. Dəhlizdən sağda sanitar qovşağı, solda 2-ci mərtəbəyə giriş üçün pilləkənlər vardır. Ortadan isə mərasim zalına giriş vardır. Şadlıq sarayının dəhlizində və həyətində təhlükəsizlik kameraları quraşdırılmışdır. Baxış zamanı təhlükəsizlik kameralarında qeydə alınmış görüntülər maddi sübut əhəmiyyəti daşıdığından diskə köçürülərək götürüldü. Diskə 2 ədəd videogörüntü köçürüldü. 1-ci videogörüntüdə şadlıq sarayının dəhlizi əks olunmuşdur (cam 03). Həmin görüntü 05 dəqiqə 34 saniyədən ibarətdir. Həmin görüntünün 03:48 intervalında Təqsirləndirilən şəxs kiminləsə itələşdiyi və bu vaxt dispetçer İsmayıl Həsənalıyevin onları aralaşdırmağa çalışdığı, hadisə zamanı orada 10-15 nəfərin olduğu, hadisənin şadlıq sarayının giriş pilləkənlərində baş verdiyi, hadisənin xx.xx.2024-cü il tarixdə, 20:12 radələrində olduğu aşkar olundu. İkinci videogörüntü isə 34 saniyədən ibarətdir. Həmin görüntüdə qaranlıq olduğundan dəqiq nəyisə görmək məhduddur. Görüntüdə, 10-15 nəfərin kiminsə, yıxılmış şəxsin yanında olduğu aşkar olundu. Baxış protokoluna İsmayıl Həsənalıyev 01 ədəd protez diş təqdim etdi. İsmayıl Həsənalıyev protez dişi hadisə yerindən tapdığını bildirdi. Baxış zamanı əhəmiyyət kəsb etdiyi üçün protez diş qablaşdırılaraq, götürüldü. Fotoşəkillər çəkilərək, protokola əlavə edildi (İ cild, i/v 12-16). Diskə baxış keçirilməsi barədə 16 sentyabr 2024-cü protokolla rəsmləşdirilmiş hadisənin baş verdiyi “Turan” şadlıq sarayının təhlükəsizlik kameralarında qeydə alınmış videogörüntülərlə. Həmin diskdə olan birinci videogörüntüdə “Turan” şadlıq sarayının giriş qapısı ilə dəhlizi əks olunmuşdur (cam 03). Görüntü 05 dəqiqə 34 saniyədir. Görüntünün 03:48-ci dədiqəsində müəyyən olunur ki, əynində qara şalvarı və ətəyində ağ-boz xətti olan boz rəngli qısaqol paltarı olan şəxs (zərərçəkmiş Zərərçəkmiş şəxs) böyük zaldan çıxıb, sol tərəfdə dayanan iki nəfərə yaxınlaşır. Bundan sonra qara şalvar və qara qısaqol paltarda olan bir nəfər (Təqsirləndirilən şəxs) sarayın ümumi giriş qapısından həyətə çıxır. Dərhal onun ardınca Zərərçəkmiş şəxs da pilləkənə tərəf çıxır və sarayın giriş qapısının çöl tərəfində dayandığı yerdən kiminsə üzərinə gedir. Bundan bir neçə saniyə sonra iki nəfər içəri daxil olur, İsmayıl adlı şəxs isə çölə çıxıb, dayanır. Daha sonra əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan şəxsin itələnməsi və İsmayıl adlı şəxsin onun qarşısını almaq üçün əllərindən tutması, bundan sonra İsmayıl adlı şəxsin sarayın içəri tərəfinə qaçması, daha sonra başqa iki nəfərin də saraya qaçması, bundan sonra isə sarayda olan şəxslərin çölə çıxmaları görünür. 24 saniyə davam edən ikinci videogörüntüdən isə müəyyən olunur ki, ətraf qaranlıqdır, görüntü məhduddur. Saraya girişin sol tərəfində, pilləkənlərə yaxın dayanmış avtomobillər vardır. Həmin avtomobillərdən biri, Tayota Prius markalı avtomobilə bənzər avtomobil işıqlarını yandırıb, dayandığı yerdən bir neçə metr irəli, sarayın pilləkənlərinə tərəf gedib, yenidən geri hərəkət edir və əvvəl parklandığı yerdə dayanıb, işıqlarını söndürür. Saraya girişin sağ tərəfində isə təxminən 10-15 nəfər bir yerə yığışmışlar, yerdə olan bir obyektə baxırlar. Bəziləri isə o tərəfə-bu tərəfə qaçırlar (İ cild, i/v 12-16). Yevlax RPŞ-nın İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Elçin Yahyayevin 16 sentyabr 2024-cü il tarixli raportu ilə. Həmin raportda göstərilir ki, Yevlax şəhəri, Azərbaycan küçəsi, ev 3-də yaşayan, xx.xx.1976-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2024-cü ildə Yevlax RPŞ-ya ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs tərəfindən döyülərək, xəsarət aldığını bildirmişdir. Həmin müraciət xx.xx.2024-cü il tarixdə Yevlax RPŞ-nın “törədilmiş və hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı” kitabında HK-1/1883 nömrəsi ilə qeydiyyata alınaraq RPŞ-nın TB-nin təhqıqalçısı, polis kapitanı X9 tərəfindən toplanmış material xx.xx.2024-cü ildə İstintaq bölməsinə göndərilmiş və xx.xx.2024-cü il tarixdə icraata qəbul edilərək araşdırılması davam etdirilməyə başlanmışdır. Həmin hadisəni törədən şəxsin Yevlax şəhəri, N.Nərimanov küçəsi, mənzil 40 ünvanında qeydiyyatda olmaqla, yaşayan xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən olumuşdur. Odur ki, Elçin Yahyayev Təqsirləndirilən şəxs izahatının alınması və zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi üçün Yevlax RPŞ-nın İstintaq bölməsinə gətirilməsinə aidiyyatı üzrə göstəriş verilməsini xahiş etmişdir (İ cild, i/v 25). Yevlax RPŞ-nın NMQ-nın baş əməliyyat müvəkkili, polis kapitanı Teymur Baxşəliyevin 16 sentyabr 2024-cü il tarixli raportu ilə. Həmin raportdan görünür ki, Həmin hadisəni törədən şəxs Yevlax şəhəri, N.Nərimanov küçəsi, mənzil 40 ünvanında qeydiyyatda olmaqla, yaşayan xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 16 sentyabr 2024-cü il tarixdə, saat 20:20-də Yevlax şəhəri, N.Nərimanov küçəsində saxlanılaraq, Yevlax RPŞ-ya gətirilmiş və İstintaq bölməsinə təhvil verilmişdir (İ cild, i/v 26). 16 sentyabr 2024-cü il tarixli tutma haqqında protokolla. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2024-cü il tarixdə, saat 20:20-də şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i/v 39-40). Protez dişə baxış keçirilməsi haqqında 15 oktyabr 2024-cü il tarixli protokolla. Həmin protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus protez diş sağlamdır. Protez dişdə heç bir xəsarət və zədə yoxdur, çıxıb taxılandır və heç bir maddi ziyan dəyməyib. Protez diş sahibinə geri qaytarılmışdır (İ cild, i/v 98). İfadənin yerində yoxlanılması haqqında 29 oktyabr 2024-cü il tarixli protokolla. Həmin protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Yevlax şəhər, Nizami prospektində yerləşən “Turan ” şadlıq sarayının pilləkənlərinin qarşısında Yadigarla aralarında münaqişə baş verdiyini, münaqişə zamanı Yadigarın onu nalayiq sözlərlə söyüb, çiyin hissəsindən itələdiyi üçün əsəbləşərək, Yadigarın sinəsindən itələdiyini və nəticədə Yadigarın pilləkəndən yerə yıxıldığını və başının yarılaraq xəsarət aldığını bildirmişdir (İ cild, i/v 122-123). Üzləşdirmə haqqında 30 oktyabr 2024-cü il tarixli protokol və üzləşdirməni əks etdirən vidogörüntü ilə. Həmin protokol və videogörüntüdən müəyyən olunur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı demişdir ki, “Turan” şadlıq sarayında keçirilən Nicat adlı şəxsin övladının kiçik toy məclisində yeyib-içdikdən sonra sərxoş halda, təxminən saar 20 radələrində toy şənliyi davam edərkən mən hava almaq üçün dəhlizə çıxarkən “Turan” şadlıq sarayının pilləkənlərində aramızda münaqişə zamanı ağız nahiyəmdən vurdun və məni pilləkəndən itələdin, başım pilləkənə dəydi və xəsarət aldım. Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 596 nömrəli rəyi ilə. Həmin rəydə göstərilir ki, Zərərçəkmiş şəxs açıq kəllə beyin travması, subaranoidal qansızma, təpə-ənsə və kəllə arası sümüklərinin sınığı, ənsə nahiyəsinin əzilmiş yarası, üst dodağın sıyrığı və qançırı vardır. Bu xəsarətlər bərk küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər yetirilən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa AĞİR zərər vuran xəsarətlərə aid edilir (İ cild, i/v 44). “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X20 xx.xx.2024-cü il tarixli T799/2024 nömrəli təkrar məhkəmə-tibbi ekspertizası ilə. Həmin rəydə göstərilir ki, Zərərçəkmiş şəxs alın, gicgah, təpə, ənsə nahiyələrinin epidural-subdural hematoma sahələri, subaraxnoidal qansızma və sağ təpə-gicgah sümüklərinin xətti sınığı ilə müşaiyət olunan ənsə nahiyəsinin əzilmiş yarası, üst dodağın sıyrığı və qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yarana bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir (İ cild, i/v 148-150). Məhkəmə kollegiyası aparılmış ekspertizaların nəticələrinin düzgünlüyünə və obyektivliyinə şübhə etməyə əsaslar tapmır, çünki həmin rəylər böyük iş stajına malik olan ekspertlər tərəfindən icra edilmiş, lazımi şəkildə rəsmiləşdirilmiş, elmi cəhətdən əsaslandırılmış, nəticələri aydın və başa düşüləndir, işin həqiqi halları və materialları, istintaq hərəkətləri və digər sənədlərlə uzlaşır. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətməsində təqsirini müəyyən edilmiş və sübuta yetirilmiş hesab edir ki, bu da onun əməlinin CM-in 126.1-ci maddəsilə tövsif etməyə imkan verir. Çünki, o xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində Yevlax şəhəri, Nizami prospektində yerləşən “Turan” şadlıq sarayında təşkil edilmiş tanışı Şahid3 övladının kiçik toy məclisinə gələrək həmin məclisdə iştirak edərək spirtli içki qəbul etdikdən sonra, saat 20 radələrində həmin toy məclisində iştirak edən və şadlıq sarayının girişində olan pilləkəndə dayanmış, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs təşəbbüsü ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ağız nahiyəsindən vurub, sonra isə itələyib, şadlıq sarayının girişində olan pilləkənlərdən yerə yıxaraq, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs əməlində CM-in 126.1-ci maddəsinin tərkibinin olması qənaətinə gələn məhkəmə kollegiyası onun əməlinin həmin Məcəllənin 126.2.4 və 221.1-ci maddələrilə tövsif edilməsilə razılaşa bilmir. Əvvəlcə qeyd olunmalıdır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayətin düzgün tövsifin mühüm sosial-siyasi və hüquqi əhəmiyyəti vardır. Düzgün olmayan tövsif təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Məhkəmələr hökm çıxararkən əməldə cinayət tərkibinin olmasını və təqsirkar tərəfindən törədilən cinayətin qanunun məhz hansı maddəsilə nəzərdə tutulduğu aydınlaşdırmalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərar). Cinayət işindən görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.2.4 və 221.1-ci maddələrilə ona görə ittiham irəli sürülmüşdür ki, o xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində Yevlax şəhəri, Nizami prospektində yerləşən “Turan” şadlıq sarayında təşkil edilmiş tanışı Şahid3 övladının kiçik toy məclisinə gələrək, həmin məclisdə iştirak edib, spirtli içki qəbul etdikdən sonra, saat 20 radələrində şadlıq sarayının giriş qapısının qarşısına gələrək, toy məclisində iştirak etmiş istintaqla müəyyən edilməyən digər bir şəxsin toy məclisindən tez çıxıb getməsinə görə ünvanına söyüşlər söymüş, onun söyüş söyməsini həmin toy məclisində iştirak edən şadlıq sarayının girişində olan pilləkəndə dayanmış əvvəllər tanıdığı Zərərçəkmiş şəxs eşidərək, ona toy məclisində nalayiq söyüşlər söyməməsini irad bildirən zaman o, ictimai yer hesab edilən şadlıq sarayının giriş qapısının qarşısında Zərərçəkmiş şəxs ünvanına heç bir əsaslı səbəb olmadan qəsdən uca səslə nalayiq söyüşlər söyərək, öz şəxsiyyətini digərlərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə xuliqanlıq edərək, pilləkənin yuxarı hissəsində dayanmış Zərərçəkmiş şəxs qəsdən vurub, pilləkəndən yerə yıxaraq, xəsarət yetirmək məqsədilə orada olan digər şəxslərin gözü qarşısında, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən əli ilə Zərərçəkmiş şəxs ağız və sinə nahiyələrindən zərbələr vuraraq, sonuncunu itələyib, şadlıq sarayının girişində olan pilləkənlərdən yerə yıxaraq, Zərərçəkmiş şəxs sağlamlığa ağır zərər vuran insan həyatı üçün təhlükəli olan alın, gicgah, təpə, ənsə nahiyələrinin epidural-subdural hematoma sahələri, subaraxnoidal qansızma və sağ təpə gicgah sümüklərinin xətti sınığı ilə müşayiət edilən ənsə nahiyəsinin əzilmiş yarası, üst dodağın sıyrığı və qançırı xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurmuş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs verilən ittihama əsasən, o, pilləkənin yuxarı hissəsində dayanmış Zərərçəkmiş şəxs qəsdən vurub, pilləkəndən yerə yıxaraq, xəsarət yetirmək məqsədilə orada olan digər şəxslərin gözü qarşısında, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən əli ilə Zərərçəkmiş şəxs ağız və sinə nahiyələrindən zərbələr vuraraq, sonuncunu itələyib, şadlıq sarayının girişində olan pilləkənlərdən yerə yıxaraq ona ağır bədən xəsarəti yetirmişdir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 01 nömrəli qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadəedən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır (həmin qərarının 5-ci bəndi). Cinayət hüquq elmində motiv anlayışı ilə bağlı qeyd olunur ki, əvvəlcə psixologiya elmində işlənilmiş və sonradan cinayət hüququ sahəsinə keçmiş «motiv» (latın sözü moveo - hərəkətə gətirmək) anlayışı ümumi mənada insanın hərəkətlərinin niyyətini, təhrikedici səbəbini bildirir. Belə qəbul olunur ki, «Tələbatların ödənilməsi ilə əlaqədar olaraq insanı hər hansı bir məqsədə yönəlmiş işə, fəaliyyətə təhrik edən amillərə, səbəblərə motiv deyilir». Başqa sözlə, cinayətin motivi ictimai-təhlükəli əməli törətməyə qətiyyət yaradan, konkret əməldə maddiləşən dərk olunmuş maraqdır və ya ictimai təhlükəli əməli törətmək yolu ilə müəyyən nəticəyə nail olmaq istəyi kimi ifadə olunan, konkret şəxsin tələbatları, maraqları və hissləri ilə şərtlənən, cinayətkar hərəkətin edilməsinə qətiyyət yaradan dərk edilmiş daxili sövqdür (meyldir). Eyni zamanda, təqsirləndirilən şəxsin niyyət, məqsəd və təqsirinin formasının, habelə qəsdinin nəyə yönəlməsinin də müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulan ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə olan qəsdən bədənə ağır zərər vurma əməlinin tərkib əlamətləri ilə CMin 126.1-ci maddəsində nəzərdə tutulan tərkib əlamətləri arasındakı obyektiv cəhətin əlamətlərinə diqqət yetirilməlidir. CM-in 126.1-ci maddəsi obyektiv cəhətdən qəsdən sağlamlığa ağır zərər vurma, insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmada ifadə olunduğu halda, CMin 126.2.4-cü maddəsi daha ağırlaşdırıcı tərkib əlamətinə malik olmaqla, eyni əməllərin ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törətilməsini nəzərdə tutur. Xuliqanlıq niyyətinin müəyyən edilməsi üçün isə Təqsirləndirilən şəxs qəsdinin cəmiyyətə qarşı yönəlib-yönəlməməsi kimi əhəmiyyətli məsələnin aydınlaşdırılması tələb olunur. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 2024-cü ildə tanışı Nicatın oğlunun “Turan” şadlıq sarayında keçirilən kiçik toy şəliyində yemək yeyib, özünün etirafına görə spirtli içki içdikdən sonra sarayın dəhlizində pul yazdırıb, çölə çıxarkən Zərərçəkmiş şəxs da dərhal onun ardınca çölə çıxmış, sarayın çöl tərəfdən girişində qısa müddət dayanıb, siqaret çəkdikdən sonra təqsirləndirilən şəxsə tərəf getmiş və onunla mübahisə edərək onu itələmişdir. Bunu görən şadlıq sarayının administratoru işləyən, iş üzrə şahid İsmayıl Həsənalıyev onları bir-birindən aralamış və hadisə barədə toy şənliyinin sahibi Şahid3 məlumat vermək üçün saraya daxil olmuşdur. İsmayıl Həsənalıyev sarayda olarkən zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında münaqişə dərinləşmiş və bu zaman zərərçəkmiş şəxsin onu itələməsinə cavab olaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ağız nahiyəsindən vurub, itələmiş və bunun nəticəsində özünün dediyinə görə onsuz da içkili vəziyyətdə yıxılmağa meyilli olan Zərərçəkmiş şəxs zərbənin təsirindın pilləkənlərin üzərinə yıxılmışdır. Bundan sonra zərərçəkmiş şəxsin yıxılıb, xəsarət almasına heç bir əhəmiyyət verməyən təqsirləndirilən şəxs hadisə yerindən çıxıb getmişdir. Təqsirləndirilən şəxs 16 sentyabr 2024-cü il tarixdə verdiyi ifadəsində həmin toy məclisində bir masada oturduğu şəxslərlə spirtli işki qəbul etdiyini, spirtli işki qəbul edəndə öz hərəkətlərini idarə edə bilmədiyini, saat 20 radələrində toy davam edərkən hava almaq üçün dəhlizə çıxdığını, dəhlizdə - şadlıq sarayının girişində olarkən xatırlamadığı səbəbdən tanışı Yadigar adlı şəxslə aralarında münaqişə baş verdiyini, münaqişə zamanı Yadigarın onun ünvanına nalayiq söyüş söyərək, çiyin hissəsindən itələdiyi üçün əsəbləşərək Yadigarı itələdiyini və Yadigarın pilləkənlərdən yerə yıxılıb, yerdə qaldığını, bundan sonra orada olan tanımadığı şəxslərin onu şadlıq sarayından uzaqlaşdırdıqlarını, sərxoş olduğundan bundan sonra nə baş verdiyini xatırlamadığını, Yadigarın ərizə və izahatında qeyd etdiyi kimi, onun ağız nahiyəsindən heç bir xəsarət yetirmədiyini, yalnız Yadigarın sinəsindən itələdiyini və nəticədə Yadigarın pilləkəndən yıxılıb, xəsarət aldığını bildirmişdir. Təqsirləndirilən şəxs 17 sentyabr 2024-cü ildə şübhəli şəxs, 18 sentyabr 2024-cü ildə isə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində də hadisə barədə eyni xüsusatları bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında isə bildirmişdir ki, çölə çıxanda Yadigar ona sataşmağa başlamış və yumruq atmışdır. O, özünü müdafiə etmiş və bu, kameraya da düşmüşdür. Ona “Əl çək, çıx get” deyib, çevrilib getmiş, heç onun yıxılmasından, başının zədə almasından xəbəri belə olmamışdır. Ona iki gündən sonra, axşam evə zəng gəlmiş və Yadigarı vurduğunu və onun başının zədələnməsini bildirmişlər. O, Yadigarın yıxılmasını bilməmiş, sadəcə onu əli ilə itələyib, xətasını ondan uzaq etməsini demişdir. İki gündən sonra polis şöbəsinə çağırılmış və o, anası ilə birlikdə şöbəyə getmişdir (İ cild, i/v 42, 46-47, 57-59). Zərərçəkmiş şəxs isə məhkəmə kollegiyasının iclasında sözləri düz gəlmədiyi üçün Muradın onu itələdiyini və ona görə yıxıldığını, orada Muradın onu döymədiyini, müstəntiqə Muradın onu vurması barədə nəsə demədiyini bildirsə də, 14 sentyabr 2024cü ildə verdiyi izahatında, ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində, habelə 30 oktyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxslə aparılan üzləşdirmədə bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində Yevlax şəhəri “Turan” şadlıq sarayında Nicat adlı şəxsin övladının kiçik toy məclisinə dəvət edilmiş, toyda yeyib içdikdən sonra, saat 20 radələrində toy şənliyi davam edərkən hava almaq üçün dəhlizə çıxmışdır. O, dəhlizin çölündə pilləkəndə olarkən tanıdığı Murad adlı şəxsin toyda xatırlamadığı kiminsə ünvanına nalayiq ifadələr işlətdiyini eşitmiş və ona öz iradını bildirən zaman Muradla aralarında mübahisə başlamışdır. Mübahisə zamanı Murad onun ağız nahiyəsindən yumruqla vurmuş və onu qəsdən itələyərək pilləkənlərdən yerə yıxıb, baş nahiyəsindən xəsarət yetirmişdir. Hadisədən sonra o, özündə olmamış, ayılanda xəstəxanada olduğunu görmüşdür (İ cild, i/v 07, 83, 125-127). Bundan əlavə, məhkəmə kollegiyasının iclasında şahid İsmayıl Həsənalıyev bildirmişdir ki, çöldə, restoranın həyətində Yadigarla Muradın mübahisə etdiklərini görmüş və onları ayırmağa getmişdir. Lakin onları aralaya bilmədikdə, toy zalına getmiş və toy sahibi Nicata xəbər vermişdir. Qayıdanda isə Yadigarın yerdə uzandığını görmüşdür. Toydan bir nəfər kişi çıxıb getmiş və Yadigar onun haqqında söyüşlü zarafat etmişdir. Bu zaman Murad Yadigara “sən bilirsən o, kimdi? Sən kimsən ki, o kişi barədə belə sözlər deyirsən?” demiş, bundan sonra mübahisə yaranmışdır. Yadigar içkili olmuşdur. Yadigar “yaxşı edirəm” deyəndə, Murad Yadigarı çiynindən itələmiş, “yaxşı edirəm nədi?” demiş və təpiklə Yadigarı vurmuşdur. Murad təpiklə vurandan sonra Yadigar yıxılmamış, ayaq üstə olmuşdur. Digər Şahid3 isə bildirmişdir ki, şadlıq sarayının zalında olanda Yadigar mahnı sifariş vermiş, həmin vaxt Kamil adlı şəxslə mübahisə yaranmış, amma araya girdiyi üçün nəsə olmamışdır. Bundan başqa toyda heç bir hadisə olmamışdır. Hadisə yerində olanlardan biri Muradın Yadigarı itələyib yıxdığını, o biri Yadigarın ayağının ilişib yıxıldığını demişlər və s. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş ekspert Vahid Xıdırov isə bildirmişdir ki, Zərərçəkmiş şəxs üst dodağındakı sıyrıq və qançırın yaranma səbəbi küt alət olmuşdur. Küt alətə yumruq da daxildir. Yıxılma ilə küt alətin zərbəsi eyni ola bilər. Xəsarət burunda olsa idi onun yıxılmasını səbəb göstərmək olardı. Çünki, burun dodaqdan qabaqda olduğu üçün şəxs üzü üstə yıxılarkən birinci burun yerə dəyməlidir. Yadigarda olan sıyrıq onun yıxılması nəticəsində yarana bilməzdi. İbtidai istintaq zamanı ifadə vermiş digər Şahid4 da bildirmişdir ki, ..Ertəsi gün Yadigarın huşu özünə gələndə ondan nə baş verdiyini soruşmuş və Yadigar ona bildirmişdir ki, ..Murad Yadigarın üzərinə cumub, onu vurmaq istəyən zaman orada dispeçir işləyən İsmayıl toy sahibi Nicatı çağırmaq üçün saraya keçmiş, bu zaman Murad Yadigarın ağız və sinə nahiyəsindən qəsdən yumruq vuraraq, sarayın giriş hisəsində olan pilləkənlərdən yerə yıxıb, ona xəsarət yetirmişdir. Göstərilənlərlə yanaşı, “Turan” şadlıq sarayının təhlükəsizlik kameralarından qeydə alınmış videogörüntülərlə baxanda müəyyən olunur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs böyük zaldan çıxıb, sol tərəfdə dayanan iki nəfərə yaxınlaşır. Bundan sonra Təqsirləndirilən şəxs sarayın ümumi giriş qapısından həyətə çıxır. Dərhal onun ardınca Zərərçəkmiş şəxs da pilləkənə tərəf gedir və sarayın giriş qapısının çöl tərəfində dayandığı yerdən kiminsə üzərinə gedir. İsmayıl adlı şəxs isə çölə çıxıb, dayanır. Daha sonra Təqsirləndirilən şəxs oxşayan şəxsin itələnməsi və İsmayıl adlı şəxsin onun qarşısını almaq üçün əllərindən tutub, onları ayırmaq istəməsi görünür. Bundan sonra İsmayıl adlı şəxs sarayın içəri tərəfinə qaçır. Beləliklə, məhkəmənin tədqiq etdiyi sübutlar göstərir ki, təqsirləndirilən şəxsdə ictimaitəhlükəli əməli törətməyə qətiyyət yaradan və zərərçəkmiş şəxsi itələyərək ona ağır bədən xəsarəti yetirməsində maddiləşən dərk olunmuş marağı zərərçəkmiş şəxsin ona qarşı yönəlmiş arzuolunmaz hərəkətindən qurtarmaq üçün zərərçəkmiş şəxsin ağız nahiyəsindən vurub, onu itələməsində təzahür etmişdir ki, bu da xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə cinayət əməli kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs bu hərəkəti ilə Zərərçəkmiş şəxs ağır bədən xəsarəti almasından ibarət zərərli nəticə arasında səbəbli əlaqə olmuş və Təqsirləndirilən şəxs həmin nəticəyə psixi münasibəti dolayı qəsd formasında biruzə vermişdir. Şəxs əməli təqsirin qəsd formasında törədirsə o, öz əməlinin bütün obyektiv əlamətlərini (hərəkət, hərəkətsizlik, ictimai-təhlükəli nəticə və s.) dərk edir. Əgər şəxs öz əməlinin obyektiv əlamətlərindən hər hansı birini dərk etmirsə onda onun əməlində qəsd istisna olunur və bu zaman artıq şəxsin həmin obyektiv əlaməti dərk etməli olub-olmadığı araşdırılmalıdır. Tədqiq edilən sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurub, itələyərkən öz əməlinin (hərəkətinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticənin baş verməsinə şüurlu surətdə yol vermişdir. CM-in 25.3-cü maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Lakin istintaq orqanı əməlin tövsifinə münasibətdə düzgün olmayan nəticəyə gələrək, təqsirləndirilən şəxsin əməlini CM-in 126.2.4-cü maddəsilə tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs əməli ittiham olunduğu həmin maddədən onun törətdiyi əməlin tərkib əlamətlərinin nəzərdə tutulduğu CM-in 126.1-ci maddəsinə tövsif olunmalı və həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində CM-in 221.1-ci maddəsilə nəzərdə tutulan cinayət tərkibinin olması barədə irəli sürülən ittihamla da razılaşa bilmir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ona görə CM-in 221.1ci maddəsilə ittiham irəli sürülmüşdür o xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində Yevlax şəhəri, Nizami prospektində yerləşən “Turan” şadlıq sarayında təşkil edilmiş tanışı Şahid3 övladının kiçik toy məclisinə gələrək, həmin məclisdə iştirak edib, spirtli içki qəbul etdikdən sonra, saat 20 radələrində şadlıq sarayının giriş qapısının qarşısına gələrək, toy məclisində iştirak etmiş istintaqla müəyyən edilməyən digər bir şəxsin toy məclisindən tez çıxıb getməsinə görə onun ünvanına söyüşlər söymüş, onun söyüş söyməsini həmin toy məclisində iştirak edən şadlıq sarayının girişində olan pilləkəndə dayanmış əvvəllər tanıdığı Zərərçəkmiş şəxs eşidərək, ona toy məclisində nalayiq söyüşlər söyməməsini irad bildirən zaman o, ictimai yer hesab edilən şadlıq sarayının giriş qapısının qarşısında Zərərçəkmiş şəxs ünvanına heç bir əsaslı səbəb olmadan qəsdən uca səslə nalayiq söyüşlər söyərək, öz şəxsiyyətini digərlərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə xuliqanlıq edərək, pilləkənin yuxarı hissəsində dayanmış Zərərçəkmiş şəxs qəsdən vurub, pilləkəndən yerə yıxaraq, xəsarət yetirmək məqsədilə orada olan digər şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurmuş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı, 20 may 2011-ci il). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 01 nömrəli qərarının 2-ci bəndində də qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi basa düşülür. “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmələrə ünvanladığı icmal məktubunda göstərilmişdir ki, xuliqanlıq formal tərkibli cinayət olduğundan və başa çatmış cinayət tərkibinin mövcud olması üçün ictimai təhlükəli nəticələrin baş verməsi tələb olunmadığından, kifayətdir ki, təqsirkar qərəzli hərəkətlərinin (digər şəxsə zor tətbiq etməsinin, zor tətbiq etməklə hədələməsinin, özgə əmlakını məhv etməsinin və yaxud zədələməsinin) xuliqanlıq kimi alçaq niyyətdən, yəni məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəlidiyini dərk etsin və məhz bu şəkildə (özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməklə) şəxsə qarşı zor tətbiq etməsini, zor tətbiq etməklə hədələməsini, özgə əmlakını məhv etməsini və yaxud zədələnməsini arzu etsin (belə olan halda, təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq niyyətindən irəli gəlməklə xaraktercə də, yəni özü-özlüyündə ictimai qaydaları pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən məzmun daşıdığından, təqsirkarın əməlində xuliqanlıq cinayətinin tərkibini şərtləndirən bütün zəruri əlamətlər mövcud olur). Bu səbəbdən (yəni, əgər təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq motivindən irəli gəlirsə və xaraktercə ictimai qaydanın, hamılıqla qəbul edilmiş davranış qaydalarının kobud şəkildə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsiziliyin ifadə edilməsi kimi təzahür edirsə) vacib deyil ki, əməl ictimai yerdə, başqalarının gözü qarşısında törədilsin. Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittiham təqdim olunan sübutlarla qarşılıqlı əlaqədə müqayisə olunub, təhlil edildikdə müəyyən olunur ki, istintaq orqanı Təqsirləndirilən şəxs hərəkətlərini təhlükəli davranış hesab edib, xuliqanlıq əməli kimi qiymətləndirsə də, onun niyyəti məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəlməmiş, özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməmiş, onu cinayətə sövq edən amil zərərçəkmiş şəxsin ona söyüş söyməsi və itələməsindən başlayan şəxsi münasibətlər olmuşdur. Elə buna görə də o, Zərərçəkmiş şəxs uzaqlaşmaq məqsədilə onu itələyərək yıxmışdır. Məhkəmədə tədqiq edilmiş sübutlar da onu göstərir ki, təqsirləndirilən şəxsin cinayətkar qəsdi məhz bu məqsədin realizə edilməsinə yönəlmiş, ictimai qaydanın kobud şəkildə pozulmasını və ya cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasını əhatə etməmişdir. Motivin əsasını təşkil edən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq kimi hərəkətlər təqsirləndirilən şəxsin əməlində təzahür etməmişdir. Hadisənin baş verməsinə qədər toy şənliyinin gedişatını əks etdirən videogörüntüyə də baxanda Təqsirləndirilən şəxs kiminləsə mübahisə etməsi, özünü ictimai qaydaya qarşı qoyması, gücünü nümayiş etdirməsi, qalmaqal salması, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq kimi hərəkətlər etməsi müəyyən olunmur. Ona görə də hadisənin ictimai yerdə, dinc sakinlərin çoxluq təşkil etdiyi ərazidə törədilməsi Təqsirləndirilən şəxs hərəkətlərinin xuliqanlıq kimi tövsif edilməsini istisna edir. Azərbaycan Respublikası Konstitusiyasınında təsbit edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir (125-ci maddənin Vİİ bəndi). Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır ( 129-cu maddənin İİİ bəndi). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmənin hökmünə dair CPM-in 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir. Məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edirlir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (mad. 349.5.1); bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (mad. 349.5.2); Məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (mad. 349.5.3). İşdən görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs qarşı CM-in 221.1-ci maddəsi ilə ittiham irəli sürərkən sübutların tədqiqinə və qiymətləndirilməsinə CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl etməmiş, işin həqiqi hallarına və toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. Ona görə də Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinində təqsirli bilinməsi qnaətinə gəlmək mümkün deyil. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır (CPM-in 351.2-ci maddəsi). Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyinəzərindən qiymət verir (CPM-in 145.1-ci maddəsi). Azərbаycаn Respublikаsı Konstitusiyаsının əsаsən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz (63-cü mаddəsinin İ, İİİ və İV hissələri). Cinаyətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qаydаdа sübutа yetirilməyibsə və bu bаrədə qаnuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursа, təqsirsiz sаyılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 21.1-21.3-cü mаddələri). Oxşar hüquqi mövqedə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege, Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirsizlik prezumsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, yuxаrıdа qeyd edilən hаllаrа əsаslаnаn məhkəmə kollegiyаsı hesаb edir ki, iş mаteriаllаrındа olаn sübutlаr Təqsirləndirilən şəxs CM-in 221.1-ci mаddəsi ilə təqsirli bilinməsi üçün kifаyət etmir, həmin ittihamla bağlı toplаnmış sübutlаrın mötəbərliyi şübhə doğurur və cinаyət işi üzrə аpаrılmış istintаq hərəkətlərinin prosessuаl pozuntulаrlа həyаtа keçirilməsi həmin şübhələrin əsaslılığını bir dаhа təsdiq edir. Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır (CPM-in 350.1- 350.2-ci maddələri). Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır CPM-in 42.1, 42.1.4, 42.2-ci və 42.2.4-cü maddələri). Məhkəmə kollegiyası bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci mаddəsi ilə təqsirləndirilməsi üçün əldə edilmiş sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması məhkəmənin nüfuzunu sonradan bərpası mümkün olmayacaq dərəcədə sarsıda bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 58-ci bəndində göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə kollegiyası CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan yuxarıda sadalanmış biri digərini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsilə təqsirli bilməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Ona görə də həmin maddə ilə ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması qənaətinə gələn məhkəmə kollegiyası qeyd edir ki, o qəsdən zərərçəkmiş şəxsi vurub, itələməklə ona ağır bədən xəsarəti yetirmişdir. Bu cinayət, təqsirkarın öz hərəkətləri ilə zərərçəkən şəxsin bədəninə ciddi xəsarət yetirməsi və bunu bilərəkdən etməsi ilə xarakterizə olunur. Sərxoğluq vəziyyətinin müayinəsinə dair tibbi sənədlər olmasa da özünün deməsinə görə, Təqsirləndirilən şəxs bu cinayəti sərxoş vəziyyətdə törətmişdir. Onun bu əməli zərərçəkən şəxsin həyatını itirəcəyi təhlükəsi ilə üzüzə qoymuş, həm də fiziki və psixoloji cəhətdən ciddi əzablar çəkməsinə səbəb olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, CPM-in 124-cü (Sübutların anlayışı və növləri) maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir edib, məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib və məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiqini tapmışdır. Onun “Yadigarın yıxılmasını bilməmişəm, sadəcə onu əlimlə itələyib, demişəm ki, xətanı məndən uzaq et. İki gündən sonra isə polis şöbəsinə çağırılmış və anamla birlikdə şöbəyə getmişəm. Anamın yanında olarkən müstəntiq izahatımı almış və həmin vaxt vəkilim olmamışdır” barədə gətirdiyi dəlillər işdə olan mötəbər sübutlarla təkzib edilmiş və təsdiqini tapmamışdır. Belə ki, həm təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, məhkəmə tibbi ekspertizasının rəyləri, həmçinin videogörüntülər və digər sübutlar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin öz dediyi kimi, sadəcə Zərərçəkmiş şəxs əliə itələməsi onun pilləkənlərdən yıxılıb, ağır dərəcəli bədən xəsarəti alması ilə nəticələnmişdir. Müstəntiqin onun izahatını vəkilinin iştirakı olmadan alması məsələsinə gəlincə, qeyd olunmalıdır ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs dövlət hesabına vəkillə təmin olunması barədə xx.xx.2024-cü il tarixli ərizəsindən (İ cild, i/v 31), müstəntiqin dövlət hesabına təyinatla müdafiəçi dəvət etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan (İ cild, i/v 32-33), Yevlax Rayon Vəkil Bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli HK- 1,1883 nömrəli məktubdan (İ cild, i/v 34), xx.xx.2024-cü il tarixli 002317 nömrəli vəkil orderi, vəkil və şəxsiyyət vəsiqələrinin surətlərindən, şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan (İ cild, i/v 35-37), tutma haqqında eyni tarixli protokoldan (İ cild, i/v 39-40), eyni tarixli izahatdan (İ cild, i/v 42-43), xx.xx.2024cü il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokoldan (İ cild, i/v 46-47), xx.xx.2024cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan, təqsirləndirilən şəxsi dindirmə protokolundan (İ cild, i/v 48-50, 57-59) və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ona qarşı ittiham irəli sürülən andan müdafiəçi ilə təmin edilmişdir. Ona görə də onun izahatı alınarkən vəkilinin olmaması barədə dəlilləri əsaslı sayıla bilməz. O da qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs da “Təqsirləndirilən şəxs söyüşlə danışdığına görə, ona “ictimai yerdi, qadın-uşaq var, söyüşlə danışma” demişdir, “Təqsirləndirilən şəxs adını bilmədiyi şəxsə söyüş söyməsi şadlıq sarayının zalında olmuşdur” kimi ifadələri məhkəmə istintaqı zamanı təsdiqini tapmamışdır. Belə ki, toy şənliyinin gedişatını əks etdirən videogörüntüyə baxanda şadlıq sarayının zalında Təqsirləndirilən şəxs hər hansı bir şəxslə mabahisə etməsi və ya hər hansı bir şəxsə qarşı aqessiv hərəkət etməsi, söyməsi, toy şənliyinin ahəngini pozan hər hansı bir hərəkətə yol verməsi müşahidə olunmamışdır. Həmçinin, zərərçəkmiş şəxs məhkəmə kollegiyasının iclasında “Təqsirləndirilən şəxs onu vurmamış, itələmiş və o da yıxılmışdır” kimi ifadə versə də, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, mübahisə zamanı Murad onun ağız nahiyəsindən yumruqla vurmuş və onu qəsdən itələyərək, pilləkənlərdən yerə yıxaraq baş nahiyəsindən xəsarət yetirmişdir (İ cild, i/v 85). Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında aparılan üzləşdirmədə də Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı demişdir ki, “Turan” şadlıq sarayında keçirilən Nicat adlı şəxsin övladının kiçik toy məclisində yeyib-içdikdən sonra sərxoş halda, təxminən saar 20 radələrində toy şənliyi davam edərkən mən hava almaq üçün dəhlizə çıxarkən “Turan” şadlıq sarayının pilləkənlərində aramızda münaqişə zamanı ağız nahiyəmdən vurdun və məni pilləkəndən itələdin, başım pilləkənə dəydi və xəsarət aldım. Bundan əlavə, şahid qismində ifadə verən Vahid Xıdırov da bildirmişdir ki, Zərərçəkmiş şəxs üst dodağındakı sıyrıq və qançırın yaranma səbəbi küt alət olmuşdur. Küt alətə yumruq da daxildir. Yıxılma ilə küt alətin zərbəsi eyni ola bilər. Xəsarət burunda olsa idi onun yıxılmasını səbəb göstərmək olardı. Ağzı üstü yıxılanda burun qabaqda olduğu üçün birinci burun yerə dəyməlidir. O, birinci vurulmuş, sonra yəqinki yıxıldığı üçün kəllə sümüyü sınmışdır. ..Yadigarda olan sıyrıq onun yıxılması nəticəsində yarana bilməzdi. ..Yəqinki, hadisədən əvvəl Yadigarda kəllə sümüyünün sınmasına səbəb olacaq hər-hansı xəsarət olmamışdır. ..Pilləkəndən yıxılaraq, dodağın zərbə alması mümkün deyil. Xəsarət küt əşya ilə yetirilmişdir. ..Təpə deyəndə başın üstü, ənsə deyəndə başın arxa hissəsi nəzərdə tutulur. Yerə dəyəndən sonra kəllə sümüyü sınmışdır. Digər tərəfdən, xx.xx.2024-cü il tarixli 596 nömrəli məhkəmə-tibbi ekspertizası və xx.xx.2024-cü il tarixli T799/2024 nömrəli təkrar məhkəmə-tibbi ekspertizası rəylərində göstərilmişdir ki, Zərərçəkmiş şəxs alın, gicgah, təpə, ənsə nahiyələrinin epidural-subdural hematoma sahələri, subaraxnoidal qansızma və sağ təpə-gicgah sümüklərinin xətti sınığı ilə müşaiyət olunan ənsə nahiyəsinin əzilmiş yarası, üst dodağın sıyrığı və qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların ) təsirindən törənmiş, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yarana bilərdi. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri CPM-in 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. O, CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında onun həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Cəza təyin etmə məsələsinə gəlincə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm olmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında isə məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Belə ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir (CM-in 58.1-ci maddəsi) və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CMin 58.3-cü maddəsi). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X20 09 oktyabr 2024-cü il tarixli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Mərkəzi Xəstəxanasının psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır (İ cild, i/v 88). Göründüyü kimi, Təqsirləndirilən şəxs anlaqlılığı istisna edən psixi xəstəlikləri və pozuntularının olması barədə məlumat yoxdur, buna görə də məhkəmə kollegiyasında onun psixi tamlığına şübhə yoxdur. Eyni zamanda, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü tələbnamədən və Yevlax Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli 1(039)-116/2018 nömrəli və 13 iyun 2022-ci il tarixli 1(039)-264/2022 nömrəli hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci tarixli hökmü ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli qərarı ilə cəzadan 11 ay 29 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Daha sonra, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli hökmü ilə 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (İ cild, i/v 89-90). Qeyd olunanlarla yanaşı, Yevlax RİH başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, N.Nərimanov küçəsi, mənzil 40 ünvanında qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs qonşuların deməsinə görə yaşadığı müddətdə, qonşularla yaxşı münasibətlər qurmağa çalışmış, küçənin və ətraf məhəllənin sakinləri ilə ünsiyyətdə olmuş, birgə yaşayış qaydalarına müəyyən qədər riayət etməyə çalışmış, qonşu sakinlərin xeyir-şər məclislərində iştirak etmişdir. Təqsirləndirilən şəxs yaşadığı müddətdə küçə və məhəllədə qismən yaxşı qonşu kimi səciyyələndirilmişdir (İ cild, i/v 95). Həmin nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda isə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, N.Nərimanov küçəsi, mənzil 40 ünvanında qeydiyyatdadır və həyat yoldaşı X5 və xx.xx.2009-cu il təvəllüdlü X4 ibarət ailə tərkibi vardır (İ cild, i/v 96). Bundan əlavə, Zərərçəkmiş şəxs məhkəmə kollegiyasında ifadə verərkən, həmçinin yazılı ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxsla barışmış, ona dəyən ziyan ödənilmiş və hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Eyni zamanda, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxsla barışmışdır. Cinayət işindən göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışaraq onunla razılıq əldə etmişdir. Belə vəziyyətdə məhkəmə kollegiyası CM-in 59.1.12-ci maddəsinə əsasən, bu halı təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qəbul edir. CM-in 61.1.1-ci madəsinə əsasən, təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal hesab edir. İşdən göründüyü kimi, Təqsirləndirilən şəxs 126.1-ci maddəsilə təqsirləndirilir. CM-in həmin maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs bundan əvvəl iki dəfə cinayət əməli törətmiş və müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini (sərxoş vəziyyətdə cinayət törətməsi), o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, belə qənaətə gəlir ki, CM-in ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 126.1-ci maddəsilə təqsirli bilinib, dörd il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası CM-in 41.2-ci maddəsinin tələbləri baxımından da gəldiyi bu qənaəti əsaslı hesab edir. Belə ki, həmin maddəyə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın məna və fəlsəfəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin, hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəti olaraq dörd il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 16 sentyabr 2024-cü il tarixdən (İ cild, i/v 39-40) hesablanmalı və o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CM-in 56.1.2-ci maddəsinə əsasən isə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. İş üzrə maddi sübut olub, cinayət işinə əlavə edilmiş 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci, mülki iddia, müsadirə edilməli və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, HÖKMETDİ: Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, dörd il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 16 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub, cinayət işinə əlavə edilmiş 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyinə görə ona bəraət verilsin. Təqsirləndirilən şəxs CPM-in 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Tural Əfəndizadə Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-131/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-131/2025
28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver