Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-133/2020 13.10.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı – X2, Müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, xx xxxxx 1995-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Pirəyir kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx xxxxxx 1980-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Pirəyir kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 və xx xxxxxxx 1994-cü il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Pirəyir kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində Təqsirləndirilən şəxs1 evlənmək istədiyi Ağdaş rayonunun Pirəyir kənd sakini xx.xx.2000ci il təvəllüdlü Zərərçəkmiş şəxs Ağdaş rayonunun Pirəyir kəndi ərazisində orta küçə adlanan ərazidən Təqsirləndirilən şəxs3 idarə etdiyi VAZ-21120 markalı H 955 YX 05 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol oturacağına iradəsinə zidd olaraq zor tətbiq etməklə əyləşdirərək oğurlamaqla adam oğurluğu cinayətini törətmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 CM-nin 144.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilsə də, ifadə verməkdən imtina etdiyindən onun məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir və təxminən bir ilə yaxındır ki, Asiyanı sevdiyi üçün bir neçə dəfə Asiyaya bu barədə mesaj yazaraq onunla ailə qurmaq istədiyini, ona qarşı hisslərinin səmimi olduğunu bildirsə də, Asiya onunla ailə qurmağa razılıq verməmiş, anasını Asiyagilə göndərərək onunla ailə həyatı qurmaq istədiyini qəti şəkildə göstərsə də, Asiyanın anası onun anasına qızının bu məsələyə razı olmadığını bildirdiyindən Asiyanı ailə qurmaq niyyəti ilə qaçırmağa qərar vermişdir. xx.xx.2020-ci il tarixdə bu barədə həmkəndlisi Ruslana bildirərək ondan Asiyanı qaçırmaqda ona köməklik etməsini xahiş etmiş, Ruslan da onunla razılaşmış, daha sonra onlara avtomobil lazım olduğundan bu barədə həmkəndlisi Rizvana bildirmiş, Rizvan da ona kömək etməyə razılıq verdiyindən həmin gün Asiyanı qaçırmaq üçün Rizvana məxsus VAZ 21012 markalı 05 H 955 YX qeydiyyat nişanlı avtomobillə kəndin orta yolunda gözlədikdən sonra saat təxminən 17:30 radələrində Asiya ilə anasının gədiyini görmüş, Asiya ilə anası Mətanətin onların avtomobilinin arxasına çatmağa bir neçə metr qalmış Ruslanla birlikdə avtomobildən düşərək özü Asiyanın qolundan tutub zorla avtomobilə oturtmuş, Ruslan isə Mətanəti tutub saxlamışdır. Həmin vaxt Mətanət və Asiya onlara müqavimət göstərsələr də, Asiyanı avtomobilə oturtduqdan sonra Mətanət yerə yıxılmış, Mətanət yerə yıxılan kimi Ruslan da qaçıb avtomobilə oturduqdan sonra Rizvan avtomobili Ləki-Xınaxlı yolu ilə Zərdab istiqamətinə və oradan da Ağcabədiyə sürmüşdür. X8 şəhərinə xalasıgilə aparmaq olmuş, lakin xalasıgilə bu barədə heç nə deməmişdir. Özü avtomobildə arxada sağ tərəfdə, Asiya isə sol tərəfdə sürücünün arxasında oturmuş, Ağcabədiyə çatan zaman DYP avtomobilinin yanından keçəndə Asiya qəfildən öz oturduğu tərəfdən qapını açıb ayağını çölə çıxarmış və səs-küy salaraq yol polisi əməkdaşlarının diqqətini cəlb etmişdir. Həmin vaxt DYP əməkdaşları onları saxlamış və sorğu-sual zamanı onların Asiyanı iradəsinə zidd olaraq qaçırdıqları məlum olduğu üçün polis şöbəsinə aparılmışlar. Orada isə Asiya onlardan şikayət ərizəsi yazmışdır. Məhkəmə istintaqı zamanı ifadə verməkdən imtina etsə də, ona ünvanlanan sualları cavablandırarkən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, zərərçəkmiş şəxsi yalnız ailə qurmaq niyyəti ilə qaçırmışdır. Ona qarşı heç bir zor və ya seksual xarakterli hərəkət etməmişdir. Həmin əməlin cinayət olduğunu bilməmişdir. Hazırda əməlindən çox peşmandır, dəfələrlə barışıq üçün zərərçəkmiş şəxsin ailəsinə müraciət etsə də, barışıq əldə olunmamışdır. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 CM-nin 144.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilsə də, ifadə verməkdən imtina etdiyindən onun məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs3 göstərmişdir ki, dostu Təqsirləndirilən şəxs1 həmkəndlisi Zərərçəkmiş şəxs sevdiyi üçün onunla ailə qurmaq istəmiş, lakin Asiya razı olmadığı üçün onu qaçırmaq istəmişdir. Bu barədə xx.xx.2020-ci il tarixdə ona və qardaşı Ruslana bildirərək ona köməklik etmələrini xahiş etmiş və aralarında razılıq əldə olunmuşdur. Həmin gün Asiyanı qaçırmaq üçün ona məxsus VAZ 21012 markalı 05 H 955 YX qeydiyyat nişanlı avtomobillə kəndin orta yolunda gözlədikdən sonra saat təxminən 17:30 radələrində Asiya ilə anasının gədiyini görmüşlər, Asiya ilə anası Mətanət onların avtomobilinin arxasına çatmağa bir neçə metr qalmış Elçin və Ruslan avtomobildən düşmüş, Elçin Asiyanın qolundan tutub zorla avtomobilə oturtmuş, Ruslan isə Mətanəti tutub saxlamışdır. Həmin vaxt Mətanət və Asiya onlara müqavimət göstərsələr də, Asiyanı avtomobilə oturtduqdan sonra Mətanət yerə yıxılmış, Mətanət yerə yıxılan kimi Ruslan da qaçıb avtomobilə oturduqdan sonra o, avtomobili Ləki-Xınaxlı yolu ilə Zərdab istiqamətinə və oradan da Ağcabədiyə sürmüşdür. X6 şəhərinə Elçinin xalasıgilə aparmaq olmuşdur. Elçin avtomobildə arxada sağ tərəfdə, Asiya isə sol tərəfdə sürücünün arxasında oturmuş, Ağcabədiyə çatan zaman DYP avtomobilinin yanından keçəndə Asiya qəfildən öz oturduğu tərəfdən qapını açıb ayağını çölə çıxarmış və səs-küy salaraq yol polisi əməkdaşlarının diqqətini cəlb etmişdir. Həmin vaxt DYP əməkdaşları onları saxlamış və sorğu-sual zamanı onların Asiyanı iradəsinə zidd olaraq qaçırdıqları məlum olduğu üçün polis şöbəsinə aparılmışlar. Orada isə Asiya onlardan şikayət ərizəsi yazmışdır. Məhkəmə istintaqı zamanı ifadə verməkdən imtina etsə də, ona ünvanlanan sualları cavablandırarkən Təqsirləndirilən şəxs3 bildirmişdir ki, zərərçəkmiş şəxsi yalnız xoş niyyət üçün qaçırmışlar. Ona qarşı heç bir zor tətbiq etməmişlər. Həmin əməlin cinayət olduğunu bilməmişdir. Hazırda əməlindən çox peşmandır, dəfələrlə barışıq üçün zərərçəkmiş şəxsin ailəsinə müraciət etsələr də, barışıq əldə olunmamışdır. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 CM-nin 144.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edərək sevdiyi qızı qaçırmaq istədiyini və bunun üçün ona köməklik etməsini xahiş etmiş, o da etiraz etməmiş və həmkəndlisi Zərərçəkmiş şəxs qaçırmaqda Təqsirləndirilən şəxs1 köməklik etmişdir. O, yalnız Elçinin xoşbəxtliyi üçün belə bir əməli törətmiş, həmin əməlin cinayət olduğunu bilməmişdir. Hazırda əməlindən çox peşmandır, dəfələrlə barışıq üçün zərərçəkmiş şəxsin ailəsinə müraciət etsələr də, barışıq əldə olunmamışdır. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, həmkəndlisi Elçin adlı şəxsin ona qarşı sevgi münasibətlərində olduğunu bilmiş, Elçinin bir neçə dəfə onu sevdiyini bildirdiyini və ona bu barədə mesaj yazdığını, lakin onu sevmədiyini və onunla ailə qurmaq niyyətində olmadığını Elçinə bildirmişdir. xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində anası Şahid1 ilə birlikdə nənəsigildən gələrkən yaşadıqları evə yaxınlaşan zaman üzü magistral yol tərəfə göy rəngli, rus nömrəsi ilə VAZ 21012 markalı avtomobilin dayandığını görmüş, anası ilə birlikdə həmin avtomobilin arxasına tərəf yaxınlaşdıqları zaman avtomobilin arxa hissəsindən 2 nəfər düşmüş, həmin şəxslərdən biri sonradan adlarını bildiyi həmkəndlisi Rüstəmin oğlu Ruslan anasının qollarından tutmuş, digər şəxs Bəhruzun oğlu Elçin isə ona yaxınlaşaraq qollarından tutaraq onu zorla avtomobilin arxa oturacağına əyləşdirmiş, Elçinin onu qaçırmaması üçün anası Ruslanın əlindən çıxıb onun əlindən tutsa da, anasının əli onun əlindən aralandığı və anası həmin vaxt avtomobilin arxasında yerə yıxıldığını üçün Elçinin əlindən çıxa bilməmişdir. Bu vaxt Ruslan anasının yıxılmağından istifadə edib tez qaçıb avtomobildə qabaqda əyləşmiş, sürücü Rizvan adlı şəxs isə avtomobili yüksək sürətlə sürərək Ağdaş-Ləki yoluna çıxıb üzü Ləki istiqamətinə hərəkət etməyə başlamışdır. Sürücünün həmkəndlisi Rizvan adlı şəxs olduğunu yolda bilmiş, yol gedərkən Elçinə onu qaytarmasını xahiş etmiş, lakin Elçin ona onu ailə qurmaq məqsədilə qaçırdığını, onu qaytarmayacağını bildirmişdir. Avtomobil Zərdab yolu ilə üzü Ağcabədi rayonuna hərəkət etmiş, həmin vaxt avtomobilin arxa sol oturacağında, yəni sürücünün arxasında oturduğundan Ağcabədi rayonunda polis avtomobilini gördüyündən polislərin onu görmələri və həmin avtomobili saxlamaları üçün həmin vaxt avtomobilin arxa qapısını açaraq ayağını qapıdan çölə çıxarmış, həmin vaxt polis əməkdaşları avtomobilin qarşısına keçib avtomobili saxlatmış, həmin vaxt polis əməkdaşlarına ona kömək etmələrini, onların onu qaçırmalarını bildirmişdir. Daha sonra polis əməkdaşları onlara yaxınlaşmış, onu polis avtomobilinə əyləşdirmiş, sonra isə həm onları, həm də onu Ağcabədi rayon polis şöbəsinə aparmışlar. Ağcabədi RPŞ-də ərizə yazıb izahat verərək həmin bu üç nəfər şəxsin onu Ağdaş rayonundan qaçırdıqlarını bildirmişdir. Sonra isə onun valideynlərinə məlumat verilmiş, atası və əmiləri gəlib onu Ağcabədi rayon polis şöbəsindən Ağdaş rayonuna aparmışlar. Hazırda təqsirləndirilən şəxslərlə barışmamışdır, onlardan şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində qızı Asiya ilə birlikdə anasıgildən gəldiklərini, yaşadıqları evə yaxınlaşan zaman üzü magistral yol tərəfə göy rəngli, rus nömrəsi ilə VAZ 21012 markalı avtomobilin dayandığını gördüyünü, qızı ilə birlikdə həmin avtomobilin arxasına çatdıqlarını və təxminən 1-2 metr qalmış avtomobilin arxa hissəsindən 2 nəfər həmkəndlisinin düşdüyünü, həmin vaxt həmkəndlilərindən Rüstəmin oğlu Ruslanın onun qollarından tutduğunu, digər həmkəndlisi Bəhruzun oğlu Elçinin isə qızına yaxınlaşaraq onun qollarından tutduğunu, Elçinin qızını zorla avtomobilin arxa oturacağına əyləşdirdiyini, Elçinin qızını qaçırmasına mane olmaq üçün Ruslanın əlindən çıxıb qızının əlindən tutduğunu, lakin əlinin qızının əlindən aralandığını və həmin vaxt avtomobilin arxasında yerə yıxıldığını, Ruslanın isə həmin vaxt qaçıb avtomobildə qabaqda əyləşdiyini, bu vaxt sürücünün avtomobili yüksək sürətlə sürərək Ağdaş-Ləki yoluna çıxıb üzü Ləki istiqamətinə hərəkət etməyə başladığını, bundan sonra gedib Elçinin anasına oğlunun iki nəfər şəxs ilə qızını götürüb qaçırdığını deyərək məlumat verdiyini, qızını qaytarıb gətirmələrini və Elçindən şikayətçi olmayacağını dediyini, həmin vaxt Elçinin anasının Elçinə zəng etdiyini, lakin Elçinə zəng çatmadığını, sonra da Elçinin anası Aybənizin narahat olmamalarını, qızı gətirtdirəcəyini dediyini, təxminən 1 saat gözlədiklərini, lakin məlumat olmadığını, daha sonra da X4 Bərdəyə bibisigilə qaçırdığını yəqin etdiyini, sonra Bərdəyə gedəsi olduqlarını, yolda Aybənizin qardaşına zəng gəldiyini və ona zəng edənin əri Sabir olduğunu, Sabirin Aybənizin qardaşına uşaqları Ağcabədi polis şöbəsinin əməkdaşlarının saxladıqlarını, onların Ağcabədi rayon polis şöbəsində olduqlarını, daha sonra yarı yoldan Ağcabədi rayonuna getdiklərini, əri Sabirin də qardaşları ilə birlikdə Ağcabədi rayon polis şöbəsinə gəldiklərini, qızı Asiyanı polis şöbəsindən götürüb Ağdaş rayonuna gəldiklərini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Şahid3 xx.xx.2020-ci il tarixdə həmkəndliləri Elçinin Ruslan və Rizvan adlı şəxslərlə birlikdə qardaşı qızı Asiyanı qaçırdığını, bu məsələni eşidib qardaşı Sabirgilə getdiyini, həmin vaxt Sabirin ona Asiya və onun həyat yoldaşı Mətanətin kəndin içərisi ilə gələndə qəfildən qarşılarında avtomobildə olan Elçin və Ruslanın yerə düşdüklərini, Elçinin Asiyanı zorla avtomobilə mindirdiyini, Ruslanın isə həmin vaxt Mətanəti tutub saxladığını dediyini, həmin ərəfələrdə qardaşı Rüfətin isə Sabirin həyat yoldaşı Mətanət və Asiyanı qaçıran Elçin adlı şəxsin anası ilə birlikdə Bərdə şəhərinə getdiklərini, Elçinin anasının, ola bilsin ki, Asiyanı Bərdə şəhərinə apardıqlarını dediyini, saat təxminən 21 radələrində qardaşı Sabirə zəng gəldiyini və Ağcabədi RPŞ-nin əməkdaşlarının qızı Asiyanı qaçıran şəxslərlə birlikdə Ağcəbədi rayonunun ərazisində saxladıqlarını dediklərini, Sabirlə birlikdə Ağcabədi rayonuna getdiyini və oradan Asiyanı götürüb gətirdiklərini, hadisənin xx.xx.2020-ci il tarixdə Ağdaş rayonunun Pirəyir kəndində baş verdiyini, Asiya ilə Elçin arasında sevgi münasibətlərinin olmadığını, Elçin Asiya ilə ailə həyatı qurmaq istəsə də, Asiyanın buna razı olmadığını, buna görə də, Elçinin Asiyanı iradəsinin əleyhinə olaraq zorla qaçırdığını bildirmişdir. Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, Şahid1 xx.xx.2020-ci il tarixdə yazılı şəkildə Ağdaş Rayon Polis Şöbəsinə müraciət edərək xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində qızı 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs həmkəndlisi Bəhruzun oğlu Elçin tərəfindən iki nəfər ayrı şəxslə birlikdə zorla iradəsinə zidd olaraq qaçırıldığını bildirmişdir. Həmin şəxslər barəsində qanuni tədbir görülməsini xahiş edir. (cild 01, iş vər. 7) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 oğurlandığı yer Ağdaş rayonunun Pirəyir kəndidir. (cild 01, iş vər. 15-17) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokollarından göründüyü kimi, hər üç təqsirləndirilən şəxsin ifadəsi hadisə yerində bir daha yoxlanılmış və hər üç şəxs dindirilən zaman bildirdiklərini təkrar göstərmişlər. Həmçinin müvafiq şəkillər çəkilərək protokollara əlavə olunmuşdur. (cild 02, 20-22, 23-25, 26-28) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində hər hansı bir xəsarət aşkar olunmamışdır. (cild 01, iş vər. 20-21) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Şahid1 bədənində hər hansı bir xəsarət aşkar olunmamışdır. (cild 01, iş vər. 202-203) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiаtrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hazırda da hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmk iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 02, iş vər. 29-30) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiаtrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hazırda da hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 02, iş vər. 31-32) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiаtrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hazırda da hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs3 hazırkı cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 02, iş vər. 33-34) Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cinayət əməli təqsirləndirilən şəxslərin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs və iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən iş materiallarında yer alan ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onların törətmiş olduğu əməl düzgün olaraq ibtidai istintaq orqanı tərəfindən CM-nin 144.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən, o cümlədən doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 anası, arvadı, 2004-cü və 2007-ci il təvəllüdlü iki azyaşlı uşağı ilə birlikdə Ağdaş rayonunun Pirəyir kəndində yaşayır. Onun barəsində yaşadığı yer üzrə heç bir ərizə və şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vər. 224-225, 227) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 anası və atası ilə birlikdə Ağdaş rayonunun Pirəyir kəndində yaşayır. Onun barəsində yaşadığı yer üzrə heç bir ərizə və şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vər. 230-231) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 anası və atası ilə birlikdə Ağdaş rayonunun Pirəyir kəndində yaşayır. Onun barəsində yaşadığı yer üzrə heç bir ərizə və şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vər. 232-233) Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. (cild 01, iş vər. 200-201, 246-247) Məhkəmə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələnməsini və səmimi peşmançılığını, o cümlədən zərərçəkmiş şəxslə barışıq əldə etməyə səy göstərməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələnməsini və səmimi peşmançılığını, o cümlədən zərərçəkmiş şəxslə barışıq əldə etməyə səy göstərməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət səciyyələnməsini və səmimi peşmançılığını, o cümlədən zərərçəkmiş şəxslə barışıq əldə etməyə səy göstərməsini CM-nin 59.2-ci maddəsinə əsasən, himayəsində iki azyaşlı uşağının olmasını isə CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hər üç təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda zərərçəkmiş şəxsin hazırda hər üç təqsirləndirilən şəxslə barışmamasını və onlardan şikayətçi olmasını nəzərə alaraq, habelə cəzanın məqsədinin təmin edilməsi üçün hər üç təqsirləndirilən şəxsə ayrı-ayrılıqda təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdə ayrı-ayrılıqda şübhəli şəxs qismində tutulmuş, Ağdaş rayon məhkəməsi tərəfindən qəbul edilən qərarlarla barələrində xx.xx.2020-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş, yenə Ağdaş rayon məhkəməsi tərəfindən qəbul edilən qərarlarla barələrində seçilmiş “həbs” qətimkan tədbiri xx.xx.2020ci il tarixdən “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri xx.xx.2020-ci il tarixdə, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri isə xx.xx.2020-ci il tarixdə məhkəmənin qərarları ilə ləğv edilmiş, həmin tarixlərdə ibtidai istintaq orqanı tərəfindən hər bir təqsirləndirilən şəxs barəsində ayrı-ayrılıqda “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 56, 78, 99, 179-181, 183-185, 187-189, 211-219, cild 02, iş vər. 52-54, 56-58, 59-60, 63-64, 68-70, 71-72) Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduqları, həbsdə və ev dustaqlığında olduqları müddət cəzalarına hesablanmalı, şübhəli şəxs qismində tutulduqları iki gün onlara təyin olunan cəzadan çıxılmalı, cəzaçəkmənin əvvəli hər bir təqsirləndirilən şəxs üçün hökm çıxarılan tarixdən, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli, hər üç təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilməli, X3 yerləşdirilmələri üçün Mühafizə Taboruna təhvil verilməli və barələrində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxslərin xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. İş üzrə maddi sübutun və məhkəmə məsrəfinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ev dustaqlığında olduğu müddət, cəmi 05 (beş) ay 26 (iyirmi altı) gün ona təyin olunan cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində 07 (yeddi) il 06 (altı) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 yerləşdirilməsi üçün X1 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ev dustaqlığında olduğu müddət, cəmi 05 (beş) ay 25 (iyirmi beş) gün ona təyin olunan cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində 08 (səkkiz) il 05 (beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 yerləşdirilməsi üçün X1 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ev dustaqlığında olduğu müddət, cəmi 05 (beş) ay 25 (iyirmi beş) gün müddət ona təyin olunan cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində 07 (yeddi) il 06 (altı) ay 05 (beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 yerləşdirilməsi üçün X1 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində X9 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-133/2020
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-133/2020
13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver