Məhkəmə qərarları › İş №1(091)-133/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-133/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-133/2023 04.10.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Yevlax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 01 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya haqqında” qərarına əsasən cəzası 06 ay azaldılmış və 22 mart 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 5,407 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 oktyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 12:00-da Yevlax şəhəri, Nizami prospekti 78 ünvanının qarşısında saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda - 5,407 qram çəkidə narkotik vasitə heroin əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisələr ittiham aktında yazıldığı kimi cərəyan etməmişdir. Belə ki, polis əməkdaşları onu küçədə deyil, məhz yaşadığı evdə saxlamışlar. Evdə olduğu zaman 4-5 nəfər polis əməkdaşı evə daxil olmuşdur. Bundan sonra, onu polis şöbəsinə aparmışlar. Daha sonra üzərinə şəxsi axtarış keçirmişlər. Həmin vaxt vəkili Sevda xanım olmuşdur. Videoçəkilişdən əvvəl üzərinə şəxsi axtarış keçirmişlər. Üzərində qanunsuz heç nə olmamışdır. Bundan sonra, onu polis şöbəsinin pilləkəninə aparmışlar və cibinə narkotik vasitə qoymuşlar. Daha sonra videoçəkiliş olmuş və ona təzyiq olunduğu üçün videoçəkiliş zamanı həmin narkotik vasitəni cibindən çıxarıb təqdim etmişdir. İttiham aktında yazılmışdır ki, güya o, narkotik vasitəni qəbiristanlıqdan tapmışdır. Halbuki, belə bir hal baş verməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı müstəntiq onu dindirməmişdir. Üzərinə videoçəkilişlə şəxsi axtarış keçirmişlər. Üzərinə şəxsi axtarış keçirməzdən əvvəl, ona polis əməkdaşları tərəfindən təzyiq olunmuşdur. Buna görə də, məcbur qalaraq narkotik vasitəni boynuna almışdır. Şəxsi axtarış zamanı vəkili yanında olmuşdur. Polis əməkdaşlarından qorxduğu üçün vəkilə heç nə bildirməmişdir. Polis əməkdaşları onu evdən aparmışlar. Həmin vaxt qonşuları bunun şahidi olmuşdur. Saxlanılan zaman yanında qonşuları olmuşdur. Qonşusunun adı Faiqdir. İbtidai istintaq zamanı şübhəli şəxs qismində verdiyi ifadəni xatırlayır. Həmin ifadəni təzyiq altında vermişdir. Polis əməkdaşları onu döymüşlər və daha sonra ona demişlər ki, əgər narkotik vasitəni boynuna almasa, evinə silah və külli miqdarda narkotik vasitə qoyacaqlar. O da qorxduğu üçün bu məzmunda ifadə vermişdir. Bakı İstintaq Təcridxanasına daxil olan zaman döyülməyini bildirməmişdir. Barəsində həbs qətimkan tədbiri seçildiyi zaman məhkəməyə döyülməyini bildirməmişdir. Həmçinin, vəkilinə də döyüldüyünü bildirməmişdir. Çünki polis əməkdaşlarından qorxmuşdur. Polis əməkdaşları onu evdə saxladıqları zaman üzərində narkotik vasitə olmamışdır. Cibində narkotik vasitənin tozları olmuşdur. Narkotik vasitə olan büküm olmamışdır. Özünü narkotik vasitə istifadə etdiyi üçün təqsirli bilir, lakin saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Həmin narkotik vasitə olan bükümü polis əməkdaşları onun cibinə qoymuşlar. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, heç bir xəstəliyi, o cümlədən ruhi-əsəb xəstəliyi yoxdur, evlidir və 2 yetkinlik yaşına çatmış övladı vardır, maşın ustası kimi Yevlaxda fəaliyyət göstərmişdir. Daha sonra bildirmişdir ki, 35 ildir ki, “kakos”dan və “tiryək”dən istifadə edir. Qəbul etdiyi maddələri Yevlax rayonu ərazisində yerləşən “Dəvəçi” qəbiristanlığından adı və anket məlumatları ona məlum olmayan ayrıayrı şəxslərdən 5 manata alırmış. Bu əməllərinə görə 4-5 dəfə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Sonuncu dəfə isə “kakos” kimi tanıdığı maddəni 28 oktyabr 2022-ci il tarixdə saat 11:00 radələrində Yevlax rayonu ərazisində yerləşən “Dəvəçi” qəbiristanlığının yaxınlığında yerdən tapdığını və narkotik vasitələri şəxsi istifadəsi üçün aldığını qeyd etmişdir. Hadisə ilə bağlı onu bildirmişdir ki, həmin günü, yəni 28 oktyabr 2022-ci il tarixdə saat 12:00 radələrində ünvan 4 ünvanında olduğu zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmiş, o özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “kakos” vardır. Bundan sonra polis əməkdaşları onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmiş, o da buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Şöbəyə gəlmiş, polis şöbəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, üzərində “kakos” adı ilə bildiyi narkotik vasitə heroin olduğunu bildirib, əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan “kakos”u çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs 16 manat pul aşkar edilmişdir. İştirakçıların şahidliyi ilə təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilən zaman bükümün içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik “kakos”un olmağı müəyyən edilmiş və götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan 01 bükümdə “kakos” polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş 16 manat pul isə onun özünə qaytarılmış, daha sonra keçirilən şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 27 oktyabr 2022-ci il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmiş və həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 və Baş İdarənin təhqiqatçısı X2 daxil edilmişdir. 28 oktyabr 2022-ci il tarixdə saat 12:00 radələrində Təqsirləndirilən şəxs ünvan 5 ünvanının qarşısında olacağı müəyyən edilmiş, daha sonra qrup üzləri birlikdə Yevlax şəhərinə getmiş, Təqsirləndirilən şəxs tutulması, eləcə də cinayətin izlərinin aşkar edilməsi ilə bağlı əməliyyat tədbirinin Yevlax rayonu ərazisində keçiriləcəyini nəzərə alıb zərurət yarandığından Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirinin keçirilməsində iştirak etmələrindən ötrü xahiş etmiş, Yevlax Rayon Polis Şöbəsi tərəfindən əmrlə əməliyyat qrupu yaradılmış və qrupun tərkibinə cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid3 və post-patrul xidmətinin polis nəfəri, polis baş serjantı Şahid4 daxil edilmişlər. Daha sonra onlar Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə həmin ünvana getmiş, saat 12:00 radələrində həmin küçədə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin olduğunu müşahidə etmiş, həmin vaxtı onlar ona yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etmədən onlarla polis şöbəsinə gəlmiş və şöbənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “kakos” olduğunu bildirib, əynində olan şalvarın cibindən 01 ədəd sellofan bükümü və 16 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, onun təqdim etdiyi 01 ədəd sellofan büküm açıldıqda həmin sellofan bükümlərin içərisində narkotik vasitə heroinə oxşar maddələr aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmiş bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 16 manat pul Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini həmin günü səhər saatlarında Yevlax şəhərində yerləşən qəbiristanlıqda yerdən tapdığını bildirmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib olunmuş və protokol düzgün tərtib edildiyindən bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini Yevlax şəhərində yerləşən qəbiristanlıqda yerdən tapdığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə olan heroinə şəxsin etirazı olmamışdır. Tədbirə o, rəhbərlik etmişdir. Ona şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı tədbirdən əvvəl həmin ərəfədə daxil olmuşdur. Ona şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat-axtarış tədbiri ilə bağlı qərarı o, qəbul etmişdir. Şəxsin üzərində narkotik vasitə olması və satması barədə məlumat olmuşdur. Ona görə də, təxirəsalınmaz tədbir keçirmişlər. Qərarda şəxsin saxlanılması və üzərinə şəxsi axtarış keçirilməsi qeyd olunmuşdur. Şəxsin üzərinə saxlanılan vaxt şəxsi axtarış keçirməmişlər. Çünki şəxs həmin vaxt narkotik vasitəni itirə bilər, qaça bilər və müqavimət göstərə bilərmiş. Ona görə də, şəxsi axtarış şöbədə keçirilmişdir. Şəraitə uyğun olmadığı üçün şəxsi şöbəyə dəvət etmişlər və orada şəxsi axtarış keçirmişlər. Şəxsə özlərini təqdim etmişlər, qərarla tanış etmişlər, daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Şəxs etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Şəxsin evinə baxış keçirməmişlər. Videoçəkiliş zamanı şəxsdən başqa yerdə narkotik vasitə olması barədə soruşulmuşdur. Şəxs cavab olaraq başqa yerdə narkotik vasitə saxlamadığını qeyd etmişdir. Bakı şəhərindən Yevlax şəhərinə gəlmişlər və şəxsin yerini müəyyən etmişlər. Şəxsi Yevlax şəhəri Nizami küçəsində saxlamışlar. Şəxsi yaşadığı evdə saxlamamışlar. Əməliyyatın təhlükəyə düşmə ehtimalı olduğu üçün satışı realizə edə bilməmişlər. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuşdur. Səhv etmirsə, şəxsi onun maşını ilə aparmışlar. Dəqiq xatırlamır, əgər səhv etmirsə Təqsirləndirilən şəxs şəxsi maşınla aparmışlar. Şəxs barəsində əməliyyat məlumatı ona daxil olmuşdur. Şəxs barəsində ona əvvəllər məlumat daxil olmamışdır. Məlumatın məzmunu satış və saxlamadan ibarət olmuşdur. Məlumat 27 oktyabr 2022-ci il tarixdə daxil olmuşdur. Tədbir isə 28 oktyabr tarixində keçirilmişdir. Çünki daxil olan anonim məlumatda göstərilirmiş ki, şəxs 28 oktyabr saat 12 radələrində həmin yerdə olacaqdır. Ona görə də, tədbir 28 oktyabr tarixində keçirilmişdir. Məlumat axşam saatlarında daxil olmuşdur. Təxirə salınmaz tədbir olduğu üçün, həm də axşam saatları olduğu üçün məhkəmə qərarını almamışlar. Şəxsi Yevlax şəhəri Nizami küçəsində saxlamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun qonşusudur. O, özü taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığını və aparıldığını görməmişdir. Ümumiyyətlə şəxsin saxlanıldığını bir gün sonra öyrənmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, şəxsin saat neçədə polis əməkdaşları tərəfindən aparıldığını bilmir. 28 oktyabr 2022-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Şəxsin saxlanılmasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı anı görməmişdir. Ona polis əməkdaşları tərəfindən təzyiq olunmamışdır. Şəxsin saxlanılma anını görməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun qonşusudur. Hadisə ilə bağlı bunu deyə bilər ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığını və aparıldığını görməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan gün onun evində olmamış, onun saxlanılma anının şahidi olmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Məzahir” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Müəyyən edilmişdir ki, “Məzahir” adlı şəxs xx.xx.1967-ci ildə ünvan 8 ünvanında qeydiyyatda olan və həmin ünvanda faktiki olaraq yaşayan Təqsirləndirilən şəxsdur (cild 01, iş vərəqi 04). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05-06). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları və Yevlax RPŞ-nin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən xx.xx.1967-ci ildə ünvan 8 ünvanında qeydiyyatda olan və həmin ünvanda faktiki olaraq yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 12:00-də Yevlax şəhəri, Nizami küçəsi, ev 78 ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 01, iş vər. 13). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, polis əməkdaşları tərəfindən müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs 16 manat pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman tünd qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddənin olması müəyyən edilmiş və qanuna müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Video çəkilişin əks olunduğu görüntülər CD diskə köçürülərək müvafiq protokola əlavə edilmişdir (cild 01, iş vər. 32-34). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının xx.xx.2022-ci il tarixli 6/6276 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə..., şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi – 5,407 qram olan qəhvəyi rəngl toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (cild 01, iş vər. 46-49). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(005)-1400/2022 nömrəli qərarı ilə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 01 iş vər, 113-115). Cinayət işinin materiallarına olan “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdən təqdim olunmuş məktubdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü ünvan 11 ünvanında qeydiyyatda olan X5 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 01 iş vər, 149). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığının cavab məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 5,407 qram çəkidə narkotik vasitə heroini əldə etmə mənbəyini, əvvəllər narkotik vasitənin satışı ilə məşğul olub-olmadığını, onun narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, digər cinayətlərin törədilməsində iştirakının müəyyən edilməsi məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlumat əldə etmək mümkün olmamışdır (cild 01 iş vər, 150). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 29 oktyabr 2022-ci il tarixli 6441 nömrəli rəyindən görünür ki: müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmçinin, məhkəmə-narkoloji ekspertizasından keçən zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə olan heroindən uzun müddətdir ki, inyeksiya yolu ilə istifadə edir (cild 01 iş vər, 171-172). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 493/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir (cild 01 iş vər, 174-175). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1 və 234.4.2ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01 iş vər, 194-202). Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilməsi, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, yəni Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncunun əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatqeydiyyat işi açılmamış, polis əməkdaşları tərəfindən narkotik vasitənin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, sadəcə barəsində əməliyyat məlumatı daxil olduğu üçün polis şöbəsinə dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 01 ədəd bükümdə təmiz çəkisi 5,407 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitələrin ayrı-ayrı bağlamalara, xırda və eyni ölçülü bükümlərə yığılmaqla saxlanılmaması, evindən və həyətyanı sahəsindən başqa narkotik vasitənin aşkar olunmaması, habelə üzərindən və evindən elektron tərəzinin aşkar olunmaması, digər tərəfdən təqsirləndirilən şəxsin özünün opioidlərin qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 01 ədəd bükümdə təmiz çəkisi 5,407 qram külli miqdarda olan narkotik vasitə-heroin satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Eyni zamanda, şəxsə məxsus mobil telefon ibtidai istintaq orqanı tərəfindən götürülərək həmin telefona və şəxsə məxsus mobil nömrəyə daxil olan-çıxan zənglər, SMS-lər barədə məlumatlara baxış keçirilmiş, lakin iş üçün hər hansı əhəmiyyətli bir hal müəyyən olunmamışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı qeyd etdiklərini (narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə edib üzərində saxlaması ilə bağlı ifadəsini) səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üstüstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına məhz həmin ifadələri qoyur. Məhkəmə kollegiyası polis əməkdaşlarının məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olması ilə bağlı verdikləri şahid ifadələrini dinləyib, həmin ifadələri iş üzrə mövcud olan digər sübutlarla qarşılıqlı şəkildə araşdırıb, həmin şəxslərin ifadələrinə bu hissədə tənqidi yanaşır və hesab edir ki, şəxslərin bu xüsusatla bağlı ifadələri ehtimallara əsaslanır və iş materiallarında olan sübutlarla təsdiq olunmur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı narkotik vasitənin ona aid olmaması, polislər tərəfindən ona təzyiq olunması və təzyiq altında ona aid olmayan narkotik vasitənin ona aid olması ilə bağlı verdiyi ifadələrlə bağlı bildirdiklərinə gəldikdə isə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiyi məsələlərin iş materiallarında olan digər sübutlarla təkzib olunduğundan, həmin ifadələrə tənqidi yanaşır və əsaslı hesab etmir. Belə ki, iş materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə narkotik vasitənin üzərindən aşkar olunması zamanı, təqsirləndirilən şəxs qismində dindirilərkən, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən, istintaq təcridxanasına gətirilib həkim müayinəsindən keçirilərkən narkotik vasitənin ona aid olmaması barədə heç nə bildirməmişdir. Bundan əlavə, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyindən də görünür ki, Təqsirləndirilən şəxs bildirdiyi tarixə uyğun xəsarət izləri aşkar edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası o halı da vurğulayır ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı polis əməkdaşları tərəfindən məhz yaşadığı evdə saxlanıldığını və saxlanılan zaman qonşularının həmin anın şahidi olduğunu bildirmişdir. Sözügedən xüsusatların araşdırılması üçün həmin şəxslər məhkəmə iclasına əlavə şahid qismində dəvət olunaraq dindirilmiş, lakin sözügedən şəxslər, yəni X4 və X8 belə bir halın baş vermədiyini məhkəmə iclasında birbaşa təqsirləndirilən şəxsin üzünə qarşı bildirmişlər. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərini əsaslı hesab etmir, onları müdafiə xarakterli ifadə kimi qəbul edir, əksinə onun ibtidai araşdırma zamanı heç bir təzyiq və təsir altında olmadan müdafiəçinin iştirakı ilə verdiyi qismən etirafedici ifadəsini iş materialları ilə üst-üstə düşdüyündən, əsaslı hesab edir və ittihamın əsasına məhz həmin ifadəni qoyur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Cinayət Məcəlləsinə 234.1-1-ci maddəsi əlavə edilmiş və həmin maddənin dispozisiyasında göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – həmin şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Sözügedən qanun xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və rəsmi qaydada dərc edilmişdir. Odur ki, hazırki cinayət əməli 2022-ci ilin may ayından sonrakı dövrə, yəni 2022-ci ilin oktyabr ayına təsadüf etdiyindən, şəxsin əməli CM-in 234.1-1-ci maddəsinə tövsif olunmalı və şəxs həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (arvadı, xx.xx.1993-cü il təvəllüdlü oğlu və xx.xx.1994-cü il təvəllüdlü oğlu ilə) birlikdə Yevlax şəhəri, Nizami pr., 78 ünvanında yaşayır, yaşayış yeri üzrə qismən yaxşı səciyyələndirilir (cild 01, iş vərəqi 152-154). İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Yevlax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan başqa Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli hökmünə əsasən CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 01 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya haqqında” qərarına əsasən cəzası 06 ay azaldılmış və 22 mart 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 124-126, 127-132, 133-137, 145-148). Belə olan halda CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin residivi müəyyən edilir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan başqa Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli hökmünə əsasən CM-in 317- 2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 01 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya haqqında” qərarına əsasən cəzası 06 ay azaldılmış və 22 mart 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli hökmünə əsasən məhkum olunduğu cinayət əməli (CM-in 234.1-ci maddəsi) az ağır cinayət sayıldığından, CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxs cəzasını çəkib qurtardıqdan sonra 02 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından və hökmlərin məcmusu üzrə məhkum olunan Təqsirləndirilən şəxs məhkumluq müddətinin axımı onun azadlığa çıxdığı 22 mart 2022-ci il tarixdən hesablanmağa başladığından, o isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin residivi yaranmış olur. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. İlk dəfə cinayət əməli törətmiş şəxslə müqayisədə təkrar cinayət törətmiş şəxs daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən həmin şəxslərə eyni cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil etmiş olar. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin yarısından az olmayan həddə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12:50də şübhəli şəxs qismində tutulmuş tutulmuşdur (cild 01, iş vər. 23). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixindən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 103-105). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzasının başlanğıcı hüquqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılma kamerasında saxlanılan 5,307 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 92 AZN (doxsan iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 5,307 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 92 AZN (doxsan iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar