Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-134/2021 12.07.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (Cinayət törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş şəxsin cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair) Məhkəmə tərkibi – hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X8, Zərərçəkmiş şəxsin hüquqi varisi – X2, Cinayət törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş şəxs X7 müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X12, Cinayət törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi - Qanuni nümayəndə, xx.xx.1970-ci il tarixdə Zaqatala rayonunun Yengiyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu, Yengiyan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirilmə təhlükəsizlik tədbiri tətbiq edilməklə hazırda 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müşahidə altında saxlanılan Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işi materiallarına Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs əziyyət çəkdiyi “Depressiv tipli şizoaffektiv pozuntu” psixi xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə yəni, psixotik vəziyyətdə olmasına görə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan, 21.10.2020-ci il tarixdə saat 15 radələrində Zaqatala rayonu, Yengiyan kənd qəbiristanlığının yaxınlığında yerləşən fındıq sahəsindən fındıq kollarının diblərində olan təzə kökləri özü ilə götürdüyü balta ilə kəsib yenidən əkmək üçün yığan zaman səhhətində olan problemlərlə əlaqədar arvadı X3 psixi xəstə olduğu üçün ondan boşanıb başqa şəxslə evlənəcəyini deməsi ilə bağlı sonuncu ilə arasında 2-3 gün əvvəl olan mübahisəni xatırlayaraq əsəbiləşərək Zalxa İsmayılovanı qəsdən öldürmək qərarına gələrək bu cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə həmin vaxt əlində olan özünə məxsus balta ilə Zalxa İsmayılovaya arxadan yaxınlaşaraq sonuncunun başına bir neçə dəfə zərbə vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid alın nahiyəsində kəsilmiş yara, dərəcəsinə görə, canlı şəxslərdə olduğu kimi həyatla bir araya sığmayan ağır zərərvurmaya aid ənsə nahiyəsində kəllə əsasına keçən geniş həcmli kəsilmiş-çapılmış yaralar, kəllə tağı sümüklərinin basılmış qəlpəli yerdəyişən çoxsaylı sınıqları, baş beyin maddəsinin və qişasının kəsilmiş yaraları, baş beyinə və qişalarına qansızma xəsarətləri yetirməklə qəsdən həyatdan məhrum etmiş, yəni qəsdən öldürmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs barəsində təqdim edilmiş sübutlar aşağıdakı qaydada tam, hərtərəfli və obyektiv araşdırıldı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməlin Təqsirləndirilən şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi tam təsdiq olundu. Belə ki, Təqsirləndirilən şəxs psixi xəstəliyi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyindən qanuni nümayəndəsinin iştirakı ilə onun ibtidai istintaq zamanı cinayət prosessual fəaliyyət qabiliyyəti istisna edilmədiyi halda verdiyi ifadəsi elan və tədqiq edildi. Həmin ifadəsində Təqsirləndirilən şəxs qanuni nümayəndəsi və həkim-mütəxəssisin iştirakı ilə dindirilərkən göstərmişdir ki, 1998-ci ildə Zaqatala rayonu Mosul kənd sakini Zalxa İsmayılova ilə ailə həyatı qurmuş, bu nikahdan Ceyran, Nurcan, Sultanə və Allahverdi adlı 4 övladı olmuşdur. Rəsmi qaydada heç bir yerdə işləməmiş, kənd təsərrüfatı ilə məşğul olaraq ailəsinin maddi ehtiyaclarını qarşılamışdır. Evləndikləri gündən Zalxa ilə aralarında heç vaxt narazılıq olmamış, ailə daxili münasibətləri daim yaxşı olmuşdur. Orta məktəbi Zaqatala rayonu, Yengiyan kəndində oxumuş, orta təhsilini bitirdikdən sonra isə Rusiya Federasiyası “Primorsk Kray” adlanan ərazidə hərbi xidmətdə olmuşdur. Heç vaxt cinayət məsuliyyətinə cəlb edilməmişdir. Əvvəllər başında ağrılar olduğu üçün bacısıgil onu həkim müayinəsinə aparmış, müayinələrdən sonra ona müalicə kursu təyin edilmişdir. Həmin ərəfələrdə öz-özünə bu halına görə tutulacağını fikirəşmiş, dəlixanaya, yoxsa türməyə aparılacağını bilmədiyi üçün qorxmuşdur. Müalicə kursu davam edən zaman bir qədər səhhətində irəliləyişlər olmuşdur. 02 dekabr 2019-cu il tarixdə Yengiyan kəndində çayxanada oturub tanışları ilə loto oynayan zaman kənd sakini olan Rəcəb adlı şəxs camaatın içində ona “petux” deyərək təhqir etmiş, sonra orada olan şəxslərə “bunu tutun, petux eliyəcəm” demişdir. Həmin vaxt orada Yengiyan kənd sakinləri Şahid11, Şahid6 və xatırlamadığı digər şəxslər olmuşdur. Rəcəbin bu sözündən sonra çayxanada olan adamlar ona güldükləri üçün əsəbiləşib Rəcəbə bir təpik vurmuşdur. Bundan sonra kənd arasında bu söhbət yayılmış, onun uşaqlarını görənlərin “petuxun qızıdır, petuxun uşağıdır, bunları kim alasıdır” deməsini eşitdiyi üçün bu söhbətlər də ona pis təsir etmişdir. Bütün günü uşaqlarını evləndirə bilməyəcəyi fikri ilə gəzmişdir. Qardaşı da dəfələrlə ondan nəyə görə fikirli olduğunu soruşduqda heç bir probleminin olmadığını demişdir. Bundan sonra səhhəti daha da pisləşmiş, dayandığı yerdə bütün bədəni əsmiş, hərdən bir öz özünə danışmış, evi vurub dağıtmaq istəmişdir. Kənd sakinlərindən mərhum arvadı Zalxa haqqında hər hansı bir mənfi söz eşitməmiş, özü də arvadının hər hansı bir səhv hərəkətinin şahidi olmamışdır. Zalxa onun qulluğunda yaxşı durmuşdur. 21 oktyabr 2020-ci il tarixdə saat 9 radələrində yuxudan oyanmış, həmin vaxt evdə arvadı, bacısı Gülzadə və uşaqları olmuşdur. Yuxudan oyandıqdan sonra əl üzünü yuyub səhər yeməyi yedikdən sonra Zalxa ilə birlikdə heyvanları sağmışdır. Heyvanları sağdıqdan sonra evə qayıtmış, bundan sonra bir qədər evdə oturub, kənd qəbiristanlığının yaxınlığında yerləşən kənd camaatına məxsus fındıq sahəsindən təzə kökləri götürüb yenidən əkmək məqsədi ilə odun kəsmək üçün istifadə etdiyi baltanı da götürüb evdən çıxmışdır. Evdən çıxan zaman arvadı Zalxaya sahəyə getdiyini, sonuncunun da gəlməsini demişdir. Həmin vaxt həyətdə olan 4 baş inəyini də sahəyə aparmış, sahəyə gələn zaman yolda heç kimlə rastlaşmamışdır. Sahədə olarkən fındıq kollarının diblərində olan təzə kökləri özü ilə götürdüyü balta ilə kəsib yığmışdır. Bu ərəfələrdə arvadı Zalxa da gələrək ona kökləri kəsməsini deyib özünün də qoz yığdığını bildirmişdir. Bu zaman ani olaraq Rəcəbin dediyi sözlər onun yadına düşmüş, yenidən Rəcəbin bu sözündən sonra onun qızlarını alan olmayacağını fikirləşib əsəbləşmişdir. Həmçinin hadisə baş verən gündən 2-3 gün qabaq Zalxa ona dəli olduğu üçün ondan boşanmaq istədiyini demişdir. Zalxanın ondan boşanmasını istəməmiş, həmin vaxt sahədə olan zaman bir anlıq Zalxanın ona dediyi sözlər də yadına düşmüşdür. Birdən Zalxanın ondan boşanıb başqa kişiyə getməsini düşünərək Zalxanı vurub öldürməyi, sonra da özünü öldürməsini, bundan sonra rahat olacağını fikirləşmişdir. Bundan sonra o, inəyi bağlamış, bu zaman arvadı Zalxa qoz yığmışdır. Əsəbiləşdiyi üçün özü ilə gətirdiyi baltanı iki əli ilə tutaraq küt tərəfi ilə arxası ona tərəf olan Zalxanın başına vurmuşdur. Bu zaman Zalxa ucadan qışqıraraq ona “dəli olmusan?” demişdir. Bundan sonra Zalxaya bir neçə dəfə vurduqdan sonra sonuncu yerə yıxılmışdır. Zalxa yerə yıxıldıqdan sonra da bir neçə zərbə endirmiş, həmin vaxt Zalxanın burnundan qan gəlmişdir. Həmin vaxt qorxudan əsməyə başlamış, tutulacağini fikirləşmişdir. Bundan sonra tez oradan çıxıb qəbiristanlığın yaxınlığında olan bulağa tərəf gedərək Zalxanı vurması bilinməməsi üçün baltanın qanlı tərəflərini yumuşdur. Bundan sonra özünü asmaq üçün tez oradan uzaqlaşmış, yolda Ramazanla rastlaşaraq salamlaşdıqdan sonra sonuncudan kəsmək üçün akasiya tiri istəmişdir. Lakin Ramazan ona tir olmadığını demiş, Ramazanla söhbət etməkdə məqsədi onun Zalxanı vurmağından Ramazanın şübhələnməməsi olmuşdur. Ramazandan aralaşdıqdan sonra yola tərəf gedən zaman Zahidlə rastlaşmış, Zahid onu görəndə nə olduğunu, nə axtardığını soruşmuşdur. Zahidə heç nə olmadığını deyərək aralaşmışdır. Kənd qəbiristanlığının yanında Turalla rastlaşmış, sonuncu ilə də hal əhval tutub uzaqlaşıb Əliabad qəsəbəsinə tərəf getmişdir. Yolda onu Şahvələd adlı keçmiş polis işçisi görmüş, Şahvələd ona yaxınlaşaraq “əmi oğlu burda nə edirsən, əlindəki baltanı qoy yerə cinayət törətmisən, səni axtarırlar” demişdir. Bu zaman Şahvələdə heç kimi vurmadığını demiş, lakin Şahvələd baltanı yenə yerə qoymağını dediyi üçün baltanı yerə qoymuşdur. Baltanı yerə qoyub bir qədər Şahvələdlə söhbət edən zaman polis əməkdaşları gələrək onu tutmuşlar. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, mərhum bacısı Zalxa İsmayılova 1999-cu ildə Zaqatala rayonu Yengiyan kənd sakini Təqsirləndirilən şəxsla ailə həyatı qurmuş, birgə nikahlarından 4 övladları olmuşdur. Evləndikləri gündən Zalxa ilə Fazilin arasında hansısa narazılığn olması barədə heç nə eşitməmişdir. Fazilin səhhətində bəzi problemlər olduğunu və bununla əlaqədar həkim müayinələrində olaraq müalicələr aldığını eşitmişdir. 21 oktyabr 2020-ci il tarixdə axşam saatlarında bacısı Zalxanın əri Fazil tərəfindən öldürülməsini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2020-ci il tarixdə saat 14-15 radələrində fermada olduğu vaxt Fazilin Qandax yolu tərəfdən gəldiyini görmüş, Fazil ona yaxınlaşdıqda salamlaşıb hal əhval tutmuşlar. Bu zaman Fazilin rəngi bir qədər avazımış və sanki nədənsə qorxmuş vəziyyətdə olmuşdur. Fazilin əlində balta olmuş, əynində olan idman şalvarının cibindən isə ot preslərinin bağlanması üçün istifadə edilən ip sallanmışdır. Fazillə söhbət zamanı sonuncu ondan tir hazırlamaq üçün bir ədəd akasiya ağacı istəmiş, Fazilə səhəri gün gəlib aparmasını bildirmişdir. Bundan sonra Fazil öz sahəsinə tərəf getmiş, o da öz işi ilə məşğul olmuşdur. Bir qədər keçdikdən sonra Fazilin sahəsi tərəfdə xeyli adam toplaşdığını görüb, kənd qəbiristanlığının qapısının qarşısında dayanıb adamların nəyə görə toplaşmasını öyrənmək üçün oraya baxdıqda polis əməkdaşlarının gəldiyini görmüşdür. Bu zaman həmkəndlisi Fikrət ona yaxınlaşaraq Fazilin arvadı Zalxanı öldürməsini bildirmişdir. Axşam saatlarında isə kənd camaatından Fazilin artıq polis əməkdaşları tərəfindən saxlanılmasını eşitmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 21 oktyabr 2020-ci il tarixdə saat 13-14 radələrində Yengiyan kəndindən Qandax kəndində gedən yolda körpünün yaxınlığında olan sahədən çıxarkən körpünün yaxınlığında həmkəndlisi Fazilin yolun kənarında dayanmasını görmüşdür. Fazilin yanına gedib əl verib görüşüb hal əhval tutduqdan sonra Fazildən niyə yolun kənarında dayanmasını soruşduqda Fazil ona akasiya tiri axtardığını bildirmişdir. Fazilə içərilərdə akasiya olub-olmadığını maraqlandıqda sonuncu ona Ramazandan istədyini və vermədiyi üçün yol qırağına baxdığını demişdir. Bundan sonra o, Fazilə ev getdiyini deyərək birlikdə evə qayıtmağı təklif etsə də, Fazil ona işinin olduğunu evə özünün gedəcəyini demişdir. Saat 16 radələrində sahədə olan heyvanlarını götürüb evinə qayıdanda yolda olan camaatdan Fazilin arvadı Zalxanı fındıq bağında öldürməsini eşitmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 21 oktyabr 2020-ci il tarixdə saat 13-14 radələrində Yengiyan kənd qəbirtanlığının yaxınlığında olan kötükləri götürmək üçün gedərkən qəbiristanlığın yanına çatanda Fazilin qəbiristanlığın qarşısında olan kötüyün üstündə oturduğunu görmüşdür. Bu zaman o, idarə etdiyi avtomobili saxlayıb avtomobildən düşərək Fazilə yaxınlaşıb “əmi oğlu nə var nə yox, burda nə edirsən” demiş, Fazil də heç salamatçılıqdı deyərək yerindən ayağa durmuşdur. Həmin vaxt Fazilin əlində odun doğramaq üçün balta, əynində isə qara rəngli idman şalvarı, qara rəngli kofta və ayağında qara rəngli rezin çəkmə olmuşdur. Sahənin qapısını açıb içəri keçib kötükləri doğramağa başlamış, bu vaxt dəzgah işləmədiyi üçün işini saxlamışdır. Bu vavt yaxınlıqdan keçərək sahəyə tərəf gedən Fikrət ona “əmi oğlu deyirlər sahənin içində kimsə yatır” demiş, həmin şəxsin kim olmasını maraqlanmaq üçün yaxın gedərkən bir qadının üzü aşağı uzandığını, baş tərəfinin qan olmasını görüb artıq öldüyünü başa düşmüşdür. Qadının əynində qırmızı kofta, qara rəngli qolsuz gödəkçə və yubka olmuş, telefonu üstündə olmadığı üçün Fikrət öz telefonu ilə icra nümayəndəsinə və 103-ə zəng etmişdir. Sonradan həmin ölən qadının Fazilin arvadı Zalxa olması məlum olmuşdur. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2020-ci il tarixdə saat 16 – 17 radələrində kənddə olarkən polis avtomobillərinin kənd ərazisində intensiv hərəkət etməsini görüb maraqlandıqda Fazilin arvadı Zalxanı sahədə balta ilə vurub öldürməsi ona məlum olmuşdur. Bundan sonra o, özünə məxsus pay torpağına gedərkən təsadüfən yolda Fazili əlində balta görmüş, idarə etdiyi avtomobili Fazilin yanında saxlayıb, orada nə etdiyini deyərək əlindəki baltanı yerə qoymasını, cinayət törətdiyini, axtarıldığını bildirmişdir. Fazil bu zaman əsə-əsə ona gərək olmayaydı bir hadisə idi oldu demişdir. Bu zaman Fazilə bəlkə qaçmasa yardım göstərilsə Zalxa sağ qalardı demişdir. Bundan sonra Fazilin əlindəki baltanı alaraq bir qədər Fazillə söhbət edərək sakitləşdirib polisə əməkdaşlarına Fazili təhvil vermişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 21 oktyabr 2020-ci il tarixdə saat 14 radələrində Yengiyan kənd qəbirtanlığının yaxınlığında olan sahədə qoyunlarını otarakən həmkəndlisi Turalın fermanın yaxınlığında olan qəbirstanlıqda olmasını görüb sonuncu ilə salamlaşmışdır. Bu vaxt həmkəndlisi Fazili əlində balta ilə özlərinə məxsus fındıq bağının yaxınlığında olan fermadan çıxdığını görmüş, Fazillə salamlaşıb hal əhval tutduqdan sonra orada nə etdiyini soruşduqda Fazil ona fındıq köklərini çıxarmağa gəldiyini desə də əlində fındıq kökləri olmamışdır. Baltanın baş hissəsi Fazilin qoltuğunun altında, sapı isə arxaya doğru olmuşdur. Baltaya baxdıqda heç bir ləkə görməmiş, bundan sonra Fazil yola tərəf o, isə sahəyə doğru getmişdir. Bu zaman bir nəfər qadının Fazilin ailəsinə məxsus fındıq bağında tərpənməz halda üzü üstə uzanıqlı halda olmasını görmüş, bu vaxt yaxınlıqda olan Turalı çağırmışdır. Birlikdə həmin qadına yaxınlaşdıqda qadının baş tərəfinin qan olmasını görüb artıq öldüyünü başa düşmüşdür. Qadının əynində qırmızı kofta, qara rəngli qolsuz gödəkçə və yubka olmuş, dərhal öz telefonu ilə icra nümayəndəsinə və 103-ə zəng etmişdir. Sonradan həmin ölən qadının Fazilin arvadı Zalxa olması məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Fazili həmkəndlisi kimi tanımış, sonuncu ilə arasında heç vaxt mübahisə dava dalaş olmamışdır. Kənd camaatından Fazilin psixi xəstəliyinin olmasını eşitmişdir. Sonuncu dəfə Fazili 2 il qabaq kənd məscidində cümə namazı qılarkən görmüşdür. Bir müddət əvvəl isə kənd camaatından Fazilin arvadı Zalxanı öldürməsini eşitmişdir. Ümumiyyətlə çayxanalara getməmiş və Fazillə orada mübahisə etməmişdir. Fazil həmin hadisələri özündən uydurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 və Şahid11 eyni məzmunlu ifadə verərək Şahid10 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı olmaqla orta məktəbi Yengiyan kənd məktəbində oxumuş, təhsilini bitirdikdən sonra Rusiya Federasiyası Primorsk Kray adlanan vilayətində hərbi xidmətdə olmuşdur. Fazil evlənib ata yurdunda yaşamış, o da evlənmədiyi üçün ata yurdunda Fazillə birlikdə yaşamışdır. Fazil hərbi xidmətdən qayıtdıqdan sonra təqribən 4 il müddətində kənd kolxozunun fermasında işləmiş, sonra isə kənd təsərrüfatı işləri ilə məşğul olaraq ailənin maddi ehtiyaclarını qarşılamağa kömək olmuşdur. Bu müddət ərzində onun səhhətində heç bir problem olmamışdır. İ Qarabağa müharibəsi zamanı Fazili müharibəyə göndərmək üçün çağırış olmuş, hərbi komissarlıqda olan zaman isə onun yararsız olduğunu hesab edərək müharibəyə aparmamışlar. 1998-ci ildə Fazil Zaqatala rayonu Mosul kəndindən olan Zalxanı qaçırıb onunla ailə həyatı qurmuş, birgə nikahlarından 4 övladları olmuşdur. Evləndikləri gündən Zalxa ilə Fazilin ailə daxili münasibətləri daimi yaxşı olmuş, aralarında heç bir problem olmamışdır. Sonradan Fazilin səhhətində problemlər yaranmağa başlamış, həmin vaxt o, Bakı şəhərində olan bacısının yanında olmuşdur. Bu barədə qardaşı İftixar ona xəbər verdikdə Fazili Bakıya göndərməsini demişdir. Fazil gəldikdən sonra Bakıda müayinəyə aparmış, bundan sonra Fazilə müalicə kursu təyin edilmişdir. Lakin təyin edilmiş müalicə effektli nəticə vermədiyi üçün yenidən Bakıda başqa bir həkimə aparmışlar. Həmin həkim də Fazilə başqa bir müalicə yazmışdır. Həmin müalicənin ilkin vaxtlarında Fazil öz-özünə danışaraq “qorxuram, məni tutacaqlar, öləcəyəm” demişdir. Lakin sonradan onun səhhəti getdikcə irəliləməyə başlamışdır. 2020-ci ilin sentyabr ayında müharibə başladıqdan sonra Fazilin səhhəti bir qədər gərginləşmiş, sonuncunun həkimi ilə əlaqə saxlayaraq Fazilin vəziyyətini həkimə bildirdikdə həkim «Кетилепт» adlı dərman yazmışdır. 21 oktyabr 2020-ci il tarixdə yaşadığı evdə olan zaman saat 10 radələrində həmişəki kimi Fazil evdən çıxaraq ailə üzvlərinə məxsus fındıq sahəsinə gedərək körpə fındıq köklərini satmaq və əkmək məqsədi ilə özü ilə balta da götürmüşdür. Fazil evdən çıxan zaman qapıda olan heyvanları da özü ilə aparmış, Fazil tək getməyə qorxduğu üçün Zalxanın da sahəyə getməsini demişdir. Zalxa Fazili yola saldıqdan sonra bir qədər ev işlərini gördükdən sonra Fazilin yanına getdiyini, axşamdan yağış yağdığını qoz-fındığın yerə töküldüyünü, gedib onları da yığacağını demişdir. Saat 11 radələrində Zalxa da evdən çıxıb Fazilin ardınca sahəyə getmiş, xeyli müddət sonra Zalxa ilə Fazilin qayıtmadıqlarından narahat olub uşaqları Ceyranı sahəyə göndərmişdir. Bir müddət keçdikdən sonra qardaşı Zəkəriyyə ona zəng edərək Fazil ilə Zalxanın harada olduqlarını maraqlandıqda qardaşına Fazil ilə Zalxanın geri qayıtmadıqlarını bildirmişdir. Saat 1530 radələrində Fazilin Zalxanı öldürməsini eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qanuni nümayəndə, Şahid8 və ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid9 məhkəməyədk icraat zamanı ifadələrində eyni məzmunlu ifadə verərək Şahid7 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibb ekspertizasının 24.10.2020-ci il tarixli 511 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibb ekspertizasının 17.11.2020-ci il tarixli, 23 nömrəli rəyində göstərilmişdir ki, X3 meyitinin bədən səthi üzərində aşkar edilmiş xəsarətlər- həyatla bir araya sığmayan travma, açıq kəllə beyin travması, alın nahiyəsində kəsilmiş, ənsə nahiyəsində kəsilmiş-çapılmış yaralar, kəllə tağı sümüklərinin basılmış qəlpəli yerdəyişən çoxsaylı və kəllə əsası sümüklərinin sınıqları, baş beyin maddəsinin qişasının kəsilmiş yaraları, baş beyin və qişalarına qansızma, dərinin geniş həcmli kəsilmiş-çapılmış yaraları. Ölümün səbəbi həyatla bir araya sığmayan travma nəticəsində baş beyin toxumasının və qişasının kəsilmiş-çapılmış yaraları və baş beyinə və qişalarına qansızma olmuşdur. Ənsə nahiyəsində kəllə əsasına keçən geniş həcmli kəsilmiş-çapılmış yaralar, kəllə tağı sümüklərinin basılmış qəlpəli yerdəyişən çoxsaylı sınıqları, baş beyin maddəsinin və qişasının kəsilmiş yaraları, baş beyinə və qişalarına qansızma dərəcəsinə görə, canlı şəxslərdə olduğu kimi həyatla bir araya sığmayan ağır zərərvurmaya, alın nahiyəsində kəsilmiş yara isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər. X3 bədəni üzərində yuxarıda qeyd edilmiş xəsarətlər kəsiciçapıcı alətlə (balta) ilə yetirilməyə xarakterikdirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbi bioloji ekspertizasının 23.11.2020-ci il tarixli, 846/2020 nömrəli rəyindən görünür ki, X3 ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H/(İİ). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: O(İ). Ekspertizaya təqdim edilmiş bir ədəd baltanın, Z.Q.İsmayılovaya məxsus bir ədəd retuz, bir ədəd qara yubka, gödəkcə, qırmızı kofta, bir ədəd lifcik, qırmızı şərf, ipli mayka, 02 ədəd pambıq cubuqlu pambıq tamponlar üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri Abeta /H/(İİ) qruplu bir şəxsə, o cümlədən də X4 məxsus ola bilər. Ləkələrdə qanın qarışıq olduğu halında isə həmçinin Oalfa, beta (İ) qruplu Təqsirləndirilən şəxs qarışıq qanının olması da inkar olunmur (əgər sonuncuda qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa). Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxsya məxsus gödəkcə üzərində qan, ona məxsus kofta, idman şalvarı, mayka, finka və trusik üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbi kriminalistik ekpsertizasının 17.12.2020-ci il tarixli, 544-MTKŞ/2020 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş X4 məxsus gödəkçənin sol-yan cibinin aşağı kənarında məhdud cırılma aşkar olundu. Bu cırılma küt mexanizmə malikdir, gödəkçənin müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş X4 məxsus bir cüt corab, bir ədəd şərf, bir ədəd mayka, bir ədəd büstqalter, bir ədəd tuman, bir ədəd retuz, bir ədəd ətək və bir ədəd köynək üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. X3 meyitinin bədən səthi üzərində aşkar edilmiş xəsarətlər bədənin açıq nahiyələrində yerləşdiklərinə görə ona məxsus olan paltarlarda öz əksini tapmamışlar. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd mayka, bir ədəd idman şalvarı, bir ədəd alt şalvarı, bir ədəd jaket və bir ədəd köynək üzərində hər hansı əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş balta zavod üsulu ilə hazırlanmış təsərrüfat məişət təyinatlıdır və soyuq silah hesab edilmir. Təqdim edilmiş baltanın üzərində onun təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 11.11.2020-ci il tarixli, 17/587 nömrəli rəyində göstərilmişdir ki, təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus rezin materialdan hazırlanmış 1 cüt çəkmədə və zərərçəkmiş şəxs X4 məxsus rezin materialdan hazırlanmış 1 cüt ayaqqabıda olan torpaq hissəcikləri ilə hadisə yerindən götürülmüş şərti olaraq 6 və 7 rəqəmləri ilə nömrələnmiş torpaq nümunələri ilə qrup və cinsi əlamətlərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının 21.12.2020-ci il tarixli, 137 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs “Depressiv tipli şizoaffektv pozuntu” formasında psixi pozuntudan əziyyət çəkir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən “Depressiv tipli şizoaffektiv pozuntu” kimi psixi pozuntu keçirmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs görmüş olduğu hadisələri mexaniki olaraq yadda saxlamaq və təsvir etmək qabiliyyətinə malik olsa da, həmin hadisələri qiymətləndirərkən onda qeydə alınan psixi pozuntuya müvafiq surətdə interpretasiya etməsi (şərh etməsi) mümkündür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən psixotik halda olduğu üçün öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs psixotik vəziyyət davam etdiyi üçün həmin şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs aşkarlanan psixotik pozuntu eyni vaxtda həm şizofrenik spektrə, həm də affektiv sahəyə aid əlamətləri özündə birləşdirən kifayət qədər ciddi psixi patologiyadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət işinə daxil edilən resept blankları formasında olan tibbi sənədlərə və dindirmə protokollarındakı ifadələrə görə onun psixi sağlamlığının 2005-ci ildən pozulmağa başladığını təxmin etmək olar. 2019-cu ilin axırlarından etibarən psixi xəstəliyin kəskinləşdiyini, 2020-ci ilin əvvəllərindən başlayaraq psixotrop preparatlarla müalicə almasına rəğmən narahatlığınının aradan qalxmadığını söyləmək mümkündür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Onun barəsində Azərbaycan Respublikasının CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs aşkar olunan psixi pozuntu əlamətləri idrak proseslərinə neqativ təsir göstərmiş, onun diqqətində dayanıqsızlıq, abstrakt anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsinə, həmin anlayışları məhdud şəkildə şərh etməsinə, təfəkkürün ləngliyinə, torpid xarakterli olmasına, proqnazlaşdırma qabiliyyətinin zəif çıxış etməsinə, qavramasının həcminin normadan bir qədər aşağı olmasına səbəb olmuşdur. Belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs idrak proseslərində aşkar olunan dəyişikliklə əlaqədar baş vermiş hadisə zamanı, hadisədən sonra, hal-hazırda öz hərəkətlərinin mahiyyətini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi emosional vəziyyətində hirslilik, qəzəbilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən psixi pozuntu ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş təkrar kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının 15.02.2021-ci il tarixli, 11 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs “Depressiv tipli şizoaffektiv pozuntu” formasında psixi pozutundan əziyyət çəkir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən “Depressiv tipli şizoaffektiv pozuntu” kimi psixi pozuntu keçirmişdir. Təqsirləndirilən şəxs aşkarlanan psixotik pozuntu eyni vaxtda həm şizofrenik spektrə, həm də affektiv sahəyə aid əlamətləri özündə birləşdirən kifayət qədər ciddi psixi patologiyadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs görmüş olduğu hadisələri mexaniki olaraq yadda saxlamaq və təsvir etmək qabiliyyətinə malik olsa da, həmin hadisələri qiymətləndirərkən onda qeydə alınan psixi pozuntuya müvafiq surətdə interpretasiya etməsi (şərh verməsi) mümkündür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən psixotik halda olduğu üçün öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs psixotik vəziyyət davam etdiyi üçün həmin şəxs halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “Depressiv tipli şizoaffektiv pozuntu” formasında psixi pozuntu vardır. Həmin pozuntu gedişindəki psixotik vəziyyət hazırda davam edir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını düzgün başa düşmək və onları idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət işinə daxil edilən tibbi sənədlərə və dindirmə protokollarındakı ifadələrə və özünün deməsinə görə onun psixi sağlamlığının 2005-ci ildə pozulmağa başlanıldığını düşünmək olar. Bir müddət aldığı müalicələr nəticəsində yaxşılaşma olsa da, 2019-cu ilin axırlarından etibarən xəstəliyin yenidən kəskinləşdiyini, 2020-ci ilin əvvəllərindən başlayaraq psixotrop preparatlarla müalicə almasına baxmayaraq şikayətlərinin aradan qalxmadığını söyləmək olar. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayə əməlini törədərkən “Depressiv tipli şizoaffektiv pozuntu” kimi psixi pozuntu keçirmişdir. Odur ki, onun əməli Azərbaycan Respublikası CMnin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs aşkarlanan “Depressiv tipli şizoaffektiv pozuntu” formasında psixi pozuntu gedişindəki psixotik vəziyyət hazırda davam edir. Buna görə onun barəsində Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə cinayət əməlini törədərkən və hazırda öz hərəkətlərinin mahiyyətini dərk etmək, idarə etmək qabiliyyətinə malik deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə zamanı emosional vəziyyətini psixi xəstəliyi şərtləndirdiyindən cinayət əməlini törədərkən, emosional halından asılı olaraq öz hərəkətlərinin mahiyyətini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs keçirdiyi emosional halının yaranma səbəbləri psixi xəstəliyi ilə əlaqədar olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Qeyd edilən cinayət əməli cinayətin obyektiv cəhətinin ünsürlərindən olan hərəkət və ya hərəkətsizliklə yanaşı nəticənin də baş verməsini nəzərdə tutan əməl olduğundan, yəni maddi tərkibli cinayət əməli olduğundan törədilən cinayət əməli ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması ilə şərtlənir. Beləliklə, məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyinin 139-cu maddəsinin tələblərini nəzərə alıb məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halında qiymət verərək, həqiqətən də, ictimai təhlükəli əməlin törədilməsi və həmin əməlin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı nəticəyə gəlir. Lakin məhkəmə istintaqı ilə yuxarıda göstərilən ictimai təhlükəli əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlinsə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs həmin ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmişdir, hazırda da şəxs anlaqsız vəziyyətdədir. Odur ki, şəxs cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 8 nömrəli Qərarında göstərilmişdir ki, məhkəməyə ittiham aktı və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolu ilə daxil olmuş işin məhkəmə araşdırması zamanı şəxsin ictimai təhlükəli əməl törədərkən anlaqsız vəziyyətdə olması və ya cinayət törətdikdən sonra onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarından məhrum edən psixi xəstəliyə tutulması müəyyən edildikdə məhkəmə cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmadan CPM-nin LV və LVİ fəsillərində nəzərdə tutulmuş qaydada icraatı davam etdirir və icraatın nəticələrinə dair müvafiq qərar qəbul edir. Tibbi xarakterli məcburi tədbirlərin növünü müəyyən edərkən məhkəmə qəbul etdiyi qərarı CM-nin 96-98-ci maddələrinin göstərişlərini rəhbər tutmaqla barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi nəzərdə tutulmuş şəxsin psixi vəziyyəti barədə məhkəmə-psixiatrik ekspertizasının rəyini və iş üzrə toplanmış başqa sübutları müqayisəli şəkildə qiymətləndirməklə əsaslandırmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təkrar kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs Alahverdi oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Cinayət işinin materiallarından, zərərçəkmiş şəxsin hüquqi varisinin və iş üzrə dindirilmiş şahidlərin ifadələrindən, həmçinin ekspertiza rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs psixiatrik xəstəlikdən əziyyət çəkmiş, ona müxtəlif vaxtlarda həkim müayinəsi və müalicəsi yazılmış, xəstəliyi ilə bağlı ayrı-ayrı vaxtlarda ambulator və stasionar müalicələr almış, cinayət əməlini törədərkən keçirdiyi “Depressiv tipli şizoaffektiv pozuntu” kimi xroniki psixi xəstəlik nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin başlanması haqqında” 15 mart 2021ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zaqatala rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 93.1-1.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə psixi pozuntusu ilə əlaqədar məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Azərbaycan Respublikası CM-nin 94-cü maddəsinə əsasən, psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsindəgöstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 95.0.3-cü maddəsinə əsasən, məhkəmə tərəfindən təyin edilən tibbi xarakterli məcburi tədbirlərdən biri də ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 468-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin 468-478-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır. Həmin Məcəllənin 477.3-cü maddəsinə əsasən, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında” 21 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2000-da həkim-psixiatr və müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zaqatala rayon Məhkəməsinin 23 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 21 oktyabr 2021-ci ildən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zaqatala Məhkəməsinin 17 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin əvəzinə xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirilmə təhlükəsizlik tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin tələbləri çərçivəsində qanuni şəkildə əldə olunmaqla cinayət işinin materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq edilən biri digərini tamamlayan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini sübuta yetirilmiş hesab edərək belə nəticəyə gəlir ki, o, yuxarıda qeyd olunan maddə ilə cinayət məsuliyyətindən və cəzadan azad olunmalı, ekspertlərin rəyinə və həmçinin Azərbaycan Respublikası CMnin 95.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq, ona ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyinə həvalə edilməli, Təqsirləndirilən şəxs barəsində tətbiq olunan təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 8 nömrəli Qərarında göstərilmişdir ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-nin 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. İş üzrə maddi sübut olmaqla Zaqatala rayon prokurorluğunda saxlanılan qan nümunələri, cinayət aləti olan bir ədəd balta, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd qara rəngli jaket, 01 ədəd zolaqlı uzunqol kofta, üzərində “adidas” yazısı olan qara rəngli 01 ədəd idman şalvarı, 01 ədəd qara rəngli alt istilik şalvarı, 01 ədəd boz rəngli mayka, üzərində “Clever knight” yazısı olan 01 ədəd boz rəngli tuman, 1 cüt rezin materialdan hazırlanmış çəkmə, zərərçəkmiş şəxs X5 hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli qısaqol gödəkçə, 01 ədəd qırmızı rəngli uzunqol kofta, 01 ədəd qara rəngli ətək, 01 ədəd qara rəngli retuz, 01 ədəd qırmızı rəngi şərf, 01 ədəd ağ rəngli mayka, 01 ədəd büstqalter, 01 ədəd tuman, 1 cüt qara rəngli corab və 1 cüt rezin materialdan hazırlanmış ayaqqabı məhv edilməlidir. İş üzrə 34.55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci dövlət büdcəsinə aid edilməlidir. İş üzrə mülki iddianın, müsadirə olunması təklif edilən pulun və ya digər əmlakın olmaması nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 348-ci və 477-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi sübuta yetirilmiş hesab olunsun və o, cinayət məsuliyyətindən azad olunsun. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılsın. Təqsirləndirilən şəxs barəsində tətbiq olunan təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olmaqla Zaqatala rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan qan nümunələri, cinayət aləti olan bir ədəd balta, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd qara rəngli jaket, 01 ədəd zolaqlı uzunqol kofta, üzərində “adidas” yazısı olan qara rəngli 01 ədəd idman şalvarı, 01 ədəd qara rəngli alt istilik şalvarı, 01 ədəd boz rəngli mayka, üzərində “Clever knight” yazısı olan 01 ədəd boz rəngli tuman, 1 cüt rezin materialdan hazırlanmış çəkmə, zərərçəkmiş şəxs X5 hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli qısaqol gödəkçə, 01 ədəd qırmızı rəngli uzunqol kofta, 01 ədəd qara rəngli ətək, 01 ədəd qara rəngli retuz, 01 ədəd qırmızı rəngi şərf, 01 ədəd ağ rəngli mayka, 01 ədəd büstqalter, 01 ədəd tuman, 1 cüt qara rəngli corab və 1 cüt rezin materialdan hazırlanmış ayaqqabı məhv edilsin. İş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci dövlət büdcəsinə aid edilsin. Qərardan elan olunduğu 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Rafail Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-134/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(091)-134/2021
12.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver