Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-135/2022 07.06.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1971-ci il tarixdə İsmayıllı rayonunun Tircan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində ikisi azyaşlı olmaqla dörd uşağı olan, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə Qobustan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 23 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilmədən yenidən cinayət əməli törətdiyinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş 4 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 23 gün hissəsi hökmlə təyin edilmiş cəzaya birləşdirilməklə qəti olaraq 2 il 7 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, işsiz, İsmayıllı rayonunun Tircan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq küllli miqdar təşkil edən 1083,63 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yaşadığı evə daşıyaraq gətirib satış məqsədini həyata keçirmək üçün ayrı-ayrılıqda təmiz çəkiləri 690 qram və 260 qram olmaqla 2 ədəd sellofan torbalara, habelə 5,78 qram, 6,10 qram, 7,25 qram, 6,31 qram, 7,22 qram, 7,76 qram, 7,28 qram, 7,49 qram, 5,28 qram, 8,56 qram, 9,81 qram, 6,52 qram, 6,62 qram, 7,05 qram, 7,03 qram, 5,76 qram, 5,72 qram, 7,08 qram, 9,01 qram olmaqla 19 ədəd kibrit qutusuna dolduraraq yaşadığı İsmayıllı rayonunun Tircan kəndindəki evin yataq otağında dolabın içərisində gizlədərək saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində İsmayıllı rayon polis şöbəsinin Narkotiklərlə mübarizə qrupununun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsinə və evinə baxış keçirilərkən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıdığı və evin yataq otağında dolabın içərisində 2 ədəd sellofan torbada və 19 ədəd kibrit qutusunda saxladığı külli miqdar təşkil edən, ümumilikdə 1083,63 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə qismən (CM-in 234.1-ci maddəsi ilə) təqsirli bilərək göstərmişdir ki, İsmayıllı rayonu Tircan kəndində yaşayır, ailəlidir və 4 övladı vardır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır. 2021-ci ilin sentyabr ayında dəqiq tarixini xatırlamadığı gündə böyürtkən yığmaq üçün İsmayıllı rayonunun Tircan kəndinin meşə sahəsinə getmiş, meşə ərazisində gəzərkən hazırda xatırlamadığı yerdə qarşısına 5 ədəd yabanı şəkildə bitmiş çətənə bitkisi çıxmış, həmin bitkinin hissələrindən şəxsi istifadəsi üçün yığıb qurutmaq qərarına gəlmişdir. Bu məqsədlə özü ilə götürdüyü sellofan bağlamaya həmin bitkinin hissələrindən yığıb yaşadığı Tircan kəndindəki evinə gətirmiş və evin damında sərib qurutmuşdur. Təxminən 15 gün sonra bitkinin quruyaraq şəxsi istifadə üçün tam hazır vəziyyətdə olduğunu görüb 2 ədəd sellofan bağlamaya və 19 ədəd kibrit qutularına yığıb yaşadığı evin yataq otağında özünün istifadə etdiyi kiçik dolabçanın içərisində gizlətmişdir. Marixuananı kibrit qutularına doldurub ona görə saxlamışdır ki, istədikdə götürüb rahat istifadə etsin. Sellofan bağlamada saxladığı marixuanadan 2-3 dəfə az miqdarda götürüb siqaretə doldurub istifadə etmişdir. 12 yanvar 2022-ci il tarixdə saat 18 radələrində İsmayıllı rayonunun Tircan kəndində yaşadığı evin qarşısında olan zaman İsmayıllı Rayon Polis Şöbəsininin əməkdaşları yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, polis əməkdaşları ona yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlamağı barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsi barədə əməliyyat-axtarış tədbiri qərarı qəbul olunduğunu deyib onu qərarla tanış etmişlər. Polis əməkdaşları ona yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə hər hansı etirazının olub-olmamasını soruşduqda o, ərizə ilə müraciət edərək yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə polis əməkdaşlarına ərizə təqdim etmişdir. Polis əməkdaşları ondan yaşadığı evdə və həyətyanı sahədə narkotik vasitə, habelə dövriyyəsi qanunla qadağan edilmiş əşya saxlayıb-saxlamadığını soruşduqda o, artıq polis əməkdaşlarının evə baxış keçirib narkotik vasitələri aşkar edəcəklərini bilib özü etiraf edərək yaşadığı evdə şəxsi istifadə üçün marixuana saxladığını və təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evin yataq otağından dolabçanın içərisində sellofan bağlamada saxladığı marixuananı təqdim etmiş, polis əməkdaşları tərəfindən sellofan bağlamalar açıldıqda içərisində marixuana aşkar edilmişdir. Polis əməkdaşları həmin kütləyə baxıb bir daha nə olmasını, nə məqsədlə evə saxladığını və haradan əldə etdiyini soruşduqda o, polis əməkdaşlarına həmin kütlənin marixuana olduğunu, meşə ərazisindən yabanı şəkildə bitmiş çətənə bitkisinin hissələrindən yığmaqla əldə etdiyini, şəxsi istifadəsi üçün evdə saxladığını demişdir. Polis əməkdaşları evin digər otaqlarına və həyətyanı sahəyə baxış keçirsələrdə hər hansı narkotik vasitəyə bənzər kütlə və dövriyyəsi qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. O, hazırki vaxta qədər heç kimə narkotik vasitə satmamış, heç kimdən narkotik vasitə almamış, narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamış, ailə üzvləri onun narkotik vasitə saxladığını bilməmişdir. Məhkəmədən peşman olduğunu və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Tircan kəndində yaşadığı evdə narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olduğu üçün raportla şöbə rəhbərliyinə məruzə etmiş, Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsi barədə qərar qəbul edilmiş, qərarın icrası ilə əlaqədar İsmayıllı rayonu Tircan kəndinə getmişlər və 12 yanvar 2022-ci il tarixdə saat 18 radələrində İsmayıllı rayonunun Tircan kəndində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında dayandığını görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlamağı barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsi barədə əməliyyat-axtarış tədbiri qərarı qəbul olunduğunu deyib onu qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə hər hansı etirazının olub-olmamasını soruşduqda o, ərizə ilə müraciət edərək yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə heç bir etirazının olmadığını qeyd etmişdir. Ondan yaşadığı evdə və həyətyanı sahədə narkotik vasitə, habelə dövriyyəsi qanunla qadağan edilmiş əşya saxlayıb-saxlamadığını soruşduqda Sarvan bildirmişdir ki, yaşadığı evdə şəxsi istifadəsi üçün marixuana saxlayır və təqdim edə bilər. Sarvanın iştirakı ilə video çəkilişlə yaşadığı evin həyətyanı sahəsindən baxış keçirə-keçirə evə tərəf getmiş və o, yaşadığı evin yataq otağından dolabçanın içərisində sellofan bağlamaları təqdim etmiş, sellofan bağlamalar açıldıqda içərisində narkotik vasitəyə bənzər kütlə aşkar olunmuş, həmin kütləyə baxıb Təqsirləndirilən şəxs nə olmasını, nə məqsədlə evə saxladığını və haradan əldə etdiyini soruşduqda Sarvan həmin kütlənin marixuana olduğunu, meşə ərazisindən yabanı şəkildə bitmiş çətənə bitkisinin hissələrindən yığmaqla əldə etdiyini, şəxsi istifadəsi üçün evdə saxladığını demişdir. Aşkar edilmiş sellofan bağlamalar elektron tərəzidə çəkildikdə 250 qram və 675 qram çəkidə olması müəyyən edilmiş, sellofan bağlamanın içərisində digər sellofan bağlamada 19 ədəd kibrit qutuları aşkar edilmiş və içərisinə baxıldıqda kəskin iyli narkotik vasitəyə bənzər kütlə olması müəyyən edilmiş, kibrit qutuları aşkar olunduğu sellofan bağlama ilə birlikdə çəkildikdə çəkisinin 210 qram olması dəqiqləşdirilmiş, içərisində narkotik vasitəyə bənzər kütlələr olan sellofan bağlamalar qablaşdırılaraq götürülmüşdür. Evin digər otaqlarına və həyətyanı sahəyə baxış keçirsələrdə hər hansı narkotik vasitəyə bənzər kütlə və dövriyyəsi qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ayrıayrılıqda Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, İsmayıllı Rayon Polis Şöbəsinə İsmayıllı rayon, Tircan kəndində yaşayan xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlanması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 02). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, İsmayıllı rayon, Tircan kəndində yaşayan xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə yazılı ərizə verərək polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir (cild 1, iş vərəqi 08). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Baxış aparılması və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı rayon, Tircan kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı evdən 2 ədəd sellofan bağlamada 675 qram və 250 qram, 19 ədəd kibrit qutularında isə 210 qram çəkidə narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq götürülmüş, çəkilişin əks olunduğu CD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 09-11). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji eskpertizasının xx.xx.2022-ci il tarixli 17/51 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqdə “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş......” sözləri yazılmış sellofan torbanın içərisindəki 2 (iki) ədəd sellofan torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri-690 qram, 260 qram, 19 (on doqquz) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri, 5,78 qram, 6,10 qram, 7,25 qram, 6,31 qram, 7,22 qram, 7,76 qram, 7,28 qram, 7,49 qram, 5,28 qram, 8,56 qram, 9,81 qram, 6,52 qram, 6,62 qram, 7,05 qram, 7,03 qram, 5,76 qram, 5,72 qram, 7,08 qram, 9,01 qram, ümumi təmiz çəkisi- 1083,63 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd sellofan torbalarda və 19 (on doqquz) ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər (cild 01, iş vər. 39-40). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022cin il tarixli 410 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 240). Cinayət işinin materiallarında olan İsmayıllı rayon Mərkəzi Xəstəxanasından alınmış xx.xx.2022-ci il tarixli 16nömrəli arayışdan görünür ki, İsmayıllı rayon Tircan kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs RMX-nın X2 “Narkoloji” kabinetində xx.xx.2013-cü il tarixdən profilaktiki qeydiyyata götürülmüşdür. Lakin o, vaxtdan onun haqqında RMX-na heç bir məlumat daxil olmamışdır. “Ruhi-əsəb” və “Nevroloji” kabinetlərinin dispanser qeydiyyatında yoxdur (cild 01, iş vər. 135). Cinayət işinin materiallarında olan İsmayıllı RPŞ-dən alınmış xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayında müəyyən edilməyən vaxtda İsmayıllı rayonunun Tircan kəndinin meşə sahəsində dəqiq müəyyən edilməyən yerdən yabanı halda bitmiş 5 ədəd çətənə bitkisini yarpaqlarını yığıb yaşadığı evə aparmış, marixuananı qurudaraq 1082,58 qram çəkidə marixuananı satış məqsədi ilə 2 ədəd sellofan bağlamaya və 19 ədəd kibrit qutularına doldurub evin yataq otağında dolabın içərisində saxlamış, arvadı X3 və digər ailə üzvlərinin bundan məlumatı olmamışdır. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması barədə məlumat əldə etmək mümkün olmamış, habelə ona məxsus ***-***-**-** saylı mobil nömrədən çıxan və daxil olan zənglərə baxış keçirilmiş, hər hansı müsbət nəticə əldə edilməmişdir (cild 01, iş vər. 211). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarxdə İsmayıllı Rayon Polis Şöbəsinə İsmayıllı rayon, Tircan kəndində yaşayan xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlanması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin yaşadığı ünvana gedilmiş, şəxsin yaşadığı evə polis əməkdaşlarının və özünün iştirakı ilə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı onun yaşadığı evdən külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütlələri aşkar olunmuşdur. Götürülmüş maddələr məhkəmə-bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evinə video çəkilişlə baxış keçirilərək narkotik vasitə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, əldə olunan narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, aşkar olunan kütlələrin ayrı-ayrı sellofanlarda, həmçinin 19 ədəd kibrit qutusunda olması, bu nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə edərək evində saxlamışdır. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayış, xasiyyətnamə, şəxsiyyət vəsiqələrinin və nikah haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə (arvadı və 2006, 2007, 2008, 2017-ci il təvəllüdlü uşağları ilə) İsmayıllı rayonu Tircan kəndində qeydiyyatda olmaqla yaşayır, dəfələrlə məhkum olunmuşdur, buna baxmayaraq barəsində nümayəndəliyə şikayət daxil olmamışdır (cild 01, iş vərəqi 206- 2010). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuşdur. Son məhkumluqlarından görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən CM-in 234.2, 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə Qobustan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 23 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-in 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş 4 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 23 gün hissəsi hökmlə təyin edilmiş cəzaya birləşdirilməklə qəti olaraq 2 il 7 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu ödənilməmiş və ya götürülməmişdir (cild 01, iş vər. 122-125). CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin təhlükəli residivi müəyyən edilir. Belə ki, CM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən CM-in 234.2, 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayət hesab olunduğundan və sonradan Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-in 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsi tətbiq edilməklə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş 4 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 23 gün hissəsi hökmlə təyin edilmiş cəzaya birləşdirilərək qəti olaraq barəsində 2 il 7 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” qərarında da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalı olduğu göstərildiyindən, hazırda törətdiyi cinayət əməli də ağır cinayət sayıldığından və məhkumluğu ödənilmədiyindən, onun əməlində cinayətlərin təhlükəli residivi yaranmış olur. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Beləliklə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin təhlükəli residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, onun dəfələrlə məhkum olunmasını və heç bir nəticə çıxarmayaraq yenidən qəsdən ağır cinayət əməli törətməsini nəzərə alaraq, habelə CM-nin 65.2-ci maddəsinin müddəalarını rəhbər tutaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın son həddinin üçdə ikisindən az olmayan həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və İsmayıllı Rayon Məhkəmənin xx.xx.2022-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 23, 90-92). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınan və İsmayıllı Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 2 ədəd sellofan bağlamada və 19 ədəd kibrit qutularında tədqiqatdan sonrakı təmiz çəkisi-1082,58 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və İsmayıllı Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 2 ədəd sellofan bağlamada və 19 ədəd kibrit qutularında tədqiqatdan sonrakı təmiz çəkisi-1082,58 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-135/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-135/2022
07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver