Məhkəmə qərarları › İş №1(091)-135/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-135/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-135/2024 30.04.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Məmmədov Bilal Mahir oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxxx 1984-cü ildə Özbəkistan Respublikasının Daşkənd şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Ağsu Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 199,019 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib yerini dəyişməklə üzərində daşıyıb Ağsu şəhərinə gətirərək yaşadığı, Ağsu şəhəri, Ə.Kərim küçəsində yerləşən 3 saylı evin yataq otağında olan çarpayının üzərindəki döşəyin altında saxlamış, 22 may 2023-cü il tarixdə saat 16:30 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Ağsu-Kürdəmir yolunun 1-ci kilometrliyində saxlanılaraq rayon polis şöbəsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirilmiş, orada həmin gün saat 17:00 radələrində üzərində şəxsi axtarış aparılarkən əyninə geydiyi göy rəngli şalvarının sağ yan cibindən, bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,956 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmin gün saat 17:35 radələrində yaşadığı Ağsu şəhəri, Ə.Kərim küçəsində yerləşən 3 saylı evdə axtarış və götürmə aparılması zamanı evin yataq otağında olan çarpayının üzərindəki döşəyin altından bir ədəd şəffaf sellofan bükümdə, quru halda 198,063 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, aşkar olunmuş narkotik vasitə özünə məxsus olmaqla yolun kənarında metal yığan zaman tapmış, narkotik vasitə istifadəçisi olduğuna görə həmin narkotik vasitəni götürüb evində saxlamışdır. Özünə məxsus olan bank kartı olsa da oraya pul köçürülməmiş, heç kimə narkotik vasitə satmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, həbs edilməmişdən üç gün əvvəl Ağsu-Kürdəmir yolunun kənarında olan zaman yerdən bir ədəd içərisində narkotik vasitə heroin olan bir ədəd sellofan torbanın olduğunu görüb özü istifadə etmək məqsədilə həmin sellofan torbanı götürüb yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə gətirərək yataq otağında olan yatağın üzərindəki döşəyin altında gizlətmiş, 22 may 2023-cü il tarixdə gizlətdiyi narkotik vasitə olan heroindən bir miqdarını istifadə etmək üçün bir ədəd sellofan bükümün içərisinə qoyub Ağsu-Kürdəmir yolunun 1-ci kilometrliyinə gəlmiş, saat 1630 radələrində orada olan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə onu Ağsu Rayon Polis Şöbəsinə dəvət etmişlər. Ağsu rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan heroin aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Sorğu zamanı yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında narkotik vasitə olan heroin saxladığını etiraf etmiş, həmin gün polis əməkdaşları və müdafiəçinin iştirakları ilə yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin yataq otağında olan çarpayının üzərindəki döşəyin altından bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroin aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Üzərindən və fərdi yaşayış evindən aşkar edilmiş narkotik vasitəni bir ədəd sellofan torbada olmaqla Ağsu-Kürdəmir yolunun kənarında yerdən tapdığını və özü istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Ağsu rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 22 may 2023-cü il tarixdə Ağsu şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ilə birlikdə 1630 radələrində Təqsirləndirilən şəxs Ağsu-Kürdəmir yolunun 1-ci km-də saxlanılaraq Ağsu rayon Polis Şöbəsinə gətirilmiş, rayon polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə 0,97 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin heroini 3 gün əvvəl Ağsu-Kürdəmir yolunda yerdən tapdığını bildirmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinin qalan hissəsini yaşadığı evdə yataq otağında çarpayının üzərindəki döşəyin altında gizlətdiyini bildirdiyinə görə bir müddət sonra müdafiəçinin də iştirakı ilə yaşadığı evin yataq otağına baxış keçirilən zaman orada olan çarpayının üzərində olan döşəyin altından bir ədəd şəffaf sellofan bükümdə 217,82 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağsu rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkilləri işləyən Şahid3 və Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 məhkəməyədək ictaar zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu olmaqla və Ağsu şəhəri, Ə.Kərim küçəsində yerləşən fərdi yaşayış evində sonuncu ilə birlikdə yaşamış, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi məlumatı olsa da oğlunun yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında olan çarpayının üzərindəki döşəyin altında narkotik vasitə heroin saxlamasından məlumatı olmamışdır. 22 may 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı həmin fərdi yaşayış evində axtarış və götürmə aparılan zaman evin yataq otağında olan çarpayının üzərindəki döşəyin altından narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 22 may 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş axtarış və götürmə aparılması haqqında 22 may 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin yataq otağında olan çarpayının üzərindəki döşəyin altından içərisində narkotik vasitə heroin olan bir ədəd sellofan büküm aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 23 may 2023-cü il tarixli 17/413 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözləri, adlar, imzalar yazılmış, zərfin içindəki, 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,956 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə” sözləri, adlar və imzalar yazılmış, zərfin içindəki, 01 (bir) ədəd şəffaf sellofan bükümdə, quru halda təmiz çəkisi 198,063 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş heroinlər kimyəvi tərkib komponentlərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 25 may 2023-cü il tarixli 908 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 04 avqust 2023-cü il tarixli 104 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozuntusu əlamətləri müəyyən olunmur. O, cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. O, təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan onun onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Onun hal-hazırki psixi vəziyyəti ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Onda hal-hazırda da heç bir psixi pozuntu aşkar edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrəsinə “Malun var telefonu acmırsan sabah sen menen zen vuranda men sondrerem darıxma ne deyrem”, “Qaqa mikan olsa menide lomkadan clxardarsan mende onun altlnda qalmaram birdene cet komek ele varsa patlda qoy saat 3 de men sene vererem” və s. oxşar məzmunlu mesajlar göndərilməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 31 may 2023-cü il tarixli PHŞ-6- 25/2-414/23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi ilə əlaqədar həmin xəstəxananın Narkoloji kabinetində dispanser qeydiyyatındadır, lakin ruhiəsəb xəstəliyi ilə əlaqədar dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, Ağsu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cərimə cəzası 424 saat ictimai işlər cəzasına dəyişdirilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.9-cu bəndinə əsasən cəzadan azad olunmuş, Ağsu Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edilmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətdikdən sonra məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2023-cü il tarixdə saat 1640-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi məqsədilə daşıması və saxlamasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, aşkar olunan narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, ona məxsus mobil telefon nömrəsində aşkar olunan SMS-lər onun narkotik vasitəni satış məqsədilə əldə etdiyini bir daha təsdiq edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 22 may 2023-cü il tarixdən hesablanmalı və CM-nin 56.1.3-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 65.2-ci maddəsində əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-in 93-1.1 ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 22 may 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə maddi sübut olan və Ağsu Rayon Polis Şöbəsində saxlanılan 211,511 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar