Məhkəmə qərarları › İş №1(091)-136/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-136/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-136/2023 08.06.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 13 iyul 1994-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Yevlax rayonunun Varvara kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını külli miqdarda ziyan vurmaqla gizli olaraq talamaqla qəsdən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs əmisi Zərərçəkmiş şəxs saxlanılması üçün onun atası Şahid6 külli miqdarda pul vəsaiti verdiyini öyrəndikdən sonra 2022-ci ilin yay aylarında sonuncunun həmin pul vəsaitini onların yaşadığı evin zirzəmisində 02 ədəd plastik qabların içərisində gizlədərək saxladığı yeri heç kəsin xəbəri olmadan axtarıb taparaq həmin saxlanc yeri hesab edilən plastik qabların qapağını açıb orada əmisi Zərərçəkmiş şəxs tərəfindən saxlanılması üçün sonuncunun qardaşı Şahid6 verilmiş 1 ABŞ dollarının ekvivalenti ilə 153 000 (yüz əlli üç min) manat dəyərində 90 000 (doxsan min) ABŞ dollarının olduğunu bilərək tamah niyyətilə özgənin külli miqdarda əmlakını ailə üzvlərinin bilməməsi üçün hissə-hissə gizli olaraq vahid niyyətlə qəsdən talamaq qərarına gələrək bu cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə 2022-ci ilin iyul ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə, günorta saatlarından başlayaraq 2022-ci il noyabr ayının 30-na qədər olan müddətlərdə istintaqla müəyyən edilməyən ayrı-ayrı günlərdə günorta saatlarında zirzəmiyə gedib saxlanc yeri hesab edilən plastik qabların içərisindən əmisi Zərərçəkmiş şəxs məxsus olan 1 ABŞ dollarının ekvivalenti ilə 153 000 (yüz əlli üç min) manat dəyərində 90 000 (doxsan min) ABŞ dollarını istintaqla müəyyən edilməyən konkret məbləğlərdə hissə-hissə olmaqla oradan götürərək gizli olaraq talayıb, həmin götürdüyü ABŞ dolları ilə olan pul əskinaslarının əvəzində əvvəlcədən istintaqla müəyyən edilməyən mənbədən aldığı üzərində “keçərsizdir” sözü yazılmış 100 ABŞ dolları pul əskinası formasında çap edilmiş qiymətsiz kağızları plastik qabın içərisinə qoymaqla Zərərçəkmiş şəxs cəmi 153 000 (yüz əlli üç min) manat külli miqdarda maddi ziyan vurmaqla qəsdən saxlanc yerinə daxil olmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.3.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisidir və Rusiya Federasiyasında yaşayır. 2022-ci ilin yay aylarında o, anası Şahid4 yaşadıqları evin birinci mərtəbəsində olan zirzəmiyə tez-tez girib çıxdığını görmüş və valideynlərinin orada pul gizlətməsindən şübhələndiyi üçün zirzəmiyə daxil olaraq axtarış aparan zaman orada olan iki ədəd plastik dondurma qablarının içərisində hər bir bağlamada 100 ədəd ABŞ dolları olmaqla ümumilikdə 09 ədəd bağlamada 90 000 ABŞ dollarının olduğunu aşkar etmişdir. Daha sonra o, həmin pulları hissə-hissə götürüb oğurlamaq qərarına gəlmiş, bu niyyətlə 2022-ci ilin iyul ayının əvvəllərindən başlayaraq qeyd olunan pulu hissə hissə götürüb Mingəçevir şəhərində yerləşən valyuta dəyişmə məntəqəsində manata çevirərək həm nağd şəkildə, həm də "xxxx" ASC-dən debet kart alıb həmin karta köçürərək nağdsız şəkildə öz ehtiyacları üçün xərcləmiş, eləcə də ailə üzvlərinə müxtəlif əşyalar almış, həmçinin ayrıayrı şəxslərə sonradan qaytarmaq şərtilə borc qismində vermiş, bir qismini isə internet vasitəsilə oyun oynamış, habelə 2022-ci il noyabr ayının axırlarında hər bir bağlamada 100 ədəd ABŞ dolları olmaqla ümumilikdə 03 ədəd bağlamada 30 000 ABŞ dollarını qayınanası Şahid5 verib guya əmisi Əkbər Xəlilovun ona ev alması üçün pul göndərməsi barədə yalan məlumat verərək sonuncunun və qayınatası Şahid1 vasitəsilə 45 000 manat məbləğində pulun müqabilində Mingəçevir şəhərindən mənzil alaraq sonuncunun adına rəsmiləşdirmiş, qalan pulu isə Şahid1 vermişdir. Sonuncu dəfə götürdüyü ABŞ dollarının bir qismini, habelə çevirərək əldə etdiyi manatı yaşadığı evdə yatdığı otaqda olan çarpayıda saxlamışdır. Daha sonra o, bu əməlinin aşkara çıxmaması üçün hər bir bağlamada 100 ədəd ABŞ dolları olmaqla ümumilikdə 09 ədəd bağlamada ümumilikdə 90 000 ədəd üzərində “keçərsizdir” sözü yazılmış 100 ABŞ dolları pul əskinası formasında çap edilmiş kağızları əldə edib pulları oğurladığı dondurma qablarının içərisinə qoymuşdur. Bundan bir müddət sonra əmisi Zərərçəkmiş şəxs Rusiya Federasiyasından Azərbaycana gəlmiş və Bakı şəhərindən avtomobil alan zaman atası Şahid6 saxlamaq üçün verdiyi ABŞ dollarlarının hamısının üzərində “keçərsizdir” sözü yazılmış 100 ABŞ dolları pul əskinası formasında çap edilmiş kağızlarla dəyişdirilməsi aşkara çıxmışdır. Bundan sonra atası Şahid6 həmin pulların kim tərəfindən oğurlanmasını və yerinə üzərində “keçərsizdir” sözü yazılmış 100 ABŞ dolları pul əskinası formasında çap edilmiş kağızların qoyulmasını aydınlaşdırmaq üçün söhbətlər aparmış, lakin o, pulları oğurladığını etiraf etməmişdir. Bundan sonra əmisi Zərərçəkmiş şəxs bu barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat vermiş və araşdırma aparılan zaman o, 90 000 ABŞ dollarını oğurladığını və yerinə üzərində “keçərsizdir” sözü yazılmış 100 ABŞ dolları pul əskinası formasında çap edilmiş kağızları qoyduğunu etiraf etmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında oğurladığı pulun məbləği ilə bağlı ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, yaşadıqları evin birinci mərtəbəsində olan zirzəmiyə daxil olaraq axtarış aparan zaman orada olan iki ədəd plastik dondurma qablarının içərisində hər bir bağlamada 100 ədəd ABŞ dolları olmaqla ümumilikdə 08 ədəd bağlamada 80 000 ABŞ dollarının olduğunu aşkar etmiş və həmin pulları hissə-hissə götürüb oğurlamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, o, Rusiya Federasiyasında yaşayır. 15 fevral 2022-ci ildə Azərbaycana gəlmiş, bir müdət qaldıqdan sonra 11 aprel 2022-ci ildə yenidən Rusiya Federasiyasına qayıdan zaman özünə məxsus olan 50 000 ABŞ dollarını saxlaması üçün Yevlax rayonunun Varvara kəndində yaşayan qardaşı Şahid6 vermişdir. Bundan bir müddət sonra o, Rusiya Federasiyasında olan zaman qardaşı Şahid6 zəng edərək Bakı şəhərində bir nəfər vətəndaşın ona 40 000 ABŞ dolları məbləğində borcunun olduğunu bildirərək həmin şəxslə görüşərək qeyd olunan məbləğdə pulu götürüb saxlamasını xahiş etmiş və 2022-ci ilin yay aylarının əvvəllərində qardaşı Şahid6 ona zəng edərək həmin 40 000 ABŞ dollarını borclu olan şəxsdən götürdüyünü bildirmişdir. Bundan bir müddət sonra 03 dekabr 2022-ci ildə o, Rusiya Federasiyasından Azərbaycana gəlmiş, qardaşı Şahid6 zəng edərək özünə avtomobil almaq üçün Bakı şəhərinə gedəcəyini və saxlaması üçün verdiyi 90 000 ABŞ dollarından 50 000 ABŞ dollarını ona verməsini xahiş etmişdir. Həmin gün qardaşı Şahid6 50 000 ABŞ dolları məbləğində pulu ona vermiş və o, özünə avtomobil almaq üçün Bakı şəhərinə getmişdir. Bakı şəhərində avtomobilin əldə edilməsi ilə bağlı ödəniş edən zaman avtomobil satan şəxs həmin dollarların etibarsız olduğunu ona bildirmiş, o da qardaşı Şahid6 zəng edərək bu barədə məlumat vermiş və evdə qalan digər dollarların da saxta olubolmamasını aydınlaşdırmasını bildirmişdir. Bir müddət sonra qardaş Şahid6 ona zəng edərək evdə olan digər dollarların da hamısının etibarsız olduğunu bildirmişdir. Bundan sonra o, qardaşı Şahid6 yaşadığı evə gələrək həmin pulların kim tərəfindən oğurlanmasını və yerinə üzərində “keçərsizdir” sözü yazılmış 100 ABŞ dolları pul əskinası formasında çap edilmiş kağızların qoyulmasını aydınlaşdırmaq üçün söhbətlər aparmış, lakin bunların kim tərəfindən edildiyini müəyyən etmək mümkün olmamışdır. Bundan sonra o, 13 dekabr 2022-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə məlumat vermiş və aparılmış araşdırma nəticəsində ona məxsus olan 90 000 ABŞ dollarını qardaşı oğlu Təqsirləndirilən şəxs oğurlaması ona məlum olmuşdur. Hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kürəkəni, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs əmisidir. 20-21 noyabr 2022-ci ildə həyat yoldaşı Şahid5 Təqsirləndirilən şəxs 30 000 ABŞ dolları məbləğində pulu ona verdiyini, əmisi Zərərçəkmiş şəxs ev alması üçün göndərdiyini və Təqsirləndirilən şəxs valideynləri ilə münasibətlərinin yaxşı olmaması səbəbindən valideynlərinin məlumatı olmadan ev almaq istədiyini dediyini bildirmişdir. O, səhəri gün Təqsirləndirilən şəxsla bu barədə söhbət edən zaman sonuncu qeyd olunanları təsdiq etmiş və ondan Mingəçevir şəhərində ev almasını xahiş etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs verdiyi 30 000 ABŞ dollarını Mingəçevir şəhərində valyuta dəyişmə məntəqəsində manata dəyişmiş, daha sonra isə Mingəçevir şəhərində alğı-satqı məsələləri ilə məşğul olan şəxslərlə əlaqə saxlamış, onların vasitəçiliyi ilə Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən 5 nömrəli binanın 37 nömrəli mənzilini 42 000 manat məbləğində pulun qarşılığında almaqla bağlı razılaşmış və 30 noyabr 2022-ci il tarixdə X2 ilə Mingəçevir regional «ASAN» xidmət mərkəzində fəaliyyət göstərən notariat ofisində alğı-satqı müqaviləsi əsasında həmin iki otaqlı evi öz alaraq öz adına rəsmiləşdirmişdir. Bu zaman alğı-satqı müqaviləsinin təsdiq olunması ilə bağlı təxminən 200-300 manat xərcləmiş, 450 manat pulu vasitəçiyə vermiş, 5500 manat pulu Təqsirləndirilən şəxs qaytarmış, 140 manata 1 ədəd unitaz, 70 manata 1 ədəd əl-üzyuyan avadanlıq, 330 manata 1 ədəd paltaryuyan maşın, 630 manata 1 ədəd soyuducu, 240 manata 1 ədəd plastik qapı və 150 manata isə 1 ədəd plastik qapı almışdır. Daha sonra isə "xxxx" ASC-dən öz adına debet kart alıb 1500 manat məbləğində pulu həmin karta köçürərək 400 manat pulu xərcləmiş və 1100 manat pul isə hesabda qalmışdır. Bir müddət sonra Şahid6 qardaşı Zərərçəkmiş şəxs saxlaması üçün verdiyi ABŞ dollarlarının etibarsız olması barədə məlumat vermiş və sonradan aparılmış araşdırma nəticəsində Zərərçəkmiş şəxs saxlamaq üçün Şahid6 verdiyi 90 000 ABŞ dollarının Təqsirləndirilən şəxs tərəfindən oğurlaması ona məlum olmuşdur. Araşdırma zamanı o, Təqsirləndirilən şəxs üçün aldığı evin sənədlərini, habelə sonuncunun ona verdiyi 1500 manat məbləğində puldan qalan 1100 manat məbləğində pulu istintaqa təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşı, Təqsirləndirilən şəxs isə oğludur. Qardaşı Zərərçəkmiş şəxs Rusiya Federasiyasında yaşayır. 2022-ci ilin fevral ayında qardaşı Zərərçəkmiş şəxs Azərbaycana gəlmiş və bir müddət qaldıqdan sonra 2022-ci ilin aprel ayında Rusiya Federasiyasına qayıdan zaman özünə məxsus olan 50 000 ABŞ dollarını saxlaması üçün ona təqdim etmiş və o da həmin pulu saxlaması üçün arvadı Şahid4 vermişdir. Bundan bir müddət sonra qardaşı Zərərçəkmiş şəxs Rusiya Federasiyasında olan zaman ona zəng edərək Bakı şəhərində bir nəfər vətəndaşın 31 000 ABŞ dolları məbləğində borcunun olduğunu bildirib həmin şəxslə görüşərək qeyd olunan məbləğdə pulu götürüb saxlamasını xahiş etmişdir. O da həmin şəxslə görüşüb qeyd olunan məbləğdə pulu götürərək arvadı Şahid4 vermiş və həmin məbləği 50 000 ABŞ dollarının üzərinə əlavə etməsini xahiş etmişdir. Bundan bir müddət sonra 03 dekabr 2022-ci ildə qardaşı Zərərçəkmiş şəxs Rusiya Federasiyasından Azərbaycana gəlmiş, ona zəng edərək özünə avtomobil almaq üçün Bakı şəhərinə gedəcəyini və saxlaması üçün ona verdiyi 81 000 ABŞ dollarından 50 000 ABŞ dollarını verməsini xahiş etmişdir. Daha sonra o, arvadı Şahid4 Zərərçəkmiş şəxs məxsus olan və saxlamaq üçün verdiyi puldan 50 000 ABŞ dollarını gətirməsini xahiş etmiş, qeyd olunan məbləğdə pulu sonuncudan götürüb qardaşı Zərərçəkmiş şəxs vermiş və sonuncu özünə avtomobil almaq üçün Bakı şəhərinə getmişdir. Bundan bir müddət sonra qardaşı Zərərçəkmiş şəxs ona zəng edərək verdiyi dollarların saxta olduğunu ona bildirmiş və evdə qalan digər dollarların da saxta olub-olmamasını aydınlaşdırmasını xahiş etmişdir. Daha sonra onun göstərişi ilə arvadı Şahid4 bağlamalarda olan 31 000 ABŞ dollarını gətirib ona verdikdə o, bağlamada olan birinci və axırıncı dollarlardan başqa hamısının üzərində “keçərsizdir” sözünün yazıldığını görmüş və qardaşı Zərərçəkmiş şəxs zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra qardaşı Zərərçəkmiş şəxs onun yaşadığı evə gələrək həmin pulların kim tərəfindən oğurlamasını və yerinə üzərində “keçərsizdir” sözü yazılmış 100 ABŞ dolları pul əskinası formasında çap edilmiş kağızların qoyulmasını aydınlaşdırmaq üçün söhbətlər aparmış, lakin bunların kim tərəfindən edildiyini müəyyən etmək mümkün olmamışdır. Bundan sonra qardaşı Zərərçəkmiş şəxs 13 dekabr 2022-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə məlumat vermiş və aparılmış araşdırma nəticəsində qardaşına məxsus olan 81 000 ABŞ dollarını oğlu Təqsirləndirilən şəxs oğurlaması ona məlum olmuşdur. Şahid6 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında oğurlanmış pulun məbləği ilə bağlı ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və həmin ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayında qardaşı Zərərçəkmiş şəxs Azərbaycana gəlmiş və bir müddət qaldıqdan sonra 2022-ci ilin aprel ayında Rusiya Federasiyasına qayıdan zaman özünə məxsus olan 50 000 ABŞ dollarını saxlaması üçün ona təqdim etmiş və o da həmin pulu saxlaması üçün arvadı Şahid4 vermişdir. Bundan bir müddət sonra qardaşı Zərərçəkmiş şəxs Rusiya Federasiyasında olan zaman ona zəng edərək Bakı şəhərində bir nəfər vətəndaşın 40 000 ABŞ dolları məbləğində borcunun olduğunu bildirib həmin şəxslə görüşərək qeyd olunan məbləğdə pulu götürüb saxlamasını xahiş etmişdir. O da həmin şəxslə görüşüb qeyd olunan məbləğdə pulu götürərək arvadı Şahid4 vermiş və həmin məbləği 50 000 ABŞ dollarının üzərinə əlavə etməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qaynı, Təqsirləndirilən şəxs isə oğludur. Zərərçəkmiş şəxs Rusiya Federasiyasında yaşayır. 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs Azərbaycana gəlmiş və bir müddət qaldıqdan sonra 2022-ci ilin aprel ayında Rusiya Federasiyasına qayıdan zaman özünə məxsus olan 50 000 ABŞ dollarını saxlaması üçün Şahid6 vermiş və sonuncu da həmin pulu saxlaması üçün ona təqdim etmişdir. O da həmin 50 000 ABŞ dollarını yaşadıqları evin zirzəmisində iki ədəd dondurma qutularında gizlətmişdir. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs Rusiya Federasiyasında olan zaman Şahid6 zəng edərək Bakı şəhərində bir nəfər vətəndaşın 30 000 ABŞ dolları məbləğində borcunun olduğunu bildirib həmin şəxslə görüşərək qeyd olunan məbləğdə pulu götürüb saxlamasını xahiş etmişdir. Şahid6 həmin şəxslə görüşüb qeyd olunan məbləğdə pulu götürərək ona vermiş və həmin məbləği 50 000 ABŞ dollarının üzərinə əlavə etməsini xahiş etmişdir. O da həmin 30 000 ABŞ dollarını yaşadıqları evin zirzəmisində iki ədəd dondurma qutularında gizlətdiyi 50 000 ABŞ dollarının üzərinə əlavə etmişdir. Bundan bir müddət sonra 03 dekabr 2022-ci ildə qardaşı Zərərçəkmiş şəxs Rusiya Federasiyasından Azərbaycana gəlmiş, Şahid6 zəng edərək özünə avtomobil almaq üçün Bakı şəhərinə gedəcəyini və saxlaması üçün verdiyi 80 000 ABŞ dollarından 50 000 ABŞ dollarını verməsini xahiş etmişdir. Daha sonra Şahid6 ona Zərərçəkmiş şəxs məxsus olan və saxlamaq üçün verdiyi puldan 50 000 ABŞ dollarını gətirməsini xahiş etmiş, qeyd olunan məbləğdə pulu ondan götürüb Zərərçəkmiş şəxs vermiş və sonuncu özünə avtomobil almaq üçün Bakı şəhərinə getmişdir. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs Şahid6 zəng edərək verdiyi dollarların saxta olduğunu bildirmiş və evdə qalan digər dollarların da saxta olub-olmamasını aydınlaşdırmasını xahiş etmişdir. Daha sonra Şahid6 təklifi ilə o, Zərərçəkmiş şəxs məxsus olan 03 bağlamada ümumilikdə 30 000 ABŞ dollarını aparıb Şahid6 verdikdə bağlamada olan birinci və axırıncı dollarlardan başqa hamısının üzərində “keçərsizdir” sözünün yazıldığı aşkar olunmuş və Şahid6 Zərərçəkmiş şəxs zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra qardaşı Zərərçəkmiş şəxs onların yaşadığı evə gələrək həmin pulların kim tərəfindən oğurlamasını və yerinə üzərində “keçərsizdir” sözü yazılmış 100 ABŞ dolları pul əskinası formasında çap edilmiş kağızların qoyulmasını aydınlaşdırmaq üçün söhbətlər aparmış, lakin bunların kim tərəfindən edildiyini müəyyən etmək mümkün olmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs 13 dekabr 2022-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə məlumat vermiş və aparılmış araşdırma nəticəsində sonuncuya məxsus olan 80 000 ABŞ dollarını oğlu Təqsirləndirilən şəxs oğurlaması ona məlum olmuşdur. Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında oğurlanmış pulun məbləği ilə bağlı ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və həmin ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs Azərbaycana gəlmiş və bir müddət qaldıqdan sonra 2022-ci ilin aprel ayında Rusiya Federasiyasına qayıdan zaman özünə məxsus olan 50 000 ABŞ dollarını saxlaması üçün Şahid6 vermiş və sonuncu da həmin pulu saxlaması üçün ona təqdim etmişdir. O da həmin 50 000 ABŞ dollarını yaşadıqları evin zirzəmisində iki ədəd dondurma qutularında gizlətmişdir. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs Rusiya Federasiyasında olan zaman Şahid6 zəng edərək Bakı şəhərində bir nəfər vətəndaşın 40 000 ABŞ dolları məbləğində borcunun olduğunu bildirib həmin şəxslə görüşərək qeyd olunan məbləğdə pulu götürüb saxlamasını xahiş etmişdir. Şahid6 həmin şəxslə görüşüb qeyd olunan məbləğdə pulu götürərək ona vermiş və həmin məbləği 50 000 ABŞ dollarının üzərinə əlavə etməsini xahiş etmişdir. O da həmin 40 000 ABŞ dollarını yaşadıqları evin zirzəmisində iki ədəd dondurma qutularında gizlətdiyi 50 000 ABŞ dollarının üzərinə əlavə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 və Şahid7 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid4 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, özünə məxsus olan «Opel Astra» markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs təklifi ilə sonuncunu bir neçə dəfə Mingəçevir və Yevlax şəhərlərinə aparıb-gətirmiş, həmin müddətlərdə sonuncu valyuta dəyişmə məntəqələrində ABŞ dollarını Azərbaycan manatına çevirmiş, habelə "xxxx" ASC-dən debet kart alıb həmin karta pul köçürərək öz ehtiyacları üçün istifadə etmiş, eləcə də müxtəlif əşyalar almış, bir qisminə isə internet vasitəsilə oyun oynamış və həmin pulların Rusiya Federasiyasında yaşayan əmisi Zərərçəkmiş şəxs tərəfindən göndərildiyini ona demişdir. Təqsirləndirilən şəxs həmçinin ona sonradan qaytarmaq şərtilə borc qismində pul vermiş və sonradan həmin pulun bir qismini qaytarıb vermişdir. Eləcə də Bəxiyar Məmmədovun xahişi ilə sonuncunun adına gələn bağlamaları götürüb versə də həmin bağlamalarda üzərində “keçərsizdir” sözü yazılmış 100 ABŞ dolları pul əskinası formasında çap edilmiş kağızların olmasından məlumatı olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı şahid qismində verdiyi ifadəsində Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəyini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş vətəndaş Zərərçəkmiş şəxs tərəfindən Yevlax Rayon Polis Şöbəsinə ünvanlanmış 13 dekabr 2022-ci il tarixli ərizədən görünür ki, o, saxlamaq üçün qardaşı Şahid6 verdiyi 90 000 ABŞ dolları məbləğində pulun oğurlanaraq yerinə saxta pulun qoyulması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 15 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 90 000 ABŞ dolları məbləğində pulun yerinə yerinə qoyduğu 902 ədəd üzərində “keçərsizdir” sözü yazılmış 100 ABŞ dolları pul əskinası formasında çap edilmiş kağızları təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 16 dekabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə fakt üzrə CM-in 177.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 90 000 ABŞ dolları məbləğində pulun bir hissəsini istifadə etdikdən sonra qalan 48 ədəd 100 ABŞ dollarları ilə olan pul əskinaslarını, 46 ədəd 100 manatlıq, 3 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 3 ədəd 5 manatlıq və 4 ədəd 1 manatlıq pul əskinaslarını təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 dekabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 18 yanvar 2023-cü il tarixli 28 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F70.0 xəstəliyi keçirir. Təqsirləndirilən şəxs hadisəni törədən zaman qeyd olunan xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadə olması səbəbindən o, öz hərəkətlərinə qiymət verə bilmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 25 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq hadisəsini törətdiyi yeri əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" ASC-dən daxil olmuş ödəniş kartı üzrə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan 416973******5704 nömrəli plastik kart vasitəsilə 14 oktyabr 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixədək olan müddət ərzində müəyyən əməliyyatlar üzrə 14,416.82 manat məxaric olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 13 yanvar 2022-ci il tarixli PHŞ-175/23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax RMX-nin Psixo-nevroloji kabinetində “Yüngül dərəcəli əqli gerilik” diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 14 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 177.2.1, 177.2.2 və 178.3.2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında aparılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını külli miqdarda ziyan vurmaqla gizli olaraq talamaqla qəsdən oğurluq etmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 01 nömrəli Qərarının (bundan sonra – Qərar) 2-ci bəndinə göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Bu Qərarın 7-ci bəndinə əsasən, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Bu Qərarın 19-cu bəndinə əsasən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Bu Qərarın 20-ci bəndinə əsasən, yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 177.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində oğurladığı pulun məbləğinin 90 000 ABŞ dolları olduğunu qeyd etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində həmin məbləğin 80 000 ABŞ dolları olduğunu bildirmişdir. Habelə Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində oğurlanmış pulun məbləğinin 90 000 ABŞ dolları olduğunu qeyd etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində həmin məbləğin 81 000 ABŞ dolları olduğunu bildirmişdir. Həmçinin Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində oğurlanmış pulun məbləğinin 90 000 ABŞ dolları olduğunu qeyd etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində həmin məbləğin 80 000 ABŞ dolları olduğunu bildirmişdir. Eləcə də Zərərçəkmiş şəxs ona məxsus olan oğurlanmış pulun məbləğinin 90 000 ABŞ dolları olduğunu qeyd etmişdir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs, habelə şahidlər Şahid6 və Şahid4 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə Təqsirləndirilən şəxs, habelə şahidlər Şahid6 və Şahid4 ibtidai istintaq zamanı verdikləri ifadələrinin, eləcə də zərərçəkmiş şəxsin və digər şahidlərin ifadələrinin və başqa sübutların iş materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Habelə qeyd olunması zəruridir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Zərərçəkmiş şəxs məxsus pulları oğurladıqdan sonra Şahid3 və Şahid2 həmin pulların müəyyən qismini ondan oğurladıqlarını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs atası Şahid6 da Şəki Ağır Cinayətlər Məhkəməsinə ünvanladığı ərizəsində adları qeyd edilən şəxslərin, habelə Şahid1 da oğurluq cinayətinin törədilməsində oğlu ilə bir qrup şəxs halında iştirak etdiklərini qeyd etmişdir. Həmin xüsusat ibtidai istintaq zamanı araşdırılmış və öz təsdiqini tapmadığından sübutların qiymətləndirilməsi haqqında 14 mart 2023-cü il tarixli qərarla adları qeyd edilən şəxslərin barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bununla yanaşı, məhkəmə istintaqı zamanı da qeyd olunan xüsusatlar araşdırılmasına baxmayaraq, göstərilənlər öz təsdiqini tapmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, qeyd olunan xüsusatla bağlı cinayət təqibi orqanının cinayət işinin başlanmasının rədd edilməsi haqqında ləğv olunmamış qərarının olması, habelə həmin xüsusatların məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmaması nəzərə alınmalıdır. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ərizədən və teleqramdan görünür ki, Zərərçəkmiş şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini və sonuncuya qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu, Varvara kəndində yaşayır, 2020-ci ildə doğulmuş qızı Mədinə Məmmədli və 2022-ci ildə doğulmuş oğlu Tacir Məmmədli onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini isə CM-in 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, hadisənin baş vermə mexanizmini, onun hadisədən sonrakı hərəkətlərini, yəni zərərçəkmiş şəxs ilə barışmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, eyni zamanda CM-in 60-cı maddəsinin tələblərini və “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda CM-in 70.1-ci maddəsinə görə azadlıqdаn məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdаn məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmənin bu qənaətə gəlməsinə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələnməsi, ictimai təhlükəliliyi yalnız maddi ziyanla bağlı olan cinayət törətməsi, zərərçəkmiş şəxs ilə barışması, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmaması, himayəsində azyaşlı uşaqlarının olması, İİİ dərəcə əlilliyi olan şəxs olması və atası Şahid6 müharibə ilə əlaqədar İİİ dərəcə əlilliyi olan şəxs olması kimi hallar əsas verir. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmənin Təqsirləndirilən şəxs 02 (iki) il sınaq müddəti ilə tətbiq edilməli olmasını məqsədəmüvafiq hesab edir. CM-in 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə müəyyən vəzifələri qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerlərini dəyişməmək vəzifələri qoyulmаlıdır. Sınаq müddəti dövründə Təqsirləndirilən şəxs dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsi onun dаimi yaşayış yeri üzrə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvаlə edilməlidir. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 15 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmudur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 17 dekabr 2022-ci il tarixli qərarından görünür ki, əvvəli 15 dekabr 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında itizam qətimkan tədbiri ilə dəyişdirilməli, o, dərhal həbsdən azad edilməli və barəsində seçimiş başqa yerə getməmək haqqında itizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına zərurət yoxdur və onun yaşayış yeri üzrə psixo-nevroloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 902 ədəd üzərində “keçərsizdir” sözü yazılmış 100 ABŞ dolları pul əskinası formasında çap edilmiş kağızlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 4800 ABŞ dollarının və 5789 manat pul vəsaitinin saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı və Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsini və götürmə aparılmasını əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınаq müddəti ilə şərti hesаb edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə dəyişdirilsin, o, dərhal həbsdən azad edilsin və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınаq müddəti ərzində Təqsirləndirilən şəxs dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsi onun dаimi yaşayış yeri üzrə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci mаddəsinə əsаsən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerlərini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 902 ədəd üzərində “keçərsizdir” sözü yazılmış 100 ABŞ dolları pul əskinası formasında çap edilmiş kağızlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 4800 ABŞ dollarının və 5789 manat pul vəsaitinin saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın və Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsini və götürmə aparılmasını əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar