Məhkəmə qərarları › İş №1(091)-137/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-137/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-137/2024 13.06.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1974-cü ildə Göyçay rayonunun Yalman kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Göyçay rayonunun Yalman kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs insan həyatı və sağlamlığı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 24 noyabr 2023-cü il tarixdə saat 17:00-da Göyçay şəhərində “Əyləncə mərkəzi” restoranında başlayan kiçik toy məclisində həmkəndlisi Zərərçəkmiş şəxs ilə eyni masada oturub yeyib içərkən sonuncu yediyi ətin sümüyünü onun yemək yediyi boşqabına qoymasına görə Zərərçəkmiş şəxs haqlı iradını bildirmiş, həmin vaxt sonuncu isə etdiyi hərəkətdən peşman olmayıb özünü haqlı çıxarması səbəbindən aralarında söz mübahisəsi yaranmış, ancaq hər hansı zorakılq hərəkətləri edilmədən özləri sakitləşdikdən sonra o, həmin tarixdə saat 22 radələrində yaşadığı evə getmiş, evdə olan zaman istifadə etdiyi mobil telefonla Zərərçəkmiş şəxs zəng edib sonuncunun ona qarşı etdiyi hərəkətlərin düzgün olmadığını bildirib Zərərçəkmiş şəxs təhqir etmiş, bundan sonra Zərərçəkmiş şəxs 24 noyabr 2023-cü il tarixdən 25 noyabr 2023-cü il tarixə keçən gecə saat 00 radələrində onun yaşadığı Göyçay rayonunun Yalman kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə gəlib onun ünvanına söyüşlər söyərək özü ilə gətirdiyi ağac parçası ilə onun baş nahiyəsinə bir zərbə vurub yerə yıxaraq başın təpə nahiyəsində əzilmiş-cırılmış yara və gövdənin arxa səthində belin sol-sağ iç nahiyələrində qançırlardan ibarət sağlamlığına dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, həmin vaxt o, orta dərəcəli sərxoş vəziyyətində əlində olan yaşadığı evdən götürdüyü kəsici-deşici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir zərbə vuran zaman Zərərçəkmiş şəxs əli ilə mane olmaq istədikdə sonuncuya sağ əlin ovuc səthində və sağ əlin V əl darağı sümüyü proyeksiyasında yumşaq toxumların deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər və qarnın ön divarının qarın boşluğuna nüfuz edən nazik (qalça) bağırsağın və böyük piylik və peritonun kəsilmiş-deşilmiş daxili qanaxma ilə müşahidə edilən deşilmiş-kəsilmiş yaralarından ibarət dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təsdiq etsə də ifadə verməkdən imtina etmiş, qeyd olunan səbəbdən onun həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi və qonşusudur, aralarında şəxsi ədavət və ya düşmənçilik olmamışdır. 24 noyabr 2023-cü il tarixdə Göyçay şəhərində yaşayan qardaşı X4 Xəlilov Göyçay şəhərində yerləşən “Əyləncə mərkəzi” adlı kiçik banket zalı olan restoranda övladına “kiçik toy məclisi” təşkil edən zaman o və Zərərçəkmiş şəxs də həmin məclisdə iştirak etmiş və birlikdə eyni masada olmaqla yanaşı əyləşmişlər. Yemək vaxtı qonşusu Zərərçəkmiş şəxs ət yeməyini yeyib sümük hissəsini onun yemək yediyi qabın kənarına qoyduğu üçün sonuncuya iradını bildirmiş, daha sonra isə Zərərçəkmiş şəxs təklifi ilə məclisdən çölə çıxıb məsələni aydınlaşdırmağa çalışan zaman o, sonuncunun sərxoş vəziyyətdə olmasını görüb əlavə söz-söhbətin yaranmaması üçün söhbəti dayandırmış və bundan sonra hər ikisi restorana qayıdıb öz yerlərində əyləşmişlər. Bundan bir müddət sonra həmin tarixdə saat 21:00-da məclisi tərk edib yaşadığı Göyçay rayonunun Yalman kəndində yerləşən fərdi yaşayış evinə getmiş, orada olan zaman 25 noyabr 2023-cü il tarixə keçən gecə saat 00 radələrində “WhatsApp” tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs zəng edib məclisdə iştirak edən zaman etdiyi hərəkətin düzgün olmadığını deyib sonuncuya iradını bildirdikdə, Zərərçəkmiş şəxs yenidən özünə haqq qazandırdığı üçün sonuncunun ünvanına nalayiq ifadələr işlətmişdir. Bir neçə dəqiqə sonra evinin həyətyanı sahəsində olan bağ sahəsinin qapısı tərəfdən Zərərçəkmiş şəxs ona qarşı nalayiq söyüşlər söyərək çölə çıxmasını deməsini eşitmiş, o da oturduğu mətbəxin pəncərəsindən çölə baxdıqda Zərərçəkmiş şəxs əlində ağac parçasının olduğunu, yanında olan sonuncunun oğlu Şahid1 və arvadı Şahid2 Zərərçəkmiş şəxs aparmağa çalışdıqlarını, lakin buna nail ola bilmədiklərini görmüşdür. Həmin vaxt o, pəncərədən Zərərçəkmiş şəxs çıxıb getməsini desə də sonuncu həmin yeri tərk etməmiş və onun ünvanına nalayiq ifadələr işlədərək çölə çıxmasını təklif etmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs əlində olan ağac parçası ilə ona zərbə vuracağından ehtiyat etdiyi üçün sonuncunu qorxutmaq məqsədilə mətbəxdə masanın üzərində olan qatlanmayan, dəstəyi qara plasmas materialdan hazırlanmış, uzunluğu isə təxminən 24-25 sm olan mətbəx bıçağını götürüb həyətə düşmüş, bu zaman Şahid2 həmin yeri tərk etmiş, Şahid1 isə Zərərçəkmiş şəxs 3-4 metr geriyə bağ sahəsinə tərəf aparmışdır. O, artıq sonuncuların qorxub getdiyini düşünüb bağ sahəsinə tərəf getdikdə Zərərçəkmiş şəxs oğlu Şahid1 əlindən çıxıb ona tərəf gəlmiş, əlində olan ağac parçası ilə onun baş nahiyəsinə zərbə vurmuş, nəticədə o, zərbənin təsirindən arxası üstə yerə yıxılmışdır. O, ayağa qalxdıqdan sonra Zərərçəkmiş şəxs sağ əli bıçağı onun əlindən almaq istədiyi üçün o da əsəbləşərək bıçağı sonuncunun sağ əlinə tərəf hərəkətləndirmiş, nəticədə bıçaq Zərərçəkmiş şəxs əlini kəsmiş, sonuncu arxası üstə yerə yıxılmış, lakin həmin vaxt o, bıçağın Zərərçəkmiş şəxs qarın nahiyəsinə daxil olmasını bilməmişdir. Bundan sonra o, hərəkətlərini dayandırıb bıçağı yerə tullayıb fərdi yaşayış evinə qayıtmış və həmin vaxt Şahid2 və digər qonşusu Şahid3 Zərərçəkmiş şəxs yerdən qaldırıb həmin yeri tərk etmişlər. Sonuncular onun həyətyanı sahəsindən çıxıb getdikdən sonra o, polis şöbəsinə gedib məlumat verməyi düşünmüş və oraya gedən zaman bıçağı da özü ilə götürmək qərarına gəlsə də mübahisə etdikləri yerə getdikdə bıçağı orada tapa bilməmiş, bir qədər sonra o, polis şöbəsinə getmək üçün küçəyə çıxan zaman qonşusu Şahid3 Zərərçəkmiş şəxs yaşadığı evin yerləşdiyi istiqamətdən gəldiyini görmüş və bu zaman Şahid3 ona Zərərçəkmiş şəxs sağ əl və qarın nahiyələrinin kəsildiyini və sonuncunu xəstəxanaya apardıqlarını bildirmişdir. Həmin vaxt da mübahisə zamanı Zərərçəkmiş şəxs sağ əlinə tərəf hərəkətləndirdiyi bıçağın sonuncunun qarın nahiyəsinə daxil olması ona məlum olmuş və bundan sonra o, Göyçay Rayon Polis Şöbəsinə gedərək özünü təqdim etmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır, hadisədən sonra zərərçəkmiş şəxslə barışmışdır, barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusu və qohumudur, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 24 noyabr 2023-cü il tarixdə Göyçay şəhərində yaşayan Şahid4 Göyçay şəhərində yerləşən “Əyləncə mərkəzi” adlı kiçik banket zalı olan restoranda övladına “kiçik toy məclisi” təşkil edən zaman o və Təqsirləndirilən şəxs da həmin məclisdə iştirak etmiş və birlikdə eyni masada olmaqla yanaşı əyləşmişlər. Yemək vaxtı o, ət yeməyini yeyib sümük hissəsini qonşusu Təqsirləndirilən şəxs yemək yediyi qabın kənarına qoyduğu üçün sonuncu ona iradını bildirmiş, daha sonra isə siqaret almaq üçün məclisdən çölə çıxıb məsələni aydınlaşdırmağa çalışan zaman Təqsirləndirilən şəxs onun ünvanına nalayiq ifadə işlətdiyi üçün o, əlavə söz-söhbətin yaranmaması üçün söhbəti dayandırmış və bundan sonra hər ikisi restorana qayıdıb öz yerlərində əyləşmişlər. Bundan bir müddət sonra həmin tarixdə saat 22 radələrində məclisi tərk edib yaşadığı Göyçay rayonunun Yalman kəndində yerləşən fərdi yaşayış evinə getmiş, orada olan zaman 25 noyabr 2023cü il tarixə keçən gecə saat 00 radələrində qonşusu Təqsirləndirilən şəxs “WhatsApp” tətbiqi vasitəsilə ona zəng edib məclisdə iştirak edən zaman etdiyi hərəkətə görə onun və ailə üzvlərinin ünvanına nalayiq ifadə işlətmiş, bu səbəbdən də o, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə tərəf getmiş, bu zaman özü ilə həyətdə olan ağac parçasını da götürmüş və oğlu Şahid1 və arvadı Şahid2 da onun arxası ilə hərəkət etmişlər. O, Təqsirləndirilən şəxs bağ sahəsinə daxil olub sonuncunu səsləmiş və bu zaman Təqsirləndirilən şəxs mətbəxin pəncərəsindən onlara baxıb nalayiq ifadə işlətmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs çölə çıxmasını demiş və həmin vaxt arvadı Şahid2 aralarında dava-dalaş olmasından qorxaraq həmin yeri tərk edib qonşuları Şahid3 çağırmağa getmişdir. Təqsirləndirilən şəxs əlində bıçaqla çölə çıxaraq eyvandan həyətə tullanıb həyətindən getmələrini deyib ona tərəf gəlmiş, həmin vaxt Zərərçəkmiş şəxs oğlu Şahid1 sonuncunun paltarından tutub onu bağ sahəsinə tərəf aparmış, lakin həmin vaxt Təqsirləndirilən şəxs bağ sahəsi tərəfə keçib onların getmələrini nalayiq sözlərlə dediyi üçün o, əlində olan ağac parçası ilə sonuncunun baş nahiyəsinə bir zərbə vurmuş, lakin həmin vaxt Təqsirləndirilən şəxs bel nahiyəsinə zərbə vurmamışdır. Nəticədə Təqsirləndirilən şəxs yerə yıxılmışdır və sonuncunun belində olan xəsarətin Təqsirləndirilən şəxs arxası üstə yıxılan zaman yarandığını düşünmüşdür. Bu zaman Təqsirləndirilən şəxs ayağa qalxmaq istədikdə o, sonuncunun əlində olan bıçağı almağa çalışan zaman Təqsirləndirilən şəxs əlində olan bıçağı ona tərəf hərəkətləndirmiş, nəticədə bıçaq onun sağ əlinin iç hissəsini kəsib qarın nahiyəsinə daxil olmuş və ondan qan axdığı üçün Təqsirləndirilən şəxs öz hərəkətlərini dayandırıb əlində olan bıçağı yerə ataraq yaşadığı fərdi yaşayış evinə tərəf qaçmışdır. Həmin vaxt orada olan arvadı Şahid2 və qonşusu Şahid3 onu yerdən qaldırıb yaşadığı fərdi yaşayış evinə aparan zaman arvadı Şahid2 bıçağı yerdən götürüb polis əməkdaşlarına təhvil vermək üçün özü ilə götürmüş, fərdi yaşayış evinə çatdıqdan sonra ondan qanın axması dayanmadığı üçün oğlu Şahid1 və arvadı Şahid2 onu Göyçay Rayon Mərkəzi xəstəxanasına aparmışlar və orada müayinə və müalicə olunmuşdur. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır, sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atası, Təqsirləndirilən şəxs isə onun qonşusudur, həmin şəxslərlə aralarında şəxsi ədavət və ya düşmənçilik olmamışdır. 25 noyabr 2023-cü il tarixdə axşam vaxtı yaşadığı fərdi yaşayış evində olan zaman atası Zərərçəkmiş şəxs oraya gələrək Göyçay rayonunun ərazisində keçirilən kiçik toy məclisində olan zaman qonşusu Təqsirləndirilən şəxsla eyni stulda əyləşib yemək yeyərkən qarşısında olan qaba sümük qoyduğu üçün sonuncunun onu təhqir etdiyini və aralarında sözlü mübahisənin yarandığını bildirmişdir. Bundan bir neçə saat sonra saat 00 radələrində qonşuları Təqsirləndirilən şəxs “WhatsApp” tətbiqi vasitəsilə atasına zəng edərək atasını təhqir etmiş, bundan sonra atası Zərərçəkmiş şəxs əsəbləşib fərdi yaşayış evindən çıxaraq Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evi istiqamətində hərəkət etmiş və bu zaman həyətə giriş qapısının qarşısındakı ağac parçasını da özü ilə götürmüşdür. Həmin vaxt o və anası Şahid2 atası Zərərçəkmiş şəxs arxasınca getmişlər və sonuncuya geri qayıtmasını tövsiyə etsələr də atası onlara məhəl qoymamışdır. Atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin bağ sahəsi tərəfdə olan açıq taxta qapıdan daxil olub sonuncunun evinin qarşısına çatdıqda sonuncunu səsləmiş və həmin vaxt Təqsirləndirilən şəxs əyləşdiyi mətbəxin pəncərəsindən onlara baxıb ailə üzvlərinin ünvanına nalayiq ifadə işlətmişdir. Atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlədərək çölə çıxmasını dedikdə anası Şahid2 sonuncuların arasında dava-dalaş olmasından qorxaraq həmin yeri tərk edib qonşuları Şahid3 çağırmağa getmiş, bu zaman Təqsirləndirilən şəxs əlində bıçaqla çölə çıxıb onlara həyət tərk etmələrini deyib atasına tərəf hərəkət etmiş, o isə Təqsirləndirilən şəxs qorxub atası Zərərçəkmiş şəxs tutub bağ sahəsinə tərəf aparmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs da onların getmələri ilə bağlı nalayiq ifadələr işlədərək bağ sahəsinə tərəf keçdikdə atası əlindəki ağac parçası ilə Təqsirləndirilən şəxs baş nahiyəsinə bir zərbə vurmuş və zərbənin təsirindən sonuncu yerə yıxılmışdır. O, atası Zərərçəkmiş şəxslə qonşuları Təqsirləndirilən şəxs bir-birindən kənarlaşdırmağa çalışsa da buna nail ola bilməmiş və sonuncu dərhal yerdən qalxan zaman atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlində olan bıçağı almaq istədikdə sonuncu əlindəki bıçağı hərəkət etdirən zaman atası Zərərçəkmiş şəxs sağ əlini qabağa tərəf istiqamətləndirdiyi üçün bıçaq ilk öncə atasının sağ əlini kəsmiş, daha sonra isə qarın nahiyəsinə daxil olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs hərəkətlərini dayandırmış və əlində olan bıçağı yerə atıb yaşadığı fərdi yaşayış evinə tərəf qaçmışdır. Daha sonra o, anası Şahid2 və qonşuları Şahid3 atası Zərərçəkmiş şəxs yerdən qaldırıb yaşadıqları fərdi yaşayış evinə doğru aparmışlar və oraya gedən zaman anası bıçağı yerdən götürüb polis əməkdaşlarına təhvil vermək üçün özü ilə aparmışdır. Fərdi yaşayış evinə çatdıqdan sonra ondan qanın axması dayanmadığı üçün anası Şahid2 ilə birlikdə atası Zərərçəkmiş şəxs Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparmışlar və atası orada müayinə və müalicə olunmuşdur. Məhkəmə istintaqı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək və Şahid1 ifadəsinə uyğun ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qonşularıdır və həmin şəxslərlə aralarında şəxsi ədavət və düşmənçilik olmamışdır. 25 noyabr 2023-cü il tarixdə saat 00 radələrində yaşadığı fərdi yaşayış evində olan zaman Şahid2 onu səsləyərək əri Zərərçəkmiş şəxs qonşusu Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə getdiyini və hər iki şəxsin sərxoş olması səbəbindən dava-dalaş edəcəklərindən qorxduğunu deyərək oraya gedib bunun qarşısını almasını xahiş etmiş və o da Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə getmişdir. Oraya çatdıqda Təqsirləndirilən şəxs fərdi yaşayış evinə yaxın yerdə bağ sahəsində Zərərçəkmiş şəxs yerdə uzanmış vəziyyətdə olduğunu və Şahid1 sonuncunu yerdən qaldırmağa çalışdığını görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə tərəf hərəkət etmiş, o və Şahid1 Zərərçəkmiş şəxs yerdən qaldırdıqda sonuncunun sağ əlindən və qarın nahiyəsindən qanın axmasını görmüşlər. Bu zaman Şahid2 Təqsirləndirilən şəxs yerə tulladığı bıçağı yerdən götürmüş və Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinə aparmışlar. Daha sonra isə Zərərçəkmiş şəxs qanın axması dayanmadığı üçün Şahid1 və Şahid2 birlikdə Zərərçəkmiş şəxs Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi, Zərərçəkmiş şəxs isə atası Rza Xəlilovun qohumudur. 24 noyabr 2023-cü il tarixdə saat 17:00-da o, azyaşlı övladı X9 şəhəri ərazisində fəaliyyət göstərən “Əyləncə mərkəzi” adlanan yerdə “kiçik toy məclisi” təşkil etmiş, həmin məclisdə əmisi Təqsirləndirilən şəxs və qohumu Zərərçəkmiş şəxs də iştirak etmiş və adları qeyd olunan şəxslər məclisə eyni masada əyləşmişlər. Məclisdə olarkən qohumu Zərərçəkmiş şəxslə əmisi Təqsirləndirilən şəxs arasında hər hansı mübahisənin olması barədə hər hansı məlumatı olmamış, lakin 25 noyabr 2023-cü il tarixdə söz-söhbətdən bir gün əvvəl məclisdə olan zaman Zərərçəkmiş şəxs əmisi Təqsirləndirilən şəxs qabına sümük qoyması səbəbindən aralarında sözlü mübahisənin yaranması, məclisi tərk edib yaşadıqları evə getdikdən sonra həmin mübahisəni davam etdirmələri və bu zaman əmisi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi ona məlum olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 25 noyabr 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən Zərərçəkmiş şəxs “qarnın ön divarının açıq yarası, bıçaqlanma” xəsarəti ilə xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 25 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Təqsirləndirilən şəxs məxsus olan və Göyçay rayonunun Yalman kəndində yerləşən fərdi yaşayış evidir. Hadisə yerinə baxış keçirilməsində iştirak edən Şahid1 hadisənin baş verdiyi yeri, habelə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaşadığı evə apardığı ağac parçasını təqdim etdi. Hadisə yerinə baxış keçirilən zaman əhəmiyyət kəsb edən hər hansı digər hal aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair 25 noyabr 2023-cü il tarixli 454 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında 25 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağın tiyəsi boz rəngli metaldan, dəstəyi isə qara rəngli plastmas materialdan olmaqla, qatlanmayandır və bıçağın uzunluğu 24 sm-dir, tiyəsinin bir tərəfi küt, digər tərəfi kəsici, ucu isə deşici xassəyə malikdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 noyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyanın (bıçağın) tanınmaya təqdim edilməsi haqqında 26 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilmiş 04 ədəd bıçaqdan 03 rəqəmi ilə nömrələnmiş bıçağı göstərərək hadisə vaxtı Zərərçəkmiş şəxs həmin bıçaqla xəsarət yetirdiyini qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 26 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 noyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında 02 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd açıq sarı rəngli olmaqla üzərində açıq göy rəngli zolaqları olan uzunqol kişi köynəyi və bir ədəd ağ rəngli kişi maykası götürülüb baxış keçirilmiş və bu zaman bir ədəd köynəyin üzərində zədənin, habelə bir ədəd maykanın üzərində zədənin və qanabənzər ləkələrin olması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 26 dekabr 2023-cü il tarixli 596 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizası zamanı onda “qarının ön divarının qarın boşluğuna nüfuz edən nazik (qalça) bağırsağın və böyük piylik və peritonun kəsilmişdeşilmiş daxili qanaxma ilə müşahidə edilən deşilmiş-kəsilmiş yaraları” diaqnozu ilə, 25 noyabr 2023-cü il tarixdə iti kənara malik deşici-kəsici əşyanın təsirindən törənmiş, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, habelə “sağ əlin ovuc səthində və sağ əlin V əl darağı sümüyü proyeksiyasında yumşaq toxumların deşilmiş-kəsilmiş yaraları” diaqnozu ilə, 25 noyabr 2023-cü il tarixdə iti kənara malik deşici-kəsici əşyanın təsirindən törənmiş, dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 19 yanvar 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisənin Təqsirləndirilən şəxs bağ sahəsində qısa zaman kəsiyində baş verməsi, hadisə zamanı oraya kənar şəxslərin toplaşmaması, həmin vaxt ictimai qaydanın kobud şəkildə pozulmaması, hər hansı şəxsin qorxu və narahatçılığına səbəb olmaması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 31 yanvar 2024-cü il tarixli 05 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə (İ) alfa, beta-dır. Təqdim olunmuş bir ədəd bıçağın üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa, beta olduğundan vətəndaş Zərərçəkmiş şəxs məxsus ola bilər. Zərərçəkmiş şəxs məxsus bir ədəd ağ rəngli mayka və bir ədəd uzunqol köynəyin üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa, beta olduğundan onun özünə məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizasının 26 fevral 2024-cü il tarixli 16/260/261 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağıdır və soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim olunan maykanın üzərində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş maykanın üzərindəki zədədə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını təyin etmək mümkün deyildir. Təqdim edilmiş köynəyin səthində mexaniki zədə aşkar edilmədi. Tədqiqata təqdim olunmuş məhkəmə-tibb ekspertizasının 26 dekabr 2023-cü il tarixli 596 nömrəli rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş maykanın səthində olan zədə müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “qarının ön divarının qarın boşluğuna nüfuz edən nazik (qalça) bağırsağın və böyük piylik və peritonun kəsilmiş-deşilmiş daxili qanaxma ilə müşahidə edilən deşilmiş-kəsilmiş yaraları” xəsarəti ilə maykanın üzərində olan zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 228.4-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında aparılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs insan həyatı və sağlamlığı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirib CM-in 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs bıçağı onun əlindən almaq istəməsinə görə əsəbləşərək bıçağı sonuncunun sağ əlinə tərəf hərəkətləndirdiyini, nəticədə bıçağın Zərərçəkmiş şəxs əlini kəsdiyini, sonuncunun arxası üstə yerə yıxıldığını və həmin vaxt bıçağın Zərərçəkmiş şəxs qarın nahiyəsinə daxil olmasını bilmədiyini demiş, lakin məhkəmə istintaqı zamanı ona ünvanlanmış suallara cavab olaraq mətbəx bıçağını götürən zaman Zərərçəkmiş şəxs xəsarət yetirməyi planlaşdırmadığını, neçə bıçaq zərbəsi vurduğunu xatırlamadığını və Zərərçəkmiş şəxs xəsarət yetirmək fikrinin olmadığını qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, Zərərçəkmiş şəxs və Şahid1 ifadələri ilə də Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi həmin xüsusatlar təkzib olunmuşdur. Həmçinin ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla aralarında üzləşdirmə aparılan zaman ifadəsində qeyd etdiyi xüsusatları sonuncunun üzünə demişdir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraiti ilə bağlı qeyd etdiklərinə tənqidi yanaşır, onları qəbul etmir və həmin ifadələrini məsuliyyətini yüngülləşdirmək üçün özünümüdafiə xarakterli ifadə hesab edir. Əksinə zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb birinin digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadəni və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadənin və digər sübutların təşkil etdiyini qəbul edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 126.1-ci maddəsi ilə tövsifi düzgün hesab edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 fevral 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs qarşı hər hansı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 16 may 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı hər hansı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayonunun Yalman kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamışdır, yaşayış yeri üzrə mənfi səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Göyçay rayonunun Yalman kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli hökmünün surətindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göyçay Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 13 iyun 2024-cü il tarixli 350-PX0002729 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş və sonuncu dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli hökmünə əsasən CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Göyçay Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 07 fevral 2023-cü il tarixdə qeydiyyata alınmış, 22 fevral 2023-cü il tarixdə ona elektron nəzarət vasitəsi tətbiq edilmiş və cəzasının 09 (doqquz) ay 16 (on altı) gününü çəkilmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş sayılır. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək cəzasını çəkib qurtarmasa da əvvəllər törətdiyi cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən və həmin cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza hesab olunduğundan onun sonradan göstərilən cinayət əməlini törətməsi cinayətlərin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını və cinayətin açılmasına fəal kömək etməsini CM-in 59.1.10-cu maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini isə CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 126.1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 25 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 25 noyabr 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 25 noyabr 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Habelə cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli hökmü ilə CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, CM-in 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 02 (iki) ay 10 (on) günü CMin 68-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb 07 (yeddi) ay 05 (beş) gün müəyyən olunaraq hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Cinayət işi üzrə mülki iddia verilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq, bir ədəd ağac parçası, habelə hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək və bir ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 63 (altmış üç) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 63 (altmış üç) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 02 (iki) ay 10 (on) günü Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb 07 (yeddi) ay 05 (beş) gün müəyyən olunaraq hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs hökmlərin məcmusu ilə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 25 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq, bir ədəd ağac parçası, habelə hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək və bir ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 63 (altmış üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar