Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-140/2022 21.06.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: X5, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və X3, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X6, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Yevlax şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 01 radələrində əvvəlcədən cinsi əlaqədə olmaq barədə razılığa gəldiyi Ağdaş rayon Ləki qəsəbə sakini xx.xx.1984-cü il təvəllüldü Şahid ilə onun yaşadığı Ləki qəsəbəsi Ceyhun Kərimov küçəsi ½-də yerləşən ünvanına getmiş, həmin ünvanda həyətdə rastlaşdığı Şahid qardaşı xx.xx.1986-cı il təvəlülldü Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun döş nahiyyəsindən qəsdən bir dəfə vuraraq ona döş qəfəsinin ön sol nahiyyəsində V-Vİ qabırğarası sahənin diafraqmanın, mədənin zədələnməsi və daxili qanitirmə ilə müşayiət olunan daxilə keçən 1 ədəd yarası ilə nəticələnən həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmədə təqsirlndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 yanvar 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı Yevlax şəhərində yerləşən mağazaya gedərkən dostu Emin ona zəng vuraraq Bakı-Gəncə-Yevlax dairəsində bir qadının özünün avtomaşınlara yaxınlaşaraq cinsi əlaqədə olmağı təklif etdiyini bildirdiyinə görə idarə etdiyi Vaz 2107 markalı avtomaşınla mağazadan ərzaq aldıqdan sonra yaxınlıqda olan Bakı-Gəncə-Yevlax dairəsinə getmişdir. Həmin vaxt avtomaşını “Mahir” aptekin yanında dayanan və adını sonradan bildiyi Nuranə adlı qadının yanında saxlamış, Nuranə ondan avtomaşının boş olub olmadığını və Nuranəni Ağdaş rayonu Ləki qəsəbəsinə apara bilib-bilməyəcəyini soruşmuşdur. Nuranəyə sonuncunu Ləki qəsəbəsinə apara biləcəyini, lakin təxminən 15-20 dəqiqəlik işinin olduğunu və aldığı ərzaqları evə verib qayıdacağını deyərək Nuranəyə öz mobil nömrəsini verib yaşadığı evə getmişdir. Təxminən 15-20 dəqiqə sonra Nuranə ona zəng edərək soyuqda onu gözlədiyini və tez gəlməsini demiş, təxminən yarım saat sonra Nuranənin dayandığı “Mahir” aptekin qarşısına gedərək sonuncunu oradan götürmüşdür. Ağdaş rayonu Ləki qəsəbəsi istiqamətində hərəkətdə olarkən Nuranənin Ləki qəsəbəsində yaşadığı evdə cinsi əlaqədə olmaq barədə razılaşmış, təxminən bir saat sonra Nuranənin Ləki qəsəbəsindəki evinin qarşısına çatmışlar. Avtomaşından düşdükdən sonra Nuranənin evinin qapısını açıb həyətə daxil olmuş, Nuranə onun arxasınca həyətə daxil olub qapını bağladıqdan sonra qaranlıqda bir nəfər şəxsin əlində yekə ağac parçası ilə onun üstünə gəldiyini görmüşdür. Sonradan Nuranənin qardaşı və adının Zaur olduğunu bildiyi şəxs ağac parçası ilə onun başından vurmaq istəyərkən ağac başına dəyməməsi üçün arxasını çevirmiş və ağac parçası onun kürəyinə dəymişdir. Sonra Zaur onu öldürəcəyini deyərək ağac parçası ilə qolundan vurmuş, üçüncü dəfə bıçaqla onu vurmaq istəyərkən üstündə gəzdirdiyi bıçağı cibindən çıxararaq bir dəfə sol sinə nahiyəsindən vurduqdan sonra qapının üstündən tullanaraq qaçıb avtomaşınına oturmuşdur. Zaur onun arxasınca gələrək əlindəki ağac parçası ilə avtomaşının ön şüşəsini sındırmış, buna baxmayaraq avtomaşını işə salaraq oradan uzaqlaşmışdır. Avtomaşınla birbaşa Yevlax şəhəri R.Behbudov küçəsində yerləşən evlərinə getmiş, telefonunu söndürərək yatmışdır. Səhər açılanda dostu Nahid onlara gələrək Nuranənin gecə Nahidə zəng vurduğunu, onun Nuranənin qardaşını bıçaqladığına görə evdən qaçdığını və getməyə yeri olmadığını bildirib kömək istədiyini demiş, Nahid Nuranəni Bakı-Gəncə-Yevlax dairəsindən götürüb hansısa evə aparmışdır. Nahidə baş vermiş hadisəni danışdıqdan sonra gedib avtomaşının şüşələrini dəyişmiş, həmçinin Zauru vuruduğu bıçağı da xatırlamadığı yerə tullamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış, törətdiyi əməldən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 09 yanvar 2022-ci il tarixdə axşam saatlarında siqaret çəkmək üçün həyətə düşmüş, həmin vaxt bacısı Nuranəni yad bir şəxslə görüb həmin şəxsdən kim olmasını soruşmuşdur. Bu zaman aralarında mübahisə yaranaraq dava düşmüş, ilk əvvəl Nurlan onun üzərinə gəlmiş, bu zaman Nurlana çubuqla zərbə endirmişdir. Onun zərbəsindən sonra Nurlan ona zərbə endirib həyətdən çölə qaçmışdır. Əvvəl Nurlanın onu bıçaqla vurmasını başa düşməmiş, sonradan ondan qan gəldiyini görüb əsəbiləşərək Nurlanın arxasınca çölə qaçmış, sonuncunun avtomaşınının şüşəsini əlindəki çubuqla vurub sındırmışdır. Sonra vəziyyəti pisləşdiyinə görə təcili tibbi yardıma zəng vurmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncudan heç bir şikayət və tələbi olmamışdır. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 01 radələrində yaşadığı Ağdaş rayonu Ləki qəsəbəsindəki evdə olarkən təbii ehtiyaclarını ödəmək üçün həyətə düşmüş, həyətin yanlarının çəpər olduğu üçün həyətə çaqqal və ya çöl iti girə biləcəyindən ehtiyat edərək yerdən ağac götürüb sanitar qovşağı tərəfə getmişdir. Həyətin tualet olan hissəsinə yaxınlaşan zaman qapının açıldığını və həyətə bacısı Nuranə ilə birlikdə tanımadığı bir nəfər cavan oğlanın girdiyini görmüş, həmin şəxsin Nuranə ilə birlikdə gəldiyini başa düşdüyünə görə əsəbiləşərək əlindəki ağacla sonradan adının Nurlan olduğu bildiyi şəxsi vurmağa başlamışdır. Nurlanı ağacla bir dəfə vurduqdan sonra bir dəfə də vurmaq istəmiş, lakin Nurlan geri çəkilmişdir. Həmin vaxt bərk əsəbi olmuş, Nurlanın həyətə nə üçün gəldiyini soruşaraq eyni zamanda sonuncunu vurmaq istəyərkən həmin ərəfədə Nurlan bıçaqla onun sinəsindən vurduqdan sonra dönüb qaçmağa başlamışdır. Özü də Nurlanın arxası ilə getmiş, Nurlan qaçıb öz avtomobilinə oturmuşdur. Bir dəfə də əlindəki ağacla Nurlanın avtomobilinin alın şüşəsinə vurmuş, həmin vaxt özündə səndələmə hiss edərək yerə yıxılmışdır. Sinəsindən qan axmış, bundan sonra səsə yaşadığı evdən çıxaraq onu xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 09 yanvar 2022-ci il tarixdə saat 23 radələrində Yevlax şəhərində Dədə Qorqud parkının yaxınlığında Nurlanın avtomaşınla ona yaxınlaşmış, özünün də yolda qaldığı və pulu olmadığı üçün Nurlandan maşının boş olub olmadığını, onu Ağdaş rayonu Ləki qəsəbəsində yerləşən evinə apara bilib-bilməyəcəyini soruşmuşdur. Nurlan boş olduğunu, lakin işi olduğuna görə yarım saat sonra gəlib onu apara biləcəyini demiş, özü də Nurlandan nömrəsini götürərək yarım saat sonra sonuncuya zəng edib harda qaldığını soruşmuşdur. Nurlan ona gələcəyini dedikdən bir müddət sonra gəlib onu Yevlax rayonunda "Sənan" marketin yanından götürmüş, Nurlanın VAZ 2107 markalı avtomaşınında qabaq oturacaqda əyləşərək birlikdə onun yaşadığı Ağdaş rayonu Ləki qəsəbəsi istiqamətinə getmişlər. Nurlan yolda onunla cinsi əlaqədə olmağı təklif etmiş, özü də Nurlanı yaşadığı evə dəvət edərək evdə tək olduğunu, istəsə axşam onun yaşadığı evdə qala biləcəyini demişdir. Təxminən saat 01 radələrində Ağdaş rayon Ləki qəsəbəsində yerləşən yaşadığı evə çatdıqdan sonra avtomaşından düşmüş, Nurlana içəri keçməyi təklif etmişdir. Nurlan əlini keçirib qapını içəri tərəfdən açmış, Nurlanın qabaqda, ardınca özü həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra qabaqda evin qapısını açmaq üçün getmiş, Nurlanın isə arxadan gəlmişdir. Həyətə daxil olub 3-4 addım getdikdən sonra qardaşı Zaurun əlində uzun taxta parçası ilə Nurlanın üstünə getdiyini görmüş, qardaşı Zaur Nurlana kim olduğunu deyərək əlindəki taxta parçası ilə sonuncunu vurmağa başlamış, Zaur Nurlanı bir-iki dəfə vurduqdan sonra Nurlan cibindən bıçaq çıxararaq Zauru bıçaqla sinəsindən vurmuşdur. Bundan sonra Nurlan dönüb qapıya tərəf qaçaraq qapının üstündən çölə tullanmış, qardaşı Zaur da Nurlanın arxasınca həyətdən çölə çıxmışdır. Özü də Nurlanın və Zaurun arxasınca çölə çıxmış, Nurlan avtomaşına oturub qaçmaq istəyərkən Zaur avtomaşınının ön şüşəsini əlindəki ağacla vurmuşdur. Daha sonra Nurlan avtomaşını sürüb getmiş, Zaur isə yerə oturmuşdur. Səsə Zaurun ailəsi oraya gəlmiş, özü isə qorxudan evin arxasına qaçaraq orada gizlənmişdir. Nurlana dəfələrlə zəng etsə də sonuncu telefonu açmamış, saat 4-5 radələrində Nurlanın dostu Nahid telefonunu açdıqda sonuncuya getməyə yerinin olmadığını və çöldə qaldığını bildirmişdir. Bundan sonra Nahid onu Yevlaxda Bakı-Gəncə-Yevlax dairəsindən götürərək tanımadığı evə aparmış, həmin gün orada qalmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 35 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – döş qəfəsinin ön sol nahiyəsində V-Vİ qabırağarası sahənin diafraqmanın, mədənin zədələnməsi və daxili qan itirmə ilə müşayət olunan daxilə keçən 1 ədəd yarası, deşici-kəsici alət (ola bilər bıçaq) təsirindən törənmiş, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 36 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər– sağ mil sümüyünün yerini dəyişmiş qapalı sınığı, sol kürək nahiyəsinin qançırları, küt alət (ola bilər taxta parçası) təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın uzun müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiqi edilmiş məhkəmə trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3/73 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş maykanın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədə vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə kəsilmə zədəsidir. Təqdim edilmiş maykanın səthindəki zədənin qərarın təsviri hissəsində göstərilən şəraitdə yaranması mümkündür. İş materiallarına olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 226 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Fayıq oğlu hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq və sair psixi xəstəlik keçirməmişdir. O, hazırda da hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmk iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs Fayıq oğlunun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il taroxdə saat 1805-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin təqsirlənidirlən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncudan şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər İcra Hakimiyyətinin 47 nömrəli Evlər Komitəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri R.Behbudov küçəsi ev 30-də yaşamaqla yaşdığı yer üzrə müsbət səciyyələndirilmişdir. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində, Zərərçəkmiş şəxs onun üzərinə hücüm etməsi səbəbindən, özünü müdafiə etmək məqsədi ilə vurduğunu bildirsə də, onun ifadəsində göstərdiyi həmin xüsusatlar məhkəmə istintaqı zamanı təsdiq edilməmişdir. Belə ki, cinayət qanunvericiliyinin mənasına görə zəruri müdafiə dedikdə şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət nəzərdə tutulur. Qanunvericiliyin mahiyyətindən doğduğu kimi zəruri müdafiə vəziyyətində törədilmiş əməl qəsdin və müdafiə zamanı törədilən hərəkətlrin bir sıra şərtlərinə cavab verməlidir. Birinci, ictimai təhlükəli qəsd mövcud olmalıdır. İkincisi, qəsd hüqaqzidd olmalıdır. Üçüncüsü, qəsd real olmalıdır. Dördüncüsü, zəruri müdafiə zamanı zərər bilavasitə qəsd edənə vurulmalıdır. İctimai təhlükəli qəsdlə vurulan zərər bərabər va ya zərər ictimai təhlükəli qəsddən artıq ola bilər. CM-in 36.3-cü maddəsinə əsasən qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Göründüyü kimi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurduğu çubuq sonuncunu öldürmək və ya ona ağır dərəcəli bədən xəsarəti yetirmək üçün təhlükəli olmamış, ona görə də onun həyatı və sağlamlığı üçün real təhlükə olmamışdır. Təqsirləndirilən şəxs sağlamlığına az ağır zərər vurmaya aid xəsarət almasına gəldikdə isə qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs istintaqla müəyyən edilməyən çubuğun ölçüləri barədə məhkəməyə məlumat vermiş və həmin çubuğun təxminən qarğı ölçüsündə olmasını göstərmiş, həyat və sağlamlıq əleyhinə cinayət olduğundan baş vermiş nəticəyə görə əməl tövsif olunsa da Zərərçəkmiş şəxs çubuqla vurarkən Təqsirləndirilən şəxs sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmək niyyəti olmamış, çubuqla vurulan zərbələr zəruri müdafiə vəziyyəti yaratmamışdır. Beləliklə də, cinayət işinin istintaqı zamanı toplanmış dəlillərlə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirildiyindən o, həmin maddə ilə məhkəmə məsuliyyətinə verilməlidirlər. Eyni zamanda, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli düzgün olaraq CM-in 126.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi, zərər çəkmiş şəxslə barışıq əldə etməsi CM-in 59-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəza təyini zamanı CM-in 60-cı maddəsinin “təyin ediləcək cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz” müddəası nəzərə alınmalıdır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 10 yanvar 2022-ci il tarixdən hesablanmalı və CM-in 56.1.2-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə məsrəfi olan 80 AZN (səksən manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351, 353-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 10 yanvar 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 80 AZN (səksən manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan bir ədəd mayka dəyəri müəyyən olunmadığına görə məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-140/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-140/2022
21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver