Məhkəmə qərarları › İş №1(091)-141/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-141/2021

26.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-141/2021 26.07.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxx 1978-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri E.Ağayev küçəsi ev 28-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4,545 qram miqdarında narkotik vasitə - heroin və 5,157 qram miqdarında çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək yaşadığı ünvan 1 nömrəli evin yataq otağında stolun üzərində heroini bir ədəd polietilen kəsiyi bükümündə və qurudulmuş marixuananı bir ədəd kibrit qutusunda saxlamış, onun Yevlax şəhəri ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 16 yanvar 2021-ci il tarixdə saat 19:05-də, yaşadığı ünvan 1 ünvanında saxlanılaraq onun könüllü razılığı və iştirakı ilə, videoçəkilişlə saat 19:05 dəqiqədən saat 19:40 dəqiqəyədək olan müddət ərzində yaşadığı evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə əldə edib saxladığı evin yataq otağındakı stolun üzərindən bir ədəd polietilen kəsiyi bükümündə külli miqdarda 4,545 qram miqdarında narkotik vasitə - heroin və bir ədəd kibrit qutusunda 5,157 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuana həmçinin, üzərində narkotik vasitə - heroinin izləri olan iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən (CM-nin 234.1-ci maddəsi ilə) təqsirli bilərək göstərdi ki, narkotik vasitə olan marixuana istifadəçisidir. Bir neçə il bundan əvvəl narkotik vasitə olan heroindən istifadə etsə də, son zamanlar yalnız marixuana istifadə etmişdir. Onun evindən aşkar edilən yalnız kibrit qutusunda marixuana və toxum olmuşdur. Heroin polis əməkdaşları tərəfindən onun yaşadığı evə qoyulmuşdur. Polis əməkdaşları tərəfindən ona hər hansı təzyiq olmasa da, onun özünü yaxşı hiss etməməsindən istifadə edərək onun evinə heroin qoymuşlar. Evdən aşkar edilən elektron tərəzi də ona məxsus olmuş, həmin tərəzini qızıl alveri etmək üçün almışdır. Sonradan marixuana çəkmək istəyəndə həmin tərəzidən arada istifadə etmişdir. Çünki marixuananı çox çəkəndə ona pis təsir etmişdir. Narkotik vasitə onun evindən aşkar olunanda onun vəziyyəti yaxşı olmamışdır. Ona görə də ibtidai araşdırmanın ilkin vaxtlarında verdiyi ifadəni təsdiq etmir. Həmin ifadədə nə yazılıb ondan xəbəri yoxdur. Odur ki, özünə aid olan narkotik vasitə olan marixuananı şəxsi istifadə üçün əldə edib saxlamağa görə özünü təqsirli sayır, xəstə olduğu üçün narkotik vasitədən əl çəkə bilmir, hazırda əməlindən peşmandır, məhkəmədən əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif olunmasını və barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulan yüngül həddə cəza təyin olunmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat dövrünün ilkin mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan sonuncunun ibtidai istintaqın ilkin dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müdafiəçinin iştirakı ilə verdiyi həmin ifadəsində Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 12 iyun 2018-ci il tarixdə azadlığa çıxdıqdan bir müddət sonra narkotik vasitə heroin və qurudulmuş marixuana istifadə etmişdir. O, mütəmadi olaraq narkotik vasitələr istifadə etmişdir. Bir neçə ay sonra o, narkotik vasitələrin satışı ilə məşğul olmaq qərarına gəlmişdir. O, narkotik vasitə - heroinin qramını 25 manata, bir kibrit qutusu marixuananı 25 manata və psixotrop maddə - metamfetaminin qramını isə 40-60 manata satmışdır. O, Yevlax şəhərində yerləşən mağazadan iki ədəd elektron tərəzi alıb yaşadığı evə aparmışdır. O, əldə etdiyi bir büküm heroin, iki ədəd kibrit qutusu marixuana və bir büküm metamfetamini tanımadığı şəxslərə satmışdır. O, narkotik vasitə - heroini iynə ilə bədəninə vurmaqla qəbul etmişdir. 16 yanvar 2021-ci il tarixdə o, bir ədəd büküm narkotik vasitə heroin və marixuana əldə etmiş, həmin narkotik vasitələri yaşadığı evin özünə məxsus otağında gizlətmişdir. Həmin gün narkotik vasitə olan heroinin bir hissəsini ayırıb qəbul etmək üçün otağındakı masanın üstünə qoymuşdur. Saat 19 radələrində o, yaşadığı evin qapısının döyüldüyünü eşitmişdir. O, evin qapısını heç kimin açmadığını görüb otaqdan çıxmış və qapını açmaq üçün həyətə düşmüşdür. O, atası Adilin ondan əvvəl həyətə çıxıb qapını açdığını görmüşdür. O, da giriş qapıya yaxınlaşmışdır. Atası Adil bir neçə nəfər mülki şəxslərlə söhbət edərkən o, adının hallandığını eşitmiş və oraya yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini ona göstərib polis əməkdaşları olduğunu bildirmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmağında şübhəli olduğunu bildirmişlər. Sonra atası Adil polis əməkdaşlarını evin həyətinə dəvət etmişdir. Onların razılığından sonra polis əməkdaşları videoçəkilişlə baxış və götürmə hərəkətinin aparılmasına başlamışlar. Polis əməkdaşları ona və atasına hüquqlarını izah etmişlər. Şifahi sorğu zamanı o, yaşadığı evdə şəxsi istifadəsi üçün narkotik vasitə saxladığını bildirmişdir. Sonra o və atası yaşadıqları evin otaqlarına baxış keçirilməsinə dair etirazlarının olmamasına dair yazılmış ərizələri imzalamışlar. O, özünün qaldığı otaqda narkotik vasitə saxladığını demiş və evin qonaq otağına, oradan da yataq otağına daxil olmuşlar. O, yataq otağındakı stolun üzərini göstərərək oradakı kütlələrin narkotik vasitələr olduğunu demişdir. Sonra polis əməkdaşları narkotik vasitə marixuanaya, heroinə və elektron tərəzilərə baxış keçirmişlər. Sonra dörd ədəd paketin üzərinə müvafiq qeydlər aparılmışdır. Qeydlər uca səslə oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Sellofan torbacıqda və kibrit qutusunda aşkar edilmiş kütlələr, iki ədəd elektron tərəzi paketlərin içərisinə qoyulduqdan sonra ağızları bağlanaraq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Yevlax şəhəri E.Ağayev küçəsində yaşayan Vüsal adlı şəxsin qanunsuz olaraq külli narkotik vasitə əldə edib yaşadığı evdə saxlaması və satışı ilə məşğul olması barədə 16 yanvar 2021-ci il tarixdə onun işlədiyi regional şöbəyə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Vüsalın şəxsiyyəti barədə məlumatları yoxlamış, sonuncunun xx xxxxxx 1978-ci ildə Yevlax şəhərində doğulduğunu, əvvəllər məhkum olunduğunu, ünvan 2 ünvanda yaşadığını, Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. O, regional şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat-axtarış qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün daxil olmuş məlumatı həmin gün raportla regional şöbənin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, yaşadığı evə baxış keçirilməsi və üzərində şəxsi axtarış aparılması barədə qərar qəbul etmişdir. Regional şöbənin 16 yanvar 2021-ci il tarixli 17 saylı əmri ilə onun və regional şöbənin digər əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün axşam saatlarında onlar mülki geyim formasında Gəncə şəhərindən Yevlax şəhərinə ezam olunmuşlar. O, həmin polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. Atası Adil, sonra isə Vüsal yaşadıqları evdən çıxıb onları qarşılamışlar. O və digər polis əməkdaşları xidməti vəsiqələrini Vüsala və Adilə nümayiş etdirib özlərini təqdim etmişlər. O, qəbul etdiyi qərarı Vüsala və Adilə oxumuş, daxil olmuş məlumatın yoxlanılması üçün evə baxış keçirilməli olduğunu izah etmişdir. Vüsal və Adil onları yaşadıqları evin həyətinə dəvət etmişlər. Bundan sonra saat 19:05 dəqiqədə X6 tərəfindən Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 1 nömrəli evə baxış keçirilməsinə başlanılmışdır. Polis əməkdaşı İlkin Əmiraslanov “Samsung Galaxy” markalı mobil telefon vasitəsi ilə video çəkiliş aparmışdır. O və digər polis əməkdaşları özlərini bir daha təqdim etmişlər. X6 tərəfindən Vüsala və Adilə qanunvericilikdə nəzərdə tutulmuş hüquqları izah edilmişdir. Sorğu zamanı Vüsal yaşadığı evin özünə məxsus otağında narkotik vasitə - heroin və digər maddə olduğunu demişdir. Adil və Vüsal evdə baxış aparılmasına heç bir etirazlarının olmadığını demişlər. X6 Vüsalın və Adilin adından ərizə yazmışdır. Vüsal və Adil yazılmış həmin ərizələrlə tanış olmuş, imza çəkib təsdiq etmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Vüsalın yaşadığı evə daxil olmuşdur. Vüsal evin özünə məxsus yataq otağını göstərmiş və onlar həmin otağa daxil olmuşlar. Baxış zamanı Vüsal otaqdakı stolun üstündə olmuş bir ədəd sellofan bükümünü və bir ədəd kibrit qutusunu göstərib içərisində heroin və qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitələrin Vüsala məxsus olduğunu bildirmişdir. Stolun üstündə narkotik vasitələrdən əlavə iki ədəd elektron tərəzi də olmuşdur. X6 kibrit qutusunun içərisini açmışdır. Kibrit qutusunun içərisində yaşıl rəngli və quru halda kütlənin olduğu məlum olmuşdur. Həmin kütlə narkotik vasitə qurudulmuş marixuanaya bənzəmişdir. Bundan sonra X6 sellofan kəsiyinin yuxarı hissəsinə bağlanmış ipi açmışdır. O, sellofanın kəsiyinin içərisində qəhvəyi rəngli, kəskin iyli maddənin olduğunu görmüşdür. Həmin maddə narkotik vasitə - heroinə bənzəmişdir. Vüsal bir ədəd sellofan kəsiyində olmuş maddənin narkotik vasitə - heroin, bir ədəd kibrit qutusunda olmuş maddənin qurudulmuş marixuana olduğunu demişdir. Stolun üstündə olmuş elektron tərəzilərin biri işlək vəziyyətdə olmuş, digəri isə işləməmişdir. Vüsal iki ədəd elektron tərəzinin də sonuncuya məxsus olduğunu demişdir. X6 aşkar edilmiş bir ədəd sellofan kəsiyi bükümündə olmuş narkotik vasitə - heroinə bənzər kütləni, bir ədəd kibrit qutusunda olmuş qurudulmuş marixuanaya bənzər kütləni və iki ədəd elektron tərəzini ayrı-ayrılıqda kağız zərfdə qablaşdırmış və möhürləmişdir. O, və baxışın digər iştirakçıları zərflərin üzərinə imza çəkmiş, həmin predmetlər götürülmüşdür. Onlar aşkar edilmiş predmetləri və Vüsalı regional şöbəyə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində onun da Şahid1 ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan 16.01.2021-ci il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 şöbəsinə Yevlax şəhəri, Elçin Ağayev küçəsində yaşayan Vüsal adlı şəxsin Yevlax şəhəri ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və keçirilən əməliyyat müəyyənləşdirməsi nəticəsində Vüsal adlı şəxsin xx.xx.1978-ci il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. (cild 1, iş vərəqi 4). Cinayət işinin materiallarında olan 16.01.2021-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 5-6) Cinayət işinin materiallarında olan 16.01.2021-ci il tarixli “ərizə”lərdən görünür ki, X4 mülkiyyətində olan ünvan 3 ünvanında baxış keçirilməsinə və götürmə aparılmasına, Təqsirləndirilən şəxs isə istifadəsində olan hazırda yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin otaqlarına baxış keçirilməsinə və götürmə aparılmasına etiraz etməmişdir. (cild 01, iş vər. 10-11) Cinayət işinin materiallarında olan 16.01.2021-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs və X2, polis əməkdaşlarının iştirakları ilə ünvan 1 nömrəli evə saat 19:05 dəqiqədən saat 19:40 dəqiqəyədək olan müddət ərzində baxış keçirilmişdir. Polis əməkdaşı İlkin Əmiraslanov “Samsung Galaxy A8” markalı mobil telefonun videokamera funksiyasından istifadə edilməklə videoçəkiliş aparmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs evin özünə məxsus yataq otağındakı stolun üzərində olan bir ədəd sellofan kəsiyi bükümündəki narkotik vasitə - heroini, bir ədəd kibrit qutusundakı narkotik vasitə - qurudulmuş marixuananı və iki ədəd elektron tərəzini təqdim etmişdir. Bir büküm heroin, bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuana və iki ədəd elektron tərəzi dörd ədəd kağız paketdə ayrı-ayrılıqda qablaşdırılmış, möhürlənmiş, imzalanmış və götürülmüşdür. Baxış və götürmənin keçirilməsini özündə əks etdirən 35 dəqiqə 02 saniyə müddətində olan videoçəkiliş bir ədəd diskə köçürülüb protokola əlavə edilmişdir. (cild 01, iş vər. 12-15) Cinayət işinin materiallarında olan kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 17 yanvar 2021-ci il tarixli 16/48 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “16.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin otağından götürülmüş narkotik vasitə heroinə bənzər kütlə” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 4,545 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata sərf edildi – 0,1 qr, qalıq – 4,445 qr. Tədqiqata təqdim olunmuş, üzərində “16.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin otağından götürülmüş narkotik vasitə marixuanaya bənzər kütlə” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,157 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata sərf edildi – 0,05 qr, qalıq – 5,107 qr. Tədqiqata təqdim olunmuş, üzərində “16.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin otağından aşkar edilmiş 1 (bir) ədəd elektron tərəzi” sözü və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur. Tədqiqata təqdim olunmuş, üzərində “16.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin otağından aşkar edilmiş 1 (bir) ədəd elektron tərəzi” sözü və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur. (cild 01, iş vər. 56-59) Cinayət işinin materiallarında olan Yevlax rayon Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli 5(039)-7/2021 saylı keçirilmiş əməliyyat tədbirlərinin qanuniliyinin yoxlanılması haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhər sakini xx xxxxxx 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış evində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri qanuni hesab edilmişdir. (cild 02, iş vər. 01-06) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Narkoloji Dispanserindən arayışdan görünür ki, ünvan 4 ünvanında yaşayan 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 20.06.2016-cı il tarixdən Yevlax rayon Narkoloji Kabinetdə heroin asılılığı ilə bağlı qeydiyyatda durur. (cild 02, iş vər. 23) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 08 aprel 2021ci il tarixli 358 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər. 35) Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 08 aprel 2021ci il tarixli 174 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırki ekspertiza zamanı emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirmişdir və keçirir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktini xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmamışdır. O, hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. (cild 02, iş vər. 36-38) Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına verilmiş 14 aprel 2021-ci il tarixli cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 şöbəsinin əməkdaşları tərəfindən 16 yanvar 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 1 nömrəli evin yataq otağındakı stolun üzərindən aşkar edilmiş bir ədəd polietilen kəsiyi bükümdə 4,545 qram miqdarında narkotik vasitə heroin, bir ədəd kibrit qutusunda 5,157 qram miqdarında narkotik vasitə qurudulmuş marixuana və iki ədəd elektron tərəzi Təqsirləndirilən şəxs məxsus olmuşdur. Təqsirləndirilən şəxs həmin 4,545 qram miqdarında heroini və 5,157 qram miqdarında qurudulmuş marixuananı satmaq məqsədi ilə əldə edib yaşadığı evdə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs heç bir yerdə işləməmiş, faydalı işlə məşğul olmamış, heç bir gəlir və qazanc əldə etməmişdir. Təqsirləndirilən şəxs istifadə etmək məqsədi ilə narkotik vasitə almaq üçün külli miqdarda müxtəlif növ narkotik vasitələr əldə edərək həmin vasitələri ayrı-ayrı narkotik vasitə istifadə etmiş şəxslərə satmış, belə narkotik vasitələrin müəyyən bir hissəsini özü də istifadə etmişdir. Təqsirləndirilən şəxs qurudulmuş marixuananı bir kibrit qutusu həcmində müəyyən edib satmış, heroini qramla satdığından miqdarını elektron tərəzi ilə müəyyən etmişdir. (cild 02, iş vər. 39) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, 16.01.2021-ci il tarxdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 şöbəsinə Yevlax şəhəri, Elçin Ağayev küçəsində yaşayan Vüsal adlı şəxsin Yevlax şəhəri ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və keçirilən əməliyyat müəyyənləşdirməsi nəticəsində Vüsal adlı şəxsin xx.xx.1978-ci il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmış, şəxsin yaşadığı ünvana gedilərək qanunvericiliyin tələbləri çərçivəsində polis əməkdaşları və Təqsirləndirilən şəxs, o cümlədən atası Adil Orucovun iştirakı ilə video çəkilişlə şəxsin yaşadığı ünvana baxış keçirilmiş və müvafiq olaraq həmin ünvanda narkotik vasitələr aşkar olunmuşdur. Götürülmüş maddələr məhkəmə-bioloji və məhkəmə materiallar ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 16.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərək narkotik vasitələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində dindirilərkən özünün qismən etirafı ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini etiraf etməsinə dair ifadəsi 16.01.2021-ci il tarixdə müxtəlif növdə olan narkotik vasitələrin (heroin və marixuana), iki ədəd elektron tərəzinin onun yaşadığı evdən cinayət prosessual qanunverciliklə nəzərdə tutulmuş qaydada aşkar edilməsi və rəsmiləşdirilməsi ilə bağlı hissədə cinayət işinin materialları ilə üst-üstə düşdüyündən və obyektiv həqiqəti əks etdirdiyindən, məhkəmə kollegiyası məhz həmin ifadəni əsaslı sayaraq ittihamın əsasına qoyur. Təqsirləndirilən şəxs həm ibtidai istintaqın sonrakı mərhələsində, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsi hissəsində qeyd etdiklərinə gəldikdə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə cinayət qanunvericiliyinin daha ağır cəza nəzərdə tutan maddəsi ilə məsuliyyətə cəlb olunmasından yaxa qurtarmağa çalışmışdır. Belə ki, əldə olunan narkotik vasitələrin növlərinin müxtəlifliyi, həmin narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması və sonuncunun məhz heroindən sui-istifadə nəticəsində yaranan xəstəlikdən əzab çəkməsi fonunda evdən digər növ narkotik vasitənin aşkar edilməsi, habelə evdən iki ədəd elektron tərəzinin aşkar olunması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin evindən aşkar olunan narkotik vasitələr şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə olunmuş və ayrıca qablaşdırılmaqla saxlanılmışdır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həmin narkotik vasitələri satmaq niyyəti ilə deyil, sadəcə şəxsi istifadə ilə bağlı özünü təqsirli bilməsinə dair, o cümlədən heroinin deyil, evdən aşkar olunan marixuananın ona məxsus olması ilə bağlı qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gəlir. Ona görə də, həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Orucov X7 şəhəri E.Ağayev küçəsi 28 ünvanında qeydiyyatdadır, yaşayış yeri üzrə mənfi səciyyələndirilir. (cild 02, iş vərəqi 47-48) İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırkı Cinayət Məcəlləsi qüvvəyə minənədək bir neçə dəfə məhkum olunmuş, 2000-ci ildən sonra bir dəfə Yevlax Rayon Məhkəməsinin 01.09.2015-ci il tarixli hökmünə əsasən CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə islah işləri cəzasına, sonuncu dəfə isə Yevlax Rayon Məhkəməsinin 20.04.2016-cı il tarixli hökmünə əsasən CM-nin 234.1-ci və 67.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 12.06.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hazırda məhkumluğu ödənilmiş və götürülmüşdir. (cild 02, iş vər. 49-50) Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə məhkum olunduğu cinayət əməli az ağır cinayət hesab edildiyindən və CM-nin 83-cü maddəsinə əsasən az ağır cinayətlərə görə məhkumluğun ödənilməsi üçün nəzərdə tutulan müddət iki il olduğundan, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini 2021-ci ilin yanvar ayında, yəni cəzasının sonu ilə azad olunduqdan iki ildən artıq müddət keçdikdən sonra törətdiyindən, onun əməlində cəzanı ağırlaşdıran hal olan cinayətlərin residivi müəyyən olunmur. Həmçinin Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan digər cəzanı ağırlaşdıran hallar müəyyən olunmur. Eyni zamanda Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, yaşayış yeri üzrə mənfi səciyyələnməsini, əvvəllər də bu qəbildən olan cinayətlərin törədilməsinə görə məhkumluq həyatı yaşamasını və əməllərindən nəticə çıxarmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kateqoriyasına aid edildiyindən CMnin 56.1.2-cü maddəsinə əsasən o, təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokollardan və Bakı şəhəri Nərimanov Rayon Məhkəmənin 18.01.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 16.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən 16.01.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 27-28,102-104) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına aid edilməli, ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanın başlanğıcı 16.01.2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir, həmçinin yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Yevlax RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 4,445 qram heroin, 5,107 qram olan qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 32,40 AZN (otuz iki manat, qırx qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədiləsində təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət onun cəza müddətinə hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 16.01.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Yevlax RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 4,445 qram heroin, 5,107 qram olan qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 32,40 AZN (otuz iki manat, qırx qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar