Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-141/2023 31.05.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq ümumi təmiz çəkisi nəm vəziyyətdə 3,482 qram, quru vəziyyətdə isə 3,447 qram, yəni külli miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2023-cü il tarixdə saat 19:45-də Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən H.Əliyev adına Mərkəzi parkda saxlanılaraq Rayon Polis Şöbəsinə gətirildikdən sonra ünvan 2 ünvanında yerləşən Ağdaş Rayon Polis Şöbəsinin inzibati binasında həmin tarixdə saat 20:18-dən 20:28-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçəsinin sol yan cibində olan 01 ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi nəm vəziyyətdə 3,482 qram, quru vəziyyətdə isə 3,447 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.1-1-ci maddəsi elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində subay olduğunu, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini, bədənində şiddətli ağrılar olduğu üçün narkotik vasitələrdən istifadə etdiyini, narkotik vasitədən istifadə edəndə rahatlaşdığını və ağrılarının kəsdiyini, üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə səhər saat 11- 12 radələrində Ağdaş şəhərində yerləşən Ləki dördyolu adlanan ərazidə təkbaşına piyada hərəkətdə olduğu zaman yerdən bir ədəd “Sobranie” markalı siqaret qutusu gördüyünü, həmin vaxt siqareti olmadığı üçün içərisində siqaret olmasını güman edərək, həmin siqaret qutusunu yerdən götürüb içərisinə baxdıqda içərisində şəffaf sellofan büküm olmasını gördüyünü, onu açıb baxdıqda içərisində narkotik vasitə olan heroin olmasını gördüyünü, narkotik vasitə istifadəçisi olduğu üçün onu götürüb gödəkçəsinin cibinə axşam istifadə etmək üçün qoyduğunu, həmin gün, yəni xx.xx.2023-cü il tarixdə təxminən saat 19:45 radələrində Ağdaş şəhəri, H.Əliyev adına mərkəzi parkda piyada təkbaşına hərəkətdə olduğu zaman polis əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirərək onu Ağdaş Rayon Polis Şöbəsinə dəvət etdiklərini, polis əməkdaşları ilə razılaşdığını və onlarla birlikdə Ağdaş Rayon Polis Şöbəsinə gəldiyini, orada ona hüquq və vəzifələri izah edildiyini, dövlət hesabına müdafiəçi ilə təmin edildiyini, şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf sellofan büküm aşkar olunduğunu, daha sonra üzərindən aşkar edilmiş həmin şəffaf sellofan büküm açıldığını və içərisindən qəhvəyi rəngli, nəm halında olan narkotik vasitə heroin aşkar olunduğunu, həmin narkotik vasitənin heroin olduğunu bildirdiyini, həmin heroini Ağdaş şəhərində yerləşən Ləki dördyolu adlanan ərazidə təkbaşına piyada hərəkətdə olduğu zaman yerdən tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Əməlindən peşmandır, barəsində yüngül cəzanın təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparılmışdır. xx.xx.2023-cü il tarixdə saat 19:45 radələrində polis əməkdaşı Şahid2 ilə birlikdə Ağdaş şəhəri H.Əliyev adına parkda piyada hərəkətdə olan zaman Səbuhinin piyada hərəkətdə olmasını görmüşlər. Həmin zaman ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitə saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu bildirmişlər. Bundan sonra Səbuhini polis şöbəsinə dəvət etmişlər, Səbuhi də onlarla birlikdə Ağdaş Rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində Səbuhiyə dövlət hesabına müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs kimi tutulmuşdur, bundan sonra müdafiəçinin də iştirakı ilə polis şöbəsinin inzibati binasında Səbuhinin üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Səbuhinin əynində olan göy rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf sellofan büküm aşkar olunmuş, daha sonra aşkar edilmiş həmin şəffaf sellofan büküm açılmış və içərisindən qəhvəyi rəngli, nəm halında olan narkotik vasitə heroin aşkar olunmuşdur. Səbuhi həmin narkotik vasitənin heroin olduğunu, Ağdaş şəhərində yerləşən Ləki dördyolu adlanan ərazidə təkbaşına piyada hərəkətdə olduğu zaman yerdən tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid1 ilə eyni məzmunlu ifadə verməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə xx.xx.1975-ci ildə Ağdaş şəhərində doğulmuş, fərdi əməklə məşğul olan, subay, ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 19:45-də Ağdaş Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında ünvan 4 ünvanında qeydiyyatda olan xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və istifadə etməsinıd şübhəli olduğundan, Ağdaş şəhəri, H.Əliyev adına Mərkəzi parkda saxlanılaraq Ağdaş Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 1, iş vər. 10). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf sellofan büküm aşkar edilmiş, həmin aşkar edilmiş sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli nəm halda narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin əks olunduğu video görüntü CD diskə köçürülərək protokola əlavə edilmişdir. (cild 01, iş vər. 31-32). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/130 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə, quru halda təmiz çəkisi – 3,447 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (cild 01, iş vər. 39- 41). Cinayət işinin materiallarında olan “Ağdaş RMX” X6 alınmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, ünvan 4 ünvanında yaşayan xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş RMX-nin polilinika şöbəsində “Eroin narkomaniyası” diaqnozu ilə narkoloji qeydiyyatdadır (cild 01, iş vər. 91). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, ünvan 4 ünvanında yaşayan xx.xx.1975-ci təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat əldə etmək üçün müvafiq tədbirlər keçirilmiş, lakin onun narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat əldə olunmamışdır (cild 01, iş vər. 99). Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli 475 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 115). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 133-139). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarxdə ünvan 6 ünvanında yaşayan xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən əynində olan göy rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Götürülmüş kütlə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin də iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (anası ilə) birlikdə ünvan 4 ünvanında yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vər. 93-94). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş və sonuncu dəfə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad olunmuşdur (cild 01, iş vər. 96-97). Belə olan halda, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin residivi müəyyən edilir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Həmin cinayət əməli az ağır cinayət sayıldığından və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxs cəzasını çəkib qurtardıqdan sonra 02 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə həmin müddət keçmədən, yəni məhkumluq qanunla nəzərdə tutulmuş qaydada ödənilmədən və ya üzərindən götürülmədən yenidən qəsdən ağır cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin residivi yaranmış olur. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin yarısından az olmayan həddə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 23). Cinayət işinin materiallarında olan qərardan görünür ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 72-73). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzaçəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 3,347 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD diskin iş materiallarında olması nəzərə alınmalıdır. İş üzrə 69,10 AZN (altmış doqquz manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358 -ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun, onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 3,347 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 01 ədəd CD diskin iş materiallarında olması nəzərə alınsın. İş üzrə 69,10 AZN (altmış doqquz manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-141/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-141/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver