Məhkəmə qərarları › İş №1(091)-143/2020

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-143/2020

06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-143/2020 06.10.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X13, Dövlət ittihamçısı – Dövlət ittihamçısı2, Müdafiəçi – Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi – X5, xx xxxxxx 1993-cü il tarixdə Yevlax rayonunda doğulmuş, qeyri-rəsmi evli olmaqla himayəsində bir azyaşlı uşağı olan, ibtidai təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 saylı ünvanda qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 13.30 radələrində əmisi Çərkəz Dəvrişovun hüzr mərasimi zamanı mərasimin keçirildiyi ünvana gəlmiş qohumu X2 aralarında əvvəlcədən Ceyhun Sanayadovun ona satmaq istəmiş olduğu “Nokia” markalı ağ rəngli mobil telefonun 5 manatını beh qismində alıb daha sonra mobil telefonu ona satmaq fikrindən daşınması və onun Ceyhunun bu hərəkəti barədə tanışları arasında danışaraq onu nüfuzdan salmasına görə Ceyhunun aralarında olan danışıq zamanı onun anasının ünvanına nalayiq ifadə işlətməsi ilə əlaqədar yaranmış münaqişəni həll etmək məqsədi ilə onu hüzr mərasimindən kənara çağırmasından sonra Ceyhunla birlikdə Yevlax rayonu “Neft Kəməri” adlanan ərazidə torpaq yolun yaxınlığında yerləşən zibillik əraziyə gəlmiş və orada aralarında yaranmış münaqişə zəminində mübahisə edərkən Ceyhun Sanayadovun ona “boyunun sağ yan səthinin yuxarı və orta 1/3-nin, sol yan səthinin orta 1/3-nin sıyrıqları” xarakterli dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsindən sonra bir qədər aralıdan hüzr mərasimindən çıxan qadınların gəlməsini görüb Ceyhunun onu mübahisələrini davam etdirmək məqsədilə özünün istifadəsində olan **-BD-*** dövlət nömrə nişanlı VAZ 2102 markalı avtomobilə əyləşdirib meşəlik əraziyə aparmaq istədiyi vaxt avtomobilin arxa oturacağına oturub Ceyhun Sanayadovun da digər tərəfdən arxa qapını açıb avtomobilə əyləşməsini gözləyərkən sonuncunun arxa qapını açıb ona tərəf təpik atmasını və yenidən təhqir etməsini görüb əvvəlcədən üzərində olan zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçağı ilə qəsdən öldürmək məqsədi ilə Ceyhun Sanayadovun qarın nahiyəsindən bir dəfə zərbə vuraraq ona Yevlax rayon mərkəzi xəstəxanasına aparılarkən yolda ölümünə səbəb olan qaraciyərin zədələnməsi və kəskin qanitirmə ilə nəticələnən qarınüstü nahiyyənin bir ədəd daxilə keçən deşilmiş kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərər vuran bədən xəsarəti yetirərək X3 qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Ceyhun Sanayadov onun uzaqdan qohumu olmuşdur. Bir gün Ceyhun yanında tanımadığı 2 nəfərlə onun yaşadığı ünvana gəlib əlində olan “Nokia” markalı köhnə model ağ telefonu ona göstərmiş və həmin mobil telefonu satacağını bildirmiş, o da Ceyhuna həmin telefonu anası üçün almaq istədiyini bildirmişdir. O, Ceyhunla telefonu 25 manata almaq barədə razılığa gəlmişdir. O, cibindən 5 manat çıxarıb Ceyhuna vermiş, Ceyhuna bayırda gözləməsini tapşırdıqdan sonra evə daxil olub qalan pulu anasından almış və geri qayıtdıqda Ceyhunu bayırda görməmişdir. Bir müddət sonra Ceyhun ona zəng etmiş və telefon danışığı zamanı onlar telefonun söhbəti ilə bağlı mübahisə etmiş, mübahisənin nəticəsində Ceyhun onun anasını təhqir etmiş, o da Ceyhuna söyüşlərinə görə iradını bildirmişdir. O, bundan sonra telefonu söndürmüş, Ceyhun sonradan yenidən ona bir neçə dəfə zəng etsə də, o telefonu açmamışdır. Bir müddət sonra əmisi Çərkəzin yas mərasimi olmuş, o, həmin gün təxminən saat 13 radələrində yas mərasiminə gəlmiş, bir müddət dayandıqdan sonra həyətdən çölə çıxıb tək oturmuşdur. O, tək oturub fikrə getdiyi vaxt qəflətən Ceyhunun onun başı üzərində dayanmış olduğunu görmüşdür. Ceyhun ona “Gəl kənara gedək səninlə işim var” demiş, onlar neft kəməri adlanan əraziyə getdikdən sonra Ceyhun onun boğazından sıxmış, aralarında mübahisə başlamış, bu vaxt qadınlar onların münaqişə etməsini görüb onlara yaxınlaşmışlar. Qadınlar onları aralamağa çalışırmış, Ceyhun bundan sonra onu özünün gəlmiş olduğu göy rəngli sovet istehsalı avtomobilə əyləşdirib “gör səni meşəyə aparıb başına nə oyun gətirəcəm” demiş, o da avtomobilin arxa qapısını açıb arxa oturacağa əyləşmişdir. Bundan sonra Ceyhun digər tərəfdən gəlib qapını açmış, əvvəlcə içəri əyilib ona tərəf təpik atmış, təpik onun ayağına dəymişdir. Sonra Ceyhun yenə də içəri əyilib ona təpik atmaq istədikdə o, kurtkasının sağ cibində olan bıçağı çıxarıb Ceyhuna tərəf bir dəfə zərbə endirmiş, ancaq bıçağın konkret olaraq Ceyhunun hansı nahiyəsinə dəyməsini görməmişdir. Sonra avtomobildən çölə çıxmışdır. Ceyhun biraz ayaqüstə dayanmış, Ceyhunun arvadı həmin vaxt oraya gəlmiş, bundan sonra Ceyhun yerə yıxılmışdır. Ətrafdakılar Ceyhunu gəlmiş olduğu göy rəngli avtomobilə əyləşdirmişlər. Ceyhunun arvadı və Ceyhunla gəlmiş tanımadığı bir nəfər oğlan avtomobillə Ceyhunu aparmış, özü isə yaşadığı evə getmişdir. O, sonra Ceyhungilin onun yaşadığı evə hücum edə biləcəklərindən çəkindiyi üçün evdən çıxıb Dəvəçi qəbirstanlığının yaxınlığında olan kolluq əraziyə gedib gizlənmişdir. Anası bundan sonra onun istifadəsində olan mobil nömrəyə zəng edib hadisə ilə bağlı polis əməkdaşlarının onlara gəldiyini, evə gəlib təslim olmasını və polis əməkdaşlarının uşaqlarla görüşməsinə imkan verəcəklərini bildirmişdir. Bundan sonra o, evə getmişdir. Orada ailə üzvləri ilə görüşmüş, sonra hadisə vaxtı istifadə etdiyi bıçağı polis əməkdaşlarına təhvil vermişdir. Onun Ceyhunu öldürmək niyyəti olmamışdır. Sadəcə özünü müdafiə edərkən ona bıçaq xəsarəti yetirmişdir. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X5 göstərdi ki, bildiyinə görə hadisədən bir müddət öncə qardaşı Ceyhun Rəşada istifadəsində olan mobil telefonu satmaqla bağlı razılığa gəlməsinə baxmayaraq sonradan anasının səhhəti pisləşdiyinə görə həmin razılaşmanı pozmaq məcburiyyətində qalmış və mobil telefonu tanımadığı şəxsə satıb aldığı pulu anasına dərman almışdır. xx.xx.2020-ci il tarixdə yaşadığı evdə olduğu vaxt qardaşı Ceyhun qohumları Çərkəzin yas mərasiminə çıxıb getmişdir. Həmin günü təxminən saat 14-15 radələrində onların qonşuluğunda olan xatırlamadığı şəxslərdən biri evlərinə zəng edib bildirmişdir ki, qohumları Çərkəzin yas mərasimində olarkən Rəşadla qardaşı arasında mübahisə düşmüş, mübahisə zamanı Rəşad bıçaqla qardaşını qarın nahiyəsindən vurub xəsarət yetirmiş və qardaşını xəstəxanaya aparmışlar. Onlar birbaşa Yevlax rayon xəstəxanasına getdikdə orada artıq qardaşı Ceyhunun vəfat etməsini öyrənmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Rəşad onun oğludur. Ceyhun isə onun qohumu olmuşdur. Bir gün evə gələn zaman Ceyhunla Rəşadın həyətdə söhbət etdiklərini görmüş və Ceyhunla görüşüb, oğlu Rəşada Ceyhunun onun bibisioğlu olduğunu demişdir, çünki qohum olsalar da, Rəşad Ceyhunu tanımamışdır. Söhbət zamanı Rəşad Ceyhuna telefonun dediyi qiymətə olsa, ona satmasını, həmin qiymətdən baha olsa isə ona və ya başqa şəxsə satmasının Ceyhunun öz şəxsi işi olduğunu demişdir. Aradan bir neçə gün keçdikdən sonra Rəşad aralarında yaranan söz-söhbətə görə Ceyhunun onu təhqir etdiyini, özünün isə Ceyhuna heç nə demədiyini ona bildirmişdir. Aradan bir müddət keçmiş və qaynı rəhmətə getdiyinə görə yas mərasiminə getmək lazım olmuşdur. Oğlu Rəşadın mədəsi ilə bağlı səhhətində problem olduğuna görə Rəşad yas mərasiminə getməsə qohumlarının ondan küsəcəklərini soruşanda ona küsməyəcəklərini, onlara bu barədə deyəcəyini və yas mərasiminə getməməsini bildirmişdir. Daha sonra Rəşada iynə vurub yas mərasiminə getmişdir. Yas mərasimində olarkən, yas verilən yerdən çölə çıxanda oğlu Rəşadın turbanın üzərində oturduğunu görmüşdür. Rəşad ona qohumlarının küsməməsi üçün gəldiyini demişdir. Həmin vaxt Rəşada onu həkimə aparacağını demiş, Rəşad isə bir az halının olmadığını bildirərək tez gəlməyini xahiş etmişdir. Daha sonra bacısıqızıgilə getmiş, həmin yerə çatanda səs-küy yarandığını, çoxlu insanın qaçdığını görmüşdür. Nə baş verdiyini soruşduqda ona Ceyhunla Rəşadın dalaşdığını demişlər. O, qaça-qaça hadisə yerinə gəlmiş və həmin vaxt artıq Rəşadla Ceyhun arasında mübahisənın başa çatdığını görmüşdür. O, yas mərasiminin olduğu yerə girmədən evə qaçmış və oğlu Rəşada zəng etmişdir. Rəşad ona qəbiristanlıq yolunda oturduğunu bildirmişdir. O da Rəşada evə gəlməsini demişdir. Daha sonra Rəşad evə gəlmiş, həmin vaxt polis əməkdaşları da evdə olmuş və Rəşad Ceyhuna xəsarət yetirdiyi bıçağı polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, qardaşına məxsus qırmızı rəngli VAZ 2102 markalı **-EX-*** dövlət nömrə nişanlı avtomobili idarə edir. X8 qonşusu olmuşdur. Ceyhunla münasibətləri yaxşı olmuşdur. Tanışlardan eşitdiyinə görə Rəşadın Ceyhunla arasında bir neçə aydır ki telefonla bağlı problem olmuşdur. xx.xx.2020-ci il tarixdə Rəşadın əmisi Çərkəzin yas mərasimində iştirak etmiş, həmin gün Çərkəzin arvadı Həcər ona zəng edərək meyitin gətirildiyi xərəyin yenidən qəbirstanlığa aparılmalı olduğunu bildirmişdir. O, yas mərasimi olan yerə, yəni Həcərgilə gəlmiş, xərəyi avtomobilin üzərinə qoymuşdur. Yas mərasimində təxminən yarım saata yaxın iştirak etmiş, orada olarkən Rəşadı görməmişdir. Yasdan çıxıb evə tərəf gedərkən zibilliyin yanında çoxlu adam toplaşdığını, Ceyhunun isə yerdə çabaladığını, Ceyhunun xalası qızı Solmazın isə onun başının üzərində dayanıb ağladığını görmüşdür. Orada olan şəxslərdən maraqlandıqda Rəşadın bıçaqla Ceyhunu vurduğunu bildirmişlər. Bundan sonra ətrafda olan şəxslərlə köməkləşib cəld Ceyhunu öz avtomobilinə əyləşdirmiş, Solmaz da onunla birlikdə Yevlax rayon mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanaya çatıb Ceyhunu acil şöbəsinə təhvil vermişlər. Təxminən 15-20 dəqiqə sonra onlara Ceyhunun öldüyünü bildirmişlər. Rəşadın isə hadisədən sonra haraya getməsindən xəbəri olmamışdır. Şahid X6 məhkəməyədək icraat dövründəki ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Səlim Dəvrişov göstərmişdir ki, əmisi oğlu Təqsirləndirilən şəxsla münasibətləri qaydasında olmuşdur. Ceyhun Sanayadovu tanısa da, Ceyhunla yaxın münasibətləri olmamışdır. Ceyhun onun yaşadığı evdən biraz uzaqda yaşayır. X17 2020ci ilin may ayının 4-ü uzunmüddətli xəstəlikdən sonra vəfat etmişdir. May ayının 6-da atasının ölümünün 3-cü günündə Rəşad onlara gəlmiş, o, Ceyhunu yas mərasimində olan şəxslərlə birlikdə həyətdə oturarkən görmüşdür. Ancaq sonradan eşitdiyinə görə Ceyhun yaşadığı evə getmiş, sonra yenidən yas mərasiminə qayıtmışdır. Bir müddət sonra yavaşyavaş yas mərasimində olan şəxslər evlərinə getməyə başlamışlar. O, Rəşadı gördükdən təxminən 30-40 dəqiqə sonra yaxınlıqda yaşayan azyaşlı uşaqlar onlara gəlib yas yerinin yaxınlığında, bayırda dava olması barədə xəbər vermişlər. Bundan sonra həyətdə olan şəxslərin hamısı dava-dalaş olan yerə getmişdir. O, həmin yerə çatdıqda Ceyhunun ayaqüstə dayanmış vəziyyətdə olmasını və yaxınlığına qadınların toplaşdığını görmüşdür. Həmin qadınlar kürd dilində nəisə danışmışlar. O, uşaq vaxtından Bakı şəhərində böyüdüyündən kürd dilində bilmədiyi üçün qadınların nə danışdığını anlamamışdır. Ceyhun köynəyini yuxarı qaldırdıqda onun qarın nahiyəsindən qan axmasını görmüşdür. Həmin vaxt Adəm adlı oğlanda idarə etdiyi qırmızı rəngli VAZ 2102 avtomobili ilə orada idi. Adəm onların həyətində olan atasının meyiti üçün istifadə etmiş olduqları xərəyi götürüb qəbirstanlığa aparmalı idi. O Ceyhunun qarnından qan gəlməsini görüb xərəyi Adəmin avotmobilinin yuxarı hissəsindən aşağı salıb Ceyhunu avtomobilə əyləşdirib Adəmlə birlikdə xəstəxanaya yola salmışdır. Həmin vaxt əmisi oğlu Rəşadın da boğazının qızarmasını və həyəcanlı olmasını görüb ona evlərinə gedib əl-üzünü yuyub sonra evinə getməyi təklif etmiş ancaq Rəşad razılaşmayıb çıxıb getmişdir. Bir az sonra o xəbər almışdır ki, Ceyhun xəstəxanada vəfat etmişdir. Rəşad isə gizlənmişdir. Harada olmasını bilməmişdir. Hadisədən sonra ailəsi ilə birlikdə Rəşadgilə getmişdir. Polis əməkdaşları bir müddət sonra oraya gəlmişlər. Onlar Rəşadın ailə üzvləri ilə danışaraq Rəşadın gəlib təslim olması üçün razı salmalarını istəmişlər. Orada bir müddət gözlədikdən sonra Rəşad özü evlərinə gəlib ailə üzvləri ilə görüşərək hadisə zamanı istifadə etmiş olduğu bıçağı da könüllü surətdə təhvil verərək təslim olmuşdur. Bundan sonra onu rayon polis şöbəsinə aparmışlar. Şahid3 məhkəməyədək icraat dövründəki ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma əmisi oğludur. Təqsirləndirilən şəxs Xəyalə adlı qadınla evlidir. X15 da qohumluq münasibəti vardır, lakin Ceyhungillə gediş-gəlişləri olmamışdır. xx xxx 2020-ci il tarixdə Yevlax şəhərində Kamil Nəsibov küçəsində yaşayan əmisi Çərkəzin yas mərasimi olmuşdur. Həmin yas mərasimində özü, əmisi oğlu Təqsirləndirilən şəxs və Rəşadın ailə üzvləri də iştirak etmişdir. Həmin gün təxminən günorta 13-14 radələrində yas mərasimi bitdikdən sonra hərə öz evinə getmişdir. O da qardaşı arvadı Dilbərlə birlikdə yasdan çıxıb küçənin başına çatdıqda Rəşadla Ceyhunun küçənin başında olan zibillik ərazidə mübahisə etdiklərini görmüşdür. O, Rəşadla Ceyhunun aralarına girmiş və Rəşadı qucaqlayıb kənara aparmışdır. Həmin vaxt Ceyhun sakit dayanmamış və Rəşada hücum etmək istəmişdir. Həmin vaxt ətrafda Ceyhunun tanımadığı qohumları olmuşdur. Bu zaman Rusiya istehsalı, olan, zoğalı rəngli, furqon avtomobil gəlib onların yanında dayanmışdır. O. avtomobilin sürücüsünü tanımamış, lakin avtomobilin ön oturacağından Rəşadın əmisi oğlu Səlim düşmüşdür. Onlar Rəşadı oradan aparmaq üçün həmin avtomobilin arxa oturacağına əyləşdirmişdir. Bundan sonra oradan uzaqlaşarkən Ceyhunun avtomobilə tərəf qaçdığını görmüşdür. Ceyhun avtomobilin arxa kabinəsinə daxil olub Rəşadın boğazından tutmuş, o, bunu görüb Ceyhunun yanına qaçmış və Ceyhunu tutub aralamışdır. Ceyhunu avtomobildən aralayarkən Ceyhun Rəşadın onu bıçaqladığını deyərək qışqırmışdır. Ceyhun hər iki əli ilə qarın nahiyəsini tutmuş, Ceyhunun paltarından əlini tutduğu hissə qana bulaşmışdır. Onlar bundan sonra Rəşadı avtomobildən aşağı düşürmüş, Ceyhun isə xəsarət aldığına görə avtomobilə əyləşdirmişlər. Bundan sonra ətrafda olan Ceyhunu qohumu olan tanımadığı bir nəfər qadın və həmin avtomobilin sürücüsü avtomobillə xəstəxanaya aparmışdır. Rəşadla Ceyhun arasında əvvəllər hər hansı mübahisə olub-olmamasını bilmir. Şahid5 məhkəməyədək icraat dövründəki ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Şahid5 göstərmişdir ki, Ceyhun Sanayadov və Təqsirləndirilən şəxs hər ikisi onun qohumlarıdır. Ceyhun dayısı oğlu, Rəşad isə dayısı nəvəsidir. xx xxx 2020-ci il tarixdə qohumu Çərkəz Dəvrişovun yas mərasiminə getmişdir. Həmin günü saat təxminən 13 radələrində yasdan çıxıb yaşadığı evə tərəf gedərkən yolun ortasında qadınların toplaşmasını, dayısı oğlu Ceyhunun isə yerdə yaralı halda uzanmış vəziyyətdə olmasını görmüşdür. O, ağlayaraq Ceyhunu qucaqlamış, orada olan bacısı Baharla birlikdə Adəmin idarə etdiyi VAZ 2102 markalı avtomobilə əyləşdirmiş və Ceyhunu xəstəxanaya aparmışlar. Ceyhunu xəstəxanaya qoyduqdan sonra yaşadığı evə getmişdir. Bir müddət sonra kiçik qardaşı evə gələrək Ceyhunun xəstəxanada ölməsini bildirmişdir. Sonra isə Ceyhunun arvadından Ceyhunun Rəşad tərəfindən bıçaqlanaraq öldürülməsini öyrənmişdir. Ceyhunu xəstəxanaya apararkən yolda ondan nə baş verməsini və ya niyə xəsarət almasını soruşmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Yevlax rayonu “Neft kəməri” adlanan ərazidir. (cild 01, iş vər. 21-28) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Meyitə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, meyitin əynində qara rəngli cins şalvar, qara rəngli, belliyi qırmızı rəngli trusa vardır. Paltarlar qanabənzər ləkələrlə çirklənmişdir, üzərində gözlə görünən zədə yoxdur. Xarici müayinə zamanı meyitin bədən səthində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: qarınüstü nahiyədə, orta xəttdə istiqaməti boylama yerləşmiş, hamar kənarlı, ellepsəbənzər formalı, aşağı ucu nisbətən küt, yuxarı ucu iti 3x1 sm ölçülü yara vardır. Yaradan piylik xaricə çıxmışdır. Bədən səthində başqa xəsarət və xəsarət izi aşkar edilməmişdir. X9 üzərindəki paltarlara baxış keçirilərkən əynində olan qara rəngli cins materialdan olan şalvarın ciblərindən 01 ədəd bənövşəyi rəngli alışqan, 01 ədəd “Prima” markalı siqaret qutusu və həmin qutunun içərisində eyni markalı 07 ədəd siqaret və 04 ədəd 01 manatlıq pul əskinasları (ümumilikdə 04 manat pul) aşakar edilərək götürülmüş və iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Ceyhun sanayadoun meyitinin üzərində olan qara rəngli cins şalvar, qara rəngli, belliyi qırmızı rəngli trusa iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Mərhumun şalvarının cibindən aşkar lanmış 04 manat pul onun arvadı Lyuba Kərimovaya təhvil verilmişdir. X10 RMX-nin acil şöbəsinə gətirilərkən əynində olmuş tünd göy rəngli uzunqol köynək xx.xx.2020-ci il tarixdə müvafiq qaydada qablaşdırılaraq Yevlax RMX-dan götürülmüşdür.(cild 01, iş vər. 03-17) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki,Təqsirləndirilən şəxs qismində ifadə verərkən göstərdiyi xüsusatları ifadəsi hadisə yerində yoxlanılarkən bir daha əyani şəkildə göstərməklə təsdiq etmişdir. (cild 01, iş vər. 114-121) Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, X1 meyitində qara ciyərin zədələnməsi, kəskin qanitirmə ilə nəticələnən qarınüstü nahiyyənin bir ədəd daxilə keçən deşilmiş kəsilmiş yarası aşkar edilmişdir. Bu xəsarət küpü və ülgücü olan yastı tiyə tipli deşici-kəsici alətin,ola bilsin ekspertizaya təqdim edilən və ya ona bənzər digər bıçaqlarla zərbənin təsirindən əmələ gəlmişdir, sağlamlğa AĞİR zərər vurmaya xas əlamətlərə malikdir, ölümlə birbaşa səbəbli əlaqəlidir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. X1 almış olduğu xəsarətin lokalizasiyasına yara kanalının istiqamətinə əsasən güman etmək olar xəsarət alan zaman o və xəsarət yetirən ayaq üstə, qarşı-qarşıya olmuşlar. X2 almış olduğu xəsarətlər həyatidir, ölüm baş verməmişdən az əvvəl yetirilmişdir. Xəsarətin xarakteri və lokalizasiyasi onu göstərir ki, X7 xəsarət aldıqdan sonra qısa müddət ərzində iradi hərəkət edə bilərdi. X2 bədənində aşkar edilmiş xəsarətin yerləşdiyi nahiyə ilə hadisə vaxtı onun əynində olmuş köynəyin (“koftanın”) üzərində olan zədə (kəsik) cüzi fərqlə üst-üstə düşür. X1 meyitindən götürülmüş qanın məhkəmə- kimyavi tədqiqatı zamanı etil spirti aşkar edilməmişdir. X1 ölümünə bilavasitə səbəb qarının ön divarının daxilə keçən deşilmişkəsilmiş yarası, qara ciyərin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 1-1,5 saat əvvəl baş verdiyini göstərir. (cild 01, iş vər. 211-214) Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər-boyunun sağ yan səthinin yuxarı və orta 1/3-nin, sol yan səthinin orta 1/3-nin sıyrıqları məhdud təsir səthinə malik küt alətin, ola bilsin dırnağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Əl çatan nahiyədə olması həmin xəsarətlərin şəxsin özü-özünə yetirməsi nəticəsində törənməsi istisna edilmir. Qeyd olunan xəsarətlər sağlamlığa zərur vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir.(cild 01, iş vər. 102-103) Cinayət işinin materiallarında olan məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, X2 ABO sistemi üzrə qrup göstəricisi: Balfa /H/(İİİ); Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A (İİ); Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq, C.M.Sanayadova məxsus bir ədəd qara rəngli kəmər, uzunqol sviter, Təqsirləndirilən şəxs məxsus cins şalvar və bir dəd gödəkcə üzərində olan ləkələrdə B və H antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri Balfa (H) qruplu X4 məxsus ola bilər. (cild 01, iş vər. 216-221) Cinayət işinin materiallarında olan kompleks məhkəmə daktiloskopik və məhkəmə trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş, üzərində “Ceyhun Seyidovun hadisə vaxtı üzərində olmuş paltarlar” yazı qeydləri olan bağlamadan aşkar edilmiş köynəyin və üzərində “ Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olmuş paltarlar...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin səthində rəyin tədqiqi hissəsində zədələr vardır. Üzərində “Ceyhun Seyidovun hadisə vaxtı üzərində olmuş paltarlar...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş köynəyin səthində olan zədə kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və s.) təsirindən yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olmuş paltarlar...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin iç səthində olan zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik cırılma zədəsidir. (cild 02, iş vər.74-76) Cinayət işinin materiallarında olan məhkəmə lifli ekspertizasının rəyindən görünür ki, Ceyhun Sanayadova məxsus olduğu qeyd olunan paltarlardan qara rəngli cins şalvarın üzərindən tapılmış tünd göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlir. (cild 02, iş vər. 79-83) Cinayət işinin materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək etmək qabiliyyətindədir. (cild 01, iş vər. 253-255) Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Qeyd edilən cinayət əməli cinayətin obyektiv cəhətinin ünsürlərindən olan hərəkət və ya hərəkətsizliklə yanaşı nəticənin də baş verməsini nəzərdə tutan əməl olduğundan, yəni maddi tərkibli cinayət əməli olduğundan törədilən cinayət əməli ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması ilə şərtlənir. Cinayət işinin materiallarında mövcud olan və biri-digərini tamamlayan sübutlar vasitəsi ilə (təqsirləndirilən şəxsin qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, ifadənin yerində yoxlanması kimi istintaq hərəkətlərinin protokolları və s.) təsdiq olunur ki, Təqsirləndirilən şəxs “...aralarında yaranmış münaqişə zəminində mübahisə edərkən Ceyhun Sanayadovun ona “boyunun sağ yan səthinin yuxarı və orta 1/3-nin, sol yan səthinin orta 1/3-nin sıyrıqları” xarakterli dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsindən sonra bir qədər aralıdan hüzr mərasimindən çıxan qadınların gəlməsini görüb Ceyhunun onu mübahisələrini davam etdirmək məqsədilə özünün istifadəsində olan **-BD-*** dövlət nömrə nişanlı VAZ 2102 markalı avtomobilə əyləşdirib meşəlik əraziyə aparmaq istədiyi vaxt avtomobilin arxa oturacağına oturub Ceyhun Sanayadovun da digər tərəfdən arxa qapını açıb avtomobilə əyləşməsini gözləyərkən sonuncunun arxa qapını açıb ona tərəf təpik atmasını və yenidən təhqir etməsini görüb əvvəlcədən üzərində olan zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçağı ilə qəsdən öldürmək məqsədi ilə Ceyhun Sanayadovun qarın nahiyəsindən bir dəfə zərbə vuraraq dərəcəsinə görə sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə Ceyhun Sanayadovu qəsdən öldürərək həyatdan məhrum etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən qəsdən başqa şəxsin həyatdan məhrum edilməsinə yönəlmiş ictimai təhlükəli əməl törədilmiş, həmin ictimai təhlükəli əməllə bağlı olaraq Ceyhun Sanayadov ağır dərəcəli bədən xəsarətləri (cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən) almış və həmin xəsarətlər sonuncunun vəfat etməsinə gətirib çıxarmışdır ki, qeyd edilən ekspert rəyinə əsasən törədilən əməllə baş vermiş nəticə arasında birbaşa səbəbli əlaqənin olmasımüəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı X14u öldürmək istəmədiyini, özünü müdafiə edərkən onu vurmaq məcburiyyətində qaldığını bildirsə də, təqsirləndirilən şəxsin əvvəlcədən əldə edib üzərində saxladığı bıçaqla qarşılıqlı mübahisə etdiyi şəxsin həyati əhəmiyyətli orqanına, bədən nahiyyəsinə daxilə nüfuz edən xəsarət yetirməsi onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs Ceyhun Sanayadova qeyd edilən xəsarətləri yetirərkən niyyəti məhz onu həyatdan məhrum etmək olmuş, etdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunu arzu etmişdir. Eyni zamanda müdafiəçi məhkəmədə müdafiə nitqi ilə çıxış edərkən təqsirləndirilən şəxsin əməlinin CM-nin 123.1-ci maddəsinə tövsif olunmaqla əmələ zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə kimi qiymət verilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, əmələ zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə kimi qiymət verilməsi üçün vacibdir ki, ilk öncə zəruri müdafiə vəziyyətinin özü mövcud olsun. Hazırkı halda isə heç bir zəruri müdafiə vəziyyəti mövcud olmamış, iki şəxs arasında baş vermiş qarşılıqlı mübahisənin gedişində Təqsirləndirilən şəxs üzərində olan bıçaqla zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etmək üçün ağır bədən xəsarəti yetirmiş və nəticədə Ceyhun Sanayadov aldığı xəsarətdən xəstəxanada vəfat etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış, xasiyyətnamədən və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Qeyri-rəsmi nikahından Hüseynov Rəşid Rəşad oğlu adında xx.xx.2019-cu il təvəllüdlü bir azyaşlı uşağı vardır. Onun barəsində yaşadığı kəndin icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. Əvvəllər məhkum olunmasına baxmayaraq yaşayış yeri üzrə müsbət səciyyələnir. (cild 01, iş vər. 136, 195- 196) Məhkəmə istintaqı zamanı həm təqsirləndirilən şəxsin özü, həm də onun yaxın qohumu olan şahidlər Təqsirləndirilən şəxs könüllü şəkildə evə gələrək polis əməkdaşlarına təslim olduğunu və cinayət aləti olan bıçağı polisə təhvil verdiyini bildirsələr də, cinayət işinin materiallarından müəyyən olunur ki, qeyd edilən cinayət əməlini törətdikdən sonra Təqsirləndirilən şəxs hadisə yerindən yayınmış və sonradan polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan bıçağı polis əməkdaşlarına təhvil vermiş və bu barədə protokol tərtib olunmuşdur. (cild 01, iş vər. 65) Odur ki, təqsirləndirilən şəxsin könüllü gələrək özünü polis əməkdaşlarına təqdim etməsi barədə göstərilənlər öz təsdiqini tapmadığından, məhkəmə həmin halın cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsini əsaslı saymır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Yevlax rayon məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (cild 01, iş vər.160-176, 203-204) Odur ki, onun məhkum olunduğu həmin cinayət əməli az ağır cinayət hesab edildiyindən və CM-nin 83-cü maddəsinə əsasən az ağır cinayətlərə görə məhkumluğun ödənilməsi üçün nəzərdə tutulan müddət iki il olduğundan, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini 2020-ci ilin may ayında, yəni cəzasının sonu ilə azad olunduqdan iki il üç ay müddət keçdikdən sonra törətdiyindən, onun əməlində cəzanı ağırlaşdıran hal olan cinayətlərin residivi müəyyən olunmur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə, habelə mərhum zərərçəkmiş şəxsin altı azyaşlı uşağının və ailəsinin başsız qalmasını, baş vermiş hadisənin həmin ailənin də həyat şəraitinə mənfi təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və Yevlax rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulmuş və məhkəmənin qərarı ilə xx.xx.2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 36, 112-113) Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni xx xxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Yevlax rayon prokurorluğunda saxlanılan Ceyhun Sanayadovun üzərində olmuş tünd göy rəngli köynəyi, qara rəngli cins şalvarı, Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olmuş tünd göy rəngli cins şalvarı, tünd göy rəngli kurtka, ağ rəngli qısaqol köynək, qara rəngli uzunqol sviter tələb edilmədiyindən, Ceyhun Sanayadova məxsus dırnaq nümunələri, Təqsirləndirilən şəxs əl-barmaq izləri, Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi xromlanmış metaldan 2 qat dəstəyi olan və tiyəsi gümüşü rəngli olan turist bıçağı dəyəri müəyyən edilmədiyindən hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 258,46 AZN (iki yüz əlli səkkiz manat, qırx altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Yevlax rayon prokurorluğunda saxlanılan Ceyhun Sanayadovun üzərində olmuş tünd göy rəngli köynəyi, qara rəngli cins şalvarı, Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olmuş tünd göy rəngli cins şalvarı, tünd göy rəngli kurtka, ağ rəngli qısaqol köynək, qara rəngli uzunqol sviter tələb edilmədiyindən, Ceyhun Sanayadova məxsus dırnaq nümunələri, Təqsirləndirilən şəxs əl-barmaq izləri, Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi xromlanmış metaldan 2 qat dəstəyi olan və tiyəsi gümüşü rəngli olan turist bıçağı dəyəri müəyyən edilmədiyindən, hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 258,46 AZN (iki yüz əlli səkkiz manat, qırx altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində X18 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar