Məhkəmə qərarları › İş №1(091)-143/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-143/2021

26.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-143/2021 26.07.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi – sədlik edən hakim Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinnin Ağır Cinayətlər Məhkəmələrdə Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxx 1973-cü il tarixdə İsmayıllı rayonunun Topçu kəndində doğulmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, İsmayıllı rayonunun Topçu kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayında, dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda İsmayıllı rayonunun Topçu kəndinin yaxınlığında yerləşən meşəlik ərazidə, istintaqla dəqiq müəyyən edilməyən yerdə yabanı halda bitmiş bir ədəd çətənə bitkisini aşkar edib satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana hazırlamaq qərarına gəlmiş, bu məqsədlə həmin bitkinin hissələrini toplayıb yaşadığı İsmayıllı rayonunun Topçu kəndində yerləşən evin həyətinə daşıyaraq aparmış, orada çətənə bitkisinin hissələrini qurudaraq, satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla 1287,04 qram çəkidə, külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb əldə etmiş və həmin narkotik vasitə olan qurudulmuş marixuananı 2 ədəd dəmir qapaqlı şüşə balonlara və 1 ədəd plastik qaba yığaraq evində gizlədib saxlamış, 12.02.2021-ci il tarixdə, saat 11 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun yaşadığı İsmayıllı rayonunun Topçu kəndində yerləşən evə özünün iştirakı ilə baxış keçirilərkən evin yataq otağında yerləşən çarpayının altından 1 ədəd dəmir qapaqlı şüşə bankada 5 ədəd içərisi boş olan filtirli papiros şəkilli kağız bükülülər, habelə həmin bankada təmiz çəkisi 12,04 qram, evin məişət əşyalarının saxlanıldığı yardımçı otağında yerləşən masa üzərindən 1 ədəd dəmir qapaqlı şüşə balonda təmiz çəkisi 665 qram və bir ədəd plastik qapaqla bağlanan plastik qabda təmiz çəkisi 610 qram təşil edən, satış məqsədi ilə qanunsuz olaraq hazırlayıb əldə edərək saxladığı, külli miqdar hesab olunan, ümumilikdə 1287,04 qram çəkidə bitki mənşəli kütlə - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edərək verilmiş ittihamla bağlı göstərmişdir ki, o, İsmayıllı rayonunun Topçu kəndində qoyun otaran zaman yabanı halda bitən iki ədəd narkotik tərkibli bitkinin ağacını görmüş, onu qorumaq üçün həmin yerin kənarlarını bərkitmişdir. Daha sonra onları təmizləmək üçün evə aparmış, evdə həmin bitkiləri təmizlədikdən sonra tullantı hissələrini səhər tullamaq üçün qaba yığmışdır. Səhər itləri bağlamaq üçün həyətə düşdükdə, qapıda kiminsə onu çağırdığını eşitmiş, gedib qapıya baxdıqda isə polis əməkdaşlarının olduğunu görmüşdür. Polis əməkdaşları ona gəlmələrinin səbəbini demiş və qərarı göstərmişdir. O, itləri bağladıqdan sonra polis əməkdaşlarını içəri dəvət etmişdir. Axşam narkotik maddəni təmizləyib qablara yığmış, tullantı malları isə səhər tullamaq üçün şüşə qapaqlı balona yığmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamı olaraq ona ünvanlanan suallara cavab olaraq evinə baxış keçirilən zaman narkotik maddənin soyuducunun yanından, stolun üstündən və yolka ağacının arxasından aşkar edildiyini, bir balonda olan narkotik maddənin yaxşı çəkməli, digər balonda olan narkotik maddənin isə istifadəyə yararsız olduğunu, yəni tullantı mal olduğunu demişdir. Həmin narkotik maddəni payızda- sentyabr ayının axırlarında təmizləmək üçün yığıb evə gətirmiş, yağış dəyməsin deyə tövlədən asmışdır. İşi olmayan zaman fevral ayında narkotik maddəni evə gətirmiş, təmizləmiş və balona yığmışdır. Tullantı hissələri isə sellofanda çox görünməsin deyə balona yığmışdır. O, narkotik maddələri 3 kiloqramlıq balona və plasmas qaba yığdığını, onda xırda bükümlərin olmadığını, eyni zamanda evindən elektron tərəzi aşkarlanmadığını qeyd etmişdir. Yalnız narkotik vasitə istifadəçisi olduğunu, heç kəsə narkotik vasitə satmadığını, meşənin kənarında yaşadığını, əkinlə və maldarlıqla məşğul olduğunu demişdir. 2001-ci ildən narkotik vasitə istifadə etdiyini, onu siqaret kimi çəkdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs 14, 16 və 17 yaşında üç oğlunun olduğunu demişdir. Qarabağda olan zaman əlində partlayıcı partladığını, əlində və gözündə olan xəsarətlərin bu səbəbdən olduğunu, bu səbəbdən İİİ qrup əlil olduğunu və əlilliyə görə 110 manat müavinət aldığını qeyd etmişdir. 1994-cü ildə cibindən və evindən narkotik maddə olan marixuana aşkar olunduğuna görə tutulduğunu, 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini, 2001-ci ildə isə azad oldunduğunu demişdir. Qeyd edilənlərə əsasən əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsini və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, İsmayıllı rayonunun Topçu kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evində və üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatına malik olduğundan 12.02.2021-ci il tarixdə bu barədə polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir və həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə razılıq almışdır. Dərhal əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir və tədbir keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Göstərilən tarixdə, təxminən saat 11 radələrində İsmayıllı rayonunun Topçu kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığına gəlmişdirlər, sonuncunun həyətinin giriş qapısı yanında yol kənarında dayandığını görmüşlər, yaxınlaşıb özlərini təqdim edərək İsmayıllı RPŞ-nin əməkdaşları olduğunu bildirmişlər, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağına dair əməliyyat məlumatı olduğunu və bu səbəbdən də yaşadığı ünvanda evinə və evin yerləşdiyi həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs onlara yaşadığı ünvanda baxış keçirilməsinə etiraz etməmişdir və etirazının olmaması barədə də ərizə vermişdir. Bundan sonra polis əməkdaşlarının, kənardan dəvət olunmuş iki nəfər hal şahidinin və Təqsirləndirilən şəxs özünün iştirakı ilə onun yaşadığı ünvanda həyətə və evinə baxış keçirilmişdir. Baxış zamanı evin giriş qapısından sol tərəfdə yerləşən, yataq otağında olan çarpayının alt hissəsindən 01 ədəd dəmir qapaqlı şüşə banka aşkar edilmişdir. Həmin şüşə banka açıldıqda içərisində saxladığı yaşımtıl rəngli rəngli, spesifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə və 05 ədəd içərisi boş olan filtirli papiros şəkilli kağız bükülülər aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitki kütləsinin qurudulmuş marixuana olmasını, özünə məxsus olduğunu və öz şəxsi istifadəsi üçün saxladığını, həmçinin qurudulmuş marixuanadan həmin papiroslara doldurmaqla istifadə etdiyini bildirmişdir. Bundan başqa baxış zamanı evin məişət əşyalarının saxlanıldığı yardımçı otağınının giriş qapısından sol tərəfdə, divara söykənmiş halda olan stol üzərindən 01 ədəd dəmir qapaqlı şüşə balon və 01 ədəd plastik qapaqla bağlanan plastik qab aşkar olunmuşdur. Baxış zamanı həmin süşə balon və plastik qabın qapaqları açıldıqda içərilərində spesifik iyə malik olan, saxladığı qurudulmuş marixuana kütləsinə oxşar kütlələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin quru halda olan bitki kütlələrinin qurudulmuş marixuana olduğunu, özünə məxsus olmasını, şəxsi istifadə etməyi məqsədi ilə saxladığını, aşkar edilmiş həmin 01 ədəd şüşə balonda, 01 ədəd şüşə bankada və 01 ədəd plastik qabda olan qurudulmuş marixuana kütlələrini 2020-ci ilin oktyabr ayında yaşadığı İsmayıllı rayonunun Topçu kəndi yaxınlığında yerləşən meşə sahəsinin xatırlamadığı hissəsində bitmiş bir ədəd narkotik tərkibli çətənə bitkisi kolundan yığıb şəxsi istifadə etməsi məqsədi ilə qurudaraq hazırlayıb saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd bankada narkotik vasitə olan qurudulmuş marixuana kütləsi və 05 ədəd içərisi boş olan filtirli papiros şəkilli kağız bükülülər, həmçinin 01 ədəd balonda və 01 ədəd plastik qabda narkotik vasitə hesab olan kütlələr bir ədəd sintetik materialdan olan torbaya qoyularaq elektron tərəzidə çəkilmişdir və ümumi çəkisi 3610 qrama bərabər olmuşdur, elə həmin torbada qablaşdırılaraq ekspertiza tədqiqatına təqdim edilməsi məqsədilə götürülmüşdür. Həmçinin baxış zamanı evin zal hissəsi hesab edilən otağında, divarın küncündən təklülə tüfəng və onun yanında yerdə kiçik karton qutuda içərisində 10 ədəd həmin silaha aid patron aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin tüfəngin və patronların ona mərhum atasından yadigar qaldığını, lakin heç bir sənədinin olmadığını bildirmişdir. Baxış zamanı 01 ədəd tüfəng və onun karton qutuda olan 10 ədəd patronları bir ədəd torbada qablaşdırılaraq ekspertiza tədqiqatına təqdim edilməsi məqsədilə götürülmüşdür. Bundan əlavə evin digər yerlərinə, o cümlədən həyətyanı sahəyə də baxış keçirilmişdir, lakin başqa heç bir cinayət xarakterli əşya və ya predmet, eləcə də narkotik vasitə aşkar edilməmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir, protokolun doğruluğunu iştirakçılar kimi o da imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3, X3, Şahid4, Şahid5 İrəvan oğlu və Şahid6 ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunda ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, həqiqətən də sözügedən tarixdə Təqsirləndirilən şəxs yaşadığı evində polis əməkdaşları tərəfindən keçirilən baxışda hal şahidi qismində iştirak etmiş və həmin baxış zamanı Təqsirləndirilən şəxs evindən bir neçə bankada narkotik vasitə marixuanaya bənzər kütlə, o cümlədən ov tüfəngi və patronlar aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 digər Şahid7 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Cinayət işinin materiallarında olan 12 fevral 2021-ci il tarixli “Raport”dan görünür ki, 12.02.2021-ci il tarixdə İsmayıllı RPŞ-yə İsmayıllı rayonunun Topçu kənd sakini xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur.(cild 1, iş vərəqi 2). Cinayət işinin materiallarında olan 12.02.2021-ci il tarixli qərardan görünür ki, İsmayıllı rayonunun Topçu kənd sakini xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz qaydada əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. (cild 01, iş vər. 3) Cinayət işinin materiallarında olan 12 fevral 2021-ci il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək İsmayıllı rayonu Topçu kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir.(cild 01, iş vər. 7) Cinayət işinin materiallarında olan 12.02.2021-ci il tarixli “Fərdi yaşayış evinə və həyətyanı sahəsinə axtarış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı rayonunun Topçu kəndində olan fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilən zaman evə giriş qapısından sol tərəfdə yerləşən yataq otağındakı çarpayının alt hissəsindən 1 (bir) ədəd dəmir qapaqlı şüşə banka aşkar olunmuşdur. Şüşə banka açıldıqda içərisində spesifik qoxuya malik, narkotik tərkibli vasitəyə bənzər bitki kütləsi, habelə 5 ədəd qismən filtirli, lakin digər hissəsi boş, papiros şəkilli kağız bükülülər aşkar edilmişdir. Axtarış zamanı evin məişət əşyalarının saxlanıldığı yardımçı otağında giriş qapısından sol tərəfdə divara söykənmiş halda olan stol üzərində 2 ədəd - 1-i şüşə, dəmir qapaqlı, digəri isə plastik materialdan olan, plastik qapaqlı qab (banka) aşkar edilmişdir. Həmin şüşə və plastik qab açıldıqda içərisində spesifik qoxuya malik narkotik tərkibli vasitəyə bənzər bitki kütlələri olduğu müəyyən edilmişdir. Aşkar edilmiş bitki kütlələri olduqları qablarla birlikdə ümumi sintetik materialdan olan torbaya qoyularaq, xüsusi elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 3610 qram olmuşdur. Həmçinin baxış zamanı evin zal hissəsindən 01 ədəd tüfəng və 10 ədəd patronlar aşkar edilərək bir ədəd sintetik torbada qablaşdırılmış və ekspertiza tədqiqatına təqdim edilməsi məqsədilə götürülmüşdür. Baxış zamanı evin yerləşdiyi həyatyanı sahədən isə heç bir cinayət xarakterli əşya və ya predmet, eləcə də narkotik vasitə aşkar edilməmişdir. Aşkar edilmiş predmetlər qablaşdırılaraq götürülmüşdür. Müvafiq foto şəkillər çəkilməklə protokola əlavə edilmişdir. (cild 01, iş vər. 8-18) Cinayət işinin materiallarında olan “Məhkəmə-bioloji ekspertizası”nın 12 fevral 2021-ci il tarixli, 17/117 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “....Təqsirləndirilən şəxs...fərdi yaşayış evindən aşkar edilərək götürülmüş....” sözləri yazılmış sintetik torbanın içərisindəki, 02 (iki) ədəd şüşə balonlarda, ayrı-ayrılıqda təmiz çəkiləri – 665.00 qr., 12.04 qr., 01 (bir) ədəd plastik qabda, təmiz çəkisi – 610.00 qr., ümumi təmiz çəkisi – 1287.04 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin şüşə balonlardan birinin içərisindəki predmetlər – 05 (beş) ədəd boş vəziyyətdə papiroslardır. Tədqiqata təqdim olunmuş, 02 (iki) ədəd şüşə balonlarda və 01 (bir) ədəd plastik qabda olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. (cild 01, iş vər. 49-53) Cinayət işinin materiallarında olan “Məhkəmə-ballistik ekspertizası”nın 09 mart 2021-ci il tarixli 3/359 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan “3K” modelli, “Q 44424” №-li, təklüləli, xarici çaxmaqlı, yivsiz odlu tüfəngdir, atəş açmaq üçün yararlıdır, silahın hissə, mexanizimləri və zavod nişanları üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd patron 20 kalibrli olmaqla, həmin kalibrə malik hamarlüləli (yivsiz) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulan patronlardır, istifadəyə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 08 (səkkiz) ədəd patron 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz-hamarlüləli odlu ov tüfəngləri üçün döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal edilmiş, 03 (üç) ədədinin daxili atəş komponentləri isə kustar üsulla doldurulmuş patronlardır, istifadəyə yararlıdırlar. (cild 01, iş vər. 174-177) Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məcburi narkoloji-tibbi yoxlama ekspertizasının 15 aprel 2021-ci il tarixli 391 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktika qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 181) Cinayət işinin materiallarında olan məhkəmə-psixatrik ekspertizasının 17 mart 2021-ci il tarixli 146 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək etmək iqtidarındadır, Təqsirləndirilən şəxs hal-hazırda özü və ətrafdakılar üçün təhlükəli deyildir. (cild 01, iş vər. 178-180) Cinayət işinin materiallarında olan 07 may 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 228.1 və 237.1-ci maddələrinin tərkib əlamətləri olmadığından bu hissədə cinayət işinin başlanması rədd edilmiş, həmçinin cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati icraatın başlanması məsələsinə baxılması üçün qərarın İsmayıllı RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. (cild 01, iş vər. 213-225) Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun qismən etirafı ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsi hissəsində qeyd etdiklərinə gəldikdə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə cinayət qanunvericiliyinin daha ağır cəza nəzərdə tutan maddəsi ilə məsuliyyətə cəlb olunmasından yaxa qurtarmağa çalışmışdır. Belə ki, əldə olunan narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, habelə həmin narkotik vasitələrin ayrı-ayrı qablara (bankalara) yığılmaqla saxlanılması, o cümlədən təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadə üçün saxladığını qeyd etsə də, özünün narkomaniya xəstəliyindən əzab çəkməməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin evindən aşkar olunan narkotik vasitələr şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə olunmuş və ayrıca qablaşdırılmaqla saxlanılmışdır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həmin narkotik vasitələri satmaq niyyəti ilə deyil, sadəcə saxlamaqla bağlı özünü təqsirli bilməsinə dair qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gəlir. Ona görə də, həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayışlardan görünür ki, Hüseyinov X4 rayonunun Topçu kəndində fərdi evdə ailəsi (arvadı, 2004, 2005 və 2007-ci il təvəllüdlü üç yetkinlik yaşına çatmayan uşağı ilə) yaşayır, yaşadığı müddət ərzində ərazidə müsbət xarakterizə olunmuşdur. (cild 01, iş vər. 120-122) İstintaq zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun İsmayıllı rayon şöbəsindən alınmış 19 fevral 2021-ci il tarixli **********3 nömrəli məktubda göstərilmişdir ki, İsmayıllı rayon Topçu kəndində qeydiyyatda olan, xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) nazirlik tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin 14 saylı regional ərazi filialından İİİ qrup əlil (müddətsiz) kimi aylıq 110 (bir yüz on) manat 00 qəpik sosial müavinət alır. (cild 01, iş vər. 130) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 23.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Hüseyinov X4 rayon Xalq Məhkəməsinin 25.04.1994-cü il tarixli hökmü ilə Azərbaycan SSR-nın CM-nin 143-cü maddəsinin 3-cü hissəsi, 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Hüseyinov X4 rayon Xalq Məhkəməsinin 05.12.1996-cı il tarixli hökmü ilə Azərbaycan SSR-nın CM-nin 226-cı maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 07.02.2001-ci il tarixdə cəzadan azad edilmişdir. Hazırda məhkumluğu yoxdur. (cild 01, iş vər. 132-134) Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, üçüncü qrup əlil olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda əvvələr də bu qəbildən olan cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunduğunu və islah olunmayaraq yenidən eyni cinsli cinayət əməlini törətməsini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2021-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur.(cild 01, iş vər. 30) İş materiallarında olan İsmayıllı rayon məhkəməsinin 14.02.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli 12.02.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 95-97) Onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablanmalı və cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kateqoriyasına aid edildiyindən CM-nin 56.1.2-cü maddəsinə əsasən o, təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, CM-nin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirlər, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut olan və İsmayıllı Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd sintetik torbada qablaşdırılmış, 02 ədəd şüşə balonlarda və 01 ədəd plastik qabda ümumi təmiz çəkisi – 1287.04 qram olan, ekspertiza tədqiqatlardan sonra qalıq qalmış 1286.89 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 05 (beş) ədəd boş vəziyyətdə papiroslar məhv edilməli, 01 ədəd sintetik torbada qablaşdırılmış, içərisində olan 01 ədəd silah zavod üsulu ilə istehsal edilmiş, “3K” modelli, “Q 44424” №-li, 16 kalibrli, təklüləli, yivsiz odlu tüfəng, həmçinin 02 ədəd 20 kalibrli və 08 ədəd 16 kalibrli, hamarlüləli, yivsiz odlu ov tüfənglərində istifadə etmək üçün nəzərdə tutulan patronlar isə hazırkı cinayət işindən ayrılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması ilə bağlı inzibati materiala əlavə olunmalıdır. Ekspertiza xərci 99,97 AZN (doxsan doqquz manat, doxsan yeddi qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və şübhəli şəxs kimi tutulduğu, həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və İsmayıllı Rayon Polis Şöbəsində saxlanılan 1286.89 qram narkotik vasitə qurudulmuş marixuana, 05 (beş) ədəd boş vəziyyətdə papiroslar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd silah zavod üsulu ilə istehsal edilmiş, “3K” modelli, “Q 44424” №-li, 16 kalibrli, təklüləli, yivsiz odlu tüfəng, həmçinin 02 ədəd 20 kalibrli və 08 ədəd 16 kalibrli, hamarlüləli, yivsiz odlu ov tüfənglərində istifadə etmək üçün nəzərdə tutulan patronlar hazırkı cinayət işindən ayrılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması ilə bağlı inzibati materiala əlavə olunsun. Ekspertiza xərci olan 99,97 AZN (doxsan doqquz manat, doxsan yeddi qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı gündən) 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar