Məhkəmə qərarları › İş №1(091)-143/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-143/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-143/2023 30.05.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1983-cü ildə Qax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından istintaqa məlum olmayan müddətdə əldə edib özündə saxlayaraq daşımış, həmin narkotik vasitə olan heroinin bir hissəsini sellofan bükümə qablaşdıraraq istifadə etməsi üçün üzərində daşımış, qalanını isə ünvan 3 ünvanında yerləşən yaşadığı evində saxlamış, 13 fevral 2023-cü il tarixdə, saat 1520 radələrində Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tanışı X6 ilə birlikdə Qax şəhəri ərazisində saxlanılaraq Qax Rayon Polis Şöbəsinə gətirilmiş, onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarın arxa sağ cibindən saxladığı 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 2,477 qram və ünvan 3 ünvanında yerləşən yaşadığı evin yataq otağında olan çarpayının üzərində olan döşəyin altından əldə edərək, saxlayıb gizlətdiyi 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 5,161 qram olmaqla, ümumilikdə ümumi təmiz çəkisi 7,638 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13 fevral 2023-cü il tarixdə yaşadığı evdə olarkən polis əməkdaşları onun yaşadığı evə gələrək onunla birlikdə qeyri-rəsmi yaşayan Şükufə adlı qadınla birlikdə rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində ona narkotik vasitəni boynuna almasını, Şükufəni azad edəcəklərini, onun CMpin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edəcəklərini bildirdiklərinə görə polis əməkdaşlarının onun üzərinə qoyduqları narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Həmçinin yaşadığı evdən də aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadasində Təqsirləndirilən şəxs göstərmişdir ki, narkotik vasitə olan heroin qəbul etməklə, həmin narkotik vasitəni bir neçə ildir ki, heç vaxt üzünü görmədiyi, adını bilmədiyi sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşından sonuncunun göndərdiyi karta pul vurduqdan sonra göndərdiyi konumdakı yerdən götürmək vasitəsilə almış, tutulmamışdan üç gün əvvəl eyni qayda ilə narkotik vasitə olan heroini əldə etdikdən sonra qeyri-rəsmi yaşadığı arvadı Şükufə ilə birlikdə yaşadığı Qax şəhərinə gəlmişdir. 13 fevral 2023-cü il tarixdə saat 15 radələrində Şükufə ilə birlikdə Qax şəhəri, Azərbaycan prospekti ilə gəzərkən Qax rayon Polis Şöbəsinin əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarına görə rayon Polis Şöbəsinə dəvət etmişlər. Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən baxış zamnı əynindəki qara rəngli cinsi şalvarın arxa sağ cibindən sellofan bükümdə narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Narkotik vasitə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüş, həmin kütlənin çəkisinin ümumilikdə 2.78 qram olması müəyyən edilmişdir. Daha sonra ona məxsus ünvan 3 ünvanında yerləşən yaşadığı evə baxış keçirilən zaman evin yataq otağında çarpayının üzərində olan döşəyin altında saxladığı içərisində narkotik vasitə heroin olan sellofan bükümü təqdim etmiş, həmin narkotik vasitədə elektron tərəzidə çəkilib çəkisinin 5,46 qram olması müəyyən edildikdən sonra qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qax rayon X4 mübarizə qrupunun əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 13 fevral 2023-cü il tarixdə Abşeron rayon sakini X3 psixatrop maddə olan metamfetamin istifadəçisi olması, mütəmadi olaraq üzərində psixatrop maddə olan metamfetamin saxlaması və Qax şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin istifadəçisi olması, mütəmadi olaraq üzərində narkotik vasitə olan heroin saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə Şükufə Hacıyeva və Təqsirləndirilən şəxs Qax şəhəri ərazisində saxlanılaraq Qax RPŞ-nə gətirilmiş, rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə X3 üstünə şəxsi axtarış keçirilən zaman əynindəki çəhrayı rəngli gödəkcənin sağ yan cibindən çəkisi 1,47 qram olmaqla içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olduğu bir ədəd sellofan büküm aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın arxa sağ cibindən çəkisi 2,78 qram olmaqla içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu bir ədəd sellofan büküm aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini Vatsap sosial şəbəkə vasitəsilə tanımadığı İran vətəndaşından istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən yaşayış evinə baxış keçirilən zaman yaşayış evinin yataq otağında olan çarpayının üzərində olan döşəyin altından çəkisi 5,48 qram olmaqla içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu bir ədəd sellofan büküm aşkar olunaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Qax rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 və ifadəsi elan olunaraq tədqiq edilmiş X1 baş inspektoru işləyən Şahid3 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 13 fevral 2023-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin saxladığı üçün Qax Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra sonuncunun yaşadıqları evdə narkotik vasitə olan heroin saxladığına görə polis əməkdaşları evə baxış keçirəcəklərini demiş, buna etiraz etməyərək icazə ərizəsi yazmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən evə baxış keçirilən zaman oğlu Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən yaşayış evinin içərisində öz yataq otağında olan çarpayının üzərində olan döşəyin altından 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Oğlu Ramazan aşkar olunmuş bir ədəd sellofan bükümün içərisində narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni Whatsap sosial şəbəkə vasitəsilə tanımadığı İran vətəndaşından istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 fevral 2023-cü il tarixli, 17/176 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “X3 üstündən aşkar edilmiş 01 ədəd büküm.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-1,608 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metmafetamindir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 büküm.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-2,477 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heorindir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 01 ədəd büküm.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-5,161 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheorindir. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd şəffaf sellofan bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İ siyahı). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. (İ siyahı). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 28 mart 2023-cü il tarixli, 517 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 14 mart 2023-cü il tarixli, 170 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 13 fevral 2023-cü il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ arxa cibindən çəkisi 2,78 qr olmaqla içərisində narkotik vasitə heroinə bənzər kütlənin olduğu bir ədəd sellofan büküm aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 13 fevral 2023-cü il tarixli baxış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Qax şəhəri İçəri Bazar küçəsi 60 ünvanında yerləşən yaşayış evinə keçirilən baxış zamanı yataq otağındakı çarpayının üstündəki döşəyin altından içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu və çəkisi 5,46 kq olan bir ədəd sellofan büküm aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qax rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.23-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2005-ci ildə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə CM-in 77-ci maddəsinə əsasən qalan 1 il 10 ay 12 gün cəzası azadlığın məhdudlaşdırılması ilə əvəz edilmiş, Qax rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-in 185.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 7 ay 12 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu ildə cəzasının sonu ilə azad edilmiş, Qax rayon Məhkəməsinin xx.xx.2010cu il tarixli hökmü ilə CM-in 221.2.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 08 ay 20 gün müddətinə azadlıqdan məhrum edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə xx.xx.2010-cu il tarixli hökm ləğv edilərək CM-in 221.2.1 maddəsinə əsasən 4 il azadlıqdan məhrum etmə, CM-nin 67.1-ci maddəsi tətbiq edilərək qəti 4 il 20 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin hökmü dəyişdirilmiş və hökmdən CM-in 67.1-ci maddəsi xaric olunmaqla CM-in 221.2.1-ci maddəsi ilə 4 il müddətə azadlıqdan məhrum etmə cəzası qüvvədə saxlanılmış, xx.xx.2013-cü ildə Xəzər rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə şərti azad olunmuş, Qax rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 315.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilmiş, Qax rayon Məhkəməsinin 25 aprel 2017-ci il tarixli hökmü ilə CM-in 221.3 və 288.3-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası yüngülləşdirilərək 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Şəki rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası yüngülləşdirilərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Şəki rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 02 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatmışdır. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyindən Təqsirləndirilən şəxs əməlində cinayətlətin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qax rayon İcra Hakimiyyəti Başçısının Qax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşamaqla yaşayış yerindən müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qax rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 6-50/2-173/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs poliklinika şöbəsində narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. İş materiallarına əlavə edilmiş 13 fevral 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1730-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Qax rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi haqqında 15 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair ifadəsini inandırıcı olmayan, özünü müdafiə məqsədilə məsuliyyətdən yayınmaq üçün verdiyi ifadə kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, təqsirləndirilən şəxs ona qarşı qanunsuzluq edilməsi ilə əlaqədar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəməyə, nə də ki, hansısa tibb müəssisəsinə müraciət etməmiş, videoçəkilişlə və müdafiəçilərinin iştirakı ilə aparılan şəxsi axtarış və yaşadığı evə baxış keçirilən zaman aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Ona görə də işin hallarına uyğun olduğuna görə məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini daha obyektiv və səmimi ifadələr kimi qəbul edir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 13 fevral 2023-cü il tarixdən hesablanmalı və CM-in 56.1.2-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 13 fevral 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Qax rayon Polis Şöbəsində saxlanılan 2,427 qram və 5,161 qram narkotik vasitə olan heroin məhv edilsin, bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar