Məhkəmə qərarları › İş №1(091)-145/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-145/2021

17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-145/2021 17.06.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Vəkil Bürosunun vəkili Müdafiəçi xx xxxxxx 1994-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Yevlax rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli 1(039)-87/2017 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə 02 il müddətinə aylıq qazancının 20% dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, cəzasını çəkməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq bir ədəd qara rəngli sellofan torbanın içərisindəki üç ədəd qara rəngli sellofan torbalarda 60,86 qram, 65,59 qram, 226.09 qram və bir ədəd qara rəngli sellofan torbanın içərisindəki doqquz ədəd torbalarda 98,36 qram, 45,05 qram, 119,48 qram, 70,66 qram, 43,85 qram, 85,71 qram, 109,16 qram, 5,95 qram və 35,05 qram olmaqla cəmi külli miqdarda 965,81 qram miqdarında narkotik vasitə qurudulmuş marixuana və bir ədəd qara rəngli selofan torbada külli miqdarda 295,221 qram miqdarında narkotik vasitə - tiryək və ağ rəngli kiçik sellofan torbada bir ədəd şəffaf sellofan bükümdə olmaqla külli miqdarda psixotrop maddə - 94,125 qram metamfetamini əldə edərək yaşadığı Yevlax şəhəri C.Cabbarlı küçəsində yerləşən 60 nömrəli evin həyətindəki yardımçı tikilidə saxlamış, həmin külli miqdarda metamfetamindən 0,334 qram olan hisəsini istintaqa məlum olmayan vaxtda götürüb üzərində saxlamış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 06 fevral 2021-ci il tarixdə saat 0155-də Təqsirləndirilən şəxs üzərində müdafiəçi-vəkilin iştirakı ilə videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki gödəkcənin sağ yan cibindən həmin 0,334 qram metamfetamin aşkar olunaraq götürülmüş, daha sonra həmin tarixdə saat 0330-da Təqsirləndirilən şəxs razlığı ilə onun yaşadığı Yevlax şəhəri C.Cabbarlı küçəsində yerləşən 60 nömrəli evin həyətindəki yardımçı tikiliyə müdafiəçi vəkilin iştirakı ilə videoçəkilişlə baxış keçirilən zaman həmin külli miqdarda cəmi çəkisi 965,81 qram narkotik vasitə - qurudulmuş marixuana, külli miqdarda 295,221 qram miqdarında narkotik vasitə - tiryək və cəmi külli miqdarda 93,791 qram miqdarında psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadə verməkdən imtina edərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, 06 fevral 2021-ci il tarixdə saat 01 radələrində Yevlax şəhər Avtovağzalının yaxınlığında polis əməkdaşları onu saxlayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu Yevlax rayon Polis Şöbəsinə dəvət etmişlər. Yevlax rayon Polis Şöbəsində onun üzərinə baxış keçirilən zaman üzərindən 0.334 qram narkotik vasitə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan sonra onun razılığı ilə yaşadığı ünvan 2 ünvanında yerləşən yardımçı tikiliyə baxış keçirilən zaman ordan 965,81 qram miqdarında narkotik vasitə -marixuana, 295,221 qram miqdarında narkotik vasitə -tiryək və 93,791 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetamin və evindən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddə-metamfetamin ona məxsus olmaqla həmin narkotik vasitələri satmaq məqsədi ilə saxlamışdır. Narkotik vasitələri Bakı şəhəri “Memar Əcəmi” adlanan ərazisindən telefon nömrəsini Bakı şəhərində olan zaman “Aska” ləqəbli şəxdən aldığı İran İslam Respublikası vətəndaşının qoyduğu yerdən götürmüş, həmin İran İslam Respublikasının vətəndaşını tanımamış və həmin şəxslə heç bir zaman görüşməmişdir. Həmin şəxslə yalnız Whatsapp proqramı vasitəsi ilə əlaqə saxlamış, İran İslam Respublikasının vətəndaşının adının Şahin olduğunu bilmiş, polis əməkdaşları onu tutduqları üçün o, həmin narkotik vasitələri və psixotrop maddələri sata bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 06 fevral 2021-ci il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə Yevlax rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2 və Şahid3 ibarət yaradılmış əməliyyat qrupu ilə birlikdə saat 01 radələrində Yevlax rayon Avtovağzalında Təqsirləndirilən şəxs yaxınlaşıb sonuncunun qanunsuz olaraq üzərində narkotik vasitələrin saxlamasında şübhəli olduğunu və üzərinə baxış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini bildirmişlər. Təqsirləndirilən şəxs avtovağzalda adamlar olması səbəbindən baxışı həmin yerdə keçirməmələrini xahiş etmiş, sonucunun xahişini nəzərə alıb özləri ilə birlikdə Yevlax rayon Polis Şöbəsinə gəlmişlər. Yevlax rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin cibindən 1 ədəd qara rəngli sellofana bükülmüş bükülü, bükülünün içərisində isə 0,41 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evinə keçirilən baxış zamanı həmin tikilidən iki ədəd qara rəngli sellofan torbaların içərisində narkotik vasitə-qurudulmuş marixuana, narotik vasitətiryək və psixotrop maddə-metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Birinci qara rəngli torbanın içərisində 3 ədəd qara rəngli sellofan torbalarda narkotik vasitə-qurudulmuş halda marixuannaya oxşar kütlələr, ikinci qara rəngli sellofan torbanın içərisində 4 ədəd qara rəngli, 4 ədəd şəffaf rəngli sellofan torbanın və bir 1 ədəd yaşıl rəngli sellofan torbaların içərisində narkotik vasitə-qurudulmuş marixuanaya oxşar kütlələr, bir ədəd qara rəngli bərk halda olan narkotik vasitə-tiryəkə bənzər kütlə, bir ədəd ağ rəngli sellofana bükülmüş bükülünün içərisində isə ağ rəngli kristal şəkildə psixotrop maddəmetamfetaminə oxşar kütlələr, həmçinin iki ədəd gümüşü rəngli elekton tərəzi aşkar edilmişdir. Bundan sonra torbaların içərisində olan narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlələr birlikdə çəkilmiş və çəkisinin 1 kiloqram 350 qram olması, narkotik vasitə-tiryəkə bənzər kütlə çəkilmiş və çəkisinin 295,77 qram olması və bir ədəd ağ rəngli sellofana bükülmüş bükülünün içərisində olan ağ rəngli kristal şəklində psixotrop maddə-metamfetaminə bənzər kütlənin çəkisinin 95,02 qram olması müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 fevral 2021-ci il tarixli 17/98 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş......” sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd qara rəngli sellofan bükümdə, təmiz çəkisi – 0,334 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki yarımçıq tikilidən aşkar edilmiş ....üç ədəd qara rəngli torbalarda.....” sözləri yazılmış 01(bir) ədəd qara rəngli sellofan torbanın içərisindəki 03(üç) ədəd qara rəngli sellofan torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri – 60,86 qram, 65,59 qram, 226,09 qram ümumi təmiz çəkisi – 352,54 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki yarımçıq tikilidən aşkar edilmiş qara rəngli torbanın içərisində.....” sözləri yazılmış digər 01(bir) ədəd qara rəngli sellofan torbanın içərisindəki: ümumilikdə 09(doqquz) ədəd sellofan torbalarda ( 04(dörd) ədəd qara rəngli, 04(dörd) ədəd şəffaf rəngli və 01(bir) ədəd yaşıl rəngli) uyğun olaraq ayrıayrılıqda təmiz çəkiləri 98,36 qram, 45,05 qram, 119,48 qram, 70,66 qram, 43,85 qram, 85,71 qram, 109,16 qram, 5,95 qram və 35,05 qram, ümumi təmiz çəkisi - 613,27 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır, açıq vəziyyətdə, təmiz çəkisi – 295,221 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir, ağ rəngli kiçik sellofan torbadakı 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 93,791 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş, ümumilikdə 12 (on iki) ədəd sellofan torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 01(bir) ədəd zərfdəki 01(bir) ədəd qara rəngli sellofan bükümdə olan metamfetamin ilə 01(bir) ədəd qara rəngli sellofan torbadakı 01(bir) ədəd şəffaf sellofan bükümdə olan metamfetamin tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 11 mart 2021-ci il tarixli 237 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının 09 fevral 2021-ci il tarixli 68 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, halhazırda da öz hərəkətlərinin mənasını dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər X3 rayon Narkoloji Kabinetinin 10 fevral 2021-ci il tarixli 342 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə qeydiyyatda durmur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər X1 rayon Psixonevroloji Kabinetinin 10 fevral 2021-ci il tarixli 439 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə dispanser müşahidəsində dayanmır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnaməsindən və hökmün surətindən görünür ki, Yevlax rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancının 20% dövlət nəfinə tutulmaqla 2(iki) il müddətinə isla işləri cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Yevlax rayon İcra və Probasiya şöbəsinin 10.02.2021-ci il tarixli 196996/2 nömrəli məktubunda göstərilmişdir ki, Yevlax rayon Məhkəməsinin 1(039)-87/2017 saylı 18.05.2017-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancının 20% dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, lakin Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işləri cəzasını çəkməmişdir. CM-nin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax rayon İcra Hakimiyyəti Başçısının Yevlax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarına əlavə edilmiş 06 fevral 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Yevlax rayon məhkəməsinin 07 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmənin belə qənaətə gəlməsinə aşkar olunmuş narkotik vasitənin çoxsaylı bükümlərdə olmaqla bir neçə növdə olması, aşkar olunmuş tərəzi, ifadəsindəki narkotik vasitəni satmaq məqsədi ilə saxlamasını bildiriməsi və işdə olan digər sənədlər əsas verir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini CMin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli həbsə alındığı 06 fevral 2021-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin 18.05.2017-cu il tarixli hökmü ilə CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20%-nin dövlət nəfinə tutulmaqla 2 il müddətinə təyin edilmiş və icra edilməmiş islah işləri cəzasının dörd günü bir gün azadlıqdan məhrum etmə cəzasına hesab edilməklə CM-in 67-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 107,91 AZN (yüz yeddi manat doxsan bir qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin 18 may 2017-cu il tarixli hökmü ilə 2 il müddətinə təyin edilmiş islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən (islah işlərinin dörd günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulur) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər hesab edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 07 (yeddi) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 06 fevral 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 107,91 AZN (yüz yeddi manat doxsan bir qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Yevlax rayon Polis Şöbəsində saxlanılan iki ədəd gümüşü rəngli elektron tərəzi, 965,21 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuana, 295,121 qram narkotik vasitə - tiryək, 94,025 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs oğlu isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rafail Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar