Məhkəmə qərarları › İş №1(091)-145/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-145/2022

15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-145/2022 15.09.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1971-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 102,249 qram külli miqdarında narkotik vasitə olan tiryəki və 0,082 qram midqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxlamış, həmin 0,082 qram miqdarında narkotik vasitə olan heroini 21 fevral 2022-ci il tarixdə saat 19 radələrində 30 manat dəyərində olan istintaqla müəyyən edilməyən televizor mebeli qarşılığında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində Şahid1 satmış, Şahid1 23 fevral 2022-ci ildə saat 15:45-də Yevlax şəhəri, F.Əmirov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib orada həmin günü saat 16:30-dan saat 16:55-dək olan müddət ərzində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən Təqsirləndirilən şəxs aldığı 0,082 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunub qanunamüvafiq qaydada qablaşdırılaraq götürülmüş, 25 fevral 2022-ci il tarixdə saat 19:30 radələrində Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri, Elbrus Məmmədov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 20:10-dan 20:30dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki pencəyinin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan qəsdən satış məqsədi ilə qanunsuz olaraq saxladığı 1,047 qram miqdarında narkotik vasitə olan tiryək aşkar olunub, qanunamüvafiq qaydada qablaşdırılmaqla götürülmüş, daha sonra 28 fevral 2022-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(039)-29/2022-ci il saylı qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində keçirilmiş axtarış zamanı evin birinci mərtəbəsində yerləşən otaqda olan gülqabının içərisindən Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq satış məqsədilə əldə edib saxladığı 03 ədəd bükümdə cəmi 101,202 qram miqdarında narkotik vasitə olan tiryək aşkar olunaraq qanunamüvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, aşkarlanan narkotik vasitə ona aid olmamış, sadəcə ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən elə təsirə məruz qalmışdır ki, aşkarlanan narkotik vasitələri üzərinə götürmüşdür. Belə ki, özü narkotik vasitə istifadə edir. Kərim adlı əməliyyatçının da onunla düşmənçiliyi vardır. Ona görə də, məcbur qalıb güya üzərindən aşkar olunan 1 qram narkotik vasitənin tiryəkin ona aid olduğunu bildirmişdir. Çünki polis əməkdaşları ondan əl çəkməmişdir. Polis əməkdaşları evinə baxışa gəldiyi gün qonşuda olmuşdur. Qonşunun oğlunun xeyir işinə hazırlıq işi getmiş, o da bir qonşu kimi onların həyətinə köməklik etməyə keçmişdir. Sonra ev tərəfdən səs-küy gəldiyini eşitmiş, hasardan boylandığı zaman görmüşdür ki, evlərinin giriş qapısında 10-15 nəfər polis əməkdaşı var. Evindən həmin vaxt 4700 manat pul oğurlanmışdır. Pul pencəyinin cibində olmuş və pencəyi də şkafdan asmışdır. İbtidai istintaq zamanı 1 qram narkotik vasitənin ona aid olması ilə bağlı razılaşmışdır, çünki Kərim ondan əl çəkməmişdir. Hətta şöbə rəisinə məlumat vermişdir ki, guya onun üstünə bıçaq çıxartmışdır. Halbuki belə hal baş verməmişdir. Kərim adlı polis əməkdaşının onunla düşmənçilik etməsinin səbəbi odur ki, onun dostu bir müddət əvvəl Kərimi rüşvətlə həbs etdirmişdir. Kərim də elə düşünür ki, guya həmin işdə onun da əli olub. Şahid1 narkotik vasitə olan heroin satmamışdır. Belə ki, 23 fevral 2022-ci il tarixdə günorta saatlarında yaşadığı evin yerləşdiyi Yevlax şəhər H.Aslanov küçəsində Şahid1lə qarşılaşaraq Rahibə ağrıları olduğu üçün ona narkotik vasitə olan heroin tapmasını demiş, Rahibə heroin alması üçün 30 manat, taksiyə verməsi üçün isə 3 manat olmaqla ümumilikdə 33 manat pul vermiş, lakin Şahid1 onu aldadarq geri qayıtmamışdır. 28 fevral 2022-ci ildə yaşadığı evdə axtarış keçirilən zaman evindən güldanın içərisindən aşkar edilmiş külli miqdarda - 101,202 qram miqdarında narkotik vasitə olan tiryək ona məxsus olmamış, həmin narkotik vasitədən xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Rahib adlı şəxs ilə ibtidai istintaq zamanı üzləşməsi olmuş. Rahib ibtidai istintaq zamanı təzyiq altında olduğundan, onun əlehyinə ifadə vermişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaqın ilkin mərhələsində müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs Yevlax şəhər H.Aslanov küçəsi ev 79 ünvanında yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Azərbaycan dilində danışır və başa düşə bilir. Latın qrafikalı azərbaycan əlifbası ilə oxuya bilir, lakin yaza bilmir. O, orta məktəbi 11ci sinif oxuyub bitirmişdir. Ağıl və şüur zəifliyindən əziyyət çəkmir, psixi xəstəliyi olmamışdır. Hər hansı bir ruhi-əsəb dispanserində və narkoloji kabinetdə qeydiyyatı olmamışdır. O, 25 fevral 2022-ci il tarixdə saat 19:30-da Yevlax şəhər E.Məmmədov küçəsində hərəkətdə olarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək onu polis şöbəsinə dəvət etmişlər. O, həmin polis əməkdaşları ilə birlikdə Yevlax rayon polis şöbəsinə gəlmişdir. Yevlax RPŞ-də onun seçimi ilə Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 RPŞ-nə dəvət edilmişdir. Vəkili Fərhad Məmmədovun iştirakı ilə və videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən, yəni əynindəki pencəyin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan narkotik vasitə olan tiryək aşkar edilmiş və həmin narkotik vasitə olan tiryək bükülü olduğu sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 1,11 qram miqdarında olması müəyyən olunmuşdur. Onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan tiryək onun özünə məxsusdur. O, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan tiryəki 2022-ci ilin yanvar ayının sonlarında, dəqiq yadında qalmayan gündə Bakı şəhər Nizami rayon Neftçilər metrostansiyanın yaxınlığındakı plakatın altından tapmışdır. Belə ki, həmin günü metroya tərəf gedən zaman yerdə ağzı bükülərək bağlanmış bir ədəd şəffaf sellofan olduğunu görmüş və həmin sellofanı açdıqda içərisində narkotik vasitə olan tiryək olduğunu görmüşdür. Belə ki, o, narkotik vasitə olan tiryəki tanıdığından istifadə etmək məqsədi ilə cibinə qoymuşdur. O, həmin tiryəkdən bir dəfə istifadə etmiş, lakin onun səhhətinə pis təsir etdiyi üçün geri qalanını istifadə etməmişdir. Həmin vaxtdan sonra onun tapmış olduğu tiryək pencəyinin cibində qalmışdır. O, Bakı şəhər Nizami rayon Neftçilər metrostansiyanın yaxınlığından tapmış olduğu narkotik vasitə olan tiryəkdən heç kimə satmamış və verməmişdir. Onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaq kimi fikri və niyyəti də olmamışdır. O, polis əməkdaşları tərəfindən 25 fevral 2022-ci il tarixdə saat 19:30-da Yevlax şəhər E.Məmmədov küçəsində saxlanılaraq polis şöbəsinə gətirildiyi zaman həmin günü saat 20:10-dan saat 20:30-dək olan müddət ərzində polis şöbəsində müdafiəçisi Fərhad Məmmədovun iştirakı ilə onun üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun Neftçilər metrostansiyasının yaxınlığından tapmış olduğu narkotik vasitə olan tiryək onun üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməmiş və göstərmişdir ki, o, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmış və ona görə də, Təqsirləndirilən şəxs əleyhinə ifadə vermişdir. Halbuki, Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. Ümumiyyətlə Təqsirləndirilən şəxs narkotik vasitənin olmasından onun xəbəri olmamışdır. Güldanı satmağa apararkən polis əməkdaşları Teymurla Kərim onun qabağını kəsib güldanı hara apardığını soruşmuş, o da satmağa apardığını demişdir. Onlar da ona demişlər ki, “güldanın içinə qara torbada nə isə qoyacağıq, apar bunu Ədalətə ver.” Bir də ona 40 AZN pul vermişlər ki, “get Ədalətdən narkotik vasitə al və həmin narkotik vasitəni gətir bizə ver.” O, Ədalətin yanına gəldiyi zaman Ədalət özü ona 33 AZN pul verərərk imkan varsa ona narkotik vasitə tapmasını xahiş etmişdir. O da həmin güldanı Ədalətin evinə qoymuş, sonra polis əməkdaşı Kərimə yaxınlaşmışdır ki, Ədalətdə narkotik vasitə yoxdur. Ədalət özü narkotik vasitə axtarır. Sonra Səddam adlı şəxsdən narkotik vasitə alıb geri gəlmiş, həmin narkotik vasitələri də əməliyyatçılar onun əlindən almışdır. Polis əməkdaşları hədə-qorxu gəldikləri üçün üzləşmə zamanı Ədalətin üzünə durmuşdur. İndi də bunun psixoloji əziyyətini çəkir. Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi şahid ifadəsi arasında, o cümlədən təqsirləndirilən şəxslə aparılan üzləşmə zamanı verdiyi ifadəsində ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq verdiyi şahid ifadəsi və üzləşmə zamanı təqsirləndirilən şəxsin üzünə qarşı dediyi ifadə elan olunaraq tədqiq olunmuş və həmin ifadələrində Şahid1 göstərmişdir ki, 23 fevral 2022-ci il tarixdə saat 16 radələrində Yevlax şəhər F.Əmirov küçəsində piyada hərəkətdə olan zaman yanında avtomobil dayanmış və avtomobildən iki nəfər polis əməkdaşı düşərək ona yaxınlaşaraq onu saxlamış, özlərini təqdim edərək Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin günü vəkilin də iştirakı ilə və videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən 01 ədəd sellofan torbada olan təmiz çəkisi 396.38 qram olan narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,082 qram olan narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. O, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı Yevlax şəhər ərazisində Kür çayının sahilindən tapmış, lakin üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini xx.xx.2022ci il tarixdə axşam saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhər H.Aslanov küçəsində yerləşən 79 nömrəli evdə Təqsirləndirilən şəxs almışdır. O, Təqsirləndirilən şəxs ona satmış olduğu narkotik vasitə olan heroinin qarşılığında televizor mebeli vermişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin sartışı ilə məşğul olmuşdur. O, əvvəllər dəfələrlə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin, narkotik vasitə olan tiryək, psixotrop maddə olan metamfetamin almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə 25 fevral 2022ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuş, o, daxil olmuş məlumatı həmin gün raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. O, həmin günü saat 20 radələrində polis əməkdaşı Şahid3 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhər Elbrus Məmmədov küçəsinə getmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt Elbrus Məmmədov küçəsində olması barədə onun məlumatı olmuşdur. O və polis əməkdaşı Şahid3 Yevlax şəhəri Elbrus Məmmədov küçəsində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmış, o, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax Rayon Polis Şöbəsində məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə baxış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmiş, lakin Təqsirləndirilən şəxs həmin küçə onun yaşadığı küçəyə yaxın olduğu üçün onu tanıdıqlarını, tutulduğunu həmin şəxslərin görəcəyini, üzərinə baxışı həmin yerdə keçirməməyini xahiş etmiş, o da bunu nəzərə alaraq Təqsirləndirilən şəxs Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişdir. O, Təqsirləndirilən şəxs gətirilməsi barədə raport yazmış, daha sonra Təqsirləndirilən şəxs vəkillə təmin olunmuş, daha sonra onu şübhəli şəxs qismində tutmuşdur. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki sarı rəngli pencəyin sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş büküm, Samsung və Nokia markalı mobil telefon, 1 ədəd alışqan, sol cibindən 1 ədəd “Kent” markalı siqaret qutusu, Nokia markalı telefon, əynindəki şalvarın sağ yan cibindən 80 manat məbləğində pul, sarı rəngli pencəyin sol döş cibindən 360 manat məbləğində pulu təqdim etmişdir. Həmin bükülünün içərisində nə olmasını soruşduqda o, həmin şəffaf rəngli sellofanın içərisində olan maddənin narkotik vasitə olan tiryək olduğunu, həmin maddəni özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin 1 ədəd şəffaf rəngli sellofanın içərisində olan bükülünü açıb içərisinə baxdıqda həmin bükülünün içərisində açıq qara rəngli, narkotik maddə olan tiryəkə bənzər kütlə olması aşkar edilmişdir. Həmin kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı, istifadəsi və saxlaması barədə Yevlax Rayon Polis Şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuş, 28 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs evində Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(039)-29/2022 nömrəli qərarı əsasında axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin gün o, digər əməkdaşlar və vəkillə birlikdə Yevlax Rayon Polis Şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs yaşamış olduğu H.Aslanov küçəsi ev 79 ünvanına getmişlər. Vüsal Müsazadə Təqsirləndirilən şəxs 25 fevral 2022-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirildiyini, üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən narkotik vasitə olan tiryəkin aşkar olunaraq götürüldüyünü bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında narkotik vasitələr saxlamasına şübhələr olduğundan Təqsirləndirilən şəxs evində axtarış həyata keçiriləcəyini, evində axtarış keçirilməsi üçün Yevlax Rayon Məhkəməsi tərəfindən qərar qəbul edildiyini, evinə axtarış keçirilməli olduğunu izah etmişdir. Axtarışa başlamamışdan əvvəl Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı elan olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşamış olduğu evin həyətinin qapısından evin həyətinə daxil olması bildirilmiş və evin həyətinə daxil olduqdan sonra sağa dönərək qarşıda yerləşən otağın qarşısındakı seyvana və seyvandakı əşyalara axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşamış olduğu H.Aslanov küçəsi ev 79 ünvanında yerləşən evin həyətindəki seyvana və seyvandakı əşyalara axtarış keçirilən zaman iş üçün hər hansı bir əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşamış olduğu H.Aslanov küçəsi ev 79 ünvanında yerləşən ikimərtəbəli evin birinci mərtəbəsindəki otaqlara axtarış keçirilməyə başlanmış və birinci mərtəbədəki seyvanın qarşısındakı otaqda axtarış keçirilmişdir. Seyvanın qarşısındakı otağa axtarış keçirilən zaman iş üçün hər hansı bir əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Bu zaman Təqsirləndirilən şəxs yaşamış olduğu evdə narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddə olub-olmadığı soruşulduqda Təqsirləndirilən şəxs yaşamış olduğu ünvan 4 ünvanında yerləşən evində hər hansı bir narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddə olmadığını bildirmişdir. Bundan sonra axtarış keçirmək üçün həmin otaqdan solda yerləşən içərisində əşyalar olan digər otağa keçmişlər. Axtarış zamanı otağın sol küncündə yerləşən dolabın üzərindəki böyük ölçülü, qara rəngli gül qabının içərisi boşaldılan zaman gül qabının içərisindən ilk öncə bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan tiryəkə bənzər kütlə aşkar edilmişdir. Daha sonra həmin böyük ölçülü, qara rəngli gül qabı üzü yerə tutulub sirkələnən zaman içərisindən iki ədəd şəffaf rəngli sellofan büküm aşkar edilmişdir. Həmin iki ədəd kiçik bükümlərdə olan kütlələrə baxış zamanı həmin bükümlərdə narkotik vasitə olan tiryəkə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun yaşamış olduğu evdən aşkar edilmiş narkotik vasitə olan tiryəkin ona məxsus olmadığını və kimin evə qoymuş olduğunu bilmədiyini bildirmiş, həmçinin protokolu imzalamaqdan imtina etmişdir. Bundan sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid6 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki,ünvan 5 ünvanında yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Şahid1 onun oğludur və o, oğlu ilə eyni ünvanda yaşamışdır. Hazırda Şahid1 cinayət əməli törətdiyi üçün həbs olunmuşdur. Oğlu Şahid1 evlərində olan müxtəlif əşyaları Təqsirləndirilən şəxs verərək Təqsirləndirilən şəxs narkotik vasitə almışdır. Oğlu Rahib narkotik vasitə istifadəçisidir və heç bir yerdə işləmədiyi üçün pulu olmamışdır. Rahib onun mobil telefonundan istifadə edərək Təqsirləndirilən şəxsla mobil telefonla danışmış və o, oğlunun danışıqlarını eşitdiyi üçün Rahibin evin əşyalarını aparıb Təqsirləndirilən şəxs verdiyini öyrənmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilən X12 ifadəsində göstərmişdir ki, hadisə günü oğlunun xeyir işi ilə bağlı Təqsirləndirilən şəxs da bir qonşu kimi onlarda olmuş, o, evdən çıxaraq alış-veriş üçün mağazaya getmiş və mağazadan geri döndüyü zaman görmüşdür ki, evin qapısının kənarında polis əməkdaşları var. Həyətə daxil olduğu zaman görmüşdür ki, polis əməkdaşları Ədaləti qolundan tutaraq aparırlar. Səbəbini soruşan zaman “sənə aidiyyəti yoxdur” deyib başqa bir söz bildirməmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, hadisə barədə hüquq mühafizə orqanlarına məlumat verməmiş, heç yerə şikayət etməmişdir. İbtidai istintaq zamanı çağırılıb dindirilməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, saxlaması, istehlakı və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Yevlax şəhəri, H.Aslanov küçəsi, ev 79 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Elbrus Məmmədov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 01, iş vər. 08). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki pencəyinin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan qəsdən satış məqsədi ilə qanunsuz olaraq saxladığı 1,047 qram miqdarında narkotik vasitə olan tiryək aşkar olunub qanunamüvafiq qaydada qablaşdırılmaqla götürülmüş, çəkilişin əks olunduğu CD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 25-33). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının 26 fevral 2022-ci il tarixli 17/192 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi – 1,047 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkdir (cild 01, iş vər. 39-40). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, ünvan 7 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1989-cu il təvəllüdlü Ocayev X15 şəhəri, F.Əmirov küçəsində yaşadığı evin yaxınlığında narkotik vasitələr əldə etməkdə, saxlamaqda və istehlakında şübhəli bilinərək saxlanılıb, Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 01, iş vər. 51). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən Təqsirləndirilən şəxs aldığı 0,082 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunub qanunamüvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (cild 01, iş vər. 55-60). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının 24 fevral 2022-ci il tarixli 17/178 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Şahid1 üstündən aşkar olunaraq götürülmüş heroinə bənzər kütlə” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki, 01 (bir) ədəd göy-ağ rəngli kağız bükümdə təmiz çəkisi – 0,082 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, iş vər. 63-64). Cinayət işinin materiallarında olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri, H.Aslanov küçəsi, ev 79 ünvanında axtarış aparılmasına icazə verilmişdir (cild 01, iş vər.104-105). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Axtarış aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının,müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə video çəkilişlə sonuncunun yaşadığı Yevlax şəhəri, H.Aslanov küçəsi, ev 79 ünvanında yerləşən evinə və evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı evin birinci mərtəbəsində yerləşən otaqda olan gülqabının içərisindən Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq satış məqsədilə əldə edib saxladığı 03 ədəd bükümdə cəmi 101,202 qram miqdarında narkotik vasitə olan tiryək aşkar olunaraq qanunamüvafiq qaydada qablaşdırılıb götürülmüş, çəkilişin əks olunduğu CD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 106-110). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər X5 rayon Narkoloji Kabinetinin 01 mart 2022-ci il tarixli 235 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə qeydiyyatda durur (cild 01, iş vər. 119). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər X2 rayon Psixonevroloji Kabinetinin 02 mart 2022-ci il tarixli 417 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə dispanser müşahidəsində dayanmır (cild 01, iş vər. 120). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının 06 mart 2022-ci il tarixli 17/211 nömrəli rəyində tədqiqata təqdim edilmiş, üzərində “Təqirləndirilən şəxs Təqsirləndirilən şəxs...Müdafiəçi Fərhad Məmmədov....” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki, açıq vəziyyətdə təmiz çəkisi – 97,993 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tədqiqata təqdim edilmiş üzərində “Təqirləndirilən şəxs Təqsirləndirilən şəxs...Müdafiəçi Fərhad Məmmədov....” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki, açıq vəziyyətdə təmiz çəkisi – 3,209 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tədqiqata təqdim edilmiş 03 (üç) ədəd zərflərdə olan tiryəklər təkiblərinə görə eynidirlər (cild 01, iş vər. 196-172). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizası təyin edilmişdir. Həmin ekspertizanın 04 aprel 2022-ci il tarixli 413 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddədən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 168). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Polis Şöbəsində saxlanılarkən polis əməkdaşları tərəfindən fiziki zorakılığıa məruz qalması ilə bağlı qeyd etdiyi xüsusatlar Yevlax rayon prokurorluğunda araşdırılmış və göstərilənlər öz təsdiqini tapmadığından, xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 193-195). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1 və 234.4.2ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 229-249). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 7 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1989-cu il təvəllüdlü Ocayev X15 şəhəri, F.Əmirov küçəsində yaşadığı evin yaxınlığında narkotik vasitələr əldə etməkdə, saxlamaqda və istehlakında şübhəli bilinərək saxlanılıb, Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərindən narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş, şəxs həmin narkotik vasitəni Yevlax şəhəri, H.Aslanov küçəsi, ev 79 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs aldığını bildirmiş, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərindən narkotik vasitə tiryəkə bənzər kütlə aşkar olunmuş, daha sonra xx.xx.2022-ci il tarixdə məhkəmə qərarı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış aparılmış və axtarış zamanı evdən külli miqdarda narkotik vasitə tiryəkə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl və daha sonra həyata keçirilən prosessual hərəkətlər zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təzyiqə məruz qalması və məcbur qalıb ona aid olmayan narkotik vasitə ilə bağlı etirafedici ifadələr verməsinə dair bildirdiklərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, həmin xüsusatlar Yevlax rayon prokurorluğunda araşdırılmış və göstərilənlər öz təsdiqini tapmadığından, xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar hazırda qüvvədədir və müdafiə tərəfindən mübahisələndirilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və müdafiə xatakterli ifadə kimi qəbul edir, əksinə onun ibtidai istintaq zamanı verdiyi qismən etiraf edici ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək (narkotik vasitənin əldə olunması və saxlanması ilə bağlı) ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, əldə olunan narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, aşkar olunan kütlələrin bükümlərdə olması, habelə konkret olaraq Şahid1 tərəfindən ifşa edici ifadənin verilməsi bunu deməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni məhz satış məqsədi ilə əldə edərək üzərində və evində saxlamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilən X8 şahid ifadələrinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, X18 İbrahimovla yaxın qonşudur, uzun müddətdir ki, onlar bir-birilərini tanıyırlar. Bu hal hazırda şahidin Təqsirləndirilən şəxs barədə onun lehinə, yəni onu məsuliyyətdən qurtarmağa yönələn ifadə verməsini anlaşılan edir. Odur ki, məhkəmə həmin ifadəyə də tənqidi yanaşır və həmin ifadəni əsaslı sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, H.Aslanov küçəsi, ev 79 ünvanında qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 162-163) İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər həm ölkə xaricində, həm də Azərbaycan Respublikasında dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-in 228.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 01, iş vər. 144-152) İş materiallarına əlavə edilmiş Yevlax Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022ci il tarixli 54 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən təyin olunmuş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 ay 15 gün hissəsindən Yevlax Rayon Məhkəməsinin 7(039)-110/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən “08 noyabr Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilməklə azad edilmişdir (cild 01, iş vər. 164) Odur ki, məhkəmə istintaqı ilə Təqsirləndirilən şəxs CM-in 59-cu maddəsində göstərilən onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs əməlində 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, həmçinin şəxsin əvvəllər də dəfələrlə məhkum olunmasını, məhkumluğu ödənilsə də nəticə çıxarmayaq və islah olunmayaraq yenidən cinayət əməlini törətməsini əsas götürərək təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, şəxs yalnız real olaraq bu cəzanı çəkməklə islah ooluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Yevlax Rayon Məhkəmənin xx.xx.2022-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 22-23, 93-94). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, onun tutulduğu və həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan ümumi çəkisi 101,849 qram miqdarında narkotik vasitə - tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 132,04 AZN (bir yüz otuz iki manat, dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan ümumi çəkisi 101,849 qram miqdarında narkotik vasitə - tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 132,04 AZN (bir yüz otuz iki manat, dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar