Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-147/2021 15.09.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi – sədlik edən hakim Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinnin Ağır Cinayətlər Məhkəmələrdə Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxx 1978-ci il tarixdə Zaqatala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər Balakən Rayon Məhkəməsinin 31 iyul 2014cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli qərarı ilə 10 ay 29 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilmədən yenidən cinayət əməli törətdiyinə görə Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 02 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qərarı ilə 01 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 12 fevral 2021-ci il tarixdə saat 16 radələrində Zaqatala şəhəri ərazisində yolun kənarından bir ədəd sellofan bükümün içərisində ümumi təmiz çəkisi 0,076 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroini və ümumi təmiz çəkisi 5,018 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamini taparaq qəsdən, qanunsuz olaraq, vahid satış məqsədi ilə əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlamış, 19 fevral 2021-ci il tarixdə 1 ədəd sellofan bükümdəki təmiz çəkisi 0,076 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə – heroini bir ədəd kağız bükümə büküb, eləcə də bir ədəd sellofan bükümdəki kustar üsulla hazırlanmış həmin psixotrop maddənin bir hissəsini, yəni birlikdə təmiz çəkisi 0,173 qram olan hissəsini ayrı-ayrılıqda çəkiləri 0,081 qram və 0,092 qram olmaqla 2 ədəd kağız bükümlərə büküb əynindəki şalvarın sağ yan cibində, həmin kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetaminin qalan hissəsini, yəni 4,845 qramını isə bir ədəd sellofan bükümdə əvvəl üzərində, daha sonra isə tibbi maskanın içərisinə qoyaraq Zaqatala rayon sakini Şahid4 idarə etdiyi VAZ-21015 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşının sağ ön qapısının saxlanc yerində qəsdən, qanunsuz olaraq, vahid satış məqsədi ilə saxlayıb daşımaqla Balakən rayonuna gətirmiş, 19 fevral 2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balakən RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub saat 14:55-dən 15:35-dək üzərində şəxsi axtarış aparılarkən qəsdən, vahid satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd kağız bükümdə təmiz çəkisi 0,076 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə - heroin və iki ədəd kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0,081 qram və 0,092 qram olan həmin psixotrop maddə – metamfetamin əynindəki şalvarın sağ yan cibindən, Təqsirləndirilən şəxs avtomaşının sağ ön qapısının saxlanc yerində saxladığı 1 ədəd sellofan bükümdə təmiz çəkisi 4,845 qram olan həmin psixotrop maddə - metamfetamin isə əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Zaqatala rayon sakini Şahid4 idarə etdiyi VAZ-21015 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşına saat 16:25-dən 16:47-dək keçirilmiş baxış zamanı həmin yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək göstərmişdir ki, 19 fevral 2021-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub polis şöbəsinə gətirilmişdir. Üzərindən və Balakən rayonuna gəldiyi avtomobildə aşkar olunan heroin və metamfetamini ona aparıb başqa adama vermək üçün Zaqatala Rayon Polis X2 Bölməsinin əməkdaşı Fərid Hüseynov vermişdir. Sözügedən kütlələr ona məxsus olmamış, o, sadəcə həmin kütləni Balakən rayonuna ona bildirilən şəxsə təqdim etmək üçün gətirmişdir. Belə ki, 19 fevralda Fərid Hüseynov onu polis şöbəsinə çağırmış, sözügedən narkotik vasitəni və metamfetamini ona verərək Balakən rayonuna aparıb orada başqa bir şəxsə verməyini və ondan 350 manat alıb ona gətirməyi tapşırmışdır. Onun Balakən rayonuna getməsi üçün taksini də Fərid müəllim özü çağırmışdır. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı onun CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı bildirildiyi üçün inanaraq ilkin sənədlərin hamısına qol çəkmiş, lakin sonradan ibtidai istintaqın gedişində ona CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürüldüyündən, ifadə verməkdən imtina etmiş və heç bir sənədə qol çəkməmişdir. İbtidai istintaq zamanı heç bir təsir və təzyiqə məruz qalmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, Zaqatala şəhəri X10 küçəsi ev 2 mənzil 3 ünvanında tək yaşayır. Əvvəllər iki dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuşdur. Sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməyinə dair cinayət işinə Zaqatala Rayon Məhkəməsində baxılaraq 08 avqust 2018-ci il tarixli hökmlə 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, Şəki Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qərarı ilə 1 ay 10 gün vaxtından əvvəl şərti azadlığa buraxılmışdır.13 iyul 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Təxminən 2 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. 12.02.2021-ci il tarixdə günorta saatlarında Zaqatala şəhəri ərazisindəki çayxanalardan birinə getmişdir. Oradan təxminən saat 16 radələrində çıxıb evə getmək üzrə piyada yol ilə gedərkən yolun kənarından 1 ədəd sellofan büküm tapmışdır. Həmin sellofana baxanda içərisində “şüşə” adlanan psixotrop maddə- metamfetamin olduğunu görmüşdür. Bükümü cibinə qoyub evə gətirmişdir. Evdə tək oturub ətraflı bükümün içinə baxanda orada “şüşə” dən əlavə bir az miqdarda heroin adlanan narkotikin də olduğunu görmüşdür. Həmin “şüşə” adlanan narkotikdən az miqdarda istifadə etmişdir. Geri qalanını da cibində saxlamışdır. 19.02.2021-ci il tarixdə yaşadığı evdən çıxıb Balakən rayonunda yaşayan əmisi oğlu Rəfail Nastakalovun evinə qonaq getmək istəmişdir. Yola çıxıb Zaqatala rayonu ərazisində yol ilə gedən, adı sonradan ona məlum olan Şahid4 idarə etdiyi VAZ-21015 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı taksini saxlatmışdır. Evdən çıxmamışdan öncə əvvəlcədən evdə sellofan bükümdə olan metamfetamini 2 ədəd kağız bükümə, daha sonra orada olan heroini isə bir ədəd kağız bükümə büküb ürəyi istəyəndə istifadə etmək üçün geyindiyi cins şalvarın sağ kiçik ölçülü cibinə qoymuşdur. Məftunun taksi kimi idarə etdiyi avtomaşına əyləşib ona özünü Balakən rayonuna aparmasını demişdir. Məftun da etiraz etməyib onu Balakən rayonuna aparmışdır. Yolda gələn vaxtı özü ilə bir ədəd sellofan torbada olan tapdığı metamfetamini ağzından çıxartdığı ağ rəngli tibbi maskanın içərisinə gizlincə qoyub maşından düşəndə həmin narkotiki özü ilə götürmək məqsədi ilə özü tərəfdə olan qapının saxlanc yerinə qoymuşdur. Onlar Balakən rayonu ərazisinə gəlib çatanda Heydər Əliyev parkının qarşısında onların avtomaşının polis əməkdaşları saxlamışlar. Maşından düşən 4-5 nəfər polis əməkdaşları özlərini təqdim edib onları polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onu şübhəli şəxs kimi tutmuşlar, vəkillər siyahısından seçmiş olduğu vəkil X6 və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki cins şalvarın sağ tərəfdəki kiçik ölçülü cibindən 3 ədəd kağız bükümlərdə 2 ədədində metamfetamin, digər bükümdə isə heroin aşkar edilmişdir. Həmin metamfetamin olan kağız büküm elektron tərəzidə çəkilmiş, çəkisi 0,56 qram, digər metamfetamin olan kağız bükümün çəkisi 0,30 qram, heroin olan kağız bükümün çəkisi isə 0,56 qram təşkil etmişdir və hər üç büküm ağ rəngli zərfə qoyulub möhürlənib götürülmüşdür. Bundan başqa da üzərində heç bir əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə Məftunun sürdüyü VAZ-21015 markalı, **- BO-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilən zaman maşında olan ön sərnişin tərəfdə qapının saxlanc yerinə maskanın içərisinə qoyduğu içərisində metamfetamin olan sellofan torba aşkar edilərək elektron tərəzidə çəkilərkən çəkisi 5,22 qram təşkil etmişdir və həmin büküm ağ rəngli zərfdə qablaşdırılıb götürülmüşdür. Narkotiki yerdən tapmışdır, özü üçün istifadə etmək fikiri olmuşdur, başqa bir məqsədi olmamışdır. Balakən rayonuna da özü ilə gətirməkdə məqsədi ürəyi istədiyi vaxt rayon ərazisində həmin narkotikdən istifadə etmək olmuşdur. Həmin narkotik vasitə və psixotrop maddə olan kütləni tapması və yaşadığı evə aparması barədə heç kimə məlumat verməmişdir. Şahid4la hər hansı tannışlığı yoxdur və üzərində narkotik gəzdirməsini Məftun bilməmişdir. Polis Şöbəsində ona fiziki və psixi zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus olan VAZ-21015 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 19.02.2021-ci il tarixdə Zaqatala şəhəri ərazisində idarə etdiyi avtomaşınla hərəkətdə olduğu zaman yolda əl edərək avtomaşınını sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi bir nəfər sərnişin saxlatmışdır. Elçin avtomaşının ön sərnişin oturacağına əyləşərək ondan 10 manat pul müqabilində taksini Balakən rayonuna sürməyini xahiş etmiş və orada yaşayan əmisi oğlundan sənəd götürüb dərhal geri qayıdacağını bildirmişdir. 10 manat pula Elçini Balakənə aparıb geri Zaqatalaya çatdırmağa razılaşmışdır. Balakən şəhəri ərazisində olan H.Əliyev adına parkın qarşısına çatdıqda Elçin ondan həmin parkın qarşısında taksini saxlayıb gözləməyini xahiş etmiş və sənədi götürüb gələcəyini bildirmişdir. Elçin avtomaşından düşüb getdikdə o da maşını parkın qarşısında münasib bir yerdə saxlayıb onu gözləməyə başlamışdır. Təxminən 10 dəqiqə sonra Elçin qayıdıb maşına əyləşmişdir. Avtomaşını işə salmaq istədikdə polis əməkdaşları yaxınlaşaraq onları polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində hər ikisi şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərilərinə və ona məxsus avtomobiliə baxış keçirilmişdir. Avtomobilə baxış zamanı idarə etdiyi avtomobilin qabaq sərnişin oturacağı tərəfindəki qapının saxlanc yerindəki tibbi maskanin içərisindən bir ədəd sellofan torbada ağ rəngli maddə aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin maddənin özünə məxsus metamfetamin olduğunu bildirmişdir. Həmin ağ rəngli maddə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və bir ədəd ağ rəngli zərfə qablaşdırılaraq möhürlənib götürülmüşdür. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, onu heç kim telefon vasitəsi ilə çağırmamış, təsadüfən yol ilə gedərkən Təqsirləndirilən şəxs əl edib onun maşınını saxlatdırmış və Balakən rayonuna onu aparmasını xahiş etmişdir. Onun heç bir polis əməkdaşı ilə əlaqəsi olmamış, Təqsirləndirilən şəxs ümuiyyətlə tanımamış və onun narkotik vasitə satışı ilə məşğul olmasından xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zaqatala rayon sakinləri Təqsirləndirilən şəxs və Şahid4 üzərlərində və sonuncunun idarə etdiyi VAZ 21015 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşında qanunsuz olaraq narkotik vasitə saxlamaları və daşımaları barədə 19.02.2021-ci il tarixdə ona daxil olmuş əməliyyat məlumatı barədə rəhbərliyə həmin tarixdə raportla məruzə etmişdir. Daha sonra sözügedən şəxslər saxlanılaraq Polis Şöbəsinə dəvət edilmiş, şöbədə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində 19.02.2021-ci il tarixdə saat 15 radələrində aparılan şəxsi axtarışda iştirak etmişdir. Müdafiəçinin də iştirakı ilə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 3 ədəd büküm aşkarlanmışdır. Həmin bükümlərdən birinin içərisindən tündqəhvəyi rəngdə narkotik vasitə olan heroinə bənzər maddə, digər iki ədəd bükümlər açıldıqda isə onların içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddələr aşkarlanmışdır. Aşkar olunan kütlələr elektron tərəzidə çəkilmiş və bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkarlanmamışdır. Protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Daha sonra Şahid4 idarə etdiyi VAZ 21015 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə sonuncunun razılığı ilə müdafiəçinin və Təqsirləndirilən şəxs da iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin ön sağ qapısının saxlanc yerindən 1 ədəd ağ rəngli tibbi maskanın içərisində 1 ədəd sellofan torbada ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin maddənin özünə məxsus metamfetamin olduğunu və Şahid4 bu barədə məlumatının olmadığını bildirmişdir. Həmin maddə elektron tərəzidə çəkilmiş və bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan 19.02.2021-ci il tarixli “Raport”dan görünür ki, Zaqatala rayon sakinləri Təqsirləndirilən şəxs və Şahid4 üzərlərində və sonuncunun idarə etdiyi VAZ 21015 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşında qanunsuz olaraq narkotik vasitə saxlamaları və daşımaları barədə Balakən Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. (cild 01, iş.vər. 3) Cinayət işinin materiallarında olan 19.02.2021-ci il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokol”dan görünür ki, həmin tarixdə saat 14:55-dan 15:25-dək olan müddət ərzində balakən Rayon Polis Şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun əynindəki göy rəngli cins şalvarın sağ tərəfdəki kiçik ölçülü cibindən 3 ədəd bükümlər aşkar edilmişdir. Həmin bükümlərdən bir ədədinin içərisində qəhvəyi rəngdə narkotik vasitə - heroinə oxşar kütlə, bundan başqa digər iki bükümlərin içərisində isə psixotrop maddə - metamfetaminə oxşar maddələr aşkar edilmişdir. Heroinə bənzər kütlə kağız büküm ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisi 0,56 qram təşkil etmişdir. Digər iki ədəd bükümdə olan metamfetaminə oxşar kütlələrin çəkisi isə 0,56 və 0,30 qram təşkil etmişdir. Hər üç büküm bir ədəd ağ rəngli zərfə qablaşdırılıb möhürlənib maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər-hansı qeyri-qanuni əşya, predmet aşkar olunmamışdır. Şəxsi axtarış «Sony HDRX» markalı videokamera vasitəsi ilə lentə alınmış və videogörüntülərin köçürüldüyü DVD disk protokola əlavə edilmişdir. (cild 01, iş vər. 19-22) Cinayət işinin materiallarında olan “ərizə”dən göründüyü kimi, Şahid4 polis əməkdaşları tərəfindən ona məxsus VAZ-21015 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilməsinə etiraz etməmişdir. (cild 01, iş vər. 42) Cinayət işinin materiallarında olan 19.02.2021-ci il tarixli “Baxış keçirilməsi barədə protokol”dan görünür ki, həmin tarixdə saat 16:25-dan 16:47-dək olan müddət ərzində Zaqatala rayonu Aşağı Tala kənd sakini Şahid4 məxsus ağ rəngli VAZ-21015 markalı, **- BO-*** dövlət qeydiyyat nişanlı avtomaşına Təqsirləndirilən şəxs, Şahid4, müdafiəçilər və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Avtomaşına baxış keçirilən zaman ön sağ tərəf qapısının saxlanc yerində 1 ədəd ağ rəngli tibbi maskanın içərisində 1 ədəd sellofan torbada ağ rəngli psixotrop maddə-metamfetaminə oxşar kütlə aşkar edilmiş və həmin kütlə elektron tərəzidə çəkilərkən çəkisi 5,22 qram təşkil etmişdir. Həmin kütlə bir ədəd ağ rəngli zərfdə qablaşdırılıb möhürlənib götürülmüşdür. Bundan əlavə avtomaşına baxış keçirilən zaman orada heç bir qeyri-qanuni əşya, predmet aşkar edilməmişdir. Baxış «Sony HDRX» markalı videokamera vasitəsi ilə lentə alınmış və videogörüntülərin köçürüldüyü DVD disk protokola əlavə edilmişdir. (cild 01, iş vər. 43-46) Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 19.02.2021-ci il tarixli 17/139 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd kağız bükümlərdə olan narkotik....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,076 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,081 qr., 0,092 qr., ümumi təmiz çəkisi – 0,173 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetaminlərdir. Tədqiqata təqdim olunmuş üzərinə “Avtomaşından aşkar edilmiş 1 ədəd sellofan bükümdə narkotik....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 4,845 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kibrit qutusunda və bir ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. (cild 01, iş vər. 58-59) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin Məhkəmə-Narkoloji ekspert komissiyasının 15 aprel 2021-ci il tarixli 385 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 122) Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi qismən etiraf edici ifadəsi ilə yanaşı, şahid ifadələri, o cümlədən ekspertizanın rəyləri və biri-digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində müdafiəçinin iştirakı ilə dindirilərkən narkotik vasitənin və psixotrop maddənin əldə edilməsi, saxlanılması və daha sonra Zaqatala şəhərindən Balakən rayonuna daşınması ilə bağlı hissədə qeyd etdiklərinin cinayət işində olan digər sübutlarla üst-üstə düşdüyü və təkzib edilmədiyi qənaətinə gələrək həmin ifadələri həqiqəti əks etdirən ifadələr kimi qəbul edir və ona görə də ona qarşı irəli sürülən ittihamın əsasına məhz həmin ifadələri qoyur. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı dindirilərkən aşkar olunan narkotik vasitənin və psixotrop maddə olan metamfetaminin şəxsi istifadə üçün əldə edərək saxladığı barədə qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə cinayət qanunvericiliyinin daha yüngül cəza nəzərdə tutulan maddəsi ilə məsuliyyətə cəlb olunmağa çalışmışdır. Belə ki, əldə olunan narkotik vasitələrin və psixotrop maddənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, aşkar olunan kütlələrin narkotik vasitə və psixotrop maddələrə aid olması, həmçinin həmin kütlələrin ayrı-ayrı bağlamalara, bükümlərə yığılmaqa saxlanılması onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə və psixotrop maddə olan metamfetamini şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə edərək müvafiq qaydada qablaşdırılmaqla saxlamış və daha sonra satmaq məqsədi ilə Zaqatala şəhərindən Balakən rayonuna daşımışdır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin bu hissədə qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gəlir. Ona görə də təqsirləndirilən şəxsin aşkar olunan narkotik vasitənin və psixotrop maddə olan metamfetaminin şəxsi istifadə üçün əldə edərək saxladığı barədə qeyd etdiklərini müdafiə xarakterli ifadə kimi qəbul edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası bildirməyi zəruri sayır ki, sonuncunun göstərdiyi xüsusatların aydınlaşdırılması məqsədi ilə müvafiq qərarlar qəbul edilməklə müvafiq qurumlardan telefon danışıqlarına və anten məlumatlarına dair məlumatlar götürülmüş və məhkəmə istintaqı zamanı araşdırılmışdır. Bununla bağlı olaraq Zaqatala Rayon Polis X2 Bölməsinin əməkdaşı X7 məhkəməyə dəvət olunaraq şahid qismində dindirilmiş və sonuncu məhkəmə iclasında Təqsirləndirilən şəxs tanıdığını, sonuncunun onlarla qeyri-rəsmi əməkdaşlığa cəlb edildiyini, rəsmi agent statusunun olmadığını, əvvəllər bir neçə dəfə narkotiklə bağlı polisə fakt verdiyini, ona görə də onunla arasında telefon danışıqlarının olmasının normal olduğunu, Təqsirləndirilən şəxs sonuncu dəfə fevral ayında yenə polisə fakt verəcəyi ilə bağlı Zaqatala Rayon Polis Şöbəsinə gəldiyini, aralarında həmin günü telefon danışıqlarının olduğunu, əməliyyat tədbiri ilə bağlı fakt verəcəyinə dair razılıq əldə olunsa da, sonradan onun Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığını eşitdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə vermədiyini, Şahid4 adlı şəxsi tanımadığını, həmin günü taksi dəvət edilməsi ilə bağlı heç kimlə telefon əlaqəsi saxlamadığını qeyd etmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, eyni zamanda Təqsirləndirilən şəxs qeyd etdikləri fonunda müvafiq qurumlardan götürülən telefon danışıqlarına və anten məlumatlarına dair məlumatlar araşdırılmış və Zaqatala Rayon Polis X2 Bölməsinin əməkdaşı Fərid Hüseynovla iş üzrə Şahid4 arasında hər hansı telefon əlaqəsinin olması öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinin həqiqəti əks etdirmədiyi qənaətinə gəlir və hesab edir ki, sonuncunun bu formada ifadə verməsi məsuliyyətdən yaxa qurtarmağa hesablanmış müdafiə taktikasıdır. Məhkəmə tədqiq edilən sübutların məcmusuna, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 2-cı hissəsində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldıra bilməyən şübhələri onun xeyrinə şərh edərək, məhkəmədə ittihamın baxılması nəticələrinə əsaslanaraq, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq hər kəsin ona qarşı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını nəzərə almaqla, sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala şəhəri X10 küçəsi ev 2 mənzil 3-də yaşayır və ailəsi tək özündən ibarətdir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vər. 164-166) Cinayət işinin materiallarında olan tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Balakən Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 25 may 2017-ci il tarixli qərarı ilə 10 ay 29 gün vaxtından əvvəl şərti azad olunmuş, lakin məhkumluğu ödənilmədən yenidən cinayət əməli törətdiyinə görə Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 02 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qərarı ilə 01 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuş, 13.07.2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. (cild 01, iş vər. 130-132) CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən isə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət əməli (CM-nin 234.2 və 234.1-ci maddəsi) törətdiyinə görə iki dəfə azadlıqdan məhrumetmə cəzəsına məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad olunsa da, CM-nin 83-cü maddəsində nəzərdə tutulmuş məhkumluq müddəti ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Belə olan halda şəxsin əməlində cəzanı ağırlaşdıran hallardan CM-nin 61.1.1-ci maddəsində nəzədə tutulan cinayətlərin təhlükəli residivi yaranmışdır. Həmçinin məhkəmə istintqaı zamanı şəxsin əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. CM-nin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmçinin həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cəzanı yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran hallardan isə cinayətlərin təhlükəli residivinin olmasını əsas götürərək, həmçinin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda CM-nin 65.2-ci maddəsinin müddəalarını, o cümlədən sonuncunun əvvəllər də dəfələrlə məhkum olunmasını, bundan nəticə çıxarmayaraq eyni qəbildən olan daha ağır cinayət əməlini qəsdən törətməsini, əvvəlki cəza tədbirinin islah təsirinin yetərli olmamasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutumuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2021-ci ildə şübhəli şəxs kimi tutulmuş və Balakən Rayon Məhkəməsinin 21 fevral 2021-ci il tarixli qərarı ilə barəsində əvvəli 19.02.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 5-18, 101-103) Onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablanmalı və cəzaçəkməsinin əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kateqoriyasına aid edildiyindən və əməlində cinayətlərin təhlükəli residivi olduğundan, əvvəllər də azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən CM-nin 56.1.3-cü maddəsinə əsasən o, təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, CM-nin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirlər, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə Təqsirləndirilən şəxs üzərindən və sərnişini olduğu VAZ-21015 markalı, **- BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin oturacağı tərəfdəki qapının saxlanc yerindən aşkarlanaraq götürülmüş ona məxsus, ekspert rəyindən sonra ümumi təmiz çəkisi 4,868 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin və ekspert rəyindən sonra təmiz çəkisi 0,026 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci 71,94 manat (yetmiş bir manat, doxsan dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 346- 347, 351-353, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutumuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu, həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Ekspertiza xərci 71,94 AZN (yetmiş bir manat, doxsan dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olmaqla Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan ümumi təmiz çəkisi 4,868 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin və təmiz çəkisi 0,026 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə – heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, kompakt disklərin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-147/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-147/2021
15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver