Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-149/2021 26.07.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X8, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.1979-cu ildə Ağsu rayonu Navahı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Ağsu rayonu Navahı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X5 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmək niyyəti ilə 10 fevral 2021-ci il tarixdə gecə saatlarında şəxsiyyəti istintaqa məlum olmayan Rahim adlı şəxsə göndərdiyi 500 manat məbəğində pul müqabilində sonuncunun Bakı şəhəri Yasamal rayonu Tbilisi prospektində "xxxx" MMC-nin binasının yaxınlığında yerləşən zibil qutusunun yanında gizlətdiyi 70,112 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 44,844 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki, 99,81 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı və 47,103 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamini götürərək, qanunsuz əldə edib yerini dəyişdirməklə daşıyıb Ağsu rayonu Navahı kəndində yerləşən yaşadığı evinə gətirərkən hissələrə bölüb, iki ədəd ayrı-ayrı şəffaf sellofan bükümlərə qablaşdıraraq bir hissəsini yaşadığı evin həyətində gizlətməklə, digər hissəsini isə üzərində saxlamış, 10.02.2021-ci il tarixdə saat 06:30 radələrində Ağsu RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağsu rayonu Navahı kəndində yerləşən evinin qarşısında saxlanılaraq gətirildiyi ünvan 2 ünvanda yerləşən inzibati binasında üzərinə həmin gün saat 08-30 radələrində keçirilmiş şəxsi axtarış zamanı əynindəki paltosunun sağ yan cibindən sellofan torbanın içərisindən təmiz çəkisi 44,844 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, 1 ədəd sellofan bükümündə təmiz çəkisi 70,112 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1 ədəd sellofan bükümündə təmiz çəkisi 47,103 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin və bir ədəd elektron tərəzi, həmin gün saat 10:20 radələrində yaşadığı Ağsu rayonu Navahı kəndində yerləşən evinin həyətindən baxış və götürmə aparılması zamanı həyət darvazasının hasar ilə birləşdiyi yerdə, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 99,81 qram bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təqdiq edərək ifadə verməkdən imtina etmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, səhhətində olan ağrılara görə mütəmadi olaraq müxtəlif tərkibli narkotik vasitələrdən istifadə etmiş, 10 fevral 2021-ci il tarixdə gecə saatlarında, İran İslam Respublikasının vətəndaşı Rahim adlı şəxslə istifadəsində olan ona məlum olmayan İran İslam Respublikasına aid olan mobil telefon nömrəsi ilə Rahim adlı şəxsin istifadəsində olan İran İslam Respublikasına aid olan mobil telefonun «whatsapp» proqramı ilə danışmış, Bakı şəhərində Şamaxinka deyilən «pay point» aparatı vasitəsi ilə Rahimin bildirdiyi hesaba 500 manat pul göndərərək, Rahimdən psixotrop maddə metanfetamin, heroin, marixuana və tiryək olan narkotik vasitələr verməsini istəmişdir. Rahim ona verəcəyi narkotik vasitələri və psixotrop maddəni Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "xxxx"un yaxınlığında olan zibil qabının yanına qoyulduğunu bildirmişdir. Tanımadığı taksi maşını ilə qeyd edilən əraziyə getmiş, zibil qabının yanında olan şəffaf rəngli selofan torbanın içərsinə 1 ədəd selofana bükülmüş narkotik istifadəçiləri arasında kakos kimi tanınıan heroini, 1 ədəd selofana bükülmüş psixotrop maddə olan metamfetamini, 1 ədəd selofanın içərində olan qurudulmuş marixuananı və tiryəki götürərək əyninə geydiyi paltosunun sağ yan cibinə qoyaraq tanımadığı taksi maşınına əyləşərək Bakı şəhərində Şamaxinka deyilən yerə gəlmişdir. Şamaxinka deyilən yerdə torbada olan narkotik vasitələrə baxarkən göndərdiyi 500 manatdan artıq narkotik vasitələr və psixotrop maddə olduğunu görmüşdür. Orada qurudulmuş marixuananı sellofanın içərisindən götürmüş və ayırıb paltosunun sol yan cibinə, digər narkotik vasitələr və psixotrop maddələr isə paltosunun sağ yan cibinə qoyduqdan sonra tanımadığı taksi maşınına əyləşərək yaşadığı Ağsu rayonu Nəvahı kəndinə getmişdir. Yaşadığı evin yaxınlığında saat 0630 radələrində düşərək evin yerləşdiyi həyət darvazasına tərəfə hərəkət edərəkən üzdən tanıdığı polis əməkdaşları onu cağırarkən sol cibində olan sellofan torbanı yaşadığı evin həyətinə tullamış, digər narkotik vasitələr və psixotrop maddə isə cibində qalmışdır. Polis əməkdaşlarının təklifi ilə Ağsu rayon Polis Şöbəsinə gəlmiş, orada şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə kemirilən şəxsi axtarış zamanı əynində olan paltosunun sağ yan cibindən sellofan torbanı çıxarıb təqdim etmiş və həmin sellofan torba açıldıqda içərisində elektron tərəzi, tiryək, heroin və psixotrop maddə metamfetamin aşkar edilmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitəni özünə aid olduğunu bildirmiş, narkotik vasitələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Artıq tutulduğunu başa düşdüyü üçün saat 0630 raldələrində yaşadığı evin həyətinə qurudulmuş marixuananı tulladığını da etiraf etmiş, həmin narkotik vasitə bir kimsənin əlinə keçməsin deyə öz razılığı ilə yaşadığı evin həyətinə keçirilən baxış zamanı həmin gizlətdiyi marixuananı təqdim etmişdir. Narkotik vasitələri satmaq məqsədi olmamış, öz şəxsi istifadəsi üçün saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağsu rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 10 fevral 2021-ci il tarixdə Ağsu rayonu Nəvahı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbulunda və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında şöbənin əməliyyat müvəkkili Şahid2 ibarət yaradılmış əməliyyat qrupu ilə birlikdə həmin tarixdə saat 0630 radələrində Ağsu rayonu Navahı kəndində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyət darvazasının yaxınlığında müəyyən edərək həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra barəsində məlumat daxil olduğunu bildirərək Polis Şöbəsinə dəvət etmişlər. Ağsu rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdfiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncu əynində olan kül rəngli, paltosunun sağ yan cibində olan bir ədəd şəffaf rəngli selofan torbanı təqdim etmişdir. Həmin sellofan torbanın içərisinə baxıldıqda isə 1 ədəd selofanın içərisində bükülü halda, narkotik vasitə olan qəhvəyi rəngli heroinə bənzər kütlə, 1 ədəd selofana bükülü halda ilk görünüşündən narkomanlar arasında şüşə deyilən psixotrop maddə olan metamfetaminə bənzər kütlə və qəhvəyi rəngli narkotik vasitə olan tiryəkə bənzər kütlələr və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Qeyd edilən narkotik vasitələr elektron tərəzidə çəkilərkən selofan bükümdə olan narkotik vasitə heroin 79,04 qram, selofan bükümdə olan psixotrop maddə metamfetamin 49,96 qram və narkotik vasitə tiryək 44,91 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və götürülmüş narkotik vasitələri və psixotrop maddəni 10.02.2021-ci il tarixdə, saat 0230 radələrində Rahim adlı tanımadığı və görmədiyi İran İslam Respublikasının vətəndaşından almasını bildirmiş, Rahim adlı şəxs narkotik vasitələrin və psixotrop maddəni Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Aztelekomun” yaxınlığında olan zibil qabının yanına qoyduğunu, o da qeyd edilən əraziyə gedərək, narkotik vasitələri və psixotrop maddəni oradan götürüb əldə etdiyini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs yaşadığı evidə narkotik vasitə olan marixuana olmasını, həmin kütləni də könüllü olaraq təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdıraraq götürülmüş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı Ağsu rayonu Navahı kəndində yerləşən ünvanına getmişlər və Ruslanın özünün könüllü razılığı və icazəsi ilə evinə və həyətyanı sahəsinə baxış keçirilən zaman həyət darvazasının küncündən içərisində çəkisi 110 qram olan qurudulmuş marixunaya bənzər kütlənin olduğu bir ədəd şəffaf sellofan bükümü aşkar edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Ağsu rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkki işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı olmaqla sonuncu ilə eyni kənddə yaşamışdır. Qardaşı Təqsirləndirilən şəxs 10 fevral 2021-ci il tarixdə saat 0630 radələrində yaşadıqları kənddə evinin qarşısında polis əməkdaşları tərəfindən saxlanılıb rayon polis şöbəsinə aparılmasını eşidib Ruslanın evinə getmişdir. Həmin vaxt o, Ruslanın evinin həyətində Ruslanın mobil telefonunu görmüş və götürmüşdür. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evə gəlmiş və evin həyətindən əlavə olaraq marixuana da aşkar etmişlər. Ruslanın mobil telefonunun yaşadığı evin həyətindən tapdıqdan sonra həmin mobil telefonun üzərində olan mobil nömrələrini qırmış və telefonu Təqsirləndirilən şəxs oğlu İsrayıla vermişdir. İsrayıl da həmin telefonu qırmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 10.02.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman onun əynində olan paltonun sağ yan cibindən, selofan torbanın içərisinə qoyulmuş, sellofan torba ilə birlikdə 79,04 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 44,91 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, sellofan torba ilə birlikdə 49,96 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 10.02.2021-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş CD-diskdən görünür ki, baxış və götürmə aparılması zamanı Ağsu rayonu Navahı kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən yəni, həyət darvazasının hasar ilə birləşdiyi yerdən, 1 ədəd sellofan bükümdə, sellofan torba ilə birlikdə 110 qram çəkidə, bitki mənşəli kütlə tərkibində narkotik maddə olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 10 fevral 2021-ci il tarixli 17/111nömrəli rəyində göstərilmişdir ki, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik... maddələr....» sözləri yazılmış zərfin içərisində 01 (bir) ədəd sellofan torbadakı -01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-47,103 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetanfetamindir, açıq vəziyətdə, təmiz çəkisi-44,844 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir, 01(bir) ədəd sellofan bükümdə, quru təmiz çəkisi-70,112 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş kütlə...» sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan torbada, təmiz çəkisi-99,81 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 03 aprel 2021-ci il tarixli, 322 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və metamfetamindən sui istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəmə psixatrik ekspertizasının 05 aprel 2021-ci il tarixli 997 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyin dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmammışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonu Navahı kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon Şöbəsindən təqdim edilmiş 17 iyul 2021-ci il tarixli 863 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon Şöbəsi tərəfindən 08.07.2020-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmiş və hal-hazırda hərbi xidmətdədir. Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə X6 Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş 10 fevral 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 0810-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Ağsu rayon məhkəməsinin 11 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs onun üzərindən və yaşadığı evinin həyətindən aşkar olunmuş narkotik vasitələri satış məqsədi olmadan daşımasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə aşkar olunmuş narkotik vasitələrin 04 çeşiddə olması, şəxsi istehlak və külli miqdar üçün qanunvericiliklə müəyyən edilmiş miqdardan dəfələrlə çox olması, aşkar olunmuş tərəzi və işdə olan digər sənədlər əsas verir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, oğlu X3 44 günlük Vətən Mühribəsində iştirak edərək Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilməsini CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli həbsə alındığı 10 fevral 2021-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 107,91 (yüz yeddi manat doxsan bir qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 10 fevral 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 107,91 (yüz yeddi manat doxsan bir qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Ağsu rayon Polis Şöbəsində saxlanılan 70,062 qram olan heroin, 44,744 qram olan tiryək, 47,053 qram olan psixotrop maddə metamfetamin, 99,76 qram olan marixuana, həmçinin dəyəri olmadığına görə 01 (bir) ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətində baxış və götürmə aparılmasına dair CD disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs heroindən və metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Ərazi narkololi dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rafail Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-149/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-149/2021
26.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver