Məhkəmə qərarları › İş №1(091)-149/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-149/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-149/2023 14.06.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Zərərçəkmiş şəxs, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – "Konsensus" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1971-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində üç azyaşlı uşaqları olan, orta təhsilli, işsiz, Ağdam rayonunun Ətyeməzli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 09 yanvar 2023-cü il tarixdə saat 17 radələrində özünə məxsus «Xəzər» markalı, 02-BM -69 dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində hərəkətdə olarkən, avtomobili yolun sağ yan kənarı ilə, yəni öz hərəkət hissəsi ilə hərəkət etdirməli olduğu halda, buna əməl etməyərək avtomobili yolun mərkəz hissəsi ilə şəhərin H.Əliyev prospekti istiqamətində hərəkət etdirərkən, onun idarə etdiyi avtomobillə eyni istiqamətdə arxadan hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi «Mercedes Benz» markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etməsinə maneə yaratdığı üçün Zərərçəkmiş şəxs ona avtomobili yolun mərkəz hissəsi ilə hərəkət etdirməsinə etiraz olaraq səs siqnalından istifadə etdiyi üçün o, avtomobili yolun mərkəzində saxlayıb, pəncərəsini aşağı endirərək avtomobilin səs siqnalından istifadə etdiyinə görə Zərərçəkmiş şəxs irad tutduqda onunla Zərərçəkmiş şəxs arasında söz mübahisəsi yaranmış, bundan sonra o, «Xəzər» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin H.Əliyev prospektinə daxil olub, avtomobili prospektin «Sənaye parkının» inzibati binasının qarşısında asfalt yolun sağ kənarında saxlayıb, avtomobilin salonundan bayıra çıxmış, onun avtomobili saxladığını və salondan düşdüyünü görən Zərərçəkmiş şəxs də idarə etdiyi avtomobillə şəhərin H.Əliyev prospektinə daxil olduqdan sonra, bir qədər irəlidə yerləşən avtobus dayanacağında avtomobili saxlamış, həmin vaxt o, «Xəzər» markalı avtomobilinin yanında dayanaraq, Zərərçəkmiş şəxs avtomobildən düşməsini gözləmiş, Zərərçəkmiş şəxs avtomobildən düşdükdən sonra isə o, əli ilə Zərərçəkmiş şəxs yaxınlığına gəlməsini işarə etdiyi üçün sonuncu asta addımlarla onun dayandığı istiqamətə tərəf gəlib, ona çatmasına az bir məsafə qalmış o, avtomobilinin salonundan götürdüyü və sağ əlində saxladığı, habelə Zərərçəkmiş şəxs ona yaxınlaşdığı anadək nümayiş etdirmədiyi, dəstəyi qırmızı və qara rəngli plastmasa bənzər materialdan hazırlanmış, üzlük geydirilmiş çapıcı-kəsici və əzici xassəyə malik olan, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı balta ilə qəfil olaraq Zərərçəkmiş şəxs üzərinə hücum çəkib, sonuncunun qanunazidd davranışı və hər hansı bir zorakı hərəkəti ilə qarşılaşmadığı halda, heç bir əsaslı səbəb olmadan, özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyəti fövqündə qoymaqla və bununla da cəmiyyətin fərdi kimi ona qarşı açıqca hörmətsizlik ifadə etməklə, habelə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirməklə sağ əlində saxlamağa davam etdiyi, qeyd olunan balta ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən bir dəfə zərbə endirib, öz təşəbbüsü ilə başladığı mübahisə zamanı Zərərçəkmiş şəxs çapıcı əşyanın - baltanın təsirindən əmələ gəlməyə xarakterik, subdural hematoma ilə müşayiət olunan açıq kəllə beyin travması, alın sümüyünün açıq sınığının yaranması ilə nəticələnən, yetirilən anda insan həyatı üçün təhlükəli olan qəsdən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 09 yanvar 2023-cü il tarixdə saat 17 radələrində idarə etdiyi “Xəzər” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhərinin Ş.İ.Xətai küçəsi ilə H.Əliyev prospekti istiqamətində hərəkət edərək Ş.İ.Xətai küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən yol ayrıcına çatmağa bir qədər qalmış özündən sol istiqamətdə yerləşən binaların qarşısına daxil olmaq üçün avtomobili yolun sol hissəsinə tərəf istiqamətləndirmiş, həmin vaxt arxa tərəfdən hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi mikroavtobus onun idarə etdiyi avtomobili ötmə əməliyyatı etmək istədiyi və o, yolun sol istiqamətinə çıxdığı üçün Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin səs siqnalından dayanmadan istifadə etmişdir. Buna görə də o, avtomobili yolun sağ kənarına çəkmiş, Zərərçəkmiş şəxs də idarə etdiyi avtobus ilə onun idarə etdiyi avtomobilin yaxınlığından keçərkən əl-qol hərəkətləri ilə ona müraciət etmiş, bu səbəbdən də o, avtomobili Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi ilə H.Əliyev küçəsinin kəsişməsində yerləşən işıqforun qırmızı işığında saxlamışdır. Həmin vaxt o, Zərərçəkmiş şəxs avtomobilinin arxa tərəfdən ötmə əməliyyatı etməsinə görə irad tutmuş, Zərərçəkmiş şəxs isə ona dönmə işıqlarını yandırmadan dönmə əməliyyatı etməsinə görə narazılığını bildirmişdir. Daha sonra işıqforun yaşıl işığı yanmış, hər ikisi H.Əliyev prospektinə daxil olub sol tərəfə dönmə əməliyyatı etmişlər. O, avtomobili H.Əliyev prospektində köhnə “Toxuculuq” kombinatının qarşısındakı “Göyərçin” heykəlinin yaxınlığında, Zərərçəkmiş şəxs isə idarə etdiyi avtobusu ondan təxminən 50 metr irəlidə yerləşən avtobus dayanacağında saxlamışdır. Hər ikisi avtomobillərdən bayıra çıxmışlar və bundan sonra Zərərçəkmiş şəxs onun üzərinə gəldiyini görüb sonuncunun onu vurmasından qorxaraq avtomobilində saxladığı baltanı götürmüş, Zərərçəkmiş şəxs ona çatıb onun ünvanına nalayiq ifadə işlətdikdən sonra o da sonuncuya qarşı nalayiq sözlərdən istifadə etmiş və mübahisə zamanı Zərərçəkmiş şəxs onu vurmaq istədikdə o, əlində olan baltanı qorxub çəkilməsi üçün sonuncuya tərəf istiqamətləndirmişdir. Lakin Zərərçəkmiş şəxs hərəkətlərini davam etdirərək onu vurduğu üçün qorxaraq əlində olan baltanı Zərərçəkmiş şəxs tərəf hərəkət etdirmiş, nəticədə baltanın kəsici hissəsi sonuncunun başına xəsarət yetirmişdir. Həmin vaxt onun niyyəti Zərərçəkmiş şəxs öldürmək deyil, qorxutmaq olmuşdur. Bu vaxt onların mübahisə etdiyini görən bir nəfər şəxs onlara tərəf yaxınlaşmış və baltanı onun əlindən almışdır. Daha sonra polis əməkdaşları onlara yaxınlaşmış və onları polis şöbəsinə aparmışlar. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Mingəçevir şəhəri ərazisində şəhərdaxili fəaliyyət göstərən 5 nömrəli marşrut xətti üzrə hərəkətdə olan avtobusda sürücü işləyir. 09 yanvar 2023-cü il tarixdə saat 17 radələrində idarə etdiyi “Mercedes Benz” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhərinin Ş.İ.Xətai küçəsi ilə hərəkət edərkən qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan Təqsirləndirilən şəxs “Xəzər” markalı avtomobil ilə yolun hərəkət hissəsinin sol tərəfinə keçərək hərəkətini davam etdirdiyini görüb, həmin avtomobilin sürücüsünün avtomobili sola dönmə əməliyyatı edəcəyini fikirləşib əvvəlcə hərəkətini davam etdirmiş, lakin avtomobilin sürücüsünün dönmə işıqlarından istifadə etmədiyini görüb idarə etdiyi avtomobilin səs siqnalından istifadə etmişdir. Daha sonra isə həmin avtomobili ötmə əməliyyatı edərək idarə etdiyi avtobusun sürətini qeyd olunan avtomobilin yanında azaltmış, avtomobilin açıq olan pəncərəsindən “Xəzər” markalı avtomobilin sürücüsünə iradını bildirmiş və bu zaman aralarında sözlü mübahisə yaranmışdır. Daha sonra hər ikisi avtomobilləri bir qədər irəli sürüb Ş.İ.Xətai küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən işıqforun qarşısında dayanmışlar və bir qədər əvvəl aralarında yaranmış sözlü mübahisəni davam etdirmişlər. Bu zaman əvvəlcə Təqsirləndirilən şəxs onun ünvanına nalayiq ifadə işlətdikdən sonra o da sonuncuya qarşı nalayiq sözlərdən istifadə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili qabaqda saxlamasını ona bildirmiş, daha sonra isə hər ikisi avtomobili idarə edib H.Əliyev prospektinə keçmişlər. “Xəzər” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobili H.Əliyev prospektində köhnə “Toxuculuq” kombinatının qarşısında asfalt yolda saxlayaraq dayanmış, o isə idarə etdiyi avtobusla H.Əliyev prospektinə keçdikdən sonra Təqsirləndirilən şəxs avtomobili saxladığını görüb idarə etdiyi avtobusu avtobus dayanacağına doğru hərəkət etdirib dayanacaqda saxlamışdır. Bundan sonra o, avtobusdan düşüb Təqsirləndirilən şəxs tərəf getmiş və oraya çatdıqda Təqsirləndirilən şəxs qarşı nalayiq ifadə işlətmişdir. Bu zaman Təqsirləndirilən şəxs qəflətən avtomobildən aralaşıb onun üzərinə doğru gəlib ona çatdıqda sonuncunun əlində baltanın olduğunu görmüş, Təqsirləndirilən şəxs həmin baltanın kəsici hissəsi ilə onun baş nahiyəsinə zərbə vurmuş, nəticədə onun baş nahiyəsində xəsarət yaranmışdır. O, Təqsirləndirilən şəxs balta ilə onu yenə də vuracağından qorxaraq əli ilə Təqsirləndirilən şəxs sifətinə bir neçə zərbə vurmuş və həmin vaxt orada olan bir nəfər şəxs dərhal onlara yaxınlaşıb Təqsirləndirilən şəxs aralaşdıraraq sonuncunun əlində olan baltanı götürmüşdür. Ardınca isə polis əməkdaşları həmin yerə yaxınlaşmış və onları polis şöbəsinə aparmışlar. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır, sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Mingəçevir Şəhər Polis Şöbəsinin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 09 yanvar 2023-ci il tarixdə saat 17 radələrində Mingəçevir ŞPŞ-nin Post-Patrul Xidməti Bölüyünün əməkdaşları Şahid3 və Şahid2la birlikdə sonuncuya məxsus avtomobil ilə Mingəçevir şəhəri H.Əliyev prospektində hərəkətdə olan zaman köhnə “Toxuculuq” kombinatının qarşısında asfalt yolda mübahisənin olduğu görüb dərhal avtomobili saxlayıb bayıra çıxmışlar. Bu zaman bir nəfər şəxsin Təqsirləndirilən şəxs sakitləşdirdiyini, həmin şəxsin əlində baltanın olduğunu, orada olan Zərərçəkmiş şəxs isə əli ilə baş nahiyəsini tutduğunu və sonuncunun həmin nahiyəsindən xəsarət aldığını görmüşdür. O, dərhal Təqsirləndirilən şəxs yanında olan şəxsə yaxınlaşıb əlində tutduğu baltanı götürmüş və ardınca isə Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs polis şöbəsinə aparmışlar. Orada olarkən həmin tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs yol hərəkəti qaydalarının pozulmasına görə mübahisə etmələri və bu zaman Təqsirləndirilən şəxs avtomobildə saxladığı baltanın kəsici hissəsi ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə zərbə vurması ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Polis Şöbəsinin rəisinə ünvanlanmış 09 yanvar 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 16:56-da “Mingəçevir Şəhər Xəstəxanası” publik hüquqi şəxsin Acil şöbəsindən Mingəçevir Şəhər Polis Şöbəsinə Zərərçəkmiş şəxs alın nahiyəsinin çapılmış yarası, alın sümüyünün sınığı xəsarətlərini alması ilə bağlı məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Polis Şöbəsinin rəisinə ünvanlanmış 09 yanvar 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində olan zaman Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mübahisə etmələri, Təqsirləndirilən şəxs əlində baltanın olması, Zərərçəkmiş şəxs isə baş nahiyəsindən qanın axması müşahidə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 09 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən köhnə “Toxuculuq” kombinatının qarşısındakı avtomobil yoludur. Baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Mingəçevir Şəhər Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 09 yanvar 2023-cü il tarixli 431 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə saat 16:33-də X3 Yardım bölməsinə alın sümüyünün sol yarısının kəsilmiş-çapılmış yarası xəsarətləri ilə müraciət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyanın götürülməsi haqqında 09 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirən zaman istifadə etdiyi bir ədəd balta götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 09 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirən zaman istifadə etdiyi bir ədəd balta dəstək və əzici-kəsici hissələrdən ibarətdir. Baltanın dəstəyi ağac materialdan hazırlanmışdır və üzərinə qırmızı və qara rəngli plastmas materialdan üzlük keçirilmişdir. Baltanın dəstəyinin uzunluğu 320 mm, orta hissədə eni 38 mm, kəsici hissəsinin uzunluğu 100 mm, əzici hissəsinin uzunluğu isə 40 mm-dir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 09 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakt üzrə CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 10 yanvar 2023-cü il tarixli 15 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onda “subdural hematoma ilə müşayiət olunan açıq kəllə-beyin travması, alın sümüyünün açıq sınığı” diaqnozu ilə, çapıcı əşyanın, ola bilsin ki, baltanın təsirindən əmələ gəlmiş, qərarda göstərilən müddətdə və şəraitdə, yəni 09 yanvar 2023-cü il tarixdə balta ilə yetirilə bilən, yetirilərkən həyat üçün təhlükəli olduğuna görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, “Xəzər” markalı avtomobil Ş.İ.Xətai küçəsi ilə H.Əliyev prospekti istiqamətində avtomobil yolunun mərkəzi ilə hərəkət edərkən onunla eyni istiqamətdə arxa tərəfdən hərəkətdə olan “Mercedes Benz” markalı mikroavtobus “Xəzər” markalı avtomobilin yanında avtomobil yolunun mərkəzində saxlayır, sürücülər mübahisə etdikdən sonra hərəkətlərini davam etdirirlər, “Mercedes Benz” markalı avtomobil “Xəzər” markalı avtomobili ötmə əməliyyatı edir, daha sonra hər iki avtomobil işıqforda dayanırlar. İlk olaraq “Xəzər” markalı avtomobil Ş.İ.Xətai küçəsindən H.Əliyev prospektinə çıxdıqdan sonra sürücü avtomobili yolun sağ yan kənarında saxlayır, daha sonra “Mercedes Benz” markalı mikroavtobus da Ş.İ.Xətai küçəsindən H.Əliyev küçəsinə keçir və sürücü H.Əliyev prospektində avtobus dayanacağında mikroavtobusu saxlayır. Hər iki sürücü eyni vaxta minik vasitəsindən bayıra çıxırlar və bundan sonra “Xəzər” markalı avtomobilin sürücüsü əli ilə “Mercedes Benz” markalı avtobusun sürücüsünü yanına çağırır. Bundan sonra “Mercedes Benz” markalı avtobusun sürücüsü Zərərçəkmiş şəxs “Xəzər” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tərəf gedir və həmin zaman ərzində Təqsirləndirilən şəxs isə avtomobilin qabaq qapısını yarımaçıq saxlayıb, avtomobildən bayırda olmaqla Zərərçəkmiş şəxs ona tərəf gəlməsini gözləyir. Zərərçəkmiş şəxs hərəkət edərək Təqsirləndirilən şəxs çatmağa bir neçə məsafə qalmış Təqsirləndirilən şəxs avtomobilin salonundan baltanı götürüb, sağ əlində saxlamaqla Zərərçəkmiş şəxs tərəf qaçıb sonuncuya çataraq əlində olan həmin balta ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə zərbə endirir, ardınca isə Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs baş nahiyəsinə yumruq zərbəsi vurur. Həmin vaxt avtomobil yolunu keçən piyada dərhal onlara yaxınlaşır və Təqsirləndirilən şəxs əlindən baltanı alaraq sonuncunu kənara çəkir. Zərərçəkmiş şəxs isə özü hərəkət edərək oradan aralaşıb idarə etdiyi avtomobilə doğru gedir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 17 mart 2023-cü il tarixli 17/259 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd balta formalı predmet-kustar üsulla hazırlanmış, çapıcı-kəsici və əzici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı alətdirbaltadır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 01 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 04 aprel 2023-cü il tarixli 201 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş kəllə-beyin travmasından sonrakı emosional iradi pozuntular XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışı) F07.2 xəstəliyi keçirir. Həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, cinayət əməlini törədərkən öz hərəkətlərinə cavab verə bilmək, onlara rəhbərlik etmək qabiliyyətinə malik olmuşdur. O, qeyd olunan cinayəti törədən vaxt, yəni 09 yanvar 2023-cü il tarixdə anlaqlı olmuşdur. Onun hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 126.1-ci maddəsindən CM-in 126.2.4-cü maddəsinə tövsif edilmiş və barəsində CM-in 29,120, 126.2.2, 221.3 və 228.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 11 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “X7 Dispanseri”ndən daxil olmuş 13 yanvar 2023-cü il tarixli 83 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 1994-cü il tarixdən “X7 Dispanseri”ndə “travmatik esefalopatiya” diaqnozu ilə qeydiyyatdadır. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında aparılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirib həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində özünü CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilməyərək avtomobilləri idarə edən zaman aralarında sözlü mübahisə yarandıqdan bir müddət sonra avtomobili Mingəçevir şəhəri H.Əliyev prospektində, Zərərçəkmiş şəxs də idarə etdiyi avtobusu ondan təxminən 50 metr irəlidə yerləşən avtobus dayanacağında saxladığını, hər ikisinin avtomobillərdən bayıra çıxdığını, daha sonra Zərərçəkmiş şəxs onun üzərinə gəldiyini görüb sonuncunun onu vurmasından qorxaraq avtomobilində saxladığı baltanı götürdüyünü, əvvəlcə Zərərçəkmiş şəxs ona yaxınlaşıb onun ünvanına nalayiq ifadə işlətdiyini, daha sonra özünün də Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlərdən istifadə etdiyini və mübahisə zamanı Zərərçəkmiş şəxs onu vurduğu üçün qorxaraq əlində olan baltanı Zərərçəkmiş şəxs tərəf istiqamətləndirdiyini, nəticədə baltanın kəsici hissəsinin sonuncunun başına dəydiyini bildirmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, Zərərçəkmiş şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində idarə etdiyi avtobusla Mingəçevir şəhəri H.Əliyev prospektinə keçdikdən sonra Təqsirləndirilən şəxs avtomobili saxladığını görüb idarə etdiyi avtobusu avtobus dayanacağına doğru hərəkət etdirib dayanacaqda saxladığını, daha sonra avtobusdan düşüb Təqsirləndirilən şəxs tərəf gedib oraya çatdıqda Təqsirləndirilən şəxs qəflətən avtomobildən aralaşıb onun üzərinə doğru gəldiyini, ona çatdıqda sonuncunun əlində baltanın olduğunu gördüyünü, Təqsirləndirilən şəxs həmin baltanın kəsici hissəsi ilə onun baş nahiyəsinə zərbə vurduğunu, nəticədə baş nahiyəsində xəsarət yarandığını və Təqsirləndirilən şəxs balta ilə onu yenə də vuracağından qorxaraq əli ilə sonuncunun sifətinə bir neçə zərbə vurduğunu bildirmişdir. Həmçinin diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi ilə hərəkət edərkən sözlü mübahisə etmələri, daha sonra həmin küçədə yerləşən işıqforun qarşısında sözlü mübahisələrini davam etdirmələri, ardınca isə H.Əliyev prospektində əvvəlcə Təqsirləndirilən şəxs avtomobili yolun sağ yan kənarında, daha sonra isə Zərərçəkmiş şəxs mikroavtobusu bir qədər qarşıda yerləşən avtobus dayanacağında saxlaması, hər iki sürücünün eyni vaxta nəqliyyat vasitəsindən çölə çıxması, daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yanına çağırması səbəbindən sonuncunun Təqsirləndirilən şəxs tərəf getməsi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs çatmasına az qalmış sonuncunun avtomobilin salonundan baltanı götürüb Zərərçəkmiş şəxs tərəf qaçması, sonuncuya çatıb əlində olan balta ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə zərbə endirməsi, daha sonra Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs baş nahiyəsinə yumruq zərbəsi vurması müəyyən olunmuşdur. Bununla bağlı qeyd etmək zəruridir ki, “xuliqanlıq” niyyətinə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 03 nömrəli Qərarında (bundan sonra – Qərar) aydınlıq gətirilmişdir. Belə ki, bu Qərarın 6-cı bəndinə əsasən, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıbyaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Göründüyü kimi, mübahisə Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması səbəbindən Zərərçəkmiş şəxs ona irad tutması nəticəsində yaranmış, daha sonra aralarında baş vermiş sözlü mübahisə zamanı ilk olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlətmiş, daha sonra isə Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs təhqir etmiş, ardınca isə hər iki şəxs idarə etdikləri nəqliyyat vasitələrini saxlayıb çölə çıxdıqdan sonra Təqsirləndirilən şəxs mübahisəni davam etdirib Zərərçəkmiş şəxs yanına çağırması səbəbindən sonuncu Təqsirləndirilən şəxs tərəf getmiş, sonuncu avtomobilin salonundan baltanı götürüb Zərərçəkmiş şəxs tərəf qaçıb əlində olan balta ilə sonuncunun baş nahiyəsinə zərbə endirmiş, daha sonra Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs baş nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Qeyd olunanlara əsasən yaranmış mübahisə vaxtı Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmasına görə Zərərçəkmiş şəxs ona haqlı olaraq irad bildirməsini bəhanə edərək hər hansı əsaslı səbəb olmadan sonuncunun sağlamlığına qəsdən ağır zərər vurması onun məhz xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurmasını təsdiq edir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin niyyəti ilə bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır, onları qəbul etmir və həmin ifadələrini məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakterli ifadə hesab edir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 126.2.4-cü maddəsi ilə tövsifi düzgün hesab edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan, xasiyyətnamədən və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Məmmədov X5 şəhəri, Yeni Köçkün qəsəbəsi, ev 8, mənzil 42 ünvanında yaşayır, 08 oktyabr 2007-ci ildə doğulmuş Nicat Məmmədov, 08 sentyabr 2009-cu ildə doğulmuş Murad Məmmədov və 28 fevral 2023-cü ildə doğulmuş Adəm Məmmədzadə onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 052788 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxsdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs erməni millətçi dəstələri tərəfindən əsir götürülmüş və bir müddət əsirlikdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini isə CM-in 59.1.12ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədinə nail oluna bilər. Lakin məhkəmə Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınmalı və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməlidir. Belə ki, CM-in 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. CM-in 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, hadisənin baş vermə mexanizmini, onun hadisədən sonrakı hərəkətlərini, yəni zərərçəkmiş şəxs ilə barışmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşayış yeri üzrə müsbət səciyyələnməsini, müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxs olmasını, erməni millətçi dəstələri tərəfindən əsir götürülərək bir müddət əsirlikdə olmasını, eyni zamanda CM-in 60-cı maddəsinin tələblərini və “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddindən də az cəza təyin etməklə onun islah olunmasını mümkün sayaraq, barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 126.2.4-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 09 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 09 yanvar 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 09 yanvar 2023-cü il tarixdən hesablanmalı və onun tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 yerləşdirilməsi üçün X1 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilməlidir. Habelə məhkəmə cinayət işinin materialarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyini və “X7 Dispanseri”ndən daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına zərurət yoxdur və onun yaşayış yeri üzrə ruhi əsəb dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsində saxlanılan bir ədəd balta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 30,60 (otuz manat altmış qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 30,60 (otuz manat altmış qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 09 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalında həbsə alınsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 yerləşdirilməsi üçün X1 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Cinayət işi üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsində saxlanılan bir ədəd balta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 30,60 (otuz manat altmış qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar