Məhkəmə qərarları › İş №1(091)-150/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-150/2024

20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-150/2024 20.05.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Müdafiəçi – “KREDO” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2006-cı ildə Ağdaş rayonu, Hüşün kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Ağdaş rayonu, Hüşün kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Ağdaş rayonu, Hüşün kəndi ərazisində yerləşən qəbirstanlığın yaxınlığında Zərərçəkmiş şəxs ilə eyni qızı sevmələri səbəbindən aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı sonuncunun onun sinəsindən itələməsindən sonra üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs qəsdən sol qolundan vuraraq ona sol saidin aşağı 1/3-nin ön iç səthinin, vətər, sinir və damarların zədələnməsi, sol əl barmaqlarının hərəkət və hissiyatın pozulması ilə müşayiət olunan yarası kimi ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmamaqla dayanıqlı itirməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid olan bədən xəsarəti yetirmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 126.1-ci maddəsi elan olunmuş ittihamdan təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisidir. Hadisə günü Amil ona zəng edib harada olduğunu soruşduqda, ona çayxanada olduğunu bildirmişdir. Amil telefonda onun “Zəhra” adlı qızla sevgili olub-olmadığını soruşduqda, ona Zəhra ilə sevgili olduğunu, hazırda Zəhrayla danışmadığını bildirmiş və Zəhranı kimin maraqlandığını soruşmuşdur. Amil Zəhranı kimin maraqlandığını bildirməmişdir. Belə olan halda Zəhranı maraqlanan şəxsə qarşı nalayiq ifadə işlətmişdir. Bir müddət sonra Tərlan ona zəng edib ona qarşı nalayiq ifadə işlədib-işlətmədiyini soruşmuşdur. O da nalayiq ifadə işlətdiyini bildirmiş və Tərlana “Söyüş söyən zaman sən olduğunu bilmirdim” demişdir. Tərlan onunla görüşmək istədiyini və harada olduğunu soruşduqda, ona çayaxanada olduğunu bildirmişdir. Bir müddət sonra Tərlan gəlmişdir. Tərlanla söhbət etdiyi zaman onun sinəsindən tutub itələmişdir. Elə bu vaxt özünü müdafiə etmək məqsədilə cibindən bıçağı çıxartmış və bıçağı 2-3 dəfə ona doğru atmışdır. Hava qaranlıq olduğu üçün Tərlana bıçaq vurduğunu hiss etməmişdir. Birdə görmüşdür ki, Tərlan aşağı doğru əyildi və daha sonra ayağa qalxıb qaçmağa başladı. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, bıçağı işləmək məqsədilə üzərində götürmüşdür. Bıçaq açılıb-qatlanan bıçaq olmuş və bıçağı işdə işləmək məqsədi ilə götürmüşdür. Bıçağı evdən xurma yığmaq məqsədilə götürmüşdür. Xurma yığdıqdan sonra “Elçin” adlı şəxslə çayxanaya getmişdir. Bir müddət sonra Amil ona zəng etmişdir. Tərlanı bıçaqla vurmaq məqsədi olmamışdır. Özünü müdafiə etmək məqsədilə bıçaq çıxartmışdır. Tərlanı əvvəlcədən tanımışdır. Tərlanla birlikdə qəbiristanlığa doğru getmişdir. Qəbiristanlıq çayxanadan 500 metr aralıda yerləşir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Normal münasibət qurmaq üçün “Zəhra” adlı qızla maraqlanmışdır. Eşitdiyinə görə Kənan da həmin qızla maraqlanmışdır. Bundan sonra Kənanın mobil nömrəsini tapmış, yaşı az olduğu üçün qohumu Amildən Kənana zəng edib, Zəhra ilə aralarında nə isə olub-olmadığı barədə ondan məlumat almasını xahiş etmişdir. Amil Kənana zəng etmiş Zəhrayla münasibətinin olub-olmadığını soruşduqda, Kənan Zəhrayla münasibətinin olduğunu bildirmiş, onu soruşan şəxsə qarşı nalayiq ifadə işlətmişdir. Bundan sonra Kənana zəng edib onunla üzüzə söhbət etmək istədiyini və harada olduğunu soruşmuşdur. Kənan çayxanada olduğunu bildirmişdir. Daha sonra Kənanın yanına getmişdir. Kənanla söhbət əsnasında niyə təhqir etdiyini soruşmuş və daha sonra onun sinəsindən tutub arxaya itələmişdir. Bundan sonra Kənan cibindəki bıçağı çıxarıb 3-4 dəfə ona doğru atmışdır. Qaranlıq olduğu üçün heç nə görə bilməmiş və özünü müdafiə etmək məqsədilə Kənana təpik atmışdır. Həmin vaxt bıçağın dəydiyini hiss etməsə də, sonra qolundan qan axdığını görüb hadisə yerindən qaçmışdır. Yaxınlıqda olan mağazanın yanında taksi fəaliyyəti ilə məşğul olan Famili görmüş və Familə onu xəstəxanaya çatdırmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, hazırda təqsirləndirilən şəxslə barışmış, ondan şikayət və tələbi yoxdur. Qızla heç bir münasibəti olmayıb. Hadisə zamanı təqsirləndirilən şəxs onu təhqir etdiyi üçün üzr istəməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxs həmkəndlisidir. Zərərçəkmiş şəxs isə qohumudur. Tərlan Kənana zəng etməyini və onun “Zəhra” adlı qızla münasibətinin olub-olmamasını soruşmağını xahiş etmişdir. Bundan sonra Kənana zəng etmiş və Tərlanın dediklərini soruşmuşdur. Kənan telefonda nalayiq ifadələr işlətmişdir. Ancaq Kənan nalayiq ifadələr işlədən vaxt barəsində nalayiq ifadələr işlətdiyi şəxsin Tərlan olduğunu bilməmişdir. Bundan sonra Tərlan Kənana zəng etmiş və niyə nalayiq ifadələr işlətdiyini soruşub onunla görüşmək istədiyini bildirmişdir. Daha sonra Tərlanla Kənan görüşmüşdür. Həmin vaxt o da orada olmuşdur. O, onlardan biraz aralıda dayanmışdır. Bir də görmüşdür ki, Kənan bıçaq çıxarıb Tərlana doğru atırmış. Tərlan isə hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Kənanın Tərlana 4-5 dəfə bıçaq atdığını görmüşdür. Qaranlıq olduğu üçün Kənanın bıçağı Tərlana doğru istiqamətləndiribistiqamətləndirmədiyini dəqiq görə bilməmişdir. Mübahisə axşam saat 7 radələrində baş vermişdir. Həmin vaxt hava qaranlıq olmuşdur. Mübahisə olan vaxt o, Tərlan və Kənandan 8-10 metr aralıda dayanmışdır. Tərlan Kənanla 1-2 metr aralıda dayanıb söhbət etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai araşdırma dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Ağdaş rayonu, Hüşün kənd sakinləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləridir. Ağdaş rayonu, Hüşün kəndində qeydiyyatda olsa da işi ilə əlaqədar olaraq uzun müddətdir ki, Bakı şəhərində yaşamışdır. 2023-cü ilin noyabr ayının əvvəllərində ailəsinə kömək etmək məqsədilə rayona gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində çörək almaq üçün kənddə yerləşən mağazaya getmiş, mağazanın qarşısına çatdıqdan sonra avtomobildən enib mağazaya tərəf gedən zaman bir nəfər şəxsin arxa tərəfdən “Famil sür, Famil sür” səslərini eşidib arxaya dönmüşdür. Bu zaman həmin şəxsin həmkəndlisi Tərlan olduğunu bilmişdir. Onun sağ əli ilə sol əlini dirsək nahiyəsindən tutmuş və əlindən qan axdığını görmüşdür. Bundan sonra onu təcili xəstəxanaya aparmağını söyləyib avtomobilinə əyləşmişdir. Bundan sonra Tərlanı dərhal Ağdaş rayon mərkəzi xəstəxanasına aparmış və həkimlərin Tərlana tibbi yardım göstərən zaman Tərlanının qardaşı Nurlana zəng edib bu barədə məlumat vermişdir. Tərlanın atası, qardaşı və əmisi gədikdən sonra özü yaşadığı evə qayıtmışdır. Zərərçəkmiş şəxs kim tərəfindən xəsarət yetirməsi barədə məlumatı olmamış və Zərərçəkmiş şəxs xəstəxanaya gətirən zaman yol boyu ondan nə baş verdiyini soruşsa da Tərlanın ona bu barədə məlumat verməmişdir. Tərlanın ona hadisə barədə məlumat vermədiyindən onun xəsarəti yıxılıb aldığını düşünmüş və bunun cinayət məsuliyyəti yaratdığıdan məlumatı olmamış və bu səbəblə polisə məlumat verməmişdir. Xəstəxanadan evə qayıtdıqdan sonra kənd sakinlərindən Tərlanla Kənan arasında mübahisə baş verdiyini və həmin vaxt Kənanın bıçaqla Tərlana xəsarət yetirdiyini eşitdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə Ağdaş RMX-nin həkimi Osmanov Ağdaş RPŞ-yə zəng edərək, Ağdaş rayon Hüşün kənd sakini xx.xx.2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sol biləyin iç hissəsinin kəsilmiş deşilmiş xəsarəti barədə məlumat vermişdir (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə Ağdaş RPŞ-yə müraciət edərək xx.xx.2023-cü il tarixdə saat 19:00-da həmkəndlisi Təqsirləndirilən şəxs bir dəfə bıçaqla onun sol qol nahiyyəsindən vuraraq xəsarət yetirməsini bildirmiş və Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 01 ədəd bıçağı təqdim etmiş, həmin bıçaq qara rəngli metaldan hazırlanmış, üzərinə müxtəlif şəkil və naxışlar həkk olunmuş, düz xəttli formalı taylardan ibarət olub, tiyəyə iki ədəd metal bərkidici bərkidilmiş, dəstək taylarının birinin uc tərəfinə qara rəngli metaldan 20 mm uzunluqda qarmaq vardır. Dəstəyin uzunluğu 120 mm, orta hissədən eni 22 mm və orta hissədən qalınlığı 9 mm-dir. Fotocədvəl müvafiq protokola əlavə edilmişdir (cild 01, iş vər. 15-16). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisənin baş verdiyi yer Ağdaş rayon Hüşün kəndində yerləşən qəbiristanlığın qarşısıdır. Hadisə yerini əks etdirən fotocədvəl müvafiq protokola əlavə edilmişdir (cild 01, iş vər. 16-19). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Ağdaş Rayon İcra Başçısının Kükəl kənd İƏD üzrə nümayəndəliyinin 12 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası Qanuni nümayəndə1, anası Əsmər Həsənova, qardaşları Nicat Həsənov, Cəmaləddin Həsənov və Rəvan Həsənov olmaqla Ağdaş rayon Hüşün kəndində yaşayır və qeydiyyatdadır (cild 01, iş vər. 36). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 37). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Ağdaş rayon Mərkəzi Xəstəxanası” PHŞ-in 25 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsindən alınmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 513 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – sol saidin aşağı 1/3-nin ön iç səthinin, vətər, sinir və damarların zədələnməsi, sol əl barmaqlarında hərəkət və hissiyatın pozulması ilə müşaiət olunan yarası, kəsicideşici alət(ola bilər bıçaq) təsirindən törənmiş, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmamaqla dayanıqlı itirilməsinə səbəb olduğundan sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddir (cild 01, iş vər. 51-53). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/132 saylı rəyində görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq – zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təssərüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, konstruksiyasında dəyişikliklər edilməmişdir (cild 01, iş vər. 82- 83). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağdaş rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2006-cı il Ağdaş rayonundan doğulmuşdur(cild 01, iş vər. 92). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 93). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 26 fevral 2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərini ifadəsi yerində yoxlanılan zaman hadisə yerində əyani şəkildə göstərmiş və ifadənin yerində yoxlanmasının qeydə alındığı videogörüntü həkk olunmuş disk protokola əlavə edilmşdir (cild 01, iş vər. 123-125). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş DİN BƏSİİ-nin 20.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 127). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 29,120.1, 126.2.1, 126.2.4, 221.3 və 228.4-cü maddələrinin tərkibi olmadığından həmin maddələrlə cinayət təqibinin başlanılması rədd edilmişdir (cild 01, iş vər. 132-140). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmış, ondan heç bir şikayət tələbi yoxdur və ona dəymiş maddi ziyanı ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və qeyd edilən sübutları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu, o cümlədən ittiham tərəfinin ona qarşı irəli sürdüyü ittihamı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə kollegiyası ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Belə ki, cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs həmkəndlisi olmuş və bir-birilərini tanımışlar. Cinayət hadisəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs Şahid1lə söhbət zamanı “Zəhra” adlı qızı sevdiyini, eşitdiyinə görə Kənanın da həmin qızla danışdığını və bunun doğru olub-olmadığını dəqiqləşdirmək üçün Kənana zəng etməyini xahiş etmişdir. Şahid1 onunla razılaşıb Kənana zəng etmişdir. O, Amilə onun telefonu ilə Kənana zəng etməyini və səsi açıq saxlamasını bildirmişdir. Amil, Kənan ilə danışan zaman Zəhra ilə münasibətinin olub-olmadığını soruşmuş. Kənan Zəhra ilə sevgili olduğunu söyləyib bu sualı ona verməyinin səbəbini soruşmuşdur. Amil ona yaxın tanışının həmin qızı sevdiyini söylədikdən sonra o Amildən həmin şəxsin kim olduğunu soruşmuşdur, Amil isə ona bunu bildirmədikdə onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Kənana zəng edib onunla üz-üzə söhbət etmək istədiyini və harada olduğunu soruşmuşdur. Kənan çayxanada olduğunu Tərlana bildirmiş və Zərərçəkmiş şəxs Kənanın yanına getmişdir. Nəticədə isə Tərlan Kənanla söhbət əsnasında onu niyə təhqir etdiyini soruşmuş və onun sinəsindən tutub arxaya itələmişdir. Kənan əvvəldən üstündə saxladığı bıçağı cibindən çıxarıb 3-4 dəfə ona doğru atmış və Zərərçəkmiş şəxs özünü müdafiə etmək məqsədilə Kənana təpik atmışdır. Tərəflər arasında mübahisənin davam etdiyi zaman Təqsirləndirilən şəxs bıçağı Zərərçəkmiş şəxs doğruldaraq onu vurmağa başlamış, təxminən 4-5 dəfədə bıçağı vursa da ona dəyməmiş, sonra Tərlan, sol əli ilə onu vurmaq istəyərkən bıçaqla Tərlanın sol qoluna zərbə endirərək xəsarət yetirmişdir. Bunun nəticəsində Zərərçəkmiş şəxs sol saidin aşağı 1/3-nin ön iç səthinin, vətər, sinir və damarların zədələnməsi, sol əl barmaqlarının hərəkət və hissiyatın pozulması ilə müşayiət olunan yarası kimi ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmamaqla dayanıqlı itirəsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid olan bədən xəsarəti almışdır. Yuxarıda göstərilən hallar cinayət işinin mübahisəsiz hallarıdır və bu hallar həm yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, həm də şahidlər Şahid1 ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı vermiş olduğu və ibtidai istintaqda verdiyi, həmçinin Şahid2 məhkəmə kollegiyasının iclasında elan edilməklə tədqiq edilmiş ifadəsi əsasında tam şəkildə öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlərlə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarətləri məhz yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbələr nəticəsində almışdır. Bununla da yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Eyni zamanda məhkəmə kollegiyası cinayət hadisəsinin baş verməsinə səbəb olmuş halları, yəni Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona nalayiq ifadələr işlətməsi ilə bağlı zəng etməsini, onun harada olması ilə maraqlanmasını, onun çayxanada olduğunu bildikdən sonra oraya getməsini, başqa sözlə, göstərilən bu halları bütövlükdə nəzərə alaraq, belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz Zərərçəkmiş şəxs ona qarşı sərgiləmiş olduğu hərəkətlərinin təsiri altında və həmin hərəkətlərin nəticəsində törətmişdir. Qeyd edilən hallar həm yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin məhkəmə istintaqında vermiş olduqları ifadələri əsasında tam şəkildə təsdiq olunduğundan, sözügedən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Bundan başqa, məhkəmə istintaqında Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxsla barışdığını, ona dəyən maddi ziyanı ödəməsini və onun yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın həmin şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Bundan başqa, Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığından məhkəmə kollegiyası ona cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsi ilə yanaşı, həmçinin həmin Məcəllənin 86.1-ci maddəsinin də tələblərinin nəzərə alınmasını mütləq sayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə görə Cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.33-1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan şəxs (uşaq) - 18 yaşına çatmayan şəxsdir. Həmin Məcəllənin 429-cu maddəsinə görə törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün), yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, yetkinlik yaşına çatmayanın fiziki intellektual və əqli inkişaf səviyyəsi və yetkinlik yaşına çatmayanın törətdiyi cinayətdə digər iştirakçılar olduqda onun barəsində cinayət işinin icraatının ayrılmasının mümkünlüyü halları müəyyən edilməlidir. Həmin məcəllənin 435.4-cü maddəsinə görə məhkəmə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadə verməsini, məhkəmədə özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət əməllərini törədərkən və hazırda yetkinlik yaşına çatmamasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, ona dəyən maddi ziyanın ödənilməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilən hallara və əsaslara baxmayaraq, məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətdiyi zorakı cinayət əməlinə tənqidi yanaşaraq bu kimi halları qınayır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmiş cinayətin məhz zorakı cinayət əməlinə aid olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların məcmusunu, yəni zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə törətdiyi cinayət əməlinə görə peşman olmasını, dəymiş maddi ziyanı ödəməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və əsasən də onun yaşını, (yetkinlik yaşına çatmamasını) nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxsin onunla barışmasını, dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə törətdiyi cinayət əməlinə görə peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və əsasən də onun yaşını, yəni cinayət əməlini törədərkən, habelə törətdikdən sonra yetkinlik yaşına çatmamasını, təyin ediləcək cəzanı çəkəcəyi təqdirdə onun yenidən cəmiyyətə adaptasiya olmasının mürəkkəb məsələyə çevrilməsini, onun hərbi xidmət üzrə yararlı olmasını və hazırki yaş dövrünü, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi və onun həmin cəzanı real şəkildə çəkməsi onun özünü və onun ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması onun məsuliyyətdən azad edilməsi kimi deyil, əksinə dövlət tərəfindən ona göstərilən mərhəmət və ədalət kimi qəbul edilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarının 2.21-ci bəndində göstərilmişdir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək vəzifə olaraq tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Ağdaş rayon Polis şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 30 (otuz) manat 60 (altmış) qəpik ekspertiza xərci yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə növündə cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 30 (otuz) manat 60 (altmış) qəpik ekspertiza xərci yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar