Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-151/2024 13.06.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Yevlax rayonunun Cırdaxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Yevlax rayonunun Cırdaxan kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 06 (altı) ədəd kağız bükümdə, 10 (on) ədəd kibrit qutusunda və 06 (altı) ədəd sellofan torbada ümumi çəkisi 531,39 qram eyni tərkibli külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edib 06 (altı) ədəd kağız bükümdə ümumi çəkisi 8,31 qram narkotik vasitə qurudulmuş marixuananı üzərində və 10 (on) ədəd kibrit qutusunda və 06 (altı) ədəd sellofan torbada olmaqla ümumi çəkisi 523,08 qram narkotik vasitə qurudulmuş marixuananı isə Yevlax rayonunun Cırdaxan kəndində yaşadığı fərdi yaşayış evində saxlamış, 20 dekabr 2023-cü il tarixdə saat 13:10 radələrində Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax rayonunun Cırdaxan kəndində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib üzərində orada həmin tarixdə saat 13:45-dən saat 14:10-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sağ cibindən qəsdən satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı 06 ədəd bükümdə olmaqla ayrı-ayrılıqda çəkiləri 0,96 qram, 1,95 qram, 0,97 qram, 1,44 qram, 1,32 qram və 1,67 qram olmaqla eyni tərkibli ümumi çəkisi 8,31 qram miqdarında narkotik vasitə qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüş, 20 dekabr 2023-cü il tarixdə saat 14:50-dən saat 15:06-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonunun Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin mətbəxində olan masanın altından 01 ədəd sellofan torbanın içərisindən Təqsirləndirilən şəxs məxsus 10 ədəd kibrit qutusunda ayrıayrılıqda çəkiləri 4,78 qram, 5,14 qram, 4,58 qram, 4,04 qram, 4,56 qram, 4,29 qram, 4,47 qram, 5,36 qram, 5,06 qram, 4,85 qram və 06 ədəd sellofan torbada ayrı-ayrılıqda çəkiləri 93,65 qram, 61,25 qram, 40,24 qram, 72,07 qram, 80,56 qram və 128,18 qram olmaqla eyni tərkibli ümumi çəkisi 523,08 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunmaqla qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, lakin 2016-cı ildən etibarən narkotik vasitədən istifadə etməmiş, habelə narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 20 dekabr 2023-cü il tarixdə təxminən saat 10:00- 11:00 radələrində yaşadığı fərdi yaşayış evində olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə aparılarkən üzərində narkotik vasitə olmamış, polis əməkdaşları ona qarşı zor tətbiq etməsələr də oğluna məxsus olan avtomobilə narkotik vasitə yerləşdirəcəkləri ilə hədələdikləri üçün, habelə polis əməkdaşı Şahid1 ona azadlığın məhdudlaşdırılması növündə olmaqla yüngül cəzanın təyin olunacağını dediyi üçün polis əməkdaşları tərəfindən ona təqdim edilmiş içərisində narkotik vasitə marixuana olan bükümlərin özünə məxsus olması barədə yalan ifadə vermək məcburiyyətində qalmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı fərdi yaşayış evinə getmiş və həmin vaxt orada başqa heç kəs olmamışdır. Orada olarkən polis əməkdaşları CM-in 234.1-ci maddəsi ilə ittiham olunacağını və həmin maddənin sanksiyasına uyğun cəzanın təyin olunacağını dedikləri üçün videoçəkilişdən istifadə edilməklə həmin evə baxış keçirilən zaman ona məlum olmayan şəxslər tərəfindən oraya yerləşdirilmiş və ona məxsus olmayan narkotik vasitə marixuana aşkar olunmuş və o, qeyd olunan səbəblərə görə narkotik vasitənin özünə məxsus olması barədə yalan ifadə vermək məcburiyyətində qalmışdır. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, narkotik vasitə marixuanadan istifadə edir. 2023-cü ilin dekabr ayının əvvəllərində Kür çayının Yevlax rayonunun Cırdaxan kəndinin ərazisindən keçən hissəsində balıq tutarkən orada yabanı halda bitmiş quru halda çətənə bitkisinin kolunu görmüş və həmin bitkinin üzərindəki yarpaqlarından gələcəkdə istifadə etmək üçün sellofan torbaya yığıb yaşadığı evə gətirmişdir. Evdə gələcəkdə istifadə etmək üçün həmin marixuananı torbalara, kibrit qutularına, sellofan və kağız bükümlərə yığmış və gündəlik olaraq istifadə etmişdir. 20 dekabr 2023-cü il tarixdə təxminən saat 12 radələrində evdə saxladığı marixuananın içərisində olan bir ədəd sellofan bükümün içərisinə yığdığı marixuananı istifadə etmək üçün götürüb kəndin mərkəzinə getmiş və saat 13 radələrində orada küçədə olarkən polis əməkdaşları tərəfindən Yevlax Rayon Polis Şöbəsinə aparılmışdır. Daha sonra hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan gödəkcənin sağ cibində saxladığı bir ədəd sellofan bükümün içərisində olan 06 ədəd içərisində marixuana olan bükümlər aşkar edilmişdir. O, aşkar olunmuş narkotik vasitəni özü üçün istifadə etmək məqsədi ilə gəzdirdiyini, satış məqsədilə saxlamadığını, heç kəsə narkotik vasitə satmadığını, satmaq məqsədinin olmadığını, qeyd olunan marixuananı Kür çayının Yevlax rayonunun Cırdaxan kəndinin ərazisindən keçən hissəsində balıq tutarkən yabanı halda bitmiş çətənə kollarından toplayıb yığdığını, göstərilən marixuanadan evdə də saxladığını və təqdim edə biləcəyini bildirmişdir. Daha sonra narkotik vasitə marixuana müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra onun ərizəsinə əsasən müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişdən istifadə edilməklə yaşadığı Yevlax rayonunun Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, bu zaman evin mətbəxində olan masanın alt tərəfində torbanın içərisində ayrı-ayrı sellofan torbalarda və kibrit qutularında saxladığı narkotik vasitə marixuana aşkar olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Yevlax Rayon Polis X1 Qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Yevlax rayonunun Cırdaxan kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə marixuana olması və onun yaşadığı Yevlax rayonunun Cırdaxan kəndində küçədə dayanması barədə 20 dekabr 2023-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin tarixdə saat 13 radələrində Yevlax rayonunun Cırdaxan kəndində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan gödəkcənin sağ yan cibində saxladığı bir ədəd sellofan bükümün içərisində olan 05 ədəd sellofan və 01 ədəd kağız bükümlərin içərisində marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümdəkilərin marixuana olduğu, həmin marixuanadan yaşadığı fərdi yaşayış evində də saxladığını və qeyd olunan marixuananı da təqdim edə biləcəyini bildirmişdir. Daha sonra narkotik vasitə marixuana müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ərizəsinə əsasən müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişdən istifadə edilməklə yaşadığı Yevlax rayonunun Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, bu zaman evin mətbəxində olan masanın alt tərəfindəki bir ədəd torbanın içərisində olan 06 ədəd sellofan torbada və 10 ədəd kibrit qutusunda saxladığı marixuanaya bənzər kütlə aşkar olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 20 dekabr 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Yevlax Rayon Polis Şöbəsinə Yevlax rayonunun Cırdaxan kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə marixuananı əldə etməsi, daşıması, saxlaması, istehlak etməsi və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Yevlax rayonunun Cırdaxan kəndində yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 20 dekabr 2023-cü il tarixli raportdan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Yevlax rayonunun Cırdaxan kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə marixuananı əldə etməsi, daşıması, saxlaması, istehlak etməsi və narkotik vasitələrin satışı ilə məşğul olması şübhəsi ilə həmin tarixdə saat 13:10-da Yevlax rayonunun Cırdaxan kəndində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 20 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan gödəkcənin sağ yan cibində saxladığı bir ədəd sellofan bükümün içərisində olan 05 ədəd sellofan və 01 ədəd kağız bükümlərin içərisində marixuanaya bənzər kütlə aşkar edilmişdir. Şəxsi axtarışın aparılmasının və maddi sübutun götürülməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş fərdi yaşayış evinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında 20 dekabr 2023cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs Yevlax rayonunun Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş və bu zaman evin mətbəxində olan masanın alt tərəfindəki bir ədəd torbanın içərisində olan 06 ədəd sellofan torbada və 10 ədəd kibrit qutusunda saxladığı marixuanaya bənzər kütlə aşkar edilmişdir. Baxış keçirilməsinin və maddi sübutun götürülməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 21 dekabr 2023-cü il tarixli 17/870 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Yevlax rayon sakini Təqsirləndirilən şəxs üzərindən götürülmüş qurudulmuş marixuanaya bənzər kütlə” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 04 (dörd) ədəd qırmızı, 01 (bir) ədəd göy-ağ rəngli sellofan bükümlərdə olan və 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,96 qram, 1,95 qram, 0,97 qram, 1,44 qram, 1,32 qram və 1,67 qram olmaqla ümumi təmiz çəkisi 8,31 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Yevlax rayon sakini Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş qurudulmuş marixuanaya bənzər kütlə” yazısı, adlar və imzalar olan zərfin içərisində olan 01 (bir) ədəd sellofan torbadakı 10 (on) ədəd kibrit qutularında və 06 (altı) ədəd şəffaf sellofan torbalarda uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 4,78 qram, 5,14 qram, 4,58 qram, 4,04 qram, 4,56 qram, 4,29 qram, 4,47 qram, 5,36 qram, 5,06 qram, 4,85 qram, 93,65 qram, 61,25 qram, 40,24 qram, 72,07 qram, 80,56 qram və 128,18 qram olmaqla ümumi çəkisi 523,08 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd zərfin içərisində olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 26 dekabr 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə marixuanadan istifadə etməsi və satışı ilə məşğul olması, onun üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümün içərisində 05 ədəd sellofan və 01 ədəd kağız bükümlərdə olan ayrı-ayrılıqda çəkiləri 0,96 qram, 1,95 qram, 0,97 qram, 1,44 qram, 1,32 qram və 1,67 qram olmaqla ümumi çəkisi 8,31 qram narkotik vasitə qurudulmuş marixuananı və yaşadığı evdən aşkar edilmiş 10 ədəd kibrit qutusunda və 06 ədəd sellofan torbada olan ayrı-ayrılıqda çəkiləri 4,78 qram, 5,14 qram, 4,58 qram, 4,04 qram, 4,56 qram, 4,29 qram, 4,47 qram, 5,36 qram, 5,06 qram, 4,85 qram, 93,65 qram, 61,25 qram, 40,24 qram, 72,07 qram, 80,56 qram və 128,18 qram olmaqla ümumi çəkisi 523,08 qram narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə saxlaması müəyyən olunmuş, lakin onun həmin narkotik vasitə qurudulmuş marixuananı haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 27 mart 2024-cü il tarixli 533 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananın qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 27 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 109.1-ci bəndinə əsasən, təmiz halda 500 qram və daha artıq, lakin 50000 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, CPM-in 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Cinayət işinin materiallarından görünür ki, 20 dekabr 2023-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsinə Yevlax rayonunun Cırdaxan kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə marixuananı əldə etməsi, daşıması, saxlaması, istehlak etməsi və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş və həmin narkotik vasitə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Bundan başqa, 20 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ərizəsinə əsasən Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının və müdafiəçinin iştirakları ilə onun Yevlax rayonunun Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, bu zaman narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş və həmin narkotik vasitə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 20 dekabr 2023-cü il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən və yaşadığı fərdi yaşayış evinə baxış keçirilərkən narkotik vasitələrin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Beləliklə də, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək narkotik vasitə marixuanadan istifadə etdiyini, 2023-cü ilin dekabr ayının əvvəllərində Kür çayının Yevlax rayonunun Cırdaxan kəndinin ərazisindən keçən hissəsində balıq tutarkən orada yabanı halda bitmiş quru halda çətənə bitkisinin kolunu gördüyünü, həmin bitkinin üzərindəki yarpaqlarından gələcəkdə istifadə etmək üçün sellofan torbaya yığıb yaşadığı evə gətirdiyini, evdə gələcəkdə istifadə etmək üçün həmin marixuananı torbalara, kibrit qutularına, sellofan və kağız bükümlərə yığdığını, gündəlik olaraq istifadə etdiyini, 20 dekabr 2023-cü il tarixdə təxminən saat 12 radələrində evdə saxladığı marixuananın içərisində olan bir ədəd sellofan bükümün içərisinə yığdığı marixuananı istifadə etmək üçün götürüb kəndin mərkəzinə getdiyini, saat 13 radələrində orada küçədə olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə aparıldığını, daha sonra müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkcənin sağ cibində saxladığı bir ədəd sellofan bükümün içərisində olan 06 ədəd içərisində marixuana olan bükümlərin aşkar olunduğunu, həmin narkotik vasitəni özü istifadə etmək məqsədi ilə gəzdirdiyini, satış məqsədilə saxlamadığını, heç kəsə narkotik vasitə satmadığını, satmaq məqsədinin olmadığını, qeyd olunan marixuananı Kür çayının Yevlax rayonunun Cırdaxan kəndinin ərazisindən keçən hissəsində balıq tutarkən yabanı halda bitmiş çətənə kollarından toplayıb yığdığını, göstərilən marixuanadan evdə də saxladığını və təqdim edə biləcəyini bildirdiyini, bundan sonra onun ərizəsinə əsasən müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişdən istifadə edilməklə yaşadığı Yevlax rayonunun Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirildiyini, bu zaman evin mətbəxində olan masanın alt tərəfindəki torbanın içərisində ayrı-ayrı sellofan torbalarda və kibrit qutularında saxladığı narkotik vasitənin aşkar olunduğunu desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə əvvəllər narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini, lakin 2016-cı ildən etibarən narkotik vasitədən istifadə etmədiyini, habelə narkotik vasitələrin satışı ilə məşğul olmadığını, 20 dekabr 2023-cü il tarixdə təxminən saat 10:00-11:00 radələrində yaşadığı fərdi yaşayış evində olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə aparılarkən üzərində narkotik vasitə olmadığını, polis əməkdaşları ona qarşı zor tətbiq etməsələr də oğluna məxsus olan avtomobilə narkotik vasitə yerləşdirəcəkləri ilə hədələdikləri üçün, habelə polis əməkdaşı Şahid1 ona azadlığın məhdudlaşdırılması növündə olmaqla yüngül cəzanın təyin olunacağını dediyi üçün polis əməkdaşları tərəfindən ona təqdim edilmiş içərisində narkotik vasitə marixuana olan bükümlərin özünə məxsus olması barədə yalan ifadə vermək məcburiyyətində qaldığını, bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı fərdi yaşayış evinə getdiyini, həmin vaxt orada başqa heç kəsin olmadığını, orada olarkən polis əməkdaşları CM-in 234.1-ci maddəsi ilə ittiham olunacağını və həmin maddənin sanksiyasına uyğun cəzanın təyin olunacağını dedikləri üçün videoçəkilişdən istifadə edilməklə həmin evə baxış keçirilən zaman ona məlum olmayan şəxslər tərəfindən oraya yerləşdirilmiş və ona məxsus olmayan narkotik vasitə marixuananın aşkar olunduğunu və qeyd olunan səbəblərə görə narkotik vasitənin özünə məxsus olması barədə yalan ifadə vermək məcburiyyətində qaldığını qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında, fərdi yaşayış evinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokollar, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış və götürmə aparılan zaman, habelə fərdi yaşayış evinə baxış keçirilərkən orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitənin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlərlə bağlı heç bir irad bildirilməmiş və protokollarda hər hansı qeyd aparılmamışdır. Eləcə də ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydı bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə heç kəsə məlumat verməmişdir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin portal axtarış sistemində hər hansı mobil telefon nömrəsi aşkar olunmamışdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman o, narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə edib saxladığını qeyd etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraiti ilə bağlı məhkəmə istintaqı zamanı qeyd etdiklərinə, habelə narkotik vasitəni əldə etməsinin məqsədi ilə bağlı isə ibtidai istintaq zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraiti ilə bağlı ibtidai istintaq zamanı qeyd etdiklərinin, eləcə də digər şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə qurudulmuş marixuananı əldə edərkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsini nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə qurudulmuş marixuananı əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsifi düzgündür. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Əliyev X5 rayonunun Cırdaxan kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Əliyev X3 Şəhər Məhkəməsinin 18 aprel 2014-cü il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökm Şəki Apellyasiya Məhkəməsinin 19 iyun 2014-cü il tarixli qərarına əsasən dəyişdirilərək Təqsirləndirilən şəxs 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və 05 yanvar 2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 15-ci maddəsinə əsasən həmin cinayət əməli az ağır cinayət hesab olunur və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəza çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək onun məhkumluğu ödənildiyindən sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətin residivini yaratmır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə cəzasını ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə həmin Məcəllənin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 20 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı həmin tarixdə saat 13:10-dan tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 20 dekabr 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 20 dekabr 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 530,95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını və yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsini əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 20 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 530,95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını və yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsini əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-151/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-151/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver