Məhkəmə qərarları › İş №1(091)-152/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-152/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-152/2023 07.06.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 3 saylı evdə qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd sellofan torbada külli miqdarda – 1005 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib qanunsuz olaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 16:00-də Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri Füzuli küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib üzərində orada həmin gün saat 17:20-dən 17:55-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əlində gəzdirdiyi sellofan torbada qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda 1005 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 17 yanvar 2023-cü il tarixdə günün ikinci yarısında Yevlax şəhərində yerləşən “İstanbul Mall” ticarət mərkəzinin qarşısında piyada hərəkətdə olduğu zaman polis əməkdaşları onu saxlamışdır. Bundan sonra, onu polis şöbəsinə aparmışlar və polis şöbəsində ona təzyiq göstərmişlər. Ümumiyyətlə saxlanıldığı vaxt üzərində narkotik vasitə olmamışdır. Ona təzyiq göstərdikləri üçün polis əməkdaşları ilə razılaşmış və narkotik vasitəni boynuna götürmüşdür. Səmimi olaraq etiraf edir ki, narkotik vasitənin heroin növündən istifadə edir. Ancaq həmin gün üzərində narkotik vasitə olmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları ona hədə-qorxu gəlmişlər. Belə ki, ona demişlər ki, əgər narkotik vasitəni boynuna almasa, evinə narkotik vasitə qoyacaqlar və qardaşını narkotiklə tutacaqlar. Əvvəllər CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Vəkilinə bildirmişdir ki, üzərində narkotik vasitə olmamışdır. Vəkili də ona bildirmişdir ki, onda gərək videoçəkiliş zamanı etiraf etməyəydi və razılaşmazdı. “İstanbul Mall” ticarət mərkəzinin qarşısında piyada hərəkətdə olduğu zaman saxlanılmşdır. Onu saxladıqları zaman polis əməkdaşları 4 nəfər olmuşdur. Bundan sonra, onu Yevlax Rayon Polis Şöbəsinə aparmışlar. İlk əvvəl onu əməliyyatçının otağına aparmışlar və hədə-qorxu gəlmişlər. Hətta ona demişlər ki, o, əvvəllər məhkum olduğu üçün güya bu iş ona yapışır. O, narkotik vasitəni boynuna almırmış. Ona görə də, polis əməkdaşları onu döymüşlər. Saxlanıldığı saatı dəqiq xatırlamır. Əgər səhv etmirsə, günün ikinci yarısı saxlanılmışdır. Saxlanıldığı vaxt üzərində narkotik vasitə olmamışdır. Həmin gün üzərində sənəd və siqareti olmuşdur. Narkotik vasitəni ona polis şöbəsində vermişlər. Polis əməkdaşları ayağının altına vururmuşlar. Barəsində həbs qətimkan tədbiri seçildiyi vaxt məhkəməyə döyüldüyünü bildirməmişdir. Barəsində həbs qətimkan tədbiri seçildiyi vaxt məhkəməyə etirafedici ifadə vermişdir. X2 daxil olduğu vaxt döyüldüyünü həkimlərə bildirməmişdir. Döyülmə faktı ilə bağlı prokurorluğua şikayət ərizəsi yazmışdır. Ərizə yazdıqdan sonra Yevlax rayon prokurorluğundan əməkdaş gəlmiş və onu dindirmişdir. Əvvəllər narkotiklə məhkum olunmuşdur. Saxlanıldığı zaman ümumiyyətlə onun üzərində narkotik vasitə olmamışdır. İbtidai istintaq zamanı ifadə verdiyi vaxt təzyiq altında olmuşdur. Ona görə də, polis əməkdaşları ilə razılaşmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaqı zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, əvvəllər CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasını çəkdiyi üçün azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra hərdən narkotik vastə olan marixuanadan istifadə edir. Həmin narkotiki isə yabanı halda bitmiş narkotikdən yığıb istifadə etmişdir. 2022-ci ilin yay aylarında Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində təzə köpünün yaxınlığında balıq tutarkən yabanı halda bitmiş quru halda çətənə bitkisinin kolunu görmüş və həmin bitkinin üzərindəki yarpaqlarından gələcəkdə istifadə etmək üçün sellofan torbaya yığmış və qurutduqdan sonra bir hissəsin istifadə etmək üçün götürmüş, qalan hissəsin isə sellofan torbaya yığaraq gələcəkdə istifadə etmək üçün orada gizlətmişdir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində təkcə piyada marixuananı gizlətdiyi yerə getmiş və həmin gün saat 16 radələrində təkcə Yevlax şəhəri Füzuli küçəsi ilə piyada yaşadığı evə gedərkən ona tərəf iki nəfər mülki formada şəxs yaxınlaşmış, özlərin təqdim etmişdirlər. Onlar polis əməkdaşları olmuşdur. Polis əməkdaşları onu tanımış və o, üstündə narkotik vasitə olduğundan həyacanlanmışdır. Ona görə onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində onun razılığı ilə video çəkilişlə üstünə baxış keçirilmiş, baxış zamanı o, əlində olan sellofan torbada saxladığı narkotik vasitə olan marixuananı təqdim etmişdir. O, özü də həmin kütlənin narkotik vasitə olduğunu və 2022-ci ilin yay aylarında Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində balıq tutarkən yabanı halda bitmiş çətənə bitkisindən yığdığını və gələcəkdə istifadə etmək üçün orada gizlətdiyini və marixuanası qurtardığı üçün gedib götürərək istifadə etmək üçün evlərinə apardığını bildirmişdir. Bundan sonra narkotik vasitə götürülüb tərəzidə çəkilmiş və sonra bu barədə protokol tərtib edilmiş, o da protokola imza etmişdir. O, narkotik vasitə qəbul etsədə heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 17 yanvar 2023-cü il tarixdə polis şöbəsində olmuş, ünvan 3 saylı evdə yaşayan, əvvəllər məhkum olunmuş, Təqsirləndirilən şəxs üstündə narkotik vasitə olan marixuna olması və onun Yevlax şəhəri Füzuli küçəsi ilə yaşadığı küçələri istiqamətində getməsi barədə ona məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məlumat vermiş, sənədləşdirmə apardıqdan sonra digər əməkdaşla birlikdə saat 16 radələrində Yevlax şəhəri Füzuli küçəsinə getmişlər. Bəhruzun küçə ilə yaşadığı küçə istiqamətində getdiyini görmüş, ona yaxınlaşmış, özlərini təqdim etmişlər. Bəhruz özünü şübhəli apardığına görə onlarla polis şöbəsinə getməsini bildirmiş, o da etiraz etməyib onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müdafiəçi dəvət etmiş və sonra vidieo çəkilişlə Bəhruzun üstünə baxış keçirilmişdir. Baxış zamanı Bəhruz əlində saxladığı 1 ədəd içərisində yaşıl rəngli ota oxşar kütlə olan sellofanı çıxarıb masanın üzərinə qoymuşdur. O, selofan torbada narkotik vasitə olan marixuana olduğunu demişdir. Sellofan torbaya baxış keçirilərkən oradan yaşıl rəngli ot ovuntusuna oxşar, özünə məxsus kəskin iyi olan marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Sorğu-sual zamanı Bəhruz sellofan torbada olanın marixuana olduğu, həmin marixuananı 2022-ci ilin yay aylarında Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində balıq tutarkən orada yabanı halda bitmiş çətənə bitkisindən yığdığını və istifadə etmək üçün orada gizlətdiyini və hazırda marixuanası qurtardığı üçün gedib gizlətdiyi yerdən götürüb gələcəkdə istifadə etmək üçün evlərinə apardığını bildirmişdir. Həmin sellofanda olan marixuanaya oxşar kütlə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid1 göstərmişdir ki, əvvəllər də Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatları daxil olmuş, lakin realizə olunmamışdır. Onun barəsində əmliyyat qeydiyyat işi açılmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə xx.xx.1988-ci ildə Yevlax rayonunda doğulmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması, istehlakı və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 1, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1988-ci ildə Yevlax rayonunda doğulmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05-06). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 16:00-da narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması, istehlakı və satışı ilə məşğul olmaqda şübhəli bilinən, xx.xx.1988-ci ildə Yevlax rayonunda doğulmuş, əvvəllər CM-in 234.1, 234.2-ci maddələri ilə məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Yevlax şəhər Füzuli küçəsində saxlanılaraq, Yevlax RPŞ-yə gətirilmişdir (cild 1, iş vər. 08). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması və sübutun götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı bir ədəd sellofan torbanın içərisindən şəffaf sellofana bükülü narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilib götürülmüşdür. Şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülərək müvafiq protokola əlavə olunuşdur (cild 01, iş vər. 25-32). Cinayət işinin materiallarında olan məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/75 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd şəffaf sellofan torbada çəkisi 1005,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə ( kannabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (cild 01, iş vər. 40-43). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2023-cü il tarixli 650 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qarkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindiromu aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür (cild 01 iş vər. 103). Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Narkoloji Dispanseri Yevlax Rayon Narkoloji kabinetindən təqdim olunmuş arayışdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Yevlax şəhər narkoloji kabinetində qeydiyyatda durur (cild 01, iş vər. 87). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.2 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 120-124). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarxdə Yevlax Rayon Polis Şöbəsinə Yevlax Rayon Polis Şöbəsinə xx.xx.1988-ci ildə Yevlax rayonunda doğulmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması, istehlakı və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin də iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlənin ona məxsus olmaması, polis tərəfindən döyülməsi və təzyiq altında ifadə verməsi barədə qeyd etdiklərinə gəldikdə məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərini müdafiə xarakterli ifadələr kimi qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, şəxs bu formada ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışır. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə qarşısına çıxarılarkən, habelə istintaq təcridxanasına gətirilib həkim müayinəsindən keçərkən polis əməkdaşları tərəfindən döyülməsi və ya hər hansı təzyiqə məruz qalması barədə heç nə bildirməmiş, həmçinin müayinə zamanı da onun bədənində hər hansı bir xəsarət aşkar edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs döyülmə faktı ilə bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılmış və xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd olunması haqqında” qərar qəbul olunmuşdur. Həmin qərar müdafiə tərəfinə təqdim olunmuş, lakin müdafiə tərəfindən mübahisələndirilməmişdir və hazırda qüvvədədir. Odur ki, məhkəmə kollegiyası şəxsin məhkəmə istintaqı zamanı həmin hissədə qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir altında qalmadan verdiyi ifadəsini əsaslı sayər və iş materialları ilə üst-üstə düşdüyü üçün məhz həmin ifadəni ona elan olunan ittihamın əsasına qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır, yaşayış yeri üzrə qismən yaxşı səciyyələndirilir (cild 01, iş vər. 89-90). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş və sonuncu dəfə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 91-92). Belə olan halda CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin residivi müəyyən edilir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. Həmin cinayət əməli az ağır cinayət sayıldığından və CM-in 83.3.3cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxs cəzasını çəkib qurtardıqdan sonra 02 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin residivi yaranmış olur. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. İlk dəfə cinayət əməli törətmiş şəxslə müqayisədə təkrar cinayət törətmiş şəxs daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən həmin şəxslərə eyni cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil etmiş olar. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin yarısından az olmayan həddə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 21-22). Cinayət işinin materiallarında olan qərardan görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 75-79). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzaçəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 1004,90 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358 -ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 1004,90 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar