Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-152/2025 03.07.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi barədə) Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 2003-cü ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, təhsili olmayan, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində qətimkan tədbiri əvəzinə xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətməsi ilə əlaqədar cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yetirilən anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 14 iyul 2024-cü il tarixdə saat 00 radələrində Ağdaş şəhəri, M.P.Vaqif küçəsi, ev 44 ünvanında yerləşən yaşadıqları fərdi yaşayış evində atası Zərərçəkmiş şəxs xərcləmək üçün ona az məbləğdə pul verməsindən sonra aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həmin evin mətbəxinə gedərək oradan soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını götürüb Zərərçəkmiş şəxs yanına qayıdaraq mübahisəni davam etdirməklə sonuncunun qarın nahiyəsinə bıçaqla qəsdən 3 zərbə vurmaqla yetirilən anda insan həyatı üçün təhlükəli olan qarın nahiyəsinin 3 ədəd, mədənin, köndələn çənbər bağırsağın, linfa axarının, müsariqə arteriyalarının zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan daxilə keçən yaraları kimi qəsdən sağlamlığına ağır zərər vuran xəsarətlər yetirmişdir. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə cinayət-prosessual fəaliyyəti olmayan hesab edildiyindən məhkəmə istintaqı zamanı dindirilməmiş, onun ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələri elan olunaraq tədqiq olunmuş və o, həmin ifadələrində göstərmişdir ki, anadangəlmə nitq pozğunluğu və əqil zəifliyi olduğu üçün orta məktəbə getməmişdir və İİİ dərəcə əlilliyi olan şəxsdir. Zərərçəkmiş şəxs onun atası, Qanuni nümayəndə isə onun anasıdır. 13 iyul 2024cü il tarixdə saat 23 radələrində atası Zərərçəkmiş şəxs yanına gedərək pul istəmiş, atasının ona 12 manat məbləğində pul verdiyini görüb daha artıq məbləğdə pul verməsini istəmiş, lakin atası daha artıq məbləğdə pul verməmişdir. Təxminən 10-15 dəqiqə sonra yenidən atası Zərərçəkmiş şəxs yaxınlaşaraq pul istəmiş, həmin vaxt atası Zərərçəkmiş şəxs evin yataq otağında taxta döşəmənin üzərində əyləşmiş, daha sonra atası onun bacısı Şahid çağırmış, sonuncu da oraya gəlib ona 1 manat məbləğində pul vermişdir. Bundan sonra o, 14 iyul 2024-cü il tarixdə saat 00 radələrində əvvəlcə evin həyətinə, daha sonra isə yenidən əsəbləşib atasının yanına getmiş və ona daha artıq məbləğdə pul verməsini bildirmişdir. Lakin atası Zərərçəkmiş şəxs ona daha artıq məbləğdə pul verməmiş və ona otaqdan çıxmasını işarə etmişdir. Bundan sonra aralarında mübahisə baş vermiş, daha sonra o, atasını qorxutmaq üçün mətbəxə gedib oradan bıçağı götürmüş və yenidən atasının yanına gələrək ona pul verməsinə işarə etmişdir. Lakin atası Zərərçəkmiş şəxs ona bıçağı yerinə qoymasını və otaqdan çıxmasını işarə etmiş, o isə əsəbləşərək əyilib atasının qarın hissəsinə bıçaqla bir neçə zərbə vurmuş, lakin neçə zərbə vurduğunu xatırlamamışdır. Bu zaman atasının qarın hissəsindən qanın axdığını görüb qorxmuş, dərhal evin giriş qapısına tərəf qaçmış və həmin vaxt anası Qanuni nümayəndə və bacısı Şahid onun tutmağa çalışsalar da buna nail ola bilməmişlər. Bundan sonra o, evi tərk edib küçəyə çıxmış, oradan da qonşusu Təmais Süleymanovanın həyətinə daxil olmuş və bıçağı həyətdəki ağacın alt hissəsinə tullamışdır. Daha sonra həmin yeri tərk edib yaşadığı evə qayıtmış və anası Qanuni nümayəndə ilə birlikdə Ağdaş Rayon Polis Şöbəsinə gedərək özünü təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əri, Təqsirləndirilən şəxs isə oğludur. Təqsirləndirilən şəxs anadangəlmə nitq pozğunluğu və əqil zəiflik olmuş və İİİ dərəcə əlillik müəyyən olmuşdur. 14 iyul 2024-cü il tarixdə saat 00 radələrində yaşadıqları Ağdaş şəhəri, M.P.Vaqif küçəsi, ev 44 ünvanında yerləşən fərdi yaşayış evində olarkən Zərərçəkmiş şəxs Şahid çağırıb Təqsirləndirilən şəxs 1 manat məbləğində pul verməsini demiş, Şahid da Təqsirləndirilən şəxs həmin məbləğdə pulu vermiş, bundan sonra isə yenidən həyətə düşmüşlər. Bundan bir qədər sonra Zərərçəkmiş şəxs qışqıraraq onları çağırdığını eşitmişlər və Şahid ilə birlikdə dərhal evin giriş qapısına doğru getmişlər. Evə daxil olarkən Təqsirləndirilən şəxs əlində bıçaqla qaçaraq onlara tərəf gəldiyini görmüşlər, sonuncunu saxlamağa çalışsalar da buna nail ola bilməmişlər və sonuncu həyətin dəmir darvazasına doğru qaçmışdır. O və Şahid Zərərçəkmiş şəxs yanına getmişlər və sonuncunun olduğu otağa daxil olduqda sonuncunun taxta döşəmənin üzərində uzandığını və qarın nahiyəsindən qanın axdığını görmüşlər. Daha sonra Zərərçəkmiş şəxs nə baş verdiyini soruşmuşlar və sonuncunun deməsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən bıçaqla xəsarətlərin yetirilməsi ona məlum olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs xatırlamadığı taksi ilə əvvəlcə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına, oradan da Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparmışlar və sonuncu orada əməliyyat olunmuşdur. Daha sonra evə qayıtdıqda Təqsirləndirilən şəxs orada olmadığını görmüş, bir neçə saat sonra sonuncu evə gəlmiş və ardınca isə sonuncu ilə birlikdə Ağdaş Rayon Polis Şöbəsinə getmişlər. Hazırda oğlu Təqsirləndirilən şəxs müalicə olunması üçün onun himayəsinə verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur və sonuncuda anadangəlmə nitq pozğunluğu və əqil zəiflik olmuş və İİİ dərəcə əlillik müəyyən olmuşdur. 13 iyul 2024cü il tarixdə saat 23 radələrində yaşadıqları Ağdaş şəhəri, M.P.Vaqif küçəsi, ev 44 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında taxta döşəmənin üzərində uzanıb televizora baxarkən Təqsirləndirilən şəxs onun yanına gələrək pul istəmiş, sonuncuya 2 manat məbləğində pul vermiş, lakin Təqsirləndirilən şəxs daha artıq məbləğdə pul istədiyinə işarə edərək çıxıb getmişdir. 14 iyul 2024-cü il tarixdə saat 00 radələrində Təqsirləndirilən şəxs yenidən onun yanına gələrək əli ilə az məbləğdə pul verməsinə işarə edib daha artıq məbləğdə pul istəmiş, o isə daha artıq məbləğdə pul verməyəcəyini və otaqdan çıxıb getməsini sonuncuya bildirmişdir. Bundan sonra aralarında mübahisə baş vermiş, bu vaxt Təqsirləndirilən şəxs otaqdan çıxıb mətbəxə tərəf qaçmış və oradan bıçağı götürüb yenidən onun yanına gələrək pul verməsinə işarə etmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs onu qorxutmaq üçün bıçaq götürdüyünü fikirləşmiş və bu səbəbdən də bıçağı yerinə qoymasını və otaqdan çıxmasını sonuncuya işarə etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs anidən əyilib əlindəki bıçaqla onun qarın nahiyəsinə zərbə vurmuş, lakin neçə zərbə vurduğunu xatırlamamış və əlləri ilə qarın nahiyəsini sıxıb qışqıraraq Qanuni nümayəndə ilə Şahid çağırmışdır. Bu zaman Təqsirləndirilən şəxs əlində bıçaqla qaçaraq otaqdan çıxmış, bir qədər sonra arvadı Qanuni nümayəndə və qızı Gültən Zülfüqarov onun yanına gəlib nə baş verdiyini soruşmuş, o isə Təqsirləndirilən şəxs ona bıçaqla zərbə yetirdiyini demişdir. Bundan sonra onu xatırlamadığı taksi ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparmışlar, sonrasını isə xatırlamır. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır və sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı, Zərərçəkmiş şəxs isə onun atasıdır. 14 iyul 2024-cü il tarixdə saat 00 radələrində yaşadıqları Ağdaş şəhəri, M.P.Vaqif küçəsi, ev 44 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində olarkən atası Zərərçəkmiş şəxs onu çağırıb Təqsirləndirilən şəxs 1 manat məbləğində pul verməsini demiş, o da həmin məbləğdə pulu sonuncuya vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əli ilə pulun məbləğinin az olduğuna işarə etmiş, lakin o, yenidən qeyd olunan məbləğdə pulu sonuncuya vermiş və həyətə getmişdir. Bundan bir qədər sonra 14 iyul 2024-cü il tarixdə saat 00 radələrində anası Qanuni nümayəndə ilə birlikdə həyətdə olarkən Zərərçəkmiş şəxs qışqıraraq onları çağırdığını eşitmişlər və anası Qanuni nümayəndə ilə birlikdə dərhal evin giriş qapısına doğru getmişlər. Evə daxil olarkən Təqsirləndirilən şəxs əlində bıçaqla qaçaraq onlara tərəf gəldiyini görmüşlər, sonuncunu saxlamağa çalışsalar da buna nail ola bilməmişlər və sonuncu həyətin dəmir darvazasına doğru qaçmışdır. O və Qanuni nümayəndə Zərərçəkmiş şəxs yanına getmişlər və sonuncunun olduğu otağa daxil olduqda sonuncunun taxta döşəmənin üzərində uzandığını və qarın nahiyəsindən qanın axdığını görmüşlər. Daha sonra Zərərçəkmiş şəxs nə baş verdiyini soruşmuşlar və sonuncunun deməsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən bıçaqla xəsarətlərin yetirilməsi ona məlum olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs xatırlamadığı taksi ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılmış, o isə evdə qalmışdır. Bundan bir qədər sonra anası Qanuni nümayəndə evə gələrək Zərərçəkmiş şəxs əməliyyat olunduğunu demiş, bir müddət sonra Təqsirləndirilən şəxs da evə gəlmiş və ardınca isə sonuncu ilə Qanuni nümayəndə birlikdə Ağdaş Rayon Polis Şöbəsinə getmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin (barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 14 iyul 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 00:43-də Ağdaş Rayon Mərkəzi Xəstəxanasından Ağdaş Rayon Polis Şöbəsinə telefonla zəng olunaraq Zərərçəkmiş şəxs “qarın boşluğunun kəsilmiş-deşilmiş yarası” xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 14 iyul 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 02:35-də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından Ağdaş Rayon Polis Şöbəsinə telefonla zəng olunaraq Zərərçəkmiş şəxs “qarın boşluğunun 3 ədəd kəsilmiş-deşilmiş (2 ədədi daxilə nüfuz edən) yarası” xəsarətləri ilə xəstəxanaya gətirilməsi barədə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 14 iyul 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evidir. Fərdi yaşayış evinin dəhlizinin sonunda yataq otağı yerləşir və hadisə həmin yataq otağında baş vermişdir. Baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş vətəndaşın könüllü gəlməsinə dair 14 iyul 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə 00 radələrində Təqsirləndirilən şəxs anası Qanuni nümayəndə ilə birlikdə Ağdaş Rayon Polis Şöbəsinə gələrək özünü təqdim etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında haqqında 14 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 15 iyul 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsidir. Evin həyətyanı sahəsində giriş qapısından sağ tərəfdə yarımtikili vəziyyətdə olan ev yerləşir. Təqsirləndirilən şəxs yarımtikili evin qarşısındakı əncir ağacını göstərib Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı həmin əncir ağacının alt hissəsinə tulladığını bildirmişdir. Həmin əncir ağacının sağ tərəfində 2 metr məsafədə 01 ədəd bıçaq aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bıçağı göstərib Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağın qeyd olunan bıçaq olduğunu bildirmişdir. Bıçaq qatlanmayan, tiyə və dəstək hissədən ibarət olub bıçağın ümumi uzunluğu 210 mm-dir. Bıçağın tiyəsi əyilmiş formadadır və üzərində hər hansı qan ləkələri yoxdur. 01 bıçaq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 16 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməballistik ekspertizasının 13 avqust 2024-cü il tarixli 3-16-16-2-17/684 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq bir tərəfi kəsici, ucu deşici xassəyə malik, zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və konstruksiyasında dəyişikliklər edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş 15 avqust 2024-cü il tarixli 3xx-xx/240220058 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 iyul 2024-cü il tarixdə saat 00 radələrində Ağdaş şəhəri, M.P.Vaqif küçəsi, ev 44 ünvanında yerləşən yaşadıqları fərdi yaşayış evində Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs ona xərcləmək üçün az məbləğdə pul verməsindən sonra aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yaşadıqları evin mətbəxindən götürdüyü bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə bıçaqla qəsdən 3 zərbə vurmaqla xəsarət yetirməsi, X2 Təqsirləndirilən şəxs Aqil Zülfüqara xəsarət yetirdikdən sonra onun həyətyanı sahəsinə daxil olmasını və bıçağı həyətyanı sahəsindəki əncir ağacının alt hissəsinə qoymasını görməməsi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyanın tanınmasının aparılması haqqında 25 avqust 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə tanınması üçün 03 ədəd bıçaq zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim edilmiş və sonuncu təqdim edilən bıçaqları nəzərdən keçirib 2 sayı ilə nömrələnmiş sap (dəstək) hissəsi göy rəngli, kəsici hissəsi isə boz rəngli mətbəx bıçağını göstərərək Təqsirləndirilən şəxs həmin bıçaqla ona xəsarət yetirdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 26 sentyabr 2024-cü il tarixli 515 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizası zamanı onda “qarın nahiyəsinin 3 ədəd, mədənin, köndələn çənbər bağırsağın, linfa axarının, müsariqə arteriyalarının zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan daxilə keçən yaraları” diaqnozu ilə, 14 iyul 2024-cü il tarixdə deşici-kəsici alətin təsirindən törənmiş və həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlər aşkar edilmişdir. Onun bədənində aşkar olunan xəsarətlər ekspertizaya təqdm olunan bıçaqla yetirilə bilərlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 26 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 07 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə elan edilmiş ittiham həmin tarixdə qüvvəsində saxlanılmış və barəsində CM-in 29,120.1, 126.2.3, 126.2.4, 157.1, 221.3 və 228.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən Ağdaş Rayon Polis Şöbəsinə ünvanlanmış 02 oktyabr 2024-cü il ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ona bıçaqla xəsarətlər yetirməsi ilə bağlı sonuncu ilə barışdığını və sonuncuya qarşı hər hansı şikayətinin və tələbinin olmadığını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.P.Vaqif küçəsi, ev 44 ünvanında yaşamışdır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, X1 şəhəri, M.P.Vaqif küçəsi, ev 44 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək cinayət əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yetirilən anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurma cinayətini törətmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, həqiqətən də, Təqsirləndirilən şəxs tərəfindən CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş qeyd olunan cinayət əməli törədilmişdir. Lakin məhkəmə istintaqı ilə yuxarıda göstərilən ictimai təhlükəli əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlinsə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs həmin ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmişdir, hazırda da şəxs anlaqsız vəziyyətdədir. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. Belə ki, “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli 08 nömrəli Qərarının (bundan sonra – Qərar) 12-ci bəndinə əsasən, məhkəməyə ittiham aktı və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolu ilə daxil olmuş işin məhkəmə araşdırması zamanı şəxsin ictimai təhlükəli əməl törədərkən anlaqsız vəziyyətdə olması və ya cinayət törətdikdən sonra onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarından məhrum edən psixi xəstəliyə tutulması müəyyən edildikdə məhkəmə cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmadan CPM-in LV və LVİ fəsillərində nəzərdə tutulmuş qaydada icraatı davam etdirir və icraatın nəticələrinə dair müvafiq qərar qəbul edir. Bu Qərarın 13-cü bəndinə əsasən, tibbi xarakterli məcburi tədbirlərin növünü müəyyən edərkən məhkəmə qəbul etdiyi qərarı CM-in 96-98-ci maddələrinin göstərişlərini rəhbər tutmaqla barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi nəzərdə tutulmuş şəxsin psixi vəziyyəti barədə məhkəmə-psixiatrik ekspertizasının rəyini və iş üzrə toplanmış başqa sübutları müqayisəli şəkildə qiymətləndirməklə əsaslandırmalıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 29 iyul 2024-cü il tarixli 18-1- 22/2-1044/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 31 iyul 2024-cü il tarixli 539 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. O, xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından və əqli gerilik xəstəliyindən əzab çəkmir. O, hal-hazırda hər hansı psixi fəaliyyətin müvəqqəti pozulmasından və əqli gerilik xəstəliyindən əzab çəkmədiyindən istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. O, cinayət əməlini törədərkən onun hərəkətləri CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks stasionar məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 20 dekabr 2024-cü il tarixli 207 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs “Yüngül dərəcəli əqli gerilik (debillik dərəcəsində oliqofreniya), davranış pozuntusu ilə” formasında əqli gerilik müəyyən edilir. Onun əziyyət çəkdiyi yüngül dərəcəli əqli gerilik hal-hazırda da kəskin təzahür etdiyi və davranış pozuntusu nəzərə çarpacaq dərəcədə özünü göstərdiyi üçün onun özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etdiyi, stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyən edilir. Onun barəsində CM-in 95.0.3-cü maddəsinə uyğun olaraq, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Elmi ədəbiyyatlarda olan məlumatlara əsasən (istinad edilmiş ədəbiyyat siyahısı rəyin sonunda göstərilmişdir) yüngül dərəcəli əqli gerilik əqli geriliyin erkən uşaqlıqdan nəzərə çarpan inkişaf geriliyi və şəxsin sonrakı yaş dövrlərində müxtəlif yardım növlərinə möhtac olması ilə səciyyələnən bir formasıdır. O, hal-hazırda da davranış pozuntusu ilə müşahidə olanan yüngül dərəcəli əqli gerilikdən əziyyət çəkir. Onun törətmiş olduğu cinayət əməlinə tənqidi münasibəti formalaşmadığından həmin şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. O, qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən ciddi davranış pozuntusu ilə müşahidə olunan yüngül dərəcəli əqli gerilikdən əziyyət çəkdiyindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də o, təqsirləndirildiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab edilməlidir. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. O, təqsirləndirildiyi cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən və hal-hazırkı psixi vəziyyətinə görə onun barəsində CM-in 95.0.3-cü maddəsinə uyğun olaraq, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Onun hal-hazırkı psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Belə ki, o, cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, etdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. Onun əqli və psixi inkişafında gerilik əlamətləri aşkar olunur. O, primitivlik, qıcığa qarşı həssaslıq, səthilik, başqalarına və özünə qarşı laqeydlik, davranışlarını iradi tənzimləmənin çatışmazlığı, implusivlik və konfliktə meyllilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Onun törətdiyi əməl zamanı psixi-emosional vəziyyəti, onda müəyyən edilən davranış pozuntusu ilə şərtləşmişdir. O, cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təkrar kompleks stasionar məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 24 yanvar 2025-ci il tarixli 11 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən “Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” müəyyən edilir. O, qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən ciddi davranış pozuntusu ilə müşahidə olunan yüngül dərəcəli əqli gerilikdən əziyyət çəkdiyindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də o, təqsirləndirildiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab edilməlidir. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. O, təqsirləndirildiyi cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən və hal-hazırkı psixi vəziyyətinə görə onun barəsində CM-in 95.0.3-cü maddəsinə uyğun olaraq, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Onda “Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” aşkar olunur. O, hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərini idarə etmək iqtidarında deyil. Onun hazırkı psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Onun əqli və psixi inkişafında gerilik əlamətləri aşkar olunmaqla, o, primitivlik, səthilik, qıcığa qarşı həssaslıq, başqalarına və özünə qarşı laqeydlik, davranışlarını iradi tənzimləməsində çətinlik çəkmək, implusiv davranışlara və konfliktə meyllilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən onun psixi-emosional vəziyyəti, onda müəyyən edilən yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə şərtləşmişdir. O, cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin başlanması haqqında 07 fevral 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə X6 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 08 fevral 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə X10 cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının 28 aprel 2025-ci il tarixli 55 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən “Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” psixi pozuntusundan əziyyət çəkmişdir. O, ona ittiham olunan cinayət əməlini törədərkən ciddi davranış pozuntusu ilə müşahidə olunan yüngül dərəcəli əqli gerilikdən əziyyət çəkdiyindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə o, təqsirləndirildiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab edilməlidir. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. O, ona ittiham olunan cinayət əməlini törədərkən ciddi davranış pozuntusu ilə müşahidə olunan yüngül dərəcəli əqli gerilikdən əziyyət çəkdiyindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. O, hal-hazırda da “Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” psixi pozuntusundan əziyyət çəkir. O, təqsirləndirildiyi cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən və hal-hazırkı psixi vəziyyətinə görə onun barəsində CM-in 95.0.3-cü maddəsinə uyğun olaraq, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Halhazırkı stasionar məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində müəyyən edilir ki, onda hal-hazırkı stasionar məhkəmə-psixiatrik ekspertizası zamanı həmin yanıldıcı davranış (simulyasiya hərəkətləri) aşkarlanmamışdır. CM-in 21.1-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. CM-in 21.2-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. CM-in 93.1-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə psixi pozuntusu ilə əlaqədar məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilir. CM-in 93.2-ci maddəsinə əsasən, bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. CM-in 94-cü maddəsinə əsasən, psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. CM-in 95.0.3-cü maddəsinə əsasən, məhkəmə tərəfindən təyin edilən tibbi xarakterli məcburi tədbirlərdən biri də ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicədir. CPM-in 468-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin 468- 478-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır. CPM-in 470-ci maddəsinə əsasən, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat başlanmış şəxslərin işləri üzrə onun tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədildiyi yer, vaxt, üsul və digər hallar, əməlin həmin şəxs tərəfindən törədilməsi, əməl törədilənədək həmin şəxsdə psixi xəstəliyinin olması, əməlin törədildiyi anda və ondan sonra araşdırmanın aparılması zamanı xəstəliyin dərəcəsi və xarakteri, həmin şəxsin əməli törədənədək və ondan sonrakı davranışı və vurulmuş zərərin xarakteri və məbləği müəyyən edilməlidir. CPM-in 477.3-cü maddəsinə əsasən, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə kollegiyası cinayət-prosessual qanunvericiliyin tələbləri çərçivəsində qanuni şəkildə əldə olunmaqla iş materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq edilən biri digərini tamamlayan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini sübuta yetirilmiş hesab edərək belə nəticəyə gəlir ki, o, yuxarıda qeyd olunan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən göstərilən maddə ilə cinayət məsuliyyətindən və cəzadan azad olunmalı, ekspertiza rəylərinə və CM-in 95.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq, ona ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalı və qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına həvalə edilməlidir. Eyni zamanda iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 14 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 14 iyul 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 ay olmaqla, 14 fevral 2025-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri həmin tarixdə xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbiri ilə əvəz edilmişdir. CPM-in 474.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində zəruri hallarda qətimkan tədbiri əvəzinə xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək təhlükəsizlik tədbiri seçilə bilər. CPM-in 474.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və ətrafdakılar üçün təhlükəli olan şəxsin anlaqsız vəziyyətdə olması faktının müəyyən edildiyi andan həmin şəxsin mühafizəsi mütləq təmin edilməklə, yalnız məhkəmənin əsaslandırılmış qərarı əsasında həmin şəxsin xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirilməsinə yol verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin əvəzinə seçilmiş xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbirinin digər qətimkan və ya təhlükəsizlik tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutun tanınması və təhvil verilməsi haqqında 29 avqust 2024-cü il tarixli qərardan görünür ki, cinayət törədilərkən istifadə edilən alət olan bir ədəd bıçaq həmin tarixdə maddi sübut qismində tanınmışdır və hazırda Ağdaş Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerində saxlanılır. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 08 nömrəli Qərarının 14-cü bəndinə əsasən, cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-in 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. CPM-in 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerində saxlanılan cinayət törədilərkən istifadə edilən alət olan bir ədəd bıçaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən, iş üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 30,60 (otuz manat altmış qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 197.2-ci maddəsinə əsasən, bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 30,60 (otuz manat altmış qəpik) manat təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilməli və həmin pul dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və CPM-in 344-348, 356, 358, 384, 385, 470, 474 və 477-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına tapşırılsın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri əvəzinə seçilmiş xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerində saxlanılan cinayət törədilərkən istifadə edilən alət olan bir ədəd bıçaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 30,60 (otuz manat altmış qəpik) manat təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilsin və həmin pul dövlət büdcəsinə aid edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova
Məhkəmə qərarları › İş №1(091)-152/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(091)-152/2025
03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver