Məhkəmə qərarları › İş №1(091)-153/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-153/2021

01.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-153/2021 01.09.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X11, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlərə dair Məhkəmələrdə Dövlət İttihamını müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X12, zərərçəkmiş şəxsin hüquqi varisi: X20 zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yevlax Regional Vəkil Bürosunun vəkili X5 xx xxxx 1990-cı il tarixdə Yevlax rayonu Qaroğlan kəndində doğulmuş, subay, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Qaraoğlan kəndində pasport qeydiyyatında olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təqsviri-əsaslandırıcı hissədə CM) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 fevral 2021-ci il tarixdə axşam saatlarında Yevlax rayonu Qaraoğlan kəndində yerləşən yaşadığı evdə olarkən şəxsi sənədlərini ailə üzvlərinə aid sənədlərin toplandığı yatağ otağında saxlanılan çemodana qoyarkən oradan təsadüfən aşkar etmiş olduğu 3 ədəd DVD disk və bir ədəd yaddaş kartına baxdıqda, orada 12.10.2016-cı il tarixdə rəsmi nigaha daxil olmaqla 25.08.2020-ci il tarixdə Yevlax rayon məhkəməsinin 2(039)-933/2020 nömrəli qətnaməsi əsasında boşanmış olduğu keçmiş arvadı X13 ilə həmkəndlisi və qonşusu olan X21 arasında atası Şahid1 tərəfindən yaşadıqları ünvana quraşdırılmış olan videomüşahidə cihazı vasitəsilə qeydə alınmış 03.03.2020-ci il tarixə olan intim görüntüləri gördükdən sonra səhəri gün, yəni 21 fevral 2021-ci il tarixdə görmüş olduğu kadrların təsirindən nə edəcəyini qərarlaşdırarkən evlərinin yanından keçən Xəyal Səfərovun ona ehyamla nalayiq ifadə işlədərək öz evlərinə tərəf getdiyini görüb ondan qisas almaq və görmüş olduğu görüntülərə görə onu cəzalandırmaq məqsədilə saat 13 radələrində yaşadığı evdə öz otağında olan sandıqda yerləşdirmiş olduğu H-669 nömrəli 24.09.2020-ci ildə verilmiş şəhadətnamə əsasında özünə məxsus olan Toz-53 markalı, 16 kalibrli, “B” modelli, 28811-53 №-li, xarici çaxmaqlı qoşalüləli, yivsiz odlu ov tüfəngini və 02 ədəd “Cheddite” markalı həmin tüfəngdə istifadə edilməsi üçün nəzərdə tutulmuş patronu götürərək evdən çıxmış və evin arxa tərəfi ilə Xəyal Səfərovun yaşadığı evin giriş darvazasının sağ tərəfində yerləşən özlərinə məxsus yardımçı tikilinin içərisinə gəlmiş, oradan əvvəlcə tüfəngin hər iki lülə kanalına patronları yerləşdirib tüfəngi atəşə hazır vəziyyətə gətirdikdən sonra yardımçı tikilinin qapısını yarımçıq açaraq öz yardımçı tikililərində heyvanların yemlənməsi ilə məşğul olan Xəyal Səfərovun arabaya yığmış olduğu təzəyi onların yardımçı tikililərinin qarşısına gətirməsini görüb qapını açaraq bayıra çıxmış və onu görərək təəccüblü şəkildə dayanaraq ona “indi qeyrətə gəlmisən ?” deyən Xəyal Səfərova “daha bu kənddə heç kimin anası və bacısına sataşa bilməyəcəksən” deyərək silahı Xəyal Səfərova tuşlamaqla 2-3 metr məsafədən əvvəlcə Xəyal Səfərovun qarın nahiyəsinə bir dəfə atəş açmaqla ona “qarının ön divarının kor odlu silah yarası” ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa ağır zərər vuran bədən xəsarəti yetirmiş, daha sonra geri çönüb içəri girmək istəyərkən Xəyal Səfərovun yarımuzanıq vəziyyətdə onu səsləməsini eşidib geri qayıdaraq atmış olduğu atəşin Xəyal Səfərovun bədən səthindən sızıb keçməsini zənn edib ona daha da yaxınlaşaraq sifət nahiyəsinə ikinci dəfə atəş açmaqla ona bilavasitə ölümünə səbəb olan baş beynin zədələnməsi və beyin toxumasına qansızma ilə müşayiət olunan “sağ tərəf çənəaltı nahiyənin kor odlu silah yarası” xarakterli dərəcəsinə görə sağlamlığa ağır zərər vuran xəsarət yetirməklə Xəyal Səfərovu şəxsi münasibətlər zəminində qəsdən öldürməklə həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 120.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-ci ildə Oğuz rayonu Xaçmaz kənd sakini olan dayısı qızı X19 ilə evlənmiş, birgə nigahdan 2017-ci ildə oğlan övladları dünyaya gəlmişdir. 2019-cu ilin dekabr ayında Rusiya Federasiyasının Çerkez şəhərinə dostlarının yanına işləməyə getmiş, iki ay Rusiya Federasiyasında işlədikdən sonra ona evdən zəng olunaraq atasının xəstə olması səbəbi ilə Azərbaycana qayıtması bildirilmişdir. 2020-ci ilin mart ayının əvvəlində Azərbaycana qayıtmış, evə gəldikdən sonra atası onunla söhbətində kövrələrək arvadı Samirənin onu aldadaraq xəyanət etməsini, Samirənin atasını və anasını çağırıb yola salmasını bildirmişdir. Atasından arvadının kiminlə yazışmasını soruşduqda sonuncu ona Samirənin qonşuları Xəyal Səfərovla münasibətinin olmasını bildirmişdir. Həmin vaxt Xəyalın mobil telefonuna zəng edərək görüşmək istədiyini bildirmiş, ancaq Xəyal Bakı şəhərində olduğunu bildirərək onu söyüb telefon zəngini bitirmişdir. Ailə üzvləri onu sakitləşdirməyə çalışmış, Xəyalla danışıqlarının səhəri günü Oğuz rayonu Xaçmaz kəndinə gedib Samirənin atası və anası ilə söhbət etmək istəsə də anasının vəziyyəti pisləşdiyindən Samirə ilə danışa bilməmişdir. Həmin vaxt atası Mayis də onunla birlikdə getmiş, Samirə ilə danışmağa çalışsa da Samirə ona “bağışla” deyərək ağlamışdır. Evdə bir neçə dəqiqə övladını görüb daha sonra atasının təkidi ilə geri qayıtmış, Oğuz rayonundan qayıtdıqdan sonra boşanma ərizəsi ilə Yevlax rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmədə də etibarnamə əsasında atası iştirak etmiş, təxminən 2020-ci ilin avqust ayında məhkəmə qətnaməsi ilə arvadı Samirədən boşanmışdır. X17 isə arvadının himayəsində qalmışdır. Utandığına görə çox çölə çıxa bilməmiş, həmin vaxt yalnız arvadı ilə Xəyal arasında telefonla danışıqları və mesajlaşma olmasını hesab etmişdir. Xəyal əvvəl evlərindən çıxıb getsə də boşandığı vaxtdan bir müddət sonra qardaşları yenidən Xəyalı yaşadıqları evə gətirmişlər. Atası Xəyalın qardaşlarına Xəyalı həmin evə qaytarmalarına görə iradını bildirmiş, Xəyal evə qayıtdıqdan sonra onların evinin yanından keçərkən hərdənbir ona ehyam vuraraq qonşularında bir dənə kişi olmamasını demişdir. 2020-ci ilin dekabr ayında Cəlilabad rayonuna qardaşı Cahangir Həsənəliyevin yanına gedib orada qalmış, 2021-ci ilin fevral ayının əvvəli Yevlaxa yaşadığı kəndə qayıtmışdır. Hadisədən təxminən 4-5 gün əvvəl Oğuz rayonuna gedib orada övladını görüb bir neçə gün də orada qalıb yenidən fevral ayının təxminən 18-19-u yaşadığı kəndə qayıtmışdır. 20 fevral 2021-ci il tarixdə saat 19 radələrində evdə olarkən özünə məxsus şəxsiyyət vəsiqəsini termonun qarşısından, xarici pasportu isə paltar şkafında olan kostyumun cibindən götürüb evdə digər otaqda ailə üzvlərinin sənədlərinin yığıldığı çemodana qoymaq istəmiş, diplomatı axtarıb yataq otağında çarpayının altında tapmışdır. Diplomatı çarpayının altından çıxarıb kodunu tam olaraq sıfırlayıb açmış, diplomatı tərsinə açdığından içərisindən fləşkart və bir neçə disk çıxmışdır. Fləşkartı götürüb özünə məxsus Samsung markalı telefona taxmış, Fləşkartın içərisində qardaşı arvadı Şahid2 ilə arvadı Samirənin mesajlaşmalarını görmüşdür. Həmin mesajlaşmalarda Lalənin Samirəni ələ almaq istəməsini və Samirənin Xəyalla arasında olan münasibət barədə etirafını eşitmişdir. Bundan başqa Samirənin səs yazısı da olmuş, Samirə həmin səs yazısında onun Xəyalla arasında olan münasibəti Xəyalın heç kimə deməyəcəyini demişdir. Bundan sonra əsəbləşib diplomatda tapdığı bir neçə diski evdə olan DVD-yə taxıb televizorda baxarkən arvadı ilə Xəyal arasında olan intim görüntülərin əks olunduğunu görmüşdür. Həmin görüntüləri görüb özünü itirmiş, görüntülər evin həyətinə atası tərəfindən gizlin quraşdırılmış kameralar vasitəsilə qeydə alınmışdır. Boşanma zamanı məhkəmədə sübut kimi təqdim edilməsi üçün atası Xəyal və Samirə arasında olanları çəkmişdir. Əvvəl diskləri götürüb həmin vaxt əmisigildə olan atasının yanına getmək istəmiş, ancaq yarı yolda fikrini dəyişərək geri qayıtmışdır. Artıq özündən utanmış, səhərə kimi oyaq qalıb əvvəl intihar etmək istəsə də ancaq öləndən sonra da Xəyalın ailə üzvlərini narahat edəcəyini düşündüyündən fikrindən daşınmışdır. Xəyalın onun şərəf və ləyaqətinə sataşmasını və onu rüsvay etməsinə görə özünə yer tapa bilməmişdir. 21 fevral 2021-ci il tarixdə səhər tezdən durub namaz qılıb çarpayıda oturub düşünmüş, həyətə düşüb biraz gəzib məsələni necə həll edəcəyini fikirləşmişdir. Saat 12 radələrində həyətdə olarkən Xəyalın hardansa öz evlərinə tərəf gəlməsini görmüş, Xəyal onların evinin yanından keçərkən onun tərəfə baxıb “peysər” daha sonra isə “mənim qonşularım nə gündədir” deyib getmişdir. Xəyalın ona belə söz atmalarından bezmiş, sonuncu sözlərindən sonra artıq özlüyündə Xəyalı qətlə yetirmək fikrini dəqiqləşdirmişdir. Xəyalın 21.02.2021-ci il tarixdə onu təhqir etməsindən sonra evə çıxıb öz adına sənədləşmiş qoşalüləli “TOZ” markalı 16 kalibrli tüfəngi sandıqdan götürmüşdür. Silahı götürüb ədyalın arasında olan 2 dənə patronu gödəkçəsinin cibinə qoyub silahı yığmış və pəncərənin qarşısına qoymuşdur. Daha sonra qapını bağlayıb həyətə düşmüş, evin digər tərəfinə fırlanıb silahı pəncərənin qarşısından götürmüşdür. Evin arxası ilə Xəyalın yaşadığı evin yaxınlığında olan tövləyə tərəf getmiş, bayırdan tövlənin açıq olmasını görüb Xəyalın da içəridə olmasını düşünmüşdür. O öz tövlələri tərəfə gedib içəridə silahı açıb patronların hər ikisini çıxarıb tüfəngin lülə yuvasına qoymuş, silahı divara söykəyib tövlədən yola olan çıxışı açmışdır. Məqsədi Xəyalın tövlədən çıxıb gəlməsini görmək olmuş, Xəyalın səsini eşitdikdəm bir neçə dəqiqə sonra Xəyal qapıdan əlində araba ilə çıxmışdır. Xəyal onlar tövlədən yola çıxan hissəni istifadə edə bilməmələri üçün tövlənin qapısının qarşısına yığdığı təzək və çay daşlarının yanına çatdıqdan sonra qapını qəflətən açıb Xəyalın qarşısına çıxmışdır. Aralarında təxminən 4-5 metr məsafə qalmış, silahı Xəyala tərəf tutaraq “ay şərəfsiz sən idin mənim qapıma girən?“ demiş, Xəyal isə ona “nədi indi qeyrətə gəlmisən?“ demişdir. Xəyala indiyə kimi baş verənlərdən tam xəbəri olmadığını bildirmiş, sonra Xəyala “artıq bu kənddə heç kimin anasına və ya bacısına sataşa bilməyəcəksən” deyib silahı nişan alıb Xəyala ilk atəşi açmışdır. Xəyal sinəsini tutub səndələyərək yerə uzanmış, artıq Xəyalın ölmüş olacağını düşünüb silahın lüləsini aşağı salıb geri qayıtmaq istəyərkən Xəyal yenidən başını qaldırıb ona tərəf “ayə, ayə” deyib nə isə demək istəyəndə atdığı atəşin Xəyala dəymədiyini görüb Xəyala tərəf biraz da yaxın gedib təxminən 1-2 metrlikdən Xəyal istiqamətində ikinci dəfə atəş açmışdır. Xəyalın ikinci atəşdən sonra başını yerə qoyduğunu gördükdən sonra silah əlində yenidən tövləyə qayıtmış, qapını arxadan bağlayıb öz həyətlərinə keçmişdır. Həyətə çatdıqda atasının həyəcanlı halda eyvanda dayandığını görmüşdür. Atası onu görüb atəş açanın o olubolmamasını soruşmuş, atasına nəyə görə baş verənləri ondan gizlətmələrinə görə irad bildirmiş və Xəyalı artıq öldürdüyünü demişdir. Atası üzərinə gəlib onu bir neçə dəfə şillələyib daha sonra polisə zəng etmişdir. Bundan əvvəl özü də atasından polisə zəng etməsini istəmişdir. Daha sonra atası təcili yardıma da zəng etmişdir. Bir müddət sonra polis əməkdaşları gəlib onu polis şöbəsinə aparmış, atası da həmin vaxt silahı polis əməkdaşlarına təhvil vermişdir. Xəyal Səfərovu qətlə yetirərkən küçədə onlardan başqa heç kim olmamış, atəş açmamışdan əvvəl Xəyal Səfərovla aralarında hər hansı əlbəyaxa və ya mübahisə olmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X20 ifadəsində göstərmişdir ki, qardaşı qətlə yetirilməmişdən 3 ay əvvəl Könül adlı qadınla qeyri-rəsmi olaraq evlənmiş, Xəyal Qaraoğlan kəndində anası ilə birlikdə yaşamışdır. Şahid1 və Təqsirləndirilən şəxs onların qonşuluğunda yaşamış, Mayisla əvvəllər münasibətləri normal olmuşdur. Həmçinin gediş-gəlişləri də olmuşdur. Mayisın oğlu Qorxmaz evli olmuş, sonradan boşanmışdır. Şahid1 04 mart 2020-ci il tarixdə onu yaşadıqların evin qarşısına çağıraraq qardaşı Xəyal Səfərovla gəlini arasında cinsi əlaqənin olmasını evlərinə gizli olaraq quraşdırmış olduğu kamera vasitəsilə aşkar etməsini bildirmişdir. Həmin vaxt Mayisın oğlu Qorxmaz Rusiya Federasiyasında olmuş, Mayis ona Xəyalı həmin evdən aparıb başqa yerdə saxlamalarını istəmişdir. Bundan sonra evə qayıtdıqda Xəyaldan bu barədə soruşduqda Xəyal ona özünün Mayisın gəlininin ona zəng etməsini və bir neçə dəfə aralarında telefon danışdıqlarının olmasını demişdir. Bundan sonra onlar həmin gün Xəyalı evdən çıxarıb Mingəçevir şəhərinə aparmış, Xəyal təxminən 6 ay Mingəçevir şəhərində qaldıqdan sonra isə Yevlax rayonu Qaraoğlan kəndində yaşadığı evə qayıtmışdır. 21.02.2021-ci il tarixdə oğlu Coşqun ona zəng edərək əmisi Xəyalın evin qarşısında öldürüldüyünü demiş, həmin vaxt əkin sahəsində olmuşdur. Sahədən gəldikdə artıq qardaşının meyitini müayinə edilməsi üçün morqa aparıldığını bilmişdir. X29 və sonuncunun qardaşları tərəfindən öldürülməsini hesab edir. Təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun 4 övladından biri olmaqla təxminən 5 il əvvəl arvadı Yazgül Həsənəliyevanın qardaşı qızı Samirə Məmmədli ilə rəsmi olaraq evləmiş, birgə nigahlarından Ömər adlı övladları olmuşdur. Evləndikdən sonra Qorxmaz arvadı Samirə ilə birlikdə onunla birlikdə yaşamış, digər oğlu Elnur da ailəsi ilə birlikdə onlarla bir evdə yaşamışdır. Qorxmaz evləndiyi vaxtdan Samirə ilə ər-arvad münasibətləri normal olmuş, 2020-ci ilin yanvar ayında Qorxmaz işləmək məqsədi ilə Rusiya Federasiyasına getmişdir. Rusiyaya getməmişdən əvvəl Qorxmaz arvadı Samirəyə smartfon tipli mobil telefon alıb vermişdir. Qorxmaz Rusiyaya getdikdən bir ay sonra onun arvadı Yazgül ona fevral ayında gecə saat 3 radələrində su içmək üçün mətbəxə gedib geri qayıdarkən Samirənin telefonda deyəsən kiminləsə danışmasından şübhələndiyini bildirmişdir. Bundan əlavə Yazgül Samirədən səhərlər gözünün altını qaralmış görüb niyə gecə gec yatmasını soruşub kiminlə danışmasını soruşduqda Samirə Yazgülə guya qardaşı ilə danışmasını bildirmişdir. Arvadı ona bu barədə dedikdən sonra Samirənin kiminlə danışmasını dəqiqləşdirmək üçün gedib Mingəçevir şəhərindən 110 manatlıq mobil telefon alıb gətirib digər gəlini Laləyə vermiş və sonuncudan həmin telefonu xəlvətcə Samirənin otağına qoymasını istəmişdir. Ancaq Lalə telefonu qoyduğu yerdə səs yaxşı yazıla bilməmiş, daha sonra isə özü həmin mobil telefonu Samirənin çarpayısının baş tərəfinə skoçla yapışdırıb səs yazanı aktiv eləmişdir. Sonradan Samirənin gecələr qardaşı ilə yox başqa şəxslə danışdığını müəyyən etmiş, ancaq kiminlə danışmasını dəqiqləşdirə bilməmişdir. Samirənin kiminlə münasibəti olmasını və kiminləsə görüşüb görüşmədiyini öyrənmək üçün yaşadığı evdə 2 yerə videomüşahidə cihazı quraşdırmışdır. Bu məqsədlə Samirəni atasıgilin yaşadığı Oğuz rayonu Xaçmaz kəndinə göndərib özü Mingəçevir şəhərinə gedib oradan ev üçün videomüşahidə cihazı alıb gətirmiş, həmin cihazı evin 2 tərəfindən çəpərin alçaq yerində və Samirənin yatdığı otağın pəncərəsinin yuxarısında kameraları quraşdırmışdır. Əvvəlcə çəkilişləri yaddaşa sala bilməmiş, bundan sonra monitor alıb kameraları idarə etməyi öyrənmişdir. 03 mart 2020-ci il tarixdə axırıncı dəfə Samirənin qonşuluqda yaşayan Xəyalla görüşməsini görüb həmin görüntüləri diskə köçürmüş, daha sonra Samirənin ailəsini çağırıb baş verənləri üstüörtülü danışaraq Samirəni aparmalarını istəmişdir. Samirə getdikdən sonra oğlu Qorxmazı Azərbaycana çağırmış, həmin vaxt Samirənin Xəyalla intim görüntülərinin olmasından yalnız arvadı Yazgüllə özünün xəbəri olmuşdur. Qorxmaz yaşadıqları Yevlax rayonu Qaraoğlan kəndinə qayıtdıqdan sonra o, X18 yazışmalarının olmasını və buna görə də Samirəni atası evinə yola saldığını bildirmişdir. X24 intim münasibətlərini əks etdirən görüntülər barədə Qorxmaza heç nə deməmişdir. Bundan sonra boşanma ilə əlaqədar məhkəməyə müraciət etmiş, məhkəmədə də Samirə baş verənləri etiraf etmişdir. Məhkəmə qərarı əsasında Qorxmazla Samirənin arasında olan nigah qeydi 2020-ci ilin avqust ayında pozulmuş, uşaq isə anasının himayəsinə verilmişdir. Boşandıqdan sonra karantin dövrünə düşdüyü və ölkənin xarici sərhədləri bağlı olduğu üçün Qorxmaz Rusiyaya qayıda bilməmiş, Samirənin görüntüləri olan diskləri və səs yazıları ilə mesajlar olan yaddaş daşıyıcısını özündə diplomatda saxlamışdır. Boşanmadan əvvəl gəlini Lalədən Samirəylə yazışıb Xəyal barəsində bildiyini deyib Samirənin etiraflarını öyrənməsini xahiş etmiş, Lalə Samirə ilə yazışdıqda da Samirə özünün Xəyalla münasibətlərini etiraf etmişdir. Qorxmaz boşandıqdan sonra əsasən özünə qapanıq şəkildə evdə oturmuş, heç bir yerə getməmiş, heçkimlə görüşməmişdir. Boşanmadan sonra Xəyalın qardaşı Səfərə hansısa pis hadisə baş verməməsi üçün qardaşları Xəyalı kənddən aparmalarını bildirmiş, Səfər Xəyalı buna görə üç aylıq kənddən uzaqlaşdırmışdır. Lakin sonradan Xəyal yenidən kəndə qayıtmışdır. 2020-ci ilin dekabr ayında Qorxmaz Cəlilabad rayonuna gedib qardaşı Cahangirin yanında təxminən 2 aya yaxın qaldıqdan sonra evə qayıtmış, bir müddət sonra təxminən 2-3 günlük Oğuz rayonuna getmişdir. 21 vefral 2021-ci il tarixdə səhər evdə arvadı və oğlu Qorxmaz ilə birlikdə olmuş, digər oğlu Sahil səhər tezdən örüşə getmişdir. Elnur hadisədən bir neçə gün əvvəl ailəsi ilə birlikdə Mingəçevir şəhərində yaşayan qaynatasıgilə getmiş və orada qalmışdır. Qorxmazın tüfəngi öz otağında olan sandığın içərisində saxlanılmışdır. Saat 13 radələrində evdə uzanıb televizora baxarkən çöldən 1 dəfə tappıltı səsi gəlməsini eşidib bayıra çıxmış, arvadı həmin vaxt həyəti süpürüb yaxınlıqda yaşayan qardaşı Cavadın evinə keçmişdir. Həyətə düşdükdə Qorxmazın əlində tüfənglə tövlə tərəfdən gəlməsini görmüş, Qorxmaz ona çatdıqda Xəyalı tüfənglə vurduğunu bildirmişdir. Rayon Polis Şöbəsinin daxili nömrəsinə və təcili yardıma zəng edərək hadisə barədə xəbər vermiş, polis əməkdaşları gələnə kimi Qorxmaz pilləkəndə oturub disklərdəki görüntüləri görməsini bildirmiş və nə səbəbə həmin gorüntüləri gizlətdiklərini soruşub iradını bildirmişdir. Qorxmaza nə isə pis hadisə törətməsin deyə həmin görüntüləri gizlətdiklərini bildirmişdir. Bir az sonra polis əməkdaşları gəlib Qorxmazı aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2013-cü ildə Yevlax rayonu Qaraoğlan kənd sakini Elnur Həsənəliyevlə ailə həyatı qurmuş, birgə nikahlarından 2 uşaqları olmuşdur. Təqsirləndirilən şəxs onun qaynı olmaqla keçmiş arvadı Samirə ilə birlikdə Yevlax rayonu Qaraoğlan kəndində bir evdə yaşamışlar. Qaynatası Şahid1 Samirənin kiminləsə münasibəti olmasından şübhələndikdən sonra ondan xahiş edərək xəlvətcə Samirənin otağına gedib səsini yazmasını xahiş etmişdir. Samirə həmin vaxt özünün Xəyalla münasibəti olmasını, yaşadıqları evin həyətində gecələr Xəyalla görüşdüyünü və cinsi əlaqədə olduğunu etiraf etmiş, bundan sonra Samirə yeni il bayramı ilə əlaqədar Oğuz rayonuna gedib bir müddət orada qalmışdır. Qaynatasının təkidi ilə o, yenə də whatsapp tətbiqi vasitəsilə Samirənin 055 *** ** ** mobil nömrəsi ilə mesajlaşmışarkən Samirə həmin yazışmalar zamanı da özünün Xəyalla münasibətlərini etiraf etmişdir. 06 mart 2021-ci il tarixdə qaynatası Şahid1 Samirənin atasını çağırıb məsələni danışmış və bundan sonra uşaqla birlikdə Samirəni yola salmışdır. Samirə getdikdən sonra Samirə ilə Xəyalın münasibətlərinə dair qaynatasında videogörüntülərin olmasından xəbəri olmuş, ancaq görüntüləri görməmişdir. 07 mart 2021ci il tarixdə Qorxmaz Azərbaycana qayıtmış, qayınatası Mayis Qorxmaz qayıtdıqdan sonra Qorxmaza Samirə ilə Xəyalın mesajlaşması barədə və bunun nəticəsində Samirəni atası evinə göndərməsini demişdir. Samirənin Xəyalla intim münasibətlərini əks etdirən videogörüntülərin olmasını isə Qorxmazdan gizlətmişdir. Xəyal təxminən 2020-ci ilin yay aylarından etibarən yenidən qonşuluqlarındakı evdə yaşamağa başlamış, bir neçə ay əvvəl evlənmişdir. 19 fevral 2021-ci il tarixdə atasının xəstəliyi ilə əlaqədar əri Elnur və uşaqları ilə birlikdə Mingəçevir şəhərinə getmiş, 21 fevrala kimi orada qalmışlar. 21 fevral 2021-ci il tarixdə Elnurun əmisi oğlu Rəşadın zəngindən sonra Elnur Rəşadla birlikdə harasa getmiş, Elnur evdən çıxarkən telefonu üzərində götürməsini unutmuşdur. Bir müddət sonra Elnur Rəşadın nömrəsindən onun atası Arazın nömrəsinə zəng edərək qardaşı Qorxmazın qonşuluqda yaşayan Xəyalı tüfənglə atıb öldürməsi barədə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Xəyal Səfərovla eyni kənddə yaşamaqla heç biri ilə qohumluq münasibəti, hər hansı ədavət və ya düşmənçiliyi olmamışdır. 2020-ci ilin xatırlamadığı dövründə X10 həyətinə girib onun gəlini ilə də cinsi əlaqədə olmasını öyrənmiş, bundan biraz sonra Qorxmazla arvadı boşanmışdır. Xəyal da kənddən çıxıb müxtəlif yerlərdə qalmışdır. Xəyal qətlə yetirilməmişdən 2 həftə əvvəl kənd ərazisində dayanacaqda dayanıb Mingəçevir şəhərinə gedən avtobusu gözləyərkən Xəyal velosipedlə gəlib yolun digər tərəfindən gələn Qorxmazı görüb velosipedi saxlamış və Xəyalla Qorxmaz söhbət etməyə başlamışlar. Xəyal Qorxmaza onun itini atmasına gör irad bildirib arxasınca “sən kişisən ? Qeyrət !” deyib aralaşıb getmişdir. Qorxmazın Xəyalı qətlə yetirməsi barədə hadisə günü, yəni 21.02.2021-ci il tarixdə öyrənmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 18 mart 2020-ci il tarixli 04 nömrəli ekspert rəyində göstərilmişdir ki, X7 meyitində iki atəş nəticəsində yaranmış aşağıdakı xəsarətlər vardır: sağ tərəf çənəaltı nahiyənin və qarının ön divarının kor 7 ədəd (yeddi) odlu silah yarası. Bu xəsarətlər patronu qırma ilə doldurulmuş odlu silahdan açılmış atəşin təsirindən törənmişdir, həyatidir, ölüm baş verməmişdən az müddət əvvəl yetirilmişdir, sağlamlığa Ağır zərər vuran xəsarətlərə xas əlamətlərə malikdirlər. Sağ tərəf alt çənə nahiyəsindən yara kanalının istiqaməti öndən-arxaya, sağdan-sola, aşağıdan yuxarıdır. Qarının ön divarında olan yara kanalının istiqaməti (altı ədəd) öndən arxaya, gövdəyə perpendikulyardır.Sağ tərəf alt çənə nahiyəsində olan yaranın xarakteri, ölçü göstəriləri onu göstərir ki, atəş mərmilərin (qırmaların) kompakt daxil olan 1-1.5 metrə qədər məsafədən açılmışdır. Qarının ön divarında olan yaraların yayılma sahəsinə əsasən güman etmək olarki, atəş təxminən 3-4 metr məsafədən açılmışdır. Meyitdə aşkar edilmiş xəsarətlərlə hadisə vaxtı onun əynində olmuş paltarlarda olan zədələrin sayı lokalizasiyası cüzi fərqlə üst-üstə düşür. X1 bilavasitə ölümünə səbəb həyatla bir araya sığmayan xəsarət baş beyinin zədələnməsi, beyin toxumasına qansızma ilə müşayiət olunan başın kor odlu silah (qırma) yaralanması olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 1-1,5 saat əvvəl baş verdiyini göstərir. Meyitində aşkar edilmiş xəsarətlərin lokalizasiyasına, yara kanallarının istiqamətinə və atəş məsafəsinə əsaslanaraq güman etmək olar ki, ilkin atəş açılarkən X22 vertikal vəziyyətdə (ayaqüstə), gövdənin ön tərəfi atəş açılmış silahın lüləsinin en kəsiyinə doğru olmuşdur. İkinci atəş açılan zaman X22 horizontal (uzanmış) vəziyyətdə olmuşdur. X2 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı etil spirti, narkotik maddələr və digər güclü təsiredici preparatlar aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-ballistiktrasoloji ekspertizasının 12 aprel 2021-ci il tarixli, 3/485, 3/486 və 3/487 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd silah- 1953-cü ildə, keçmiş SSRİdə, Tula silah zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, “B” modelli, 28811-53 №-li, xarici çaxmaqlı qoşalüləli tüfəngdir, zavod işarələrində pozuntu, dəyişiklik və detallarında təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir və hər iki lüləsindən atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd giliz - zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronların atəşlə ayrılmış hissələridirlər - gilizləridirlər. Həmin 2 (iki) ədəd gilizdən “1” nömrəli giliz, təqdim edilmiş 16 kalibrli, “B” modelli, 28811-53 №-li qoşalüləli ov tüfənginin sol lüləsindən, “2” nömrəli giliz isə həmin tüfəngin sağ lüləsindən atılmışdır. Tədqiqata təqdim edilmiş 6 (altı) ədəd metal predmet - zavod üsulu ilə hazırlanmış, müxtəlif kalibrli, yivsiz (hamar lüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, atəş komponentlərinin atəşlə ayrılmış hissələridirlər: 3 (üç) ədədi - dimetrləri təxminən 7 mm olan karteçlərdirlər, 1 (bir) ədədi diametri təxminən 4 mm olan qırmadır, 2 (iki) ədədi isə intensiv deformasiya olmuş belə qırmalar ola bilərlər. Təyinatlarına uyğun olaraq, həmin karteçlərin və qırmaların, təqdim olunmuş 2 (iki) ədəd 16 kalibrli gilizlərin hər hansı birinə digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış patronlardan istifadə olunmaqla, təqdim edilmiş 16 kalibrli, “B” modelli, 28811- 53 №-li qoşalülə ov tüfəngindən də atəş açılması mümkündür, Tədqiqata təqdim edilmiş 1 ədəd plastmas predmet- 16 kalibrli, yivsiz (hamar lüləli) odlu öv tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış, atəş komponentlərinin atəş nəticəsində ayrılmış hissəsidir- polietilen “konteyner” tipli tıxacdır. Təyinatına uyğun olaraq, həmin tıxacın digər atəş komponentləri ilə birlikdə təqdim edilmiş 2 (iki) ədəd 16 kalibrli gilizlərin hər hansı birinə doldurulması ilə hazırlanmış patronlardan istifadə olunmaqla təqdim edilmiş 16 kalibrli, “5” modelli, 28811- 53 №-li qoşalülə ov tüfəngindən də atəş açılması mümkündür, Tədqiqata təqdim edilmiş bir ədəd silahların lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən,ondan atəş (atəşlər) açılmışdır. Lakin müvafiq elmi metodika olmadığından atəşin vaxtını, ondan atəşin sonuncu təmizləmədən əvvəl, ya sonra açılmasını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş üzərində “X14” məxsus olduğu qeyd edilən bir ədəd gödəkçə, bir ədəd idman köynəyi və bir ədəd qısaqol köynəyin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, onların ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməsinə əsasən, geyim əşyalarının ön hissəsində olan zədələr giriş, arxa hissəsində olan zədələr isə çıxış zədələri olmaqla, yivsiz odlu silahdan açılan iki atəş nəticəsində mərmilərin-qırmaların təsirindən, 15 sm-dən 2 metrə qədər olan məsafə daxilində, öndən arxaya doğru istiqamətdə yetirilməyə xarakterikdir. Həmin zədələr təqdim edilmiş silahdan açılan atəşlər nəticəsində təqdim edilmiş qırmaların təsirindən də yarana bilər. Tədqiqata təqdim edilmiş üzərində “X14” məxsus olduğu qeyd edilən bir ədəd hərbi şalvar, bir ədəd mavi rəngli cins şalvar və üzərində, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərində və Təqsirləndirilən şəxs əllərindən silinərək götürülmüş bintdən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 06 may 2021-ci il tarixli, 305/2021-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, X8 ABO sistemi üzrə qrup göstəricisi: AB/H/(İV); ekspertizaya təqdim edilmiş kiçik daş parçası, X.Q.Səfərova məxsus gödəkcə, hərbi şalvar, idman köynəyi, qısaqol mayka, cins şalvar və tənzif kəsiyi üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A”, “B” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda AB/H/ qruplu X14 məxsus ola bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının 09 aprel 2021-ci il tarixli 180 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddəsinin təsiri altına düşmür və onun hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək etmək qabiliyyətindədir. İş matreiallarında olan Şahid1 təqdim etdiyi 03 ədəd CD və 01 ədəd yaddaş daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, 1-ci diskin içərisində MPEGAV qovluğunda 39 saniyə davam edən AVSEQ01 adlı və 8 dəqiqə 41 saniyə davam edən AVSEQ2 adlı videofaylları vardır. Hər iki videofayla baxış zamanı Şahid1 yaşadığı evin həyətində quraşdırdığı müşahidə kamerasının 27.02.2020-ci il tarixdə saat 22:35 dəqiqdə və 03 mart 2020-ci il tarixdə gecə saat 23:06-dan 23:17-dək olan müddətdə qeydə aldığı Samirə Məmmədlinin qonşuları Xəyal Səfərovla intim əlaqədə olmasını əks etdirən videogörüntüləri aşkar edilmişdir. 2-ci diskin içərisində ch02_**********0818 adlı videofayl vardır. Həmin videofayla baxış zamanı Şahid1 yaşadığı evin həyətində quraşdırdığı müşahidə kamerasının 03 mart 2020-ci il tarixdə gecə saat 23:08-dək 23:17dək olan müddətdə qeydə aldığı Samirə Məmmədlinin qonşuları Xəyal Səfərovla intim əlaqədə olmasını əks etdirən videogörüntüləri aşkar edildi. 3-cü diskə baxış zamanı Səs001_sd adlı 16 dəqiqə 29 saniyə davam edən səs faylı aşkar edilmişdir. Həmin səs faylında Samirə Məmmədlinin keçmiş əri Təqsirləndirilən şəxs qardaşı arvadı Şahid2 ilə aralarında olan söhbət zamanı Samirə Məmmədlinin sonuncuya qonşuları Xəyal Səfərovun gecələr onların hasarından tullanıb həyətə daxil olmasını və Xəyalla evin həyətində cinsi əlaqədə olmasını deməsi, qaynatası Mayisgilin isə bundan şübhə etməsini deməsi, Lalənin ona əri Qorxmaza xəyanət etməklə yanlış hərəkət etməsini və bu işin sonun yaxşı olmayacağını gördüyünü deməsi, X30 Səfərovla cinsi əlaqədə olaraq əri Qorxmaza xəyanət etməklə yanlış hərəkət etmiş olduğunu etiraf edib əri Qorxmazla ayrı evə köçdükdən sonra Xəyalla münasibətləri kəsəcəyini deməsi, Lalənin Samirəyə əksinə olaraq Qorxmazla ayrı evə köçəcəkləri təqdirdə Xəyalın onların yaşadığı evə daha sərbəst gəlib gedəcəyini bildirməsi, Samirənin isə Lamiyə gələcəkdə Xəyaldan ayrılacağını deməsi öz əksini tapır. Yaddaş daşıyıcısına baxış zamanı Səs001_sd adlı 18 dəqiqə 15 saniyə davam edən səs faylı aşkar edilmişdir. Həmin səs faylında Samirə Məmmədlinin keçmiş əri Təqsirləndirilən şəxs qardaşı arvadı Şahid2 ilə aralarında olan söhbət zamanı Samirə Məmmədlinin sonuncuya Xəyal Səfərovdan hamilə qalmaq istəmədiyini, əks təqdirdə kənd camaatının və yaxınlarının arasında rüsvay olacağını bildirməsi, həmçinin Xəyal Səfərovla rahat söhbət edə bilmədiyi üçün Xəyalın qəbul edəcəyi təqdirdə mobil telefon alması üçün ona 100 manat pul verəcəyini deməsi, Lalənin isə ondan qaynı Qorxmazın Xəyaldan yaraşıqlı olmasını və Xəyala hansı səbəbdən bağlanmasını soruşması, Samirənin isə cavabında əri Qormazın onunla yaxşı öpüşmədiyini, Xəyalın isə yaraşıqsız olmasına baxmayaraq Qorxmazdan daha ehtiraslı öpüşməyini deməsi, Xəyalı gecə vaxtı yaşadıqları evə gətirmək istədiyini, lakin buna risk etmədiyini deməsi öz əksini tapır. “Bakcell MMC”-dən daxil olmuş texniki məlumatların əks olunduğu diskə baxış zamanı X6 istifadəsində olmuş ********** saylı mobil nömrədən Xəyal Səfərovun istifadəsində olmuş ********** saylı mobil nömrəyə 06.01.2020-ci il tarixdə saat 12:29-da “Senin tek olan vaxdn olmr? havax aca bilersen? imkan eliyb zng elirem ondada acmirsan” məzmunlu, 31.01.2020-ci il tarixdə saat 16:24-də “Bayaq ele bildm,disen eve zng ele, mende bayaq eve zng elemiwdm” məzmunlu və 01.02.2020-ci il tarixdə saat 22:17-də isə “Ac teli,ata gil betuw gildedi qonaqlari var bawlari qariwqdi, enuwda yatbdi,aynan yana gele bisen gel tez ol” məzmunlu mətn mesajlarının göndərilməsi aşkar edilmişdir. Həmçinin 01.01.2020-ci il tarixdən 05.03.2020-ci il tarixədək olan müddət ərzində X6 istifadəsində olmuş ********** saylı mobil nömrədən Xəyal Səfərovun istifadəsində olmuş ********** saylı mobil nömrə arasında müxtəlif müddətli mütəmadi telefon danışıqlarının olması aşkar edilmişdir. Bundan başqa Xəyal Səfərovun istifadəsində olmuş ********** saylı mobil nömrə ilə X6 istifadəsində olmuş ********** saylı mobil nömrə arasında 06.01.2020-ci il tarixdən 03.03.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif müddətli mütəmadi telefon danışıqlarının olması aşkar edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2021-ci tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 21 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 kalibrli “Toz” markalı qoşa lülə ov tüfəngini və həmin tüfəngə aid sənədləri təqdim edərək həmkəndlisi X15 öldürdüyünü bildirmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 23 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş matreiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax rayon İcra Hakimiyyəti Başçısının Qaroğlan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsi tərəfindən daxil olmuş 26.07.2021-ci il tarixli 656 nömrəli arayışdan görünür ki, 1988-ci il təvəllüdlü X9 Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanunlarının müvafiq maddələrinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi xidmətə cəlb edilmiş və 21.09.2020-ci il tarixdə aidiyyəti hərbi hissəyə təhvil verilmişdir. Talış və Ağ Uçuq istiqamətində gedən döyüşlərdə iştirak etmiş və 26.12.2020-ci il tarixdə təxris olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə X9 Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarına iştirak edərək şəxsi igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən ittiham olunduğu CM-in 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmənin belə qənaətə gəlməsinin onun özünün etirafedici ifadəsi, məhkəmə-tibb, məhkəmə ballistik-trasoloji, məhkəmə bioloji ekspertizalarının rəyləri və iş materiallarında olan digər sənədlər əsas verir. Odur ki, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, könüllü gəlib təqsirini boynuna almasını, cinayəti zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, qardaşı Elnur Həsənəliyevin 44 günlük Vətən müharibəsində iştirak edərək “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti odlu silahdan istifadə etməklə törətməsi onun cəzasını ağırlaşdıran hal qismində nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona CM-in 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən yuxarıda sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 21 fevral 2021-ci il tarixdən hesablanmalı və CM-in 56.1.3-cü maddəsinə əsasən o təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən cinayətin törədilməsində alət olmuş TOZ-53 markalı 28811 nömrəli 16 kalibrli qoşalülə ov tüfəngi, 02 (iki) ədəd boş patron gilizlər məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə keçirilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah-Sursat Anbarına təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 414 AZN (dörd yüz on dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs Mais oğlundan tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Yevlax rayon prokurorluğunda saxlanılan 01 ədəd qəhvəyi rəngli gödəkçə, bir ədəd boz rəngli qolu uzun idman köynəyi, 01 ədəd ağ rəngli qolsuz mayka, 01 ədəd xaki rəngli hərbçi şalvarı, 01 ədəd göy rəngli cins şalvar və 01 ədəd tünd göy rəngli alt tumanı zərərçəkmiş şəxsin hüquqi varisi X16, 01 ədəd boz rəngli kapşonlu gödəkcə və 01 ədəd boz rəngli xırda boylama zolaqları olan qara rəngli şalvar Təqsirləndirilən şəxs qaytarılmalı, əl-barmaq izləri, sağ və sol əllərindən pambıqla götürülmüş sürtmə izləri, 01 ədəd tıxac, 06 ədəd qırma nümunəsi və 01 nömrəli qanabənzər ləkə nümunəsi məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1, 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 fevral 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 414 AZN (dörd yüz on dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Yevlax rayon prokurorluğunda saxlanılan 01 ədəd qəhvəyi rəngli gödəkçə, bir ədəd boz rəngli qolu uzun idman köynəyi, 01 ədəd ağ rəngli qolsuz mayka, 01 ədəd xaki rəngli hərbçi şalvarı, 01 ədəd göy rəngli cins şalvar və 01 ədəd tünd göy rəngli alt tumanı zərərçəkmiş şəxsin hüquqi varisi X16, 01 ədəd boz rəngli kapşonlu gödəkcə və 01 ədəd boz rəngli xırda boylama zolaqları olan qara rəngli şalvar Təqsirləndirilən şəxs qaytarılsın, əl-barmaq izləri, sağ və sol əllərindən pambıqla götürülmüş sürtmə izləri, 01 ədəd tıxac, 06 ədəd qırma nümunəsi və 01 nömrəli qanabənzər ləkə nümunəsi məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən cinayətin törədilməsində alət olmuş Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi TOZ-53 markalı 28811 nömrəli 16 kalibrli qoşalülə ov tüfəngi, 02 (iki) ədəd boş patron gilizlər məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə keçirilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah-Sursat Anbarına təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Rafail Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar