Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-153/2025 15.05.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Balakən rayonunun Kortala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsin “DOST” Mərkəzində nəzarətçi köməkçisi vəzifəsində işləyən, Balakən rayonunun Kortala kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2024-cü il tarixdə gecə saat 23 radələrində alkoqol sərxoşluğu vəziyyətində Balakən rayonunun Kortala kəndində yerləşən “Ruslan” şadlıq sarayının həyətində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs baş nahiyəsinin sol tərəfinə yumruq vurub onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən sağ qulaq arxasında 01 ədəd, sol almacıq nahiyəsində 01 ədəd şişkinliklər, cərrahi əməliyyat yolu ilə boşaldılan sol gicgah paydaxili hematomadan ibarət xəsarətlər yetirərək qəsdən sonuncunun sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsin “DOST” Mərkəzində nəzarətçi köməkçisi işləmişdir. 01 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində qohumu Anar Umrayevin toy mərasiminin keçirildiyi Balakən rayonunun Kortala kəndində yerləşən “Ruslan” şadlıq sarayında stulda əyləşib spirtli içki qəbul etmiş, həmin vaxt əvvəldən tanıdığı həmkəndlisi Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə zalda əyləşdiyi masadan bir neçə dəfə qalxaraq onun əyləşdiyi masada oturmaq üçün onlara yaxınlaşmış, lakin Zərərçəkmiş şəxs sərxoş olduğuna görə sonuncuya fikir verməmişlər. Həmin tarixdə təxminən saat 23 radələrində evə getmək üçün masadan qalxıb şadlıq sarayının həyətinə çıxmışlar və bu zaman Zərərçəkmiş şəxs həyətdə ona yaxınlaşaraq əl-qol hərəkətləri ilə danışmağa başlamışdır. Mübahisə vaxtı Zərərçəkmiş şəxs saymazlıq etməsinin səbəbini soruşmuş və onu itələmişdir. O, ürək ritmini tənzimləyən xüsusi cihazının olduğunu və ona dəyməməsini bildirərək Zərərçəkmiş şəxs özündən kənara itələmiş, bu zaman sonuncu onun ünvanına nalayiq ifadələr işlədib həmin yeri tərk etmişdir. Şadlıq sarayının 2-ci həyət qapısından küçəyə çıxmaq istədikdə Zərərçəkmiş şəxs ona tərəf gəlib itələyən şəxsin ünvanına nalayiq ifadələr işlətmiş, o isə buna əhəmiyyət verməmişdir. Lakin Zərərçəkmiş şəxs yenidən nalayiq ifadə işlətdikdə çıxmaq istədiyi həyət qapısından həyətə qayıdıb sonuncunun baş nahiyəsinə bir yumruq zərbəsi vurmuş, nəticədə sonuncu yerə yıxılmış, bu zaman sonuncunun ünvanına nalayiq ifadə işlətməmiş, daha sonra isə həmin yeri tərk edib getmişdir. Törətdiyi əmələ görə peşmandır, barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 01 oktyabr 2024-cü il tarixdə Balakən rayonunun Kortala kəndində yerləşən “Ruslan” şadlıq sarayında keçirilən toy məclisində iştirak etmiş, saat təxminən 22-23 radələrində şadlıq sarayının həyətinə çıxmış, bu zaman həmkəndlisi Təqsirləndirilən şəxs ilə aralarında səbəbini bilmədiyi mübahisə yaranmış, lakin həmin vaxt bir-birilərinə zərbə vurmamışlar. Bundan sonra o, şadlıq evinin həyətində yerləşən çıxış qapısına tərəf gedən zaman Təqsirləndirilən şəxs ona yaxınlaşıb baş nahiyəsinin sol tərəfinə yumruqla zərbələr vurmuş, nəticədə o, yerə yıxılmış və ayağa qalxa bilməmişdir. Bir müddət sonra şadlıq sarayının həyətinə gəlmiş Təcili və X4 Xidmətinin avtomobili onu əvvəlcə Balakən Rayon Mərkəzi xəstəxanasına, vəziyyəti ağır olduğuna görə oradan da Bakı şəhərində yerləşən “Medistyle Hospital”a aparmış və 04 oktyabr 2024-cü il tarixdə həmin hospitalda baş nahiyəsindən əməliyyat olunmuşdur. Hazırda Zərərçəkmiş şəxsla barışmışdır, sonuncu ona dəymiş ziyanı tam ödəmişdir və sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 2015-ci ildən Balakən rayonunda yerləşən “Vətən” mühafizə xidmətində işləyir və təxminən bir neçə aydır Balakən rayonunun Kortala kəndində yerləşən “Ruslan” şadlıq sarayında xidmət aparır. Hər gün axşam saat 18:00-da xidmətə başlamış, toy məclisi başa çatdıqdan sonra isə yaşadığı evə qayıtmışdır. 01 oktyabr 2024-cü il tarixdə saat 18:00-dan başlayaraq “Ruslan” şadlıq sarayında xidmətdə olmuş, saat təxminən 23 radələrində şadlıq sarayının həyətində olan zaman Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs bir-biri ilə mübahisə edərək itələşdiklərini və bir-birilərinin ünvanına nalayiq sözlər deyərək bir-birilərini təhqir etdiklərini görmüşdür. O, adları qeyd edilən şəxslərə yaxınlaşdıqda artıq oradakı şəxslər adları çəkilən şəxsləri bir-birindən kənarlaşmışlar, lakin o, adları qeyd edilən şəxslərin hansı səbəbdən dalaşdıqlarını bilməmişdir. Hər iki şəxs sərxoş olduğu üçün o, mühafizə xidmətinin rəisi Tərxan Sahibovun istifadəsində olan və hazırda xatırlamadığı mobil telefon nömrəsinə istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsindən zəng edərək baş vermiş hadisəni danışmış və kömək göndərilməsini xahiş etmişdir. Həmin vaxt həyətdə olan Zərərçəkmiş şəxs həyət qapısından yola çıxmaq üçün gedən Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətmiş, sonuncu isə qayıdıb Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər deyib sifətinə sol tərəfdən bir yumruq zərbəsi vurmuş, nəticədə Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Mübahisə təxminən 20-30 dəqiqə müddətində davam etmiş, daha sonra isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs uzaqlaşmışdır. Bundan sonra o, rəisi Tərxan Sahibova zəng edərək Təcili və X4 Xidmətinin əməkdaşlarının göndərilməsini xahiş etmiş, bir müddət sonra isə həmin əməkdaşlar oraya gələrək Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 01 oktyabr 2024-cü il tarixdə həmkəndlisi X7 rayonunun Kortala kəndində yerləşən “Ruslan” şadlıq sarayında keçirilən toy məclisində iştirak etmiş, saat təxminən 23 radələrində isə Təqsirləndirilən şəxsla birlikdə şadlıq sarayının həyətində dayanıb siqaret çəkmişlər. Bu zaman həmkəndlisi Zərərçəkmiş şəxs sərxoş halda onlara yaxınlaşaraq onların sifətinə baxmış, Təqsirləndirilən şəxs isə nə baş verdiyini və nə üçün baxdığını soruşduqda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla əl-qol hərəkətləri ilə danışıb mübahisə etmişdir. Daha sonra aralarında itələşmə baş vermiş, lakin adları qeyd olunan şəxslər bir-birilərindən kənarlaşmışlar və həmin vaxt Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətsə də Təqsirləndirilən şəxs buna əhəmiyyət verməmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs evə getmək məqsədilə onunla birlikdə şadlıq evinin həyət qapısından çıxarkən həyətdə olan Zərərçəkmiş şəxs ucadan Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətmiş, bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yanına qayıdıb sonuncunun baş nahiyəsinə bir yumruq vurmuş, nəticədə sonuncu yerə yıxılmışdır. Mübahisə təxminən 15-20 dəqiqə müddətində davam etmiş, bundan sonra Təqsirləndirilən şəxs onun yanına gəlmiş, ardınca isə evlərinə getmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 01 oktyabr 2024-cü il tarixdə Balakən rayonunun Kortala kəndində yerləşən “Ruslan” şadlıq sarayında keçirilən toy məclisində iştirak etmiş, saat təxminən 23 radələrində isə Təqsirləndirilən şəxsla birlikdə şadlıq sarayının həyətində olarkən Zərərçəkmiş şəxs həmin vaxt həyət tərəfdən şadlıq sarayının giriş qapısına yaxınlaşan digər həmkəndlisi Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətdiyini eşitmişdir. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncunun baş nahiyəsinə bir yumruq zərbəsi vurmuş, nəticədə sonuncu yerə yıxılmışdır. Mübahisə təxminən 5-6 dəqiqə müddətində davam etmiş, bundan sonra orada olan şəxslər Təqsirləndirilən şəxs küçəyə aparmışlar, bir müddət sonra isə o da həmin yeri tərk edib getmiş və bu zaman Zərərçəkmiş şəxs huşsuz halda yerdə uzanmış vəziyyətdə olmuşdur. Məhkəmə istintaqı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək və Şahid2 ifadəsinə uyğun ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Balakən Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 02 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə “Balakən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən Zərərçəkmiş şəxs “qapalı kəllə-beyin travması, sağ qulaq pərdəsinin cırılmasına şübhə, sağ gicgah və sol almacıq nahiyələrinin əziyi” xəsarətləri ilə xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 07 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Balakən rayonunun Kortala kəndinin ərazisində yerləşən “Ruslan” şadlıq sarayıdır. Həmin şadlıq sarayının həyətinə iki giriş qapısı vardır. Əsas giriş qapısından içəri daxil olduqda qapılarla üzbəüz şadlıq sarayının əsas binası, sağ tərəfdə isə yardımçı tikililər yerləşir. Hadisə yerinə baxış keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs şadlıq sarayının həyətində dayanaraq 01 oktyabr 2024-cü il tarixdə həmin şadlıq sarayında həmkəndlisinin toy mərasimində iştirak etdiyini, saat 23 radələrində şadlıq sarayının həyətinin çıxışında siqaret çəkən zaman sərxoş vəziyyətdə olan həmkəndlisi Zərərçəkmiş şəxs ona yaxınlaşıb əsassız yerə mübahisə edib onunla əl-qol hərəkətləri ilə danışıb nalayiq ifadələr işlətdiyini, aralarında qısa müddət ərzində mübahisənin baş verdiyini, lakin bir-birilərindən kənarlaşdıqlarını, bir müddət sonra isə şadlıq sarayının həyətində olan Zərərçəkmiş şəxs ucadan onun ünvanına nalayiq ifadə işlətməsinə əsəbləşərək həyətdən çıxan yerdən geri qayıdıb sonuncunun baş nahiyəsinin sol tərəfinə bir yumruq zərbəsi vurduğunu, zərbənin təsirindən sonuncunun yerə yıxıldığını, bundan sonra isə həmin yeri tərk edib getdiyini bildirmişdir. Qeyd olunan şadlıq sarayının videomüşahidə kameraları vasitəsilə 01 oktyabr 2024-cü il tarixdə qeydə alınmış videogörüntülərə baxış keçirildikdə həmin videogörüntülərdə cinayət işi üçün əhəmiyyət kəsb edə biləcək heç nə aşkar olunmamışdır. Habelə hadisə yerinə baxış keçirilən zaman şadlıq sarayının həyətinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsinə yumruq vurduğunu bildirdiyi hissəsində yerləşdirilmiş videomüşahidə kameralarının hadisə baş verməzdən əvvəlki həftədən başlayaraq baxış keçirilən günə qədər işlək vəziyyətdə olmaması müəyyən olunmuş, hadisə yerinə baxış keçirilməsində iştirak edən həmin şadlıq sarayının əməkdaşı Akif Şirbidov hadisə yerinə baxış keçirilən vaxta qədər qeyd olunan videomüşahidə kamerasının işlək vəziyyətdə olmadığını bilmədiyini qeyd etmişdir. Hadisə yerinə baxış keçirilən zaman cinayət işi üçün əhəmiyyət kəsb edən hər hansı digər hal aşkar olunmamış və çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 12 oktyabr 2024-cü il tarixli 281 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizası zamanı onda “sağ qulaq arxasında 01 ədəd, sol almacıq nahiyəsində 01 ədəd şişkinliklər, cərrahi əməliyyat yolu ilə boşaldılan sol gicgah paydaxili hematoma” diaqnozu ilə, 01 oktyabr 2024-cü il tarixdə küt əşyanın (əşyaların) təsirindən törənmiş və dərəcəsinə görə onun həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 09 noyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair 22 noyabr 2024-cü il tarixli 1095 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 06 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılan zaman o, hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 dekabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 25 yanvar 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 126.2.4 və 221.3-cü maddələri ilə, Zərərçəkmiş şəxs barəsində isə CM-in 221-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında aparılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 126.1-ci maddəsi ilə tövsifi düzgün hesab edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 126.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 yanvar 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən müalicə olunması üçün ona 4500 manat pulun ödənildiyini qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş notariat qaydasında təsdiq edilmiş 03 may 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncunun ona dəymiş ziyanı tam ödədiyini və sonuncuya qarşı hər hansı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonunun Kortala kəndində yaşamışdır, 25 dekabr 2017-ci ildə doğulmuş Səbinə Bayramova və 09 may 2021-ci ildə doğulmuş Sara Bayramova onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən X6 və X2 adlarına tərtib olunmuş doğum haqqında şəhətnamələrin surətlərindən görünür ki, həmin şəxslərin atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Balakən rayonunun Kortala kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi isə CM-in 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə CM-in 126.1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 13 dekabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Balakən Rayon Polis Şöbəsinin müstəntiqi tərəfindən verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 13 dekabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində ibtidai istintaq zamanı 13 dekabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Balakən Rayon Polis Şöbəsinin müstəntiqi tərəfindən verilmiş vəsatətlə bağlı Balakən Rayon Prokurorluğuna aparıldığını, oraya aparılıb orada saxlanılmasının təxminən 30-40 dəqiqə davam etdiyini və həmin müddətdə onun azadlığının faktiki məhdudlaşdırıldığını qeyd etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 147.4-cü maddəsinə əsasən, barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında həbsə alınmalı, onun 13 dekabr 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Balakən Rayon Polis Şöbəsinin müstəntiqi tərəfindən verilmiş vəsatətlə bağlı Balakən Rayon Prokurorluğuna aparılıb orada saxlanılaraq azadlığının faktiki məhdudlaşdırıldığı təxminən 30-40 dəqiqə müddət 01 (bir) gün olaraq nəzərə alınıb cəzaçəkmə müddətinə daxil edilməli və həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanıb 01 (bir) gün müəyyən olunaraq ona təyin ediləcək cəzadan çıxılmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı həbsə alındığı 15 may 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Balakən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 13 yanvar 2025-ci il tarixli 18-1-27/2-16/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Narkoloji kabinetində qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalıdır. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 27 dekabr 2024-cü il tarixli 964 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. O, cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini tam dərk etmişdir, o, hazırda da öz hərəkətlərini tam dərk etmək iqtidarındadır. Onda ekspertiza zamanı hər hansı ruhi (psixi) xəstəlik əlamətləri aşkar olunmadı. Onun məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Onun hərəkətləri CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. O, praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. O, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meylli deyildir. O, özündən uydurmağa meylli deyildir. O, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. O, cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur. Cinayət əməlini törədərkən onun keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmiş şəxslə mübahisəsi ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Balakən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 13 yanvar 2025ci il tarixli 18-1-27/2-16/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Psixiatriya kabinetində qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Cinayət işi üzrə mülki iddia verilməmişdir. Cinayət işi üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 dekabr 2024-cü il tarixdə azadlığının faktiki məhdudlaşdırıldığı müddət 01 (bir) gün olaraq nəzərə alınıb cəzaçəkmə müddətinə daxil edilərək həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanıb 01 (bir) gün müəyyən olunaraq ona təyin olunan cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 15 may 2025ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 yerləşdirilməsi üçün həmin müəssisənin Mühafizə taboruna təhvil verilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova
Məhkəmə qərarları › İş №1(091)-153/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-153/2025
15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver