Məhkəmə qərarları › İş №1(091)-154/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-154/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-154/2023 20.06.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1991-ci ildə Göyçay şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Göyçay rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Göyçay rayonu Potu kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 177.1, 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla ələ keçirmək qərarına gəlib, bu məqsədlə xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Göyçay rayon Potu kəndində ailə üzvləri ilə birlikdə yaşadığı evlərində olan zaman anası Sahibə Quliyevanın yataq otağında yatmasını görüb həmin otaqda digər çarpayının üzərindəki sonuncuya məxsus gödəkçənin cibində olan qardaşı Zərərçəkmiş şəxs məxsus 680 manat pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs 680 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq külli miqdar hesab edilən, yəni ümumilikdə təmiz çəkiləri 3,213 qram narkotik vasitə heroini, külli miqdar təşkil etməyən 0,272 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 2 ədəd blisterdə ümumi çəkisi 0,8 qram təşkil edən 16 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən tramadol hidroxlorid dərman preparatını satış məqsədi ilə qanunsuz olaraq əldə edib narkotik vasitə heroini və psixatrop maddə metamfetamini ayrı-ayrı bükümlərdə qablaşdırmaqla üzərindəki siqaret qutusunun içərisində, güclü təsir edən tramadol hidroxlorid həblərini isə əynindəki qara rəngli gödəkçəsinin sol yan cibində saxlamış, 17 yanvar 2023-cü il tarixdə, saat 21 radələrində Göyçay şəhəri M.Hüseynzadə küçəsində olarkən və üzərində həmin narkotik vasitə heroin, psixotrop maddə metamfetamini və güclü təsir edən tramadol hidroxlorid həblərini daşıyarkən Göyçay RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada saat 22:10-da üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol ön cibindən bir ədəd siqaret qutusunun içərisində bir ədəd şəffaf sellofan bükümdə qablaşdırılmış təmiz çəkisi 3,167 qram heroin və bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə qablaşdırılmış təmiz çəkisi 0,046 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin siqaret qutusunun içərisində digər bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə qablaşdırılmış təmiz çəkisi 0,272 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 2 ədəd blisterdə ümumi çəkisi 0,8 qram təşkil edən 16 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən tramadol hidroxlorid dərman preparatı aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan ay yarım əvvəl polislər onu tutmaq istəmiş, ancaq qardaşı onun qaçmasına köməklik edərək Bakı şəhərinə yola salmışdır. Onun yerinə həmin gün Orxan adlı şəxsi tutmuş, 17 yanvar 2023-cü il tarixdə polis əməkdaşları onu saxlayarkən üzərində ancaq tramadol olmuşdur. Digər narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən həmin tramadolun yanına qoyulmuşdur. Qardaşına məxsus 680 manat pulu sonuncuya demədən götürüb getmiş və mobil telefonu sönülü olduğuna görə qardaşı ondan 102 xidmətinə şikayət etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, narkotik maddələrdən istifadə etməklə sosial şəbəkə vasitəsi ilə tanış olduğu Feyruz adlı şəxslə mobil telefonunda olan “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq həmin şəxsdən narkotik maddələr almış, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə axşam saatlarında xərcləmək və narkotik vasitə almaq üçün pulu olmadığından qardaşı Elçinə zəng edib sonuncudan pul istəmişdir. Elçin ona bir daha pul verməyəcəyini bildirmiş, saat 19 radələrində yaşadığı evə gəldikdə qardaşı Elçinin heyvanlarla məşğul olmasını görüb evə qalxmışdır. Evə girdikdən sonra anası Sahibənin yatmasını görüb bir qədər oturduqdan sonra digər çarpayının üzərində olan anasına məxsus gödəkçənin cibində pul olubolmamasını yoxlamaq üçün əlini gödəkçənin cibinə saldıqda orada topa halda kağız əskinaslardan ibarət pul olmasını görmüşdür. Anası yuxulu olduğu üçün asta şəkildə gödəkçənin cibindəki həmin topa halda pulları götürüb öz cibinə qoyduqdan sonra dərhal evdən çıxaraq qaçıb həyətlərinə getmiş, evlərindən bir qədər uzaqlaşdıqdan sonra oğurladığı pulların 680 manat olmasını görmüş, şəhər ərazisində müxtəlif çayxanalara gedib pulu az-az xərcləməyə başlamışdır. Elə həmin gün öz istifadəsi üçün narkotik vasitə almaq üçün özünü ona “Feyruz” kimi təqdim edən şəxsin kart hesabına 150 manat pul göndərərək həmin şəxsdən 3 qram narkotik vasitə olan heroin istəmişdir. Pulu köçürtdükdən sonra Feyruz “Whatsapp” vasitəsi ilə ona zəng vuraraq, narkotik maddələri Bakı-Kürdəmir yolunun kənarında, Kürdəmir sözləri yazılmış yerin arxasına qoyduğunu bildirdiyinə görə tanımadığı taksi ilə həmin yerə gedib həmin narkotik vasitəni oradan götürüb Göyçay rayonuna qayıtmışdır. Götürdüyü narkotik vasitələrə baxarkən orada əlavə olaraq hər listdə 10 ədəd olan, 2 list, ümumilikdə 20 ədəd “Tramadol 50 mq” həblərinin olduğunu görmüşdür. O, həmin narkotik maddə heroinin bir hissəsini və həblərdən 4 ədədini özü istifadə etmiş, qalan narkotik maddələri 1 ədəd “Davudoff” siqaret qutusunun içərisinə yığaraq şalvarının sol ön cibinə, 16 ədəd “Tramadol 50 mq” həblərini isə əynində olan qara rəngli dəri gödəkçənin sol yan cibinə qoyaraq xx.xx.2023-cü tarixdə saat 21 radələrində Göyçay şəhəri M.Hüseynzadə küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Göyçay rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarına heç bir etiraz etmədən rayon polis şöbəsinə getmiş, orada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən iki ədəd listdə olan 16 ədəd üzərinə “Tramadol 50 mq” yazılan həbləri, əynində olan göy rəngli cins materialdan olan şalvarının sol ön cibindən bir ədəd “Davudoff” siqret qutusunun içərisinə yığdığı 1 ədəd şəffaf sellofana bükülmüş çəkisi 3,95 qram olan bükümün içərisində toz halında olan boz rəngli maddə, gümüşü rəngli siqaret kağızına bükülmüş çəkisi 0,29 qram olan içərisində şəffaf rəngli maddə 1 ədəd büküm və 16 ədəd üzərində “Tramadol 50 mq” sözləri yazılmış həblər aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Aşkar olunanları özü istifadə etmək məqsədilə saxlamış, heç kəsə narkotik maddə satmamış və verməmişdir. Aşkar edilmiş psixatrop maddə metamfetamin maddəsinin limon duzu olmasını bilmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı olmaqla narkotik vasitələrdən istifadə etmiş, 2021-ci ilin sonlarında həbsdən azad edildikdən sonra bir neçə ay normal həyat tərzi yaşasa da, son zamanlar yenə də evlərindən ondan və anası Sahibədən icazəsiz pul götürmüşdür. Qəssablıqla məşğul olaraq ət satışından qazandığı 680 manat pulu saxlaması üçün anası Sahibəyə vermiş, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində həyətlərində mal-qara ilə məşğul olarkən anası Sahibə də başı ağrıdığı üçün evlərində yatmışdır. Həyətdə öz işləri ilə məşğul olan zaman qardaşı Elvinin həyətə gəlib evə daxil olub təxminən 10 dəqiqə sonra evdən həyətə düşüb qaça-qaça həyətlərindən çıxıb getdiyini görmüş, həmin vaxt Elvinin oğurluq etməsindən şübhələndiyi üçün dərhal evə daxil olmuşdur. Həmin vaxt artıq yuxudan oyanmış anası Sahibə onun saxlamaq üçün verdiyi 680 manat pulu Elvinin öz anasından xəbərsiz gödəkçənin cibindən götürdüyünü bildirmiş, axşam saatlarınadək Elvinin evlərinə qayıtmasını gözləsələr də, günün sonuna kimi sonuncu evə qayıtmadığından DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs qardaşı olan təqsirləndirilən şəxslə barışdığını, sonuncunun barəsində heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 17 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan CAB-ın əməliyyat müvəkkili Şahid2 ilə birlikdə saat 21 radələrində Göyçay şəhəri M.Hüseynzadə küçəsində olan zaman Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə daşıması və narkotik vasitələrin satışı ilə məşğul olmasında şübhəli olduğunu bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birgə rayon polis şöbəsinə gəlməsini dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlib orada şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən iki ədəd listdə olan 16 ədəd üzərinə “Tramadol 50 mq” yazılan həbləri, əynində olan göy rəngli cins materialdan olan şalvarının sol ön cibindən bir ədəd “Davudoff” siqret qutusunun içərisinə yığdığı 1 ədəd şəffaf selefona bükülmüş bükümün içərisində toz halında çəkisi 3,95 qram narkotik vasitə olan heroinə bənzər boz rəngli maddə, gümüşü rəngli siqaret kağızına bükülmüş çəkisi 0,29 qram olmaqla içərisində şəffaf rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlə 1 ədəd bükümdə və 16 ədəd üzərində “Tramadol 50 mq” sözləri yazılmış həblər aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 18 yanvar 2023-cü il tarixli 17/64 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs. Şübhəli şəxs.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd siqaret qutusunun içərisində 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,046 qram və 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 3,167 qram, ümumi çəkiləri - 3,213 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,272 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. MEM-nin Şəki regional bölməsində müvafiq laboratoriya cihazı olmadığından təqdim olunmuş 16(on altı) ədəd həbin tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş olunmuş 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə və 01 ədəd şəffaf sellofan bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin narkotik vasitələrə, metamfetamin isə psixatrop maddələrə aid olduğundan onların bir-biri ilə müqayisəli tədqiqatı aparılmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 mart 2023-cü il tarixli 6/1485 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, kağız paketdəki 2 ədəd blisterdə üzərində “Tramadol 50 mq” markalanma göstəricisi olan ağ-göy rəngli uzunsov formalı həblər tramadol Hidroxlorid tərkibli dərman preparatıdır ə 16 ədəd həbdə tramadol hidroxlorid təsiredici maddəsinin ümimi miqdarı – 0,8 qramdır (konvalyutların üzərində qeyd olunmuş göstəricisinə əsasən bir ədəd həbdə 0,05 qr tramadol hidroxlorid olmaqla). Tramadol hidroxlorid 18 mart 2016-cı il tarixli Azərbaycan Resopublikasının qanunu ilə təstiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 26 aprel 2023-cü il tarixli 715 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamin və metadon qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şəxsi axtarış keçirilməsi haqqında haqqında 17 yanvar 2023-cü il tarixli protokolundan və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli dəri gödəkçənin sol yan cibindən iki list, birinin içərisində 10 (on) ədəd, digərinin içərisində 6 (altı) ədəd üzərində “Metadon-50” sözləri yazılmış həblər, əynində olan göy rəngli cins şalvarın sol ön cibindən bir ədəd “Davudoff” siqaret qutusunun içərisində bir büküm şəffaf rəngli sellofan bükülünün içərisində boz rəngli toz halında maddə, bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində bozumtul rəngli toz halında maddə, bir ədəd içərisində şəffaf rəgnli kristal halda olan gümüşü rəngli kağıza bükülmüş maddə, sağ ön cibindən 226 manat pul və iki ədəd plastik kart aşkar edilib götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-in 185.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 10% dövlət nəfinə alınmaqla 02 il müddətə islah işləri cəzasına məhkum olunmuş, Göyçay rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Göyçay rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsi tətbiq edilməklə 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhrum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Göyçay rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 23 gün vaxtından əvvəl şərti azad olunmuşdur. CM-in 18.1-ci maddəsinə əsasən məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiqi edilmiş “Göyçay RMX” publik hüquqi şəxsdən alınmış 03 mart 2023-cü il tarixli PHŞ-6-40/2-231/2023 saylı məktubda göstərilmişdir ki, Göyçay rayon Potu kənd sakini, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən “Narkomaniya” diaqnozu ilə qeydiyyatdadır, psixiatr və nevropatoloq həkimlərdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısının Göyçay rayon Potu kənd inzibati ərazi darəsi üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədə və arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Göyçay rayon Potu kəndində yerləşən fərdi yaşayış evində qardaşı Zərərçəkmiş şəxs və anası X4 ilə birlikdə həmin ünvanda yaşayır, subaydır, Təqsirləndirilən şəxs barəsində Göyçay şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş 17 yanvar 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2155-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Göyçay rayon Məhkəməsinin 19 yanvar 2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmamasına və aşkar olunan güclü təsir edən maddəni isə satış məqsədi ilə daşımamasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, təqsirləndirilən şəxs ona qarşı qanunsuzluq edilməsi ilə əlaqədar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəməyə, nə də ki, hansısa tibb müəssisəsinə müraciət etməmiş, videoçəkilişlə və müdafiəçilərinin iştirakı ilə aparılan şəxsi axtarış aparılan zaman aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin özünə məxsus olmasını bildirmişdir. Eyni zamanda nəyə görə qeyd edilən məsələlərlə əlaqədar müraciət etməməsinə dair ağlabatan izahat da təqdim edə bilməmişdir. Bundan başqa aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin şəxsi istehlak və külli miqdar üçün qanunvericiliklə müəyyən edilmiş miqdardan dəfələrlə çox olması, ayrı-ayrı bağlamalarda qablaşdırılaraq saxlanılması, həmçinin ayrı-ayrı çeşidlərdə olması Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə, psixotrop və güclü təsir edən maddələri satış məqsədi ilə saxlamasına əsas verir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 177.1, 234.4.3 və 240.1-ci maddələrinə tövsifi ilə razılaşır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi və zərərçəkmiş şəxsin onunla barışaraq ondam heç bir şikayət və tələbinin olmaması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 177.1, 234.4.3 və 240.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. CM-in 73.1-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Lakin məhkəmə hesab edir ki, CM-in 177.1-ci maddəsinə münasibətdə zərərçəkmiş şəxslə barışmaqla dəymiş zərəri ödəsə də, onun əvvəllər məhz oğurluğa görə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum olunması, onun islah olunmadığını və həmin əmələ görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini zəruri edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 65.2-c maddəsinə əsasən residivə görə cəzanın müddətinin CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz müddəasını da nəzərə alır. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 17 yanvar 2023-cü il tarixdən hesablanmalı və CM-nin 56.1.3-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs metamfetamin və metadon qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 161,10 AZN (yüz altmış bir manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 17 yanvar 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 161,10 AZN (yüz altmış bir manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Göyçay rayon Polis Şöbəsində saxlanılan 3,093 qram narkotik vasitə heroin, təmiz çəkisi 0,272 qram psixotrop maddə olan metamfetamin və 14 ədəd tramadol hidroxlorid tərkibli dərman tabletləri məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs metamfetamin və metadon qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar