Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-156/2024 08.07.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, İ instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X5 müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1986-cı ildə Yevlax şəhərində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 11 ədəd sellofan bükümlərdə ümumi çəkisi 3,818 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 1 ədəd sellofan bükümdə çəkisi 0,185 qram narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edib üzərində saxlamış, 25 dekabr 2023-cü il tarixdə saat 23:00 radələrində Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri H.Əliyev prospektində Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində 25 dekabr 2023-cü il tarixdə saat 2350-dən 26 dekabr 2023-cü il tarixdə saat 0036-dək olan müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sol cibindən qəsdən satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı 11 ədəd sellofan bükümlərdə olmaqla ayrı-ayrılıqda çəkiləri 0,418 qram, 0,411 qram, 0,436 qram, 0,446 qram, 0,360 qram, 0,396 qram, 0,366 qram, 0,270 qram, 0,333 qram, 0,180 qram və 0,202 qram olmaqla ümumi çəkisi 3,818 qram külli miqdarında psixotrop maddə olan metamfetamin və 1 ədəd sellofan bükümdə çəkisi 0,185 qram narkotik vasitə olan heroin aşkar olunmaqla qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 dekabr 2023-cü il tarixdə saat 2230 radələrində Yevlax şəhərində Samirə kimi tanıdığı Liliya adlı qadından narkotik vasitə olan heroin götürdükdən sonra sonuncunun yaşadığı 31-ci məhəllədəki binanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Həmin vaxt pula ehtiyacı olmamış, Rusiya Federasiyasından onun kartına pul vurulmuşdur. Qeyd edilən səbəblərə görə narkotik vasitə satmağa ehtiyacı olmamış, narkotik vasitəni şəxsi istifadəsi üçün almışdır. Polis əməkdaşları ondan pul istəyərək onun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif olunacağını söz vermiş, pul vermədiyinə görə ona satış məqsədilə ittiham verilmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olarkən «Whatsapp» proqramı vasitəsilə tanış olduğu özünü İran vətəndaşı kimi təqdim etmiş şəxsdən narkotik vasitə və psixotrop maddə istəmiş, həmin şəxs ona kart nömrəsi göndərmişdir. Karta 180 manat göndərdikdən sonra həmin şəxs ona narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini göndərdiyi yeri ona demiş, həmin şəxsin dediyi Bakı şəhərində yerləşən ünvana gedib orada olan ağacın dibindən bir ədəd selofan torbaya bükülmüş içərisində 16 ədəd sellofan bükülünü götürmüşdür. Bükülülərdən 5 ədədi heroin, 11 ədədi isə metamfetamin olmaqla həmin heroini və metamfetamini istifadə etmək üçün cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə Yevlax şəhərinə gələrək beş ədəd büküm heroindən dörd ədəd bükümünü istifadə etmiş, 11 ədəd sellofan bükümdə olan metamfetamini və bir ədəd sellofan bükümdə olan heroini gələcəkdə istifadə etmək üçün cibində saxlamışdır. Saat 23 radələrində Yevlax şəhər avtovağzalın yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğuna görə rayon Polis Şöbəsinə dəvət etmiş, Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki idman şalvarın sağ yan cibində bir ədəd kapron corabın içərisində saxladığı 11 büküm metamfetamini və 1 bükümdə heroini təqdim etmişdir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yevlax rayon X3 Mübarizə Qrupunun əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Yevlax şəhəri Nizami prospekti bina 31 mənzil 8-də yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatla əlaqədar yaradılmış əməliyyat qrupuna daxil olan Yevlax rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 ilə birlikdə 25 dekabr 2023cü il tarixdə saat 23 radələrində Yevlax şəhər Avtovağzalının yanında Təqsirləndirilən şəxs yaxınlaşaraq qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilərək Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ cibindən bir ədəd kapron corab, həmin corabın içərisindən bir bükümündə narkotik vasitə heroin, 11 ədəd bükümdə isə psixotrop maddə metamfetamin olduğu 12 ədəd sellofan bükülü aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdən 11 ədədinin metamfetamin, 1 bükümdə isə heroin olduğunu və həmin narkotik vasitəni və metamfetamini xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olarkən «Whatsapp» proqramından istifadə edərkən özünü İran vətəndaşı kimi təqdim etmiş şəxsdən aldığını bildirmişdir. Aşkar olunan narkotik vasitə və psixotrop maddə qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 dekabr 2023-cü il tarixli 17\875 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 ədəd sellofan bükümdə çəkisi 0,185 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 11 ədəd sellofan bükümlərdə olan ayrı-ayrılıqda çəkiləri 0,418 qram, 0,411 qram, 0,436 qram, 0,446 qram, 0,360 qram, 0,396 qram, 0,366 qram, 0,270 qram, 0,333 qram, 0,180 qram və 0,202 qram olmaqla ümumi çəkisi 3,818 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 29 mart 2024-cü il tarixli 548 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asıllıq sindiromu aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 25 dekabr 2023-cü il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ sağ cibindən 1 ədəd sellofan bükümdə çəkisi 0,185 qram narkotik vasitə olan heroin və 11 ədəd sellofan bükümlərdə olan ayrı-ayrılıqda çəkiləri 0,418 qram, 0,411 qram, 0,436 qram, 0,446 qram, 0,360 qram, 0,396 qram, 0,366 qram, 0,270 qram, 0,333 qram, 0,180 qram və 0,202 qram olmaqla ümumi çəkisi 3,818 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər 1 saylı Mənzil Təmir İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarına əlavə edilmiş 25 dekabr 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2325-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin satış məqsədi olmadan üzərində saxlamasına dair ifadəsini özünü müdafiə məqsədilə məsuliyyətdən yayınmaq üçün verdiyi ifadə kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin ayrı-ayrı 12 bükümdə, eyni zamanda iki çeşiddə olması onun həmin narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə saxlamasını bir daha təsdiq edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8,41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 25 dekabr 2023-cü il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamin qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, ərazi narkololi dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 25 dekabr 2023-cü tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Yevlax rayon Polis Şöbəsində saxlanılan 3,268 qram psixotrop maddə olan metamfetamin və 0,135 qram narkotik vasitə olan heroin məhv edilsin, iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilsin, ərazi narkololi dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-156/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-156/2024
08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver