Məhkəmə qərarları › İş №1(091)-157/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-157/2022

24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-157/2022 24.08.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Müdafiəçi –Yevlax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2005-ci il tarixdə Rusiya Federasiyasının İrkutsk vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Yevlax şəhəri N.Nərimanov adına 9 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdi, işləməyən, Yevlax şəhəri, T.Məmmədov küçəsi, ev 34-də qeydiyyatda olmaqla yaşayan, barəsində valideyn nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 06 dekabr 2021-ci il tarixdə saat təxminən 10 radələrində təhsil aldığı H.Əliyev prospekti 5 ünvanında yerləşən Yevlax şəhəri N.Nərimanov adına 9 nömrəli tam orta məktəbin həyətində olan yeməkxananın qarşısında yoldaşlıq münasibətində olmaqla həmin məktəbin 9-cu sinfində təhsil alan xx.xx.2007-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs onun sinəsindən itələyib kobud zarafatlar edib onu ələ salmasına əsəbləşərək sonuncu ilə aralarındakı şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həmin vaxt cibindəki qatlanmış vəziyyətdə olan istintaqla müəyyən olunmayan bıçağı çıxarıb tiyəsini açaraq Zərərçəkmiş şəxs sol qalça nahiyəsindən qəsdən bir dəfə vuraraq sonuncuya sol qalça çuxurunun deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, hadisə günü hər zaman olduğu kimi səhər tezdən oyanıb üstünü dəyişib məktəbə yollanmış, sinifdə 2 dərs oturmuş, 3-cü dərs başladığı zaman bir az susadığına görə bufetə düşmüşdür ki, özünə su alsın. Bufetdə özünə çay da almışdır. Çayı içib bitirdikdən sonra sinifə getmək istəyərkən Cavidlə qarşılaşmışdır. Cavidlə aralarında zarafat olsa da, şit zarafat etməməsi üçün Cavidi tənbehləmişdir. Həmin vaxt Cavidə irad bildirsə də, Cavid onun sözlərinə məhəl qoymayaraq təkrar onunla şit zarafat etmiş, onu ələ salmışdır. Həmin vaxt o da, xəsarət yetirməmək məqsədilə istəmişdir ki, Cavidə bir şey atsın ki, Cavid ondan uzaqlaşsın. Yerdə heç nə tapa bilməmişdir. Özü zərgərlik sənədini öyrəndiyi üçün üzərində həmişə universal instrument aləti olur. Belə olub həmin aləti çıxararaq Cavidə doğru atmışdır. Atdığı alət Cavidə dəyərək yerə düşmüş, sonra Cavid çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, üzərində daşıdığı universal instrument alətini Cavidə atdıqdan sonra qatlayıb cibinə qoymuş, sonra isə dərsə getmişdir. Həmin vaxt Cavidin üzərində olan paltarda qan ləkəsi olmamışdır. Dərsi bitdikdən sonra evə getmişdir. Bir müddət sonra küçədə oturub fiqur yonmuş, elə bu vaxt həmin Cavidə atdığı instrument aləti qırılaraq yararsız hala gəldiyindən, həmin alətin yararsız olduğunu görüb onu atmışdır. Cavidə atdığı həmin alətin ağzı bağlı şəkildə olmuşdur. Cavidlə mübahisə etdiyi zaman onun üzərində cızıqlı köynək olmuşdur. Əgər Cavid həmin vaxt xəsarət alsaydı bunu görmək mümkün idi. Cavidlə mübahisə etdikdən sonra dərsə getmiş, dərsi bitdikdən sonra isə evə getmişdir. Bir müddət sonra atası ona bildirmişdir ki, “sən nə etmisən ki, məni polis şöbəsinə çağırırlar”. O da hadisəni atasına danışmış və sonra atası ilə birlikdə polis şöbəsinə getmişdir. İlkin izahatında Cavidə atdığı alətin universal instrument olduğunu bildirmişdir, lakin izahatında niyə bıçaq yazıldığını bilmir. Ola bilsin ki, qorxduğu üçün ilkin izahatında universal alət yerinə bıçaq demişdir. Hazırda istəmədən də olsa zərərçəkmiş şəxsə xəsarət yetirdiyi üçün peşmandır, zərərçəkmişlə barışmışdır, zərərçəkmişin ondan heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən bu halların, o cümlədən yaşının azlığının nəzərə alınmasını və barəsində ədalətli qərarın qəbul olunmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 06 dekabr 2021-ci il tarixdə, saat təxminən 08 radələrində yaşadığı evdən çıxaraq təhsil aldığı Yevlax şəhər 9 saylı tam orta məktəbə getmiş, həmin gün 1-ci və 2-ci dərslərdə iştirak etmiş, 3-cü dərsin başlanması zəngi vurulanda möhkəm susadığına görə məktəbin bufetinə gedərək çay içmək qərarına gəlmişdir. Bu səbəbdən 3-cü dərsə girməyib məktəbin həyətində olan bufetə getmiş, lakin bufetə daxil olmamış, çöldə olan pəncərəyə yaxınlaşıb bir stəkan çay alaraq ayaq üstə içmiş, sonra dərsə girmək üçün məktəbin binasına daxil olmaq istəmiş, bu zaman Zərərçəkmiş şəxs ilə qarşılaşmışdır. Həmin vaxt Cavid tək olmuş, yanında heç kəs olmamış, bundan başqa məktəbin həyətində də heç kəs olmamışdır. Cavidlə aralarında zarafat olduğuna görə Cavid ona yaxınlaşaraq sinəsindən itələyərək gülməyə başlamış, Cavidin üzərinə getmiş, lakin Cavid kənarlaşaraq yenə də bir qədər məsafə saxlayaraq yenidən şit-şit zarafatlar etməyə, onu ələ salmağa başlamışdır. Bu səbəbdən əsəbiləşərək yerdən nəsə götürüb Cavidə tərəf atmaq qərarına gəlmiş, lakin yerdən heç nə tapa bilməmiş, həmin vaxt əynində olan şalvarın sağ yan cibində qatlanan bıçaq olduğu yadına düşərək həmin bıçağı cibindən çıxarıb bağlı vəziyyətdə Cavidə tərəf atmışdır. Həmin bıçağı atmaqda məqsədi Cavidə xəsarət yetirmək deyil, onu qorxutmaq olmuşdur. Belə ki, Cavidə nəsə atsa qorxaraq qaçıb gedəcəyini düşünmüşdür. Atdığı bıçaq Cavidin qarın nahiyəsinə dəyərək yerə düşmüş, Cavid yenidən zarafat edərək ona tərəf gəlmiş, Cavidi kənarlaşdırmaq üçün təpik atmış, Cavid arxaya çəkilmiş, bu səbəbdən təpik ona dəyməmiş, bundan sonra Cavid ondan kənarlaşmışdır. Cavidə atdığı bıçağı yerdən götürüb cibinə qoymuş, sonra məktəbin binasına daxil olub dərsə girmiş, həmin gün Cavid ilə qarşılaşmamışdır. Ertəsi gün, yəni 07 dekabr 2021-ci il tarixdə, səhər saatlarında məktəbə getmiş, məktəbdə olan zaman Cavidin sinif yoldaşları ilə qarşılaşmış, hazırda kim olduğunu xatırlamadığı şagirdlərdən biri ona Cavidin dünən axşam saatlarında xəstəxanaya daxil olaraq əməliyyat olunduğunu demişdir. Bir neçə gün sonra Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı onun izahatını almış və ondan Cavid ilə aralarında olan münasibət barədə soruşmuş, həmin əməkdaşa hadisəni olduğu kimi danışmışdır. Cavid ilə zarafat edərək özündən kənarlaşdırmaq üçün cibindəki bağlı vəziyyətdə olan bıçağı ona tərəf atmış, bunda məqsədi Cavidə xəsarət yetirmək olmamışdır. Atdığı bıçaq Cavidin qarın nahiyəsinə dəyərək yerə düşmüş, lakin bıçağın ona xəsarət yetirib-yetirmədiyini bilməmiş, Cavidin qarın nahiyəsindən qan axdığını görməmiş, həmçinin onun əynində olan paltarda deşilmə izi görməmişdir. Həmin vaxt orada yalnız onun özü və Cavid olmuş, başqa heç kəs olmamışdır. Hadisədən 2-3 gün sonra, dəqiq tarix yadında qalmayıb, yaşadığı evin həyətində Cavidə atdığı bıçaqdan istifadə edərək taxtadan fiqur kəsməyə başlamış, həmin vaxt bıçağın tiyəsi ortadan iki hissəyə bölünmüş, bu səbəbdən bıçağı zibilliyə tullamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, hadisə günü evdə iş görmüş, taxtaları daşıdığı zaman ayağı ilişdiyi üçün üzü üstə yerə yıxılmışdır. Elə bu vaxt qarnına şüşə batmış və xəsarət almışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ibtidai istintaq zamanı da müstəntiqə bu formada bildirmişdir. Əvvəllər Təqsirləndirilən şəxsla münasibəti yaxşı olmuşdur. Hadisədən bir müddət sonra xəstəxanaya getmiş və xəstəxanada həkimlər onu müayinə etmişdir. Bir daha bildirir ki, Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs ona heç bir xəsarət yetirmədiyinə görə ondan heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Məhkəmədən bu halların nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırmanın ilkin dövründə verdiyi izahat arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai araşdırma zamanı verdiyi izahatı elan olunaraq tədqiq olunmuşdur. Həmin izahatında Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2021-ci ildə səhər saat 09 radələrində Yevlax şəhəri 9 saylı orta məktəbin inzibati binasının içərisində olduğu zaman tanıdığı həmin məktəbin rus bölməsi üzrə 10-cu sinif şagirdi Sönməz adlı şəxslə aralarında sözlə münaqişə baş vermişdir. Həmin vaxtı onların tarix müəllimi məktəbdə olmadığından dərs nəzarətsiz qalmışdır. O, məktəbin binasından çıxıb həyətdə olan bufetin qarşısına getmişdir. Həmin vaxtı Sönməzi də orada görmüşdür. Həmin vaxtı orada Sönməz və ondan başqa heç kəs olmamışdır. Sönməz bıçağı sol əli ilə belindən götürüb onunla üz-üzə olan vəziyyətdə onun qarnından vurmuş və nəticədə o xəsarət almışdır. Bundan sonra Sönməz çıxıb getmiş, o, da məktəbdən çıxaraq yaşadığı evə getmişdir. Anası Əfsanəyə özünü piss hiss etdiyini demişdir. Anası da onun qarın nahiyəsindən qan axdığını görmüşdür. Bundan sonra onu xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 ifadəsində göstərmişdir ki, hadisənin şahidi olmamışdır. Hadisədən sonra polis əməkdaşı ona zəng edərək oğlunun adam bıçaqladığını bildirmiş və onu da götürüb polis şöbəsinə gəlməsini tapşırmışdır. Belə olub oğlu ilə birlikdə polis şöbəsinə getmişdir. Sonra polis əməkdaşı hadisə ilə bağlı olaraq oğlunu dindirmiş və oğlu da onun yanında ifadəsini vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 ifadəsində göstərmişdir ki, hadisə olduğu gün küçədə olmuş, həyat yoldaşı onu çağırmışdır ki, Cavidin qarnında xəsarət var. Cavidin qarın nahiyəsinə baxdığı zaman yaranın dərin olduğunu görmüşdür. Dərhal oğlunu taksiyə əyləşdirib xəstəxanaya aparmışdır. Xəstəxanada polis əməkdaşı gəlib oğlundan və ondan hadisə ilə bağlı izahat almışdır. O da izahatında bildirmişdir ki, oğlu qapıda yıxılaraq xəsarət almışdır. Lakin sonra o olmayan vaxt təhqiqatçı gələrək oğlundan izahat almış və izahatına yazmışdır ki, güya oğlu bıçaqlanıb. Halbuki onun oğlu bıçaqlanmamışdır. Hazırda da təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən ekspert Şahid1 Ələkbər oğlu ifadəsində özünün tərtib etdiyi və iş materiallarında olan xx.xx.2022-ci il tarixli məhkəmə tibbi ekspertizasının rəyini müdafiə edərək göstərmişdir ki, xəsarətin xarakteri, yerləşdiyi nahiyə və daxili üzvlərin zədələnməsini, yəni S-vari bağırsaq və nazik bağırsağın iki yerdən dəlib keçən yaralanmasını, o cümlədən bədənin digər qabarıq nahiyələrində, yəni dirsəklər, diz oynağı, burun beli, alt çənə qabarı hərhansı bir digər xəsarətin olmamasını nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarət yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmiş, zərərçəkmişin öz boyu hündürlüyündən yıxılması nəticəsində törənməsi mümkün deyil, kənar şəxs tərəfindən yetirilən zaman törənməyə xarakterikdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 16:48-də Yevlax Şəhər Mərkəzi Xəstəxanasının qeydiyyatçısı Seyidova telefonla məlumat verərək Yevlax şəhəri, Dəmiryol binası ev 10/13 yaşayan 2007-ci il təvəllüdlü X2 tərəfin kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya daxil olduğunu bildirmişdir (cild 01, iş vər. 3). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” protokoldan görünür ki,18 aprel 2022-ci il tarixdə hadisənin baş verdiyi Yevlax şəhəri 9 saylı tam orta məktəbin həyətinə və həyətdə olan bufetin yerləşdiyi əraziyə baxış keçirilmiş, hadisə yerinə baxış keçirilən zaman bufetin arxa tərəfində şagirdlərin qida məhsulları və digər ərzaqları bufetə daxil olmadan almaları üçün pəncərənin olması pəncərənin qarşısında masaların qoyulmuş olduğu üzəri dəmir materialla örtülmüş quraqlığın olması müəyyən olunmuşdur. Müvafiq foto şəkillər çəkilməklə protokola əlavə olunmuşdur (cild 01, iş vər. 72-76). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs və onun atası Qanuni nümayəndə1 iştirakları ilə Yevlax şəhəri 9 saylı tam orta məktəbin həyətində olan hadisə yerinə baxış keçirilmiş, hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin məktəbin şagirdi olan Zərərçəkmiş şəxs onunla qarşılaşaraq zarafat etdiyi yeri, daha sonra Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri əyani olaraq göstərmişdir (cild 01, iş vər. 11-13). Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Psixo-nevroloji dispanserinin Yevlax rayon psixonevroloji kabinetindən alınmış 07 may 2022-ci il tarixli 922 nömrəli arayışla müəyyən olunmuşdur ki, Abuşov X6 rayon Psixonevroloji Kabinetdə qeydiyyatda durmur (cild 01, iş vər. 83). Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Narkoloji dispanserinin Yevlax rayon narkoloji kabinetindən alınmış 07 may 2022-ci il tarixli 700 nömrəli arayışla müəyyən olunmuşdur ki, Abuşov X6 rayon Narkoloji Kabinetdə qeydiyyatda durmur (cild 01, iş vər. 84). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 07 yanvar 2022-ci il tarixli 819 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərdən – sol qalça çuxurunun deşilmiş-kəsilmiş yarası yastı tiyə tipli deşici-kəsici alətin-bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Qeyd olunan xəsarət yetirilən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir (cild 01, iş vər. 34-35). Cinayət işinin materiallarında olan kompleks məhkəmə-psixoloji və psixiatrik ekspertizasının 10 may 2022-ci il tarixli, 288/98 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman, yəni xx.xx.2021-ci il tarixdə öz əməlinin faktiki mahiyyətini və xarakterini dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk edərək onları idarə etmək iqtidarına malikdir. Rəyin psixoloji hissəsindən isə görünür ki, istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və hazırki ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, emosiya, təfəkkür, intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması əsas verir (cild 01, iş vər. 117-119). Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ilə 06 dekabr 2021-ci il tarixdə saat təxminən 10 radələrində təhsil aldığı Yevlax şəhəri N.Nərimanov adına 9 nömrəli tam orta məktəbinin həyətində həmin məktəbin şagirdi Zərərçəkmiş şəxs aralarında mübahisə baş vermişdir. Mübahisənin baş verməsinə səbəb Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sinəsindən itələyib onunla kobud zarafatlar edib onu ələ salması olmuşdur. Təqsirləndirilən şəxs da həmin zarafatlardan və onu ələ salmasından əsəbləşərək həmin vaxt cibindəki bıçaqla Zərərçəkmiş şəxs vurmuşdur. Hadisəni görən şahidlər olmamış, hadisə zamanı Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bıçağın müəyyən edilməsi mümkün olmamışdır. Zərərçəkmiş şəxs atası Qanuni nümayəndə2 əvvəllər CM-nin 237.1, daha sonra 221.2.2 və 315.1, sonuncu dəfə 234.1-ci maddəsi ilə məhkum olunmuş, övladının bıçaqla vurulmasından şikayət etdiyi halda cinayətkar aləmdə nüfuzdan düşməsinə səbəb olacağına görə oğlu Zərərçəkmiş şəxs yıxılaraq xəsarət aldığını bildirmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 137-146). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma - qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də, Təqsirləndirilən şəxs aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs üzərində olan və istintaqla müəyyən edilməyən bıçaqla qəsdən bir dəfə vuraraq ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ibtidai istintaqın ilkin mərhələsində vermiş olduğu izahatla, habelə şahid (ekspert) Şahid1 ifadəsi, o cümlədən məhkəmə tibbi ekspertizasının rəyi və biri digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 126.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası bildirmək istəyir ki, onun həmin ifadəsi özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, o cümlədən iş materiallarında olan digər sübutlarla (ekspert rəyi, şahid ifadəsi və s.) təkzib olunduğundan, məhkəmə həmin ifadələrə tənqidi yanaşır, onları müdafiə xarakterli ifadə kimi qəbul edir və onunla razılaşmır. Əksinə şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv halları ilə və mövcud sübutlarla üst-üstə düşdüyündən və biri-digərini tamamladığından, məhkəmə həmin ifadələri əsaslı sayır və ona elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Zərərçəkmiş şəxs və onun atası Qanuni nümayəndə2 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə həmin ifadələrə də tənqidi yanaşır. Belə ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə dostluq münasibətində olması, bir-birilərini çoxdan tanımaqla onunla eyni təhsil müəssisəsində təhsil alması, ailələrin bir-birini tanıması onun və onun atası Qanuni nümayəndə2 təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsini anlaşılan edir. Odur ki, məhkəmə zərərçəkmiş şəxsin ifadəsinə tənqidi yanaşır və onunla razılaşmır. Əksinə zərərçəkmiş şəxsin ibtidai araşdırmanın ilkin dövründə verdiyi izahatında göstərdiyi xüsusatlar iş üzrə mövcud sübutlarla üst-üstə düşdüyü üçün həmin izahatda göstərilənləri əsaslı sayır və təqsirləndirilən şəxsə qarşı elan olunan ittihamın əsasına məhz həmin izahatı qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır və təhsil aldığı yer üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 114-116). Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 129). Məhkəmə kollegiyası cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini CM-nin 59.1.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamaqla onunla barışmasını CM-nin 59.1.12-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin təhsil aldığı yer üzrə müsbət səciyyələnməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanunvericiliyinin normalarında göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, lakin ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən isə məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların çoxluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin əvvəldən tanış olmaqla aralarında dostluq münasibətinin olmasını, əvvəllər aralarında hər hansı ədavətin və düşmənçiliyin olmamasını, barışmalarını, hazırda heç bir ədavətlərinin olmamasını əsas götürərək, eləcə də Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq bu qənaətə gəlir və Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, belə mövqe mövcud məhkəmə təcrübəsi ilə də üst-üstə düşür. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə valideyn nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 108-109). Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş valideyn nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi ziyanın, mülki iddianın, maddi sübutun və məhkəmə məsrəfinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə növündə cəza 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş valideyn nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar