Məhkəmə qərarları › İş №1(091)-157/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(091)-157/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-157/2023 17.05.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ ( Cinayət işinin baxılmasına xitam verilməsi, onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə ) Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Musazadə Elvin Elçin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs (Khalilov Ruslani) və müdafiəçi X2 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gürcüstanın Respublikasının Tbilisi şəhərində doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, milliyyətcə azəribaycanlı, orta təhsilli, subay, işləməyən, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 – X5 münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə 05 noyabr 2021-ci il tarixdə çəkilməmiş 7 ay 16 gün azadlıqdan məhrumetmə cəzası 06 (altı) ay azaldılmış, cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş (hökm qanuni qüvvəsini almamışdır), Balakən rayonu Qullar kəndində daimi yaşayan, barəsində hazırki iş üzrə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (Khalilov Ruslani) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (qərarın təsviri əsaslandırıcı hissəsində CM) 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq şəkildə keçirilən məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin icraatına 05 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs (Khalilov Ruslani) CM-in 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Təqsirləndirilən şəxs (Khalilov Ruslani) qarşı ibtidai istintaq orqanı tərəfindən CMnin 234.4.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən təkrarən, qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə 1,197 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə – heroini əldə edib həmin narkotik vasitə - heroini ayrı-ayrılıqda təmiz çəkiləri 0,718 qr. və 0,479 qr. olmaqla 02 (iki) ədəd gümüş-ağ rəngli kağız bükümlərə bölərək həmin bükümləri 01 ədəd boş kibrit qutusuna dolduraraq əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə qoymaqla satış məqsədi ilə daşıyaraq üzərində saxlamış, 20 fevral 2023-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Balakən rayonu Qullar kəndində daimi yaşayan Təqsirləndirilən şəxs (Khalilov Ruslani) Balakən Rayon Polis Şöbəsinə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində həmin gün saat 21:00-dan 21:40-dək olan müddət ərzində şəxsi axtarış keçirilərkən onun təkrarən, qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə əldə edib 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərə bölərək bir ədəd boş kibrit qutusuna qoymaqla daşıyaraq üzərində saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 0,718 qr. və 0,479 qr. olmaqla ümumi təmiz çəkisi 1,197 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə - heroin əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası cinayət işinin materiallarını yoxlayıb aidiyyətlə bağlı məsələni araşdıraraq qeyd edir ki, sözügedən cinayət işinin baxılması Şəki Ağır Cinayətlər Məhkəməsinə aiddir. Məhkəmə tərkibi məhkəmənin hazırlıq iclasında cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü ilkin dinləmələr vasitəsilə yoxlamaqla ittiham və müdafiə tərəfinin fikrlərini ayrı-ayrılıqda dinləyib, cinayət işinin materiallarını qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin qeyd edilən maddəsində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. Hazırkı cinayət işi üzrə ibtidai araşdırma zamanı yol verilmiş konkret kobud prosessual pozuntulara gəldikdə məhkəmə kollegiyası bildirir ki, ilk növbədə təqsirləndirilən şəxsin nədə təqsirləndirildiyini bilmək hüququ, beləliklə də, müdafiə hüququ pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu – verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. Həmin Məcəllənin 223.3-cü maddəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyətinin mütləq şəkildə əks etdirilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan cinayət prosessual qanunvericiliyin qeyd edilən normalarının tələblərinə əsasən elan olunan ittihamda cinayətin baş vermə mexanizminin (cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər və s.) dəqiq və ətraflı göstərilməsi, təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu aydın şəkildə anlaması və nədə təqsirləndirildiyini dərk etməsi baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, sözügedən tələblərin qeyd edilən qərarlarda əks etdirilməsi yolu ilə qanunverici hüquqları məhdudlaşdırılan həmin şəxsə nəyə görə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarın qəbul edilməsinin labüdlüyünü izah edir, eyni zamanda həmin şəxsə hansı əməli törətməsi, nədə təqsirləndirildiyini dərk etməsi və ona qarşı irəli sürülən ittihamın mahiyyətinin ona tam aydın olması üçün imkan yaradır. Qanunverici məhz bu cür təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsini qanunu tətbiq edənin üzərinə vəzifə olaraq qoymuşdur. Eyni tələblər həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində də öz əksini tapmışdır. Belə ki, qeyd edilən beynəlxalq sənədin həmin normasında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir. Hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən 25 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs (Khalilov Ruslani) CM-in 234.4.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qarşı sözügedən maddə ilə yekun ittiham irəli sürülmüşdür (cild 01, iş vər. 180-181). İbtidai istintaq orqanı tərəfindən həmin qərarda təqsirləndirilən şəxsə qarşı CM-in 234.4.2-ci maddəsi ilə, yəni təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma maddəsi ilə ittiham irəli sürülsə də, cinayət prosessual qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əməl edilməmiş, şəxsə narkotik vasitənin təkrar satış məqsədi ilə əldə edilməsi ilə bağlı ittiham irəli sürdüyü halda, qərarda həmin əməllərin nədə ifadə olunduğu, şəxsin konkret hansı əməlləri törətdiyi göstərilməmiş, dolayısı ilə də şəxsin əməlində təkrar satışı yaradan epizodlar ayrı-ayrılıqda ona qarşı irəli sürülən ittihamın məzmununda əks etdirilməmişdir. Beləliklə də, şəxsə təkrarən narkotik vasitənın satış məqsədi ilə əldə edilməsi ilə bağlı ittiham irəli sürüldüyü halda, bu əməllərin hər biri ayrı-ayrılıqda əks etdirilməklə onların məzmunu ittihamda göstərilməmişdir ki, bununla da faktiki olaraq qanunvericiliyin sadalanan tələbləri icra edilməmiş, təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında ətraflı məlumatlandırılmaq hüquqları məhdudlaşdırılmış və nəticədə təqsirləndirlən şəxsin faktiki olaraq, müdafiə hüquqları zəruri səviyyədə təmin edilməmişdir. Belə ki, yuxarıda göstərilən normaların tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamda digər vacib məlumatlarla yanaşı, şəxsə CM-in 234.4.2-ci maddəsi ilə ittiham irəli sürülməsinə səbəb olan hər bir epizod ayrı-ayrılıqda göstərilməklə ittihamın məzmununda əks etdirilməli olduğu halda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunan ittihamın məzmununda yalnız bir epizod (sonuncu epizod) göstərilmiş, bu hal faktiki olaraq təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamın məzmununun aydın olmadığını göstərməklə yanaşı təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu bilmək hüququnun tam təmin olunmadığını, yəni bu hüquqlarının pozulmasını təzahür etmiş, habelə onun nədən müdafiə olunması üçün lazımi tədbirlər görməsi istiqamətində, öz müdafiəsini necə qurması yönündə hərəkətlərini məhdudlaşdırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan ziddiyyətli halların ibtidai istintaq orqanı tərəfindən qanunvericiliyə uyğun şəkildə aradan qaldırılmaması təqsirləndirilən şəxsin ittihamın xarakteri və əsasları haqqında ətraflı məlumatlandırılmaq kimi X3 Konvensiyasının 6-cı maddsində təsbit edilmiş hüquqlarının da, pozulmasına gətirib çıxarmışdır. Odur ki, qeyd edilən bu pozuntu bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPM-nin 303.3.1-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Lakin nöqsanlar yalnız bununla bitməmiş, həmin qeyri-müəyyən ittiham cinayət təqibinin gedişində dəyişdirilməmiş, müstəntiq tərəfindən dəqiqləşdirilməmiş və yekunda ittiham aktı tərtib olunanda da bu məsələ diqqətdən kənar qalmaqla cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələri və ya 296.2-ci maddəsində göstərilənlər nəzərə alınmaqla tərtib edilməsinə dair prosessual tələblər pozulmuşdur ki, bu da kobud prosessual pozuntu olmaqla yekunda CPM-nin 303.3.6-cı maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqın yekun mərhələsində, yəni 25 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs (Khalilov Ruslani) CMin 234.4.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra elə həmin tarixdə müdafiəçinin də iştirakı ilə təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən özünü CM-in 234.4.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda təqsirli bilmədiyini, xx.xx.2023-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularkən onun üzərində narkotik vasitə olmadığını, Balakən Rayon Polis Şöbəsində ona qarşı psixi və fiziki güc tətbiq olunduğundan üzərindən aşkarlanmış narkotik vasitənin özünə məxsus olduğunu dediyini bildirmiş və ifadə verməkdən, o cümlədən suallara cavab verməkdən imtina etmişdir. Bundan sonra, iş üzrə ibtidai istintaqı aparan müstəntiq Mətanət Həşimova sözügedən xüsusatlarla bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məktubla məlumat vermiş, lakin həmin xüsusatla bağlı həmin qurumda aparılacaq müstəqil araşdırmanın nəticəsini gözləmədən təqsirləndirilən şəxsin qeyd etdiklərinə vəsatət kimi yanaşmış və qəbul etdiyi qərarla həmin vəsatəti əsassız hesab edərək rədd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla müstəntiq sözügedən məsələyə bu formada yanaşmaqla, digər tərəfdən isə müvafiq araşdırmanın nəticələrini gözləmədən ibtidai istintaqı yekunlaşdırmaqla yanlışlığa yol vermiş və bununla da, təqsirləndirilən şəxsin həm konstitusiya ilə, həm də cinayət prosessual qanunvericiliklə qorunan hüquqlarını pozmuşdur. Belə ki, təqsirləndirilən şəxsin qeyd etdiyi xüsusatlar elə xüsusatlardır ki, həmin hallar gələcəkdə öz təsdiqini tapdığı təqdirdə birbaşa işin taleyinə təsir edə bilər ki, bu da ibtidai araşdırmanın ilkin mərhələsində əldə olunan sübutların etibarlılığı ilə bağlı ciddi narahatlıqlar ortaya çıxara bilər. Odur ki, təqsirləndirilən şəxs tərəfindən qeyd olunan xüsusatlar ətraflı şəkildə araşdırılmadan, ona hər hansı bir vəsatət kimi qiymət verərək onunla bağlı sözügedən nəticəyə gəlmək qeyri-mümkündür. Beləliklə, yuxarıda göstərilələri ümumiləşdirdikdə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq zamanı CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin nəzərdə tutulmuş kobud pozuntularına yol verildiyinə görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin hazırlıq iclasında müvafiq qərar qəbul edilərkən təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri də müzakirə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 306-cı maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs (Khalilov Ruslani) xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə məhkəmənin qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs (Khalilov Ruslani) törətdiyi əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində hazırki iş üzrə seçilmiş həbs qətimkan tədbiri ilə bağlı həbsdə saxlama müddəti 1 ay, yəni 20 iyun 2023-cü il tarixə kimi uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299-301 və 303-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs (Khalilov Ruslani) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs (Khalilov Ruslani) həbsdə saxlama müddəti 20 iyun 2023cü il tarixə kimi uzadılsın. Təqsirləndirilən şəxs (Khalilov Ruslani) barəsində seçilmiş həbs qətimkan tədbirinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 həvalə edilsin. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar