Məhkəmə qərarları › İş №1(091)-158/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-158/2024

01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-158/2024 01.08.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X12, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2002-ci ildə Zaqatala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ortaixtisas təhsilli, işsiz, Zaqatala rayonu, Faldarlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 263- 1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 17 dekabr 2023-cü il tarixdə saat 19 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olmadan AE 042380 nömrəli X2 Şəhadətnaməsi ilə atası Zərərçəkmiş şəxs məxsus **-BO-*** dövlət qeydiyyat nişanlı Vaz 21013 minik markalı avtomobillə Zaqatala rayonu Muğanlı kəndi istiqamətindən Faldarlı kəndi istiqamətində Faldarlı kəndi ərazisindən keçən asfalt örtüklü yolla hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlakına zərər vurmamalı olduğu halda bu tələbləri pozaraq Faldarlı kəndi ərazisi ilə yolun sağ kənarı yolun sağ çiynindən sola doğru 30 sm yolun hərəkət hissəsində hərəkətdə olan piyada X6 avtomobilin qabaq sağ tərəfi ilə ehtiyatsızlıqdan vuraraq sonuncuya qapalı kəllə-beyin travması, sağ gicgah sümüyünün kəllə əsasına keçən sınığı, baş-beyin toxumasına, yumşaq qişa altına və yan mədəciklərə qansızmalar, sol bud sümüyünün yerdəyişən qapalı sınığı, bədənində çoxsayılı sıyrılmış yaralar kimi, birlikdə həyat üçün təhlükəli olub sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, sağ gicgah sümüyünün kəllə əsasına keçən sınığı nəticəsində beyin maddəsinə, yumşaq qişa altına və yan mədəciklərə qansızma səbəbli X3 ölümü, eyni zamanda **-BO-*** dövlət qeydiyyat nişanlı Vaz 21013 minik markalı avtomobilin sahibi Zərərçəkmiş şəxs isə 374 (üç yüz yetmiş dörd) manat məbləğində maddi ziyanın vurulması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, başına gələn hadisədən çox peşmandır. Hadisə günü evə ərzaq məqsədilə evdən çıxıb marketə getmişdir. Marketdən dönərkən hava çiskinli və duman olduğuna görə yavaş hərəkət etmişdir. Həmin vaxt surəti təxminən saatda 30-40 kilometr olmuşdur. Yolda gedərkən maşının yaxın vuran işıqlarından istifadə etmişdir. Yolda hərəkətdə olan zaman dumanlı hava şəraitinə düşmüş və nəsə yad cismin maşına çırpıldığını hiss etmişdir. Dərhal yerə düşmüş və asfaltın üstündə Şahid4 görüb ondan nəyə dəydiyini soruşmuşdur. Elbaris həmin vaxt şok vəziyyətində olmuşdur. Görmüşdür ki, uşağa dəymişdir. Dərhal uşağı qucağına götürüb maşına aparmışdır. Təcili tibbi yardıma zəng etmişlər. Sonra uşağı xəstəxanaya aparmışlar. Polis şöbəsində olan vaxt uşağın öldüyünü öyrənmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, həmin vaxt hava qaralmış və çiskinli hava şəraiti olmuşdur. Qarşısını maşının işığı vurduğu yerə qədər görə bilmişdir. Yəni 2-3 metr qarşını görə bilmişdir. Maşının işıqları 3-4 metr qarşıya vurmuşdur. Dumanlı hava şəraiti olduğuna görə piyadanı görə bilməmişdir. Maşınla təxminən saatda 30-40 kilometr surətlə hərəkət etmişdir. Sürücülük vəsiqəsi olmamışdır. Vurmamışdan qabağa uşağı görməmişdir. Dəqiq bilmir, səhv etmirsə təcili tibbi yardıma qardaşı məlumat vermişdir. Yolda gedərkən yad cismə dəydiyini hiss etmişdir. Maşından düşəndən sonra görmüşdür ki, asfaltın kənarında uşaq vardır. Uşağın baş tərəfi asfaltda olmuşdur. Uşağı bir yerə qədər onlar aparmışlar. Vurmamışdan qabaq uşağı görməmişdir. Hadisədən sonra təcili tibbi yardıma zəng etmişdirlər. Sonra Şahid4 əmisi Şahid5 hadisə yerinə gəlmişdir. Onların maşın işə düşmədiyi üçün uşağı Şahid5 maşınına qoymuşlar və xəstəxanaya doğru hərəkət etmişlər. İki ildir ki, maşın idarə edir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 17 dekabr 2023-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı vəfat etmiş şəxs X9 onun oğludur. 17 dekabr 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Falıdarlı kəndində evində olan zaman qonşuluqda yaşayan “Asif” adlı şəxs qapıya gələrək onu çölə çağırmış və o çölə çıxdıqda Asif oğlu Bayramı maşın vurduğunu və oğlunun qıçının sındığını bildirmişdir. Həmin vaxt onlara qonaq gəlmiş Ərani də onun yanında olmuşdur. O arvadı Xalidə və qızı Gültac Əraninin idarə etdiyi dövlət qeydiyyat nişanını bilmədiyi Vaz 21099 markalı avtomobil ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına gətmiş və xəstəxanaya çatanda morqun qarşısında çoxlu adamların toplaşdığını görmüşdür. Orada hazırda xatırlamadığı şəxs ona Bayramın morqa yerləşdirildiyini bildirmiş və o dərhal oğlu Bayramın yol nəqliyyat hadisəsi zamanı vəfat etdiyini başa düşmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 X4 verdiyi ifadəyə uyğun ifadə verərək, onun göstərdiyi xususatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, 17 dekabr 2023-cü il tarixdə 19 radələrində həmkəndlisi və dostu X9 ilə birlikdə piyada yaşadıqları kənddə dükan bağlı olduğu üçün Muğanlı kəndinə dükana getmiş və dükandan hərəsinə bir ədəd sok və bir ədəd cipsi alıb Muğanlı kəndindən Faldarlı kəndi istiqamətində piyada yolun sağ tərəfi ilə evə qayıdırmış. Saat 19:15 radələrində Bayram onun sol tərəfində olmaqla Faldarlı kəndi ərazisində yolun sağ kənarı ilə hərəkət etmişlər. Həmin vaxt o arxadan maşının gəldiyini eşitmiş və o yolun asfalt hissəsindən kənara çıxmış və Bayrama da yoldan kənara çıxmasını demişdir. Bayram da yaxşı deyib, yolun kənarına çıxmaq istəyən zaman arxadan gələn avtomobil Bayramı vurmuşdur. Həmin vaxt Bayram yolun asfalt örtüyün tam kənarı ilə getmiş və yol nəqliyyat hadisəsi nəticəsində avtomobil Bayramı vuraraq ondan təxminən 3 metr qabağa atmışdır. Sonra isə avtomobil onlardan təxminən 4-5 metr qabaqda yolun əks istiqamətində dayanmışdır. O dərhal Bayrama yaxınlaşmış və görmüşdür ki, Bayramın burun və ağzından qan gəlir. Avtomobili sürən şəxs də sonradan həmkəndlisi olduğunu öyrəndiyi Təqsirləndirilən şəxs da avtomobildən düşüb onların yanına gəlmişdir. O dərhal 102 xidmətinə və təcili tibb yardıma zəng edib hadisə barədə məlumat vermişdir. Rəhim təcili yardımın gec gələcəyini düşünüb Bayramı idarə etdiyi maşınla xəstəxanaya aparmağı bildirmiş və onlar Bayramı avtomobilin arxa oturacağına qoymuşdurlar. Rəhim avtomobili işə salmağa çalışmış, lakin avtomobil işə düşməmişdir. Həmin vaxt onun əmisi Şahid5 2106 markalı avtomobil ilə oradan keçmiş və onları görüb avtomobili saxlamışdır. Onlar Araza hadisə barədə deyib, Bayramı onun avtomobili ilə xəstəxanaya aparmağı bildirmiş və Bayramı Rəhimin idarə etdiyi avtomobildən götürüb Arazın avtomobilinin arxa oturacağına qoymuş və onlar Bayramı xəstəxanaya aparmışdırlar. O isə hadisə yerində qalmışdır. Məhkəmə istintaqı zamanı Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və onun Şahid4 verdiyi ifadəyə uyğun ifadə verməsi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, 17 dekabr 2023-cü il tarixdə 19 radələrində atasından icazə alıb atasına məxsus **-BO-*** dövlət qeydiyyat nişanlı Vaz 21013 nömrəli avtomobillə siqaret və ərzaq almaq üçün qardaşı Rəhimlə birlikdə kənddə olan dükana getmiş, lakin dükan bağlı olduğu üçün onlar Muğanlı kəndinə getmişdirlər. Muğanlı kəndindəki dükandan iki litr benzin alıb evə qayıdmışlar. Rəhim avtomobili təxminən 50 km/saat surətlə idarə etmiş, o, nəqliyyat vasitəsinin ön oturacağında oturmuşdur. Həmin vaxt hava qaranlıq, çiskinli və dumanlı olmuşdur. Avtomobilin yaxın və uzaq vuran işıqları işlək vəziyyətə olmuş və həmin vaxt Rəhim avtomobili yaxın vuran işıqda idarə etmişdir. Muğanlı kəndindən Faldarlı kəndi ərazisinə keçdikdən təxminən 200 metr sonra avtomobilin sağ küncünün maneəyə dəydiyini hiss etmişdir. Rəhim avtomobili qarşı yola çıxardıb hadisə yerindən təxminən 4-5 metr qabaqda dayandırmışdır. Onlar avtomobildən düşüb geriyə qayıtdıqda yolun kənarında yerdə həmkəndlisi Bayramın uzandığını görmüşdür. Onlara məlum olmuşdur ki, Rəhim idarə etdiyi avtomobil ilə yolun kənarı ilə hərəkət edən həmkəndlisi X6 vuraraq baş nahiyyəsindən xəsarət yetirmişdir. Bayram həmin vaxt özündə olmamış, lakin nəfəs alırmış. Bayramın burun və başının sol arxa hissəsində qan olduğunu görmüşdür. Həmin vaxt orada digər həmkəndlisi Elbariz də olmuşdur. Hadisə zamanı Elbarizə heçnə olmamış və onun vəziyyəti yaxşı olmuşdur. Hadisə nəticəsində o və qardaşı xəsarət almamışdır. Elbariz dərhal 102 xidmətinə və təcili tibbi yardım stansiyasına zəng edib hadisə barədə məlumat vermişdir. Əlavə olaraq o da təcili tibbi yardıma hadisə barədə məlumat vermişdir. Lakin təcili yardımın gec gələcəyini düşünüb Rəhim Bayramı xəstəxanaya tez çatdırmaq üçün avtomobilin arxa oturacağına qoymuş və həmin vaxt o da avtomobilin digər qapısını açaraq Bayramı avtomobilə yerləşdirməsinə köməklik etmişdir. Rəhim avtomobili işə salmağa çalışmış, lakin avtomobil işə düşməmişdir. Həmin vaxt Elbarizin əmisi Araz Vaz 2106 markalı avtomobil ilə oradan keçmiş və onları görüb avtomobili saxlamışdır. Onlar Araza hadisə barədə deyib, Bayramı onun avtomobili ilə xəstəxanaya aparmağı bildirmiş və Bayramı Rəhimin idarə etdiyi avtomobildən götürüb Arazın avtomobilinin arxa oturacağına qoymuşlar. O və Elbariz hadisə yerində qalmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai araşdırma dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və onun Şahid1 verdiyi ifadəyə uyğun ifadə verməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, Zaqatala RPŞ-yə Zaqatala RMX-dan X5 avto-nəqliyyat hadisəsi nəticəsində ölməsi barədə məlumat verilmişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 17 dekabr 2023-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, ona əlavə edilmiş sxem və fotocədvəldən görünür ki, həmin tarixdə Zaqatala rayonu, Faldarlı kəndi ərazisində yol nəqliyyat hadisəsinin baş verdiyi yerə baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək cinayət işinə əlavə olunmuşdur. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet götürülməmişdir. Hadisə yerinin sxemindən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Zaqatala rayonu Faldarlı kəndindən keçən hissəsində piyada X6 vurmuş, piyadanın vurulma yeri Faldarlı kəndi ərazisində kəndin mərkəzinə doğru istiqamətində yolun sağ çiynindən sola doğru 30 sm məsafədə yerləşir (cild 01, iş vər 07- 15). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 495 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı sərxoşluq vəziyyət olmamışdır (cild 01, iş vər. 16). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 54). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X17 təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs sözügedən xəstəxananın Pisixatrik kabinetində qeydiyyatda yoxdur (cild 01, iş vər. 55). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibb ekspertizasının 16 yanvar 2024-cü il tarixli 18 nömrəli rəyindən görünür ki:

1. X3 meyidinin müayinəsində aşkar edilmiş xəsarətlər: Qapalı kəllə-beyin travması, sağ gicgah sümüyünün kəllə əsasına keçən sınığı, baş-beyin toxumasına, yumşaq qişa altına və yan mədəciklərə qansızmalar, sol bud sümüyünün yerdəyişən qapalı sınığı, bədənində çoxsayılı sıyrılmış yaralar.

2. X3 meyidinin müayinəsində aşkar edilmiş xəsarətlərin hamısı müxtəlif formalı bərkküt əşyaların təsirindən əmələ gəlib, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin dəyməsi nəticəsində yetirilməyə uyğundur. Dərəcəsinə görə, canlı şəxslərdə təyin edildiyi kimi sağlamlığa AĞİR zərər vurmaya aiddirlər.

3. X3 ölümünün səbəbi-sağ gicgah sümüyünün kəllə əsasına keçən sınığı nəticəsində beyin maddəsinə, yumşaq qişa altına və yan mədəciklərə qansızma olmuşdur.

4. X3 ölümü meyid əlamətlərinə görə, meyitin məhkəmə-tibbi müayinəsindən 12-14 saat əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində baş verməyə uyğun gəlir.

5. X3 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində qanda etil spirti, narkotik vasitə və ya psixotrop maddələrin əlamətləri aşkar edilməmişdir (cild İ, iş vər. 72-77). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Faldarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli arayışlardan və xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (atası, anası və qardaşı) ilə Zaqatala rayonu Faldarlı kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 79-81). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Regional Qİ və TB şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, şöbələrində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən Zaqatala rayonu Faldarlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi almamışdır (cild 01, iş vər. 85). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 24 yanvar 2024-cü il tarixli 8/90 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21013 markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Mayıs oğlunun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 01, iş vər 99-102). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 15 nömrəli “avtomobillərə dəymiş zərər aktı”ndan görünür ki, Zərərçəkmiş şəxs məxsus Vaz 21013 markalı avtomobilə 374 manat ziyan dəymişdir (cild 01, iş vər. 142). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 27 mart 2024-cü il tarixli “ərizə”dən görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs ərizə ilə Zaqatala RPŞ-nə müraciət edərək ona məxsus **-BO-*** dövlət qeydiyyat nişanlı Vaz 21013 minik markalı avtomobilə 17 dekabr 2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı dəymiş 374 (üç yüz yetmiş dörd) manat maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödəndiyini və bu səbəblə onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını bildirmişdir (cild 01, iş vər 180). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 27 nömrəli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti alıtna vermə” qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 204- 206). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X11 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu və onların mötəbərliyini mübahisələndirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətlərinin olması, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq idarə etməni itirərərək X6 vurmuş və sonuncu aldığı xəsarətlərdən ölmüşdür. Başqa sözlə, baş vermiş yol-nəqliyyat hadisəsi ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara obyektiv hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 17 dekabr 2023-cü il tarixdə atası Zərərçəkmiş şəxs məxsus **-BO- *** dövlət qeydiyyat nişanlı Vaz 21013 minik markalı avtomobillə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir. O, avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Zaqatala rayonu Muğanlı kəndi istiqamətindən Faldarlı kəndi istiqamətində Faldarlı kəndi ərazisindən keçən yolla idarə edərkən saat 19 radələrində piyada hərəkət edən Bayram Yusiflini vurmuşdur. Bayram Yusifli avtomobilin onu vurması nəticəsində ölmüşdür Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Repsublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin, yəni velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilməsinə dair, Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olmasına dair sürücülərin üzərinə vəzifələr qoyulur. Sürücülərin üzərinə qanunla müəyyən edilmiş qaydada qoyulmuş vəzifələrlə bağlı məhkəmə qeyd edir ki, hər hansı bir şəxsin qanunları bilməməsi onun cinayət məsuliyyətindən azad olunması üçün əsas kimi çıxış edə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin İİ hissəsinə əsasən – hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 72-ci maddəsinin İİİ hissəsinə əsasən - qanunu bilməmək məsuliyyətdən azad etmir. Təqsirləndirilən şəxs yaşayış məntəqəsi daxilində avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etməsi məhkəmə istintaqında dindirilmiş şahid ifadəsi ilə və digər sübutlarla tam şəkildə təsdiq olunmuşdur. xx.xx.2024-cü il tarixli məhkəmə tibb ekspertizasının 18 nömrəli rəyindən görünür ki, X3 meyitinin müayinəsi zamanı qapalı kəllə-beyin travması, sağ gicgah sümüyünün kəllə əsasına keçən sınığı, baş-beyin toxumasına, yumşaq qişa altına və yan mədəciklərə qansızmalar, sol bud sümüyünün yerdəyişən qapalı sınığı kimi xəsarətlər olmaqla yanaşı bədənində çoxsayılı sıyrılmış yaralar aşkar edilmiş, aşkar edilmiş xəsarətlərin hamısı müxtəlif formalı bərk-küt əşyaların təsirindən əmələ gəlib, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin dəyməsi nəticəsində yetirilməyə uyğundur. Dərəcəsinə görə, canlı şəxslərdə təyin edildiyi kimi sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Şəki Regional Qİ və TB şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən olunmuşdur ki, şöbələrində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən Zaqatala rayonu Faldarlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi almamışdır. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 17 dekabr 2023-cü il tarixdə saat 19 radələrində atası Zərərçəkmiş şəxs məxsus **-BO-*** dövlət qeydiyyat nişanlı Vaz 21013 minik markalı avtomobillə Zaqatala rayonu Muğanlı kəndi istiqamətindən Faldarlı kəndi istiqamətində Faldarlı kəndi ərazisindən keçən asfalt örtüklü yolla hərəkətdə olarkən, Faldarlı kəndi ərazisi ilə yolun sağ kənarı yolun sağ çiynindən sola doğru 30 sm yolun hərəkət hissəsində hərəkətdə olan piyada X6 avtomobilin qabaq sağ tərəfi ilə ehtiyatsızlıqdan vuraraq X3 ölümü ilə, eyni zamanda **-BO-*** dövlət qeydiyyat nişanlı Vaz 21013 minik markalı avtomobilin sahibi Zərərçəkmiş şəxs isə 374 (üç yüz yetmiş dörd) manat məbləğində maddi ziyanın vurulması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Göründüyü kimi Rəhim Mustafyevin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3–cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün zəruri tərkib əlamətləri vardır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3 -cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməlləri həqiqətən törədildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif edilməli və o, qeyd edilən cinayətin törədilməsində təqsirli bilinməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İbtidai araşdırma belə nəticəyə gəlmişdir ki, CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılması yalnız zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs münasibətdə cinayət işi üzrə cəzanın yüngülləşdirilən halıdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 46-cı bəndinin sonuncu abzasında qeyd edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilibgöstərilməməsindən asılı deyillər. Məhkəmə kollegiyası cinayət işi üzrə sübutları tədqiq edərək belə qənayətə gəlmişdir ki, ibtidai istintaqın müəyyən etdiyi həmin hal cinayət işi üzrə cəzanın yüngülləşdirici halı ola bilməz. Belə ki, yol nəqliyyat hadisəsi zamanı **-BO-*** dövlət qeydiyyat nişanlı Vaz 21013 minik markalı avtomobilin sahibi Zərərçəkmiş şəxs isə 374 (üç yüz yetmiş dörd) manat məbləğində maddi ziyanın vurulmuşdur. Göründüyü kimi Zərərçəkmiş şəxs əmlakına maddi zərər vurulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 17-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263- 1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs olaraq cinayət proses iştirakçılığına xitam vermiş və Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınması üçün ərizə verməsi təklif olunsa da o,cinayət işi üzrə mülki iddiaçı qismində tanınmasından imtina etmişdir. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən hallarla bağlı təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs əməlində onun cavan olmasını, ibtidai istintaq və məhkəmə istintaqı zamanı etirafedici ifadələr verməsini, peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin, göstərilən maddə üzrə ona nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Yalnız bu cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 15, 16 və 21-ci bəndlərində göstərilmişdir ki, «Yol hərəkəti haqqında» Qanuna müvafiq olaraq sürücü yolnəqliyyat hadisəsindən sonra zərərçəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur. («Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin İV hissəsi). Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına” dair 29 yanvar 2004-cü il tarixli qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması Cinayət Məcəlləsinin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə Cinayət Məcəlləsinin 61.1.2ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, o cümlədən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan və VAZ 21013 markalı, **-BO- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması və mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs olunsun. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs saxlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X7 təhvil verilsin. İş üzrə maddi sübut olan və VAZ 21013 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Tural Əfəndizadə

Hakimlər: Bilal Məmmədov

Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar