Məhkəmə qərarları › İş №1(091)-160/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-160/2022

10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-160/2022 10.11.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Zaqatala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsin iki azyaşlı uzaq olan, işsiz, Zaqatala şəhəri, Şəhriyar küçəsi, ev 5 ünvanında qeydiyyatda olmaqla, Zaqatala rayonu, Çökəkoba kəndində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 17,123 qram çəkidə psixotrop maddə hesab edilən metamfetamini əldə etmiş və daşımışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihama görə, о, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 17,123 qram çəkidə psixotrop maddə hesab edilən metamfetamini əldə etmiş və 06 aprel 2022-ci il tarixdə, saat 17 radələrində Zaqatala rayonunun Çökəkoba kəndi ərazisində üzərində qanunsuz olaraq daşımış, həmin gün, saat 17:15-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra BNMİ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Həbilov X6 rayonunun Çökəkoba kəndi ərazisində nömrəsiz evin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Zaqatala RPŞ-ya gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən təmiz çəkisi 17,123 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddəsilə ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zaqatala Rayon Polis Şöbəsinin (bundan sonra Zaqatala RPŞ) və rayon prokurorluğunun müavinləri ondan narazı olmuşlar. Qış vaxtı kommunal ödənişlərini etmək üçün pulu olmadığına görə Zaqatala RPŞ və rayon prokurorluğunun müavininə məxsus meşədən odun gətirib satan maşınların dağdan düşdüyünü bilmiş və onlardan özünə lazım olan qədər odun götürmüşdür. Bununla bağlı bir neçə dəfə polis şöbəsinə çağırılmış və ona orda hədə-qorxu gəlinmişdir. Bir gün evdən idman paltarı ilə çıxıb, marşrutu gözləyən zaman polis əməkdaşları gələrək onun başına torba keçirərək polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq isə bildirmişdir ki, onun təbii qaza 1200 manat borcu olmuşdur. Zaqatala RPŞ-nın rəis müavini və rayon prokurorunun müavininə məxsus odun daşıyan maşınları saxladaraq onlardan özünə lazım olan qədər odun götürmüşdür. O, hesab etmişdir ki, Zaqatala rayon prokurorunun müavini, Zaqatala RPŞ-nın rəisi və Zaqatala rayon prokuroru ilə bu hadisəyə görə qərəzli münasibəti yaranmışdır. O, narkotik vasitə istifadə etməmiş, odunların daşınması və qərəzli münasibətlə bağlı heç yerə şikayət etməmişdir. Polis şöbəsinə aparılan zaman onun üzərinə qara bükümdə nəsə qoymuşlar. Şöbədə olarkən onun müdafiəçisi olmamış, orda yazılan sənədlərə də imza etməmişdir. Üzərinə baxış zamanı qeydə alınan video görüntülər 3-4 dəfə təkrarlanmışdır. Təkrarlanma səbəbi də onun üzərinə qoyulan narkotik vasitənin adını düz deyə bilməməsi olmuşdur. Onun əlini bağlamış, döymüş və ailəsi ilə şantaj eləmişlər. Çəkiliş zamanı polislərin dedikləri ilə razılaşmışdır. Axşam tərəfi təxminən, saat 6 radələrində polislər tərəfindən saxlanılmışdır. Polis şöbəsinə iradəsinə zidd şəkildə gətirilmişdir. Saxlanılan zaman onun üzərində mobil telefon olmuşdur. İş üzrə 4 ay istintaq aparılmış, bu müddət ərzində işlə bağlı ifadə verməmiş və heç bir sənəd imzalamamışdır. İbtidai istintaq zamanı yazılanları polis şöbəsində özləri yazmışlar. Saxlanılandan 2 gün sonra məhkəməyə çıxmış, həmin məhkəmədə də buradakı ifadə ilə eyni ifadə vermişdir. O, narkoloji ekspertizadan keçmiş və ekspertə də ona məxsus olmadığını bildirmişdir. O, narkotik vasitənin satışı və istifadəsi ilə məşğul olmamışdır. O, Bahadır Muradova və digərlərinə ifadə və izahat verməmişdir. Onun üzərinə baxış keçirilmiş və vəkil sadəcə çəkiliş zamanı olmuşdur. O verdiyi izahatı məcbur qalaraq imzalamışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.1990-cı ildə ünvan 2 ünvanında qeydiyyatda olan və Zaqatala rayonunun Çökəkoba kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə narkotik vasitəni əldə edərək Zaqatala rayonu ərazisində qanunsuz olaraq üzərində gəzdirməsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Qeyd edilən məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və o, həmin əməliyyat qrupunun rəhbəri təyin edilmişdir. Həmin əməliyyat qrupunun digər üzvlərindən polis mayoru Şahid2 xatırlamışdır. 06 aprel 2022-ci il tarixdə, saat 17:15-də onun rəhbərliyi ilə həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Həbilov X6 rayonunun Çökəkoba kəndi ərazisində, nömrəsiz evin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Zaqatala RPŞ-ya gətirilmişdir. Daha sonra təhqiqatçı Vüsal Həsənquliyev tərəfindən həmin şəxsin paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan şəxsi axtarış və götürmə aparılması haqqında 06 aprel 2022-ci il tarixli qərara əsasən, Zaqatala RPŞ-nın inzibati binasında olan xidməti iş otaqlarının birində video çəkilişdən istifadə etməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barədə onun müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulumuş hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmazdan qabaq şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilmiş və paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara qəngli idman şalvarının sağ yan cibindən beş manat pulu, bir ədəd içərisində ***-***-**-** nömrəsi olan Samsung markalı mobil telefonu, sol yan cibindən isə bir ədəd şəffaf sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçısı Vüsal Həsənquliyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə onun müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet əşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 5 manat pul özünə qaytarılsa da, 1 ədəd Samsung markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin sellofan bükümdə aşkar edilmiş kütlənin təxmini çəkisi müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzilə çəkilmiş və qablaşdırma ilə birlikdə təxmini çəkisinin 18 qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm bir ədəd içərisi boş olan zərfə qoyularaq qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs şəxsi axtarışdan öncə üzərinin yoxlanılmadığını, təqdim etdiyi sellofan bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həm öz istifadəsi üçün, həm də dost tanışlarına verməsi üçün üzərində saxladığını, həmin maddəni tanımadığı şəxsdən 200 manata aldığını, başqa heç bir yerdə narkotik saxlamadığını, saxlanılan zaman və polis şöbəsində olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə bağlı əməliyyat qeydiyyat-işi açılmamışdır və Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Qeyd olunan sübutlarla yanaşı, cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli raportlardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop mamaddələri satış məqsədilə əldə edərək Zaqatala rayonu ərazisində üzərində gəzdirməsində şübhəli bilindiyi üçün 06 aprel 2022-ci il tarixdə, saat 17:15-də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Zaqatala rayonunun Çökəkoba kəndi ərazisində nömrəsiz evin yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Zaqatala RPŞ-ya gətirilmişdir. Cinayət işinin materiallarında olan 06 aprel 2022-ci il tarixli əməliyyat – axtarış tədbirinin həyata keçirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi və üzərinə ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə və yaşayış yerinə baxış keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan 06 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işinin materiallarında olan 06 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs barədə şəxsi axtarış və götürmə aparılmazdan öncə o, şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilmiş və paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara qəngli idman şalvarının sağ yan cibindən beş manat pulunu, bir ədəd içərisində ***-***-**-** nömrəsi olan Samsung markalı mobil telefonu, sol yan cibindən isə bir ədəd şəffaf sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X1 tərəfindən Təqsirləndirilən şəxs üzərinə onun müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet əşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 5 manat pul özünə qaytarılsa da, 1 ədəd Samsung markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin sellofan bükümdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzilə çəkilmiş və qablaşdırma ilə birlikdə təxmini çəkisinin 18 qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm bir ədəd içərisi boş olan zərfə qoyularaq qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs şəxsi axtarışdan öncə üzərinin yoxlanılmadığını, təqdim etdiyi sellofan bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həm öz istifadəsi üçün, həm də dost tanışlarına verməsi üçün üzərində saxladığını, həmin maddəni tanımadığı şəxsdən 200 manata aldığını, başqa heç bir yerdə nartkotik saxlamadığını, saxlanılan zaman və polis şöbəsində olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Cinayət işinin materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə X4 regional bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 07 aprel 2022-ci il tarixli 17/314 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə» sözləri və imzalar yazılmış bir ədəd zərfin içərisindəki bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 17,123 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın 03 iyun 2022-ci il tarixli 786 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X9 14 aprel 2022- ci il tarixli 605 saylı rəyindən görünür ki, Həbilov X6 RMX PHŞ-nın Poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 21 aprel 2022-ci il tarixli 208 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Zaqatala MRX, PHŞ-dan verilmiş 791 saylı arayış, Şəki rayon psixatrik xəstəxanasından verilmiş 457 saylı arayış) anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz və konfliktə meyilli olması, tez qıcıqlanması, xırda qıcığa nisbətən güclü cavab reaskiyası verməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakteroloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik çizgiləri) baxmayaraq, o, ona şamil edilən hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini qiymətləndirmək və hərəkətlərinə hesabat vermək iqtidarında olmuşdur. Yəni, ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda tibbi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya hərəkətlərini idarə etmək iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər psixatriya müəssisələrində qeydiyyatda durmaması, tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi, (Zaqatala MRX, PHŞ-dan verilmiş 791 saylı arayış, Şəki rayon psixatrik xəstəxanasından verilmiş 457 saylı arayış), istintaq zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, ekspertiza zamanı aktiv surətdə müdafiə olunaraq aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını bildirməsi, ona şamil edilən cinayət əməlini törədərkən, istintaq və hazırki ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, tənqidi funksiyaların saxlanılması kəskin psixproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, onda müşahidə edilən emosiya pozuntusunun (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz və konfliktə meyilli olması, tez qıcıqlanması, xırda qıcığa nisbətən güclü cavab reaskiyası verməsi və s.) az ifadəli olması əsas verir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə, saat 17:15 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs barədə üç ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Zaqatala bələdiyyəsi tərəfindən verilmiş 06 iyun 2022-ci il tarixli 261 nömrəli xasiyyətnamədən görünür ki, Zaqatala şəhəri, Şəhriyar küçəsi, ev 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs barədə yaşadığı ərazidən Zaqatala bələdiyyəsinə yazaılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Zaqatala RİH başçısının Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 iyun 2022-ci il tarixli, 766 nömrəli arayışından görünür ki, Həbilov X6 şəhəri, Şəhriyar küçəsi, ev 5 ünvanında atası, anası, həyat yoldaşı və 2 uşağı ilə birlikdə yaşayır. Cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən, məhkəmə təhqiqat orqanının hazırki iş üzrə əldə etdiyi sübutları qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda, Avropa Məhkəməsinin Andondonskininişi, Bıkov Rusiyaya qarşı iş üzrə qərarında qeyd edilmişdir ki, ibtidai istintaqın gedişində toplanmış sübutlar şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi üçün deyil, şəxsin həmin ittiham üzrə məhkəmə qarşısına çıxarılması üçün əsas kimi qəbul oluna bilər. Şəxsin ittiham olunduğu əməldə təqsirli bilinməsi məsələsi yalnız məhkəmə iclasında tədqiq olunmuş və hüquqi cəhətdən qiymətləndirilmiş sübutlar əsasında həll olunur. Məhkəmə kollegiyasının qənaətinə görə, digər sübutların olmadığı bir halda narkotik vasitənin yalnız çəkisinin çəkisinin külli miqdar təşkil etməsinə görə təqsirkar şəxsə CM-in 234.4.3-cü maddəsi ilə itiham verilməsi CPM-in və CM-in vəzifə və ümumi prinsplərinə uyğun gəlmir. Belə ki, CPM-in 8-ci maddəsinə əsasən, şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək və hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlər tətbiq etmək cinayət mühakimə icraatının vəzifələrini təşkil edir. CM-in 2-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır (CMin 3-cü maddəsi). Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitəni satışa hazırlamaq üçün onların ayrı-ayrı hissələrə bölünməsi, avadanlığın olması, narkotik vasitənin çəkisini müəyyən etmək üçün elektron tərəzi, habelə SMS və digər məlumatlar, hətta onun əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən hər hansı bir məlumat belə mövcud deyil. Bütün bunlar məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə vermiş ittiham ehtimal və fərziyyələrə əsaslanır. İstintaq orqanının özü başqa bir sübutu əldə edə bilməyəcəyinə əmin olaraq Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə irəli sürdüyü ittihamı sırf narkotik maddənin külli miqdarda olması ilə əsaslandırmışdır. Halbuki, cinayət və cinayət prosessual qanunvericiliyin vəzifələri belə yanaşmanı yolverilməz hesab edir. Ona görə də məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi cinayət işi üzrə dindirilən şahidlərin ifadələri, o cümlədən ekspert rəyləri və biri digərini tamamlayan başqa dəlillər vasitəsi ilə tam sübuta yetirilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilib, ona qanunla müəyyən edilmiş qaydada qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin və onun müdafiəçisinin polisin qanunsuz təsirinə məruz qalması barədə məhkəmə istintaqı zamanı qeyd etdiklərini əvvəlcədən düşünülmüş müdafiə taktikası kimi qəbul edir və hesab edir ki, onların məhkəmə istintaqı zamanı gətirdikləri dəlillər müdafiə xarakterli əsaslandırmalardır və ona görə də bunlar təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə kollegiyasının iclasında polis şöbəsində polislərin qanunsuz təsirinə məruz qalması barədə səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur. Belə ki, o, nə üzərində videoçəkilişlə axtarış aparılan zaman ona verilən sualları cavablandırarkən, nə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, nə də ki, Zaqatala Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılarkən hər hansı təsir və təzyiqə məruz qalması barədə heç bir fikir bildirməmiş, nə müdafiəçisi, nə başqa vasitə ilə bu barədə heç bir orqana heç bir şikayət və ya müraciət etməmişdir. Əksinə, videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən təhqiqatçının “saxlanılan zaman, polis şöbəsində olan zaman Sizə qarşı hər hansı bir zor tətbiq olunmuşdurmu?” sualına cavab olaraq Təqsirləndirilən şəxs olmadığın bildirmişdir. Şəki Penitensiar müəssisəsinin 31 oktyabr 2022-ci il tarixli xx/xx-4837 nömrəli məktubu ilə məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göndərilmiş Təqsirləndirilən şəxs aid tibbi sənədlərdən isə müəyyən edilir ki, Təqsirləndirilən şəxs həbs olunmadan əvvəl alınmış qarının ön divarında dörd ədəd köhnə kəsik izi və sol baldırının ön səthində çapıqlaşmış köhnə sıyrıq izi aşkar edilir. Baxış zamanı isə sol baldır nahiyəsinin ön səthində bir ədəd sıyrıq izi olmuşdur. Qeyd olunanlarla yanaşı, cinayət işinin materiallarında olan cinayət işi başlanılmasının rədd edilməsi haqqında Zaqatala rayon prokurorunun müavini X3 03 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsində polislərin qanunsuz təsirinə məruz qalmasına dair ərizəsi üzrə toplanmış material üzrə CPM-in 39.1.1-ci maddəsinə əsasən, cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertizanın rəyləri və işə aid biri-digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə ədalətli cəza təyin edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası məsələyə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymət verilməsini məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. İşdən görünür ki, təqsirləndirilən şəxs Yusiv Həbilov istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda, yəni 17,123 qram çəkidə psixotrop maddə hesab edilən metamfetamini əldə edib, 06 aprel 2022-ci il tarixdə, saat 17 radələrində Zaqatala rayonunun Çökəkoba kəndi ərazisində üzərində qanunsuz olaraq daşımaqla CMin 234.1-ci maddəsində nəzərdə tutulan az ağır cinayət əməlini törətmiş şəxsdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ siyahısında (Psixotrop maddələr) 67-ci sırada göstərilən beynəlxalq adı metafetamin olan psixotrop maddənin 0,15 qramı şəxsi istehlak miqdarından artıq miqdar ((təmiz halda qramlarla) daxil olmaqla), 2 qramı isə külli miqdar ((təmiz halda qramlarla) daxil olmaqla) hesab olunur. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Həmçinin, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur. Məhz buna görə də X2 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Ona görə də narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı ciddi mübarizə aparıldığı bir dövrdə cəmiyyət üçün bəlaya çevrilmiş bu qəbilədən olan cinayət törətmiş təqsirləndirilən şəxs barədə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini kifayət qədər əsaslı və ədalətli hesab etmək olar. CM-in 234.1-ci maddəsində bu əməlin törədilməsinə görə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsi və himayəsində iki azyaşlı uşağının olması, eləcə də uşaqlardan birinin onkoloji xəstə olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edən və iş üzrə cəzanı ağırlaşdıran halların olmasını müəyyən etməyən, habelə ondan aşkar edilmiş psixotrop maddə olan metafetaminin çəkisinin 17,123 qram olmasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi CM-in ədalət və humanizm prinsplərinə uyğundur. Məhkəmə kollegiyası bu cəzanın təyin edilməsini cəzanın islah təsiri baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Ona görə də təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bu əsasa görə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi 06 aprel 2022-ci il tarixdən tutulduğu üçün ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxsin xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən, cinayət işi üzrə maddi sübut olub Zaqatala RPŞ-da saxlanılan Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatlarından sonra bir ədəd zərfdə 17,123 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilməlidir. İş üzrə 69.10 AZN ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Zaqatala RPŞ-da saxlanılan Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatlarından sonra bir ədəd zərfdə 17,123 qram çəkidə qalmış psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə 69,10 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar