Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-160/2023 24.06.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1985-ci ildə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işsiz, İsmayıllı rayonunun Qalagah kəndində qeydiyyatda olmaqla həbs olunanadək İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, dalan 4, ev 7 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş, habelə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda hazırlayaraq əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayında, dəqiq vaxtı istintaqla müəyyən edilməyən tarixdə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədilə yaşadığı İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, dalan 4, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində 1,5 metr enində, 3,5 metr uzunluğunda ərazinin ətraflarını sellofan klyonka ilə bağlayıb həmin yerdə 1 ədəd dəmir və 2 ədəd plasmas dibçəklərə torpaq doldurub istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını həmin dibçəklərdə qanunsuz olaraq əkərək gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərib ümumilikdə xeyli miqdar təşkil edən 3 (üç) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmiş, əkib-becərdiyi çətənə bitkilərinin hissələrindən yığıb toplayaraq qurutmaqla satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla ümumilikdə külli miqdar təşkil edən 2801,63 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı hazırlayıb əldə etmiş və marixuananı ayrı-ayrılıqda təmiz çəkiləri 815 qram, 545 qram, 179,38 qram, 725 qram, 405 qram, 49,03 qram, 49,66 qram, 11,51 qram, 3,11 qram, 8,47 qram, 0,84 qram, 0,77 qram, 0,59 qram, 0,78 qram, 0,78 qram, 0,55 qram, 0,16 qram, 0,59 qram, 0,57 qram, 4,84 qram olmaqla ayrı-ayrılıqda 7 ədəd sellofan torbalara, 2 ədəd siqaret qutusuna, 1 ədəd karton qutuya, 1 ədəd sellofan və 9 ədəd kağız bükümlərə doldurub qablaşdıraraq satış məqsədi ilə yaşadığı evdə yorğan-döşək yığılan çarpayının arxa hissəsində gizlədərək saxlamış, 23 yanvar 2023-cü il tarixdə saat 18 radələrində İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi, təmiz çəkisi 37,01 qram olan, xeyli miqdar təşkil edən 3 (üç) ədəd çətənə bitkiləri və həmin bitkilərdən satış məqsədi ilə qanunsuz olaraq toplayıb kustar üsulla hazırlayaraq əldə etdiyi və 7 ədəd sellofan torbalarda, 2 ədəd siqaret qutusunda, 1 ədəd karton qutuda, 1 ədəd sellofan və 9 ədəd kağız bükümlərdə saxladığı ümumilikdə külli miqdar təşkil edən 2801,63 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilsə də CMin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus olan fərdi yaşayış evinə baxış keçirilən zaman 300-400 qram marixuana aşkar olunmuş, polis əməkdaşları tərəfindən bilavasitə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməmişdən əvvəl həmin narkotik vasitənin üzərinə əlavələr edilmiş, nəticədə marixuananın çəkisi 2801,63 qram olmuş, lakin polis əməkdaşları tərəfindən təsirə və hədəyə məruz qalması səbəbindən narkotik vasitələrin hamısının özünə məxsus olmasını bildirmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, 10 ildir narkotik vasitə olan marixuanadan istifadə edir. Bir il bundan əvvəl dəqiq bilmədiyi tarixdə İsmayıllı şəhərində yerləşən mərkəzi bazarda olarkən yerdə şəffaf sellofan torbanın olduğunu görmüş və həmin sellofan torbanı açıb baxdıqda içərisində çətənə bitisinin toxumunun olması ona məlum olmuşdur. Bundan sonra gələcəkdə əkib narkotik vasitə əldə etmək məqsədilə həmin sellofan torbanı özü ilə yaşadığı evə gətirmiş və həyətyanı sahəsində olan yardımçı tikilidə gizlətmişdir. Daha sonra o, şəxsi istifadəsi üçün həmin toxumları əkmək qərarına gəlmiş, bu məqsədlə 2022ci ilin avqust ayında yaşadığı evin arxasında şəffaf sellofanla istixanaya bənzər yer hazırlayaraq oraya 3 ədəd dibçək qoymuş, toxumları həmin dibçəklərdə basdırıb mütəmadi olaraq toxumları sulayıb onlara qulluq etmiş və əkdiyi toxumlardan 3 ədəd çətənə bitkisi yetişmişdir. 2022-ci ilin noyabr ayında həmin çətənə bitkilərini yığıb quruması üçün əkdiyi yerə yığmış, qeyd olunan yerə elektrik sobası qoymuş və çətənə bitkiləri quruduqdan sonra onları 7 ədəd sellofan torbaya, 2 ədəd siqaret qutusuna, 1 ədəd karton qutuya, 1 ədəd sellofan və 9 ədəd kağız bükümlərinə yığıb yaşadığı evin ikinci mərtəbəsinə gətirib yorğan-döşək yığılan çarpayının arxa hissəsində gizlətmişdir. 23 yanvar 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı evin həyətində olarkən İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evə gəlib özlərini təqdim edərək həmin evdə, evin həyətyanı sahəsində və həyətyanı sahədəki yardımçı tikililərdə narkotik vasitələri saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarın qəbul edildiyini bildirib onu həmin qərarla tanış etmişlər və qeyd olunan yerlərə videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyini bildirmişlər. O, polis əməkdaşlarına yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazaraq təqdim etmişdir. Baxış keçirilən zaman o, evin ikinci mərtəbəsində yerləşən yardımçı otaqda olan yorğan-döşək yığılan çarpayının üst hissəsində gizlədərək saxladığı sellofan torbaları, sellofan və kağız bükümləri təqdim edərək həmin kütlələrin narkotik vasitə marixuana olduğunu, özünə məxsus olduğunu, həyətində əkib-becərdiyi 3 ədəd çətənə bitkisinin hissələrindən yığmaqla əldə etdiyini və şəxsi istifadəsi üçün evdə saxladığını bildirmişdir. Daha sonra 7 ədəd sellofan torbada, 2 ədəd siqaret qutusunda, 1 ədəd karton qutuda, 1 ədəd sellofan və 9 ədəd kağız bükümlərdəki kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilərkən çəkisinin ümumilikdə 3339,43 qram olması müəyyən edilmişdir. Bundan sonra o, polis əməkdaşlarına həyətyanı sahədə hazırladığı istixanaya bənzər yeri göstərmiş, daha sonra aşkar olunmuş narkotik vasitələr müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, İsmayıllı Rayon Polis X1 Qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 yanvar 2023-cü il tarixdə İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi və yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlaması barədə İsmayıllı RPŞ-yə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə gedib özlərini təqdim edərək həmin evdə, evin həyətyanı sahəsində və həyətyanı sahədəki yardımçı tikililərdə narkotik vasitələri saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarın qəbul edildiyini bildirib həmin qərarla tanış etmişlər və qeyd olunan yerlərə videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşlarına qeyd olunan yerlərə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazaraq təqdim etmişdir. Daha sonra baxış keçirilən zaman Təqsirləndirilən şəxs evin ikinci mərtəbəsində yerləşən yardımçı otaqda olan yorğandöşək yığılan çarpayının üst hissəsində gizlədərək saxladığı sellofan torbaları, sellofan və kağız bükümləri təqdim edərək həmin kütlələrin narkotik vasitə marixuana olduğunu, özünə məxsus olduğunu, həyətində əkib-becərdiyi 3 ədəd çətənə bitkisinin hissələrindən yığmaqla əldə etdiyini və şəxsi istifadəsi üçün evdə saxladığını bildirmişdir. Daha sonra 7 ədəd sellofan torbada, 2 ədəd siqaret qutusunda, 1 ədəd karton qutuda, 1 ədəd sellofan və 9 ədəd kağız bükümlərdəki kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilərkən çəkisinin ümumilikdə 3339,43 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarına həyətyanı sahədə hazırladığı istixanaya bənzər yeri göstərmiş, daha sonra aşkar olunmuş narkotik vasitələr müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid3 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 yanvar 2023-cü il tarixli raportdan görünür ki, İsmayıllı Rayon Polis Şöbəsinə İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, dalan 4, ev 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, dalan 4, ev 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yaşayış evinə və həyətyanı sahəyə baxış keçirilməsi haqqında 23 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, dalan 4, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman 7 ədəd sellofan torbada, 2 ədəd siqaret qutusunda, 1 ədəd karton qutuda, 1 ədəd sellofan və 9 ədəd kağız bükümlərdə narkotik vasitəyə bənzər kütlələr aşkar olunmuş, ayrı-ayrılıqda elektron tərəzi vasitəsilə çəkilərkən çəkisinin ümumilikdə 3339,43 qram olması müəyyən edilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Baxış keçirilməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 yanvar 2023-cü il tarixli raportdan görünür ki, İsmayıllı Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, dalan 4, ev 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə İsmayıllı Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 24 yanvar 2023-cü il tarixli 17/91 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqdə “Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı şəhəri, dalan 4, ev 7 ünvanına baxış zamanı aşkar edilmiş narkotik vasitəyə bənzər quru bitki kütlələri” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd sellofan torbanın içərisindəki 04 (dörd) ədəd sellofan torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 815 qram, 545 qram, 179,38 qram və 725 qram olmaqla ümumi təmiz çəkisi-2264,38 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqdə “Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı şəhəri, dalan 4, ev 7 ünvanına baxış zamanı aşkar edilmiş narkotik vasitəyə bənzər quru bitki kütlələri” sözləri, adlar və imzalar yazılmış digər 01 (bir) ədəd sellofan torbanın içərisindəki 03 (üç) ədəd sellofan torbalarda, 02 (iki) ədəd siqaret qutusunda, 01 (bir) ədəd karton qutuda, 09 (doqquz) ədəd kağız bükümlərdə və 01 (bir) ədəd) sellofan bükümdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 405 qram, 49,03 qram, 49,66 qram, 11,51 qram, 3,11 qram, 8,47 qram, 0,84 qram, 0,77 qram, 0,59 qram, 0,78 qram, 0,78 qram, 0,55 qram, 0,16 qram, 0,59 qram, 0,57 qram və 4,84 qram olmaqla ümumi təmiz çəkisi – 537,25 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Hündürlükləri 53 sm-dən 109 sm-dək, ümumi təmiz çəkisi – 37,01 qram olan 03 (üç) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 03 (üç) ədəd çətənə bitkisinin hər birinin üzərində kökləri vardır. Tədqiqata təqdim olunmuş, hər birinin üzərinə yapışdırılmış vərəqdə “Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı şəhəri, M.F.axundov küçəsi, dalan 4, ev 7 ünvanında, həyətyanı sahədə, dipçəkdən götürülmüş 1, 2 və 3 nömrəsi ilə işarələnmiş torpaq nümunəsi” sözləri, adlar və imzalar yazılmış 03 (üç) ədəd sellofan torbaların hər birinin içərisindəki torpaq nümunəsindən aşkar edilmiş bitki hissəcikləri narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəcikləridir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3 və 237.1-ci maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 24 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərinin əkildiyi və marixuananın aşkar olunduğu yerləri əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 16 fevral 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını yaşadığı evə gətirərək gizlədib saxlaması, 2022-ci ilin avqust ayında həmin bitkinin toxumlarını gələcəkdə satış məqsədi ilə marixuana əldə etmək üçün əkməsi və toxumlardan çıxan ümumilikdə 3 ədəd çətənə bitkilərinə qulluq göstərərək yetişdirməsi və həmin bitkilərin hissələrini toplayaraq əldə etdiyi 2801,63 qram marixuananı satış məqsədi ilə yaşadığı evdə ayrı-ayrı bağlamalarda saxlaması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 17 aprel 2023-cü il tarixli 730 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs оğlu narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 29 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 188-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 06 aprel 2023cü il tarixli PHŞ-6-47/2-346/2023 nömrəli məktubdan görünür ki, Mahmudov X4 RMX-nin Ruhi-əsəb, Narkoloji və Nevroloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması başa düşülür. Bu Qanunun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ siyahısının 12-ci bəndinə əsasən, təmiz halda 500 qram və daha artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərə aid olan İİİ siyahısının 1.2-ci bəndinə əsasən, 3-15 ədəd (6-30 hissə) çətənə növlü bitkilər xeyli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 28ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Cinayət işinin materiallarından görünür ki, 23 yanvar 2023-cü il tarixdə İsmayıllı Rayon Polis Şöbəsinə İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, dalan 4, ev 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı qeyd edilən ünvana baxış keçirilmiş və bu zaman torpaqda bitmiş halda üç ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 23 yanvar 2023-cü il tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilib çətənə bitkilərinin və narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsləsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş, habelə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda hazırlayaraq əldə etmiş və saxlamışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etdiyini, habelə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda hazırlayaraq əldə etdiyini və saxladığını etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünə məxsus olan fərdi yaşayış evinə baxış keçirilən zaman 300-400 qram marixuananın aşkar olunduğunu, polis əməkdaşları tərəfindən bilavasitə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməmişdən əvvəl həmin narkotik vasitənin üzərinə əlavələrin edildiyini, nəticədə marixuananın çəkisi 2801,63 qram olduğunu, lakin polis əməkdaşları tərəfindən təsirə və hədəyə məruz qalması səbəbindən narkotik vasitələrin hamısının özünə məxsus olmasını bildirdiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (baxış keçirilməsi haqqında protokol, şahid ifadələri və s.) onun dediklərini tam təkzib edir. Xüsusilə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman qeydə alınmış videogörüntü məhkəmə istintaqı zamanı nümayiş etdirilən zaman sonuncu videogörüntüdə müşahidə olunan bir ədəd karton qutuda olan marixuananın özünə məxsus olduğunu, narkotik vasitələri sellofan torbaya qoyduğunu, videogörüntüdə müşahidə olunan narkotik vasitələrin içərisində həmin sellofan torbanın olub-olmadığını bilmədiyini, orada göy sellofan paketlərin olduğunu, polis şöbəsində aşkar olunan narkotik vasitələrə baxış keçirilən vaxt orada yaşıl, göy və reyhan bitkisinin rənginə oxşar rəngdə olmaqla ümumilikdə 3 rəngdə torbalara yığılmış narkotik vasitələrin olduğunu demiş, ona məhkəmə-bioloji ekspertizasının 24 yanvar 2023-cü il tarixli 17/91 nömrəli rəyinə əsasən evindən aşkar olunmuş qurudulmuş marixuanaların tərkiblərinə görə eyni olması bildirildikdə o, yalnız aşkar olunan narkotik vasitələrin tərkibinin eyni ola bilməyəcəyini deməklə və buna dair hər hansı izah verə bilməməklə özü-özünü ifşa etmişdir. Eyni zamanda qeyd etmək zəruridir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsa idi bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı bu barədə heç kəsə məlumat verməmişdir. Eyni zamanda bunlarla bağlı qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrinin, eləcə də şahid ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə qurudulmuş marixuananı əldə edərkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsini, aşkarlanmış narkotik vasitə qurudulmuş marixuananın kütləsinin çox olmasını və ayrı-ayrı bükümlərdə olmasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan qurudulmuş marixuananı əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri CM-in 234.4.3 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə az ağır və ağır cinayət kateqoriyalarına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Mahmudov X4 şəhəri, M.F.Axundov küçəsi, dalan 4, ev 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir, 26 noyabr 2009-cu ildə doğulmuş Ceyhun Mahmudov, 03 oktyabr 2011-ci ildə doğulmuş Aylin Mahmudova və 03 aprel 2013-cü ildə doğulmuş Ruzi Mahmudov onun himayəsindədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən və Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2019-cu il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 01 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 il sınаq müddəti ilə şərti hesаb edilmiş və 08 may 2021-ci ildə cəzasını çəkib qurtarmışdır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində məhkumluq sınaq müddəti başa çatdıqda ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törədənədək onun məhkumluğu ödənildiyindən sonradan qeyd olunan cinayət əməllərini törətməsi cinayətlərin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, aşkar olunan narkotik vasitənin çəkisinin çox olmasını nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.4.3-cü maddəsində göstərilən cinayət əməli ağır, CM-in 237.1-ci maddəsində göstərilən cinayət əməli isə az ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 23 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 23 yanvar 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay olmaqla 23 may 2023-cü il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 23 yanvar 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini və “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və İsmayıllı Rayon Polis Şöbəsində saxlanılan 2800,63 qram qurudulmuş marixuana, 36,86 qram çətənə (kannabis) bitkiləri, 144,87 qram çətənə (kannabis) bitkisinin toxumları, 01 (bir) ədəd sellofan torbada olan torpaq nümunələri və 03 (üç) ədəd dibçək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 51,06 (əlli bir manat sıfır altı qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 51,06 (əlli bir manat sıfır altı qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 23 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və İsmayıllı Rayon Polis Şöbəsində saxlanılan 2800,63 qram qurudulmuş marixuana, 36,86 qram çətənə (kannabis) bitkiləri, 144,87 qram çətənə (kannabis) bitkisinin toxumları, 01 (bir) ədəd sellofan torbada olan torpaq nümunələri və 03 (üç) ədəd dibçək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cnayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 51,06 (əlli bir manat sıfır altı qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-160/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-160/2023
24.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver