Məhkəmə qərarları › İş №1(091)-161/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-161/2021

29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-161/2021 29.07.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx xxxx 1958-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmişdir. Belə ki, o, narkotik tərkibli çətənə bitkisinin toxumlarını istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxlamış, 2021-ci il fevral aynının əvvəllərində həmin toxumları qəsdən yaşadığı evin həyətyanı bağ sahəsində qanunsuz olaraq əkib 102 ədəd çətənə kolları yetişdirərək kultivasiya etmiş, 13 aprel 2020-ci il tarixdə, saat 19:45-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı bağ sahəsinə video çəkilişlə keçirilmiş baxış nəticəsində həmin 102 ədəd külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ilk əvvəl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək narkotik tərkibli çətənə bitkilərini əkib-becərmək kimi bir fikrinin olmadığını, evdə həmin bitkinin toxumlarını aşkar etdiyini və götürüb həyətinə atdığını, sonra həmin toxumların öz-özünə cücərdiyini, həmin bitkiləri bitdiyi yerdən çıxarıb atmaq istəyərkən polis əməkdaşlarının gələrək onun evinə baxış keçirdiyini və keçirilmiş baxış nəticəsində sözügedən narkotik tərkibli bitkilərin onun həyətyanı sahəsindən aşkar olunduğunu bildirmiş, daha sonra isə ifadəsinin davamında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd edərək məhkəmədən vərəm xəstəsi olmasını, ikinci dərəcəli əlilliyə görə pensiya almasını, əməlindən peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərarın qəbul olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs ona CM-nin 237.2.3-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2015-ci ildə Şəki Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17.08.2016-cı il tarixdə Amnistiya qərarına əsasən azadlığa çıxmışdır. Son vaxtlar yenidən narkotik vasitə olan qurudulmuş marixuana istifadə etməyə başlamışdır. 2021-ci ilin yanvar-fevral aylarından Yevlax şəhərində tanımadığı şəxsdən narkotik tərkibli çətənə bitkilərinin toxumlarını əldə etmiş, 2021-ci il fevral ayının əvvəllərində həmin toxumları yaşadığı evin həyətyanı baş sahəsində torpağa əkmiş, bir müddət sonra əkdiyi toxumlar torpaqdan cücərib bitməyə başlamış, o, həmin çətənə bitkilərinin vaxtı vaxtında diblərini boşaltmış, suvarmış və qulluq etmiş ki, tam yetişəndən sonra yığıb qurudub özü üçün istifadə etsin. 2021-ci il aprelin 13-də saat təxminən 19:30 radələrində yaşadığı evin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik tərkibli çətənə kolları əkib becərməkdə şübhəli olduğunu deyrərək barəsində əməliyyat axtarış tədbirləri keçirilməsi haqqında qərarla tanış edərək yaşadığı evin həyətyani bağ sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. O, da etiraz etməyərək polis əməkdaşlarını yaşadığı evin həyətyani bağ sahəsinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazaraq polis əməkdaşlarını yaşadığı evin həyətinə dəvət etmiş, polis əməkdaşları video çəkilişlə onun yaşadığı evin həyətyani bağ sahəsinə baxış keçirmişlər, baxış zamanı əkib becərərək qulluq etdiyi 102 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Polis əməkdaşları aşkar olunmuş həmin çətənə bitkilərinin həqiqətən narkotik tərkibli çətənə bitkiləri olub-olmamasını və həmin 102 ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilib-edilməməsi barədə rəy alınması üçün aqronoma təqdim etmişlər. Həmin 102 ədəd çətənə bitkilərinin aqrotexniki qaydada diblərinin alaqları təmizlənmiş, peyinlənmiş və suvarılması barədə aqranom tərəfindən rəy verilmişdir. Həmin 102 ədəd çətənə bitkiləri ekspertizaya təqdim etmək üçün ağ rəngli sintetik kisəyə qoyularaq 85 nömrəli möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş iştirak edənlərlə birlikdə o, da protokolun doğruluğuna imza etmişdir. Bundan sonra polis əməkdaşları onu Yevlax rayon polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə kollarını əkib becərməsi barədə 13 aprel 2021-ci il tarixdə idarənin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Mövsümün şəxsiyyəti barədə məlumatları yoxlamış, sonuncunun xx xxxx 1958-ci il tarixdə Yevlax şəhərində doğulduğunu, ünvan 2-də qeydiyyatda olmaqla yaşadığını müəyyən etmişdir. O, daxil olmuş məlumatı həmin gün raportla rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Mövsümün barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Mövsümün barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin gün o, polis əməkdaşı Şahid2, təhqiqatçı Nizami Omarov və aqranom X5 ilə birlikdə ünvan 2 ünvanına getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitə əkib becərməsi barədə onlara məlumat daxil olduğunu, həmin məlumatla bağlı onun yaşadığı evin həyətinə baxış keçiriləcəyi bildirilmiş, həmin vaxt Mövsüm yaşadığı evin həyətinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmış, təhqiqatçı X9 narkotik vasitə əkib-əkməməsi barədə sual vermiş, Mövsüm də narkotik tərkibli çətənə bitkiləri əkdiyini etiraf etmişdir. Bundan sonra narkotiki əkdiyi yeri göstərə biləcəyini deyərək onları yaşadığı evin həyətyani bağ sahəsində həmin narkotik vasitə əkdiyi yerə aparmış, baxış zamanı xususi qaydada düzəldilmiş, diblərinə arx çəkilmiş, əkilib becərilmiş tünt yaşıl rəngli spesfik iyə malik narotik tərkibli çətənə bitkilərinə oxşar 102 ədəd çətənə bitkiləri aşkar olunmuşdur. Aşkar olunmuş çətənə bitkilərinin həqiqətən naroktik tərkibli çətənə bitkiləri olub-olmamasını və həmin çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilib-edilməməsi barədə rəy alınması üçün aqronama təqdim edilmiş, həmin bitkilərin həqiqətən narkotik tərkibli çətənə bitkiləri olduğunu və həmin çətənə bitkilərinin aqrotexniki qaydada diblərinin alaqları təmizlənmiş, boşaldılmış, peyinlənmiş və suvarılması üçün xüsusi qaydada düzəldilməsi barədə aqranom tərəfindən rəy verilmişdir. Sorğu-sual zamanı Mövsüm həmin 102 ədəd narotik tərkibli çətənə bitkilərinin ona məxsus olduğunu, həmin bitkiləri özü istifadə etmək üçün 2021-ci il fevral ayında əkdiyini və həmin bitkilərin toxumlarını 3-4 ay Yevlax şəhərində tanımadığı şəxsdən əldə etdiyini və saxladığını bildirmişdir. Daha sonra bitkilər qanunla nəzərdə tutulmuş qaydada qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan 13.04.2021-ci il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvan 3 ünvanda yaşayan xx.xx.1958-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Yevlax rayonu ərazisində tərkibində narkotik maddələr olan külli miqdarda bitkiləri kultivasiya etməsi barədə məlumat daxil olmuşdur. (cild 01, iş vər. 04) Cinayət işinin materiallarında olan 13.04.2021-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət başında ifşa olunmasını təmin etmək məqsədilə müvafiq əməliyyat axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 05-06) Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı Yevlax şəhəri, C.Mustafayev küçəsi ev 45 ünvanında polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. (cild 01, iş vər. 17) Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi və götürmə haqqında” 13.04.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə video çəkilişlə polis əməkdaşlarının, aqranomun və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı Yevlax şəhəri, C.Mustafayev küçəsi ev 45 ünvanında baxış keçirilərkən külli miqdarda, cəmi 102 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kolları aşkar olunaraq götürülmüşdür. Video çəkilişin əks olunduğu CD disk protokola əlavə olunmuşdur. (cild 01, iş vər.19-21) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13004.2021-ci il tarixli mütəxəssis-aqronom rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri, C.Mustafayev küçəsi ev 45 ünvanında aşkar edilmiş torpağa əkilmiş 102 ədəd yaşıl bitkilər ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq olunmuş narkotik xassəli çətənə kollarıdır. (cild 01, iş vər. 22) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ekspertiza mərkəzindən alınmış 14 aprel 2021-ci il tarixli 16/342 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, 102 (yüz iki) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş bir ədəd sintetik kisədəki, çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidilər. Alimaqronom X5 tərəfindən verilmiş 13 aprel 2021-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir.(cild 01, iş vər. 50-52) Cinayət işinin materiallarında olan Yevlax rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 5(039)-48/2021 saylı keçirilmiş əməliyyat tədbirlərinin qanuniliyinin yoxlanılması haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qəbul edilmiş 13.040.2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. (cild 01, iş vər. 91-92) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın 04.05.2021-ci il tarixli 499 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 111) Cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protkolundan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ifadəsi hadisə yerində alınmış və bu zaman Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi yeri bir daha əyani şəkildə göstərmişdir. Müvafiq fotoşəkillər çəkilməklə protokola əlavə edilmişdir. (cild 01, iş vər. 122-127) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə istintaqının ilkin mərhələsində təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkmədiyini və onlara aqrotexniki qaydada qulluq etmədiyini bildirsə də, cinayət işinin materiallarında olan mütəxəssis rəyi və məhkəmə bioloji ekspertizasının rəyinin tədqiqindən müəyyən olunur ki, həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətində aşkar olunan bütün narkotik tərkibli bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Ona görə də, məhkəmə kollegiyası müdafiə tərəfinin göstərdiklərini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmağa hesablanmış özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini etiraf etməsinə dair ifadəsi cinayət işinin materialları ilə üst-üstə düşdüyündən və obyektiv həqiqəti əks etdirdiyindən, məhkəmə kollegiyası məhz həmin ifadəni əsaslı sayaraq ittihamın əsasına qoyur. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 237.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vər. 81-82) Cinayət işinin materiallarına əlavə olunmuş Yevlax Rayon Mərkəzi Xəstəxanasından verilmiş 02.07.2021-ci il tarixli arayışdan görünür ki, 1958-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 15.02.2005-ci il tarixdən X10 Xəstəxanasında iki tərəfli ağ ciyərin fibroz kavernoz vərəmi fazasında diaqnozu ilə qeydiyyatda durur. Hal-hazırda müalicəsi ambulator şəraitdə davam etdirilir. Cinayət işinin materiallarına əlavə olunmuş Dövlət Sosial Müdafiə X11 şəxsin 17 saylı Regional ərazi filialı tərəfindən verilmiş 02.07.2021-ci il tarixli **********2 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Dövlət Sosial Müdafiə X11 şəxsin 17 saylı Regional ərazi filialından 2-ci dərəcəli əlilliyə görə 259,78 manat əmək pensiyası alır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Şəki Ağır Cinayətlər Məhkəməsinin 20.11.2015-cı il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 17.08.2016-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli Amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. Hazırda məhkumluğu ödənilmiş və götürülmüşdir. (cild 02, iş vər. 75-76) Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə məhkum olunduğu cinayət əməli az ağır cinayət hesab edildiyindən və CM-nin 83-cü maddəsinə əsasən az ağır cinayətlərə görə məhkumluğun ödənilməsi üçün nəzərdə tutulan müddət iki il olduğundan, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini 2021-ci ilin fevral ayında, yəni cəzasının sonu ilə azad olunduqdan iki ildən artıq müddət keçdikdən sonra törətdiyindən, onun əməlində cəzanı ağırlaşdıran hal olan cinayətlərin residivi müəyyən olunmur. Həmçinin Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran digər hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs 63 yaşı olmaqla ikinci dərəcəli əlilliklə bağlı pensiya almasını, vərəm xəstəliyindən əziyyət çəkməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, lakin əvvəllər də bu qəbildən olan cinayətlərin törədilməsində bir neçə dəfə təqsirli bilinərək məhkum olunmasına baxmayaraq islah olunmadığını və yenidən qəsdən eyni cinsli cinayət əməlini törətməsini və beləliklə də şəxsiyyətinin ictimai təhlükəliliyini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında” 13.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 33) Cinayət işinin materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 15.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 15.04.2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 68-69) Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilməli, o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, cəzanın başlanğıcı hökmün çıxarıldığı gündən, yəni 29.07.2021-ci il tarixdən hesablanmalı, onun şübhəli şəxs qismində 13.04.2021-ci il tarixdən 15.04.2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunan cəzaya hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizanın 04.05.2021-ci il tarixli 499 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğu göstərilsə də, iş materialları ilə Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlilliyinin olması müəyyən edilmişdir ki, bu halda məhkəmə kollegiyası “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-ci il tarixli qərarını nəzərə alaraq onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin etmir. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Yevlax rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 102 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 32,40 AZN (otuz iki manat, qırx qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 aprel 2021-ci il tarixdən 15 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunan cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 29 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 yerləşdirilməsi üçün X2 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Yevlax rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 102 ədəd çətənə kolları və torpaq nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 32,40 AZN (otuz iki manat, qırx qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar