Məhkəmə qərarları › İş №1(091)-162/2020

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-162/2020

12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-162/2020 12.11.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Şəki şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, xx xxxxxxxx 1995-ci il tarixdə İsmayıllı rayonu Aşağı Zərnava kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonunun Zərnava kəndində qeydiyyatda olmaqla İsmayıllı rayonunun İsmayıllı kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Təqsirləndirilən şəxs x xxxx 2020-ci il tarixdə, saat 18 radələrində İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən otlaq sahəsinin yaxınlığında həmkəndlisi Zərərçəkmiş şəxs ilə yemək yeyib spirtli içki olan araq içərkən sonuncu onun anasının doğulduğu İsmayıllı rayonunun Zərnava kəndini nəzərdə tutaraq “Zərnavadan qız çıxmayıb” sözlərini işlətmiş və bu zəmində aralarında söz mübahisəsi baş vermiş, bundan təxminən 1 saat sonra, saat 19 radələrində o, İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən küçədə, evinin yaxınlığında Zərərçəkmiş şəxslə qarşılaşdıqda 1 saat öncə dediyi “Zərnavadan qız çıxmayıb” sözləri ilə bağlı aydınlıq gətirməsini tələb edərkən sonuncu onun üz nahiyəsindən bir dəfə yumruqla vuraraq ona fiziki ağrı yetirmiş, o, bundan əsəbiləşərək aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə ilə əlaqədar sonuncudan qisas almaq məqsədi ilə şalvarının arxa cibində olan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, tiyəsinin uzunluğu 90 mm olan, soyuq silah hesab edilməyən turist bıçağını çıxarıb həmin bıçağın kəsici-deşici hissəsi ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq sonuncuya daxili qanaxma və nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan qarının ön divarının daxilə (boşluğa) keçən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs özünü CM-nin126.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib içkili olduğu üçün bir səhv etdiyini, hazırda əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ondan heç bir şikayəti və tələbinin olmadığını bildirməklə məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, x xxxx 2020-ci il tarixdə saat 18 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs, Mustafa və Cavanşirlə mal-qara otarılan sahədə otluqda süfrə salıb yemək yeyib, spirtli içki içmişlər. Həmin vaxt müxtəlif mövzularda söhbət edərkən Şahinin Zərnava kəndindən olduğunu bilərək zarafatyana “Zərnavadan da qız çıxmayıb” demişdir. Bununla bağlı olaraq Şahin ilə aralarında söz mübahisəsi yaranmışdır. Mübahisə zamanı bir-birilərinin yaxasından tutsalar da, bir-birilərini vurmamışlar. Mübahisənin sonunda isə Şahin ona “Müşkəmirdən kişi çıxmayıb da” deyərək gülmüşdür. O, rayonun Müşkəmir kəndində anadan olmuş, sonradan ailəsi hazırda yaşadığı İsmayıllı rayonunun İsmayıllı kəndinə köçmüşdür. O Şahinin sözünə əsəbləşmiş və sonuncuya “səninlə sonra söhbət edərəm” demişdir. Təxminən 2-3 dəqiqə mübahisə etdikdən sonra Şahin Mustafa ilə birgə sağollaşmadan oradan getmişdir. Təxminən saat 19 radələrində o, mal-qaranı evinə aparıb həyətə salmaq istəyərkən Şahin də küçəyə çıxmışdır. O, Şahinə tərəf gedərək “Şahin o nə söz idi dedin sən” deyərək müraciət etmişdir. Şahin də ona “sən başladın mübahisəni. Sən Zərnavadan qız çıxmayıb deyəndə nə demək istəyirdin” deyərək sual vermişdir. O, Şahinin ondan yaşca balaca olduğunu və ona qarşı sərt reaksiya verdiyini görərək bir böyük kimi sağ yumruğu ilə Şahinin üz nahiyəsindən vurmuşdur. Bundan sonra isə Şahin cibindən bıçaq çıxararaq həmin bıçaqla bir dəfə onun qarın nahiyəsindən vurmuşdur. O, dərhal əli ilə qarın nahiyəsini tutmuş və əlində qan olduğunu görmüşdür. Nə edəcəyini bilməmiş və halsız olduğu üçün yaxınlıqda olan divara söykənmişdir. Daha sonra isə kənddən keçən asfalt yola çıxaraq oradan tanımadığı taksi ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına getmişdir Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən bu halların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Raport”dan görünür ki, xx.xx.2020-ci il tarixdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının qeydiyyatçısı X4 Rayon Polis Şöbəsinin Növbətçi Hissəsinə zəng edərək İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs “qarnın ön sol tərəfinin kəsilmiş-deşilmiş yarası, piyliyin evatrasiyası” diaqnozu ilə xəstəxanaya daxil olduğu və tanımadığı şəxs tərəfindən bıçaqlandığı barədə məlumat vermişdir. (cild 01, iş vər. 2) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli 198 saylı “Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin tibbi müayinə aktı”ndan görünür ki, Zərərçəkmiş şəxs orta dərəcəli sərxoş vəziyyətində olmuşdur. (cild 01, iş vər. 33) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli 199 saylı “Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin tibbi müayinə aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş vəziyyətində olmuşdur. (cild 01, iş vər.34) Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi barədə” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri İsmayıllı rayon İsmayıllı (Aşağıbaş) kəndində yerləşir. Hadisə yerinə iki hal şahidinin, Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı cinayətin aləti olma ehtimalı olan bir ədəd üzərində qanabənzər ləkələr olan bıçaq götürülmüş və hadisə yerinə aid foto şəkillər çəkilməklə protokola əlavə olunmuşdur.(cild 01, iş vər. 6-10) Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-daxili qanaxma və nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə (boşluğa) keçən 01 (bir) ədəd yara, sağ gicgah nahiyəsində 02 (iki) ədəd qançırdır. Bu xəsarətlərdən qarının ön divarında aşkar edilmiş yara deşici-kəsici alət (ola bilsin bıçaq) təsirindən, sağ gicgah nahiyəsində aşkar edilmiş qançırlar isə küt əşya (alət) təsirindən törənmişlər, qərarın təsviri hissəsində və vət. Zərərçəkmiş şəxs göstərdiyi xx.xx.2020-ci il tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarətlərdən qarnın ön divarında aşkar edilmiş 01 ədəd yara daxili qanaxma və nazik bağırsağın zədələnməsi ilə müşayiət edildiyindən həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya, sağ gicgah nahiyəsində aşkar edilmiş 02 ədəd qançırlar isə, istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. (cild 01, iş vər. 56-60) Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində xəsarətin hər hansı bir obyektiv əlaməti və xəsarət izi (qançır, sıyrıq, yara və s.) aşkar edilmədi. (cild 01, iş vər. 117-118) Cinayət işinin materiallarında olan məhkəmə-genetik ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 01 (bir) ədəd göy və qara zolaqlı qısaqol köynəyin qarın nahiyyəsinin sol tərəfində və Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 01 (bir) ədəd qatlanan bıçağın tiyə hissəsinin üzərində aşkar edilmiş qanabənzər ləkələr insana məxsus qan nümunələridir. Həmçinin ekspertiza nəticəsində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 01 (bir) ədəd göy və qara zolaqlı qısaqol köynəyin qarın nahiyyəsinin sol tərəfində və Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 01 (bir) ədəd qatlanan bıçağın tiyə hissəsinin üzərində aşkar edilmiş qan nümunələri Zərərçəkmiş şəxs qanına məxsusdur. (cild 01, iş vər. 122-131) Cinayət işinin materiallarında olan məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş köynəyin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədələr bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Lakin zədə kənarlarında xüsusi əlamətlər olmadığından həmin zədələrin konkret olaraq təqdim edilmiş bıçağın tiyəsi ilə yetirilməsini müəyyən etmək mümkün deyildir. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlə ona məxsus köynəyin üzərində olan zədələr uyğunluq təşkil edir və üst-üstə düşürlər. (cild 01, iş vər. 139-142) Cinayət işinin materiallarında olan məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. (cild 01, iş vər. 158-160) Cinayət işinin materiallarında olan İsmayıllı rayon Mərkəzi Poliklinikasından alınmış xx xxxx 2020-ci il tarixli 898 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. (cild 01, iş vər. 95) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları ifadəsi hadisə yerində yoxlanılarkən bir daha göstərərək təsdiq etmişdir. (cild 01, iş vər. 100-101) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə ilə bağlı üzərində olan və sonradan ibtidai istintaq orqanı tərəfindən hadisə yerində aşkar olunaraq götürülmüş soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs bir dəfə vuraraq sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid (işdə olan məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən) olan bədən xəsarəti yetirmişdir. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Könüllü gəlmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 19:20-də İsmayıllı Rayon Polis Şöbəsinə gələrək İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən küçədə həmkəndlisi Zərərçəkmiş şəxs qarın nahiyyəsindən bir dəfə bıçaqla vuraraq xəsarət yetirdiyini və istifadə etdiyi həmin bıçağı hadisə yerinə atdığını bildirmişdir. (cild 01, iş vər. 5) Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri (anası və atası) ilə birlikdə İsmayıllı rayonunun İsmayıllı kəndində yaşayır. Onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. (cild 01, iş vər. 137-138) Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 93) Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin tibbi xərcləri təqsirləndirilən şəxsin ailə üzvləri tərəfindən qarşılanmışdır, ondan üzr istənilmişdir, odur ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. (cild 01, iş vər. 97) Məhkəmə Təqsirləndirilən şəxs könüllü gələrək təqsirini boynuna almasını CM-nin 59.1.10-cu maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməklə zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını isə CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 24-25) Cinayət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(037)-22/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 84-86) Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun tutulduğu, həbsdə olduğu vaxt cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və İsmayıllı Rayon Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq, bir ədəd göy və qara zolaqlı qısaqol köynək CPM-nin 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 174 AZN (yüz yetmiş dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və İsmayıllı Rayon Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq, bir ədəd göy və qara zolaqlı qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 174 AZN (yüz yetmiş dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X5 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar