Məhkəmə qərarları › İş №1(091)-163/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-163/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-163/2023 06.09.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, X8 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X5 iştirakı ilə xx.xx.1967-ci ildə Ermənistan Respublikasında doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında müvəqqəti yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq nəm vəziyyətdə ümumi təmiz çəkisi 5,667 qram, quru vəziyyətdə ümumi təmiz çəkisi 5,497 qram, yəni külli miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2023-cü il tarixdə, saat 18:30-da Ağdaş RPŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, M.İsayev küçəsində saxlanılaraq RPŞ-ya gətirildikdən sonra Ağdaş şəhəri, M.İsayev 12 ünvanında yerləşən Ağdaş RPŞ-nın inzibati binasında, xidməti otaqda, həmin tarixdə, saat 19:09-dan 19:20-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibində olan 01 ədəd şəffaf sellofan bükümdə, nəm vəziyyətdə, ümumi təmiz çəkisi 5,667 qram, quru vəziyyətdə ümumi təmiz çəkisi 5,497 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü CM-in 234.1-1-ci maddəsilə deyil, 234.1-ci maddəsilə təqsirli bilərək göstərmişdir ki, ona narktoik vasitə satan şəxs polis əməkdaşlarının adamı olmuşdur. Narkotik vasitə əldə etmək üçün həmin şəxsə zəng etmiş və həmin şəxs yarım saaat sonra ona zəng edəcəyini demişdir. Bundan sonra keçən müdət ərzində həmin şəxs polis əməkdaşlarına xəbər verərək onun narkotik vasitə almaq üçün gələcəyini bildirmişdir. Dediyi müddət keçdikdən sonra ona zəng edərək, narkotik vasitənin hazır olduğunu və gəlib götürməyini bildirmişdir. Qapısının ağzında pulu verdikdən sonra tez qapını bağlamışdır. O, narkotik vasitəni qapının ağzında, ayağının altında, siqaret qutusunun içində olduğunu demişdir. Siqaret qutusunu götürdükdən sonra ətrafı nəzərdən keçirmiş və qutunun içərisində narkotik maddəni görmüşdür. Bir-iki addım irəli getdikdən sonra isə polis əməkdaşları qarşısını kəsmişlər. Qaçmaq istəmiş, amma mümkün olmamışdır. Polis əməkdaşları onun burada nə etdiyini soruşmuşlar. Polis əməkdaşları onu gördükləri üçün üzərində narkotik maddə olduğunu bildirmişdir. Əllərini qandalla bağlamış, sonra polis əməkdaşı əlini cibinə salıb həmin siqaret qutusunu götürmüşdür. Daha sonra onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində 5 qram narkotik maddəni tərəzidə çəkərək həmin narkotiki boynuna götürməli olduğunu demişlər. O, bununla razılaşmamış və üzərində aşkar olunan narkotik vasitənin çəkisinin daha az olduğunu demişdir. Bu sözləri dedikdən sonra polis əməkdaşları onu döyməklə təhdid etmişlər. İlk məhkumluğu olduğuna, həm də döyəcəklərindən çəkindiyi üçün qorxmuş və dediklərini qəbul etmişdir. Daha sonra videoçəkiliş vasitəsilə 5 qram narkotik maddəni onun üzərinə qoymuşlar. Ondan aşkarlanan narkotik vasitənin harada olduğunu soruşduqda, “sən onu unut” demişlər. Tərəzidə çəkilən 0,508 qram narkotik maddənin özünə aid olduğunu etiraf etdiyi halda onu buraxacaqlarını demişlər. O da bununla razılaşmışdır. Daha sonra onu müvəqqəti saxlama yerinə salmış və polis şöbəsində ona CM-in 234.1-ci maddəsilə ittiham verəcəklərini demişlər. Onun üzərində 10 manatlıq narkotik maddə olmuşdur. Fəhlə işlədiyi üçün dedikləri 5 qram narkotik maddəni almağa gücü olmamışdır. Hətta bu 5 qramı üzərinə götürməsə, çəkisi daha çox olan narkotik vasitəni ona yükləyəcəklərini bildirmişlər. O da əlacsız qalaraq 5 qram narkotik maddənin ona aid olduğunu boynuna almışdır. Onu polis şöbəsində təhqir də etmişlər. Onlardan qorxduğu üçün dedikəri hər şeylə razılaşmışdır. Azərbaycan dilində yazıb oxuya bilmədiyini polis şöbəsində bildirmişdir. Onlar kağıza yazdıqlarını olduğu kimi vərəqə köçürməyini istəmişlər. Daha sonra dedikləri kimi etmiş, kağıza yazdıqlarını, yəni həmin narkotik vasitənin ona aid olduğu yazılan cümləni vərəqə yazmışdır. Daha sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polislərin ona hədə-qorxu gəlmələri barədə heç kimə şikayət etməmiş, müdafiəçisinə də bu barədə heç nə deməmişdir. Ona narkotik vasitə satan şəxsin evini tanıyır, amma əlaqə nömrəsini əzbər bilmir. Polis şöbəsində telefonu əlindən alınana qədər ən sonuncu danışığı, ona narkotik maddə satan şəxslə olmuşdur. Azərbaycan dilinin latın qrafikalı əlifbası ilə yazıb oxuya bilmir, ancaq azərbaycan dilində rahat danışa bilir, deyilənləri anlamışdır. Onda 5 qram narkotik vasitə olmamışdır. Polis əməkdaşları ona təzyiq göstərmişlər. Polis əməkdaşlarına narkotik maddəni kimdən aldığını demişdir, hətta həmin şəxslə üzləşməyə də hazır olduğunu bildirmişdir. Müdafiəçisinə bunlarla bağlı heç nə deməmişdir. Rayon məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilərkən də ondan heç nə soruşmamışlar. İstintaq zamanı ona deyilmişdir ki, əgər həmin narkotik vasitənin ona aid olduğunu qəbul etsə, cəzası yüngülləşəcək, buna görə də istintaqda narkotik vasitənin ona aid olduğunu demişdir. Maşad kəndində olmamışdır. Həmin vaxt üzərində telefon olmuş, işlətdiyi mobil telefonun nömrəsi ***-***-**-** olmuşdur. Şəxsi axtarış zamanı üzərində aşkar olunan əşyaların içərisində ona məxsus telefon da olmuş və telefonu təqdim etmişdir. Həmin telefonu iki gün sonra müstəntiq həyat yoldaşına qaytarmışdır. Narkotik almaq üçün gedən zaman, üzərində narkotik vasitə olmamış, daha sonra Anar adlı şəxsdən almışdır. O, Maşad qəbiristanlığında narkotik vasitə tapmamışdır. Həmin məhkəmədə ondan tutduğu əməldən peşman olması barədə heç nə soruşmamışlar. Məhkəmədə dediklərini dəqiq xatırlamır, ola bilər ki, məhkəmədən barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. İbtidai istintaq zamanı isə Təqsirləndirilən şəxs özünü CM-in 234.1-1-ci maddəsilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ermənistan Respublikasında anadan olmuşdur, Rusiya Federasiyasının vətəndaşı olmasına baxmayaraq, azərbaycanlıdır. Azərbaycan dilini əla bilir, azərbaycan dilində əla səviyyədə danışır, əla səviyyədə yazır, uzun illərdir ki, Azərbaycan Respublikasında yaşayır, buna görə də, ifadəsini doğma dili, azərbaycan dilində vermək istəmişdir. Özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi yoxdur. Evlidir. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Bədənində şiddətli ağrılar olduğuna görə narkotik vasitələrdən istifadə edir. Narkotik vasitədən istifadə edəndə rahatlaşır və ağrıları kəsir. Əvvəllər məhkum olunmamışdır. Üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Ağdaş şəhərində yerləşən Maşad qəbiristanlğında təkbaşına olduğu zaman tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində təkbaşına piyada hərəkətdə olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra onun narkotik vasitə saxlamağı barədə polis əməkdaşlarında məlumat olmasını bildirərək, onu Ağdaş Rayon Polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə razılaşmış və onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Ağdaş RPŞ-da ona hüquq və vəzifələri izah edilmiş, ərizə ilə müraciət edərək hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi istəmiş və dövlət hesabına müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X6 təyin edilmiş, həmin vaxt RPŞnın təhqiqatçısı, polis leytenantı Nail Məhəmmədli tərəfindən şübhəli şəxs kimi tutulmuşdur. Daha sonra isə Ağdaş RPŞ-da müdafiəçi X1 iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən üzərində “Piramida” yazılan 01 ədəd siqaret qutusu, 08 ədəd 1 manatlıq pul əsginasları və həmin gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan büküm aşkar olunmuşdur. Daha sonra üzərindən aşkar edilmiş siqaret qutusu açılmış və içərisindən siqaret dənələri aşkar olunmuşdur. Bundan sonra üzərindən aşkar olunmuş sellofan büküm açıldıqda içərisindən qəhvəyi rəngli, nəm halda olan narkotik vasitə heroin aşkar olunmuşdur. Həmin narkotik vasitənin heroin, yəni kokos olduğunu bildirmişdir. Həmin heroini Ağdaş şəhərində yerləşən Maşad qəbiristanlığından tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş həmin narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, çəkisi 5,8 qram olmuşdur. Sonra içərisində narkotik vasitə heroin olan həmin sellofan büküm zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, iştirakçılar və o, həmin zərfə imza etmişlər. Protokol tərtib olunmuşdur. O və digər proses iştirakçıları heç bir şikayətləri olmadığından protokola imza etmişlər. Şəxsi axtarış zamanı müdafiəçi Ehtibar Abdullayev narkotik vasitənin ona məxsus olubolmamasını, həmçinin polislərin ona hər hansı bir təzyiq edib-etməməsini soruşduqda, o, müdafiəçi Ehtibar Abdullayevə narkotik vasitə heroinin ona məxsus olduğunu, tapdığını, polis əməkdaşlarının ona qarşı hər hansı təzyiqi olmadığını bildirmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini ağrılarını sakitləşdirmək üçün üzərində saxlamışdır. Üzərindən aşkar olunmuş səkkiz ədəd 1 manatlıq pul əsginasları və bir ədəd içərisində siqaret dənələri olan siqaret qutusu ona qaytarılmışdır. Şəxsi axtarış videokamera vasitəsi ilə aparılmışdır. Həmin narkotik vasitə heroini üzərində daşımaqda məqsədi bədənində olan ağrılarını sakitləşdirmək üçün istifadə etmək olmuşdur. Polis şöbəsinə gətirilən və polis şöbəsində olan zaman onun üzərində ona məxsus bir ədəd siqaret qutusu və içərisində olan siqaret dənələri və səkkiz ədəd 1 manatlıq pul əsginasları olmuşdur, başqa qiymətli əşya olmamışdır. Siqareti və 8 səkkiz manat pulu təhqiqatçı Nail Məhəmmədli ona qaytarmışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsini dinləyib, işdə olan sübutları tədqiq edib və cinayət işinin materiallarını araşdırıb, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci madəsində nəzərdə tutlan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək demişdir ki, yanvar ayının sonlarında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında Ağdaş şəhəri, M.İsayev küçəsində, polis şöbəsinin yaxınlığında hərəkətdə olan zaman Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və qəbul etməsi barədə onlara məlumat daxil olduğunu bildirdirmişlər. Saxlanılan zaman Təqsirləndirilən şəxs özündə narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs RPŞ-ya dəvət etmiş, Təqsirləndirilən şəxs onlarla birlikdə Ağdaş RPŞ-ya gəlmişdir. RPŞ-da Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilərək, videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin cibindən 01 ədəd siqaret qutusu, pul əsginasları və sellofan büküm aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin büküm açılmış və içərisindən qəhvəyi rəngli, narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən qəbiristanlıqda təkbaşına piyada hərəkətdə olduğu zaman yerdən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra verilən suallara cavab olaraq Şahid1 demişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman heç bir etiraz etməmişdir. Əməliyyat məlumatı axşam saatlarında, şəxs tutulmazdan 1 saat əvvəl daxil olmuş və Təqsirləndirilən şəxs axşam saat 18:30 radələrində tutulmuşdur. Tədbir əməliyyat məlumatı əsasında keçirilmiş və əməliyyat tədbiri keçirilməzdən əvvəl müvafiq sənədləşmə aparılmışdır. Əməliyyat məlumatından sonra Təqsirləndirilən şəxs izləməyə başlamışlar. Barəsində narkotik vasitələrin saxlaması və satışı ilə bağlı əməliyyat məlumatı daxil olduğu üçün Anar adlı şəxs tutulmuşdur. Ancaq Təqsirləndirilən şəxs saxlanılan zaman narkotik vasitəni Anar adlı şəxsdən alması ilə bağlı heç nə deməmişdir. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid2 da ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək, Şahid1la eyni məzmunlu ifadə vermişdir. Şahid2 daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman heç nəyə etiraz etməmişdir. O, narkotik vasitəni Maşad qəbiristanlığından tapdığını bildirmiş və saxlanılan zaman heç bir müqavimət göstərməmişdir. Könüllü olaraq onlarla polis şöbəsinə gəlmiş, etiraz etməmişdir. Təqsirləndirilən şəxs onları asanlıqla başa düşmüş və anlamaqda çətinlik çəkməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zamanı sərbəst və anlaqlı vəziyyətdə olmuşdur. Ona heç bir təsir göstərilməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qeyri-rəsmi nikah münasibətində olduğu həyat yoldaşı Əminə Musayeva bildirmişdir ki, yoldaşını axşam iş adı ilə çağırmışlar, daha sonra isə məlum olmuşdur ki, Yaqub tutulub. Məlumat əldə etmək üçün zəng edən zaman yoldaşının polis şöbəsində olduğunu bilmişdir. Müstəntiqlə danışmış və narkotikə görə tutulduğunu öyrənmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs məxsus velosiped və NOKİA markalı telefon ona təhvil verilmişdir. O, daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, müstəntiq tərəfindən ona verilən mobil telefonda nömrə olmamış, lakin indiyə kimi ***-***-**-** nömrəsi həmişə həmin mobil telefonda olmuşdur. Məhkəmə kollegiyası şahidlər Şahid1 və Şahid2 ifadələrinin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onların ifadələri ardıcıldır, bir-birilə uzlaşır, hadisənin baş vermə mexanizmi və gedişatı təqsirləndirilən şəxsin göstərdiyi hallarla üst-üstə düşür. Bu dəlillər hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir, ona görə məhkəmə kollegiyası bunları dürüst hesab edir və hökmün əsasına qoyur, şahidlər tərəfindən təqsirləndirilən şəxsə böhtan atılması üçün əsaslar görmür. Eyni zamanda, şahid ifadələri cinayət işinin materiallarında olan aşağıda qeyd olunan digər yazılı sübutlarla da təsdiq olunur: Ağdaş RPŞ-nın Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 31 yanvar 2023-cü il tarixli raportu ilə. Həmin raportdan görünür ki, Şahid1 Ağdaş RPŞ-nın rəisinə müraciət edərək Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi marədə ona əməliyyat məlumatının daxil oduğunu bildirmiş və daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərk götürülməsi məqsədilə qanunvericiliklə nəzərdə tutulan əməliyyat-axtarış tədbirlərinin həyat keçirilməsini xahiş etmişdir (İ cild, i/v 04). Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair Ağdaş RPŞ-nın rəisi, polis polkovniki Vəfalı Həsənalıyev tərəfindən təsdiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 31 yanvar 2023-cü il tarixli qərarla. Bu qərardan müəyyən olunur ki, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlərin görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən üzərində saxladığı narkotik vasitəni qısa müddətdə realizə edəcəyi, gizlədəcəyi və ya məhv edləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin vaxtında aşkar edilərək götürülməsi məqsədilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulan qaydada əməliyyat-axtarış tədbiri keçirilmişdir (İ cild, i/v 5-6). Şübhəli şəxsin tutulması haqqında 31 yanvar 2023-cü il tarixli protokolla. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyindən xx.xx.2023-cü il tarixdə, saat 18:55-də şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i/v 29). Şəxsi axtarış keçirilməsi və götürmə haqqında 31 yanvar 2023-cü il tarixli protokolla. Həmin protokoldan və protokola əlavə edilmiş diskdən müəyyən olunur ki, 31 yanvar 2023-cü il tarixdə, saat 19:09-dan saat 19:20-yə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış və bu zamanı Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin sol yan cibindən üzərində “Pramida” yazılmış 01 ədəd siqaret qutusu, 08 ədəd 1 manatlıq pul əsginası və həmin gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan aşkar olunmuşdur. Daha sonra üzərindən çıxan siqaret qutusu açılmış və içərisindən siqaret dənəsi aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş sellofan büküm açıldıqda içərisində qəhvəyi rəngli, nəm halda olan narkotik vasitə heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin, heroinin kokos olduğunu və onu qəbiristanlıqdan tapdığını və istifadə etdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş həmin narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, çəkisi 5,8 qram olmuşdur. Sonra içərisində narkotik vasitə heroin olan həmin sellofan büküm zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır (İ cild, i/v 32-33). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/125 nömrəli rəyi ilə. Bu rəylə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə nəm vəziyyətdə ümumi təmiz çəkisi 5,667 qram, quru vəziyyətdə ümumi təmiz çəkisi 5,497 qram olan kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heorindir (İ cild, i/v 40-41). Narkoloji ekspertizanın 03 may 2023-cü il tarixli 786 nömrəli rəyi ilə. Bu rəylə müəyyən edilmişdir ki, X10 narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmuşdur və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır (İ cild, i/v 128). Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq nəm vəziyyətdə ümumi təmiz çəkisi 5,667 qram, quru vəziyyətdə ümumi təmiz çəkisi 5,497 qram, yəni külli miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlayıb daşıması təqsirini müəyyən edilmiş və sübuta yetirilmiş hesab edir ki, bu da onun əməlinin CM-in 234.1-1-ci maddəsilə tövsif etməyə imkan verir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş nəm vəziyyətdə ümumi təmiz çəkisi 5,667 qram, quru vəziyyətdə ümumi təmiz çəkisi 5,497 qram narkotik vasitənin özünə məxsus olmaması barədə dəlillərini əsaslı hesab etmir. Çünki, təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər işdə olan digər sübutlar, özünün qismən etirafedici ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokol, habelə maddi sübutlar və digər istintaq sənədləri ilə təkzib edilir. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında ibtidai istintaq zamanı polislərin onu döymələri, təzyiq etmələri, ibtidai istintaq zamanı vəkilinin olmaması barədə məsələni araşdıran məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin bu barədə irəli sürdüyü dəlillərin heç bir əsası yoxdur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verənə qədər heç bir zaman nə özü, nə də müdafiəçisi tərəfindən hər hansı bir qanunsuz rəftara, təzyiqə məruz qalması və ya hər hansı bir polis əməkdaşı tərəfindən döyülməsi barədə hər hansı bir orqana və ya şəxsə hər hansı bir şikayət və ya narazılıq ifadə edən müraciət etməmişdir. Əksinə, 31 yanvar 2023-cü il tarixdə, saat 19:09-dan başlayaraq saat 19:20-yə qədər video çəkilişlə davam edən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Etibar Abdullayevin “səni polis saxlayanda, şöbəyə gətirəndə, burda olduğun müddətdə kimsə səni döysün, söysün, hədə-qorxu gəlsin, təsir, təzyiq eləsin, bunu üzərinə qoysunlar ki, boynuna götür, yaxşı olacaqdır, belə şeylər yoxdur ki? Səmimi deyirsən ki, tapmışdım?” sualına cavab olaraq bildirmişdir ki, “Tapmışdım, istifadəçisiyəm, nə var idi hamısı burdadır. Mənə bir təzyiq göstərən olmayıb”. Bundan əlavə, istinad olunan videogörüntüyə baxarkən Təqsirləndirilən şəxs özünü sərbəst aparması və üzərində hər hansı xəsarət əlamətlərinin olmaması müəyyən olunur. Lakin buna baxmayaraq, məsələnin əhəmiyyətini nəzərə alan məhkəmə kollegiyası onun həbs edildikdən sonra X7 yerləşdirilərkən tibbi müayinədən keçirilməsinə dair tibbi sənədləri (X2 05 iyun 2023-cü il tarixli 3-16-17/33/2-2402/2023 nömrəli məktubu və ona əlavə edilən tibbi sənədlər) əldə edib müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 08 fevral 2023-cü il tarixdə X3 yerləşdirilərkən tibbi müayinədən keçirilmiş, lakin onun üzərində həbs olunmazdan əvvəl alınmış zədələr, bədən xəsarətləri, dəri səthində çapıqlar və zədələr aşkar edilməmişdir. Obyektiv müayinə zamanı şikayətinin olmamasını bildirmişdir. Diaqnozu xroniki qastrit yazılmışdır. O da qeyd olunmalıdır ki, 02 fevral 2023-cü il tarixdə Ağdaş Rayon Məhkəməsində Təqsirləndirilən şəxs barədə qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü CM-in 234.1-1-ci maddəsilə təqsirli bildiyini, bədənində ağrılar olduğuna görə narkotik vasitələrdən istifadə etdiyini, əməlindən peşman olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini nəzərə alaraq vəsatətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Həmin tarixdə barəsində əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (İ cild, i/v 69-73). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndində qeyd olunmuşdur ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə kollegiyası bu səbəbdən təqsirləndirilən şəxs Yaqub Əiyevin ibtidai istintaq zamanı ifadəsinin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddiasını heç bir dəlillə möhkəmləndirə bilməməsini və həmin vaxt ona zorakılığın tətbiq olunmasına dair əsaslı şübhə yaradan halların müəyyən edilməməsini nəzərə alaraq bu barədə dəlilləri əsassız hesab edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin olmaması barədə dəlillərinə gəlincə, məhkəmə kollegiyası bununla da razılaşa bilmir. Çünki, cinayət işinin İ cildində olan vəkillərin siyahısının şübhəli şəxsə təqdim edilməsi barədə 31 yanvar 2023-cü il tarixli protokoldan, maddi imkanının olmamasına görə ona dövlət hesabına X1 müdafiəçi təyin edilməsi barədə 31 yanvar 2023-cü il tarixli ərizəsindən, dövlət hesabına müdafiəçi təyin olunması barədə müstəntiqin 31 yanvar 2023-cü il tarixli qərarından, Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil X1 31 yanvar 2023-cü il tarixli 029 nömrəli vəkil orderindən, müstəntiq tərəfindən tərtib olunmuş eyni tarixli müdafiəçi təyin edilməsi haqqında protokoldan və 31 yanvar 2023-cü il tarixdə, saat 19:09-dan başlayaraq saat 19:20-yə qədər videoçəkilişlə davam edən şəxsi axtarış haqqında protokoldan müəyyən olunur ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X6 31 yanvar 2023-cü il tarixdə dövlət hesabına Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Bütün bunlar onu göstərir ki, təqsirləndirilən şəxsin hüquqlarının pozulması ilə bağlı gətirdiyi dəlillərin heç bir əsası yoxdur. Təqsirləndirilən şəxs öz doğma dili olan azərbaycan dilinin latın qrafikalı əlifbası ilə yazıb oxuya bilməməsi barədə dəlillərilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair 15 iyul 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, cinayət prosesində şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxsə rəsmi dövlət dilində tərtib olunan sənədlərin məzmununun çatdırılması məsələsinə müdafiənin həyata keçirilməsi üçün faydalı vasitələr baxımından yanaşılmalıdır. Cinayət ədalət mühakiməsində şübhəli və ya təqsirləndirilən şəxsə öz müdafiəsini lazımı səviyyədə qurması üçün kifayət qədər vasitələr ayrılmalıdır. Bu vasitələrə aşağıdakıları aid etmək olar: işin materialları ilə tanış olmaq; şəxsin ona qarşı irəli sürülən ittihamı aydın başa düşmək; hər hansı prosessual tələbi irəli sürmək və s. Kamazinski Avstriyaya qarşı iş üzrə 1989-cu il 19 dekabr tarixli qərarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinin pozulması ilə əlaqədar bildirmişdir ki, tərcümə yardımı elə olmalıdır ki, təqsirləndirilən şəxsin ona qarşı qaldırılmış işi başa düşməsinə və onun özünü müdafiə etməsinə, xüsusən də öz mövqeyini məhkəmə qarşısında irəli sürməsinə imkan versin. Bununla belə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bildirmişdir ki, şikayətçiyə müdafiə olunması məqsədi ilə ədalət mühakiməsinin aparıldığı dildə danışmaq üçün vəkilin təqdim olunması ilə dövlət 6-cı maddənin 3-cü bəndinin “a” yarımbəndinin tələblərini yerinə yetirmiş olur. Şifahi azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxsə sənədlərlə tanış olması üçün daha səmərəli yardımı onun vəkili (müdafiəçisi) göstərə bilər. Cinayət prosesində iştirak edən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü dövlət dilini mükəmməl bilərək müdafiə tərəfinin marağından çıxış edir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət prosesini həyata keçirən orqan şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxsi ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ilə təmin etməlidir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, azərbaycan dilinin latın qrafikalı əlifbası ilə yazıb oxuya bilmir, ancaq azərbaycan dilində rahat danışa bilir, deyilənləri anlayır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu andan müdafiəçi ilə təmin edildiyindən onun müdafiə hüququ hərtərəfli və əhatəli şəkildə təmin edilmişdir. Ona görə də onun mütəxəssislə təmin edilməməsi müdafiə hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrdən fərqli olaraq məhkəmə iclasında bildirmişdir ki, narkotik vasitəni polisin adamı olan Anar adlı şəxsdən almışdır. O, Maşad qəbiristanlığında narkotik vasitə tapmamışdır. Narkotik vasitənin Anar adlı şəxsdən alınması məsələsi araşdırılarkən iş üzrə Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman narkotik vasitəni Anar adlı şəxsdən alması ilə bağlı heç nə deməmişdir. Lakin buna baxmayaraq, barəsində narkotik vasitələrin saxlaması və satışı ilə bağlı əməliyyat məlumatı daxil olduğu üçün Anar adlı şəxs tutulmuşdur. Digər tərəfdən, Təqsirləndirilən şəxs aşkar olunan nəm vəziyyətdə ümumi təmiz çəkisi 5,667 qram, quru vəziyyətdə isə 5,497 qram heroinin bir ədəd şəffaf sellofan bükümdə olması, habelə məhz nəyə görə özünü CM-in 234.1-ci maddəsilə təqsirli bilməsi dediyinə görə üzərində az miqdarda olan narkotik vasitənin polis tərəfindən götürülərək ona daha ağır çəkidə narkotik vasitə verilməsi barədə dəlilləri ağlabatan deyil. Ondan aşkar edilmiş narkotik vasitəni polisin adamından alması barədə göstərdiyi xüsusatlar isə heç bir sübutla təsdiq olunmur. Onun Maşad qəbiristanlığında narkotik vasitə tapmamasını müəyyən etmək məqsədilə tutularkən təqsirləndirilən şəxsin üzərində olması ehtimal edilən ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zənglər, SMS mətnləri və anten dairəsi barədə məlumatların verilməsinə dair Azercell Telekom MMC-dən 28 avqust 2023-cü il tarixdə daxil olmuş 23 avqust 2023-cü il tarixli 18550 nömrəli məktuba əlavə edilmiş diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, 29-31 yanvar 2023-cü il tarixlərində ***-***-**-** mobil nömrəsi Ağdaş rayonu, Ağdaş şəhəri, Ağdaş rayonunun Məşhəd kəndi, Yuxarı Zeynəddin kəndi ərazilərinin anten dairələrində istifadədə olmuşdur. Bu da onu göstərir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı Maşad qəbiristanlığında narkotik vasitə tapmaması barədə gətirdiyi dəlil əsaslı deyil. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, CPM-in 124-cü (Sübutların anlayışı və növləri) maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. “Məhkəmə hökmü haqqında” qərarının 33-cü bəndində isə qeyd olunmuşdur ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir edib, məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib və məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokol və digər sübutlarla təsdiqini tapmışdır. Həmin vaxt onun təzyiq və təsir altında özünü CM-in 234.1-1-ci maddəsilə təqsirli bilməsinə dəlalət edən hər hansı bir halın olması məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası ittiham tərəfinin sübutlarını mötəbər hesab edərək onlarla razılaşmaya bilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Fətullayev Azərbaycana qarşı iş üzrə 07 aprel 2022-ci il tarixli qərarının 83-cü bəndində qeyd olunmuşdur ki, məhkəmə həmçinin xatırladır ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsilə bağlı prinspi əks etdirən oturuşmuş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir. Məhkəmələr irəli sürülən hər bir arqumentə müfəssəl cavab vermək məcburiyyətində olmasa da, qərardan aydın olmalıdır ki, işin əsas məsələlərinə baxılıb və işin nəticəsi üçün həlledici olan arqumentlərə spesifik və açıq cavab verilib (Kərimov və digərləri Azərbaycana qarşı, № 24219/16). Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq məhkəmə qərarlarının əsaslandırılmaması ilə bağlı məsələ adətən yerli məhkəmələr ərizəçinin qaldırdığı spesifik, müvafiq və vacib məqama məhəl qoymadıqda meydana çıxır (Neçiporuk və Yonkalo Ukraynaya qarşı № 42310/04, § 280, 21 aprel 2011-ci il). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 16-cı bəndində deyilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyataxtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Cinayət işindən görünür ki, (İ cild, i/v 8) əməliyyat-axtarış fəaliyyətinin keçirilməsinə dair 31 yanvar 2023-cü il tarixli qərar Ağdaş Rayon Polis Şöbəsinin rəisinin 31 yanvar 2023-cü il tarixli 10/3-1362/2-2645/2023 nömrəli məktubu ilə Ağdaş Rayon Məhkəməsinə göndərilmiş, lakin həmin məhkəmə qeyd olunan qərarın qanuniliyini yoxlamamışdır (Ağdaş Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli 1-1459 nömrəli məktubu, İİ cild, i/v 37). Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri CPM-in 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə, habelə həmin sübutların mötəbərliyini və ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq ona CM-in 234.1-1-ci maddəsilə ittiham verilmişdir. Məhkəmə istintaqında onun həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında isə qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 38-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 03 mart 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs məxsus olar hər hansı mobil telefon nömrəsinin olub-olmamasının müəyyən olunması üçün Vahid Məlumat-Axtarış Sistemindən (məlumat portalı) keçirilmiş, həmin şəxsin adına və istifadəsində mobil nömrənin olmaması müəyyən edilmişdir ( İ cild, i/v 106). Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 fevral 2023-cü il tarixli 656 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşayır (İ cild, iş vər. 76). Həmin nümayəndəlik tərəfindən təqsirləndirilən şəxs barədə verilmiş 02 fevral 2023-cü il tarixli 68 nömrəli xasiyyətnamədə isə göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə özünü normal aparmış, haqqında hüquq mühafizə orqanlarından və sakinlərdən nümayəndəliyə heç bir ərizə, şikayət daxil olmamışdır (İ cild, iş vər. 77). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkumluq vəziyyətinin yoxlanılmasına dair raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs faktiki olaraq Rusiya Federasiyası vətəndaşıdır və əvvəllər Azərbaycan Respublikası ərazisində cinayət əməli törətməmişdir (İ cild, iş vər. 76-77). Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Ağdaş Rayon Mərkəzi Xəstəxanasının 15 fevral 2023-cü il tarixli PHŞ-6-22/231/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Mərkəzi X11 Şəxsin Poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyata yoxdur (İ cild, iş vər. 98). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 10 aprel 2023-cü il tarixli 18/2-10819/2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1967-ci il təvəllüdlü Əliyev X9 RPİ tərəfindən xx.xx.2008-ci il tarixdə ******* nömrəli, xx.xx.2008-ci il tarixdə ******* nömrəli, Şamaxı RPŞ tərəfindən xx.xx.2010-cu il tarixdə ******* nömrəli əcnəbinin vəsiqələri ilə sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşına məxsus şəxsiyyət vəsiqəsi və ümumvətandaş pasportu ilə sənədləşdirilməsi barədə BPQMİ-də məlumat müəyyən olunmamışdır (İ cild, iş vər. 114). Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Dövlət Miqrasiya Xidmətindən Ağdaş RPŞ-nın elektron poçt ünvanına daxil olmuş məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası vətəndaşıdır, xx.xx.1967-ci il təvəllüdlü Yakup Alıev (pasport № 6********) xx.xx.2009-cu il tarixdə müvəqqəti yaşamaq üçün icazənin alınması ilə bağlı müraciət etmiş, lakin vəsatəti təmin olunmamışdır (İ cild, iş vər. 120). Məhkəmə kollegiyası CM-in 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini cəzanı yüngülləşdirən hal kimi qəbul edir. İş üzrə CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Ədalət və humanizm prinspindən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlayıb daşıma) maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir (CM-in 58.1-ci maddəsi) və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CMin 58.3-cü maddəsi). Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri təhdidə çevrilərək fiziki mənada ayrı-ayrı şəxslərin, ümumilikdə isə cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbə vurur. Məhz buna görə də X4 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri bilinmişdir. Azərbaycan Respublikası da qeyd olunan konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Ona görə də narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı ciddi mübarizə aparıldığı bir dövrdə cəmiyyət üçün bəlaya çevrilmiş bu kimi cinayət törətmiş təqsirləndirilən şəxs barədə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini kifayət qədər əsaslı və ədalətli hesab etmək olar. CM-in 234.1-1-ci maddəsində bu əməlin törədilməsinə görə, üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsi cəzanı yüngülləşdirən hal kimi qəbul edən və iş üzrə cəzanı ağırlaşdıran halların olmasını müəyyən etməyən, habelə ondan kustar üsulla hazırlanmış nəm vəziyyətdə təmiz çəkisi 5,667 qram təşkil edən narkotik vasitə olan heroinin aşkar edilməsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs üç il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi CM-in ədalət və humanizm prinsplərinə uyğundur. Məhkəmə kollegiyası bu cəzanın təyin edilməsini cəzanın islah təsiri baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində isə göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi - onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 234.1-1-ci maddəsinin sanksiyasına uyğun olaraq üç il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki, CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, Ağdaş RPŞ-da saxlanılan və tədqiqatdan sonra qalıq qalmış nəm vəziyyətdə çəkisi 5,567 qram narkotik vasitə olan heroin məhv edilməli, iş üzrə altmış doqquz manat on qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 318, 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 31 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Ağdaş RPŞ-da saxlanılan tədqiqatdan sonra qalıq qalmış nəm vəziyyətdə çəkisi 5,567 qram narkotik vasitə olan heroin məhv edilsin və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə altmış doqquz manat on qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar