Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-164/2025 03.06.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Aşurova Günay Raqif qızının sədrliyi ilə, hakimlər Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 2000-ci il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Şəki şəhəri, M.F.Axundzadə prospekti 1, inzibati binada qeydiyyatda olan, faktiki Zaqatala rayonu Mosul kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X5 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 08 dekabr 2024-cü ildə Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən “Bizim Məkan” adlı kafedə qonşusu və həmkəndlisi Zərərçəkmiş şəxs ilə birlikdə spirtli içki qəbul etdikdən sonra sonuncunun yaşadıqları evə həmin kafedə ofisiant işləyən X1 avtomaşını ilə getməklə bağlı etdiyi təklifi qəbul edib, həmin avtomobillə birlikdə hərəkət etdikdən sonra fikrini dəyişib tanışı Şahid2 idarə etdiyi avtomobillə getməsi ilə əlaqədar zərərçəkmiş şəxsin onun və ailə üzvlərinin ünvanına söyüşlər işlətməsi səbəbilə qisas almaq niyyəti ilə həmin tarixdə saat 22:30 radələrində yaşadıqları Zaqatala rayonu Mosul kəndində Zərərçəkmiş şəxs deşici-kəsici xassəyə malik olan mətbəx bıçağı ilə sərxoş vəziyyətdə zərbələr endirməklə sol kürək nahiyəsində daxilə nüfuz edərək hemopnevmotoraks əmələ gətirən 01 ədəd deşilmiş-kəsilmiş yara xarakterli, dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid, bel nahiyəsində daxilə nüfuz etməyən 01 ədəd deşilmiş-kəsilmiş yara və sol bazusunda 02 ədəd deşilmişkəsilmiş yaralar xarakterli, birlikdə və ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, 08 dekabr 2024-cü il tarixdə həmkəndliləri Rasim, Bəhman və atası Nəsiflə birlikdə yeyib içmək qərarına gəlmiş, bu məqsədlə kənddə taksi fəaliyyəti ilə məşğul olan Ramizə zəng edərək saat 17 radələrində onları yaşadıqları evin yaxınlığından götürməsini bildirmiş, sonuncu da həmib vaxt gəlib onları götürmüşdür. Onlar birlikdə Qax rayonunda yerləşən kafelərdən birinə gedərək orada spirtli içki qəbul etmişlər. Həmin vaxt taksi sürücüsü Ramiz də onların yanında əyləşmiş, amma spirtli içki qəbul etməmişdir. Təxminən saat 21 radələrində onlar həmin kafedən çıxıb Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən “Bizim Məkan” adlı kafeyə getmişlər. Orada o və Rasim spirtli içki qəbul etməyə davam etmiş, lakin Bəhman və Nəsif çay içmişlər. Bir qədər sonra atası ilə Bəhman yaşadıqları evə yollanmış, o isə Rasimlə birlikdə kafedə əyləşib məclisə davam etmişdir. Həmin vaxt Rasimin hazırda xatırlamadığı iki dostu onların yanına gələrək onlarla birlikdə əyləşmiş və spirtli içki qəbul etmişlər. Təxminən saat 22 radələrində kafeni bağladıqları üçün onlar kafedən çıxmalı olmuşlar. Buna görə o, Ramizə zəng edərək gəlib onları kafedən götürüb kəndə aparmasını xahiş etmiş, sonuncu da yolda olduğunu, onları götürməyə gəldiyini bildirmişdir. O, Rasimə taksi sürücüsü Ramizin onları götürməyə gəldiyini demiş, Rasim isə Ramizə ehtiyac olmadığını deyərək kafedə ofisant işləyən Türkan adlı xanıma məxsus avtomobillə getməklərini təkid etmişdir. Onun mobil telefonunda kontur olmadığı üçün Rasimdən Ramizə zəng edərək gəlib-gəlmədiyini soruşmasını istəmiş, Rasim də Ramizə zəng etdikdən sonra sonuncunun işi olduğu üçün gələ bilməyəcəyini bildirmişdir. Bundan sonra o, Rasimin təkidi ilə Türkanın avtomobili ilə getməyə razılaşmışdır. Türkanın avtomobili ilə bir az getdikdən sonra yanacaqdoldurma məntəqəsində Ramiz ona zəng edərək çatdığını bildirmiş və ondan harada olduğunu soruşmuşdur. O, Ramizə yanacaq doldurma məntəqəsi tərəfdə olduğunu bildirmiş və bundan sonra Rasimə avtomobili saxlatdırmasını deyərək avtomobildən düşüb Ramizin avtomobilinə əyləşmişdir. Təxminən 10-15 dəqiqə sonra Ramizin avtomobilində olan vaxt Rasim ona zəng edərək “sən yaxşı oğlan deyilsən, yaxşı oğlan olsaydın məni yarı yolda qoyub Türkanın maşınından düşməzdin” deyə bildirmiş və onun anasına, həyat yoldaşına və nəslinə ağır söyüşlər söyərək onu təhqir etmişdir. O, Rasimdən harada olduğunu soruşduqda, sonuncu yenicə evin qarşısına çatdığını bildirmişdir. O və Rasim bir-biriləri ilə yaxınlıqda yaşayırlar, o, öz evinə getmək üçün Rasimin evinin qarşısından keçir. Rasimin evinin qarşısına çatıb bir az söhbət etdikdən sonra Rasimə içkili olduqlarını deyərək sabah söhbətə davam etmələrini bildirmiş və Ramizdən onu evə aparmasını xahiş etmişdir. Həmin vaxt Rasim də Ramizin avtomobilinə əyləşmiş, o, Rasimdən hara getdiyini soruşduqda sonuncu işinin olduğunu bildirmişdir. Ramizin avtomobili ilə bir az gəldikdən sonra o, öz evinin qarşısında düşmüş və sağollaşaraq evinə getmişdir. Amma Rasim ona qarşı söyüşlər işlədərək onu geri çağırdığı üçün o, özünü müdafiə etmək məqsədilə evdən bıçaq götürüb çölə çıxmışdır. Çölə çıxan zaman Rasim onun üzərinə doğru gəlmiş, hətta o, Rasimi özündən uzaqlaşdırmaq üçün iki-üç dəfə itələmişdir. Rasim ona əl atan zaman özünü müdafiə etmək məqsədi ilə onu bıçaqla vurmuşdur. Həmin an Rasimə neçə bıçaq zərbəsi vurduğunu bilməmişdir. O, qeyri-rəsmi olaraq, yəni dini nikahla Xəyalə Səlimova ilə ailə həyatı qurmuş, həmin nikahdan bir uşaqları olmuşdur. Həm öz uşağı, həm də Xəyalə Səlimovanın əvvəlki nikahdan olan üç uşağı onun himayəsindədir. Əməlindən peşman olmasını və himayəsində azyaşlı uşaqların olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs göstərdi ki, 08 dekabr 2024-cü il tarixdə qonşusu Nəsif, Seymur və qohumu Bəhmanla Qax rayonunda yerləşən kafeyə gedib yemək yeyib spirtli içki qəbul etmişlər. Bundan sonra onlar Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən “Bizim Məkan” adlı kafeyə getmişlər. Həmin kafedə o və Seymur spirtli içki qəbul etmiş, Bəhman və Nəsif isə çay içmişlər. Bir qədər sonra Bəhman və Nəsif hava almaq istədikləri üçün piyada evə yollanmışlar. Bundan sonra onun iki dostu gələrək onlarla birlikdə əyləşmiş və spirtli içki qəbul etmişlər. Kafedən çıxdıqdan sonra Seymur kənddə taksi fəaliyyəti ilə məşğul olan Ramizə zəng edərək onları yaşadığı evə çatdırmasını xahiş etmişdir. O isə Seymura həmin kafenin işçisi olan Türkan adlı xanımın avtomobili ilə evə getməklərini xahiş etmişdir. Seymur ilk öncə razı olmamış, amma o, dəfələrlə xahiş etdiyi üçün razılaşmışdır. Türkanın avtomobili ilə bir az getdikdən sonra Ramiz gəlmişdir. Həmin vaxt Seymur ondan avtomobili saxlatdırmasını tələb etmiş, o da Türkana avtomobili saxlamasını demişdir. Türkan avtomobili saxladıqdan sonra Seymur avtomobildən düşərək Ramizin avtomobilinə əyləşib onunla birlikdə getmişdir. Seymurun bu hərəkəti ona xoş gəlmədiyi üçün yol gedərkən Seymura zəng edərək “sən yaxşı oğlan olsaydın məni yarı yolda qoyub getməzdin” deyə bildirmiş və onu söymüşdür. Evə çatıb avtomobildən düşdükdən bir az sonra Seymurla Rasim gəlmişdir. Onlar bir az söhbət etdikdən sonra Seymur onların qapısı tərəfə getməklərini xahiş etmişdir. Həm də Seymurun atası məclis bitdikdən sonra Seymur evə onun gətirməsini xahiş etdiyi üçün Ramizin avtomobili ilə Seymurgilin evinin qarşısına getmişlər. Orada avtomobildən düşdükdən sonra Seymur qaça-qaça yaşadıqları evin həyətinə girmişdir. O, Seymurun taksi pulunu gətirməyə getdiyini düşünmüşdür. Həmin vaxt Seymurun atası Nəsif də qapının qarşısına çıxmışdır. Orada o, Ramiz və Nəsif olmuşdur. Təxminən bir-iki dəqiqə sonra Seymur qapıdan küçəyə çıxıb onun üstünə doğru gəlmiş, o isə Seymuru əli ilə özündən itələmişdir. Seymur həmin an ona yenidən yaxınlaşaraq bıçaqla iki dəfə sol qabırğa nahiyəsindən, daha sonra isə iki dəfə eyni qaydada sol qolunun nahiyəsindən zarafatla zərbə endirmişdir. Həmin vaxt Seymurun atası Nəsif onları aralamış və bıçağı Seymurun əlindən alaraq kənara tullamışdır. O, dərhal qaçaraq oradan uzaqlaşmış və təcili tibbi yardıma zəng etmişdir. Həmin vaxt taksi sürücüsü Ramiz orada olduğundan onu maşına mindirərək Əliabad qəsəbəsinə kimi sürmüşdür. Təcili tibbi yardım avtomobili onu Əliabad qəsəbəsindən götürərək xəstəxanaya çatdırmış, orada ona ilkin tibbi yardım göstərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, 08 dekabr 2024-cü il tarixdə qonşusu Rasim, oğlu Seymur və həmkəndlisi Bəhmanla birlikdə Qax rayonunda yerləşən kafeye gedərək yemək yeyib spirtli içki içmişlər. Məclisi davam etdirmək üçün Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən “Bizim Məkan” adlı kafeyə gəlmişlər. Həmin kafedə Rasim və Seymur spirtli içki qəbul etmiş, Bəhman və o isə çay içmişlər. O və Bəhman hava almaq istədikləri üçün piyada evə yollanmışlar. O, evə qayıtdıqdan bir neçə saat sonra Seymur da evə gəlmişdir. Həmin vaxt Seymurun arxasınca gələn zərərçəkmiş şəxs Rasim onların evinin həyətinə girmiş və Seymurun ünvanına nalayiq sözlər deyərək təhqir edib onu həyətə çağırmışdır. Buna görə Seymur evdən çölə çıxmışdır. Həmin vaxt o, Seymurun əlində bıçaq olduğunu görməmişdir. O, aşağı düşəndə Seymurla Rasimin süpürləşdiyini görmüş və sürücü Ramizlə birlikdə Rasimlə Seymuru birbirindən aralaşdırmışdır. Rasim həmin vaxt oradan qaçıb uzaqlaşmışdır. Seymurla Rasimin arasındakı mübahisə təxminən bir dəqiqə ərzində baş vermiş, hər şey bir anda olmuşdur. Həmin vaxt Rasimin vəziyyəti yaxşı olmuş, özü ayaq üstə çıxıb getmişdir. Polislər onların evinə gəldikdən sonra Rasimin xəstəxanaya getdiyini bilmişlər. Rasim 4 gün xəstəxanada qalmış və o, hər gün xəstəxanaya gedib Rasimə baş çəkmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Sultan oğlu göstərdi ki, o, Zaqatala rayon X2 şöbəsində cərrah həkim işləyir. 08 dekabr 2024-cü il tarixdə diaqnostika mərkəzinin acil şöbəsinə Zaqatala rayon Mosul kənd sakini Zərərçəkmiş şəxs müxtəlif bədən nahiyələrinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə müraciəti daxil olmuşdur. Şəxsə ilk müdaxiləni xəstəxananın acil şöbəsində başqa bir həkim edərək xəsarətlərinə tikiş qoymuş, o isə xəstəni növbəti gün müayinə etmişdir. Xəstəyə KT müayinəsinə əsasən qan yığılması və hava yığılması ilə bağlı diaqnoz qoyulmuşdur. O, əlavə olaraq xəstəyə heç bir müdaxilə etməmiş, sadəcə olaraq xəstə nəzarətdə olması üçün bir həftə onların xəstəxanasında saxlanılmışdır. O, ekspert olmadığı üçün məhkəmə-tibbi ekspertizasının rəyi ilə bağlı heç nə deyə bilmir, amma onun qənaətinə görə xəstənin xəsarəti onun həyatı üçün təhlükəli olmamış, xəstə özü ayaq üstə xəstəxanaya gəlmişdir. KT müayinəsinin nəticəsinə görə sol hemitoraksda ən qalın yerində 14 mm olan maye və sol hemitoraksda ən qalın yerində 20 mm ölçülü pnevmotoraks cərrahlar üçün təhlükəli bir şey deyil, həmin vəziyyətdə əlavə müdaxilə olmadan qan öz-özünə sorulur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə qərarı barədə məlumatı yoxdur, ona görə də xəstənin xəsarətinin dərəcəsi barədə heç nə deyə bilmir. Zərərçəkmiş şəxs sol yan qabırğa arası nahiyəsinə iki ədəd və sol qolun dirsək oynağı nahiyəsində iki ədəd açıq bıçaq yarası xəsarətləri mövcud olmuş, həmin xəsarətlərdən ikisi daxilə nüfuz etmişdir. Onlardan biri ağciyər toxumasını zədələyərək qansızma baş vermişdir. Həmin xəsarətlər kəsici-deşici alət vasitəsilə yetirilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, o təxminən bir ildir ki, kənd ərazisində taksi fəaliyyəti ilə məşğuldur. 08 dekabr 2024-cü il tarixdə həmkəndlisi Seymur ona zəng edərək 3-4 nəfər olmaqla onları Qax rayonunda yerləşən kafeyə apara bilibbilməyəcəyini soruşmuş, o da 15 manat müqabilində onları aparmağa razılaşmışdır. Seymur hazırda pulunun olmadığını, bir neçə günə verə biləcəyini bildirmiş, o da yenə onunla razılaşmışdır. Həmin gün saat 17 radələrində Seymurun yaşadığı ünvana getmiş, oradan sonuncunu, Rasimi, Nəsif və Bəhmanı götürüb Qax rayonunda yerləşən kafeyə aparmışdır. Həmin kafedə Seymur, Rasim, Nəsif və Bəhman spirtli içki qəbul etməyə başlamışlar. O, ümumiyyətlə spirtli içki qəbul etmədiyi üçün içməmişdir. Təxminən saat 21 radələrində onlar həmin kafedən durub Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən “Bizim Məkan” adlı kafeyə getmişlər. O, həmin şəxsləri düşürdüb yaşadığı evə yollanmışdır. Bir az keçdikdən sonra Seymur ona zəng edərək “gəl bizi həmin kafedən götür” demişdir. O, yenidən həmin kafeyə yollanmış, Seymuru yarı yoldan götürmüş və onlar Mosul kəndinə gəlmişlər. Rasim isə adını bilmədiyi xanımın maşını ilə kəndə gəlmişdir. O, Seymur və Rasim bir az söhbət etdikdən sonra Seymur onları qapılarına aparmasını xahiş etmişdir. O da onları Seymurun yaşadığı evin qarşısına aparıb düşürmüşdür. Seymur maşından düşüb evə doğru qaçmağa başlamışdır. Həmin vaxt Nəsif çölə çıxıb onların yanına gəlmişdir. Bir-iki dəqiqə keçdikdən sonra Seymur içəridən küçəyə çıxıb Rasimin üstünə doğru qaçmış və onlar mübahisə etməyə başlamışlar. Həmin vaxt o, Seymurun əlində kəsici-deşici alət görməmiş, onların arasında bir neçə saniyə mübahisə olmuşdur. Seymur Rasimə bir neçə bıçaq zərbəsi endirmiş, Rasim də dərhal oradan uzaqlaşmışdır. O, dərhal Rasimi küçənin yuxarısından götürüb Zaqatala rayonu Əliabad qəsəbəsinə kimi aparmış, oradan isə təcili tibbi yardım avromobili gəlib Rasimi xəstəxanaya aparmışdır (cild 1, iş vərəqə 165-168). Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Zaqatala rayon Polis Şöbəsinin baş müstəntiqi Pərvin Rüstəmov tərəfindən yazılmış 09 dekabr 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:00-da Zaqatala Rayon Mərkəzi Xəstəxanasının tibb bacısı X12 Növbətçi Hissəsinə telefonla zəng edərək Zaqatala rayonu, Mosul kənd sakini xx.xx.1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs “bədənin çoxsaylı bıçaq yarası” xəsarəti ilə Zaqatala MDM-ya daxil olduğunu bildirmişdir (cild 1, iş vərəqə 2). Hadisə yerinə baxış keçirilməsi haqqında 09 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Zaqatala rayonu Mosul kəndində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısıdır. Baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən hər hansı əşya, eləcə də cinayətin törədilməsində istifadə edilmiş bıçaq aşkar olunmamışdır. Həmin istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 12-15). Məhkəmə-tibbi ekspertizasının 06 yanvar 2024-cü il tarixli 422 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol kürək nahiyəsində 1 (bir) ədəd daxilə nüfuz edərək hemopnevmotoraks əmələ gətirən deşilmiş-kəsilmiş yara, bel nahiyəsində 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yara və sol bazusunda 2 (iki) ədəd deşilmişkəsilmiş yaralar iti kənara və iti uca malik olan deşici-kəsici əşyanın (alətin), əşyaların (alətlərin) təsirindən törənmişdir. Bıçağın təsirindən törənməsi istisna edilmir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də yardım üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 08 dekabr 2024cü il tarixdə əmələ gələ bilərdilər. Bel nahiyəsində və sol bazusunda olan deşilmiş-kəsilmiş yaralar birlikdə və ayrı-ayrılıqda dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sol kürək nahiyəsində daxilə nüfuz edərək hemopnevmotoraks əmələ gətirən deşilmiş-kəsilmiş yara isə dərəcəsinə görə həyat üçün təhlükəli sağlamlığa ağır zərər vurmaya aiddir (cild 1, iş vərəqə 180-184). Ambulator məhkəmə psixiatrik ekspertizasının 09 yanvar 2025-ci il tarixli 13 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkmir. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmiş və ya onları idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs anlaqlılığı istinta etməyən psixi pozuntu aşkar edilmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 220-222). Məhkəmə-trasoloji ekspertizasının 06 fevral 2025-ci il tarixli 3/34 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd gödəkçə, bir ədəd sviter (qərarda uzunqol köynək) və bir ədəd qısaqol köynəyin (qərarda mayka) səthində rəyin rəyin tədqiqi hissəsində yerləşmə sahəsi və sayı təsvir edilmiş zədələr vardır. Gödəkçənin üzərindəki “c”, “d”, “e”, “f” zədələri, sviterin və qısqol köynəyin səthindəki zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində müxtəlif istiqamətlərində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələri, gödəkçənin üzərindəki “a”, “b”, və “g” zədələri isə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin) təsirindən müxtəlif istiqamətlərdə yaranmağa xarakterik kəsilmə zədələridir. Təqdim edilmiş bir ədəd gödəkçə, bir ədəd sviter (qərarda uzunqol köynək) və bir ədəd qısaqol köynəyin (qərarda mayka) səthində olan zədələrin müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə yaranması mümkündür. Zədənin yetirildiyi anda zədə yetirən predmetlə zərərçəkmiş şəxsin qarşılıqlı yerləşmə vəziyyəti istintaq eksperimenti keçirmək yolu ilə müəyyən edilə bilər (cild 1, iş vərəqə 224-227). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 30 yanvar 2025-ci il tarixli, 144 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 223). Zaqatala Rayon Mərkəzi Xəstəxanasının 25 dekabr 2024-cü- il tarixli 18-1-78/2- 1574/2024 nömrəli məktubundan görünür ki, Zaqatala rayonu, Mosul kənd sakini Təqsirləndirilən şəxs “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X15 narkoloji və psixiatrik kabinetlərdə qeydiyyatda yoxdur (cild 1, iş vərəqə 134). Şəki Rayon Psixiatriya Xəstəxanasının 28 dekabr 2024-cü il tarixli 1140 nömrəli məktubundan görünür ki, 2000-ci il təvəllüdlü Şəki şəhər sakini Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur (cild 1, iş vərəqə 136). Əməliyyat tapşırığına verilmiş 23 yanvar 2025-ci il tarixli cavab raportundan görünür ki, 08 dekabr 2024-cü il tarixdə hadisə baş verən zaman Təqsirləndirilən şəxs tərəfindən istifadə edilən mətbəx bıçağı tapılmamışdır. “Bizim məkan” adlı kafedə ofisiant işləyən xanımın X4 olması əməliyyat yolu ilə müəyyən edilmişdir (cild 1, iş vərəqə 169). Əməliyyat tapşırığına verilmiş 03 fevral 2025-ci il tarixli cavab raportundan görünür ki, 08 dekabr 2024-cü il tarixdə saat 23 radələrində Zaqatala rayonu Mosul kəndində baş verən hadisəni Təqsirləndirilən şəxs atası Nəsif və kənddə taksi sürücüsü kimi fəaliyyət göstərən Şahid2 adlı şəxslər görmüşdür. Orada olan həmin şəxslər hadisə baş verməzdən öncə həmin yerdə olmuşlar. Hadisə baş verən ərazinin yaxınlığında yaşayan şəxslərlə aparılmış söhbət zamanı müəyyən edilmişdir ki, hadisə baş verən zaman yüksək səs-küy olmadığından heç kəs küçəyə çıxmamış və buna görə də hadisəni müşahidə edə bilməmişlər. Aparılmış söhbətlər zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında əvvəllər mübahisələr olmadığı, aralarında düşmənçilik və ədavət olmadığı müəyyən edilmişdir (cild 1, iş vərəqə 175). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından, eləcə də müvafiq hökm və qərardan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 08 may 2019-cu il tarixli, 1(075)-36/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 4 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 7(075)-204/2019 nömrəli qərarı ilə Şəki rayon məhkəməsinin 08 may 2019-cu il tarixli, 1(075)-36/2019 nömrəli hökmü ilə təyin olunmuş 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan, yəni 1 il 10 ay hissəsi 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir (cild 1, iş vərəqə 158-164, 209-210). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş 30 yanvar 2025-ci il tarixli ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında heç bir narazılıq yoxdur, barışmışlar, ondan şikayət və tələbi yoxdur (cild 1, iş vərəqə 206). Zərərçəkmiş şəxs 22 aprel 2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və onun azadlığa buraxılmasını xahiş etmişdir. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Mosul kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs son bir ildən artıqdır ki, Mosul kənd sakini X8 ilə qeyri-qanuni olaraq ər-arvad kimi Mosul kəndində yaşamışdır. Onun barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır (cild 1, iş vərəqə 212). Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Mosul kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi tərəfindən verilmiş 16 may 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq Mosul kənd sakini X8 ilə birgə yaşayıb və onların bir övladı var. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X7 atası X10, anası X6r (cild 1, iş vərəqə 205). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayət olmaqla təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü təqsirli bilərək səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs qətimkan tədbirin əvvəlinin 09 dekabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (cild 1, iş vərəqə 51-52, 104-107). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub Zaqatala rayon Polis Şöbəsində saxlanılan, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd gödəkçə, bir ədəd sviter və bir ədəd qısaqol köynək məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 63 manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 09 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Zaqatala rayon Polis Şöbəsində saxlanılan, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd gödəkçə, bir ədəd sviter və bir ədəd qısaqol köynək məhv edilsin. Təqsirləndirilən şəxs 63 (altmış üç) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Günay Aşurova Hakimlər: Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-164/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-164/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver