Məhkəmə qərarları › İş №1(091)-165/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-165/2021

13.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-165/2021 13.09.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən: Əliyev Rafail Əyyub oğlu, Hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, Məhkəmə iclas katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinnin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasını üzvü Şəki Regional Vəkil Bürosunun vəkili X8 xx.xx.1946-cı il tarixdə Ağdaş rayonu Ərəbocaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Ərəbocaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 32.4, 312.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə tanışı Ağdaş rayonu, Korarx kənd sakini xx.xx.1962-ci il təvəllüdlü Şahid2 Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli 1(091) 129/2018-ci il tarixli hökmü ilə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş oğlu Xəlilov Rövşən Maris oğlunun cəzasını Şəki Apellyasiya Məhkəməsinin hakiminə rüşvət verməklə 5 il müddətinə aşağı salınmasına yalan vəd verib Şahid2 Ağdaş şəhəri, Heydər Əliyev prospektində 2020-ci ilin mart ayında 6000 manat, noyabr ayında 1000 manat-ümumilikdə 7000 manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə almış, yəni, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ələ keçirmiş, həmçinin, o, vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar məhkum Xəlilov Rövşən Maris oğlunun xeyrinə bilə-bilə qanunsuz hərəkətlər edəcəyinə görə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə Şahid2 vahid niyyətlə təhrik etmişdir. Təqsirləndirilən şəxs CM-in 32.4, 312.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağdaş rayonunun Korarx kənd sakini Şahid2 40 ilə yaxındır ki, birlikdə işlədiyi Ağdaş rayonu Güvəkənd tam orta məktəbindən tanımış, o, həmin məktəbdə tarix müəllimi, Şahid2 isə həmin məktəbdə xadimə işləmişdir. Təxminən 2017-ci ildə Şahid2 oğlu Rövşən Xəlilovun qız qaçırdığı üçün Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulduğunu və 2018-ci ildə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-in 144.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini bilmişdir. Təxminən 2020-ci ilin mart ayında Şahid2 ona zəng vuraraq görüşmək istədiyini bildirdiyi üçün həmin vaxtlarda günorta saatlarında Ağdaş şəhərində yerləşən bazarının qarşısında Şahid2 ilə görüşmüş, söhbət zamanı Şahid2 məhkum olunmuş oğlu Xəlilov Rövşən Maris oğlunun cəzasını yüngülləşdirmək məqsədi ilə ondan yuxarı instansiyalara ərizələr yazmağını xahiş etmişdir. Əvvəllər tanıdığı Şahid2 oğlu Rövşənin psixoloji pozuntusunun olmasından xəbərdar olduğu üçün həmin vaxt Şahid2 oğlu Rövşən Xəlilovun cəzasını yüngülləşdirə biləcəyini və bu işlə bağlı bir neçə gün sonra xəbər edəcəyini bildirmişdir. Təxminən 2020-ci ilin mart ayının ortalarında Şahid2 zəng edərək sonuncuya tanış vəkilinin olduğunu, 7000 manat pul lazım olduğunu, yenidən məhkəmə olacağını və oğlunun cəzasını beş ilə saldıracağını demişdir. Daha sonra 2020-ci ilin mart ayının axırlarında Şahid2 ilə Ağdaş şəhəri Heydər Əliyev prospektində yerləşən su idarəsinin yaxınlığında görüşərək sonuncudan 6000 manat məbləğində pul almış, Şahid2 ona oğlu Rövşən Xəlilovun işi ilə məşğul olmasını bildirmişdir. Həmin pulu Şahid2 pulunu başqa şəxslərin almaması üçün alıb özündə saxlamışdır. Bir müddət Rövşən Xəlilovun işi ilə maraqlanaraq sonuncunun psixi xəstəliyi ilə bağlı cəzasının yüngülləşdirilməsinin mümkün olmayacağını başa düşmüş, bir müddət sonra Şahid2 oğlu Rövşən Xəlilovun işinin düzəlməsi üçün onunla hər vaxt gedib-gəlməməsi üçün etibarnamə verməsini bildirmişdir. Şahid2 16.09.2020-ci il tarixdə Mingəçevir şəhəri ASAN xidmətdə ona 16.09.2025-ci il tarixədək sonuncunun adından çıxış etmək üçün etibarnamə vermiş, bundan sonra Rövşən Xəlilovun barəsində olan hökmdən Şəki Apellyasiya Məhkəməsinə şikayəti vermək üçün Bakı şəhərində yerləşən 8 saylı Vəkil Bürosunun vəkili Şair Abdüləzizliyə müraciət edərək kredit borcu ilə bağlı iddia ərizəsi yazdırmış, bacısı oğlu kimi təqdim etdiyi Xəlilov Rövşən Maris oğlunun cəzasının yüngülləşdirilməsi üçün şikayət ərizəsi yaza bilib-bilməyəcəyini soruşmuşdur. Şahid3 isə Rövşən Xəlilovun müvafiq sənədlərini gətirdikdən sonra şikayət ərizəsi yaza biləcəyini demiş, bir neçə gün sonra yenidən qeyd edilən vəkil bürosuna gedərək Şahid3 Rövşən Xəlilovun məhkəmə sənədlərini təqdim etmişdir. Şahid3 müvafiq sənədlərə baxdıqdan sonra buraxılmış kassasiya şikayəti vermə müddətinin bərpası ilə bağlı Şəki Apellyasiya məhkəməsinə müraciət edəcəyini və həmin hökmlə bağlı Ali Məhkəməyə kassasiya şikayəti yazacağını bildirmişdir. Həmin vaxt Şahid3 adlı vəkillə müqavilə bağlayaraq sonuncuya 500 manat məbləğində müqavilə pulu vemiş, Şahid3 də Rövşən Xəlilovun hökmündən buraxılmış şikayət vermə müddətinin bərpası ilə bağlı Şəki Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Qalan pulları isə Rövşən Xəlilovun işi ilə bağlı müəyyən yerlərə gedib-gəlməyinə xərcləmişdir. Şahid2 ona verdiyi 6000 (altı min) manat məbləğində pulu xərcəyib qurtardıqdan sonra isə təxminən 2020-ci ilin noyabr ayının axırlarında Şahid2 pulun qurtardığını ona yenə də razılaşmalarına uyğun olaraq 1000 (bir min) manat məbləğində pul lazım olduğunu bildirmiş, bir neçə gün sonra isə Şahid2 Ağdaş şəhəri Heydər Əliyev prospektində su idarəsinin yaxınlığında onunla görüşüb oğlu Rövşən Xəlilovun cəzasının yüngülləşməsi üçün ona 1000 (bir min) manat pulu vermişdir. 2020-ci ilin təxminən noyabr ayının axırlarında Şəki Apellyasiya Məhkəməsində Rövşən Xəlilovun hökmü ilə bağlı buraxılmış şikayət vermə müddətinin bərpası ilə bağlı vəsatəti təmin edilməmiş, daha sonra isə Şahid2 ondan 7000 (yeddi min) manat pulu tələb etməyə başlamışdır. 2021-ci ilin yanvar ayında 2000 (iki min) manat məbləğində pul taparaq Şahid2 qaytarsa da geridə qalan 5000 (beş min) manat məbləğində pulu hələ də Şahid2 qaytarmamışdır. Etdiyi əməllərdən peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ağdaş rayonu, Ərəbocaq kənd sakini Təqsirləndirilən şəxs təxminən 40 ilə yaxındır ki, birlikdə işlədikləri Ağdaş rayonu, Güvəkənd kəndində yerləşən tam orta məktəbindən tanımış, o, həmin məktəbdə xadimə, Təqsirləndirilən şəxs isə həmin məktəbdə tarix müəllimi işləmişdir. Təxminən 2017-ci ildə oğlu X1 qızı qaçırdığı üçün Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuş və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-in 144.3-cü maddəsi ilə təqsirli bilinərək 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Təxminən 2020-ci ilin mart ayının axırlarında Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq sonuncu ilə görüşmüş, Təqsirləndirilən şəxs savadlı bir şəxs kimi tanıdığı üçün oğlu Rövşən Xəlilovun əqli geriliyi ilə bağlı psixiatrik xəstəxanaya yerləşdirilməsi üçün yuxarı instansiyalara ərizə yazmasını xahiş etmişdir. Təxminən 10-15 gün sonra Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng vuraraq Bakı şəhərində olduğunu, Rövşənin işi ilə əlaqədar vəkil tutduğunu və həmin vəkilin hakim ilə danışıb razılaşdığını və Rövşən Xəlilovun cəzasının azaldılması üçün yenidən məhkəmə olacağını və buna görə 7000 manat pul vermək lazım olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təklifi ilə razılaşaraq təxminən 2020-ci ilin mart ayının axırlarında o, kirayə yaşadığı Ağdaş şəhəri Heydər Əliyev prospektində yerləşən su idarəsinin yaxınlığında yolun kənarında səhər radələrində Təqsirləndirilən şəxslə görüşərək 6000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Zahirə 6000 manat verdikdən sonra Təqsirləndirilən şəxs oğlu Rövşən Xəlilovun cəzasının 1-2 aya azaldılacağını bildirmiş, həmin vaxtdan etibarən mütəmadi olaraq Təqsirləndirilən şəxslə mobil telefonla əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs hər dəfə ona işin artıq qaydasında olduğunu və tezliklə oğlu Rövşən Xəlilovun cəzasının azaldılacağını bildirmiş, təxminən 2020-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs oğlu Rövşən Xəlilovun işi ilə əlaqədar etibarnamə verməyini xahiş etdiyi üçün ondan etibarnamə istəmişdir. 16.09.2020-ci il tarixdə Zahirlə birlikdə Mingəçevir şəhərinə gedərək orada olan ASAN xidmət mərkəzində onun adından çıxış etməsi üçün Təqsirləndirilən şəxs 16.09.2025-ci il tarixədək etibarnamə vermişdir. Sonradan hər dəfə Təqsirləndirilən şəxs oğlunun barəsində baxılan məhkəmə proseslərinə aparmasını tələb edərkən Zahir müxtəlif bəhanələr gətirərib onu Şəki Apellyasiya məhkəməsinə, Ali Məhkəməyə aparmaqdan yayınaraq müxtəlif bəhanələr gətirmişdir. 2020-ci ilin noyabr ayının axırlarında Təqsirləndirilən şəxs qalan 1000 manat pulu da verilməli olduğunu bildirdiyi üçün sonuncunun xahişinə əsasən qızı Şahid1 Ağdaş rayonunda yerləşən Kapital bankdan 1000 manat kredit götürdükdən sonra Ağdaş şəhəri Heydər Əliyev prospektində yerləşən su idarəsinin yaxınlığında yolun kənarında həmin pulu da Təqsirləndirilən şəxs vermişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs çox saylı bəhanələrinə baxmayaraq sonuncu ilə birlikdə oğlu Rövşənin məhkəməsində iştirak etmək üçün Şəki şəhərinə getmiş, Apellyasiya məhkəməsində oğlu Rövşən Xəlilovun cəzasının azaldılması ilə bağlı faktiki olaraq heç bir iş görülmədiyini gördükdən sonra Təqsirləndirilən şəxs onu aldatdığını başa düşərək ümumilikdə verdiyi 7000 (yeddi min) manat pulu geri tələb etmişdir. Təqsirləndirilən şəxs həmin vaxt ona həmin pulları xərclədiyini söyləyərək pulunun olmadığını bildirmiş, çox saylı tələblərindən sonra 2021-ci ilin yanvar ayının axırlarında ona 2000 (iki min) manat pul qaytarmışdır. Qalan 5000 (beş min) manat məbləğində pulu isə qaytarmamışdır. Hər dəfə Təqsirləndirilən şəxs guya oğlunun işi ilə əlaqədar Bakı şəhərinə və Şəki şəhərinə gedərkən hər dəfə sonuncuya yol pulu vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili işləyən Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ağdaş rayonu Ərəbocağı kənd sakini Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayında ona müraciət edərək bank işi ilə əlaqədar kredit mübahisəsi olduğunu və ondan iddia ərizəsi yazmağı xahiş etmişdir. Təqsirləndirilən şəxs dediyi iddia ərizəsini yazdıqdan sonra sonuncu ona Ağdaş şəhərində bacısı oğlunun cinayət işi ilə əlaqədar kassasiya şikayəti yaza bilib-bilməyəcəyini soruşmuş, qeyd edilən şəxsin sənədlərinə baxdıqdan sonra kassasiya şikayəti yaza biləcəyini demişdir. Təxminən 2020-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs işlədiyi Bakı şəhərində yerləşən 18 saylı vəkil bürosuna gələrək bacısı oğlu kimi təqdim etdiyi Xəlilov Rövşən Maris oğlu barəsində Şəki Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış qərarı ona təqdim etmiş, sənədlərə baxdıqdan sonra isə Rövşən Xəlilov adlı şəxsin təqsirləndirilməsinə dair baxılmış cinayət işi üzrə kassasiya şikayətinin verilməsi müddətinin buraxıldığını görmüş, daha sonra isə Təqsirləndirilən şəxs kassasiya şikayətinin verilməsi ilə bağlı prosessual müddətin bərpasına dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına vəsatətlə müraciət edəcəyini və həmin iş üzrə kassasiya şikayəti yazacağını və qeyd edilən məhkəmə prosesində iştirak edəcəyini bildirib ona göstərdiyi hüquqi xidmətin qarşılığında 500 manat pul verməli olduğunu demişdir. Təqsirləndirilən şəxs onunla razılaşdıqdan sonra hüquqi xidmət göstərilməsi barədə müqavilə bağlamış, daha sonra 2020-ci ilin oktyabr ayında isə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-50/2019 saylı 01.05.2019cu il tarixli qərarı ilə məhkum olmuş Xəlilov Rövşən Maris oğlunun kassasiya şikayəti verilməsi ilə əlaqədar müddətin bərpasına dair vəsatət və kassasiya şikayəti tərtib edərək Şəki Apellyasiya Məhkəməsinə təqdim etmişdir. 26 noyabr 2021-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesi zamanı həmin iş üzrə artıq kassasiya şikayəti verildiyi və Ali Məhkəmənin müvafiq qərarına əsasən şikayətin təmin edilmədiyi məlum olmuşdur. Həmin vaxt məhkəmə prosesində iştirak edən Təqsirləndirilən şəxs və Rövşən Xəlilovun anası Şahid2 bu barədə məlumatları olub-olmadıqlarını soruşmuş, həmin şəxslər kassasiya şikayətinin verilməsi və həmin şikayətin təmin olunmaması barədə məlumatsız olduqlarını bildirmişlər. Daha sonra qanunvericiliyə uyğun olaraq məhkəmə prosesi zamanı kassasiya şikayətindən imtina etmiş, həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs və Şahid2 adlı şəxsləri görməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Kapital Bank ASC-nin Ağdaş rayon filialının təqdim etdiyi kredit sənədlərindən görünür ki, X4 2020-ci ilin noyabr ayında 3200 manat məbləğində 35 ay müddətinə kredit götürmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş 16 sentyabr 2020-ci il tarixli Mingəçevir “ASAN” xidmət mərkəzinin notariat ofisində Şahid2 Təqsirləndirilən şəxs onu bütün dövlət orqanlarında təmsil etmək üçün etibarnamə vermişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 30 oktyabr 2020-ci il tarixdə 8 saylı vəkil bürosunun vəkili Şahid3 tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-50/2019 saylı, 01.05.2019-cu il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət və həmin qərardan kassasiya şikayəti tərtib edilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyət Başçısının Ərəbocağı kənd İnzibati Dairəsi üzrə nümayəndəsi tərəfindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Ərəbocağı kəndində pasport qeydiyyatında olmaqla yaşayır, yaşayış yeri üzrə məsbət səciyyələndirilir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il 7 №-li Qərarının (bundan sonra Qərar) 36-cı bəndində göstərilmişdir ki, dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilsin. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak (əmlak mövcud deyilsə, onun dəyəri) CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınır. Məhkəmə araşdırması zamanı da müəyyən olundu ki, Təqsirləndirilən şəxs Şahid2 7000 manat pulu sonuncunun həbsdə olan oğlunun cəzasının işə baxan hakimə verərək azaldılmasına nail olacağına söz verərək aldadaraq həmin pulu almışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs Şahid2 7000 manat pulunu sonuncunun işinə baxan məhkəmənin hakiminə rüşvət verəcəyini deyib aldadaraq ələ keçirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 32.4, 312.2 və 178.2.4-cü maddələrinə tövsifi ilə razılaşır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, 76 yaşında, yəni ahıl olmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların movcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 32.4, 312.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli həbsə alındığı tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə məsrəfi, mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2 və 178.2.4-ci maddələri ilə nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 13 sentyabr 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimklan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Hakimlər (sədrlik edən): Rafail Əliyev (məruzəçi): Bilal Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar