Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-166/2023 08.08.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1983-cü ildə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd sellofan torbada külli miqdarda 820 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib əlində olan sellofan torbada saxlamış, 02 fevral 2023-cü il tarixdə saat 1600 radələrində Yevlax şəhəri Kür küçəsində Təqsirləndirilən şəxs qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi Yevlax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb Yevlax Rayon Polis Şöbəsinə gətirilərək orada həmin günü saat 1715-dən 17:45-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində Təqsirləndirilən şəxs əlində olan həmin sellofan torbada qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda 820 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 02 fevral 2023-cü il tarixdə yaşadığı evdən çıxıb bazar tərəfə gedən zaman əməliyyatçılar onu saxlayaraq qeydiyyata düşməli olduğunu bildirmiş, polislərə vəsiqəsinin olmadığını və bir neçə dəfə şöbəyə getdiyini demişdir. Rayon polis şöbəsinə getdikdən sonra qarşısına 820 qram narkotik vasitə olan marixuana qoyaraq həmin narkotik vasitəni boynuna almasını, əks halda daha çox narkotik vasitəni boynuna qoyacaqlarını və narkotik vasitələrin satışı ittihamı ilə onu tutacaqlarını bildirdiklərinə görə məcbur qalaraq və CM-in 234.1-ci maddəsi ilə razılaşaraq həmin narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadasində Təqsirləndirilən şəxs göstərmişdir ki, 02 fevral 2023-cü il tarixdə günün ikinci yarısında Yevlax şəhəri ərazisindən keçən Kür çayının sahilində gəzərkən kolların arasında tapdığı sellofan bükülünü götürüb içərisinə baxarkən içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüş, narkotik vasitə istifadəçisi olduğu üçün həmin sellofandakı marixuananı özü istifadə etmək məqsədi ilə evə aparmaq üçün piyada Yevlax şəhərinə tərəf yola düşmüşdür. Yolda bir ədəd boş sellofan torba taparaq həmin marixuana olan sellofan bükülünü həmin sellofan torbaya qoyaraq yaşadığı evə gedərkən saat 16 radələrində Yevlax şəhəri Kür küçəsində polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu deyərək onu Yevlax rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd sellofan torbanı təqdim edərək sellofan torbada narkotik vasitə qurudulmuş marixuana olduğunu, özü istifadə etmək üçün üzərində saxladığını və Kür çayının sahilindən tapdığını demişdir. Təhqiqatçı həmin sellofan torbada olan qurudulmuş marixuananı sellofan torba ilə birlikdə elektron tərəzidə çəkmiş, çəkisi 855 qram olmuş, bundan sonra qurudulmuş marixuana sellofan torba ilə birlikdə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 02 fevral 2023-cü il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Yevlax rayon X8 Patrul Xidmət Bölüyünün polis nəfəri Şahid1 ilə birlikdə saat 16:00 radələrində Yevlax şəhəri Kür küçəsində Samirin yolun kənarı ilə getdiyini görüb sonuncuya yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə onlarla birlikdə rayon Polis Şöbəsinə getməli olduqlarını bildirmişlər. Rayon Polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncu əlində olan 1 ədəd sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, qurudulmuş marixuananı xx.xx.2023-cü il tarixdə günün ikinci yarısında Yevlax şəhəri ərazisindən keçən Kür çayının sahilində gəzərkən kolların arasından tapdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə sellofan torba birlikdə elektron tərəzidə çəkilərkən çəkisi 855 qram olmuş, sonra həmin kütləni sellofan torba ilə birlikdə qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri işləyən Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsində müstəntiq işləyən X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanılmış, şübhəli şəxs qismində tutulduqdan sonra cinayət işi ibtidai araşdırmanın davam etdirilməsi üçün ona göndərilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda və ittiham aktında texniki səhv olaraq Təqsirləndirilən şəxs cinayət törətdiyi vaxt kimi 02 yanvar 2023-cü il tarixi göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 03 fevral 2023-cü il tarixli 17/142 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sellofan torbada təmiz çəkisi - 820 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 26 aprel 2023-cü il tarixli 714 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 02 fevral 2023-cü il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs oğlunun əlindəki qara rəngli sellofan torbanın içərisində çəkisi 855 qr olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya aktına əsasən cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 14 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasını tam şəkildə çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. CM-in 18.1-ci maddəsinə əsasən məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər 1 saylı Mənzil-Təmir-İstismar sahəsi tərəfindən alınmış xx.xx.2023-cü il tarixli 317 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri Nizami prospekti 39/8 saylı evdə yaşamaqla yaşayış yerindən müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Yevlax rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. İş materiallarına əlavə edilmiş 02 fevral 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1600-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi haqqında 04 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair ifadəsini inandırıcı olmayan, özünü müdafiə məqsədilə məsuliyyətdən yayınmaq üçün verdiyi ifadə kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, təqsirləndirilən şəxs ona qarşı qanunsuzluq edilməsi ilə əlaqədar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəməyə, nə də ki, hansısa tibb müəssisəsinə müraciət etməmiş, videoçəkilişlə və müdafiəçilərinin iştirakı ilə aparılan şəxsi axtarış keçirilən zaman aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Həmçinin onun istintaq təcridxanasına daxil olan zaman barəsində tərtib edilmiş məhkumun tibbi kitabçasının surətindən də onun həmin vaxt bədən səthində hansısa xəsarətin olmadığı müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 02 fevral 2023-cü il tarixdən hesablanmalı və CM-in 56.1.3-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-in 76.3.3-cü maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsi ərzində Təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətdiyinə görə Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində olan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və CM-in 67.1-ci maddəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının 14 gün çəkilməmiş hissəsi ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək üzərində qəti cəza saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, ərazi narkololi dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş manat doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının 14 gün çəkilməmiş hissəsi ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin, üzərində qəti olaraq 04 (dörd) il 06 (altı) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 02 fevral 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş manat doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Yevlax Rayon Polis Şöbəsində saxlanılan 819,90 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-166/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-166/2023
08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver