Məhkəmə qərarları › İş №1(091)-168/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-168/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-168/2023 23.06.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev X3 Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1973-cü ildə Ağdaş şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Ucar rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 11 ay 26 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağdaş şəhəri Heydər Əliyev prospekti nömrəsiz evdə qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə 2022-ci ilin sentyabr ayının əvvəllərində səhər saatlarında Ağdaş şəhəri, H.Əliyev prospekti dalan 7, 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə vahid niyyətlə ümumilikdə 2 dəfə müxtəlif vaxtlarda hasardan qanunsuz daxil olub, ordan da evin zirzəmisinə daxil olaraq zirzəmidə olan 01 (bir) ədəd 100 (yüz) manat dəyərində Rusiya istehsalı olan göy rəngli, üzərində “VP-52-3,5” yazıları olan mühərrikli otbiçən aparatı, 01 (bir) ədəd 120 (bir yüz iyirmi) manat dəyərində Çin istehsalı olan göy rəngli markası oxunmayan hava vuran kompressor aparatını, evin həyətindən 01 (bir) ədəd 500 (beş yüz) manat dəyərində “Mercedes Benz CDİ” markalı avtomobilin mühərikinin ehtiyat hissəsi olan qalofkanı (başlığını), 01 (bir) ədəd 100 (bir yüz) manat dəyərində 75 amperlik qara rəngli akkumlyatoru və həyətdə olan masanın üzərindəki 01 (bir) ədəd 100 (bir yüz) manat dəyərində qara rəngli “Mercedes Benz CDİ” markalı avtomobilin üzərində olan markası məlum olmayan maqnitofonunu gizli yolla talayıb oğurlamaqla, zərərcəkmiş şəxsə vahid niyyətlə ümumilikdə 920 (doqquz yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq nəm vəziyyətdə təmiz çəkisi 1125,00 qram, quru vəziyyətdə təmiz çəkisi 1001,25 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 404,186 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2023-cü il tarixdə saat 1750 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağdaş şəhəri, 20 yanvar küçəsində yerləşən “Maşad” qəbiristanlığının yaxınlığında saxlanılaraq RPŞ-yə gətirildikdən sonra ünvan 2 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 1825-dən saat 1842-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli köynəyin içərisindən 01 ədəd sellofan bükümdə nəm vəziyyətdə təmiz çəkisi 1125,00 qram, quru vəziyyətdə təmiz çəkisi 1001,25 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qara rəngli gödəkçəsinin sol ön cibindən 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 404,186 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 16 yanvar 2023-cü il tarixdə Ağdaş rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşı Samit Kərimov onu Zərərçəkmiş şəxs evindən edilən oğurluq hadisəsi ilə əlaqədar rayon Polis Şöbəsinə dəvət etmiş, orada onun qabağına narkotik vasitə və psixotrop maddə qoyaraq həmin narkotik vasitə və psixotrop maddənin özünə məxsus olmasını bildirməsini demişdir. Polis əməkdaşlarının təsir və təzyiqi ilə, həmçinin CM-in 234.1-ci maddəsi ilə ittiham verilməsi şərtilə polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuş narkotik vasitə və psixotrop maddənin özünə məxsus olmasını bildirmişdir. Zərərçəkmiş şəxs məxsus ot biçəni və kompressoru oğurlamış, həmin əşyaları sahibinə qaytarmışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusu olmaqla sonuncu ilə arasında ədavət və ya düşmənçiliyi olmamış, Zərərçəkmiş şəxs taksi fəaliyyəti ilə məşğul olduğundan yaşadığı evdə çox vaxt olmadığını bilmişdir. 2022-ci ilin təxminən sentyabr ayının əvvəllərində Rövşənin yaşadığı evin həyətyanı sahəsinə daş hasardan daxil olaraq evin zirzəmisində olan hava kompressorunu götürərkən göy rəngli motorlu ot biçən aparatı da orada görüb 4-5 gün sonra gəlib həmin aparatı da oğurlamağı fikirləşmiş, kompressoru gətirib yaşadığı evin həyətinə qoymuşdur. Elə həmin gün əvvəllər taksi fəaliyyəti ilə məşğul olan tanışı Orxan ilə birlikdə əvvəldən toxumsatan Nazim kimi tanıdığı şəxsin yanına gedərək özünə məxsus Bakı şəhərindən gətirdiyi kompressoru satmaq istədiyini bildirmiş, Nizami maşında olan kompressora baxdıqdan sonra həmin kompressoru 100 manata satdığını bildirmiş, Nizami də onunla razılaşmayaraq həmin kompressoru 50 manata alacağını bildirmişdir. Bundan sonra Nizami ilə razılaşaraq Orxanın avtomobili ilə həmin kompressoru Nizaminin yaşadığı evin həyətinə apararaq sonuncuya vermişdir. Təxminən 4-5 gün sonra saat 11 radələrində qonşusu Rövşənin yaşadığı evin daş hasarından həyətə daxil olaraq yenə də evin zirzəmisində olan göy rəngli motorlu ot biçən aparatı götürüb çıxan zaman evin həyətində eyvanın altındakı stolun üzərində olan bir ədəd avtomobil maqnitofonunu götürərək gəldiyi yerdən qayıdıb oğurladığı əşyaları yaşadığı evin həyətinə qoyduqdan sonra yenə də Orxanla birlikdə Ağdaş şəhərində yerləşən kolxoz bazarı deyilən yerin arxasında yerləşən “1001 xırdavat” mağazasına gedərkən yolda Orxana onun paltarının çirkli olduğuna görə həmin ot biçən aparatı satmasını xahiş etmiş, Orxan ot biçən aparatı avtomobilin yük yerindən götürərək həmin mağazaya getmişdir. Geri qayıdarkən ot biçən aparatı 40 manata satdığını bildirmiş, həmin 40 manat pulun 5 manatını yol haqqı kimi Orxana vermişdir. 2022-ci ilin dekabr ayının əvvəlində Bakı şəhərində 28 may metro stansiyasının yaxınlığında tanış olduğu və adının Mahmud olduğunu bildiyi İran İslam Respublikasının vətəndaşı ilə söhbət zamanı narkotik vasitədən istifadə etdiyini bildikdən sonra ona İranda yaşayan Kamal adlı şəxsin vasitəsi ilə pul qazanmaqda ona köməklik edəcəyini bildirmiş, sonra həmin şəxs özünə məxsus mobil telefonla “Whatsapp” vasitəsi ilə danışdıqdan bir qədər sonra həmin telefonu ona vermişdir. Özünü Kamal kimi təqdim edən həmin şəxs ona “Whatsapp” proqramı olan mobil telefon almasını, Kamala məxsus narkotiki daşıyaraq sonuncunun deyəcəyi yerə qoymasını və bunun müqabilində ona 300-500 manat pul verəcəyini demişdir. Mobil telefon ala bilməyəcəyini dedikdən sonra həmin şəxs telefonun şərt olmadığını, hər görüşdə növbəti görüşü təyin edəcəklərini, həmin formada narkotik vasitələrin dövriyyəsini həyata keçirəcəyini, Kamalın 200 manat pul verəcəyini bildirmişdir. Bundan sonra Əhmədlidə yerləşən “Görüş” adlı kafesinin kənarında olan ağacın altından gedib narkotiki götürüb, Binqədidə yerləşən “Faxralı” restoranının yanındaki zibil qabının altına qoyacağını müəyyənləşdirdikdən sonra Mahmud ona 200 manat pul və İranlı Kamalın nömrəsinin yazıldığı kağızı ona vermişdir. Qeyd olunan yerə gedib narkotiki götürüb deyilən yerə aparıb qoymuş, sonra Bakı şəhərində yaşayan dayısı oğlu Seymurla görüşüb, sonuncunun mobil telefonundakı “Whatsapp” proqramı vasitəsi ilə Mahmudla əlaqə saxlayaraq narkotiki deyilən yerdən götürüb deyilən yerə qoyduğunu demişdir. 10 yanvar 2023-cü il tarixdə Bakı şəhərində X8rşısında Kamal adlı şəxslə görüşmüş, Kamal ona ayın 15-də orada bir daha görüşmələrini və ona 300 manat pul verəcəyini və onun Ağdaş rayonuna narkotik aparacağını bildirmişdir. 15 yanvar 2023-cü il tarixdə Kamal onunla həmin yerdə görüşərkən ona iki ədəd biri kiçik, digəri isə nisbətən böyük bükümlər verərək, birinin içində heroin, digərinin içərisində isə metamfetamin olduğunu bildirdikdən sonra ona 300 manat pul vermiş, həmin heroin və metamfetamini Ağdaş rayonuna yerləşən “Maşad” qəbirstanlığının girişində, daşın altına qoymasını demişdir. Həmin bükümləri cibinə qoyub, 3-cü mikrorayon deyilən yerə gedib, tanımadığı taksi ilə Ağdaş rayonuna gəlmiş, xx.xx.2023-cü il tarixdə evdən çıxıb qeyd olunan yerə gedən zaman saat 1550 radələrində “Maşad” qəbirstanlığının yanında Ağdaş RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Ağdaş RPŞ-nə gətirmişlər. Ağdaş rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol ön cibindən 01 ədəd qara rəngli sellofan bükümü, qara rəngli köynəyinin içərisindən isə digər sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlərin birinin içərisində çəkisi 1 kq 144 qram narkotik vasitə olan heroin, digərinin içərisində isə çəkisi 422 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Zərərçəkmiş şəxs evinin zirzəmisindən ot biçən aparatdan, hava vuran kompressordan və bir ədəd köhnə avtomobil moqnitofonundan başqa heç nə oğurlamamış, oğurluq edən zaman orada akkumlyator və “Mercedess Benz CDİ” markalı avtomobilin mühərrikinin başlıq hissəsini görməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı-Ağdaş arasında taksi fəaliyyəti ilə məşğul olmaqla Bakı şəhərində yaşamış, Ağdaş şəhərinə gəldikdə isə Ağdaş şəhəri H.Əliyev prospekti 7/6-da yerləşən evində yaşamışdır. 2022-ci ilin sentyabr ayının əvvəllərindən xx.xx.2022-ci il tarixinə kimi olan vaxt ərzində Ağdaş şəhərindəki evdə olmamış, xx.xx.2022-ci il tarixdə Ağdaş şəhərinə yaşadığı evə gələn zaman evin həyətində eyvanın alt hissəsində 01 ədəd 500 manat dəyərində "Mercedess Benz CDİ" markalı avtomobilin mühərrikinin ehtiyat hissəsi olan başlığın, bir ədəd 100 manat dəyərində markasını bilmədiyi 75 amperlik qara rəngli akkumulyatorun, evin zirzəmisində saxladığı bir ədəd 100 manat dəyərində, göy rəngli, markasını bilmədiyi Çin Respublikası istehsalı olan hava vuran kompressor aparatının və bir ədəd 100 manat dəyərində göy rəngli, Rusiya Federasiyasının istehsalı olan matorlu ot biçən aparatın yerində olmadığını və oğurlandığnı görüb bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Ona dəymiş ziyan tam ödənilmədiyinə görə təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdaş rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri H.Əliyev prospektində qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 ilə birlikdə saat 15 radələrində Ağdaş şəhəri Maşad küçəsində Maşad qəbirstanlığının qarşısında piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncuya narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə RPŞ-nə dəvət etmiş, Təqsirləndirilən şəxs onlarla birlikdə Ağdaş RPŞ-nə gələrək orada şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncu əynində olan qara rəngli gödəkçəsinin sol ön cibindən 01 ədəd qara rəngli sellofan büküm, əynində olan qara rəngli köynəyinin içərisindən 01 ədəd sellofan büküm təqdim etmişdir. Bükümlərin birinin içərisində çəkisi 1 kq 144 qram olan narkotik vasitə heorinə bənzər kütlə, digərinin içərisində isə çəkisi 422 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Bakı şəhərində İranlı Kamal adlı şəxsdən əldə edərək Ağdaş şəhərində ona deyilən Maşad qəbirstanlığının girişində daşın altına gizlətmək üçün gətirdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ağdaş rayon X11 Patrul Xidmət Bölüyünün polis nəfəri işləyən Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Wolkswagen Passat” markalı **-CS-*** dövlət nömrəli avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmaqla Müzəffər adlı şəxsi də taksi fəaliyyəti ilə məşğul olan zamanlarda tanımış, 2023-cü ilin yanvar ayının əvvəllərində saat 13 radələrində Müzəffər ona zəng vuraraq daşımaq üçün əşyaları olduğunu dediyinə görə Müzəffərin yaşadığı evin qarşısına getmişdir. Həmin vaxt Müzəffər yaşadığı evin həyətindən göy rəngli hava vuran kompressoru gətirərək avtomobilin yük yerinə qoyduqdan sonra ona avtomobili Ağdaş şəhəri kolxoz bazarı deyilən yerə sürməsini demişdir. Müzəffərin göstərdiyi yolla bazarın yanında toxum satan Nizami adlı şəxsin mağazasının qarşısında saxlamış, avtomobildən düşdükdən təxminən 10-15 dəqiqə sonra Nizami adlı şəxs gələrək onun avtomobilinin yük yerinə baxdıqdan sonra Müzəffər həmin kompressoru Nizami adlı şəxslə 50 manat pula razılaşdıqlarını, bundan sonra avtomobili Nizami adlı şəxsin yaşadığı evin küçəsinə sürmüş, Müzəffər yük yerində olan kompressoru avtomobildən yerə düşürüb Nizaminin yaşadığı evin həyətinə aparmışdır. Daha sonra Müzəffəri yaşadığı evə aparmış, sonuncu buna görə ona 5 manat pul vermişdir. Təxminən 5 gün sonra saat 12 radələrində Müzəffər yenə də ona zəng edərək daşınacaq əşyasının olduğunu dediyinə görə Müzəffərin yaşadığı ünvana getmiş, Müzəffər yaşadığı evin həyətindən göy rəngli matorlu ot biçən aparatını gətirərək avtomobilin yük yerinə qoyaraq satmaq üçün bir neçə yerə getmiş, lakin qiymətdə razılaşmamışdır. Sonda Ağdaş şəhərində yerləşən kolxoz bazarının arxa hissəsində 1001 xırdavat olan mağazanın qarşısından keçən zaman özü avtomaşından düşüb mağazanı işlədən Məzahir adlı şəxsə həmin ot biçən aparatın 40 manat pula satmış, həmin pulu gətirib Müzəffərin özünə vermişdir. Müzəffəri yaşadığı evə apardıqdan sonra Müzəffər həmin puldan ona taksi kimi 5 manat pul vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayının əvvəllərində qohumu Təqsirləndirilən şəxs Orxan adlı qonşusunun idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil ilə onun işlədiyi mağazaya gələrək ona Bakı şəhərindən öz istifadə etdiyi hava vuran kompressoru gətirdiyini, artıq istifadə etmədiyini və həmin kompressoru 100 manata satmaq istədiyini bildirmiş, Müzəffərə həmin kompressoru 50 manata razılaşdıqdan sonra həmin məbləğdə pul müqabilində Müzəffərdən hava kompressorunu almışdır. Sonradan həmin kompressorun oğurluq olmasını bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayının əvvəllərində günorta saatlarında mağazada olan zaman Ağdaş şəhər sakini kimi üzdən tanıdığı Orxan adlı şəxs onun işlədiyi mağazaya gələrək bir ədəd motorlu otbiçən olduğunu və həmin otbiçəni satmaq istədiyini bildirmiş, həmin otbiçənə baxdıqdan sonra 40 manata razılaşmışlar. Bundan sonra Orxana 40 manat verərək otbiçəni almış, otbiçənin oğurluq olmasından sonradan məlumatı olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol ön cibindən 01 ədəd qara rəngli sellofan büküm, əynində olan qara rəngli köynəyinin içərisindən 01 ədəd sellofan büküm aşkar edilmiş, bir ədəd qara rəngli sellofan bükümün içərisində çəkisi 422 qram olan ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, digər sellofan bükümdən isə məkisi 1 kq 144 qram olan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Ağdaş şəhəri H.Əliyev prospekti 7/6 ünvanında Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə daxil olduqda sağ yan hissədə iki mərtəbəli yaşayış evi vardır, həmin evin pilləkanın alt hissəsindən Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli akkumilyator, Meresedes markalı avtomobilin mühərriyinin ehtiyat hissəsi, evin zirzəməsindən 01 ədəd göy rəngli hava kompressoru, 01 ədəd göy rəngli matorlu ot biçən oğurlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/59 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01(bir) ədəd qara rəngli sellofan bağlamada, quru vəziyyətdə təmiz çəkisi – 1001,25 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, digər 01(bir) ədəd qara rəngli sellofan bağlamada, təmiz çəkisi– 404,186 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/767 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda (kompressorun və otbiçənin fotoşəkilləri təqdim edilmişdir) göstərilən malların orta istismar müddəti və ora istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 840,00 manat müəyyən edilir. “Mersedes-Benz CDİ” markalı avtomobil mühərrikinin ehtiyat hissəsi olan qalofka(başlığı) – 01 ədəd - 500 manat; 75 amperlik qara rəngli akkumlyator – 01 ədəd – 50 manat; göy rəngli markası oxunmayan, Çin istehsalı olan hava vuran kompressor aparatı- 01 ədəd – 120 manat; göy rəngli, Rusiya istehsalı olan, üzərində “BP-52-3,5” yazıları olan, mühərrikli ot biçən aparat – 01 ədəd – 90 manat; qara rəngli “Mersedes-Benz CDİ” markalı avtomobilin üzərində olan markası məlum olmayan maqnitofon -01ədəd – 80 manat. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 507 nömrəli rəyində göstərmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərizə narkoloji kabinetdə qeydiyyata alınması məshlət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə Salyan rayon məhkəməsinin qərarı ilə CM-in 76-cı maddəsinə əsasən 01 ay 07 gün müddətində vaxtından əvvəl şərti azad edilmişdir. Qəbələ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətində azadlığın məhdudlaşıdırılması cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Ağdaş rayon məhkəməsinin qərarı ilə CM-in 52.1.5-ci maddəsinə əsasən 01 il 03 gün hissəsi 06 ay 01 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2020-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Ucar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 26 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya qərarına əsasən cəzası azaldılaraq 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına endirilmiş, xx.xx.2022-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətdikdən sonra məhkumluğu ödənilmədən və götürülmədən sonra yenidən qəsdən cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətin residivi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 30 yanvar 2023-cü il tarixli 215 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhər H.Əliyev prospekti 7/2A nömrəli evdə yaşamaqla yaşayış yerindən müsbət səciyyələndirilmiş, himayəsində 2013-cü ildə doğulmuş Yusif Qədirov və 2015-ci ildə doğulmuş Məryəm Qədirova adlı iki azyaşlı uşağı vardır. Cinayət işinə əlavə edilmiş “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli PHŞ/6-22-2-5128-2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində “Heroin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 19 sentyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1930-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Ağdaş rayon məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddəti başa çatdığına görə xx.xx.2022-ci il tarixdə həbsdən azad olunaraq barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 16 yanvar 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1805-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Ağdaş rayon məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin ona məxsus olmamasına, o cümlədən ot biçən aparatla və hava kompressorundan başqa digər əşyaların oğurlanmasına heç bir aidiyyətinin olmamasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, təqsirləndirilən şəxs ona qarşı qanunsuzluq edilməsi ilə əlaqədar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəməyə, nə də ki, hansısa tibb müəssisəsinə müraciət etməmiş, videoçəkilişlə və müdafiəçilərinin iştirakı ilə aparılan şəxsi axtarış zamanı aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olmasını bildirmişdir. Eyni zamanda nəyə görə qeyd edilən məsələlərlə əlaqədar müraciət etməməsinə dair ağlabatan izahat da təqdim edə bilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq olunmasını bildirsə də onun istintaq təcridxanasına daxil olarkən onun tibbi müayinədən keçirilməsinə dair tərtib edilmiş tibbi sənədlərdə onun bədən səthi üzərində hansısa xəsarətlərin olması müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə işin hallarına uyğun gəldiyinə görə onun məhkəməyədk icraat zamanı verdiyi ifadəsini daha obyektiv və səmimi ifadələr kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 177.2.3 və 234.4.3-cü maddələrinə tövsifi ilə razılaşır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 177.2.3 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, CM-in 69.3-cü maddəsinə əsasən 19 sentyabr 2022-ci il tarixdən 19 noyabr 2022-ci il tarixə kimi şübhəli və təqsirləndirilən şəxs kimi həbsdə olduğu 02 (iki) ay müddət ona təyin olunacaq cəzadan çıxılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi həbsə alındığı 16 yanvar 2023-cü il tarixdən hesablanmalı və CM-nin 56.1.3-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 121,94 AZN (yüz iyirmi bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 19 sentyabr 2022-ci il tarixdən 19 noyabr 2022-ci il tarixə kimi şübhəli və təqsirləndirilən şəxs kimi həbsdə olduğu 02 (iki) ay müddət Təqsirləndirilən şəxs təyin olunan cəzadan çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 16 yanvar 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 121,94 (yüz iyirmi bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Ağdaş rayon Polis Şöbəsində saxlanılan 1124,90 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 404,136 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin, bir ədəd hava vuran kompressor və bir ədəd motorlu otbiçənin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, bir ədəd CD-disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin, ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar