Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-169/2023 22.08.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx.xx.1974-cü il tarixdə Ağdaş rayonu Şıxlı kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Mingəçevir şəhəri Naxçıvan küçəsi ev 29 mənzil 24-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi, ümumilikdə çəkisi 1,478 qram - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 06 ədəd ayrı-ayrı bükümlərdə təmiz çəkiləri 0.375 qram, 0.312 qram, 0.147 qram, 0.310 qram, 0.204 qram və 0.130 qram olan hissələrə ayırmaqla 3 ədəd şəffaf sellofan və 3 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə əynində olan qara rəngli şalvarın sağ kiçik yan cibində saxlayaraq daşımış, 14 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsində yerləşən «Göz klinikasının» yaxınlığında saxlanıldıqdan sonra ünvan 1 ünvanda yerləşən Sumqayıt ŞPİ-yə gətirilərək həmin tarixdə saat 1850-dən saat 1909-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ kiçik yan cibində saxladığı və daşıdığı 6 ədəd bükümdə, hər birinin təmiz çəkisi 0.375 qram, 0.312 qram, 0.147 qram, 0.310 qram, 0.204 qram və və 0.130 qram olan xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış, ümumilikdə 1.478 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi etdiyi, ümumilikdə çəkisi 36,657 qram - kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini 02 ədəd sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,281 və 36,376 qram olan hissələrə ayırmaqla, içərisində 0,281 qram çəkidə olan narkotik vasitə heroin olan bükümü əynində olan qara rəngli şalvarın sağ kiçik yan cibində, içərisində 36,376 qram olan narkotik vasitə heroin olan bükümü isə gəzdirdiyi qara rəngli qadın çantasının içərisində daşımaqla saxlamış, 17 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Mingəçevir Şəhər Polis X1 Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Mərkəzi Bazarın» yaxınlığında saxlanıldıqdan sonra Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-yə gətirilərək və həmin tarixdə saat 1640-dan saat 1655-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən üzərində və çantasında saxladığı 2 ədəd bükümdə, birinin təmiz çəkisi 0,281, digərinin isə çəkisi 36,376 qram olan, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış ümumilikdə 36,657 qram çəkidə, yəni külli miqdarda olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində saxlanılaraq polis idarəsinin inzibatı binasına aparılan zaman üzərində yalnız bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan metadon həbləri olmaqla üzərinə keçirilən şəxsi axtarış zamanı ilkin olaraq həmin vasitələr aşkar olunsa da polis əməkdaşları ona qarşı təzyiqlər göstərərək əlavə olaraq içərisində psixotrop maddə olan metamfetamin bükümlərini də boynuna almasını bildirmişlər. Polis əməkdaşları ona qeyd olunan şəkildə şəxsi axtarış keçirildikdə və ifadə verdikdən sonra barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçiləcəyini vəd verdiklərindən qeyd olunan şəkildə ifadə vermişdir. xx.xx.2023-cü il tarixdə Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən saxlanılan zaman isə üzərində yalnız 1 ədəd bükümdə içərisində 0.3 qram çəkidə narkotik vasitə olan heroin və 8 ədəd metadon həbləri olmuş, həmin vaxt polis əməkldaşları ona qarşı təzyiqlər edərək metadon həblərini götürmüşlər. Heroinin çəkisi artırılaraq başqa bir ədəd böyük büküm də üzərində gəzdirdiyi çantasına əlavə edilmiş, Mingəçevir şəhəri, Mərkəzi Bazarı yaxınlığında saat 10-da saxlanılsa da bir neçə saatdan sonra üzərinə şəxsi axtarış keçirilənədək polis şöbəsinin inzibati binasında əsasız olaraq saxlanılmışdır. Ona qarşı edilən təzyiqlər nəticəsində üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının qeyd etdikləri şəkildə həmin bükümlərin hər birinin özünə məxsus olmasına dair ifadələr vermişdir. Mobil telefonuna baxış keçirilən zaman aşkar olunmuş “Qaqa” adı ilə qeydiyyata aldığı ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisinə yazdığı “Qaqa torpaq götürdüm. elaqe yarat. menle. ay Qaqa. dermanın pulu qaldı. oğlan vurmadı. Aynurda 70m vurmalıdır. mənə niyə cavab vermirsiniz. birde Aynur mosbeti silib menden. 70m pulum vardı uduşda niye edibki qaqa senə qurban” “Qaqa kola 1q 40 dan verə bilersen?. Daşda 50m. Qaqa 05q 40.:45şə ver ucuz vermede elə verirdikde qaqa” “Qaqa 170m b6nla edir. 30 da derman qurban olum kömək et sataq” “Torpaq deyir ki güclüdür” “Pulu da karta vur.ABB 522.0993.4830.5814.” məznununda mesajları narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunmuş Gündüz adlı şəxsə Bakı şəhərində birlikdə kirayədə qaldığı Aysu adlı şəxs yazmışdır. “Samsung Galaxy A7” markalı mobil telefon ona məxsus olmamış, Aysu adlı şəxslə birlikdə istifadə etməklə, mobil telefonda olan mesajlarda və fotoşəkillərdə yalnız öz adının və fotolarının qeyd olunması barədə narkotik satışı ilə bağlı olan hər hansı yazışmalar etməmişdir. Həmçinin mobil telefonuna baxış keçirilən zaman xx.xx.2022-cil tarixdə çəkilmiş fotolarda tərəzinin üzərində 0.32 qram, 0.40 qram və 0.34 qram çəkilərdə narkotik vasitəyə bənzər kütlələrin olması, eyni zamanda həmin tarixdə hesablara müxtəlif məbləğlərdə ödənişlərin olmasını əks etdirən fotoşəkillərin qeyd olunması barədə heç bir məlumatı olmamış, həmin şəkillərin kim tərəfindən çəkilməsini bilməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs ilkin ifadələrində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri, Corat bağlar massivi ərazisində yerləşən “Göz Xəstəxanası”nın yanında olan zaman polis əməkdaşları ona yaxınlaşıb, narkotik vasitələrin qəbulu və üzərində daşımaqda şübhəli olduğunu bildirərək onu Polis İdarəsinin inzibati binasına dəvət etmiş, Polis İdarəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan kiçik cibində saxladığı içərisində psixotrop maddə metamfetamin olan üç ədəd şəffaf sellofan bükümləri, üç ədəd siqaretin gümüşü rəngli bükümünü təqdim etmişdir. Həmin bükümlər tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüş, sorğu zamanı üzərindən aşkar olunan kütlənin narkotik vasitə olan “patı” olduğunu, həmin narkotik vasitələri telefon vasitəsilə əlaqə saxladığı “Aydın” adlı İran İslam Respublikasının vətəndaşının kart hesabına 250 manat pul yükləyərək ümumilikdə 10 qram çəkidə aldığını bildirmişdir. Həmin psixotrop maddələri Aydın adlı İran İslam Respublikasının vətəndaşı təxminən 10 gün əvvəl «Xırdalan dairəsi» ərazisinə atmış, həmin yerdən psixotrop maddəni götürərək bir qismini istifadə etmiş, bir qismini isə 1 qramını 30 manatdan satmağı nəzərdə tutmuşdur. Bakı şəhəri «Sabunçu bazarında» yerləşən kafelərdən birində ofisiant kimi çalışmaqla onunla birlikdə narkotik vasitələrdən istifadə edən Zəhra adlı qadın işləmişdir. Zəhra ilə narkotik vasitələr barədə söhbət edən zaman sonuncu istifadə etdiyi narkotik vasitə olan heroini 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən «Raco» ləqəbli şəxsin vasitəsilə İran İslam Respublikasının vətəndaşı olan Mikayıldan ucuz qiymətə aldığını, əgər istəsə Mikayılla əlaqə saxlamağa köməklik edə biləcəyini demişdir. Bundan sonra Zəhranın vasitəsi ilə tanış olduğu Mikayıl kimi bildiyi şəxslə danışan zaman sonuncu ona narkotik vasitə - heroin verə biləcəyini, həmin heroinin dəyərinin 500 manat olduğunu, həmin pulu Zəhranın vasitəsi ilə cəzaçəkmə müəssəsində olan «Racoya» çatacağını demişdir. Raco və Mikayılı şəxsən tanımamışdır. xx.xx.2023-cü il tarixdə Zəhra ona həmin gün təxminən saat 00-01 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yanına getməsini, orada birinci qapının yanındakı daşın altında içərisində narkotik vasitə olan heroin olduğunu dedikdən sonra taksi ilə həmin yerə gedərək orada olan narkotik vasitə olan heroini götürmüşdür. Həmin bükümün üzərindən bir qədər götürüb başqa bir sellofan bükümə tökmüş, qalan bükümü üzərində olan çantaya qoymuşdur. Kiçik bükümə qoyduğu heroinin bir hissəsini yanacaqdoldurma məntəqəsinin tualetində istifadə etdikdən sonra qalan hissəsini əynində olan şalvarın sağ kiçik yan cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə sosial müavinət düzəltdirmək üçün Mİngəçevir şəhərinə getmiş, saat 16 radələrində Mingəçevir şəhərində «Mərkəzi Bazarın» yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə onu Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan çantasında və əynindəki şalvarın sağ kiçik yan cibində olan sellofan torbalardakı narkotik vasitə olan heroin bükümlərini təqdim etmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilərək müvafiq olaraq çantasından çıxan heroinin çəkisi 38,05 qram, üzərindən aşkar olunan narkotik vasitə heroinin çəkisi 0,42 qram olduqdan sonra qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı həmin narkotik vasitələri «Raco» ləqəbli şəxsin vasitəsilə İran İslam Respublikasının vətəndaşı «Mikayıl» adı ilə tanıdığı şəxsdən öz istifadəsi üçün aldığını, xx.xx.2023-cü il tarixdə özünə ünvanlı sosial müavinət düzəltdirmək üçün Mingəçevir şəhərinə gəldikdə polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili işləyən X5 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan CAŞ-ın əməliyyat müvəkkilləri Şahid6 və Şahid7 ilə birlikdə saat 18 radələrində Sumqayıt şəhəri, «Corat» bağlar massivi ərazisində yerləşən «Göz xəstəxanasının» yaxınlığında hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşıb üzərinə narkotik vasitə saxlamaqda şübhəli olduğuna görə Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirmişlər. Sumqayıt şəhər Polis İdarəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan kiçik cibində saxladığı üç ədəd şəffaf sellofan bükümləri, üç ədəd siqaretin gümüşü rəngli bükümünü təqdim etmişdir. Həmin bükümlər açılan zaman bükümlərin hər birinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlənin “patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddələri telefon vasitəsilə əlaqə saxladığı “Aydın” adlı İran İslam Respublikasının vətəndaşının kart hesabına 250 manat pul yükləyərək ümumilikdə 10 qram olmaqla Xırdalan dairəsi ərazisinə atılmış yerdən götürdüyünü, bir qismini istifadə etdiyini, bir qismini isə 1 qramını 30 manat olmaqla satdığını bildirmişdir. Aşkar olunan psixotrop maddələr bükümlərlə birlikdə tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nın əməliyyat müvəkkilləri işləyən Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində, şahid qismində dindirilmiş Şahid7, ifadəsi elan olunaraq tədqiq edilmiş Sumqayıt ŞPİ-nin İTŞ-nin inspektoru Şahid8 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid5 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Mingəçevir Şəhər Polis X1 Qrupunun baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Mingəçevir ŞPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri Şahid3 və Şahid4 ilə birlikdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Mərkəzi Bazarın» yaxınlığında olan Təqsirləndirilən şəxs yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Mingəçevir şəhər Polis Şöbəsinə dəvət etmiş, Mingəçevir şəhər Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış zamanı əlində olan qara rəngli qadın çantasının içərisindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə içərisində narkotik vasitə heroinə oxşar kütlə, daha sonra əynində olan qara rəngli şalvarın sağ kiçik yan cibindən içərisində narkotik vasitə heroinə oxşar kütlə olan 01 ədəd şəffaf rəngli sellofan bükümü könüllü olaraq təqdim etmişdir. Həmin sellofanlara bükülmüş içərisində narkotik vasitəyə oxşar kütlə olan həmin bükümlər elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 02 (iki) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə olan kütlələrin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 22 radələrində cəzaçəkmə müəssisəsində saxlanılan “Raco” ləqəbli tanışının vasitəsi ilə əlaqə saxladığı Mikayıl adlı iran vətəndaşından Abşeron rayonu, Saray qəsəbəsi ərazisində əldə etdiyini, narkotik vasitə olan heroindən istifadə etdiyini, əynindəki şalvarın sağ kiçik yan cibindən aşkar olunmuş narkotik vasitə olan heroini, çantasının içərisindən aşkar olunmuş narkotik vasitə olan heroinin üzərindən götürdüyünü və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Mingəçevir ŞPŞ-nin Qeydiyyat və X3 inspektoru Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində və şahid qismində dindirilmiş Post Patrul Xidməti Bölüyünün polis nəfərləri Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi xx.xx.2022-ci il tarixli 6/6550 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №124 dairəvi möhür əksləri olan “Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri və imzalar qeyd edilmiş 01 (bir) ədəd zərfin içərisində 06 (altı) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi – 0,375, qram, 0,312 qram, 0,147 qram, 0,310 qram, 0,204 qram, 0,130 qram ümumi təmiz çəkisi –1,478 qram olan ağ rəngli kristal şəkilli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azəabaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı” na daxildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/73 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən və əl çantasından aşkar edilib götürülmüş narkotik maddəyə oxşar kütlələr...” sözləri, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 02 (iki) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,281 qr., 36,376 qr., ümumi təmiz çəkisi – 36,657 qram olan maddələrolan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, 02 (iki) ədəd sellofan bükümlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eynidirlər. Heroin - 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasıərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı” na daxildir. (İ siyahı). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 393 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan və protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan qara rəngli şalvarın sağ kiçik yan cibindən 3 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,36 qram, 0,25 qram, 0,16 qram, 3 ədəd siqaretin gümüşü kazığında ayrı-ayrılıqda çəkiləri 0,53 qram, 0,24 qram, 0,24 qram olmaqla ümumi çəkisi 2,04 qram olan psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. İş üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan və protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əlindəki qara rəngli qadın çantasının içərisindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 38,05 qram və əynində olan qara rəngli şalvarın sağ kiçik yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 0,42 qram olan narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərindən aşkar olunmuş “Samsung Galaxy A7”markalı mobil telefonun “Whatsapp” tətbiqinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs məxsus nömrəyə müxtəlif nömrələrdən gələn mesajların mətnində narkotik vasitələrin dövriyyəsini əks etdirən yazılar, eləcə də narkotik vasitələrin harada yerləşdirilməsinə dair səs yazıları, bununla yanaşı həmin narkotik maddələrin atıldığı yerlərin şəkilləri, həmçinin “iran” ləhcəsi ilə danışan şəxslərdən Təqsirləndirilən şəxs narkotik maddələr almasına dair səs yazıları və yazışmalar aşkar edilmiş, həmçinin telefonun “Qalereya” adlanan bölməsinə daxil olduqda orada narkotik maddələrə bənzər kütlələrin tərəzinin üzərinə qoyularaq şəkillərinin çəkilməsi, eləcə də narkotik maddə bükümlərinə bənzər bükümlərin şəkillərinin əks olunması müəyyən olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Nokia” markalı mobil telefon açılmadığından ona baxış keçirmək mümkün olmamışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus “X10 7” markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisinə xx.xx.2022-ci il tarixdə yazılmış mesajda “Qaqa sənə qurban 1 dənə derman tapmaq olar” məzmunlu, ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisinə xx.xx.2022-ci il tarixdə yazılmış mesajda “tez cavab ver.derman istəyirsən.em 40 cavab ver” məzmunlu, ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisinə xx.xx.2022-ci il tarixdə yazılmış mesajda “Torpaq lazımdı xəbər et” məzmunlu, ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisinə xx.xx.2022-ci il tarixdə yazılmış mesajda “Ramin yanına gedirəm em 40 var parası” məzmunlu mesajlar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş “KGTEL” markalı mobil telefona baxış zamanı iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A7” markalı mobil telefona əlavə baxış keçirilməsinə dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, telefonun mesajlar bölməsinə baxış zamanı “Qaqa” adı ilə qeydiyyata alınmış ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisinə “Qaqa torpaq götürdüm. elaqe yarat. menle. ay Qaqa. dermanın pulu qaldı. oğlan vurmadı. Aynurda 70m vurmalıdır. mənə niyə cavab vermirsiniz. birde Aynur mosbeti silib menden. 70m pulum vardı uduşda niye edibki qaqa senə qurban” “Qaqa kola 1q 40 dan verə bilersen?. Daşda 50m. Qaqa 05q 40.:45şə ver ucuz vermede elə verirdikde qaqa” “Qaqa 170m b6nla edir. 30 da derman qurban olum kömək et sataq” “Torpaq deyir ki güclüdür” “Pulu da karta vur.ABB 522.0993.4830.5814.” məznununda mesaj qeyd olunmuşdur. Mobil telefonun “Qalereya” bölməsinə baxış keçirilən zaman aşkar olunmuş xx.xx.2022-cil tarixdəçəkilmiş fotolarda tərəzinin üzərində 0.32 qram, 0.40 qram və 0.34 qram çəkilərdə narkotik vasitəyə bənzər kütlələrin olması, eyni zamnada həmin tarixdə hesablara müxtəlif məbləğlərdəödənişlərin olmasınıəks etdirən fotoşəkillər qeyd olunmuşdur. “Qalereya” bölməsinə baxış zamanı aşkar olunmuş xx.xx.2022-ci il tarixli fotoda gümüşü rəngli bükümdə ağ rəngli kağıza bükülmüş bükümdə narkotik vasitəyə bənzər kütlənin fotoşəkili qeyd olunmuşdur. “Qalereya” bölməsinə baxış zamanı aşkar olunmuş xx.xx.2022-ci il tarixli fotoşəkildə ağ rəngli minik avtomobilinin yanına qırmızı rəngli işarə qoyulmuş və 15 kola10 pati yazısının yazılması qeyd olunmuşdur. “Qalereya” bölməsinə baxış zamanı aşkar olunmuş xx.xx.2022-ci il tarixli şəkildə müxtəlif dərman həbləri və tərəzinin üzərində 1.03 qram və 0.55 qram olmaqla narkotik vasitəyə bənzər kütlələrin olması qeyd olunmuşdur. “Qalereya” bölməsinə baxış zamanı aşkar olunmuş xx.xx.2022-ci il tarixli şəkildə tərəzinin üzərində 0.51 qram, 5.00 qram və 0.55 qram olmaqla narkotik vasitəyə bənzər kütlələrin olması qeyd olunmuşdur. “Qalereya” bölməsinə baxış zamanı aşkar olunmuş xx.xx.2022-ci il tarixli şəkildə müxtəlif tərəzinin üzərində 0.28 qram və 0.31 qram olmaqla narkotik vasitəyə bənzər kütlələrin olması qeyd olunmuşdur. İş materiallarında olan Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 17 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Naxçıvan küçəsi, ev 29, mənzil 24-də qeydiyyatda olmaqla müsbət səciyyələndirilmişdir. İş matariallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 14 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1835-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 16 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 17 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1630-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs CMin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə və psixotrop maddələrin miqdarı, ayrı-ayrı bükümlərdə olması və ona məxsus olan SMS yazışmalar onun aşkar olunan narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etdiyini bir daha təsdiq edir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin ona məxsus olmaması və polis əməkdaşlarının həmin narkotik vasitələri onun üzərinə qoymalarına dair ifadəsini müəsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs hər iki halda müdafiəçisinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı sərbəst şəkildə narkotik vasitə və psixotrop maddənin özünə məxsus olmasını qeyd etməklə ona qarşı heç bir təsir-təzyiq olmadığını bildirmiş, həmçinin sonradan ona hər-hansı təsir və təzyiq olması barədə nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora nə də ki, məhkəmə nəzarətini həyatə keçirən məhkəməyə müraciət etməmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.2 və 234.4.3-cü maddələrinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılaraq ona qəti cəza təyin edilməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 126,94 AZN (yüz iyirmi altı manat, doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 14 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 17 yanvar 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 126,94 AZN (yüz iyirmi altı manat, doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan 1,298 qram olan psixotrop maddə-metamfetamin və 36,557 qram olan narkotik vasitə-heroin məhv edilsin, “Samsung Galaxy A7”və “X10 7” markalı mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-169/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-169/2023
22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver