Məhkəmə qərarları › İş №1(091)-169/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-169/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-169/2025 13.05.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:55 Hakim Aşurova Günay Raqif qızının sədrliyi ilə, hakimlər Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X8, müdafiəçi - Göyçay Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1961-ci ildə Göyçay rayonunda doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, Xəlitli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, o, "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan xx.xx.2024-cü il tarixdə saat 17 radələrində heç bir hüquqi sənədi - etibarnaməsi olmadan idarə etdiyi oğlu Şahid3 məxsus “Belarus MTZ 50” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı traktorla Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonun Xəlitli kəndindən keçən hissəsində üzü Göyçay şəhəri istiqamətində asfalt yolda hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək onun hərəkəti istiqamətində yolun sol tərəfindən yolun hərəkət hissəsinə daxil olaraq yolun sağ tərəfinə doğru hərəkətdə olan velosipedçi X5 idarə etdiyi traktorun sağ ön hissəsi ilə vuraraq Azad Soltanova ehtiyatsızlıqdan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qapalı kəllə-beyin travması, baş beynin yumşaq toxumalarına və beyin mədəciklərinə qansızmalar, döş qəfəsinin sağ yarısında qabırğaların qapalı sınıqları, sol bud sümüyünün aşağı 1/3-dən qapalı sınığı, sol qaş və üzün sağ yanaq nahiyələrində əzilmiş cırılmış yaralar, hər iki göz yuvasıaltı nahiyədə hematomalar, alın, burun ucu, sol əlüstü və sol diz oynağının ön səthlərində dərinin epidermis qatının sıyrılmış yaraları kimi xəsarətlər yetirilmiş və sonuncunun ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi yerində ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, onun oğlu Şahid3 məxsus "Belarus MTZ 50” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı traktoru vardır. Oğlu Şahid3 Rusiya Federasiyasında işlədiyi üçün həmin traktoru o, idarə etmişdir. Lakin oğlu Şahid3 traktoru idarə etməsi üçün ona etibarnamə verməmişdir. Belə ki, onun sürücülük vəsiqəsi olmadığı üçün oğlu Şahid3 ona etibarnamə verə bilməmişdir. Buna baxmayaraq o, öz şəxsi işləri üçün həmin traktoru idarə etmişdir. Təxminən 1984-1985-ci illərdə onun sürücülük vəsiqəsi olmuş, amma həmin sürücülük vəsiqəsinin müddəti keçmişdir. 12 iyul 2024-cü il tarixdə təxminən saat 17 radələrində mal-qaraya ot gətirmək üçün oğlu Şahid3 məxsus həmin traktorla yaşadığı evdən çıxaraq Göyçay-Ucar avtomobil yolu ilə üzü Göyçay rayonu istiqamətində hərəkət edərək Göyçay rayonu Potu kəndinə getmək istəmişdir. Göyçay rayonu, Xəlitli kəndi ərazisində asfalt yolda hərəkətdə olan zaman həmkəndlisi X2 velosipedlə onunla əks istiqamətdə yolun sol tərəfi ilə hərəkətdə olduğunu görmüşdür. Azad Soltanovla onun idarə etdiyi traktor arasında təxminən 5 metr məsafə olarkən Azad Soltanov onun traktorunun hərəkəti istiqamətində yolun onun hərəkət zolağına çıxmış və üzü traktorun ön tərəfi istiqamətində hərəkət etmişdir. O, traktorun rulunu sağa tərəf döndərərək hadisədən yayınmaq istəmiş, lakin nə qədər çalışsa da hadisədən yayına bilməmişdir. Belə ki, idarə etdiyi traktorun ön sağ təkəri ilə Azad Soltanovu velosipedlə birlikdə vurmuş, zərbənin təsirindən Azad Soltanov onun hərəkəti istiqamətində yolun sağ tərəfində yerləşən kanala düşmüşdür. Həmçinin onun idarə etdiyi traktor da həmin kanala düşmüş, onun başı traktorun ön şüşəsinə dəyərək yaralanmışdır. O, traktordan düşərək Azad Soltanovu həmin kanaldan çıxarmışdır. Həmin vaxt Azad Soltanov nəfəs almışdır. Hadisə yerinə gələn hazırda xatırlamadığı şəxslərdən biri təcili tibbi yardıma zəng etmişdir. Azad Soltanovu təcili tibbi yardım avtomobilinə qoymuşlar, lakin sonuncu təcili tibbi yardım avtomobilində olan zaman ölmüşdür. Hadisə zamanı özü də xəsarət aldığı üçün təcili tibbi yardım əməkdaşları ona da ilkin tibbi yardım göstərmişlər. Həmçinin polis əməkdaşları hadisə yerinə gələrək hadisə yerinin müayinəsini həyata keçirmişlər, həmin vaxt o da orada iştirak etmişdir. Hadisənin baş verməsinə səbəb Azad Soltanovun velosipedi idarə edərək üç ədəd avtomobilin arasından çıxaraq qəflətən onun hərəkət zolağına çıxması olmuşdur. Traktor köhnə traktor olmaqla sürətli idarə oluna bilməmiş, hadisə vaxtı da traktorun sürəti təxminən 20-25 km/saat olmuşdur. Velosipedçini təxminən aralarında 5 metr məsafə olan zaman görmüşdür. Ot gətirmək məqsədi ilə getdiyi üçün traktorda 01 ədəd laped qoşqusu olmuş, lakin lapeddə yük olmamışdır. X11 həmkəndlisi olmuş, onlar uzun müddət bir yerdə işləmişlər, münasibətləri həmişə yaxşı olmuşdur. Məhkəmədən əməlindən peşman olmasının, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uygun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi dindirilmiş X13 göstərdi ki, mərhum X6 onun atası olmuş, Təqsirləndirilən şəxs isə həmkəndlisidir. Mərhum atası Azad Soltanov "xxxx" MMC-nin Göyçay rayon şöbəsində montyor işləmişdir. 12 iyul 2024-cü il tarixdə işdə olan zaman ona zəng olunaraq atası Azad Soltanovu traktorun vurduğunu bildirmişlər. O, gələndə atası artıq vəfat etmişdir. Hadisə Xəlitli kəndində onların yaşadıqları evdən 100-150 metr aralıda Ucar-Göyçay istiqamətində olan yolda baş vermişdir. Mərhum atası X14 İsmayılovla münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxs və onun ailə üzvləri atasının yas mərasimlərində iştirak etmişlər, yas və dəfn xərclərinin ödənilməsində köməklik etmişlər. Təqsirləndirilən şəxs onun ailə üzvlərindən üzr istəyərək baş vermiş hadisə ilə bağlı səmimi peşman olduğunu bildirmişdir. İstintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış anası X7 xəstəliyi ilə əlaqədar məhkəmə iclaslarına gələ bilməmişdir. Nə onun, nə də anası İntizar Soltanovanın Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur, onunla barışmışlar. Məhkəmədə şahid qismində dindirılmiş Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs onun atasıdır. Atası Təqsirləndirilən şəxs 12 iyul 2024-cü il tarixdə Göyçay rayonu Xəlitli kəndi ərazisində yol-nəqliyyat hadisəsi törətməsi və nəticədə həmkəndliləri Azad Soltanovun ölməsi barədə hadisədən sonra məlumat almışdır. Hadisə vaxtı o, Rusiya Federasiyasında olmuşdur. Atasının qəza törətdiyi “Belarus MTZ 50” markalı, 23-BA- 155 dövlət qeydiyyat nişanlı traktor ona məxsusdur. Azərbaycan Respublikasında olan zaman həmin traktoru özü idarə etmiş, Rusiya Federasiyasında işlədiyi vaxtlarda isə öz şəxsi təsərrüfatına lazım olanda atası Təqsirləndirilən şəxs idarə etmişdir. Lakin atası Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadığına görə o, traktoru idarə etməsi üçün atasına etibarnamə verə bilməmişdir. Hadisə günü atası traktorla ot gətirməyə gedərkən yol-nəqliyyat hadisəsi baş vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, o, Göyçay RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində xidmət edir. 12 iyul 2024-cü il tarixdə saat 17 radələrində Göyçay rayonu Xəlitli kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat almışdır. Bundan sonra onunla bir ekipajda xidmət edən Göyçay RPŞ-nin DYPB-nin yol patrul xidmətinin inspektoru Şahid1 ilə birlikdə dərhal Göyçay rayonu Xəlitli kəndinə getmişlər. Hadisə yerinə çatdıqdan sonra qoşqusunda bir ədəd laped olan göy rəngli “Belarus” markalı traktorun Göyçay-Ucar avtomobil yolunda üzü Göyçay şəhəri istiqamətində hərəkətdə olan zaman velosipedçini vurduğunu və traktorun öz hərəkəti istiqamətində yolun sağ tərəfində yerləşən kanala düşdüyünü, traktorun arxa hissəsinin və qoşqusunda olan lapedin isə yolun hərəkət hissəsi və ehtiyat hissəsində olduğunu, həmçinin hadisə yerində ölmüş velosipedçinin traktorun qoşqusunda olan lapedin altında olduğunu görmüşdür. Bundan sonra hadisə yerinin mühafizəsini təşkil edərək digər nəqliyyat vasitələrinin gediş-gəlişi üçün yolun müəyyən hissəsində hərəkətin bərpasına nail olmuşlar. Hadisə yerində olan zaman traktorun Göyçay rayonu Xəlitli kənd sakini Təqsirləndirilən şəxs tərəfindən idarə edilməsi, ölmüş şəxsin isə Göyçay rayonu, Xəlitli kənd sakini X6 olması müəyyən edilmişdir. Hadisə yeri müstəntiq tərəfindən müayinə edilmiş, meyit aidiyyəti üzrə morqa göndərilmişdir. Hadisə yerinin müayinəsi aparıldıqdan sonra traktor Göyçay Rayon Polis Şöbəsinin duracağına təmin edilmişdir. Hadisə yerinə çatan zaman traktorun sürücüsünün hadisə yerində olduğunu və hadisə nəticəsində xəsarət aldığı üçün təcili tibbi yardımın əməkdaşları tərəfindən ona ilkin tibbi yardım göstərildiyini görmüşdür. (cild 1, iş vərəqə 74-76). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Göyçay RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 1, iş vərəqə 70-72). Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 12 iyul 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonu Xəlitli kəndi ərazisindən keçən hissəsində asfalt yoldur. Hadisə yerində yol örtüyü asfaltbeton olmaqla düz və hamardır. Yolun ümumi eni 7.70 metrdir, yolda hərəkət hissələrini ayırmaq üçün uzununa nişanlama xətti vardır. Həmin yolda üzü Göyçay şəhəri istiqamətində yolun sağ tərəfində asfalt yoldan 2.60 metr məsafədə traktor kanala düşmüş, qoşqusundakı lapedin isə ön hissəsi asfaltın sağ kənarından 1.60 metr, arxa hissədə isə 0.80 metr məsafədə yolun ehtiyat hissəsində dayanmışdır. Velosipedçinin vurulma yeri Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonu Xəlitli kəndində keçən hissəsində üzü Göyçay rayonu istiqamətində yolun hərəkət hissəsində orta xəttdən 2 metr, yolun sağ kənarından isə 1.80 metr məsafədə yerləşir. Velosipedçi mərhum X6 hadisədən əvvəl Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonu Xəlitli kəndindən keçən hissəsində üzü Ucar rayonu istiqamətində traktorla əks istiqamətdə traktorun hərəkəti istiqamətində yolun sol tərəfi ilə hərəkətdə olmuş, daha sonra traktorun hərəkət istiqamətində yolu soldan sağa doğru keçmək istəyən zaman yolun sol kənarından hərəkətə başlayaraq düzünə 9.5 metr məsafə qət etdikdən sonra traktorun ön hissəsi ilə vurulmuşdur (cild 1, iş vərəqə 6-17). Məhkəmə-tibbi ekspertizasının 30 iyul 2024-cü il tarixli 22 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər - qapalı kəllə-beyin travması, baş beynin yumşaq toxumalarına və beyin mədəciklərinə qansızmalar, döş qəfəsinin sağ yarısında qabırğaların qapalı sınıqları, sol bud sümüyünün aşağı 1/3-dən qapalı sınığı, sol qaş və üzün sağ yanaq nahiyələrində əzilmiş cırılmış yaralar, hər iki göz yuvasıaltı nahiyədə hematomalar, alın, burun ucu, sol əlüstü və sol diz oynağının ön səthlərində dərinin epidermis qatının sıyrılmış yaraları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, X2 ölümündən bir qədər əvvəl bədənin ağır küt travması nəticəsində baş vermişlər, qərarın təsviri hissəsində göstərilmiş avtomobil qəzası zamanı əmələ gəlməsi inkar olunmur, törənmə müddəti xx.xx.2024-cü il tarixinə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb bədənin ağır küt travması qapalı kəllə beyin travması, qabırğaların sağ tərəfli çox saylı - sağ bud sümüyünün qapalı sınıqları fonunda baş vermiş travma şoku və baş beyin mədəciklərinə qansızmalar olmuşdur. X1 meyitindən götürülmüş qan və sidiyin məhkəmə-kimyəvi təhqiqatı nəticəsində qanda 0,6 %, sidikdə 0,4 % etil spirti aşkar edilmişdir. Bu da canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir (cild 1, iş vərəqə 29-32). Məhkəmə-tibbi ekspertizasının 24 iyul 2024-cü il tarixli 434 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər alın nahiyəsinin kəsilmiş, cırılmış yarası küt - bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 12 iyul 2024cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya alddir (cild 1, iş vərəqə 33-34). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 13 yanvar 2025-ci il tarixli 8/2613 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən MTZ- 50 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 manat müəyyən edilmişdir (cild 1, iş vərəqə 57-60). Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 12 iyul 2024-cü il tarixli 259 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu yoxdur (cild 1, iş vərəqə 22). “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X17 06 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında yoxdur (Cild 1. iş vərəqə 54). Göyçay rayon Polis Şöbəsinin DYPB-nın 03 mart 2025-ci il tarixli 3-176/5481-2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir (cild 1, iş vərəqə 77) X19 İnkişaf Mərkəzi tərəfindən verilmiş 03 mart 2025-ci il tarixli 3-22-3-61/2-11/2025 saylı məktubundan görünür ki, daşınar əmlakın rəsmi reyestrinin elektron informasıya sistemində xx.xx.1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs (Fin: xxxxxxx) adına traktor və digər mexaniki nəqliyyat vasitələrini darə etmək üçün sürücülük vəsiqəsi qeydə alınmamışdır (cild 1, iş vərəqə 78-79) İbtidai istintaq orqanının 08 avqust 2024-cü il tarixlı qərarı ilə Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törətdiyi “Belarus MTZ-50” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı traktor cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün qanuni sahibi Şahid3 qaytarılmışdır (cild 1, iş vərəqə 38). İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X3 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs Nəmid oğlu ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 1, iş vərəqə 64). Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X13 yazılı ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir Göyçay rayon İcra Hakimiyyəti Başçısının Yeniarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqi hərbi xidmət keçmişdir, ailəli olub, 4 övladı var, həyat yoldaşı vəfat etmişdir. O, Xəlitli kəndində fərdi təsərrüfatla məşğul olur, ailəsinə məxsus traktorla kənddə təsərrüfat işləri görür. Təqsirləndirilən şəxs kənddə sakit xarakterizə olunan tərbiyəli nümunəvi ailə başçılarından biridir. O, kəndin ictimai işlərində fəallıq göstərən kənd ağsaqqallarındandır (cild 1, iş vərəqə 67). Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 53). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayət olmaqla təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Nəmid oğlunun ehtiyatsızlıqdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə əsas və nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzalar təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək əsas və əlavə cəzaların həddi ilə bağlı nəticəyə gələrkən “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının izah və tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Plenum Qərarının 21-ci bəndinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü təqsirli bilərək səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cəzanın çəkilməsi müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerlərinə və bir cəzaçəkmə müəssisəsindən digərinə müşayiətlə göndərilirlər. Məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alınmasının təmin olunması Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İbtidai istintaq orqanın 03 mart 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 112- 113). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan “Belarus MTZ-50” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı traktorun qanuni sahibi Şahid3 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 85 manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013-cü il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alınmasının təmin olunması Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan “Belarus MTZ-50” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı traktorun qanuni sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Günay Aşurova Hakimlər: Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar