Məhkəmə qərarları › İş №1(091)-174/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-174/2022

03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-174/2022 03.10.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X8, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə xx.xx.1975-ci ildə Ağdam rayonu Üçoğlan kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul оlan, orta təhsilli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Ağdam rayonu Üçoğlan kəndində qeydiyyatda оlmaqla həmin ünvanda yаşаmış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 20 noyabr 2021-ci il tarixdə Ağcabədi rayonu Hindarx kəndində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,691 qram çəkidə olmaqla qanunsuz olaraq 30 (otuz) manat müqabilində əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində daşımaqla saxlamış, 23 noyabr 2021-ci il tarixdə saat 01 radələrində X10 Alayının 12-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən şübhəli şəxs qismində Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllə 1 saylı binanın yanında saxlanılaraq Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sol arxa cibində olan pul qabının içərisindən 2 ədəd bükümdə satış məqsədi olmadan qanunsuz əldə edib üzərində daşımaqla saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, müvafiq olaraq ayrıayrılıqda təmiz çəkiləri 0,372 qram və 0,319 qram olmaqla ümumi təmiz çəkisi 0,691 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa istintaq orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədilə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş külli miqdarda, yəni 3,061 qram çəkidə qanunsuz olaraq əldə etdiyi heroini və həmin Qanunun İİ siyahısı ilə müəyyən edilmiş külli miqdarda, yəni 4,441 qram çəkidə qanunsuz olaraq əldə etdiyi metamfetamini üzərində daşımaqla saxlamış, 25 yanvar 2022-ci il tarixdə saat 02 radələrində Ucar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar keçirilmiş əməliyyat tədbirləri zamanı Ucar rayonu Qarabörk kəndi ərazisində saxlanılaraq Ucar rayon Polis Şöbəsinə gətirilib Növbətçi Hissədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin üst sağ cibindən 05 ədəd şəffaf sellofan bükümdə satış məqsədi ilə qanunsuz əldə edərək üzərində daşımaqla saxladığı külli miqdarda, müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,419 qram, 0,233 qram, 1,772 qram , 0,266 qram və 0,371 qram olmaqla ümumi təmiz çəkisi 3,061 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmçinin 03 ədəd şəffaf sellofan bükümdə və 01 ədəd qara rəngli sellofan bükümdə satış məqsədi ilə qanunsuz əldə edərək üzərində daşımaqla saxladığı külli miqdarda, müvafiq olaraq ayrıayrılıqda təmiz çəkiləri 2,406 qram, 0,925 qram, 0,781 qram və 0,329 qram olmaqla ümumi təmiz çəkisi 4,441 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 yanvar 2022-ci il tarixdə Bakı şəhərindən Tərtər rayonuna gedən zaman polis əməkdaşları onu Ucar rayonu ərazisində saxlayaraq Ucar rayon Polis şöbəsinə aparmış, onun üzərində narkotik vasitə olmamış, aşkar olunmuş dörd bükümdə heroini polis əməkdaşları onun üzərinə qoymuşlar. 23 noyabr 2021-ci il tarixdə üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamış, ona görə də özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 20 noyabr 2021-ci il tarixdə Ağcabədi rayonu Hindarx kəndində adını bilmədiyi və tanımadığı şəxsdən istifadə etmək üçün 30 manata 2 büküm heroin alıb cibindəki pul qabına qoymuşdur. 22 noyabr 2021-ci il tarixdə Bakı şəhərində yerləşən Respublika xəstəxanasında əməliyyat olunmuş atasına baş çəkmək üçün Bakıya getmiş, axşam saatlarında xəstəxanadan çıxaraq taksi ilə Xırdalan şəhərinə getmişdir. Oradakı kafelərdən birində yemək yedikdən sonra yolla piyada gəzən vaxtı saat 01 radələrində polis əməkdaşları ona yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənəd istəmiş, sənədləri Tərtər rayon məhkəməsində olduğu üçün təqdim edə bilmədiyinə görə polislər şəxsiyyətinin dəqiqləşdirilməsi üçün onu Abşeron rayon polis İdarəsinə aparmışlar. Orada üzərində narkotik vasitə olmasını etiraf etdikdən sonra şübhəli şəxs qismində tutularaq dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı şalvarının arxa cibindən qara rəngli pul qabını və içərisində olan iki ədəd bükümdəki heroini təqdim etmişdir. Həmin heroin qablaşdırılaraq götürülmüşdür. Həmin vaxt CM-in 234.1-ci maddəsi ilə istintaqa cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, bu səbəbdən də Abşeron rayonu ərazisində dəqiq ünvanını bilmədiyi fərdi yaşayış evində kirayə qalmışdır. 24 yanvar 2022-ci il tarixdə axşam saatlarında Ağdam rayonuna ailə üzvlərinin yanına getmək üçün Bakı şəhəri 20 yanvar dairəsi ərazisindən piyada 3-cü mikrorayon dairəsinə düşərkən yol kənarında bir ədəd sellofan torba görmüş, həmin sellofan torbanın götürüb içinə baxdıqda orada 5 ədəd kiçik şəffaf sellofanda heroin və 4 ədəd kiçik şəffaf sellofanda biri qara rəngli sellofana bükülmüş vəziyyətdə metamfetamin aşkar etmişdir. Narkotik vasitələrdən istifadə etdiyi üçün həmin narkotik vasitələri kiçik sellofanlarda olmaqla qış gödəkçəsinin sağ üst cibinə qoymuş, əvvəlcədən də üstündə bir ədəd elektron tərəzi olmuşdur. Tanımadığı yol taksisi ilə Ağdama getmək istəsə də, taksi sürücüsü Ucar rayonuna kimi getdiyini bildirdiyinə görə 25 yanvar 2022-ci il saat 02 radələrində Bakı-Qazax yolunun Ucar rayonu ərazisindən keçən hissəsində həmin taksidən düşmüşdür. Həmin vaxt yol kənarında dayanarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını deyərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində şübhəli şəxs qismində tutlduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində olan 5 ədəd şəffaf sellofanda saxladığı narkotik vasitə olan heroini və 4 ədəd şəffaf sellofanda biri qara rəngli sellofana bükülmüş narkotik vasitə olan metamfetamini və miqdarından artıq istifadə etməmək üçün üzərində saxladığı 1 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin kütlələrlə elektron tərəzi ağ kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Ucar rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 25 yanvar 2022ci il tarixdə Ağdam rayonu Üçoğlan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmin vaxt üzərində külli miqdarda narkotik vasitə olması haqqında daxil olmuş məlumat əsasında əməliyyat qrupuna daxil olan Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2, Şahid5 və Şahid3 ilə birlikdə saat 02 radələrində Təqsirləndirilən şəxs Ucar rayonu Qarabörk kəndi ərazisində saxlanılaraq Ucar rayon Polis Şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs Ucar rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs qara rəngli qış gödəkcəsinin üst sağ cibindən 05 (beş) ədəd şəffaf sellefon bükülülərdə narkotik vasitə olan heroinə bənzər kütlələri və 04 (dörd) ədəd 3-ü şəffaf sellefonda, 1-i qara rəngli sellofana bükülmüş vəziyyətdə psixotrop maddə olan metamfetaminə bənzər kristal formalı kütlələri və 01(bir) ədəd elektron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və artıq miqdarda qəbul etməməsi üçün elektron tərəzidən istifadə etdiyini bildirmişdir. Həmin kütlələr 01 ədəd zərfə qoyularaq qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Ucar rayon X2rşı Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid2, Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid4, Şahid5 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin X10 Alayının 12-ci Polis Bölməsinin polis nəfəri işləyən Şahid6 ifadəsində göstərmişdir ki, 23 noyabr 2021-ci il tarixdə saat 01 radələrində iş yoldaşı Şahid7 ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllə tərəfdə xidmətdə olarkən küçənin qaranlıq yerində bir nəfər şəxsi görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyi tələb etmişlər. Həmin şəxsin üzərində sənədi olmadığı və özünü şübhəli apardığını görüb ərazidə xidmət aparan avtomobil çağıraraq həmin şəxsi maşına əyləşdirib Abşeron Rayon Polis İdarəsinə aparmışlar. İdarəyə gedəndə yolda həmin şəxs narkotik vasitə istifadəçisi olduğunu və üzərində narkotik vasitə olduğunu onlara demişdir. Abşeron rayon Polis İdarəsində şübhəli şəxs qismində tutulduqdan sonra müdafəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının arxa sol cibindən qara rəngli pul qabı çıxarıb masanın üzərinə qoymuş və içərisindən iki ədəd şəffaf selofana bükülü təqdim etmişdir. Bükülünün içərisinə baxıldıqda oradan narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin X10 Alayının 12-ci Polis Bölməsinin polis nəfəri işləyən Şahid7 eyni məzmunlu ifadə verərək Şahid6 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 yanvar 2022-ci il tarixli, 17/91 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş predmetlər ...." sözləri yazılmış zərfin içərisindəki; 5 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,419 qram, 0233 qram, 0,772 qram.0,266 qram, 0,371 qram, ümumi təmiz çəkisi – 3, 061 qram olan maddə narkotik vasitə heroinlərdir. Həmin beş ədəd sellofan bükümdə olan heroinlər tərkiblərinə görə eynidirlər. 01(bir) ədəd qarar rəngli sellofana bükülmüş, ümumilikdə 04(dörd) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,406 qram, 0,925 qram, 0,781 qram və 0,329 qram ümumi təmiz çəkisi 4,441 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetaminlərdir. Həmin 04(dörd) ədəd sellofan bükümlərdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. 01(bir) ədəd elektron tərəzinin üzərindən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikıləri-metamfetamin hissəcikləri və heroin hissəcikləridir. Həmin heroin hissəcəikləri və metamfetamoin hissəcəikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 23 noyabr 2022-ci il tarixli, 6/5182 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində " Azərbaycan Respublikası DİN-in zərflər üçün 56 nömrəli dairəvi möhür əksi” Təqsirləndirilən şəxs üzərindən...." yazı və imzalar olan zərfdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,372 qram və 0, 319 qram olmaqla, ümumi təmiz çəkisi 0, 691 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 480 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının 18 fevral 2022-ci il tarixli 105 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. İş materiallarında olan X13 Dispanserindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 284 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs X13 Dispanserində dispanser müşahidəsində deyil. İş materiallarında olan Ağdam rayon X7 Hüquqi Şəxsdən daxil olmuş 27 aprel 2022-ci il tarixli, 360 nömrəli məktubdan görünür ki, Ağdam rayonu Üçoğlan kənd sakini xx.xx.1975-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs Ağdam RMX-nın poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatda yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş 25 yanvar 2022-ci il tarixli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə protokolundan, həmçinin protokola əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman 2 dəqiqə 40 saniyədən sonra, yəni təqsirləndirilən şəxsə hüquq və vəzifələri izah olunduqdan və etiraz etmək hüququ izah olunduqdan sonra çəkiliş yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş Ucar rayon Polis Şöbəsindən daxil olmuş 30 sentyabr 2022-ci il tarixli 187-20612-1222 nömrəli məktubdan görünür ki, Ucar rayon Polis Şöbəsində ibtidai istintaq olunmuş ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində xx.xx.2022-ci il tarixdə video çəkiliş vasitəsilə şəxsi axtarış aparılarkən qeydə alınmış videofayl texniki nasazlıq səbəbindən silindiyindən həmin videofaylın göndərilməsi mümkün olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş 23 noyabr 2021-ci il tarixli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə protokolundan və protokola əlavə edilmiş 1 ədəd CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarının sol arxa cibində olan pul qabının içərisindən 2 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən təqdim edilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə CM-in 143-cü maddəsinin 3-cü hissəsi ilə (köhnə redaksiyada) təqsirli bilinərək əməyə mütləq cəlb edilməklə 2 il şərti məhkum edilmiş, Bərdə rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə CM-in 93-3-cü maddəsinin 2-ci hissəsi (köhnə redaksiyada) təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə CM-in 177.2.3, 181.2.3, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, Tərtər rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək CM-in 66.5-ci maddəsi tətbiq edilməklə 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə CM-yə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli Qanununa əsasən CM-in 177.3.2-ci maddəsi CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinə tövsif edilməklə cəza müddəti 1 il azaldılmış, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilərək cəza müddəti 6 il müddətinə azadlıqdan məhrum etmə müəyyən edilmiş, Qaradağ rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 5 ay 17 gün vaxtından əvvəl şərti azad olunmuş, Tərtər rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 6 ay 27 gün vaxtından əvvəl azad edilmiş, xx.xx.2020-ci ildə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmış, Tərtər rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmü ilə CM-in 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 3 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in 18.4.3-cü maddəsinə əsasən mhkumluğu ödənildiyindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən olunmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdam rayon İcra Hakimiyyəti Başçısının Üçoğlan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu Uşoğlan kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir, himayəsində xx.xx.2010-cu ildə doğulmuş Jalə Quluzadə və xx.xx.2009-cu ildə doğlumuş Solmaz Quluzadə adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan Ağdam rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 053745 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda (İ Qarabağ müharibəsi) gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 23 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 0235-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 24 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 25 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 0305-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 26 yanvar 2022-ci il tarixli Ucar Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. CM-in 234.4.3-cü maddəsi ilə bağlı isə məhkəmə tərkibi hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyinə görə həmin hissədə Təqsirləndirilən şəxs bəraət verilməlidir. Belə ki, CPM-nin 21.1-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsirinin məhz həmin qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirilməsini tələb edir. Həmçinin CPM-nin 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 33.1 və 33.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayətmühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.2.7-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması nəticəsində əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Habelə həmin Məcəllənin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ibtidai araşdırma dövründə, yəni ibtidai araşdırmanın ilkin dövründən istintaqın tamamlanmasına qədər olan dövr ərzində toplanılan və yekunda təqsirləndirilən şəxs barəsində müəyyən bir ittihamın irəli sürülməsi üçün əsas rolunu oynayan sübutlar mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmamalı, həm də bir-biri ilə sıx bağlı olmaqla biri digərini tamamlamalıdır ki, irəli sürülən ittihamın əsasını təşkil edən həmin sübutlar məhkəmə istintaqının yekununda etibarlı sübut kimi özünü doğruldaraq təqsirləndirilən şəxsə elan olunan ittihamın təsdiq olunmasında əsaslı rol oynasın və təqsirləndirilən şəxs barəsində məhz irəli sürülən ittiham üzrə ittiham hökmünün çıxarılması üçün zəmin yaratsın. Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar isə o zaman mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmaz və cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər ki, onlar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunmuş olsun və bu Məcəllənin tələblərinə uyğun təqdim edilməklə yoxlanılmış olsun. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyinin 139-cu maddəsinin tələblərini nəzərə alıb məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, bir-biri ilə müqayisəsli şəkildə təhlil edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və yekunda bütün sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülən ittiham üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən, ona həmin maddə ilə bəraət verilməlidir. Məhkəmə kollegiyası hazırki iş üzrə mövcud materialları araşdırıb qeyd edir ki, cinayət işinin materiallarında olmaqla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən və ittiham aktında öz əksini tapmış sübutlar – cinayət işi başlamamışdan qabaq əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən həyata keçirilən tədbir nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərindən maddi sübutun (dörd büküm heroin və beş büküm metamfetamin) aşkar olunduğu xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokol, habelə materialların məhkəmə ekspertizasının məhkəmə-kimyəvi ekspertizasının 25 yanvar 2022-ci il tarixli, 17/91 №-li rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 480 saylı rəyi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsi və Ucar rayon Polis Şöbəsinin əməkdaşları olan Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 iş üzrə şahid ifadələridir. Hazırki iş üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülən ittiham üzrə topladığı sübutların özəyini, yəni yuxarıda qeyd edildiyi kimi bir-biri ilə sıx bağlı olan sübutlar zəncirinin ilk halqasını xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokol təşkil etmiş, həmin prosessual hərəkət iş üzrə əhəmiyyətli dəlil sayılan maddi sübutun (4 büküm olmaqla 3,061 qram çəkidə narkotik vasitə olan heroinin və 5 büküm olmaqla 4,441 qram psixotrop maddə olan metamfetaminin) aşkarlanmasına şərait yaratmış, ibtidai araşdırmanın sonrakı mərhələsində əldə olunan sübutlar isə (ekspert rəyləri, şahid ifadələr və s.) onun, yəni həmin sübutun ətrafında birləşməklə və onu tamamlamaqla yekunda Təqsirləndirilən şəxs barəsində sözügedən ittihamın irəli sürülməsi üçün zəmin rolunu oynayan sübutlar zəncirini formalaşdırmışdır. Cinayət işinin materiallarından görünür ki, sözügedən xx.xx.2022-ci il tarixli şəxsi axtarış aparılarkən həmin prosesual hərəkətin icrasında polis əməkdaşları, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi iştirak etmiş, şəxsi axtarış video çəkilişlə həyata keçirildiyindən, hal şahidlərinin iştirakı təmin edilməmişdir. Şəxsi axtarış bitdikdən sonra şəxsi axtarışın əks olunduğu video görüntülərin CD diksə köçürülərək protokola əlavə olunduğu göstərilsə də, məhkəmə istintaqı zamanı protokola əlavə olunan həmin CD diskdə yalnız şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah olunması öz əksini tapmış, onun üzərindən narkotik vasitənin aşkar olunmasına dair görüntülərə baxış keçirmək mümkün olmamış, həmçinin Ucar Rayon Polis Şöbəsindən verilən məlumatdan belə müəyyən olunmuşdur ki, həmin görüntülər qalan hissəsi texniki nasazlıq səbəbindən silindiyindən onun bərpa olunması mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 246.1-ci maddəsində göstərilmişdir ki, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədlər, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürülə bilər. Həmin Məcəllənin 246.2-ci maddəsinə əsasən isə məhkəmənin qərarı alınmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə, təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə və axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda aparıla bilər. Eyni zamanda, həmin Məcllənin 246.3-cü maddəsinsə əsasən şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Habelə, həmin Məcllənin 247.3-cü maddəsində göstərilmişdir ki, axtarış və ya götürmə zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir. Yuxarıda sadalanan normaların təhlilindən görünür ki, şəxsi axtarış bir qayda olaraq məhkəmə qərarı ilə keçirilə bilər. Məhkəmə qərarı olmadan şəxsi axtarışın keçirilməsinə yalnız yuxarıda sadalanan müstəsna hallarda yol verilir ki, həmin bu müstəsna hallarda şəxsi axtarış keçirilərkən isə video çəkilişin aparılması zəruridir. Əgər video çəkiliş həyata keçirilmirsə, onda eyni cinsdən olan iki hal şahidinin iştirakı məcburidir. Qanunvericiliyin bu prosessual hərəkətin keçirilməsinə bu dərəcədə incəliklə, həssaslıqla yanaşmasının, həmçinin riayət edilməsinin məcburiliyi nəzərdə tutulmuş prosedur müəyyən etməsinin səbəbi ondan ibarətdir ki, əməliyyat axtarış orqanının və ya ibtidai istintaq orqanının əməkdaşlarının həyata keçirdiyi məhz bu prosessual hərəkət nəticəsində cinayət prosessual təqibə məruz qalmış şəxsin fundamental hüquqlarından olan şəxsiyyətin toxunulmazlığı hüququnun dövlət tərəfindən verilən və qorunan təminatı pozulmuş olur. Ona görə də, cinayət prosessual qanunvericilik bir tərəfdən əməliyyat axtarış orqanının və ya ibtidai istintaq orqanının əməkdaşları tərəfindən istənilən halda, istənilən şəraitdə öz mülahizələrinə görə istədikləri kimi hərəkət etməklə həmin hüququn pozulmasına şərait yaradan hallara yol verməsinin qarşısını almaq üçün, digər tərəfdən də həmin hərəkətin keçirilməsində neytral şəxslərin (yəni heç bir tərəfə aid olmayan, işlə əlaqəsi olmayan hal şahidlərinin) iştirakına və ya video çəkilişin olmasına zəmin yaratmaqla gələcəkdə həmin prosessual hərəkətin həyata keçirilməsi nəticəsində əldə olunan sübutun mötəbərliyini şübhə altına almamaq üçün belə bir qaydanın zəruriliyini nəzərdə tutmuşdur. Odur ki, hazırki halda xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı hal şahidlərinin (yəni işdə heç bir marağı olmayan şəxslərin) iştirakının təmin edilməməsi, o cümlədən şəxsi axtarışın əks olunduğu video görüntülərin cinayət işinin materiallarında tam mövcud olmaması, eyni zamanda həmin görüntülərin sonradan təmin edilməməsi ilə riayət edilməsinin məcburiliyi nəzərdə tutulmuş prosedurun pozulması nəticəsində həmin vaxt həyata keçirilən hərəkətlərin ardıcıllığının, yəni maddi sübutun (narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin) aşkar olunmasının, onun qablaşdırılmasının və digər halların, bir sözlə sözügedən protokolda əks olunanların həqiqətə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamış, yəni orda göstərilənlərin həqiqiliyi şübhə altına düşmüşdür ki, belə olan halda məhkəmə kollegiyası həmin sübutun mötəbərliyi ilə bağlı məsələni müzakirə edərək sözgedən sübutun CPM-in 125-ci maddəsinə əsasən yolverilməz olması qənaətinə gəlmiş və onu sübutlar siyahısından xaric etmişdir. İş materiallarında yer alan sübutlardan Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi etirafedici ifadələrinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şəxs ibtidai araşdırma zamanı cinayəti qismən etiraf etsə də, onun məhkəmə istintaqı zamanı sərgilədiyi mövqe, yəni onun həmin vaxtı Ucar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitəni onun üzərinə qoyulmasını bildirməsi, bu epizodla bağlı onun etirafını artıq şübhə altına qoymuşdur. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 126.6-cı maddəsində də göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Odur ki, məhkəmə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış prosessual hərəkətinin etibarsızlığı fonunda təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi etirafedici ifadələrinə şübhə ilə yanaşır və onlarla razılaşmır. Ucar rayon Polis Şöbəsinin əməkdaşlarının həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadələrdə qeyd olunan epizod üzrə Təqsirləndirilən şəxs əleyhinə göstərdikləri xüsusatlara gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, polis əməkdaşları Təqsirləndirilən şəxs qarşı cinayət təqibinin başlanmasının təşəbbüskarları idilər, yəni cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də, onlar Təqsirləndirilən şəxs qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Odur ki, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən sözügedən polis əməkdaşlarının ifadələrinə də tənqidi yanaşır və həmin ifadələri əsaslı sübut növü kimi qəbul etmir. Cinayət işinin materiallarında olan ayrı-ayrı ekspert rəylərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, aşkar olunan kütlənin narkotik vasitə heroin olması ilə bağlı ekspert rəyi həmin maddi sübutun aşkar olunması prosesinin etibarlılığı fonunda əhəmiyyətli sübut növü kimi qəbul edilir və dolayısı ilə də onun aşkar olunması ilə bağlı protokolla birlikdə götürüldükdə əhəmiyyət kəsb edir. Hazırki halda isə sözügedən narkotik vasitənin aşkar olunması prosesi məhkəmə tərəfindən etibarsız sayıldığından, həmin sübut yalnız faktı təsdiq edən, yəni aşkar olunan kütlənin narkotik vasitə olmasını təsdiq edən sübut növü rolunu oynayır. Digər bir ekspert rəyi, yəni şəxsin narkomaniya xəstəliyindən əzab çəkməsi ilə bağlı qənaəti formalaşdıran narkoloji ekspertizanın rəyi də, yalnız faktı, yəni şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi faktını təsdiq edir. Bu sübut da yalnız digər sübutlarla birgə götürüldükdə əhəmiyyət kəsb etmiş olur. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, Cavid Qulieyvin barəsində əməliyyat-axtarış tədbirləri keçirilən zaman da əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin İ hissəsinin tələbinə əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməli olduqda bu qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır. İş materiallarından görünür ki, 25 yanvar 2022-ci il tarixdə Ucar rayon X4 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbrinin keçiriləməsi haqqında qərar qəbul edilsə də Ucar rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan da göründüyü kimi Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamışdır. Bundan başqa “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin V hissəsinə əsasən bu maddənin İV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. İş materiallarında əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarın Ucar rayon Məhkəməsinə göndərilməsinə dair məktub mövcud olsa da həmin qərarın qanuniliyinə dair məhkəmənin qərarı iş materiallaına əlavə olunmamışdır. Qeyd olunan səbəblərdən də məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına səbəb olmuş və xx.xx.2022-ci il tarixdə onun barəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri qanuni hesab oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü madəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində CM-in 234.4.3-cü maddəsi ilə ittiham hökmünün çıxarılması mümkün deyildir. CM-in 234.1-ci maddəsinə gəldikdə isə məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həmin əməli törətməsi tam sübuta yetirilmişdir. Məhkəmənin belə qənaətə gəlməsinə təqsirlənidirlən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə kimyəvi ekspertizasının rəyi, şahid ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair xx.xx.2021-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş video görüntünün olduğu CD-disk və iş materiallarında olan digər sənədlər əsas verir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-ci maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduğu CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdiriləməməli, onun cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 25 yanvar 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 noyabr 2021-ci il saat 35 02 -dən 24 noyabr 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. CM-in 66.5-ci maddəsinə əsasən Tərtər Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 1(061)-02/2022 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzaya qismən toplanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 160,64 (yüz altmış manat altmış dörd qəpik) ekspertiza xərcinin 71,94 AZN (yetmiş bir manat, doxsan dörd qəpik) dövlət hesabına ödənilməli, 88,70 AZN (səksən səkkiz manat yetmiş qəpik) isə Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93-1.1 ci maddəsinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Ucar rayon Polis Şöbəsində saxlanılan 5 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,419qr, 0233qr, 0,772qr.0,266qr,0,371qr olmaqla qalıq çəkisi 2,811 qram olan maddə narkotik vasitə olan heroin, 04 ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,406qr, 0,925qr, 0,781qr və 0,329qr olmaqla qalıq çəkisi 4,241 qram olan maddə narkotik vasitə olan metamfetamin Ucar rayon Polis Şöbəsinin hesabında saxlanılmalı, 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,372 qram və 0,319 qram olmaqla, ümumi qalıq çəkisi 0,591 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə ona həmin maddə ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Tərtər Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 1(061)-02/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin edilmiş cəzaya qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 noyabr 2021-ci il tarixdən 24 noyabr 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 25 yanvar 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 160,64 (yüz altmış manat altmış dörd qəpik) ekspertiza xərcinin 71,94 AZN (yetmiş bir manat, doxsan dörd qəpik) dövlət büdcəsinə aid edilsin, 88,70 AZN (səksən səkkiz manat yetmiş qəpik) isə Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan Ucar Rayon Polis Şöbəsində saxlanılan 5 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,419 qram, 0233 qram, 0,772 qram, 0,266 qram, 0,371 qram olmaqla ümumi çəkisi 2,811 qram olan maddə narkotik vasitə olan heroin, 04 ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,406 qram, 0,925 qram, 0,781 qram və 0,329 qram olmaqla qalıq çəkisi 4,241 qram olan maddə narkotik vasitə olan metamfetamin Ucar Rayon Polis Şöbəsinin hesabında saxlanılsın, 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,372 qram və 0,319 qram olmaqla, ümumi çəkisi 0,591 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin, 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar