Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-175/2025 22.07.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Aşurova Günay Raqif qızının sədrliyi ilə, hakimlər Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili Hacı-X3 iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X6 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilə bilinməyən vaxtda və mənbədən 3815 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 02 oktyabr 2024-cü il tarixdə, saat 23:25 dəqiqədə Zərdab-Ağcabədi avtomobil yolunun Zərdab rayonu, Gəlmə kəndindən keçən hissəsində saxlanılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən külli miqdarda, yəni 3815 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, 03 oktyabr 2024-cü il tarixdə saat 00:15 dəqiqədə Zərdab Rayon Polis Şöbəsinə gətirilərək şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, narkotik vasitə istifadəçisidir, bu səbəbdən narkotik vasitə almaq üçün Zərdab rayonuna getmişdir. Hətta Zərdaba getmək üçün onun bank kartına 50 manat da pul göndərilmişdir. Zərdabda polis əməkdaşları onun qarşısına 4 kq narkotik vasitə olan qurudulmuş marixuana qoyaraq onu həbs etmişlər. O, təxminən 20 il qurudulmuş marixuana istifadə etmiş, başqa növ narkotik vasitə istifadə etməmişdir. Əvvəllər narkotik vasitələrin satışına görə məhkum olunmuşdur. Zərdab rayonuna narkotik vasitə almaq üçün gəlmiş və bu barədə İran vətəndaşı ilə danışmışdır. İran vətəndaşı narkotik vasitəni Zərdab rayonunun Gəlmə kəndində ot tayasının içərisinə qoymalı olmuşdur. Həmin şəxs narkotik vasitənin şəkilini və onu qoyduğu yerin məkanını (konumunu) ona göndərmişdir. Onun fikrincə həmin narkotik vasitəni oraya qoyan və mesaj yazan İran vətəndaşı əslində polis əməkdaşlarının özləri olmuşdur. O, narkotik vasitəyə görə İran vətəndaşına hər hansı məbləğdə pul ödəməmişdir. Həmin şəxsin narkotik vasitəni ona nəyə görə nisyə verməsinin səbəbini bilmir. O, Qazax rayon sakini olmaqla narkotik vasitəni götürmək üçün taksi ilə Qazaxdan Zərdaba getmiş və yol pulu olaraq taksi sürücüsünə 130 manat pul ödəməli olmuşdur. Misgər onu Zərdab rayonuna aparan taksi sürücüsü ilə tanış edən şəxsdir. O, həm Misgərə, həm də taksi sürücüsünə Zərdaba bir nəfər şəxslə görüşməyə getdiyini demişdir. O, Zərdab rayonuna 5-10 qram narkotik vasitə üçün getmiş, amma oradan 4 kq narkotik vasitə çıxmışdır. Ona göndərilən şəkildə narkotik vasitənin çəkisinin 5-10 qram deyil, daha çox olduğunu görsə də yenə həmin narkotik vasitəni götürmüşdür. O, həmin narkotik vasitəni oradan götürməsəydi belə, polis əməkdaşları yenə də onu tutacaqdılar. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi təzyiq olmamışdır. Gözündə olan qançır böyrəyində olan problemlə əlaqədar olmuşdur. Barəsində həbs qətimkan tədbiri seçilən zaman hakim onun gözündə qançır olduğunu görərək prokurorluğa məlumat vermişdir. Halbuki, o, həmin hakimə də bildirmişdir ki, heç bir fiziki təzyiqə məruz qalmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 02 oktyabr 2024-cü il tarixdə Qazax rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün təxminən saat 23 radələrində Zərdab-Ağcabədi yolunun Gəlmə kəndindən keçən hissəsində saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə və ona məxsus qara rəngli sellofan torbaya baxış keçirilmişdir. Sellofan torbadan 2 ədəd bükümdə narkotik vasitəyə bənzər maddələr aşkar olunmuşdur. Həmin narkotik vasitəyə bənzər maddələr ekspertizaya göndərilmək üçün tərəflərindən qablaşdırılaraq götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs Zərdab rayonuna gəldiyi avtomobil oradakı şadlıq sarayının həyətində aşkar olunmuş və Təqsirləndirilən şəxsla birlikdə həmin avtomobillə gələn şəxslər də şübhəli şəxs kimi tərəflərindən saxlanılmışdır. Həmin avtomobilə də baxış keçirmişlər, amma avtomobildən hər hansı qanunsuz əşya və ya predmet aşkar etməmişlər. Bundan sonra saxlanılan şəxsləri Zərdab Rayon Polis Şöbəsinə aparıb təhvil vermişlər. Təqsirləndirilən şəxs saxlanılan zaman heç bir etiraz etməmiş, narkotik vasitənin özünə məxsus olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələr tərəzidə çəkildikdə onların çəkisinin təxminən 4 kiloqram olması müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 02 oktyabr 2024-cü il tarixdə qonşusu Misgər ona zəng edərək Zərdab rayonuna getmək istəyən şəxs olduğunu bildirmiş, o da həmin şəxslə yol pulunu danışıb razılaşdıqdan sontra onu Zərdab rayonuna aparmışdır. Həm qonşusu Misgər, həm də Təqsirləndirilən şəxs onun avtomobili ilə Zərdab rayonuna getmişlər. O, Təqsirləndirilən şəxs Zərdab rayonuna niyə getdiyini soruşduqda, sonuncu Zərdab rayonundan ailəsini gətirəcəyini bildirmişdir. Beləliklə, onlar birlikdə Zərdab rayonuna getmişlər, orada Təqsirləndirilən şəxs sonuncunun dediyi ünvanda, yəni yolun kənarında olan bir kənddə avtomobildən düşürtmüşlər, özləri isə şəhərə tərəf gedərək çay içmək üçün orada olan şadlıq sarayının yanında avtomobili saxlamışlar. Narkotiklə bağlı Təqsirləndirilən şəxsla aralarında heç bir danışıq olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitənin yeri ilə bağlı konum göndərilməsindən, sonuncunun Zərdab rayonuna narkotik vasitə götürməyə getməsindən onun hər hansı bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir evin qarşısında deyil, yolun kənarında avtomobildən düşərək evin həmin yerin yaxınlığında olduğunu bildirmişdir. Daha sonra onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulmuşdur. Daha sonra polis əməkdaşları onları da saxlayaraq üzərilərinə və onun avtomobilinə baxış keçirmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir yəni, məhkumluq həyatı yaşadığı vaxtlardan tanıyır. Ensar Qazax rayonunda tək yaşayır. 2024-cü ilin təqribən may ayında Ensar onun istifadəsində olan mobil nömrəyə zəng edərək onların evində hamamdan istifadə etmək üçün icazə almışdır. Ona icazə verəndən sonra evlərinə gəlmişdir və hamamdan istifadə etmişdir. Ensar gedəndən sonra köhnə paltarları onların evində qalmışdır. Həmin vaxtdan sonra Ensar onlara gəlməmişdir. 02 oktyabr 2024-cü il tarixdə Ensar yenə ona zəng edib, əşyaların götürmək üçün gəlmək istədiyini bildirmişdir. O, Ensara gələ biləcəyini deyəndən sonra Ensar həmin gün saat təxminən saat 12 radələrində gəlmişdir. O, gələndə özü ilə kartof da gətirmişdir. Onlar ikisi həmin kartofu bişirib yedikdən sonra aralarındakı söhbət vaxtı Ensar Zərdab rayonuna getmək üçün tanış taksi sürücüsü lazım olduğunu demişdir. O, Ensardan Zərdab rayonuna niyə getmək istədiyini soruşanda sonuncu orada qohumları yaşadığını, onlarla görüşmək istədiyini bildirmişdir. O da tanıdığı, taksi fəaliyyəti ilə məşğul olan Etibar adlı şəxsə zəng edərək Zərdab rayonuna neçə manata aparıb gətirəcəyini soruşmuşdur. Etibar bunun müqabilində 130 manat istəyəndə Ensar razılaşmış və demişdir ki, Etibarı çağır gəlsin. Ensar onunla birlikdə Zərdab rayonuna getməyini istəyəndə, evdə tək darıxdığı üçün onunla birlikdə getməyə razılaşmışdır. 02 oktyabr 2024-cü il tarixdə saat 19 radələrində Etibar gəlmiş və onlar üçü birlikdə Qazax rayonundan yola çıxmışlar. Saat təxminən 22:30 radələrində Zərdab rayonuna çatmışlar. Rayonun girişində adını bilmədiyi şadlıq sarayının qarşısında dayanmışlar. O, dayanmaqlarından istifadə edib Etibarla birlikdə şadlıq sarayının ayaqyoluna girmişdir. Ensar da qohumları ilə görüşmək üçün oradan uzaqlaşmışdır. Onlar avtomobilə qayıdandan sonra arxada başqa bir avtomobil dayanmışdır. Həmin avtomobildən düşənlər Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirib həmin avtomobilə və üzərlərinə baxış keçirmişlər. Həmin vaxt Ensarın tutulduğunu öyrənmişlər. Bundan sonra onlar həmin polis əməkdaşları ilə birlikdə Zərdab Rayon Polis Şöbəsinə gəlmişlər (cild 1, iş vərəqə 117-119). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkçənın sağ cibindən bir ədəd pul qabı və ətir, sol cibindən bir ədəd mobil telefon və bir ədəd mobil telefon uçun adapter, əlində isə 1 ədəd qara rəngli sellofan torba aşkar edilmişdir. Pul qabısınının içərisinə baxış keçirilən zaman özünə məxsus iki ədəd bank kartı, iki ədəd vizitkart, özünə məxsus şəxsiyyət vəsiqəsi, konfet kağızına bükülməklə içərisində narkotik bitkisinin toxumlarına bənzər kütlə, əlindəki qara rəngli sellofan torbadan isə qara sellofana bağlanmış 2 ədəd büküm, həmin bükümlərin içərisindən isə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 10-12). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 fevral 2025-ci il tarixli, 213 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tədbiq edilə bilməz. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri hissəsindən görünür ki, Təqsirləndirilən şəxs sağ ayağı dizdən yuxarı kəsilmişdir (cild 1, iş vərəqə 222). Məhkəmə-bioloji ekspertizasının 03 oktyabr 2024-cü il tarixli, 17/815 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya oxşar...” sözləri, adlar və imzalar olan 01 (bir) ədəd sellofan bağlamanın içərisindəki 02 (iki) ədəd qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 1505.0 qr, 2310.0 qr, ümumi təmiz çəkisi – 3815.0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə toxumları ...” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki, 01 (bir) ədəd kağız bükümdə 03 (üç) ədəd ümumi təmiz çəkisi – 0.04 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd sellofan bağlamalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid olmadığından onların təqdim edilmiş qurudulmuş marixuanalarla müqayisəli (eynilik) tədqiqatı aparılmadı. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 3814,9 qram təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 35 manat 97 qəpik müəyyən edilmişdir (cild 1, iş vərəqə 66-69). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 fevral 2025-ci il tarixli 107 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 224-225). X1 xx.xx.2024-cü il tarixli, 1974 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qazax psixiatriya xəstəxanasında psixoloji qeydiyyatda yoxdur, lakin 2018-ci il tarixdən xəstəxananın narkoloji kabinetində “narkomaniya” diaqnozu ilə qeydiyyatdadır (cild 1, iş vərəqə 154-156). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin 29 noyabr 2024-cü il tarixli xx-xx/1625 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2024-cü il tarixdə X4 "xxxx" diaqnozu ilə orta-ağır vəziyyətdə Müalicə Müəssisəsinə köçürülmüşdür. O, klinik, laborator, instrumental müayinələrdən keçirilmiş, həkimlər tərəfindən konsultasiya edilmişdir. Nəticədə “insulin tələbli şəkərli diabet İİ tip. Sol aşağı ətrafin qanqrenası. Diabetik makroangiopatiya. Sol pəncənin trofik yarası. Qaraciyərin qarışıq mənşəli sirrozu. Assit. Endogen intoksikasiya” diaqnozu müəyyən edilmiş və müvafiq müalicə başlanılmışdır. Aparılan müalicə fonunda xəstənin səhhətində mənfi dinamika izlənilmiş, qanqrena sahəsi genişlənmişdir. xx.xx.2024-cü il tarixdə xəstənin sol budun aşağı 1/3-nin amputasiya cərrahi əməliyyatı icra edilmişdir. Hazırda vəziyyəti ağır qiymətləndirilir, yara ikincili sağalır, tibbi tədbirlər davam etdirilir (cild 1, iş vərəqə 181). Qazax Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 24 oktyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və narazılıq, o cümlədən təqsirləndirici sənəd daxil olmamışdır (cild 1, iş vərəqə 158). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: - Qazax Rayon Məhkəməsinin 26 may 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; - Qazax Rayon Məhkəməsinin 26 iyun 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 20 mart 2013-cü il tarixdə Salyan rayon Məhkəməsinin 19 mart 2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən 1 il 8 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş; - Qazax Rayon Məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə cəzası şərti tətbiq edilmişdir (cild 1, iş vərəqə 226-228, 242-250). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş üzrə əməliyyat tapşırığına verilmiş 28 noyabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olub-olmaması, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqda məqsədinin onu satmaq olub-olmaması barədə məlumatların yoxlanılması, həmçinin Təqsirləndirilən şəxs həmin narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri keçirilmiş, buna baxmayaraq müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqə 180) Maddi sübut qismində tanınma haqqında 06 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3814,9 qram təşkil edən qurudulmuş marixuana maddi sübut qismində tanınaraq Zərdab Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Əməliyyat-axtarış tədbirinin keçirilməsinin və Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının videogörüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqə 146-147, 251-262). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 500 qramdan 50000 qramadək çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmamasına, Zərdab rayonuna cəmi 5-10 qram narkotik vasitə götürməyə getməsinə, həmin narkotik vasitəni oraya qoyan və ona konum atan İran vətəndaşının əslində polis əməkdaşlarının özlərinin olmasına dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Zərdab rayonuna cəmi 5-10 qram narkotik vasitə götürməyə getməsinə dair ifadəsi iş üzrə mövcud sübutlarla təsdiq olunmamışdır. Belə ki, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə istintaq hərəkətinin videogörüntüsündən də görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonundakı “WhatsApp” proqramına +98 ***-***-**-** mobil telefon nömrəsindən içərisində narkotik vasitə olan qara rəngli sellofan torbanın şəkili və Zərdab rayonunda qoyulduğu yerin məkanı göndərilmişdir. Şəkildəki torba kifayət qədər böyük olmaqla çəkisinin 5-10 qram deyil, dəfələrlə çox olması aşkar görünür. Bundan başqa, həmin nömrədən Təqsirləndirilən şəxs “...ora 4 kq ot qoydurmuşam..” və sair məzmunlu səsli mesajlar göndərilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - mötəbərliyi şübhə altına alına bilməyən videoçəkilişlə aparılmış əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə istintaq hərəkəti, mobil telefonda olan mesajlar, şahid ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini, qaraciyər sirrozu, şəkərli diabet və digər xəstəliklərindən əziyyət çəkməsini, ikinci qrup əlil olmaqla bir ayağının amputasiya olunmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Zərdab Rayon Məhkəməsinin 04 oktyabr 2025-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 03 oktyabr 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Amma cinayət işinin materiallarına əlavə olunmuş 03 oktyabr 2024-cü il tarixli raportdan və tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki 02 oktyabr 2024-cü il tarixdə saat 23:25-dən məhdudlaşdırılmışdır. Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2024-cü il tarixdə saat 23:25-də Zərdab şəhəri ərazisində saxlanılaraq Zərdab Rayon Polis Şöbəsinə gətirildikdən sonra 03 oktyabr 2024-cü il tarixdə saat 00:15-də şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəq 16, 33-34, 111- 115). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı 02 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Zərdab rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 3814.9 qram təşkil edən qurudulmuş marixuana məhv edilməli, əməliyyat-axtarış tədbirinin keçirilməsinin və Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının videogörüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 35 manat 97 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 02 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Zərdab rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 3814.9 qram təşkil edən qurudulmuş marixuana məhv edilsin; - Əməliyyat-axtarış tədbirinin keçirilməsinin və Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının videogörüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Günay Aşurova Hakimlər: Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-175/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-175/2025
22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver